Translate

18 Aralık 2016 Pazar

HƏR XOŞ MÜNASİBƏT DOSTLUQ DEYİL...

                                                   
                                                          Camal və İrşad     

Rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev nədən Camal Abbas oğlu İsmayılovu özünə dost seçmişdi?

Dünyada eyibsiz adam yoxdur. Mərd insanda isə az nöqsan taparsan. Fikrimcə atam Camal əmini mərd insan olduğuna görə özünə dost seçmişdi. Düzdür, hələ 6-7 yaşlarında olarkən  anaları onları biri-birinə tanıtmış və söyləmişdilər ki, siz qohumsunuz. Ancaq insan dost seçərkən dostun qardaş və ya qohum olması bir o qədər vacib deyil.
Əsas odur ki, dostun mərd olsun. Mərd adamda nöqsan az olar. Atam Camal əmimi xoş və bəd günündə sınamışdı. Camal əmi dostluqda möhkəm adam idi. Atam o adamı özünə dost hesab edirdi ki, həmin adamın da atamı özünə dost hesab etdiyinə əmin idi. Atam tamahkar, tez küsüb üz döndərən, içkiyə meyilli "dostlardan" aralı gəzərdi. Ancaq Camal əmim atamın bütün dostlarının başının tacı idi. Atam da, Camal əmim də maddi və mənəvi keyfiyyətlərə o qədər də əhəmiyyət verməyən, dünyanı ağ-qara rəngdə yox, rəngarəng görən, aləmin duyğu və düşüncəsini özlərində cəm edən insanlar idi. Atalar dostluq fədakarlıqdır, deyiblər. Bu fədakarlığı biz övladlar sevərək davam etdirdik və etdiririk. İrşad Əliyevin böyük oğlu, jurnalist Adil İrşadoğlu, rəhmətlik Oqtay İrşadoğlu və Camal İsmayılovun övladları Malik həkim, Əli bəy və Nazim qardaşımız. Allah bəd nəzərdən qorusun...

                                     MƏNİM CAMAL ƏMİM 



Camal Abbas oğlu İsmayılov 1924 - cü il, yanvar ayının 1- də Ağdam şəhərində doğulmuşdur. Atası Abbas kişi XX əsrin əvvəllərində Cənubi Azərbaycan İnqilabi Hərakatının fəal üzvü imiş. Rusiyada baş verən oktyabr hadisələrinin İrana və Cənubi Azərbaycana çox böyük təsiri olmuşdur. Belə ki, 1917-ci il dekabrın 15-də Brestdə Rusiya hökuməti, Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan xarici qoşunların çıxarılması barədə sülh müqaviləsi imzalanması haqqında danışıqlar başlamışdır. 1918-ci il yanvarın 5-də rus qoşunlarının İrandan çıxarılması barədə proqram elan edilmişdir. Bununla belə, 1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi Azərbaycanın Zəncan, Miyane, Urmiya və Xoy şəhərlərinə daxil olmuşdur. Cənubi Azərbaycan ərazisinin çox hissəsini qorumaq üçün osmanlı Türkiyəsinin qoşunları da burada idi. ADP belə gərgin vəziyyətdə ingilis və yerli irtica hökumətinə qarşı mübarizə aparırdı. O dövrdə ADP - nin rəhbərləri, o cümlədən, Xiyabani dinc yolla mübarizə taktikasının lazımi nəticə verməyəcəyini yəqin edərək, silahlı üsyana başlamışdır. İnqilabi hərakat dağıdıldıqdan sonra Abbas kişi yaşadığı məkanı tərk edərək Şimali Azərbaycana, Qarabağın Qubadlı rayonuna pənah gətirmiş, bir müddətdən sonra isə iqtisadiyyatı durmadan inkişaf edən Ağdam şəhərinə köçüb gəlmişdir. Burada ailə qurmuş və məskunlaşmışdır. Camal əmi deyirdi ki, mənim 13 yaşım  olardı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ağdam Rayon Şöbəsinin əməkdaşı, qonşumuz CANQAROV soyadlı erməni alçaq gecə evimizə gəlib atamı həbs etdi və bir daha biz atamızı görmədik. Mən də atamın qisasını almaq üçün CANQAROVun evinə od vurdum. Onun evi alışıb yandı. Külək bizim tərəfə əsdiyinə görə alov öz evimizi də bürüdü. Bizim də evimiz büsbütün yandı. Ancaq heç kim şübhələnmədi ki, bunu mən etmişəm. 

                                                   Abbas kişi və kiçik Camal
   
Abbas kişinin həyat yoldaşı Ağca nənə mənim ata nənəm Hurizat nənəmlə qohumdurlar. Hurizat nənəmin atası Sarıhacılı Mehdi bəy xan qızı Natəvanın, Cəfərqulu xanın, İbrahim xanın, Pənah xanın nəslindəndir. Anası Əziz xanım isə Ağdamın qonşu Seyidli kəndində yaşayan Axundovlar nəslindəndir. Azərbaycanın görkəmli ziyalısı, müəllimi və yazıçısı Süleyman Sani Axundovun əmisi qızıdır.

Camal əminin söylədiyinə görə vaxtilə Şuşa şəhərində yaşayan Abbas Mirzə Qacar ilə Asiya xanımın övladı olan Bəhmən Mirzə Qacar onun ulu babasıdır. Camal əmi deyirdi ki, Bəhmən Mirzə Qacarın qızı Məşədixanım Kəramət anam Ağcanın anası, mənim isə nənəmdir. Dövrünün tanınmış ziyalısı Molla İsmayıl isə Məşədixanım Kəramətin həyat yoldaşı, anam Ağcanın atası və mənim babamdır. Ermənilər o vaxt Şuşa şəhərini darmadağın edib viran qoyanda Molla İsmayıl və həyat yoldaşı Məşədixanım Kəramət Bərdənin Alpoud kəndinə köçmüşlər. Hazırda həmin kənddə Ağca nənənin bacısı uşaqları yaşayırlar. Deməli, Camal əminin anası Ağca nənə Bəhmən Mirzə Qacarın nəvəsidir. Camal əmim, onun qardaşı Eldar bəy və bacısı Məryəm xanım Bəhmən Mirzə Qacarın nəticəsidir. Malik həkim, Əli bəy, Nazim, Elxan, Vaqif (Qarabağ savaşında itkin düşüb), Şahin qardaşlarım, Nailə və Məryəm (2- ci Məryəm) bacılarım isə kötücəsidirlər. Bu insanlar Bəhmən Mirzə Qacarın qız törəmələridirlər.

Camal əmi deyirdi ki, Sovet dövründə Şuşa şəhərində, çörək zavodu ilə üzbə -üz yaşayan, Qacarların nəslindən olan Keymax və Keyxosrov müəllimgillərlə biz dayıoğlu, bibiqızıyıq (Qarabağda mamaqızı deyirlər).

Həqiqətən də səmimi, möhkəm dostluq hisslərini, dostluq tellərini heç nə ilə sarsıtmaq mümkün deyil. İnsanlar arasındakı hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Atamla Camal əminin dostluğu həqiqi dostluq idi. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanır. Onların arasındakı dostluq münasibətlərin uca zirvəsi idi. Alman Faşizmi dünya ölkələrinə meydan oxuyaraq işğalçılıq siyasətinə başlayanda, Sovetlər ölkəsinin ərazilərinə soxulanda SSRİ üzrə səfərbərlik elan edilmiş və burada yaşayan bütün xalqlar ümumölkənin ərazi bütövlüyünü qorumaq üçün cəbhəyə yollanmışlar. Atamla Camal əmi tay-tuşlarından bir yaş balaca olduqlarından Ağdam Hərbi Komissarlığı onları cəbhəyə qeydiyyata götürməmiş və geri qaytarmışdır. Səhəri gün Hurizat nənəm Ağca nənəni özü ilə götürüb Hərbi Komissarın qəbuluna gedib. Hər ikisi xahiş edəndən sonra komissar onların da övladlarının cəbhəyə getməsinə icazə vermişdir. Atam da, Camal əmi də Alman Faşizminin işğalçılıq siyasətinə qarşı Sovetlər ölkəsinin apardığı müharibədə uzun və şərəfli bir döyüş yolu keçmişdilər. Atam İrşad Məhəmməd oğlu Əliyevin bu haqlı mübarizədəki döyüş yolu barədə müxtəlif yazılar yazmışam. Camal əmim haqqında isə bir neçə faktı dəqiqləşdirəndən sonra indi yazıram. 


                                                        Camal İsmayılov

Camal əminin söylədiyinə görə 1942 - ci ilin qışında Don çayı sahilində düşmənlə qızğın döyüşlər gedirdi. Komandir İki nəfər döyüşçü yoldaşımla bizi kəşfiyyata göndərdi. Buzun üstüylə nə qədər ehtiyatlı yerisək də minalanmış yola tuş gəldik və ağır yaralandıq. Yaralı yoldaşlarımın suda  boğulduqlarının şahidi oldum  və huşumu itirdim. Gözümü açanda özümü zirzəmidə gördüm. Sonra məlum oldu ki, Çubarova Mariya Qriqoryevna adlı bir rus qadını məni yaralandığım yerdən öz evinə gətirib və zirzəmidə gizlədib. O, məni müxtəlif otlarla müalicə edib ayaq üstə qaldırdı. Sonralar bu rus qadını Camal əmimin həyatında çox mühüm rol oynayıb. Bu barədə bir azdan...


                                                   Mariya və İon Çubarovlar

Atam da, Camal əmim də Alman Faşizminə qarşı müharibə barəsində həmişə yana-yana danışırdılar. O anları bütün dəhşətləriylə yaşadıqlarına görə gözləri yaşla dolurdu. Özlərini ağlamaqdan zorla saxlayırdılar. Ancaq ağlamırdılar. Hər iki nümunəvi insan bu müharibə başlayandan qurtaranadək cəbhənin ən qaynar nöqtələrində faşizmə qarşı mübarizədə öndə gediblər. Ölənədək müharibənin başda, kürəkdə, qolda, qıçda izlərini gəzdirdilər. Müharibə qurtarandan sonra isə onları hərbidən təxris etməyiblər. Minlərlə sovet vətəndaşı kimi onları da müharibənin vurduğu yaraları sağaltmaq üçün bərpa və quruculuq işlərinə cəlb ediblər.


                             Bakıda "Sovetlər evi". Binanı alman əsirlərə tikdiriblər.

Camal əminin sinəsində 13 orden və medalı var idi. Deyirdi ki, bunlar dəmir parçaları deyil. Bunların hər biri mənim nəzərimdə müharibənin dəhşətini xatırladan, ondan soraq verən şahiddir. Ordu bərpa və quruculuq işlərindən azad edildikdən sonra Camal əmim Don çayı sahilindəki xilaskarından hal-əhval tutmaq, ona minnətdarlığını bildirmək  üçün Rostov şəhərinə yola düşür. Gedib çox çətinliklə Mariya Qriqoriyevnanı tapır. Onu ölümün pəncəsindən xilas etdiyinə görə Mariya xanıma təşəkkürünü bildirir. Elə bu dəm Mariya Qriqoriyevnanın gözəl-göyçək qızı Larisa otağa daxil olur. Camal əmim Larisanı 12-13 yaşında olarkən görmüşdü. Tale onları qovuşdurur və Larisa İonovna Çubarova millətimizin qayda-qanunlarını qəbul edərək ömrünün sonunadək  Azərbaycanın dilbər guşəsi olan Qarabağda, Ağdamda yaşamalı olur. 


                                                        Larisa və Camal 

Onların 3 oğlu, bir qızı dünyaya gəlir. Böyük övlad Malik İsmayılov xəstələrini özünəməxsus müalicə üsulu ilə sağaldan adlı-sanlı həkimdir, Əli bəy və Nazim qardaşlarım iqtisadçıdırlar, əmimin peşəsini davam etdirirlər, Nailə isə müəllimədir. 



                                       Nazim, Əli və Malik İsmayılov qardaşları

      
     CAMAL ABBAS OĞLU İSMAYILOVUN İŞ ARDICILLIĞI : 

1) Camal Abbas oğlu İsmayılov 1945-1946 - cı illərdə "Dinamo Minsk", 1946-1947 - ci illərdə "OİK Rastov", 1948-1950 - ci illərdə "Dinamo Tiflis", sonra isə Ağdamın "Məhsul" Cəmiyyətinin nəzdindəki futbol komandasında mərkəz hücümçusu - 9 saylı futbolçu olub və dövrünün azarkeşləri onun çətin anlarda vurduğu qollardan indi də danışırlar. "Məhsul" Cəmiyyəti dağılandan sonra futbol komandası bir neçə müəssisənin nəzdində fəaliyyət göstərib və müxtəlif adlar - "Sünbül", "Şəfəq", "Qarabağ" adlarını daşıyıb. Camal Abbas oğlu İsmayılov o dövrün ən sevilən idmançılarından biri olub.

2) İdmandan ayrılandan sonra o, Ağdam Rayon Maliyyə Şöbəsində çalışıb. 
(Həyat yoldaşı Larisa xanım isə Ağdam Şəhər Mərkəzi Kitabxanasında kitabxanaçı işləyib).

3) Camal İsmayılov qısa müddət Ağdam Rayon İcraiyyə Komitəsində işləyib.

4) Sonra isə Ağdam Rayon Sosial Təminat İdarəsində baş inspektor vəzifəsində çalışıb.

5) Ömrünün 38 ilini iqtisadçı peşəsinə həsr edən Camal İsmayılov 1969 - cu ildə "Azərbaycan SSR - nin Əməkdar İqtisadçısı" adına layiq görülüb. Səriştəli işçi olmasını nəzərə alaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi Heydər Əlirza oğlu Əliyev Camal Abbas oğlu İsmayılovu Ağdam Şəhər Mərkəzi Bazarının müdiri təyin edib.

6) Bir müddətdən sonra isə Camal İsmayılov Ağdam Rayon Tikinti Bankının müdiri işləyib.

7) Daha sonra Ağdam Rayon Avtonəqliyyat İstehsalat Birliyinin Əmək və Əməkhaqqı Şöbəsinin müdiri işləyib və buradan əmək təqaüdünə çıxıb.

8) 1993 - cü ildə küllü Qarabağ və Ağdam Rayonu erməni-rus təcavüzkarlarının işğalına məruz qalanda digər soydaşlarımız kimi Camal İsmayılov da həyat yoldaşı Larisa xanımla birlikdə doğma ocaqlarından didərgin düşərək Mingəçevir şəhərində müvəqqəti məskunlaşmışdılar. Mingəçevir şəhər rəhbərliyi normal yaşamaq üçün onlara hər cür şərait yaratmışdı. Camal Abbas oğlu İsmayılov Qarabağdan Mingəçevirə pənah gətirən insanların "Ağsaqqallar Şurası"nın ən fəal üzvlərindən idi. Camal Abbas oğlu İsmayılov 1996 - cı ilin dekabr ayının 25 - də Qarabağ və Ağdam həsrətiylə, əzizlərinin və dostlarının həsrətiylə yavaş-yavaş əridi və bu dünyanı tərk etdi...Allah rəhmət eləsin. Qəbri nurla dolsun. AMİN...


Adil İrşadoğlu (Əliyev),
Veteran televiziya və qəzet jurnalisti, 
1-ci Qarabağ Savaşının iştirakçısı... 
Bakı - 25.12. 2016 - cı il.

1 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...

MƏNİM CAMAL ƏMİMƏ BORCUM ÇOXDUR. BU BORCLARI ONA QAYTARMAĞA MƏNİM GÜCÜM ÇATMAZ., SADƏCƏ ATAMIN QOHUMU VƏ ƏN ƏZİZ DOSTU, MƏNİM İSƏ CAMAL ƏMİMİ XATIRLADIQ. BU QƏDƏR...ALLAH RƏHMƏT ELƏSİN. QƏBRİ NURLA DOLSUN. AMİN...