Translate

27 Şubat 2013 Çarşamba

“İndi isə cənab konqressmenlər, təsəvvür edin ki, öldürülən 613 nəfər amerikalıdır”



“Sizə başımla cavabdehəm ki, Xocalıda ən azı 700 adam öldürülüb”

Publika.Az xəbər verir ki, Azərbaycanın məşhur kinossenaristi və rejissoru Ramiz Fətəliyev ABŞ Konqressinin üzvlərinə açıq məktub yazıb. Məktubda deyilir:

Hörmətli cənablar!

Mən Azərbaycan Respublikasının vətəndaşı, xalqımızın Xocalı faciəsi (genosidi) ilə bağlı ümummilli matəm günündə - 26 fevralda diqqətinizi tamamilə perpektivsiz, xəyali də olsa, bu tarixi fakta yönəltmək istəyirəm. Çünki əslində siz tərəfdən göstərilməli olan diqqət - özümə bu ifadəni məqbul sayıram - niyəsə göstərilmir.

21 il əvvəl mən Xocalı hadisələrinin araşdırılması ilə bağlı Parlament-istintaq komissiyasına (Konqresdəki komissiyaya anoloji olaraq) üzv seçildim. Biz demək olar ki, fasiləsiz 250 gün çalışdıq və Parlamentə nəticələri təhvil verdik. Bunu ona görə qeyd etdim ki, hadisələrlə bağlı məlumatlı olmamı nəzərə alasınız.

Lakin mən hazırda öz məlumatlılığımı ən sağlam insanı belə şoka salacaq rəqəmlər və faktlarla nümayiş etmək fikrindən uzağam.

Ən əsas şeyləri xatırlatmaq istəyirəm (şübhəm yoxdur ki, siz də bunları bilirsiniz). 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda bir neçə min dinc sakin doğma torpaqlarından qovulmuş, o cümlədən qonşu Ermənistanın hərbi qüvvələri və Rusiyanın moto-atıcı alayı ilə birlikdə vəhşicəsinə məhvə məruz qalmışlar.

Həmin gecə öldürülənlərin rəsmi sayı 613 nəfərdir (başımla cavabdehəm ki, orada 700-dən çox adam öldürülüb, sadəcə 155 adam itkin düşmüş hesab edilir). Lakin protokoldan kənara çıxmayacam. Beləcə 613 nəfər.

İndi başqa şey haqqında danışacam.

Bizdə çoxları Amerika filmlərini sevir. Bax, elə dünən, sizin vaxtınızla səhərə yaxın biz “Oskar” mükafatlarının verilmə mərasiminə baxırdıq. Mən də baxırdım. Lakin fikirlərim bu günlə bağlı idi. Sonra birdən sizin filmlərinizdən birini xatırladım, çoxdan çəkilib. Sizi adla, məşhur aktyorların familiyaları ilə yormayacam, çünki sizə sujeti danışmalıyam - bəlkə də konqressmenlərdən heç olmasa, biri bu filmə baxmayıb.

Cənub ştatlarından birində - orada hələ də milli mənsubiyyətlə bağlı problemlər var - iki ağ dərili kişi afro-amerikalı məktəbliyə təcavüz edərək onu körpüdən atırlar, fiziki və mənəvi şikəst edirlər. Onları ciddi cəza gözləyir. İşlə bağlı tutulmuş vəkil də ağdır. Bütün 12 jüri heyəti də ağ dərilidirlər. Hakim də ağdərilidir və bu, real maneədir. İşə mükəmməl hazırlaşmış, onun bütün incəliklərini və nüanslarını öyrənmiş, hadisənin psixoloji rəsmini parlaq çizmiş vəkil də başa düşür ki, bu, qeyri-formaldır, amma onun keçə bilməyəcəyi manədir. Sonra o, elə bir addım atır ki, əslində hüquqi təcrübədə yolverilməzdir. Öz müdafiə çıxışında o, qoruduğu adamın psixoloji, mənəvi durumundan yox, onun zərərçəkmiş qızının vəziyyətindən danışır, əhatəli olaraq qızın yaşadıqlarını və bunun gələcək həyatına təsirini təsvir edir. Sonra isə jüri heyətinə baxaraq uzun fasilədən sonra sonuncu replikanı atır:
- İndi isə cənablar, təsəvvür edin ki, o, AĞDƏRİLİDİR.
Və jüri bəraət hökmünü çıxarır.

Hörmətli cənablar!

Əminəm ki, indi nə etdiyimi çoxunuz anladınız. Mən özüm də özümü dərk edəndən kinoda çalışıram və əlbəttə ki, filmlə real həyat arasındakı fərqi bilirəm.

Mən yazıçı adamam, ona görə də bu anlayışın qiymətini çox gözəl bilirəm. Lakin Xocalıda öldürülənlərin və xalqımın digər qurbanları artıq iyirmi ildir ki, ürəyimdə döyünür. Ona görə də özümü saxlaya bilmədim. Mən bunu edirəm.
Sizə deyirəm:

- İndi isə cənablar, təsəvvür edin ki, öldürülən 613 nəfər amerikalıdır.

Vaxtınızı aldığım üçün üzr istəyirəm.

Böyük hörmətlə,
Ramiz Fətəliyev, kinodramaturq.

Hiç yorum yok: