Translate

4 Şubat 2021 Perşembe

2) BABİL QÜLLƏSİ - ÇİNGİZ XAN VƏ SEYİDLƏR

 2 HİSSƏ


Araz Şəhrilinin 

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında

Bütün dövrlərdə müsəlman cəmiyyətinin Muhəmməd Peyğəmbərə və onun nəslindən olan şəxslərə münasibətinin əsas xəttini dərin sevgi və ehtiram hissi təşkil etmişdir. Xüsusi ilə Azərbaycanda, İranda, Orta Asiyada, Qazaxıstanda və indiki Pakistan torpaqlarında belə davranış özünü həmişə daha bariz şəkildə göstərmişdir. Bugün də bu ölkələrdə seyidə əl qaldırmaq, onu təhqir etmək bir yana, hətta xətrinə dəymək belə el arasında ən ağır günahlardan hesab olunur. İndinin özündə də qazax xalqının ən nüfuzlu iki təbəqəsindən biri seyidlərdir.

Türklər və orta əsr monqolları seyidlərə həmişə xüsusi hörmətlə yanaşmışlar. Çingiz xan “Yasa”sının birinci qanunu Yeri və Göyü yaratmış Tanrının təkliyini, ikinci (və ya onuncu) qanunu isə Əli bəy Əbu Talibin övladlarından heç bir vergi və xəracın alınmayacağını bəyan edir. 



Böyük fateh Əmir Teymur isə qələbələrinin sirrini Muhəmməd Peyğəmbərin nəslinə olan məhəbbətində bilirdi:  “Hansı vilayətin camaatının etiqadı Peyğəmbər xanədanının əqidəsindən fərqlənərsə, əsl padşahın həmin vilayəti basıb alması və oranın əhalisini pozğun əqidəsindən döndərməsi vacibdir. Buna misal - Şamı tutdum və oradakı pozğun etiqadlı adamları cəzalandırdım”.  “Muhəmməd övladlarının mərtəbəsini başqalarından yuxarı qaldırıb, onlara çatacaq hörmət-izzəti yerinə yetir. Onlara nə qədər çox məhəbbət bəsləmiş olsan, düşünmə ki, israfçılıq edirsən, çünki Allah yolunda görülən işdə israf yoxdur”.  “Bir məsələni anladım ki, seyidlərin xahişlərini sözsüz yerinə yetirmək və onlara ehtiram göstərmək vacibdir”. 

Qeyd etmək lazımdır ki, rusların “святой”, «свято», «свят» (“müqəddəs”), «свет» (“işıq”), xorvatların “svetac” (“müqəddəs”), litvalıların “sviesa” (“işıq”), latışların “svetais” (“müqəddəs”), farsların “setayeş” (“ibadət”), ukraynalıların “svit” (“dünya”), qədim keltlərin “sidhe” (kelt mifologiyasına görə, insandan gözəl, hündür və güclü varlıqlar), polyakların “swiety” (“müqəddəs”), boşnakların “sviyet” (“dünya”), ərəblərin “seyid” (“cənab”), qədim sakaların “sayi” (böyük ehtimalla, “zadəgan”, “cənab”), türklərin “sayın” (“hörmətli”, “cənab”), monqolların «сайн» (“yaxşı”), ingilislərin “saint” (“müqəddəs”), bretonların və katalanların “sant” (“müqəddəs”), türklərin “san”, “şan” (“ad”, “şöhrət”, “şərəf”), rusların «сан» (dini rütbə), yaponların “san” (sayğı suffiksi), frizlərin “soan” (“oğul”), ingilislərin “son” (“oğul”),  rusların və belorusların «сын» (“oğul”), serblərin və ukraynalıların “sin” (“oğul”), vallonların, pəncablıların və sindhilərin “sint” (“müqəddəs”), türklərin “çin” (“doğru”, “gerçək”), rusların «чин» (“dərəcə”, “rütbə”), ingilislərin “shine” (“işıq”, “parıltı”) sözlərinin bir-birinə bənzədiyini və bəlkə də hamısının bir-birindən törədiyini görmək üçün peşəkar linqvist olmağa ehtiyac yoxdur. 

Haşiyə. Qədim keltlərin “sidhe” adlandırdıqları ucaboylu mifik varlıqlara qədim skandinavlar “alv” deyirdilər. Əfsanələrə görə, “sidhe”lər və “alv”lar həm yaxşı süvarilər, həm də sərrast oxçulardır. Bəllidir ki, qədim türk bahadırlarının bir adı da “alp” olmuşdur. “Alp” həm də Qərbi Avropanın ən hündür dağ sisteminin adıdır. Amma qeyd etməliyik ki, bu oronimin mənşəyinə aydınlıq gətirilməmişdir.

E.ə. 250-ci ildən eramızın 224-cü ilinədək Azərbaycanı, İranı və Yaxın Şərqin böyük bir hissəsini idarə etmiş Ərsakilərə də əhali yüksək ehtiram hissi ilə yanaşırdı. Ammian Marsellin yazır: “İranda Ərsakilər bütün nəsillərdən üstün sayılır. Hər bir iranlı hətta daxili qarşıdurmalar zamanı belə, döyüşçü və ya sadə insan olmasından asılı olmayaraq, bu nəslin istənilən nümayəndəsinə  əl qaldırmağı ən böyük günah hesab edir”.  

Yazımızın bu yerində bir məsələni xatırlamaq yerinə düşərdi: Ərsakilər dövlətinin qurulmasında məhz sakaların (skiflərin) day tayfasının böyük rolu olmuşdur. Onu da vurğulamaq lazımdır ki, e.ə. III əsrə aid “Protogenin şərəfinə Olviya dekreti”nə əsasən, “çar skifləri (sakalar) özlərinə “sayi” deyir, digər skiflər isə onlara müxtəlif hədiyyələr verirdilər”. 

B.N.Qrakovun fikrincə, skiflərin “sayi” sözü qədim “hşaya” (şah) titulundan törəmişdir. Zənnimizcə, ərəb “seyid”inin və yuxarıda sadaladığımız digər oxşar sözlərin mənşəyi həmin “sayi” və “hşaya” titulları ilə əlaqəlidir. Böyük ehtimalla, “şah” sözü də “hşaya” sözündən əmələ gəlmişdir. Həm məna, həm də leksik forma baxımından qədim “şah” titulu ilə ərəblərin “şeyx” titulu arasında yaxınlıq aydın sezilir.

Orta Asiyanın türk xalqları Qureyş əsilli şəxslərə, müqəddəslərə və alimlərə xoca, xoja və ya hoca, Muhəmməd Peyğəmbərin nəslindən olan şəxslərə isə seyid xoca deyirlər.
 
Hindistanın Bihar, Madhya-Pradeş, Racastan və Uttar-Pradeş ştatlarında, eləcə də Nepalda brahman, kahin kastasının nümayəndələrini ojha adlandırırlar.

Ehtimal ki, Azərbaycan dilində pir, ziyarətgah, müqəddəs yer, müqəddəs insan mənalarını ifadə edən ocaq sözü və anlayışı Orta Asiya xalqlarının hoca, hindistanlıların və nepallıların ojha sözləri və anlayışları ilə eyni mənşəyə malikdir.

Ardı var...

Araz ŞƏHRİLİ
Moderator.az

& VƏTƏNSEVƏRLƏR

Araşdırma 
30.01.2021.

Hiç yorum yok: