05.05. 2017 / 18-22
Dos., Dr. Faiq Qəzənfəroğlu
Qamlar arasında suya, yerə (torpağa), oda, daşa, ağaca və başqa maddi ünsürlərə xüsusi inanclar olmuşdur ki, bu cür hallara türk, o cümlədən Azərbaycan türk dastanlarında da rast gəlmək olur. Bütün türksoylu xalqların (türkmən, uyğur, oğuz, qazax, tuvin, xaqas, buryat, kalmık və b.) mifologiyasına görə, Ülgen yerüstü işıqlı dünyanı, Erlik isə yeraltı qaranlıq dünyanın idarə edir. Adətən, Yer qadın Göy isə kişi başlanğıcdır; Göy yağış yağdırmaqla Yeri mayalandırır və ondan müxtəlif varlıqlar, o cümlədən insan törəyir. Ancaq sonralar Erlik yamanlığın, Ülgen isə yaxşılığın simvolu olur, hətta qara Qam Erlik, ağ Qam isə Ülgenlə bağlıdır. Deməli, başlanğıcda xeyir və şər olmamış, bu ziddiyyət, əkslik sonralar meydana çıxmışdır. Azərbaycan türklərinin ən qədim miflərindən də görürük ki, başlanğıcda, əzəldə heç nə yox imiş. Tanrı əvvəlcə bitkiləri, heyvanları və ən sonda isə insanları yaratmışdır. İnsanlar yarandıqdan sonra aralarında paxıllıq, pislik əmələ gəlmiş, bununla da Göy Yerdən aralanmışdır.
Beləliklə, Tanrıçılığı türklərin, o cümlədən Azərbaycan türklərinin mükəmməl dini-fəlsəfi təlimi sayan Mirəli Seyidova görə, qədim türklərin su, od, ağac, torpaq, yer, günəş, müxtəlif rənglər (ağ, göy, qara, qırmızı, sarı) haqqında özünəməxsus inancları olmuşdur. Bütün bunları, çoxillik tədqiqatlarının nəticəsi olaraq aşkar edən M.Seyidov hesab edir ki, qədim türklər arasında «Göy Tanrı»ya inam təsadüfən yaranmamışdır: «Türkdilli xalqlarda Göy Tanrı sayılırmış. Hər şey onun iradəsinə tabe imiş. Buna görə də tanrı–Göy sonralar tanrı–allah anlamını da almışdır. Bəllidir ki, tanrı ilkin göy–səma demək imiş. Göyün–tanrının baş tanrı sayılması əsas vermişdir ki, onun rəngi də müqəddəs sayılsın».
Alimin fikrincə, azərbaycanlıların ulu babaları da «Göy» anlayışına xüsusi önəm vermişdir: «Azərbaycanlıların ulu babalarında belə bir inam varmış ki, Göy Günəşin vasitəsilə Yeri qızdırır, yağış vasitəsilə onu mayalayır, dölləndirir. Günəş şüası və yağış vasitəsilə Yerlə əlaqə saxlayan Göy həyat nemətlərinin yaradıcısıdır. Göy, torpağı nemət verməyə, məhsul verməyə hazır vəziyyətə gətirir. Belə bir inama, etiqada görədir ki, bu və başqa təbiət hadisəsini, şeyi, heyvanı, kosmik cismi müqəddəsləşdirmək üçün onu Göylə–tanrı və onun rəngi ilə bağlayırlar». M.Seyidov yazır ki, qədim türklərdə «Göy-Tanrı» ideyası o qədər güclü olmuşdur ki, onlar xaqanı göy kimi göydə doğulmuş təsəvvür etmişlər. Hətta hunlar öz ulu, əcdad babaları Metenin oğlunu «tanrının oğlu», onu «Yer və Göy»dən doğulmuş, Günəşlə, Ay tərəfindən məmur edilmiş saymışlar. Deməli, əski türklərə görə xaqanı Göy Tanrı təyin edirdi, yaxud da xaqan Göy Tanrının yer üzərində elçisi idi. Əski türklərin inamında «Göy» həm də yüksəklik, genişlik, ucalıq mənasını daşımış, öz əksini ailə və dövlət qurluşunda da tapmışdır.
Əski Turan-Türk uluslarından hesab olunan, m.ö. 4-3 minillərdə İkiçayrasında mövcud olmuş Sumer xalqının da eyni fəlsəfəni izlədiyini görürük. Belə ki, Sumerlərdə də erkək və dişi iki yaradıcı qüvvət olmaq etibariylə kainatın əsası hesab edildikləri üçün cinsiyyət bayramları ilkbahar və sonbahar mərasimləri onların adına təsbit edilirdi. Onların ittihadını təmsil edən Alaimüssəma idi. Türklərdə Göy Tanrı və Asra Yer erkək və dişi yaradıcı qüvvətləri təmsil etdikləri kimi, Orhon abidələrində Göy körpüsü-Göy qurşağı, yəni Alaimüssəma da onların ittihadıdır. Yenə qədim Türklərin etiqadına görə, bütün cinsiyyət və bərəkət ayinləri Göy Tanrıya aid olduğu üçün, Göy körpüsünün (Göy qurşağının) altından keçən qız oğlan və ya əksinə oğlan qız olur. Türk fəlsəfəsinin ana mahiyyətini təşkil edən bu dünyagörüşün Sumer sivilizasiyasında da özünü göstərməsi təsadüfi ola bilməzdi. Bu anlamda Sumerlərdə və digər Turani qövmlərdə görünən Göy Tanrı dininin, yəni Tanrıçılığın (Göy Tanrı və Asra-Yağız Yer ikiliyi) digər dinlərdən daha əski olması şübhəsizdir. Özəlliklə, 12 heyvanlı Türk-Turan təqviminin digər xalqlara Turan irqindən Sumerlərə, onlardan da digər xalqlara (çinlilərə, iranlılara vəb.) keçməsi get-gedə daha çox qəbul olunur.
Deməli, bu ikili mübarizə, onun yaranışı, inkişafı və sonuyla bağlı müxtəlif uluslarda müxtəlif baxışlar olsa da, ən qədim fəlsəfi fikir Turan-Türk hikmətidir. Bu baxımdan Türk aydını Hilmi Ziya Ülken haqlı olaraq yazır ki, ilk dəfə türklər aləmi biri-birinin ziddi olan, fəqət biri-birini tamamlayan iki prinsip ilə izah edirdilər: “Bunlar da “Göy Tanrı” və “Asra Yer” idi. Həqiqətdə hər şey bir fəza (xaos) halından ibarət ikən sonradan vuzuh qazandıqca göy yerdən, aydınlıq qaranlıqdan, erkək cövhər dişi cövhərdən ayrılmış və biri-birinə tamamıyla zidd olan bu qüvvətlərin təkrar birləşməsindən kişi, yəni ilk insan vücud bulmuşdur”. Orhon kitabəsində də yazılır: “Öze Gök Tengri, asra Yagız yer kılındıkta, ekin ara kişioğlu kılınmış”.
Vəli Həbiboğlu da Azərbaycan türklərinin qədim inanclarında Tanrıçılığın xüsusi yer tutduğunu qeyd edərək yazır ki, qədim türklərin, o cümlədən Azərbaycan türklərinin mifoloji dünyagörüşündə Yer və Göyün ayrılması Tanrıyla bağlıdır. Hazırda da bu cür mifik inanclara inananlar tapılır: «Bu da onu göstərir ki, qədim türkdilli xalqlar arasında təkallahlılıq inamı çox güclü olmuşdur. Məhz buna görə də türk xalqlarının bir çoxunda həyatın, kainatın yaradılışı anlayışının özü Tanrı, Allahla əlaqələndirilir». Deməli, türklərin islamaqədərki dünyagörüşü təbiətlə (su, yer, göy, ağac, Boz qurd) və tanrıya keçid kimi Tenqri xanla, sonra bir olan Allah və Allaha aşiq insan obrazı ilə bağlıdır: «İslamaqədərki inanc və görüşlər daha çox tarixin hələ yazısız, kitabsız sivilizasiya mərhələsinə təsadüf edir və təbiidir ki, ən qabarıq əksini etnoqrafik qaynaqlarda, mifologiyada, bir də folklorda tapır». Bir sözlə, qədim türklərin dünyagörüşünə görə yuxarıda mavi göy, aşağıda boz yer, onların arasında isə insan oğlu-türk yaradılmışdır.
Bu kitabı əldə etməyi və oxumağı unutmayın
Ülkenin fikrincə də, əslində bir olan iki zidd prinsipin Göy və Yerin sonradan təkrar birləşməsi Türk kosmoqoniyasının monist bir dünyagörüşünə çatdığını göstərir. Bu o deməkdir ki, Göy Tanrı yaradıcıdırsa, Asra yağız yer isə Göy Tanrının yaratdıqlarını məhv edəndir. Göy Tanrı xaqanı, Yer xatunu təmsil edər. Ancaq Asra yer Göy Tanrının bir parçasıdır. Ülken yazır: “Göylə yer arasındakı ayrılıq ancaq vəziyyət və hal etibarilədir. Fəqət ailənin ahəngi, cəmiyyətin nizamı kimi, göklə yerin də əzəli bir uyuşması, uzlaşması vardır”. Türk düşüncəsində atam Göy, anam Yerdir. Göy Tanrının timaslı Göydə Ay ata, Ay dədədir, Yağız yerin timsalı isə Günəş anadır. Hacı Bektaşinin fəlsəfəsində də bu düşüncə əsas xətdir. Ülken yazır: “Əsasını monizmdən alan bu ahəngçi ikilik Türklərin kollektiv fəlsəfəsidir”.
Türk-Turan fəlsəfəsi ikili mahiyyət etibariylə vəhdətçi, ahəngçi və monistdir. Məsələn, Yakutlarda Göy Tanrı Tenger, yer Tanrısı Yireydir. Göydə 9 ağa oza. Aşağıda 8 ağa oza oza vardır gök təbəqələri 17, yer təbəqələri 12, ya da 5-dir. Gök məbudlarının ən qüdrətlisi Art Toyon Ağadır. Türklər arasında Göy Tanrı və Yağız yer arasında orta dünya var. Burası kişinin yaradıldığı və insanların yaşadıqları aləmdir. Orada Yer-sular hakimdir.
Türk fəlsəfəsində Tanrının insanı yox yerdən yaratması deyil, daima onunla birlikdə var olması ideyası var. Yəni həmişə Tanrıyla (görən) birlikdə su (görülən) da var olub. Tanrı sonra əvvəlcədən şəkli olan İnsanı su vasitəsilə var etdi. Deməli, Tanrı insanı yoxdan var etməmişdir. Əslində əvvəlcədən var olana şəkil vermişdi. Amma Xristianlıq (kreationizm) və İslam (xilqətçilik) dinlərinə görə Allah insanı yox yerdən var etmişdir. Altay türklərinin mifologiyasında insanın və dünyanın yaranışı belə izah olunur: “Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görən, sudan başqa görünən yox idi. Ağ Ana göründü. O, Qara xana “yarat” deyib yenidən suya saldı. Bunu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi uçurdular. Lakin halından məmnun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun istədiyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlandı. Boğulurdu. Elədiyinə peşman olub Tanrı Qara xandan bağışlanmasını xahiş etdi.
Tanrı Qara xanın göstərişi ilə sudan bir ulduz çıxdı. Kişi həmin ulduzun üstünə çıxıb xilas oldusa da, Qara xan onun bir daha uça bilməyəcəyini nəzərə alıb dünyanı yaratmaq qərarına gəldi. Kişiyə buyurdu ki, suyun dibinə dalaraq torpaq çıxarsın. Şər düşüncədən əl çəkməmiş kişi torpaq gətirərkən fikirləşdi ki, özü üçün gizli bir dünyada yaratsın, ona görə də torpağın bir hissəsini ağzında saxladı. Elə ki, ovcundakı torpağı su üzərinə səpdi, Tanrı Qara xan torpağa “böyü” deyə buyurdu. Torpaq böyüyüb dünya oldu. Lakin kişinin ağzında saxladığı torpaq da böyüyüb onu boğmağa başladı. Qara xan ona “tüpür” deməsəydi, boğulub öləcəkdi.
Tanrı Qara xan dümdüz bir dünya yaratmışdı, lakin kişi tüpürəndə ağzından çıxan torpaq bataqlıqlar, təpələr əmələ gətirdi. Hirslənən Qara xan itaətsiz kişiyə “Erlik” (şeytan) adını verib, özünün işıqlı dünyasından qovdu. Sonra yerdə doqquz budaqlı bir ağac bitirdi, hər budağın altında bir adam yaratdı ki, bunlar doqquz insan irqinin atları oldular. Erlik insanların gözəl həyatını, xoş həyatını görüb Tanrı Qara xandan xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin. Qara xan vermədi. Lakin Erlik istəyindən dönmədi, insanları öz tərəfinə çəkməyə başladı. Qara xan insanların azğınlığını, Erliyə aldanımalarını görəndə acıqlandı, onları öz başlarına buraxdı. Erliyi yer altındakı qaranlıq dünyanın üçüncü qatına qovdu. Özü göyün on yeddinci qatını yaradıb oraya çəkildi. Mələklərdən birini insanları qorumaq üçün yer üzünə göndərdi.
Erlik Tanrı Qara xanın qərar tutduğu gözəl göyü görüb, ondan icazə istədi ki, özü üçün bir göy yaratsın. İcazə alıb yaratdı və aldatdığı şər ruhları öz göyündə yerləşdirdi. Lakin Qara xan görəndə ki, Erliyin təbəəsi ondan daha yaxşı yaşayır, mələklərindıən birini gönədrib həmin göyü dağıtdırdı. Göy yıxılıb dünyaya düşdü, dağlar, dərələr, ormanlar meydana gəldi. Və acıqlanmış Tanrı Qara xan Erliyi yerin ən aşağı qatına sürdü. Buyurdu ki, günəşsiz, aysız, ulduzsuz yerdə dünyanın sonuna qədər qalsın. Tanrı Qara xan göyün on yeddinci qatında oturub kainatı idarə etməkdədir. Ondan bir qat aşağıda Bay Ölgün Altun dağda qızıl bir taxt üstündə oturub. Göyün yeddinci qatında Gün Ana, altıncı qatında Ay Ata oturmuşlar”.
Tanrıçılıq düşüncəsində xatun da Yerlik xanın bir parçası deyildir. O, Qaraxan tərəfindən ayrıca yaradılmış olub Yer Xatun ismiylə Yerlik Xana əks bir qüvvət təşkil edər. Türk hikmətində, aləmin nizamı erkək və dişi prinsiplər arasındakı ahəngdən doğduğu üçün Xaqanın qarşısında Xatun, ailədə erkəyin qarşısında qadın özəl bir mövqeyə sahibdir.
Ardı var...
Dos., Dr. Faiq Qəzənfəroğlu
01.05.2017 / 23:10
Fazil Mustafa, millət vəkili
Avropa diplomatiyasından fərqli olaraq rus diplomatiysının dili daha açıq, kobud və səmimidir. Niyyət açıqca ifadə olunur və bu niyyətin gücə dayandığı gizlədilmir. Bunun bir nümunəsini də Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, Kremlin ideoloqu kimi tanınan politoloq Aleksandr Duqin deyimində sezirik. Duqin Bakıda üzümüzə deyir ki, "Qarabağda müharibə olarsa, Rusiya Ermənistanı dəstəkləməyəcək. Lakin Azərbaycanın da Qarabağı qaytarması istisnadır. Rusiya bu münaqişədə konkret hansısa tərəfdən çıxış edə bilmir." Tərəf olmağın guya başqa bir adı da varmış. Açıq hədə budur ki, Qarabağı qaytarmanız istisnadır.
Duqin daha sonra davam edir: “Status-kvo Rusiyaya əlverişlidir. Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir”. Yəni Rusiyanın arzulamadığı şərtlər yaranarsa Azərbaycan ərzisinə açıq işğal aktı gerçəkləşdiriləcəyini bəyan edir. Və türkiyə və ya başqa bir gücün dəstəyinə ümid bəsləməməyə işarə edir.
Politoloq Aleksandr Duqin
Duqin Rusiyanın öz sülhməramlılarının Qarabağa daxil etmək planının olmadığını desə də əlavə edib ki, lazım olacaqsa, biz bunu edəcəyik. Yenə də müdaxilə hədəsi.
Duqin davam edir: “Geosiyası nöqteyi-nəzərdən Rusiya bir məsələdə maraqlıdır: Dağlıq Qarabağda status-kvo saxlanılsın. Bəzi problemlər var ki, biz orada münaqişələrdə maraqlıyıq. Qarabağda isə sülh bizə əlverişlidir”. Guya Qarabağda neçə illərdir sülh bərqərar olub, bu da məmnunluğunu ifadə edir.
Rusiyanın xarici siyasətinin iideoloji platformasını hazırlayan Duqinin ifadə etdiyi mövqe budur ki, Qarabağda nə sülh, nə də müharibə olmalıdır, sadəcə buralar narahat bölgə kimi qalmalıdır ki, Rusiyaya hər iki tərəfin ehtiyacı olsun. Ermənistana dəstək verməyəcəyik (sanki qoşunları, silahları hamısı Ermənistanda deyil, Qvineya-Bisaudadır), Azərbaycana da torpağı qaytarmağa imkan verməyəcəyik.
Bundan sonra Rusiyada gedən hər hansı müzakirələrdə Qarabağa dair xeyirli xəbər gözləməyin...Adamlar kobud formada da olsa mövqelərini açıq söyləyirlər.
Fazil Mustafa, millət vəkili
30.04.2017 / 15:57
Dos., Dr. Faiq Qəzənfəroğlu
Tanrıçılığı “şamanizm” adlandırmaq səhv olduğu kimi, onda totemizm və bütpərəstlik axtarmaq da cəfəngiyyatdan başqa bir şey deyildir. Vaxtilə Bahəddin Ögəl də yazırdı ki, tək Tanrıya inanan bir etnosda totem axtarmaq bir az çətindir. Onun fikrincə, qədim türklər arasında totem ünsürləri olubsa belə, bu, qədim Hun inanc və əfsanələrinin qalıqları olmuşdur. Qədim çağlarda türklər Qurdu totem saymışdırsa belə, sonralar Qurd qutsal-müqəddəs bir simvola çevrilmişdi. Hətta Göytürklər bayraqlarında Boz Qurdun rəsmini yapmışlar. Qədim türklər arasında totemizmə nümunə kimi, Boz Qurda sitayiş edib onu özlərinə ata saymalarını, Oğuz boylarında totemizmin əlaməti kimi hər boyun bir quş simvoluna malik olmasını da göstərirlər. Doğrudan da, «Kitabi-Dədə Qorqud» boylarında Türklərin bəzi heyvanlara və bitkilərə inamının izlərinə rast gəlmək olur. Məsələn, Basat anasının soyunu ağac, atasının soyunu isə aslanla bağlayır: «Anamın adını soruşsan, – Qaba ağacdır! Atamın adını soruşsan, – xaqan aslandır!». Salur Qazan da Basat kimi kökünü Boz Qurdla, aslanla, quşla və s. ilə bağlamış, eyni zamanda «qurd üzü uğurludur» sözündən istifadə etmişdir. Hər halda qədim əfsanələrdə görürük ki, türklər mənşəyini dişi qurddan almış, bunun nəticəsi olaraq sonralar bayraqlarında qurd başının şəklini ifadə etmişlər. Ancaq bütün bunlar tək Tanrıçı türklərin totemçi olmasına anlamına gəlməz. Bu anlamda Tanrının yaratdığı bəzi heyvanlara, quşlara ya da bitkilərə olan inancları Türklərin Tanrıçılıq fəlsəfəsinə zidd olmamışdır. Başqa sözlə qədim türklər arasında müxtəlif canlılara sitayiş olsa da, lakin bu müqəddəs, ilahi məna daşımamış, daha çox Türklərin törəyişində, insanın çətinliklərdən qurtuluşunda onların rollarından bəhs olunmuşdur. Bu cür mifoloji-dini dünyagörüş insanların şüur altında indi də yaşamaqdadır.
Qədim türklərin bütpərəstliyi məsələsinə gəlincə, ilk baxışda onların “şamanizm”ə, “totemizm”ə, Aya, Günəşə, Səmaya sitayiş etməsi iddialarıyla bunun inandırıcı olması şübhə doğurmur. Ancaq burada vacib bir məqam hökmən qeyd edilməlidir ki, birincisi qədim türklər səmanı-göyü maddi deyil, mənəvi mənada qəbul etmişlər və bu anlamda Göy Tanrı gözə görünməz, ilahi xarakter daşıyır. Məsələn, L.Qumilyov yazır ki, Göy Tenqri maddi səma deyil, yəni adi, gözlə görünən göyə qarşı qoyulmuşdur. Onun fikrincə, çinlilər də «Göy ruhu» dedikdə, türklər kimi Göy Tenqrini nəzərdə tuturdular. İkincisi, türklərin «Göy Tanrı» anlayışı ilə Ay, Günəş və başqa göy cisimlərinə olan münasibətini eyni tutmaq doğru deyildir. Çünki türklərdə kainatdakı bütün mənəvi və maddi varlıqların yaradıcısı Göy Tanrıdır və onlar Ona bərabər tutula bilməz. Bu baxımdan türklər nə Tanrının, nə də Tanrının yaratdıqlarının, yəni Ay, Günəş, Ulduz və başqa ünsürlərin bütlərini-heykəllərini ortaya qoymayıblar.
Türk xalqları arasında bu ünsürlər, xüsusilə göy cisimləri (Günəş, Ay və b.) zaman-zaman daha yüksək mövqe tutmuş, onlarla bağlı məbədlər (Günəş, Ay məbədi və s.) tikilmişdir ki, bunu da yalnız həmin ünsürlərin Tanrıya daha yaxın olması və əbədiliyə ilə əlaqələndirmək olar. «Göy Tanrı»nın rəmzi kimi səmaya və səma cisimlərinə sitayiş öz əksini qədim dövr, orta çağ və çağdaş türk dövlətlərinin bayraqlarında da tapmışdır. Oğuz Xaqanın bayrağı günəş idi: “Daha deniz, daha müren/Güneş bayrak, gök kurıkan”.
Ümumiyyətlə, M.Kalankatukluya görə, bütpərəst hunlar, xəzərlər və başqa türk tayfaları da massagetlər-məskutlar kimi Günəş, Ay, Tanrı-xan allahlarına inanır, at qurban verir, «oda və suya qurbanlar gətirir, naməlum yollar ilahəsinə, aya və onların gözlərinə təəccüblü görünən bütün məxluqa sitayiş edirdilər». Əski Albanlar, Məskutlar/Masagetlər kimi Xəzərlər də Günəşə tapınır, and içəndə Günəşə and içirdilər. Böyük Türk aydınımız Nizami Gəncəvi “İskəndarnamə” poemasında təsadüfi olaraq demirdi ki, İranlıların rəmzi ay olub Keyxosrov nəslindəndirlərsə, Turanlıların da simvolu Günəş olub Alp Ər Tonqanın övladlarıdırlar. Bu onu göstərir ki, ilk dövrlərdə türklər Tanrıya yaxın ən ali varlıqlardan biri kimi Günəşi görüb, ona sitayiş ediblər. Ancaq xalqın inancında Göy Tanrıya inanc hər şeydən üstün olmuşdur. Bu anlamda türklər səmanı Tanrı adlandırıb onu müqəddəs sayırdılar.
Ağayar Şükürov doğru qeyd edir ki, qədim Türk mifologiyasının “allahlar” panteonunda birinci – mərkəzi yeri Tenqri/Tanrı tutur: “Tenqri, yaxud çox vaxt deyildiyi kimi, Göy Tanrı qədim türklərin «əsil dini gerçək inam bəslədikləri»dir. Bu, bütün qədim türklərin ana kultu idi. Qədim türklər üçün Günəş, Ay və Ulduzlar Tanrı deyil, sadəcə çox əziz varlıqlar idilər. Tanrı isə kainata hakim olan bütün göy üzü idi”. Qədim türklərin allahlar panteonunda isə baş Allah Göy Tanrı hesab olunmuşdur. A.Şükürova görə, «Göy Tanrı» ideyasına da aşağıdakılar aid idi: 1) göyə işarə; 2) yaradıcı funksiya; 3) hamilik funksiyası; 4) insan taleyini müəyyənləşdirən funksiya; 5) cəzalandırıcı funksiya; 6) kişi başlanğıcı ilə əlaqə funksiyası.
Beləliklə, Azərbaycanın qədim dövlətləri olan Manna, Midiya və Atropatenada yaşamış türklərin əski dini inancı Göy Tanrı inancında ibarət idi. Lalə Mövsümovanın fikrincə, türklər «insan göy», «insan-günəş»ə – Tanrıya sitayiş ediblər: «Türklər göyü 9 təbəqəyə bölür. Göyün hər qatı işıq və qaranlığın, xeyir və şərin dixotomiyasını əks etdirir. Bu isə o deməkdir ki, Allah həm xeyirxah, həm sərtdir, qoruyan və cəzalandırandır. O hər şeyi görür. Bundan sonra insanın taleyi öz əlindədir. Allah insana, onun hərəkət və fikirlərinə görə davranır. Bu dinin müdrikliyi də elə bundadır. Bu din insanı hərəkətə, qəhrəmanlığa çağıraraq ucaldır». Deməli, qədim türklərdə, türk soylu xalqlarda monoteizm-təkallahlılıq ideyası güclü olmuş, həyatın, kainatın yaradılışı anlayışının özü də Tanrı ilə əlaqələndirmişlər.
Bu kitabı əldə etməyi və oxumağı unutmayın
Bu mülahizələri ümimiləşdirərək hesab edirik ki, türklər heç vaxt totemist, bütpərəst və politeist olmayıblar. Özəliklə, bütpərəstlik və çoxallahlılıq başqa xalqların inancı olub, müəyyən qədər türklər içərisində yayılmışdır. Sadəcə, bu gün dini-mifoloji təlimlərlə bağlı (bütpərəstlik, politeizm, şamanizm, totemizm və b.) dəqiq fəlsəfi kateqorial təriflərin olmaması fərqli mülahizələrin meydana çıxmasına səbəb olur. Buna görə də, həmin dinlərə verilmiş təriflər çox vaxt bir-birinə yaxın (məsələn, bütpərəstlik və çoxallahlılıq kimi), yaxud da eyni dini inanclarla bağlı (“şamanizm”/qamlıq, “totemizm” və b.) fərqli mülahizələr öz əksini tapmışdır.
Türk bilgələrinə görə, qədim türklərdə üç cür inanc sistemi olmuşdur: 1. Təbiət qüvvələrinə (dağ, qaya, su, dəniz, orman və s.) inam; 2. Atalar (ataya, böyüyə olan hörmət) kultu; 3. Göy-Tanrıya inam. R.Özdək qeyd edir ki, türklərin əsil dini gerçək inam bəslədikləri «Göy Tanrı» dünyəvidir; şəfəqi söndürən, bitkiyə həyat verən, insanlara can bəxş edən, istədiyi zaman da geri alan, cəzalandıran, bağışlayan odur. Tanrı hər şeyi görür, bilir, onun iradəsinə qarşı çıxmaq olmaz: «Göy üzü bütöv və tam olduğu, tək və mükəmməl olduğu üçün inandıqları tanrıya da «Göy Tanrı» deyən əski türklər, əlbəttə, onu bəlli olanlar içində təcəssüm etdirməz, büt kimi kiçiltməz, bütün göy üzünü sığdıracaqları tapınağı düşünməzdilər». Türk dünyasının böyük ziyalısı Ziya Gökalp hələ XX əsrin əvvəllərində qeyd edirdi ki, elin təcəssümü olan Göy Tanrı sülh Tanrısıdır. Orxon kitabələrində Türk kağanı deyir: “Türk Oğuz bəyləri! Bodun! İşitin. Özə Tanrı batmayınca, Asra yer dəlinməyincə, Türk budunu ölkəni, törəni kim pozdu. Hakim Türk budunu idin. Bilgili və görgülü olduğu üçün sizi düzəltmiş olan Bilgə kağanınız gəlmiş, getmiş”.
Qədim dövrdə türklər arasında Göy Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qamlara hər bir Türk soyunda həm ata, həm də Xan kimi baxılmışdır. Çünki Qamlar təbiət qüvvələrindən və Ata kultundan çox Göy Tanrıya üstünlük vermişlər. Bu xüsusiyyətinə görə də Qamlar ilk dövrlərdə Türklər arasında həm müdrik, həm də dövlət rəhbəri idilər. M.Seyidov yazır: «Bu tarixi toplumsal, dini durum, yəni qamın başçı olması soy, qəbilə ağsaqqalının ağalığına gərək idi. Axı, ilkin ağsaqqal dini və dünyəvi rəhbər idi. Doğrudur, ilkin çağlar açıq-açığına gözə çarpan inzibati fərqlənmələr olmasa da, onun izləri özünü göstərirdi və bu izlər getdikcə dərinləşir, cəmiyyətdə də özünü möhkəmləndiridi». Ancaq sonralar, zaman-zaman Qamlar daha çox xaqanın, o cümlədən dövlətin yolgöstərəni funksiyasını yerinə yetirirlər.
Fəzlullah Rəşidəddinin «Oğuznamə»sində Qam ifadəsi işlədilməsə də Yuşi Xoca və onun oğlu Qara Sülük (Uluq Turuq) əslində yol göstərən və gələcəyi görən Qamlar idi. Qara Sülük Oğuz xaqanın məsləhətçisi, qəbiləbirləşməsinin başçısı kimi ən çətin anlarda çıxış yolu tapırmış. Bu baxımdan Elin bilicisi olan qamlar daha çox Türk xaqanlarının məsləhətçisidir; müdrik, ideya və düşüncə başçısı kimi dövlətin gələcək taleyini izah edən və yol göstərəndir. Bir sözlə, ictimai həyata, əxlaq normalarına göz qoyan, soyunun düşünən beyini olan Qamlar əsasən Dədə Qorqud kimi gələcəkdən xəbər verirmişlər. Qama bu cür keyfiyyətlər isə Göy Tanrıdan gəlir, göyqurşağı kimi bədənlərinə daxil olurmuş. M.Seyidovun fikrincə, göyqurşağı isə Günəş şüası idi ki, Qama müqəddəs güc verirmiş. Bu məsələdə Ülgen (Göy Tanrı) və Erlik (Yer Tanrı) adlı tanrılar da mühüm rol oynayırmış.
Ardı var...
Dos., Dr. Faiq Qəzənfəroğlu
26.2017 /13:52
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyində olan "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı məruzə ətrafında müzakirələrə 78 deputatın yazılması ona olan marağı göstərdi.
Türkiyə Respublikasının qurucusu, onu müasir Avropa ölkəsinə, demokratik bir dövlətə çevirmiş Mustafa Kamal Paşanın məşhur sözləri var: "Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir". Böyük Atatürkün həmin məşhur aforizmini bir qədər dəyişərək ölkələrimiz arasındakı münasibətlərin indiki durumuna, xalqlar arasındakı əlaqələrə inikas etdirsək, deyə bilərik ki, Türkiyədə yaşanan istənilən olay bu və digər şəkildə Azərbaycanda əks-səda yaradır.
Dövlətlərimiz, sadəcə, qonşu ölkələr deyil. Əsla.
Azərbaycanla Türkiyə eyni kökə bağlı iki çinar təkidir və heç təsadüf deyil ki, Ankara ilə Bakının münasibətləri "bir millət, iki dövlət" prinsipinə əsaslanır.
Elə bu bəsdir ki, Türkiyədə yaşananların Azərbaycanda nədən belə diqqətlə izlənilməsi, muzakirə olunması anlaşılsın.
Azərbaycanı qayğılandıran məsələlərdən biri də Avropa Şurasının yaradıcılarından, banilərindən olan Türkiyənin, 1949-cu ildən bu qurumda yer almış ölkənin indi az qala səlibçi hücumlara məruz qalması, hədəf seçilməsidir.
Artıq bir neçə dəfə cəhd edəndən sonra Türkiyəni tənqid atəşinə tutmaq həvəsində olanlar ölkədə demokratik təsisatların fəaliyyəti ilə bağlı bu məruzənin gündəliyə salınmasına nail olublar. Lakin neçə ay əvvəl Türkiyəyə dair daha vacib bir məruzəni təcili müzakirələr xətti ilə gündəliyə daxil etmək yada düşməyib?
Türkiyənin ardıcıl şəkildə məruz qaldığı terrorizm fəsadları ilə bağlı Avropa Şurasında indiyədək əsaslı bir müzakirənin keçirilməməsini, təşkilatın ümumilikdə terrorizm əleyhinə olsa da, Türkiyə ilə münasibətdə indiyədək təsirli bir addım atmaması - budurmu Avropa demokratiyası, ədalət və beynəlxalq qanunların aliliyi?
Müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov konkret danışıb və bu səbəbdən onu çıxışından iqtibas yerinə düşür: "Terrorizm hamımızın əleyhinə olduğumuz, bütün dünyanı təşviş içərisində saxlayan bəladır. Gözümüzün qarşısında isə Türkiyədə aylardır ki, dalbadal qanlı terrorlar törədilir. Bircə dəfə də olsun bu məsələləri Assambleyada geniş müzakirə mövzusuna çevirmişikmi? Türkiyəyə real dəstək ola bilməkdən ötrü səyləri birləşdirmək səmtində Avropa Şurası hansı təsirli tədbirlər görüb? Türkiyə onu hər an təhdid altında saxlayan terror aktlarına görə lap çoxdan müharibə vəziyyətində, zəlzələ içərisində yaşayan kimidir".
Türkiyə uzun illərdir sübuta yetirib ki, o, demokratik dövlətdir. Lakin müharibə dövrünün, Türkiyənin ən müxtəlif xarici və daxili düşmən qüvvələrin törətdiyi təhlükələrlə üz-üzə qaldığı indiki ekstremal şəraitin öz şərtləri var. Demokratiya vacibdir. Lakin dövlətin və cəmiyyətin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmadığı bir yerdə demokratik təsisatlar normal fəaliyyət göstərə bilərmi? Məhz dövlətin və millətin maraqları naminə hansısa fərqli prizmadan baxarkən qəbul edilə biləcək kəskin addımlar atılırsa, bunu demokratiyanın məhdudlaşdırılması kimi qiymətləndirmək qətiyyən düzgün deyil.
Türkiyədə keçirilən ümumxalq səsverməsi ölkə əhalisinin seçimidir. Bu istiqamətdə tənqidlərin böyük hissəsinin Türkiyəyə kənardan təzyiq mahiyyəti daşıyır.
AŞPA bir tərəfdən ümumxalq səsverməsinin xalq iradəsinin ən dəqiq ifadəçisi olduğunu təsdiqləyir. Digər tərəfdən məhz referendum yolu ilə, xalqın iradəsinə arxalanaraq ölkənin hansı yolla irəliləməsi haqqında qərar çıxarmağı qət etmiş Türkiyənin başına ağıl qoymağa, ondan öz lazım bildiyi kimi deyil, kənardan təlqin edilən resept əsasında hərəkət etməsini istəyirik. Türkiyə tarixi, ənənələri, uzun əsrlik dövlətçilik təcrübəsi olan dövlətdir.
Təbii, AŞPA Türkiyəyə məsləhət də verə bilər, yol da göstərər, köməyini təklif də edə bilər. Amma bütün bunlar, sadəcə, məşvərət və məsləhət çərçivəsində olmalıdır, Türkiyənin xüsusiyyətləri, durumu, çəkisi, yeri və s. amillər mütləq nəzər alınmalıdır.
AŞPA-nın məsləhətləri təhdidə, istəyi ultimatuma, istəyi hədəyə çevrilməməlidir.
Türkiyə AŞPA-nın buyruqlarını və amiranə tələblərini gözuyumulu yerinə yetirmək istəməyəndə Ankara əsassız, qərəzli, hətta siyasi əxlaqdan kənar "tənqid"lərə məruz qalmamalıdır, bu ölkəyə deyilməməlidir ki, səhv edirsən, demokratik prinsipləri unudubsan, yolunu azıbsan.
AŞPA-da səs-səsə verən deputatlar, siyasətçilər, sifarişli və ya emosional çıxışlar edənlər bir anlıq düşünsünlər, qəti hökm verməyə tələsməsinlər. Bəlkə "tənqid" etdikləri Türkiyə, əslində, düz yoldadır, yanılan və səhv edən Türkiyə yox, elə AŞPA rəhbərliyinin özüdür?! Və bəlkə AŞPA-nın özü yolunu azıb, yox?..
AŞPA-nın sədri Pedro Aqramuntla bağlı olaylar aşkar göstərir ki, demokratiya prinsiplərindən, qanunların aliliyindən fasiləsiz bəhs olunan strukturun özündə qanunlara tüpürmək belə, istəmirlər.
Aqramuntun iclas zalından qovulması ilə bağlı cəhdlər, təhqirlər, əsassız suçlamaların sıralandığı isterik nitqlər prosedur qaydalarının pozulması ilə yanaşı, heç bir müvafiq hüquqi çərçivə olmadan AŞPA sədrinin postundan kənarlaşdırılmasına yönəlmiş ssenaridir.
AŞPA özünə inamı sürətlə puça çıxardığının fərqindədirmi? Çətin. AŞPA Türkiyə ilə münasibətlərdə və əlaqələrdə Ankaraya təzyiq göstərərək təcrid etməyə çalışmaq əvəzinə daha səbatlı mövqe tutmalıdır.
Türkiyədəki referendumla bağlı yenidən monitorinqin keçirilməsi tələbi Avropada demokratik prinsiplərin qorunması cəhdi və ya əməkdaşlığı intensivləşdirmək istəyi yox, faktiki cəza tədbiridir.
Ankara banan respublikasının paytaxtı deyil və təzyiqlərə əsla boyun əyən deyil. Bu isə Türkiyənin ümumAvropa proseslərindən təcrid edilməsi planı da sayıla bilər ki, sonucda Strasburqla Ankaranın münasibətləri gərilmənin ifrat həddinə çata bilər.
Əlaqələrin pozulması nə AŞPA-ya, nə də Türkiyəyə xeyir verəsi deyil.
Azərbaycana edilən təzyiqlər zamanı rəsmi Bakı beynəlxalq təşkilatlarla şaquli yox, üfüqi münasibətlərə tərəfdar olduğunu qətiyyətlə nümayiş etdirmişdi. Bakının mövqeyi aydındır: AŞPA və ya hər hansı struktur müəllim, biz də tələbə deyilik: dərs vermək yox, müzakirələrə meylli olmaq gərəkdir. Bu, bərabərhüquqlu, normal münasibətlər prinsipidir.
AŞPA ilə Türkiyə arasındakı siyasi böhransa Ankaraya qarşı ədalətsiz, qərəzli mövqe tutulduğunu aşkar göstərir.
Türkiyə dünyəvi, demokratik dövlətdir və normal, sivil cəmiyyətə malikdir. Belədirsə, Türkiyənin mentor tonu ilə verilən qərarlara, "dərs"lərə əsla ehtiyacı yoxdur.
İllah ki, son vaxtlar ksenofobiya və islamofobiya bəlalarına mübtəla olmuş siyasətçilərin münasib tribuna saydıqları AŞPA ikili standartlar siyasəti yürüdərək məntiqi unutmaqla dərs verməyə, Ankaranı "yerində oturtmağa" çalışır.
AŞPA-nın Türkiyədə keçirilmiş referendumla bağlı monitorinq aparmaq qərarı açıq, aşkar təzyiq elementidir və bunun başqa adı yox.
AŞPA rəhbərliyi bəyan edir ki, monitorinq zəruri, demokratik prinsiplərin qorunmasına və möhkəmlənməsinə xidmət edən prosesdir, üstəlik, sən demə, "təşkilat və üzv ölkələr arasında əlaqələri möhkəmləndirir".
Yaxşı, səsvermə nəticələrinin monitorinqi belə "gözəl" prosedurdursa, nədən Ermənistanda Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı səsvermə yoxlanılmır, nə üçün Britaniyadakı "Brexit" səsverməsinin nəticələri zərrəbin altına alınmır? Albaniya, Serbiya, Yunanıstan, Fransa, Kipr, Portuqaliya - ümumiyyətlə, 18 ölkədəki sonuclar niyə yoxlanmır?!
AŞPA indi xəstə, konvulsiyalarda qıvrılan orqanizmə çevrilib.
Türkiyədə "demokratik islahatlar" tələb edən bu qurumun özü müalicə olunmalı, xəstəliklərini müayinə etməlidir. Əks təqdirdə, AŞPA heç nəyə nail olan deyil.
Səbəblər çoxdur
Çünki Avropa Birliyinin rəhbərliyinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan "qisas almaq" istəyi AŞPA-ya da sirayət edib.
Ötən ilin iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olanda, qardaş ölkə terrorçuların hədəfinə alınanda AŞPA gözləmə mövqeyi tutmuşdu. AŞPA nəticəni gözləyirdi, Fətullah Gülən tərəfdarlarının planının nə ilə başa çatacağını gözləyirdi və yalnız hərbi çevriliş cəhdinin baş tutmadığını anlayanda dilə gəlmişdi.
Türkiyə Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı referendum ərəfəsində Avropa Birliyi ölkələrində rəsmi Ankaranın təmsilçilərinə, türk nazirlərə qoyulan yasaqlar; Almaniyadakı qəzetlərin türk dilində "Hayır!" başlıqları ilə çıxması; Fransada, Belçikada, Almaniyada, İtaliyada, İspaniyada, Avstriyada terrorçu PKK-ya verilən "referendum öncəsi" dəstək və ən nəhayət, bir sıra məşhur qəzetlərdə Türkiyə prezidenti Ərdoğanın başına tapança dirənmiş vəziyyətdə əks olunduğu karikaturalar - bütün bunları Ankara unutmayıb.
Biz də unutmamaşıq.
Monitorinq hansı dərdə dərmandır?
Əslində, AŞPA ilk dəfə deyil ki, Türkiyədəki durumu araşdırmaq, monitorinq aparmaq istəyindədir. Sadəcə, hər dəfə belə təşəbbüslər səslənəndən sonra yenidən gündəmə qaytarılan tələbə hədəf olan iki ölkədən biridir Türkiyə.
"Səsvermə nəticələrinin monitorinqi" prosedurunu AŞPA 15 il əvvəl, 1992-ci ildə qəbul edib - təşkilatın qurucularından olan Türkiyənin də təşəbbüsü ilə.
Məqsəd Sovetlər Birliyi dağılandan sonra postsovet məkanının və Şərqi Avropa ölkələrinin Qərbi Avropaya inteqrasiyasını sürətləndirməkdi.
Məhz bu məqsədlə Şərqi Avropa ölkələrində monitorinqlər aparılmağa başlandı.
Türkiyə həmin ölkələrin siyahısında yoxdu, çünki Türkiyə o siyahını hazırlayan ölkələrdən biri idi.
Fəqət o dönəmdə Avropa Birliyi siyasi təşkilata çevrilməyə qərar verdi, 1993-cü ildə "Kopenhagen kriteriləri" qəbul olundu. Təbii ki, Avropa Birliyi heç bir halda AŞPA deyildi.
Bu səbəbdən AŞPA Avropa İnsan Haqları Bəyənnaməsini təməl qanun qəbul etdi, öz konstitusiyası və ortaq hüququ olmadığı üçün Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarını istinad sayıb, mübahisəli hallarda öz qərarlarından üstün prinsiplər bəyan etdi.
Türkiyə üçün problemlər də məhz o zaman başlandı. Ankara, qurucusu olduğu AŞPA tərəfindən 1996-cı ildə monitorinq siyahısına daxil edildi. Türkiyədə PKK terroru ilə mübarizənin "qeyri-demokratik" adlandığı, "işgəncə" iddialarının sıralandığı, Türkiyə siyasətinin hərbçilərin nəzarətində olduğu, Ankaranın qonşu dövlətlərlə, xüsusilə də NATO-dakı müttəfiqi Yunanıstanla münasibətləri Kardak adasındakı qayalıqlara görə tarıma çəkdiyi zamanlardı.
Türkiyə o siyahıdan PKK lideri Abdulla Öcalanın tutulduğu, edama məhkum edilib qərarın ertələndiyi, Avropa Birliyi ilə aparılan danışıqların dondurluduğu 1999-cu ildə yox, əksinə danışıqlar bərpa olunanda belə, Türkiyə həmin "qara siyahı"da idi.
Türkiyə o siyahıdan 2004-cü ildə, ölkə qanunvericiliyinin Avropa Birliyi qərarlarına uyğunlaşdırılması prosesi başlananda çıxarılmışdı.
Həmin islahatlar proqramında edam cəzasının ləğvi, AİHM qərarlarının Türkiyə qanunları ilə ziddiyyət yaratdığı zaman daha üstün sayılması proseduru da.
Səbəb aydındı: Nəcməddin Ərbakanın "xristian klubu" adlandırdığı Avropa Birliyi ilə Ərdoğan daha sıx, intensiv və məntiqi əlaqələr qurmağa çalışırdı. Üstəlik, Ərdoğan ölkə siyasətinə və demokratik cəmiyyətə ən böyük təzyiq göstərən hərbçilərin müdaxilə imkanlarını minimuma endirməyə başlamışdı.
Avropa Birliyi mövqelərini ilk dəfə 2015-ci ilin iyunun 7-dəki seçkilərdən sonra sərtləşdirdi. AKP parlamentdəki çoxluğu itirdi, PKK yenidən qanlı terror aksiyalarına başladı, ölkənin şərqindəki şəhərlərdə barrikadalar quruldu, kürd terrorçular "xəndək savaşı"na başladılar və ölkə 1990-cı illərə qayıtdı.
İkinci sərtləşmə 2016-cı ilin iyulun 15-dəki hərbi çevriliş cəhdindən sonra oldu. Türkiyədə və dünyada "Mustafa Kamal Atatürk irsinə sadiq" hərbçilər arasında Fəthullah Gülənin "mürid"lərinin heç az olmadığı aşkarlandı.
Çevriliş cəhdindən sonrakı istintaqları, təhqiqatları, araşdırmaları AŞPA "insan haqlarının kütləvi şəkildə pozulması" kimi dəyərləndirdi.
Və sonucda Ermənistan, Bosniya-Hersoqovina, Gürcüstan, Moldova, Rusiya, Ukrayna ilə birlikdə Türkiyədə də "monitorinqə zərurət duyulduğu" deyildi.
Bundan sonra nə olacaq?
Maraqlı sualdır, cavabı isə sadə.
Türkiyədə demokratiyaya, şəffaf seçkilərə, məhkəmə sisteminin ədalətinə inanan, Ərdoğan hakimiyyətinin terrora və anarxiyaya qarşı mübarizə apardığına şübhə etməyən insanlar AŞPA-ın "Baxın, sizi "qara siyahı"ya inkişafınız, rifahınız üçün saldıq" ikiüzlülüyünə, təcridi "əməkdaşlığın bir parçası", hədəni "məsləhətlər proqramı" saymasına acı-acı gülümsəyərək doğru saydıqları yolla davam edəcək.
Sadəcə, özlərinə inanaraq, güclərinə güvənərək.
Elçin Alıoğlu,
Milli.Az
27.04.2017 / 09:28
Milli Məclisin deputatı Elman Nəsirov
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Türkiyə əleyhinə qəbul edilmiş qərar qurumun bütün mahiyyətini üzə çıxardı.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirovun sözlərinə görə, məlum oldu ki, bu qurumun daxilində islamafob və ksenofob qüvvələr kifayət qədərdir:
"Onlar müsəlman ölkəsi Türkiyənin inkişafını həzm edə bilmirlər. Türkiyəyə monitorinqin tətbiq edilməsi ilə bağlı qərar bunu aydın şəkildə göstərdi. 1996-2004-cü illərdə AŞPA Türkiyəyə monitorinq tətbiq edib, 2004-cü ildə isə Türkiyə post-monitorinq dövrünə daxil edilib. Yəni bu o deməkdir ki, Türkiyəyə münasibətdə Avropa Şurası öz dəyərlərinin kifayət qədər müdafiə etdiyinin fərqində olub və bu ölkəyə qarşı daha loyal mövqe nümayiş etdirib. Amma yenidən - 13 il sonra Türkiyəni 1996-2004-cü il vəziyyətinə qaytarmaq, Türkiyəyə qarşı olduqca qərəzli davranışın ifadəsidir. Bu həm də onu təsdiq etdi ki, Avropa Şurası heç bir dövlətə münasibətdə belə addım atmayıb, heç zaman post-monitorinq mərhələsində olan dövləti ikinci dəfə monitorinq mərhələsinə qaytarmayıb, ona qarşı siyası nəzarəti həyata keçirməyib. Belə olan vəziyyətdə Türkiyə tərəfi də çox düzgün olaraq, bunu AŞPA-nın tarixində tarixi səhv hesab edib".
Deputat hesab edir ki, bu gün AŞPA Türkiyəyə əslində təşəkkür və minnətdarlıq etməlidir :
"Çünki Türkiyə üç istiqamətdə terrorizmə - PKK, İŞİD və FETO-ya qarşı mübarizə aparır. Heç bir Avropa ölkəsi tapmaq olmaz ki, eyni zamanda üç istiqamətdə terrorizmlə mübarizə aparsın. Türkiyə bununla dünyada təhlükəsizliyə böyük töhfə verir. İkincisi isə, Türkiyə Yaxın Şərqdən gəlmiş 3 milyondan artıq qaçqına qucaq açıb, bununla da onların Avropaya daxil olmasının qarşısını alıb. Avropaya göstərdiyi bu cür dəstəyin müqabilində isə Türkiyəyə qarşı belə davranış qəbul edilməzdir və bu mövqe bir daha göstərir ki, Avropada çox ciddi bir böhran yaşanmaqdadır. Belə görünür ki, Avropada artıq Avropa baharı başlayacaq".
Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.
& VƏTƏNSEVƏRLƏR
25.04.2017 / 09:32
Əli bəy Hüseynzadə
“Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”
“Füyuzat”da dərc olunmuş Əli bəy Hüseynzadənin məqaləsindəki bu fikri Azərbaycan jurnalistikasında yeni təkan yaratdı, “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şəklində formalaşdı və təbliğ olundu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
Azadlıq fədaisi Əli bəy Hüseynzadə Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdır və “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını burada dərc etdirir və “Gənc türkçülük” nədir?” adlı məqaləsi ilə Türk tənzimat hərəkatının mahiyyətini şərh edir. Sonra o, dövrünün məşhur ilahiyyatçı-alimi, ictimai xadim və publisist Əhməd bəy Ağaoğlu ilə birlikdə və milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayır.
Ə.Hüseynzadənin Azərbaycanın ictimai-mədəni həyatı və milli jurnalistika tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edən onun ardıcıl olan söz və mətbuat azadlığı uğrunda mübarizə aparmasıdır. Ədəbi-tənqidi və publisistik məqalələri, şeirləri, bədii nəsri və siyasi-fəlsəfi pamfletində Ə.Hüseynzadə azadlığı, hürriyyəti obrazlı şəkildə təqdim edir, azad sözü “pəruyi-hürriyyət” (azadlıq pərisi) adlandırır və onu “Kuhi-Qaf və Suimurq quşu” məqaləsində Qaf dağlarına zəncirlə bağlanmış məşhur “od oğrusu” Prometeyə bənzədir. Azad sözün cəmiyyətdə varlığını Prometeyin odu, işığı ilə müqayisə edən Əli bəy 1905-1907-ci illərdə Azərbaycanda mətbuat və fikir azadlığının cəfakeşlərindən biri, milli ziyalılıq simvolu idi. O, azadlığın mahiyyətini anladır və deyirdi:
“Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin, nə də bir fərdin etiqad və əfkarındən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə, hər kəs etiqad və əfkarını aşkar surətdə söyləyib-yazmaqda muxtardır”. (Mövlude-Nəbi. “Füyuzat” jurnalı, 1907-ci il).
“Türk” kəlməsinin hətta dilə belə gətirilmədiyi bir tarixi məqamda Əli bəy Hüseynzadə "Həyat" qəzetinin səhifələrində çap etdirdiyi "Türklər kimdir və kimlərdən ibarətdir?" adlı əsəri ilə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq "Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi və ulusuyuq", - deyə müraciət edir, bəzi mətbuat orqanlarında Çingiz xanın və Əmir Teymurun monqol kimi göstərilməsini tənqid edir, onların türk olduqlarını və nəsillərindən olan şəxsiyyətlərin də adlarını çəkərək onların hər zaman türkcə danışdıqlarını və türkcə yazdıqlarını bildirirdi.
Əli bəy Hüseynzadə Azərbaycan jurnalistikasının özüdür, xalqı uğrunda hər şey edən vətən fədaisidir. Onun bu sözləri hələ uzun illər Azərbaycan jurnalistikasında deyiləcək: “Çirkablara daş atmalıdır, həm də doluncaya, edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır. Qayalar yuvarlamalıdır... Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai!
Elnurə Şakirqızı,
modern.az
25.04.2017 / 21:54
Tomas de Vaal
Məşhur Britaniya analitiki, "Karneqi" fondunun böyük elmi işçisi, "Qara bağ: Ermənistan və Azərbaycan sülhlə müharibə arasında" kitabının müəllifi Tomas de Vaal hesab edir ki, Qarabağ münaqişəsini tədricən-addımbaaddım həll etmək lazımdır, amma bu gün bu təsəvvür edilmir. Modern.az virtualaz.org-a istinadən xəbər ki, Ermənistan sülh prosesini altdan-altdan pozur və bunda Azərbaycanı ittiham edir.
De Vaalın fikrincə, münaqişənin ölü nöqtədən tərpənməsi üçün ermənilər işğal edilmiş rayonları azad etməyə başlamalıdır. Əgər tərəflər bir-birinə güzəşt etməsələr, növbəti toqquşmalar yalnız vaxt məsələsidir.
"Qarabağ münaqişəsində tədricən dəyişikliklərə nail olmaq çox çətindir. Əksəriyyət sizə deyəcək ki, münaqişələr bir anda, bir imza və ildırımın sürətiylə həll edilmir. Başqa cür olur: münaqişələr tədricən sönür, vəziyyət uzun illər ərzində antaqonizm mövqeyindən, tərəflərin artıq bir-birindən təhdid hiss etmədiyi mərhələyə keçir. Şimali İrlandiyada, yüz faiz olmasa da, belə oldu, indi Kipr də bu yoldadır.
İdealda Qarabağ münaqişəsinin həllini addım-addım, qarşılıqlı güzəştlər yolu ilə görmək çox yaxşı olardı. Məsələn, ermənilər tərəfindən Qarabağdan cənub-şərqdəki rayonlardan birinin, nəqliyyat əlaqələrinin açılışı və ya Qarabağ ermənilərinə böyük hüquqların verilməsinə əvəz olaraq, azad edilməsi.
Amma mən bunun bu dəqiqə mümkün olacağını düşünəcək qədər sadəlövh deyiləm. Münaqişə politoloqların dediyi kimi, həddindən artıq elə ciddiləşib ki, istənilən güzəştlər hər iki tərəfdən bir növ satqınlıq və ya milli təhlükəsizlik maraqlarına xəyanət kimi qəbul edilir. Buna görə, mən tədricən dəyişikliklər haqqında danışarkən o kiçik addımları nəzərdə tuturam ki, atəşin dayandırılması ilə bağlı mandatın möhkəmləndirilməsi və ağır silahların təmas xəttindən uzaqlaşdırılması kimi daha əhəmiyyətli siyasi məqamlarla müşayiət olunsun", - deyə de Vaal “Focus on Karabakh”ın redaktoru Emil Sanamyana müsahibəsində bildirib.
Tomas de Vaal Azərbaycanın, əgər danışıqlar nə iləsə nəticələnməyəcəksə, Qarabağ üçün müharibəyə başlamağa hazır olması və bunun nəyə gətirib çıxaracağı, ümumiyyətlə Azərbaycanın davakar ritorikası barədə fikrə də münasibət bildirib: “Ermənilər özləri özlərinə xatırlatmalıdırlar ki, onlar öz evlərini itirmiş və öz torpaqlarına qayıtmaq istəyən insanlara qarşı düşməncəsinə köklənməməlidirlər. Mən bilirəm ki, prezident Sarkisyan bir dəfə "Ağdam – bu ermənilərin vətəni deyil" deyə etiraf edib və bunun üçün tənqid edilib. Amma əslində o düzünü deyirdi".
Britaniya analitiki deyir ki, ermənilər və azərbaycanlılar birlikdə yaşamağı bacarırlar və bunu onların Gürcüstanda, Rusiyada və başqa ölkələrdə sülh şəraitində yaşamaları da sübut edir.
"Münaqişəni həll etmək, əgər siz əks tərəfin dərdinə şərik olmursunuzsa, çətindir. Azərbaycanın münaqişəyə münasibəti dəyişə bilər, əgər şərait dəyişəcəksə. Söhbət, ilk növbədə, ərazilərin qaytarılmasından gedir”, - deyə de Vaal vurğulayıb.
Ekspert daha sonra deyib: “Azərbaycanı atəşkəs rejiminin pozulmasına görə tez-tez tənqid edirlər. Amma axı erməni tərəfi də gizlin-gizlin hər şeyi edir ki, sülh prosesi pozulsun. Məsələn, Kəlbəcər rayonunda yollar tikir və Azərbaycan məntəqələrinin adlarını dəyişdirərək erməniləşdirir.
İndi hər iki tərəf öz hərbi, diplomatik və iqtisadi mövqelərindən çıxış edərək oyun oynayır. Və heç kim güzəşt etmək istəmir. Bu isə o deməkdir ki, onlar gec-tez yenidən qarşı-qarşıya gələcəklər”.
Modern.az