Translate

27 Nisan 2017 Perşembe

ONLAR MÜƏLLİM, BİZ TƏLƏBƏ DEYİLİK - YETƏR ARTIQ

26.2017 /13:52 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyində olan "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı məruzə ətrafında müzakirələrə 78 deputatın yazılması ona olan marağı göstərdi.

Türkiyə Respublikasının qurucusu, onu müasir Avropa ölkəsinə, demokratik bir dövlətə çevirmiş Mustafa Kamal Paşanın məşhur sözləri var: "Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir". Böyük Atatürkün həmin məşhur aforizmini bir qədər dəyişərək ölkələrimiz arasındakı münasibətlərin indiki durumuna, xalqlar arasındakı əlaqələrə inikas etdirsək, deyə bilərik ki, Türkiyədə yaşanan istənilən olay bu və digər şəkildə Azərbaycanda əks-səda yaradır.

Dövlətlərimiz, sadəcə, qonşu ölkələr deyil. Əsla.

Azərbaycanla Türkiyə eyni kökə bağlı iki çinar təkidir və heç təsadüf deyil ki, Ankara ilə Bakının münasibətləri "bir millət, iki dövlət" prinsipinə əsaslanır.

Elə bu bəsdir ki, Türkiyədə yaşananların Azərbaycanda nədən belə diqqətlə izlənilməsi, muzakirə olunması anlaşılsın.

Azərbaycanı qayğılandıran məsələlərdən biri də Avropa Şurasının yaradıcılarından, banilərindən olan Türkiyənin, 1949-cu ildən bu qurumda yer almış ölkənin indi az qala səlibçi hücumlara məruz qalması, hədəf seçilməsidir.

Artıq bir neçə dəfə cəhd edəndən sonra Türkiyəni tənqid atəşinə tutmaq həvəsində olanlar ölkədə demokratik təsisatların fəaliyyəti ilə bağlı bu məruzənin gündəliyə salınmasına nail olublar. Lakin neçə ay əvvəl Türkiyəyə dair daha vacib bir məruzəni təcili müzakirələr xətti ilə gündəliyə daxil etmək yada düşməyib?


Türkiyənin ardıcıl şəkildə məruz qaldığı terrorizm fəsadları ilə bağlı Avropa Şurasında indiyədək əsaslı bir müzakirənin keçirilməməsini, təşkilatın ümumilikdə terrorizm əleyhinə olsa da, Türkiyə ilə münasibətdə indiyədək təsirli bir addım atmaması - budurmu Avropa demokratiyası, ədalət və beynəlxalq qanunların aliliyi?

Müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov konkret danışıb və bu səbəbdən onu çıxışından iqtibas yerinə düşür: "Terrorizm hamımızın əleyhinə olduğumuz, bütün dünyanı təşviş içərisində saxlayan bəladır. Gözümüzün qarşısında isə Türkiyədə aylardır ki, dalbadal qanlı terrorlar törədilir. Bircə dəfə də olsun bu məsələləri Assambleyada geniş müzakirə mövzusuna çevirmişikmi? Türkiyəyə real dəstək ola bilməkdən ötrü səyləri birləşdirmək səmtində Avropa Şurası hansı təsirli tədbirlər görüb? Türkiyə onu hər an təhdid altında saxlayan terror aktlarına görə lap çoxdan müharibə vəziyyətində, zəlzələ içərisində yaşayan kimidir".

Türkiyə uzun illərdir sübuta yetirib ki, o, demokratik dövlətdir. Lakin müharibə dövrünün, Türkiyənin ən müxtəlif xarici və daxili düşmən qüvvələrin törətdiyi təhlükələrlə üz-üzə qaldığı indiki ekstremal şəraitin öz şərtləri var. Demokratiya vacibdir. Lakin dövlətin və cəmiyyətin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmadığı bir yerdə demokratik təsisatlar normal fəaliyyət göstərə bilərmi? Məhz dövlətin və millətin maraqları naminə hansısa fərqli prizmadan baxarkən qəbul edilə biləcək kəskin addımlar atılırsa, bunu demokratiyanın məhdudlaşdırılması kimi qiymətləndirmək qətiyyən düzgün deyil.

Türkiyədə keçirilən ümumxalq səsverməsi ölkə əhalisinin seçimidir. Bu istiqamətdə tənqidlərin böyük hissəsinin Türkiyəyə kənardan təzyiq mahiyyəti daşıyır.

AŞPA bir tərəfdən ümumxalq səsverməsinin xalq iradəsinin ən dəqiq ifadəçisi olduğunu təsdiqləyir. Digər tərəfdən məhz referendum yolu ilə, xalqın iradəsinə arxalanaraq ölkənin hansı yolla irəliləməsi haqqında qərar çıxarmağı qət etmiş Türkiyənin başına ağıl qoymağa, ondan öz lazım bildiyi kimi deyil, kənardan təlqin edilən resept əsasında hərəkət etməsini istəyirik. Türkiyə tarixi, ənənələri, uzun əsrlik dövlətçilik təcrübəsi olan dövlətdir.

Təbii, AŞPA Türkiyəyə məsləhət də verə bilər, yol da göstərər, köməyini təklif də edə bilər. Amma bütün bunlar, sadəcə, məşvərət və məsləhət çərçivəsində olmalıdır, Türkiyənin xüsusiyyətləri, durumu, çəkisi, yeri və s. amillər mütləq nəzər alınmalıdır. 

AŞPA-nın məsləhətləri təhdidə, istəyi ultimatuma, istəyi hədəyə çevrilməməlidir.


Türkiyə AŞPA-nın buyruqlarını və amiranə tələblərini gözuyumulu yerinə yetirmək istəməyəndə Ankara əsassız, qərəzli, hətta siyasi əxlaqdan kənar "tənqid"lərə məruz qalmamalıdır, bu ölkəyə deyilməməlidir ki, səhv edirsən, demokratik prinsipləri unudubsan, yolunu azıbsan.

AŞPA-da səs-səsə verən deputatlar, siyasətçilər, sifarişli və ya emosional çıxışlar edənlər bir anlıq düşünsünlər, qəti hökm verməyə tələsməsinlər. Bəlkə "tənqid" etdikləri Türkiyə, əslində, düz yoldadır, yanılan və səhv edən Türkiyə yox, elə AŞPA rəhbərliyinin özüdür?! Və bəlkə AŞPA-nın özü yolunu azıb, yox?..

AŞPA-nın sədri Pedro Aqramuntla bağlı olaylar aşkar göstərir ki, demokratiya prinsiplərindən, qanunların aliliyindən fasiləsiz bəhs olunan strukturun özündə qanunlara tüpürmək belə, istəmirlər.

Aqramuntun iclas zalından qovulması ilə bağlı cəhdlər, təhqirlər, əsassız suçlamaların sıralandığı isterik nitqlər prosedur qaydalarının pozulması ilə yanaşı, heç bir müvafiq hüquqi çərçivə olmadan AŞPA sədrinin postundan kənarlaşdırılmasına yönəlmiş ssenaridir.

AŞPA özünə inamı sürətlə puça çıxardığının fərqindədirmi? Çətin. AŞPA Türkiyə ilə münasibətlərdə və əlaqələrdə Ankaraya təzyiq göstərərək təcrid etməyə çalışmaq əvəzinə daha səbatlı mövqe tutmalıdır.

Türkiyədəki referendumla bağlı yenidən monitorinqin keçirilməsi tələbi Avropada demokratik prinsiplərin qorunması cəhdi və ya əməkdaşlığı intensivləşdirmək istəyi yox, faktiki cəza tədbiridir.

Ankara banan respublikasının paytaxtı deyil və təzyiqlərə əsla boyun əyən deyil. Bu isə Türkiyənin ümumAvropa proseslərindən təcrid edilməsi planı da sayıla bilər ki, sonucda Strasburqla Ankaranın münasibətləri gərilmənin ifrat həddinə çata bilər. 

Əlaqələrin pozulması nə AŞPA-ya, nə də Türkiyəyə xeyir verəsi deyil.

Azərbaycana edilən təzyiqlər zamanı rəsmi Bakı beynəlxalq təşkilatlarla şaquli yox, üfüqi münasibətlərə tərəfdar olduğunu qətiyyətlə nümayiş etdirmişdi. Bakının mövqeyi aydındır: AŞPA və ya hər hansı struktur müəllim, biz də tələbə deyilik: dərs vermək yox, müzakirələrə meylli olmaq gərəkdir. Bu, bərabərhüquqlu, normal münasibətlər prinsipidir.

AŞPA ilə Türkiyə arasındakı siyasi böhransa Ankaraya qarşı ədalətsiz, qərəzli mövqe tutulduğunu aşkar göstərir.

Türkiyə dünyəvi, demokratik dövlətdir və normal, sivil cəmiyyətə malikdir. Belədirsə, Türkiyənin mentor tonu ilə verilən qərarlara, "dərs"lərə əsla ehtiyacı yoxdur.

İllah ki, son vaxtlar ksenofobiya və islamofobiya bəlalarına mübtəla olmuş siyasətçilərin münasib tribuna saydıqları AŞPA ikili standartlar siyasəti yürüdərək məntiqi unutmaqla dərs verməyə, Ankaranı "yerində oturtmağa" çalışır.

AŞPA-nın Türkiyədə keçirilmiş referendumla bağlı monitorinq aparmaq qərarı açıq, aşkar təzyiq elementidir və bunun başqa adı yox.

AŞPA rəhbərliyi bəyan edir ki, monitorinq zəruri, demokratik prinsiplərin qorunmasına və möhkəmlənməsinə xidmət edən prosesdir, üstəlik, sən demə, "təşkilat və üzv ölkələr arasında əlaqələri möhkəmləndirir".

Yaxşı, səsvermə nəticələrinin monitorinqi belə "gözəl" prosedurdursa, nədən Ermənistanda Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı səsvermə yoxlanılmır, nə üçün Britaniyadakı "Brexit" səsverməsinin nəticələri zərrəbin altına alınmır? Albaniya, Serbiya, Yunanıstan, Fransa, Kipr, Portuqaliya - ümumiyyətlə, 18 ölkədəki sonuclar niyə yoxlanmır?!

AŞPA indi xəstə, konvulsiyalarda qıvrılan orqanizmə çevrilib.

Türkiyədə "demokratik islahatlar" tələb edən bu qurumun özü müalicə olunmalı, xəstəliklərini müayinə etməlidir. Əks təqdirdə, AŞPA heç nəyə nail olan deyil.

Səbəblər çoxdur

Çünki Avropa Birliyinin rəhbərliyinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan "qisas almaq" istəyi AŞPA-ya da sirayət edib.

Ötən ilin iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olanda, qardaş ölkə terrorçuların hədəfinə alınanda AŞPA gözləmə mövqeyi tutmuşdu. AŞPA nəticəni gözləyirdi, Fətullah Gülən tərəfdarlarının planının nə ilə başa çatacağını gözləyirdi və yalnız hərbi çevriliş cəhdinin baş tutmadığını anlayanda dilə gəlmişdi.

Türkiyə Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı referendum ərəfəsində Avropa Birliyi ölkələrində rəsmi Ankaranın təmsilçilərinə, türk nazirlərə qoyulan yasaqlar; Almaniyadakı qəzetlərin türk dilində "Hayır!" başlıqları ilə çıxması; Fransada, Belçikada, Almaniyada, İtaliyada, İspaniyada, Avstriyada terrorçu PKK-ya verilən "referendum öncəsi" dəstək və ən nəhayət, bir sıra məşhur qəzetlərdə Türkiyə prezidenti Ərdoğanın başına tapança dirənmiş vəziyyətdə əks olunduğu karikaturalar - bütün bunları Ankara unutmayıb.

Biz də unutmamaşıq.


Monitorinq hansı dərdə dərmandır?

Əslində, AŞPA ilk dəfə deyil ki, Türkiyədəki durumu araşdırmaq, monitorinq aparmaq istəyindədir. Sadəcə, hər dəfə belə təşəbbüslər səslənəndən sonra yenidən gündəmə qaytarılan tələbə hədəf olan iki ölkədən biridir Türkiyə.

"Səsvermə nəticələrinin monitorinqi" prosedurunu AŞPA 15 il əvvəl, 1992-ci ildə qəbul edib - təşkilatın qurucularından olan Türkiyənin də təşəbbüsü ilə.

Məqsəd Sovetlər Birliyi dağılandan sonra postsovet məkanının və Şərqi Avropa ölkələrinin Qərbi Avropaya inteqrasiyasını sürətləndirməkdi.

Məhz bu məqsədlə Şərqi Avropa ölkələrində monitorinqlər aparılmağa başlandı.

Türkiyə həmin ölkələrin siyahısında yoxdu, çünki Türkiyə o siyahını hazırlayan ölkələrdən biri idi.

Fəqət o dönəmdə Avropa Birliyi siyasi təşkilata çevrilməyə qərar verdi, 1993-cü ildə "Kopenhagen kriteriləri" qəbul olundu. Təbii ki, Avropa Birliyi heç bir halda AŞPA deyildi.

Bu səbəbdən AŞPA Avropa İnsan Haqları Bəyənnaməsini təməl qanun qəbul etdi, öz konstitusiyası və ortaq hüququ olmadığı üçün Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarını istinad sayıb, mübahisəli hallarda öz qərarlarından üstün prinsiplər bəyan etdi.

Türkiyə üçün problemlər də məhz o zaman başlandı. Ankara, qurucusu olduğu AŞPA tərəfindən 1996-cı ildə monitorinq siyahısına daxil edildi. Türkiyədə PKK terroru ilə mübarizənin "qeyri-demokratik" adlandığı, "işgəncə" iddialarının sıralandığı, Türkiyə siyasətinin hərbçilərin nəzarətində olduğu, Ankaranın qonşu dövlətlərlə, xüsusilə də NATO-dakı müttəfiqi Yunanıstanla münasibətləri  Kardak adasındakı qayalıqlara görə tarıma çəkdiyi zamanlardı.

Türkiyə o siyahıdan PKK lideri Abdulla Öcalanın tutulduğu, edama məhkum edilib qərarın ertələndiyi, Avropa Birliyi ilə aparılan danışıqların dondurluduğu 1999-cu ildə yox, əksinə danışıqlar bərpa olunanda belə, Türkiyə həmin "qara siyahı"da idi.

Türkiyə o siyahıdan 2004-cü ildə, ölkə qanunvericiliyinin Avropa Birliyi qərarlarına uyğunlaşdırılması prosesi başlananda çıxarılmışdı.

Həmin islahatlar proqramında edam cəzasının ləğvi, AİHM qərarlarının Türkiyə qanunları ilə ziddiyyət yaratdığı zaman daha üstün sayılması proseduru da.

Səbəb aydındı: Nəcməddin Ərbakanın "xristian klubu" adlandırdığı Avropa Birliyi ilə Ərdoğan daha sıx, intensiv və məntiqi əlaqələr qurmağa çalışırdı. Üstəlik, Ərdoğan ölkə siyasətinə və demokratik cəmiyyətə ən böyük təzyiq göstərən hərbçilərin müdaxilə imkanlarını minimuma endirməyə başlamışdı.

Avropa Birliyi mövqelərini ilk dəfə 2015-ci ilin iyunun 7-dəki seçkilərdən sonra sərtləşdirdi. AKP parlamentdəki çoxluğu itirdi, PKK yenidən qanlı terror aksiyalarına başladı, ölkənin şərqindəki şəhərlərdə barrikadalar quruldu, kürd terrorçular "xəndək savaşı"na başladılar və ölkə 1990-cı illərə qayıtdı.

İkinci sərtləşmə 2016-cı ilin iyulun 15-dəki hərbi çevriliş cəhdindən sonra oldu. Türkiyədə və dünyada "Mustafa Kamal Atatürk irsinə sadiq" hərbçilər arasında Fəthullah Gülənin "mürid"lərinin heç az olmadığı aşkarlandı.

Çevriliş cəhdindən sonrakı istintaqları, təhqiqatları, araşdırmaları AŞPA "insan haqlarının kütləvi şəkildə pozulması" kimi dəyərləndirdi.

Və sonucda Ermənistan, Bosniya-Hersoqovina, Gürcüstan, Moldova, Rusiya, Ukrayna ilə birlikdə Türkiyədə də "monitorinqə zərurət duyulduğu" deyildi.

Bundan sonra nə olacaq?

Maraqlı sualdır, cavabı isə sadə.

Türkiyədə demokratiyaya, şəffaf seçkilərə, məhkəmə sisteminin ədalətinə inanan, Ərdoğan hakimiyyətinin terrora və anarxiyaya qarşı mübarizə apardığına şübhə etməyən insanlar AŞPA-ın "Baxın, sizi "qara siyahı"ya inkişafınız, rifahınız üçün saldıq" ikiüzlülüyünə, təcridi "əməkdaşlığın bir parçası", hədəni "məsləhətlər proqramı" saymasına acı-acı gülümsəyərək doğru saydıqları yolla davam edəcək.

Sadəcə, özlərinə inanaraq, güclərinə güvənərək.

Elçin Alıoğlu,
Milli.Az

Hiç yorum yok: