Translate

22 Aralık 2012 Cumartesi

QORBAÇOV ŞUŞA HAQQINDA NƏ DEYİB?



24 il əvvəlin Qarabağ sirləri
Siyasi Büronun 1988-ci il fevralın 29-da keçirilmiş iclasının “Tamamilə məxfi” qrifli stenoqramında o vaxtkı SSRİ rəhbərinin ermənilərə simpatiyası bir daha üzə çıxır.


Dağlıq Qarabağ münaqişəsinin başlamasında o vaxtkı SSRİ rəhbərliyinin, baş katib Mixail Qorbaçovun ermənilərə simpatiyasının hansı rol oynadığı haqda çox danışılıb, yazılıb. “Yeni Müsavat”ın bu mövzuda oxuculara çatdırmaq istədiyi yenilik isə Qorbaçovun və SSRİ rəhbərliyinin münaqişənin qızışdığı bir vaxtda, Sumqayıt hadisələrinin ertəsi günü Sov.İKP MK-nın Siyasi Bürosunun qapalı iclasında danışdıqlarıdır. Həmin iclasın “Tamamilə məxfi” qrifli stenoqramı internetdə var. Bu stenoqramı oxuduqca bir daha aydın olur ki, separatçı münaqişənin qarşısını almalı olan SSRİ rəhbərliyi, şəxsən Qorbaçov kritik məqamlarda erməni simpatiyasını necə büruzə verir və nə dərəcədə qətiyyətsiz davranır. Hesab edirik ki, stenoqramın olduğu kimi oxuculara çatdırılması 24 il əvvəl Qarabağda başlayan münaqişənin tarixindən ibrət götürülməsi baxımından faydalı olacaq.
Beləliklə, 1988-cu il, fevralın 29-u. Kreml. (Qeyd: stenoqramın bundan əvvəl dərc etdiyimiz hissələrində həmin tarix səhvən “1989" kimi göstərilib, texniki yanlışlığa görə üzr istəyirik-red.) Siyasi Büro Sumqayıtda baş vermiş və əsas təşkilatçıları ermənilər olan iğtişaşların ardınca Ermənistan SSR və Azərbaycan SSR-də baş verənlərlə bağlı vəziyyəti müzakirə etmək üçün aşağıdakı tərkibdə toplanır:
İclasa sədrlik edir yoldaş Qorbaçov M.S.
İştirak edirlər: Qromıko A.A, Liqaçov Y.K., Nikonov V.P., Slyunkov N.N., Solomentsev M.S., Çebrikov V.M., Şevardnadze E.A, Yakovlev A. N., Maslyukov Y.D., Talızin N.V., Yazov D.T., Baklanov O.D., Biryukova A. P., Kapitonov İ.V. (Siyasi Büro üzvləri)
İclasın gündəliyindəki 1-ci məsələ. Azərbaycan və Ermənistan SSR-də baş verən hadisələrlə bağlı əlavə tədbirlərin görülməsi barədə.

Qorbaçov: Vladimir İvanoviç dünən Vazgenlə söhbət edib. (Erməni katolikosu nəzərdə tutulur) O, antisovetizmə yol verilməməsi üçün bütün nüfuzundan istifadə edəcəyinə vəd verib. Deyib ki, ona xaricdən çoxlu zənglər olur. Onun sözlərinə görə, Vazgen bu zənglərə belə cavab verib: bu işlərə qarışmayın, heç bir antisovet çıxışları olmalı deyil, yalnız burada, Sovet İttifaqı çərçivəsində erməni xalqı inkişaf edir. Bununla bərabər o deyib ki, real problemlər var və hadisələr boş yerdən başlamayıb. Bu zaman Vazgen öz təcrübəsindən bir nümunə göstərib. Deyib ki, budur, o, Bakıda Əliyevin qəbulunda olub. (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev nəzərdə tutulur). Bakıda erməni kilsəsi var. Bu şəhərdə 200 mindən çox erməni yaşayır. Vazgen xahiş edib ki, bu kilsədə dua mərasimi təşkil etsin. Ancaq budur, 12 ildir dəvət gözləyir, hələ də dəvət almayıb. Deməli, o, Bakıda arzuolunmaz fiqurdur, istəmirlər ki, o orada görünsün. Bütün bunlar isə ermənilərin heysiyyətini toxunur, onları qızışdırır.
Başa düşürsünüz, heç bir təmas yoxdur! Və bu o zaman baş verir ki, xalq danışmağa başlayıb, mikrofon əldə edib. Qoy insanlar xalq səviyyəsində görsünlər ki, biz belə işləyirik, onlarla millətin nümayəndələri. Qoy bunu bütün qüvvələr izləsin, hər şeydən əvvəl ziyalılar. Lakin elə real faktlar var ki, həmin ziyalılar onlara hədəflənməlidir. Bununla belə, hesab edirəm ki, həmin faktları araşdırmaq üçün (Qarabağda ermənilərin hüquqlarının pozulması barədə iddialar nəzərdə tutulur) ayrıca komissiya yaratmağa lüzum yoxdur, Sov.İKP MK Katibliyi, Rəyasət Heyətinin nümayəndələri və digər orqanlar araşdırsalar bəs edər. Bura rus mədəniyyətinin tanınmış təmsilçilərini də qoşmaq lazımdır ki, onlar Ermənistanda və Azərbaycanda olsunlar. Bilirsiniz, bu barışdırıcı təsir göstərir. Və belə görünür ki, bir tərəfdən də sosial-iqtisadi məsələləri həll etmək lazımdır. Digər tərəfdən onları birlikdə burada, Mərkəzi Komitədə “oturtmaq” lazımdır. Qoy onlar bir-birilərinə gedib-gəlsinlər. Xalqlar arasında mədəni, insani təmasların yeni formalarını fikirləşmək olar. Ümumiyyətlə, bayaq dediyim kimi, Ermənistanla Azərbaycan arasında bu cür get-gəllər ancaq yubileylərdə olur, respublikalar arasında canlı əlaqə kifayət etmir. Bu, artıq dərin məsələdir.
Yazov: Georgi Petroviç xahiş edir ki, axşam Sumqayıtda komendant saatı tətbiq edək. Bu isə o deməkdir ki, qoşun yeritmək, yaxud hansısa hərbi hissəni orada yerləşdirmək lazımdır, əsgərləri silahlandırmaq lazımdır, ancaq onun üçün yox ki, atəş açsınlar. Bir halda ki, komendant saatı tətbiq edilməlidir, deməli, hər şeyi etmək lazımdır.

Qorbaçov: Bəs komendant saatı lazımdır?

Yazov: Mən hesab edirəm ki, lazımdır.

Qorbaçov: Silahı hazır saxlamaq lazımdır, ancaq atəş açmaq olmaz. Yoxsa başlayacaqlar o yolunu azmışları güllələməyə.

Yazov: Patronlarsız silah verəcəyik, sonra patronlarla təchiz edilmiş ayrıca zirehli transportyor olacaq. Bunları edirik, təşkil edirik...

Qorbaçov: Patronlar ayrı olsun.

Yazov: Əgər icazə versəniz mən müvafiq əmr verərdim.

Siyasi Büro üzvləri: razıyıq.

Qorbaçov: Mən hesab edirəm ki, bütün bunları etmək lazımdır ki, özbaşınalığın qarşısı alınsın. İrəlidə konfrans var. Konfransla bağlı materiallar mənə bir-birinin ardınca gəlir. Bu məsələ əlbəttə ki, dərindən araşdırma tələb edir. Hətta keçmişin təcrübəsinə qayıtmaq olar. O zaman belə görünür ki, daha maraqlı şeylər varmış. Hətta kənd sovetləri beynəlmiləl tərkibdə olub.
Katibliyə tapşırıq yazaq ki, Ermənistanda bu hadisələrin nədən başladığını araşdırsın. Sakit şəkildə araşdırmaq lazımdır, özü də onların özlərinin, o cümlədə ziyalılarının iştirakı ilə. Tanınmış adamlardan ibarət komissiya yaratmaq lazımdır. Ora alimlər, ziyalılar da daxil edilməlidir, təkcə partiya işçiləri yox. Partiya işçilərinin başı fakt toplamağa daha çox qarışıb, müsbət, yaxud mənfi. Orada daha demokratik komissiya yaratmaq, rəhbərliyinə nüfuzlu adam qoymaq lazımdır ki, getsin, danışsın.

Qromıko: O zaman yəqin ki, komissiyadan yox, nümayəndə heyətindən söhbət gedə bilər. Çünki Ermənistanda bunu komissiya ilə qarışdırmasınlar, hansı ki, yaradılmasını israr edirlər.

Qorbaçov: Bəli. Qoy katiblik müvafiq formanı tapsın, materialları tələb etsin, statistikanı alsın, səfərlər, fikir mübadiləsi təşkil etsin. Artıq hazırlıq işlərinin başlaması ermənilərlə azərbaycanlılar arasında yaxınlaşmaya xidmət etməlidir. Biz digər iş metodlarını da mənimsəməliyik, çünki bu incə məsələdir. Onlar orada başlasalar-mən kobud ifadə işlətməli oluram -bir-birləri ilə “it kimi” davranmağa, Deməli, bunu dayandırmaq lazımdır. İnandırmaq gərəkdir ki, əsas məsələ bu deyil, əsas məsələ odur ki, onlar qonşudurlar, əsrlərlə birgə yaşayıblar. Hansısa ideya ilə məşğul olanda o zaman bütün incəliklər üzə çıxır. Bir azərbaycanlı bəstəkar deyir: Şuşa mənimdir. O, orada, Qarabağda doğulub və deyir ki, Şuşa Şərq mədəniyyətinin mərkəzidir və s. Sən onu bundan necə ayıra bilərsən axı? Ermənistanda isə ancaq bir şey deyirlər - “bizimdir”. Bunu ayırmaq olmaz, əsrlərlə hamı birgə olub.
Azərbaycanda erməni muxtariyyətinin mövcudluğu da bununla bağlıdır. Ancaq lazımdır ki, bu muxtariyyət doğrudan da mövcud olsun və bütün imkanlarından istifadə etsin. Məsələnin həllini də bax burada axtarmaq lazımdır. Ancaq bizim köməyimiz, müdaxiləmiz olmadan. Yoxsa onlar qızışacaq. Bu, situasiyanın tamamlanması ilə bağlı atılmalı olan ilk addımdır. İkincisi, dünən bizim söhbətimiz oldu. Ola bilsin, milli məsələlər üzrə partiya konfransını və plenumu gözləmədən, ehtiraslar sakitləşəndə müşavirə toplayaq və işçi söhbət aparaq. Çünki həmin konfrans ilin sonlarından tez keçirilməyəcək. Həmin müşavirəyə birinci katibləri, Ali Sovetlərin Rəyasət Heyətlərini, vilayət icraiyyə komitələrinin sədrlərini toplamaq olar. Bu zaman bürokratik çərçivə ilə məhdudlaşmayıb ziyalıların nümayəndələrini də dəvət edə bilərik ki, inandırıcı söhbət olsun.

Qromıko: Ümumittifaq müşavirəsi formasında.

Qorbaçov: Bəli, Mərkəzi Komitədə ümumittifaq müşavirəsi, ancaq rəhbər orqanların təmsilçilərinin və bizim respublikaların ziyalı nümayəndələrinin iştirakı ilə. Şərait yaratmaq lazımdır ki, onlar da çıxış etsinlər: həm yazıçılar, həm alimlər. Bu müşavirənin bürokratik olmaması lazımdır. Yoldaşlar, yəqin ki, biz bu cür müzakirəsiz keçinə bilməyəcəyik.

Qromıko: Mən bu müşavirənin təşkili barədə fikirləşərəm. Siz tamamilə doğru dediniz. Bayaq Leninin belə vəziyyətlərdə necə hərəkət etdiyi barədə misal gətirdiniz. O hesab edirdi ki, hər halda orada problemlər var. Demirdi ki, siz haqlısınız, siz isə haqlı deyilsiniz. Görünür o vaxt o bununla məşğul olmaq iqtidarında deyildi. Ona görə də hansısa məsələlər var.

Qorbaçov: Biz indi sizinlə onu bilirik ki, həmin vaxtlarda Lenin xəstəliyi ilə bağlı ümumiyyətlə işlərdən kənara çəkilmişdi. Lakin indi biz mövcud reallıqlardan çıxış etməliyik.

Qromıko: Mənə elə gəlir ki, bu düzgün ideyadır, hadisələrin səbəblərini dərindən araşdırmaq, qruplar göndərmək, nümayəndə heyətləri təşkil etmək və Sizin dediyiniz həmin istiqamətlərdə işlər aparmaq lazımdır. Ancaq neqativ münasibət yaramayacaq. Yalnız sıxışdırmaqla olmaz. Bu respublikaların rəhbərləri heç də hadisələrin yüksəkliyində dayanmayıblar. Onların bu hadisələrdə əli nə dərəcədədir? Hesab olunur ki, əhəmiyyətli dərəcədə.

(Ardı var)

Fərhad MƏMMƏDOV

Hiç yorum yok: