Hüseyn Ələkbər oğlu Əsgərov.
Naxçıvan MR Səhiyyə Nazirliyi
mətbuat xidmətinin rəhbəri.
Novruz
- Azərbaycan xalqının etnokulturologiyasında özünəməxsus yeri olan ən əziz
bayramdır. Yazın gəlişini, təbiətin oyanışını bayram əhval-ruhiyyəsi ilə
qarşılayan xalqımız Novruzla bağlı zəngin ənənə və dəyərlər sistemi
formalaşdırıb. Tarixi yaddaşımızdan süzülüb gələn xalq mərasimləri bu bahar
bayramında keçmişlə gələcəyi bir-birinə qovuşdurur. Bu səbəbdən Novruz bayramı
həm də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə dərin ehtiramının ifadəsidir.
Sovet imperiyası zamanı bu bayram dövlət səviyyəsində keçirilməsə də, xalqın
yaddaşında qorunub saxlanılıb. Bu əziz bayrama dövlət statusu vermək cəhdləri
isə hər zaman, eləcə də XX əsrin 70-ci illərində yaranan tələbə hərəkatında
özünü daha qabarıq şəkildə göstərib.
Həmin dövrdə Azərbaycan Dövlət Universitetində tələbələrin
mübarizə ruhunun daha güclü olması bu ali təhsil müəssisəsini respublika tələbə
hərəkatının mərkəzinə çevirmiş, xüsusən jurnalistika fakültəsində müəllim və tələbələrin
daim nəzarətdə saxlanılmasına səbəb olmuşdur. Tanınmış ziyalı alim, yazıçı və
şairlərdən Mir Cəlal Paşayevin, Bəxtiyar Vahabzadənin, Qulu Xəlilovun, Nurəddin
Babayevin, Nəriman Zeynalovun, Şirməmməd Hüseynovun, Tofiq Rüstəmovun, Nəsir
İmanquliyevin, Famil Mehdinin, Əzizə Cəfərzadənin, Xalid Əlimirzəyevin,
Cahangir Məmmədovun, Yalçın Əlizadənin, Əliş Nəbilinin, Mahmud Mahmudovun,
Seyfulla Əliyevin, Akif Rüstəmovun və digər işıqlı ziyalıların bu fakültədə dərs
demələri tələbələrin milli duyğularının və vətənpərvərlik hissininin
inkişafında müəyyən şərait yaradırdı.
Yetmişinci illərdə Novruz
bayramına kütləvi xarakter verilməsi cəhdlərinin məhz jurnalistika fakültəsindən
başlandığı hamı, eləcə də tarixçilər tərəfindən öz təsdiqini tapır. Bu barədə
tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı “İstiqlal tarixini yaradanlar” (1972
-1992-ci illər) kitabında yazır: “Tarix fakültəsinin tələbələri vasitəsilə digər
fakültələrdəki milli ruha malik tələbələrlə sıx əlaqələr yaradılmışdı. Xüsusilə
Novruz bayramı günü - 1975-ci ilin mart ayının 21-də Fəxri xiyabanda Şıxəli
Qurbanovun məzarı üstündə rus müstəmləkəçiliyinin davamı olan sovet müstəmləkəçiliyi
əleyhinə mitinq keçirmiş jurnalistika fakültəsinin tələbələri ilə birinci
kursdan səmimi münasibətlər yaradılmışdı”.
Tədqiqatçı alim kitabında həmin hadisələri səksəninci illərin
sonlarında başlayan milli-azadlıq hərakatının baş məşqi kimi dəyərləndirməkdə də
tamamilə haqlıdır.
Bildiririk ki, jurnalist tələbələr miqyasına görə ən
izdihamlı Novruz bayramınını hələ bir il öncə - 1974-cü ildə də Fəxri xiyabanda
qeyd etmişdilər. Mən həmin tədbirin təşkilatçıları sırasında olduğumdan
həm öz, həm də keçmiş tələbə dostlarımın yaddaşına güvənərək, o günlərin salnaməsini
oxucular önündə yenidən vərəqləyirəm.
NOVRUZ BAYRAMINA GEDƏN YOL
Bu tələbələri Azərbaycanın
müxtəlif bölgələrindən jurnalistika fakültəsində bir araya gətirmək sanki tale
işi, alın yazısı idi: Ramiz Əsgər, Adil İrşadoğlu, Adil Cəmil, İslam Türkay,
Ağamalı Sadiq Əfəndi, Mehman Cavadoğlu, Zərifə Bəşir qızı, Flora Xəlilzadə,
Mustafa Çəmənli, Baba Vəziroğlu… Hərə bir rayondan gəlsə də, vahid əqidə
birliyi universitetə qədəm qoyduğumuz ilk aylardan başlanmışdı. Söhbətlərimiz
romantik duyğular üzərində köklənir, arzularımızı ifadə edirdik. Arzularımız isə
Azərbaycanın müstəqilliyi, cənubi Azərbaycanla şimali Azərbaycanın birləşməsi
ideyalarını yaymaq, ölkəyə rusların axınının qarşısını almaq, beynəlmiləlçilik
bayrağı altında Azərbaycan xalqının ruslaşdırılmasına qarşı etiraz etmək, respublikanın
sərvətlərinin Moskva tərəfindən istismarına qarşı çıxmaq, dövlət idarələrində
ana dilinin dövlət dili kimi işlədilməsinə nail olmaq və digər məsələlərdən
ibarət idi.
Fakültənin tədris qəzeti “Jurnalist”, divar qəzeti “Molla
Nəsrəddin - 74” ilk tribunalarımız idi. Romantik duyğularımızı əqidəyə çevirib
onun uğrunda mübarizəyə başlamaq tərəfdarı olan Mehman Məmmədovun “Jurnalist” qəzetində
çıxan “Şirin Xəyalovun xəyalları” felyetonu utopiyanın reallığa çevrilməsi üçün
tələbələrə çağırışı idi. Qazax rayonundan olan istedadlı şair, mübariz əhval-ruhiyyəli
rəhmətlik Qəzənfər Rüstəmin bu sahədəki liderliyinə rəğmən müəyyən anlarda
susması “Molla Nəsrəddin-74” divar qəzetində karikatura hədəfinə çevrilmiş və qəzetin
tələbinə uyğun belə bir atmaca verilmişdi: ”Qəzənfər Rüstəm, Qəzənfər Rüstəm,
mühazirədə bülbül, seminarda büstəm”.
Divar qəzetində o zaman Nəriman Zeynalovun sevə-sevə bizə
tədris etdiyi “Molla Nəsrəddin” jurnalından örnəklərə də yer verilirdi. Həmin
karikaturalardan birində yerə uzanmış azərbaycanlı və digər millətlərdən olan
üç nəfər təsvir edilib. Biz azərbaycanlıya zorla təlqln edilən dillərin birinin
adını dəyişib “rus dili” yazdıq. Divara asılandan sonra Nəriman müəllim həmin
karukaturaya baxarkən çöhrəsinə təbəssüm qondu, əlavəni bəyəndi, lakin dövrün
reallıqlarını nəzərə alıb, üstündən çarpaz xətt çəkdi. Biz karikaturanı qəzetdən
çıxardıq. Lakin çarpaz xətti saxlayıb aşağısında bu sözləri yazdıq: “Bizdən
asılı olmayaraq bu yer boş getdi”.
Ertəsi gün Nəriman müəllim divar qəzetinin qarşısında
dayanıb qəh-qəhə ilə gülürdü: “– Bax, bu əsl molla nəsrəddinçilikdir, bu, Mirzə
Cəlil məktəbinin davamıdır”- dedi,- “Siz qalib gəldiniz, qoy divar qəzetində
beləcə də qalsın.
O, eyni zamanda “Molla Nəsrəddin” jurnalından müəyyən
felyetonları seçıb səhnəciklərlə tələbə və müəllimlər qarşısında çıxışımızı
tövsiyyə etdi. Bir həftəlik hazırlıqdan sonra universitet rəhbərliyinin də
iştirakı ilə həmin tədbir baş tutdu. Tədbirdən sonra onların qaş-qabaqlı vəziyyətini,
tələbələrin isə şən əhval-ruhiyyəsini hamı yaxşı başa düşürdü. Çünki tədbirdə
istiqlal arzularımız Mirzə Cəlilin “Bir bokça su” və digər felyetonları vasitəsilə
ifadə olunmuşdu.
BANA-BANA GƏL, QAÇMA GÖZƏL...
Tələbəlik illərində Neftçalada keçirilən hərbi toplanışlarda iştirakımızı xatırlayıram. Bankə qəsəbəsi yaxınlığında yerləşən hərbi hissədə jurnalistika, filologiya, kitabxanaçılıq və digər fakültələrin tələbələri də iştirak edirdilər. Xəzərə sarı uzanan qumsal səhra, tikanlı kollar, yaxınlıqdakı Bankə Balıqçılıq Zavodundan ətrafa yayılan başgicəlləndirici iy, hərbi hissənin sərt nizam-intizam rejimi ilk günlər ipə-sapa yatmayan jurnalistləri çaşdırsa da, tədricən vərdiş etdik. Yayın qızmar günündə Xəzər dənizində çimməyə yollananları tanka yığıb geri qaytardıqları gün hamı sıra meydanına düzüldü. Tank meydanda dayandı, içəridən çıxan tələbələri (onların hamısı jurnalistika fakültəsindən idilər) bizə görk olsun deyə müvəqqəti saxlama təcridxanasına göndərdilər.
Təcridxanadan çıxdıqdan bir neçə gün sonra naharda cəlilabadlı
Əlgüşad Mirzəyevə verilən yeməyin içərisində qurd aşkar olundu. Onsuz da
keyfiyyətsiz olan bu yeməklərdən hamımız imtina etdik. Çəngəl və qaşıqları dəmir
kasalara döyəcləməklə etirazımızı bildirdik. Növbətçi zabitdən tutmuş aşbazlara
kimi bizi dilə tutmalarına, yeməklərin çeşid və keyfiyyətini dəyişdirəcəklərinə
az qala and içirdilər. Onların qorxusu başa düşülən idi. Çünki hərbi hissə
tarixində yetmişinci illərdə belə hadisə baş verməmişdi. Yüksək rütbəli zabitlər
o saat tökülüşüb gəldilər. Biz aclıq elan etdik və cavabdeh zabitlər barədə cəza
tədbirləri görüləndən, yeməklərin çeşid və keyfiyyəti yaxşılaşandan sonra
aclığı dayandırdıq.
Çağırış dövrü qiymətlərimiz əsgəri yerişlə tribuna önündən
keçməklə müəyyənləşəcəkdi. O zaman hamı “Katyuşa”və digər rus mahnılarını ifa
etməliydi. Qrupumuzda yegənə musiqi təhsili almış ağdamlı Adil İrşadoğlu keçiddən
milli musiqi sədaları altında keçməyi təklif etdi. Seçim də onun öhdəsinə
düşdü. Bizdən öncə hər şey planlaşdırıldığı kimi keçdi. Növbə jurnalistlərə
yetişəndə öndə gedən Ağamalı Sadiqin, Adil
İrşadoğlunun və Mustafa Çəmənlinin solo səsləri gəldi. Onlar “Koroğlu” kino-filmindən Dəli Həsənin
zəfərdən qayıdarkən oxuduğu mahnını oxuyurdu :
Yüz qızdan birini sevərim,
Yolunda canımı verərim.
Ardını hamımız xorla oxuduq:
Bana-bana gəl, qaçma gözəl.
Nerdə olsan atı çaparım yar,
Səni taparım yar, gəl maralım.
Tribunadakı rus zabitlərin gözü dörd olmuşdu. Gördüklərinə,
eşitdiklərinə inana bilmirdilər. Çünki mahnı nizami yerişlə elə uyğun gəlirdi
ki, onu heç bir “Katyuşa”, filan əvəz edə bilməzdi. Yeməkxana məsələsində
gördüklərini gördüyündən bizə bu mahnı ilə nizami yerişi qadağan edə bilmədilər.
Bu da yetmişinci illərdə ilk hadisə idi.
QƏZƏNFƏR RÜSTƏMİN SƏYYARİ “BUTKASI”
Tələbəliyin ilk illərində rəhmətlik Qəzənfər Rüstəmin gah
üç addımlıqda, gah da şəhərin o biri başında yaşaması təəccübümüzə səbəb
olurdu. Səsi bir gün İçərişəhərdən, bir gün Yasamaldan, bir gün Montin qəsəbəsindən
gəlirdi. Nəhayət bizi evinə dəvət edəndə hər şey məlum oldu. Sən demə, o, gözətçilər
üçün qoşqulu budkada yaşayırmış. Qoruduğu obyektlərdən asılı olaraq “budka”nı
yük maşınına qoşub şəhərin müxtəlif yerlərinə aparırmış. Xülasə, Qəzənfərin
indiki Qələbə meydanının yanında tikilməkdə olan arxiv binasında gecə gözətçisi
işləyən vaxtlarıydı. Onun mənzili imkan verdiyi səviyyədə yığışıb bir çox məsələləri,
xüsusən də Gülüstan, Türkmənçay müqavilələri ilə bağlı tarixi vərəqləyir, Azərbaycanın
nə zaman müstəqil olacağı haqqında ideyaları müzakirə edirdik.
Sözün bitdiyi yerdə Ağamalının aşıqlığı, Adilin tarı kara
gəlirdi. Onlar Novruz bayramı haqqında çalıb oxuyurdu. Dostum Çingiz Nağıyev Şəkidəki
Gəncəli məhəlləsində keçirilən Novruz bayramından danışardı. Mən isə Ordubadda
Novruz şənliklərinin daha kütləvi xarakter daşıdığından qürur hissi ilə söhbət
açırdım. Birgə belə bir qərara gəldik: Qarşıdan gələn Novruz bayramını fakültə
çərçivəsindən çıxararaq daha geniş şəkildə, ali məktəblər səviyyəsində qeyd edək.
Müzakirələr aparıldı, Novruz bayramı üçün məkan yenə də Fəxri Xiyaban seçildi.
Oradan başlanan tədbir prospekt boyu davam etməklə Sabir bağında bitəcəkdi.
NOVRUZ BAYRAMINA İLK ÇAĞIRIŞ VƏRƏQƏLƏRİ
Kütləviliyə nail olmaq üçün yaradılmış təşkilat qrupu gecəli-gündüzlü
işləiyirdi. Bölgüyə görə, 626 və 628-ci qrupların hər bir tələbəsi ən azı 15-20
nəfəri Novruz bayramı toplantısına cəlb etməli idi. Onlar 40-45 nəfərlik dəstələr
halında Əzizbəyovun heykəli önündən Fəxri Xiyabana hərəkət edəcək, saat
10.30-da fəxri xiyabanın qarşısında olacaqdılar. Tədbirdə tanınmış ziyalıların,
elm adamlarının, yazıçı və şairlərin iştirakı üçün onlara dəvətnamələr göndəriləcəkdi.
Yeri gəlmişkən, bu ərəfədə görkəmli yazıçımız Süleyman Rəhimovu
bulvarda görüb Çingizlə dərhal ona yaxınlaşdıq. Tədbirə dəvət etdik. O,
kimliyimizlə maraqlandı, tələbə olduğumuzu eşidincə, gülümsəyib,-baxarıq,-
dedi. Gəlməyəcəyi bəlli idi. Doğrudan da, birdən-birə tanımadığın yeniyetmə
qarşında peyda olub məchul bir tədbirə dəvət edir. Kim qəbul edər ki? O ki qala
ağsaqqal, nurani bir yazıçı.
Çıxış yolunu çağırış vərəqələri paylamaqda gördük.
Bayrama iki-üç gün qalmış bu çağırışları gizli şəkildə ayrı-ayrı institutların
elan lövhələrinə yapışdırdıq. Vərəqədə bu çağırış var idi: “Əziz dost, ADU-nun
tələbələri 1974-cü il martın 21-də saat 11-də Fəxri Xiyabanda Novruz bayramını
qeyd edəcəklər. Əgər vətənpərvərsənsə,xalqını sevirsənsə, onları bu tədbirdə tənha
qoyma, öz iştirakınla vətəndaşlıq borcunu yerinə yetir.”
SƏMƏNİ SAXLA MƏNİ
Tədbirdə əklillər, milli paltarlı oğlan və qızlar üçün
geyim dəstləri, yumurta boyamaq, səməni yetişdirmək kimi problemlər həllini
gözləyirdi. Onların bir qismini universitet yataqxanasında qalan qızlardan
Amalya Məhərrəmova, Adilə Hacıməhərrəmova, Təranə Muxtarova və başqaları öz öhdələrinə
götürüb müxtəlif formalı səmənilər yetişdirməyə başladılar. Bu işdə şəkili
Sevda xanımın çox böyük zəhməti olmuşdu. Şərqşünaslıq fakültəsindən bayram tədbirində
iştirak edənləri də Sevda xanım səfərbər etmişdi.
Tədbirə bir gün qalmış eşitdiyimiz bəd xəbər hamımızın əhval-ruhiyyəsini korladı. Belə ki, universitet rəhbərliyi yataqxanaya gedərək yetişdirilmiş səməniləri pəncərədən çölə atdırmış, qızlara həmin tədbirdə iştirak etməmək barədə xəbərdarlıq etmişdilər. (Yeri gəlmişkən, sonralar “Molla Nəsrəddin-75” divar qəzetində M.Ə.Sabirin “Harda müsəlman görürəm qorxuram” satirasına parodiya edilmiş ”Harda yaşıllıq görürəm qorxuram” adlı şeir və karikatura verildi.)
Tədbirə bir gün qalmış eşitdiyimiz bəd xəbər hamımızın əhval-ruhiyyəsini korladı. Belə ki, universitet rəhbərliyi yataqxanaya gedərək yetişdirilmiş səməniləri pəncərədən çölə atdırmış, qızlara həmin tədbirdə iştirak etməmək barədə xəbərdarlıq etmişdilər. (Yeri gəlmişkən, sonralar “Molla Nəsrəddin-75” divar qəzetində M.Ə.Sabirin “Harda müsəlman görürəm qorxuram” satirasına parodiya edilmiş ”Harda yaşıllıq görürəm qorxuram” adlı şeir və karikatura verildi.)
Belə çətin anda bakılı qızlardan İradə Zeynalova(Əliyeva),
Səidə Paşayeva, Səidə Xalıqova, rəhmətlik Nüşabə Hacıağayeva, Rəna Hasilova, Qəşəngi
Əliyeva, Fəridə Ağayeva, Təranə Əfəndiyeva, Elmira İmanova, Amalya Bayramova,
tovuzlu Zərifə Bəşir qızı köməyə çatdılar. Onların evlərində yetişdirdikləri,
qohum-əqrabadan, dost-tanışdan aldıqları səmənilər problemi həll etdi. Ucarlı
Ələkbər Hüseynovun, İsmayıllıdan Mehman Məmmədovun, Rəfael Rzayevin, Adil İrşadoğlunun maddi
imkanları isə əklillərin, güllərin alınmasına yönəldi. Bizdən aşağı kursda təhsil
alan Fərhad İmanquliyev də sponsorlar sırasında idi.
Nəhayət mart ayının 21-i gəlib çatdı. Saat on radələrində
qızlar yataqxananın pilləkənlərindən yenməyə başladılar. Oğlanların həyəcanına
rəğmən, qızlar sakit görünürdülər, onlar çölə atılmış səməniləri yığaraq mümkün
qədər bərpa etmişdilər. Açığını deyək ki, edilmiş xəbərdarlığa rəğmən qızların
soyuqqanlı davranışı bizim qorxu və həyəcanımızı azaltdı.
Əzizbəyovun heykəlinin qarşısındakı qələbəlik hamımızı
heyrətə gətirdi. ADU-nun tarix, filologiya, hüquqşünaslıq, kitabxanaçılıq, şərqşünaslıq
fakültələrinin, çağırış vərəqələri payladığımız Azərbaycan Xalq Təsərrüfatı,
Pedaqoji, Xarici Dillər İnstitutlarının tələbələri də gözlədiyimizdən qat-qat
çox idilər. Tanımadığımız adamlar da var idi. Sonradan məlum oldu ki, onlar mülki
paltar geyinmiş milislər imiş.
Bizim qrup yoldaşımız, İsmayıllı rayonundan olan Səlmi
Mehdiyeva ağ milli paltarda əlində səməni öndə olmaqla Fəxri Xiyabana
yollandıq. Aşıqlara Ağamalı rəhbərlik edirdi. Şəmsəddin Şəbiyev, Şərif Kərimov
iştirakçılara boyanmış yumurtalar paylayır, onlar da yol boyu yumurta
döyüşdürürdülər. Qızların hamısının əllərində səməni və gül buketləri var idi.
Sazın sədaları altında görüş yerinə çatdıq. Yolboyu ya maraq xətrinə, ya da
düşünərək bizə qoşulanları da nəzərə alsaq, sayımız yüzlərlə idi. Fəxri
xiyabanın qarşısında sevimli müəllimimiz Əzizə Cəfərzadə və ətrafındakı tələbələr
bizi gözləyirdilər. Bu, əsl bayram əhval-ruhiyyəsi yaratdı, əklil, səməni və
gül-çiçəklərlə içəri daxil olduq.
XİYABANDA NOVRUZ COŞQUSU
Öncə Novruz bayramının olan siyasi xadim, yazıçı Şıxəli
Qurbanovun məzarı üstünə əklil və səmənilər qoyuldu, tər güllər düzüldü. Burada
keçirilən tədbirin iki aparıcısından biri kimi bu sətirlərin müəllifi
toplantını açdı, digər aparıcı Zenfira Məhərrəmli ilə ssenari davam etdirildi.
Sevimli müəllimimiz Əzizə xanım Cəfərzadə Şıxəli Qurbanovun xatirəsinə xoş sözlər
söylədi, onun Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsində göstərdiyi
səylər, bədii yaradıcılığı barədə danışdı. Çıxış edənlər təbii ki, öz söhbətlərini
bu günkü mövzuya uyğun olaraq Novruza həsr edirdilər. Məqsəd müəllimlərimizi
qorumaq, onların üzünə söz gətirməmək idi. Lakin tanımadığımız iki nəfərin
siyasi çıxışları tədbir iştirakçılarının coşqusuna, bizim isə narahatçılığımıza
səbəb oldu. Onlardan biri Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulmuş
İldırım təşkilatı, bu təşkilatın Azərbaycanın müstəqilliyini əldə etmək,
1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib
güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə
nail olmaq, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq sahəsindəki
fəaliyyətindən bəhs edərkən artıq tədbirin nəzarətimizdən çıxdığını hiss etdik.
Digəri isə 1956-cı il Teatr İnstitunun tələbələrinin dərnəyindən və dərnək üzvlərinin
uzunmüddətli həbsindən, 1963-cü ildə 20 nəfərə yaxın tələbənin həbsindən bəhs
etdi. Doğrusu, nə həmin təşkilat, nə də tələbələrin həbsindən heç birimizin məlumatı
yox idi. Bu adamlar kimdi, məqsədləri nə idi, bir kimsə anlaya bilmədi.Vəziyyət
ciddiləşdiyindən Şıxəli Qurbanovun məzarı başında keçirilən tədbiri nəzərdə
tutulan vaxtdan əvvəl başa vurduq.
Cəlil Məmmədquluzadənin, Həsən bəy Zərdabinin, Seyid Cəfər
Pişəvərinin də məzarlarını ziyarət etdik. Onların abidəsi önünə səmənilər
qoyuldu, ətrafına qələnfillər düzüldü. Natiqlər Seyid Cəfər Pişəvərinin həyat və
fəaliyyəti haqda konkret faktlarla tələbələrinə məlumat verdilər. Burada da
çıxışların bir qismi məcrasından çıxaraq siyasi xarakter aldı. Minayə Nəbbaqi
Pişəvərinin inqilabi fəaliyyətindən, vahid Azərbaycan arzularından və 1947-ci
ildə müəmmalı ölümündən danışdı.
SORĞU-SUAL SAATLARI
Üç saatdan çox davam edən tədbirdən sonra hərə öz
iş-gücünə yollansa da, 140-150 nəfərlik izdiham Fəxri xiyabandan çıxıb yolboyu
şənliyi davam etdirdi. Saz havalarının müşayiəti ilə Əzizbəyovun heykəlinin
yanından sağa dönüb üzü aşağı - Nəriman Nərimanovun heykəli tərəfə yollandıq.
Ətrafımızda mülki geyimli tanımadığımız adamlar bizi müşayət edirdi. Nəriman Nərimanovun
möhtəşəm abidəsinin ziyarətindən sonra Sabir bağına getdik. Tədbir burada başa
çatdı.
Ayrılarkən tanımadığımız bir neçə nəfər bizə yaxınlaşıb mənim,
Qəzənfər, Ağamalı, Ələkbər, Çingiz və digər tələbələrin onlarla getməli
olduqlarını dedilər və bizi tələsdirib vaxtlarının az olduğunu bildirdilər. Biz
məsələnin nə yerdə olduğunu hələ tam anlaya bilməmişdik, onlar: “–Sizinlə bir
neçə dəqiqəlik işimiz var”- deyib bizi müxtəlif maşınlara oturtdular. Maşınlar
sürətlə üzü aşağı hərəkət edib ara yollarla dənizə tərəf getdi. Bir neçə dəqiqədən
sonra 26-lar bağının yanından keçib Dzerjinski adına mədəniyyət sarayının
yanında dayandı. Bizim hərəmizi bir otağa apardılar, əvvəlcə cibimizdə nə varsa
çıxarıb stolun üstünə düzdülər. Sonra sorğu-suallar başlandı: “ - Sizi bu işə təhrik
edənlər kimdir? Kimə, haraya işləyirsiniz, kimin tapşırığı ilə bayram tədbiri
keçirirsiniz?” Və bu tipli digər suallar...
Otağa başqa iki nəfər də daxil oldu, onlar bir neçə dəqiqə
öz aralarında rus dilində çox astadan danışdılar. Yenə həmin suallar və həmin
cavablar. Beləliklə vaxt uzandı, yenə otağa başqası gəldi, əvvəlki getdi, amma
suallar və cavablar dəyişmədi. Onu da qeyd edək ki, sorğu-sual etik çərçivədə
aparılırdı, hətta haradasa bizə rəğbət hissi də duyulurdu. Təxminən gecə saat
bir radələrində bizdən nə almışdılarsa hamısını qaytardılar. Tələbə biletimizin
qaytarılması hər birimizi sevindirdi. Bizi gülə-gülə yola salarkən qonaq edə
bilməmələrinə təəssüfləndilər. Bayırda çaşıb qalmışdıq: Bizi maşına basıb gətirmək,
tələbə biletimizi almaq hara, bu rəftar hara?
Ayrılarkən
bunu da düşünürdük: Görəsən sabah bizi dərsə buraxacaqlarmı? Bizi ən çox
narahat edən elə bu sual idi. Əgər hər şey qaydasında olsa deməli başqa
yoldaşlarımız üçün də təhlükə yoxdur. Hər şey səhər bilinəcək! Səhərə qədər səbr
etmək lazımdır. Bir sual da bizi çox düşündürürdü: O məchul idarədən
xata-balasız çıxmağımızın səbəbkarı kimdi görəsən?
XİLASKAR KİM İDİ?
Səhər yataqxanada tələbə yodaşlarımıız uzun illər görüşməyən
adamlar kimi bir-biri ilə görüşüb qucaqlaşırdı. Uzun söhbətlərdən sonra məlum
oldu ki, hərəni bir yerdən götürüb həmin binaya aparıblar, hamıya eyni sualları
veriblər və təxminən eyni cavablar alıblar. Bəs bizi hamılıqla azad edən ilahi
qüvvə kim olub? İndi hamımızı bu sual düşündürürdü. Qorxa-qorxa dərsə getdik. Hər
şey əvvəlki qaydada idi, heç kim bizə heç nə demirdi. Hamımız xilaskarımızı
axtarırdıq. Amma bir şey öyrənə bilmirdik. Bir neçə gündən sonra dekanımız Şirməmməd
Hüseynov bizi kabinetinə çağırdı. Nə üçün çağırıldığımızı təxmin edirdik. Çünki
çağırılanların siyahısında mənimlə bərabər Əjdərin, Çingizin, Mehmanın, Şəmsəddinin
adları var idi. Biz dekanlığa çatana qədər düşündük ki, görəsən Şirməmməd müəllim
bizə nə deyəcək, nə cəza verəcək?
Şirməmməd müəllim bizi həmişəki kimi, səmimi,
mehriban qarşılayanda həyəcanımız xeyli azaldı. O əvvəl hamıdan bir-bir hal-əhval
tutub, dərslər haqqında suallar verdi və özu tam yəqin etdi ki, həyəcanımız
aradan qalxıb, bundan sonra keçdi mətləbə. Dedi ki, eşitmişəm Novruz bayramını
xüsusi təmtəraqla qeyd etmisiniz. Bu haqda mənə məlumat verməli idiniz. Mənim məlumatım
olsaydı, heç biriniz həyəcanlı saatlar yaşamazdınız. Bir də məsləhətsiz işlər
görməyin. Tələbə bileti hər biriniz üçün qiymətlidir.
Biz başa düşdük ki, dekan hər şeyi bilir və xahiş etdik
deyin görək bizi kim azad etdirib. Şirməmməd müəllim söhbəti dostyana səmtə
çevirdi. Bildirdi ki, gecə saat 24 radələrində Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin Birinci Katibi Heydər Əliyevə universitetin tələbələrinin
saxlanılması barədə məruzə edilib. O, səbəbini öyrəndikdən sonra tələbələrin dərhal
azad edilməsi üçün göstəriş verib və sizə çatdırmağı tapşırıb ki,” Onlar hələ tələbədirlər.
Dərsləri ilə məşğul olsunlar, Azərbaycanın gələcəyi, iqtisadi inkişafı haqqında
düşünənlər və çalışanlar var və mən buradayam.”
Biz dekanlıqdan çıxanda hamının üzü gülürdü.
Hüseyn Əsgərov,
Naxçıvan MR Səhiyyə Nazirliyi
mətbuat xidmətinin rəhbəri.
mətbuat xidmətinin rəhbəri.
Hiç yorum yok:
Yorum Gönder