Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bunu bütün dünya tanıyır.
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bunu bütün dünya tanıyır. Bu barədə çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə mətbuat konfransında deyib.
Dövlət başçısının sözlərinə görə, münaqişənin başlamasından xeyli müddət keçib və 20 ildən çoxdur ki, Azərbaycan torpaqları işğal altındadır: "Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazimizdən qeyd-şərtsiz, dərhal çıxarılmasını tələb edən qətnamələrinə əməl etmir. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bunu bütün dünya tanıyır".
İlham Əliyev bildirib ki, Ermənistan Prezidenti ilə sonuncu görüş əvvəlkindən daha nikbin keçib: "Ermənistanın danışıqlar aparmaq istəyində olmaması səbəbindən danışıqlar prosesində uzun müddət durğunluq yaranmışdı. Buna baxmayaraq, Ermənistan tərəfinin danışıqlar prosesində səmimiliyinə və ya onların sadəcə status-kvonu qorumasına dair şübhələrimiz var".
Prezident deyib: "ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri hesab edirlər ki, münaqişədə status-kvo qəbuledilməzdir. Biz bunu Ermənistanın ünvanına ciddi ismarış kimi qiymətləndiririk, çünki status-kvonun dəyişməsi üçün onlar ərazilərimizin boşaldılmasına başlamalıdırlar. Xarici işlər nazirlərinə göstəriş verildi, onlar Vyanadakı görüşümüzdən sonra görüşdülər və ümid edirəm ki, onlar bu ayın sonunda və ya gələn ay görüşəcəklər. Biz Ermənistanın bu prosesdə nə dərəcədə səmimi olduğunu görəcəyik və ümid edirik ki, əgər Ermənistanda vəziyyətin real qiymətləndirilməsi üstün olacaqsa, o zaman məsələ tez bir zamanda öz həllini tapacaq".
Jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Bu, həmçinin Avropa Şurası Parlament Assambleyası tərəfindən öz təsdiqini tapıb. Ötən ilin dekabr ayında Avropa Şurasında bu barədə geniş diskussiya olmuşdu, Assambleyanın bəzi üzvlərinin Azərbaycanda siyasi məhbuslarla bağlı təşəbbüs göstərdiyi qətnamə isə iflasa uğradı. Assambleyanın əksər üzvləri bu qətnaməni dəstəkləmədilər. Bu o deməkdir ki, Avropa və dünyanın ən mühüm institutları ötən dəfə burada, Avropa Komissiyasında Azərbaycanda heç bir siyasi məhbusun olmadığı barədə söylədiklərimi təsdiq edib. Azərbaycan 10 ildən çoxdur ki, Avropa Şurasının, Avropa İnsan Haqları Məhkəməsinin üzvüdür və hər şeydən əvvəl, ölkəmizdə siyasi məhbus ola bilməz. Əgər kiminləsə ədalətli davranmırlarsa, hər zaman Avropa Məhkəməsinə müraciət etmək imkanı var və biz bu məhkəmənin qərarına riayət edirik".
Dövlət başçısının sözlərinə görə, siyasi məhbus anlayışını tərifi yoxdur: "Biz hesab edirik ki, Avropa Parlamenti və Avropa Şurası tərəfindən siyasi məhbus tərifinin müəyyən edilməsi yaxşı ideya olardı. O zaman kimin siyasi məhbus olub-olmadığını demək mümkün olardı".
"Olaylar.az"
Hiç yorum yok:
Yorum Gönder