Translate

9 Eylül 2013 Pazartesi

“ QARABAĞ DÜYÜNÜ AÇILMAYINCA ERMƏNİSTAN İNKİŞAF EDƏ BİLMƏYƏCƏK ”


Erməni iqtisadçı-ekspertinə görə, Gömrük İttifaqına üzvlük barədə qərar ölkəyə hər hansı fayda gətirməyəcək; Artur Baqdasaryan: “Münasibətlər yeni səviyyəyə keçsə də, Moskvanın Dağlıq Qarabağı tanıyacağını gözləmək əbəsdir”...

Ermənistan Gömrük İttifaqına daxil olmaq barədə qərarı hələ də həm ölkə daxilində, həm də Qərb dairələrində ciddi müzakirə predmeti olaraq qalır. Serj Sərkisyanın sentyabrın 3-də Moskvada həmkarı Vladimir Putinlə görüşdən sonra verdiyi məlum qərar işğalçı ölkənin Rusiyadan nə dərəcədə asılı olduğunu bir daha və əyani şəkildə nümayiş etdirdi.
Bu qərarla Ermənistan daha möhkəm və sıx şəkildə özünü Rusiyaya bağlamış oldu. Məlum məsələdir ki, 3 sentyabr qərarı təcavüzkar ölkənin onsuz da simvolik olan müstəqilliyini və suverenliyini bir az da aşağı səviyyəyə endirərək simvolik edəcək.
Bu qərar habelə, İrəvanın Qərbə, Avropaya iqtisadi inteqrasiya yolunun qarşısına birdəfəlik sədd çəkməklə Ermənistan iqtisadiyyatının rüşeym halında, Moskvadan asılı durumda qalmasını təmin edəcək. Çünki işğalçı ölkə Qarabağ ixtilaflı üzündən normal regional inteqrasiyadan da məhrumdur.
Bu mənada Gömrük İttifaqına üzvlüklə bağlı rəsmi İrəvanın qərarı Kremlin nəinki Ermənistan, bütövlükdə Güney Qafqaza ünvanlı siyasətində mühüm uğurlardan sayıla bilər. Hər halda, Ermənistan bu quruma üzv olan ilk Qafqaz ölkəsidir. Demək, Moskvanın iştah dişi daha da itilənmiş olacaq.
Bir mühüm detal da var. Ermənistanın Gömrük İttifaqına asanca sürüklənməsi onun Qarabağ məsələsində həlledici söz sahibi olmadığını da növbəti dəfə ortaya qoydu. Erməni politoloqlardan birinin dəqiq qeyd elədiyi kimi, bundan sonra Qarabağ məsələsini Bakı ilə Moskva öz aralarında həll edəcək.
Doğrudur, Rusiya öz forpostunu sakitləşdirmək, erməni toplumunun başının altına yastıq qoymaq üçün bəzi xırda güzəştlərə də gedib. Misal üçün, Ermənistan dəmiryolunun təmiri üçün sərmayə ayırıb, Abxaziya dəmiryolunun açılmasına, təbii qazın qiymətinin bir azca endirilməsinə söz verib. Ancaq bunlar iqtisadiyyatı batan cırtdan ölkəni xilası üçün yetərlimi?
Çətin. Qənaətimizi müxalifətçi Ermənistan Milli Konqresinin iqtisadi və ekoloji məsələlər komissiyasının sədri Vaaqn Xaçatryan da təsdiqləyir. Sitat: “Ola bilsin qazın qiyməti aşağı salınsın, şimal-cənub avtoyolu da işləsin, ancaq hamı bilir ki, Ermənistanın nəqliyyat imkanları yalnız onun nəqliyyat blokadası bütünlüklə götürüldükdən, yəni Qarabağ problemi çözüldükdən sonra reallaş bilər”.
Xaçatryan bu sözləri Avrasiya İnkişaf Bankının inteqrasiya tədqiqatları mərkəzinin direktoru Yevgeni Vinokurovun fikirlərinə münasibət bildirərkən söyləyib. Vinokurov deyib ki, Ermənistanın Gömrük İttifaqına qoşulması qazın qiymətinin 30 faizədək enməsinə, ölkənin nəqliyyat dalanından çıxmasına gətirə bilər.
Erməni iqtisadçısı isə bunu siyasi spekulyasiya adlandırıb: “Həm də o səbəbə siyasi spekulyasiya ki, hələ bilinmir Gömrük İttifaqı nə qurumdur, ora hansı sənədlər tələb olunur. Bu proses 2010-cu ildən gedir. Ancaq indiyədək də aydın deyil ki, Ermənistanda hansı sənədlər, qanunverici aktlar dəyişdirilməlidir və s.”
Bundan əlavə, iqtisadçı ekspert hesab edir ki, quruma üzv olduqdan sonra balaca ölkə olan Ermənistanda, monopoliyanın hökm sürdüyü ölkədə rəqabətlə bağlı problemlər çıxacaq, hansı sağlam rəqabət ki, hələ də mövcud deyil: “Həmçinin, daxili bazarın perspektivləri planında problemlər yaranacaq. Çünki xarici bazarlarda bizim mallar rəqabət qabiliyyətli deyil və Gömrük İttifaqına daxil olandan sonra da eyni vəziyyət hökm sürəcək”.
Xaçatryan bir daha əminlik ifadə edib ki, quruma üzvlüklə bağlı qərar siyasi maraqlardan doğub, nəinki iqtisadi aspektlərdən: “Konkret halda çox vacibdir ki, biz münasib qiymətlərə enerjidaşıyıcıları əldə edək. Bu mümkündür. Baş verənlər isə indiki hakimiyyətin növbəti fiaskosu, onun özündən razı bəyanatlarının uğursuzluğu sayıla bilər. Hamıya aydın dolu ki, nə baş verməli idisə, o da baş verdi”.
Ancaq iş ondadır ki, Sırkisyanlın yerində başqası olsaydı da mövcud şərtlər daxilində fərqli qərar qəbul edə bilməyəcəkdi. Çünki iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq Ermənistanın siyasi elitası böyük ölçüdə Kremlin nəzarətindədir, Moskvadan asılıdır.
Nə qədər ki, erməni toplumu, onun başında duranlar, Eçmiədzin kilsəsi, diaspora Ermənistanın təhlükəsizlik və mövcud qarantını qonşu ölkələrlə normal münasibətlərdə, iqtisadi-ticari inteqrasiyada deyil, Rusiyada və onun Ermənistanda hərbi mövcudluğunda görürlər, sərhədlərin mühafizəsini belə ruslara etibar edirlər, hakimiyyətdə olanların yalnız soyadı dəyişəcək. Ermənistan isə düşdüyü dərin siyasi və iqtisadi bataqlıqdan uzun zaman qurtula bilməyəcək.
Gömrük İttifaqının Ermənistana hansısa dividentlər gətirəcəyinə gəlincə, buna heç İrəvan rəsmiləri də inanmırlar. Misal üçün, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryana görə, Ermənistan-Rusiya münasibətləri yeni səviyyəyə keçsə də, yaxın zamanlarda Moskvanın Dağlıq Qarabağı tanıyacağını gözləmək əbəsdir".
Onun sözlərinə görə, qondarma quruma Gömrük İttifaqında iştirakı danışıqların gedişində müəyyən olunacaq.
Ancaq erməni rəsmisi yaxşı bilir ki, belə bir iştirak yalnız Azərbaycanın tərkibində və Bakının razılığı ilə mümkün görünür. Çünki separatçı rejim beynəlxalq hüququn subyekti deyil. Baqdasaryanın da etiraf elədiyi kimi, onu hətta Rusiya belə tanımağa hazırlaşmırsa, illüziyaya qapılmağa dəyməz. Rusiya heç müstəqilliyini tanıdığı Abxaziya və Cənubi Osetiyanı indiyədək MDB-yə, KTMT-yə üzv edə bilməyib...

Zahid SƏFƏROĞLU

1 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...

Hörmətli oxucular, siz "REALİST ADİL" blogspot.com - da dərc olunan xəbərləri heç bir ilkin qeydiyyatdan keçmədən şərh edə bilərsiniz.
Beləliklə, siz dərhal xəbərin müzakirəsinin iştirakçısına çevriləcək, konkret məsələ ilə bağlı fikrinizi bildirə biləcəksiniz.
Bununla yanaşı, oxuculuramızın nəzərinə çatdırırıq ki, xəbərlərə şərhlərin yazılmasında müəyyən qaydalara əməl etmək vacibdir.

Belə ki, şərhlərdə milli və dini zəmində ayrı-seçkiliyə çağırış, normativ olmayan leksikadan və təhqiramiz ifadələrdən istifadə, ekstremist, ultramillətçi, irqçi açıqlamalar, görkəmli ictimai-siyasi xadimlərin şərəf və ləyaqətinə qarşı yönəlmiş sözlər, habelə Azərbaycanın mövcud qanunvericiliyinə zidd sayılan digər ifadələrin işlədilməsi yolverilməzdir.

"REALİST ADİL" blogspot.com bütün oxucuların şərhlər yazarkən biri-birilərinə sayğı bəsləyəcəyinə əmindir.