Umuxanım Hüseynzadə:
"Amalımız Azərbaycan türkünün haq səsinin dünyaya yaymaqdır"
“Savaşımız Qarabağ deyil - Bütöv Azərbaycandır!”
“Bizi din və təriqətlər vasitəsilə bu boyuk ideologiyadan uzaqlaşdırıb dar çərçivələrə salmaq istəyirlər. Məqsədimiz böyük amal uğrunda savaşmaqdır! Şəxsən mənim Türk xalqlarının birliyi məsələsindəki gördüyüm süjet xətti öncə parçalanmış Azərbaycan torpaqlarının birləşdirilməsi düşüncəsidir”
Sosial şəbəkələr xəbəri mətbuat qədər peşəkar yaymasalar da, informasiya ötürücülüyündə jurnalistlərin sağ əlinə çevriliblər. Onların bir qismi sırf populyarlıq, özünü tanıtmaq, reytinq, pul qazanmaq məqsədində olsalar da, digər qismi isə gerçəkdən fayda vermək, cəmiyyətə yararlı informasiyalar ötürmək və çiyninə götürdüyü xeyirxah missiyanı gerçəkləşdirmək üçün xəbər yayımında liderlik etməyə çalışır. Bu məqsədlə də çoxsaylı üzvü olan aktiv qruplar yaradırlar.
İndi haqqında danışacağımız qrupa kimlərisə cəlb eləməyə ehtiyac yoxdu. Çünki bu qrupun məramı özünü türk sayan hər bir kəsin ürəyindən xəbər verir. Həmsöhbətimiz “Bütün dünya türkləri birləşin!” qrupunun yaradıcısı Birləşmiş Dünya Azərbaycanlıları (BDAT) Təşkilatında Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Umuxanım Hüseynzadədir:
Dosye: Umuxanım Hüseynzadə 19 oktyabr 1974-cü ildə anadan olub. Əslən Bakılıdır. Yaradıcı, istedadlı nəslin nümayəndəsidir. Zamanında çox tanınmış xanəndə Məşədi Məmməd Fərzəliyevin, Azərbaycan rəqqası, Azərbaycan SSSR xalq artisti, rəqs quruluşçusu, Əlibaba Abdullayevin nəslindədir. 1999-cu ildə Qərb Universitetinin Politologiya fakultəsini, 2003-cü ildə isə Beynəlxalq Əlaqələr üzrə Magistratura dərəcəsini bitirib, politoloq və beynəlxalq əlaqələr üzrə mütəxəssis ixtisasına yiyələnib. Ailəlidir, iki övladı var. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatında (BDAT) Beynəlxalq Əlaqələr Departamentinin rəhbəridir. Özünün dediyi kimi Azərbaycanı dünya arenasında mükəmməl şəkildə təbliğ etmək, dövətçiliyimizin qorunmasında bacardığı xidməti göstərmək, Azərbaycan türkünün haqq səsini dünyaya yaymaq kimi amalı var.
“Fəxrlə deyirəm : Mən qeyri-şovinist türk millətçisiyəm”
- Statuslarınızda Şuşa nisgili qabarıq görünür. Sizi Şuşaya bağlayan nədir?
- Vətənin Şuşası, Qarabağı olmaz, mənim üçün hər yer vətəndir, hər torpağımız əzizdir… Məgər Zəngəzur, İrəvan vətən torpağı deyilmi? Qarabağ sadəcə bu torpaqlar üçün savaş aça biləcəyimiz muqəddəs yerdir. Savaşımız Qarabağ deyil - bütöv Azərbaycandır! Doğma Azərbaycanımızı bölgələrə bölməyi sevmirəm.
Sizə tərəfimdən yazılan kiçik bir şeir ilə “məni Şuşaya nə bağlayır” sualınıza cavab verirəm:
Məndən soruşmayın haralıyam..!
Şuşalı, Bakılı, yoxsa Təbrizli?
Bəlkə Şəki, Şirvan, Turan, İrəvan?
Deyirəm sözümü mən birdəfəlik.
Cənublu, Şimallı, Qərbli, Şərqliyəm...
Mən bir olan Azərbaycan Türküyəm!
Qarabağ, Şuşa, parçalanmış Azərbaycan nisgili mənim ürəyimdə vətənsevər bir Azərbaycan vətəndaşı kimi torpaqlarımızın işğalçı xain qonşularımızdan azad olunduğu günə qədər davam edəcək. Bu nisgil yalnız Azərbaycan bayrağının təkrar əzəli-əbədi yurdumuz olan torpaqlarımızda sancıldığı zaman bitəcək.
Türkçülüyə önəm verməm soyumdan, kökümdən irəli gəlir. Mən türk millətçisiyəm və qürurla deyə bilərəm ki, mən öz Türk millətimlə fəxr edirəm. Lakin bununla yanaşı, qeyd etmək istəyirəm ki, mənim türk millətçiliyim şovnizmə, irqçiliyə və digər millətlərin mədəni-irsi ənənələrinə qarşı heç bir ziddiyyət əks etdirmir və sadaladığım anlayışlara tamamilə zidd olan bir ideyadır. Bizim millətçiliyimiz milli özünümüdafiə, türk milli ruhunun qorunması, onun dirçəldilməsi, dünyaya çatdırılması və türk birliyinə nail olmaq uğrunda mübarizə olmalıdır.
Mənim üçün millətçilik müqəddəs bir anlayışdır. Stalin deyirdi ki, millətin millət olması üçün onun ərazi bütövlüyü olmalıdır. Amma Stalin o tərifi verəndə İsrail dövləti hələ yox idi. Ancaq yəhudi milləti isə var idi. Yaxud heç kim deyə bilməz ki, qaraçı milləti mövcud deyil, halbuki onun vətəni yoxdur. Biz öz milli siyasətimizi elə qurmalıyıq ki, ölkəmizdə yaşayan digər etnik kökdən olan həmvətənlərimizin, azsaylı xalqların da mənafeyi nəzərə alınsın. Onları özümüzə düşmən etmədən öz birliyimizə nail olmalıyıq. Bunu deməkdə məqsədim əsla dini və irqi ayrı-seçkilik etmək deyil. Sırf türkçülüyümüzün, milli və mənəvi dəyərlərimizi dərindən anlayıb, ona sahib çıxmağımızdır. Bunu bir dəfəlik yadda saxlamaq lazımdır ki, milli ruhumuzu itirməmək, qədim adət-ənənələrimizin, mənəvi dəyərlərimizin bədhax qonşularımız tərəfindəm oğurlanmaması üçün tariximizi daha dərindən öyrənərək birliyimizi təmin etməliyik. Türkün qurtuluşu yalnız birliyindədir!
“BDAT - şəffaf, azad , ədalətli cəmiyyət quruculuğu üçün bütün təşəbbüsləri səfərbər edir”
- Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatını yaratmaqda məqsəd nədir və nə öhdəlikləri var?
- Təşkilat zərurətdən yaranıb. Müasir və dünya siyasətilə maraqlanan hər bir şəxsə aydındır ki, xarici lobbiçilik ölkələrin iqtisadi və siyasi maraqlarının təmsilçiliyini inkişaf etdirən və tamamilə mədəni əlaqələri özündə birləşdirən bir təbliğat fəaliyyətidir. Bu gün dünyada baş verən bir çox siyasi, iqtisadi, hətta hərbi xarakterli hadisələr hansısa təşkilatların lobbiçilik fəaliyyəti ilə əlaqəlidir. “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı” (BDAT) Dünya Azərbaycanlılarının birləşməsi və demokratikləşməsi, eləcə də Azərbaycanda yaşayan vətəndaşların azad və ədalətli cəmiyyətin inkişafı istiqamətində müxtəlif sahələrdə fəaliyyət göstərən, ictimai fəalların birləşdiyi bir platformadır.
Təşkilatın məqsədi dünyada yaşayan azərbaycanlıları bir təşkilat altında birləşdirərək mühitə dialoq, barış və sağlam rəqabəti inkişaf etdirmək, eləcə də şəffaf, azad və ədalətli cəmiyyət quruculuğu üçün bütün təşəbbüslərin səfərbər edilməsini həyata keçirməyi özünə məqsəd bilir. “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı” (BDAT) adlı qurum dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatlarının qatılımı ilə qərarlaşdırılıb. Təşkilatın yaradılmasında məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə inteqrasiya prosesinə dəstək olmaq, dünya xalqları və toplumları ilə işbirliyi yaradaraq qarşılıqlı hörmət və dostluq səviyyəsində fəaliyyət göstərməkdir.
“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı” (BDAT) beynəlxalq təşkilat olaraq eyni zamanda Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə və sivil dünya təşkilatlarına çatdırmağı özünə məqsəd bilir.
Təşkilatımız bir çox dovlətlər tərəfindən maliyyələşən yalnız dünya dövlətlərində apardığı təbliğat işlərinin yarıtmaz səviyyədə olmasını müşahidə edərək, çatışmamazlıqları aradan qaldırmaq, lobbiçiliyin və diaspora işlərinin inkişafına təkan vermək və nəhayət xaricdə yaşayan AZƏRBAYCANLILARIN vətənlə sıx əlaqə qura bilməsi, dərdlərini bölüşə bilməsini təmin etməyi, vahid ideologiya ətrafinda birləşə bilməyi, mobil olmağı, düşmənə qarşı butun ölkələrdə səfərbər olmağı özünə məqsəd bilir!
Qeyd edim ki, bu ilin mart ayında Novruz bayramı ilə əlaqədar keçirilən tədbir üçün Türkiyə koordinatorumuzun dəvətilə İzmir şəhərində səfərdə olmuşuq. Səfər zamanı təşkilatın rəhbər nümayəndələri İzmir şəhərinin bir neçə rəsmilərilə görüşüb. Görüşdə Azərbaycan tarixinin qan yaddaşına Xocalı Soyqırımı kimi həkk olunan faciəmizin təbliğatı ilə bağlı dövlət rəsmilərinə müraciət edildi. Müraciətdə növbəti ildönümünə qədər Xocalı faciəsini ziyalılarımızın və tarixçilərimizin vasitəsilə ictimaiyyətə çatdırmaq üçün 3 günlük anım gününün keçirilməsi, İzmir şəhərinin sahilə açılan parklarının birinə Xocalı parkı adının verilməsi və qanlı faciəni xatırladan abidənin ucaldılması haqqında böyük bir işə imza atıldı. Eləcə də bu il 28 May Azərbaycanın müstəqilliyinin 99-cu ildönümü ilə əlaqədar Türk dünyasının vuran ürəyi olan Tatarıstanın Kazan şəhərində ictimaiyyəti maarifləndirmək və orada yaşayan azərbaycanlıları bu şərəfli gün münasibətilə təbrik etmək üçün böyük bir tədbir həyata keçirilib. Bu silsilə tədbirlər təşkilatın könüllüləri tərəfindən maaliyyələşdirilərək həyata keçirilir. Bizlər Azərbaycanımızın həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səfərbər olmuşuq. “Hər şey vətən üçün” deyib, bu böyük missiyanın daşıyıcılarıyıq.
“Dünyanın hər yerində türklər yaşayır deyə, türkçülük ideyamız dünya boydadır”
- Türk xalqlarının birliyi məsələsi həmişəki kimi yenə aktualdır. Bu birliyi nədə görürsünüz?
- Bu gün insan haqqları deyilən bir kontekst var ki, dünya gücləri dünyanı həmin prizmadan idarə edirlər. Bura 5 muddəa daxildir. Onlardan biri də insanların milli və mənəvi dəyərlərinin qorunub saxlanmasıdır. Lakin bizim milli dəyərlərimiz təkcə Azərbaycan daxilində deyil. Dünyanın hər tərəfində türklər yaşayır. Demək, ideologiyamız da dünya boydadır! Bizi din və təriqətlər vasitəsilə bu boyuk ideologiyadan uzaqlaşdırıb dar çərçivələrə salmaq istəyirlər. Məqsədimiz böyük amal uğrunda savaşmaqdır! Şəxsən mənim Türk xalqlarının birliyi məsələsindəki gördüyüm süjet xətti öncə parçalanmış Azərbaycan torpaqlarının birləşdirilməsi düşüncəsidir. Çünki Vahid Azərbaycan Türk dünyasını birləşdirən və bilavasitə türk xalqlarını eyni ideologiya altında hərəkət etməyə təkan verəcək bir coğrafiyaya və tarixə malikdir. Bütün hallarda türk dövlətləri sıx birləşərək ümumi bayraq altında digər dünya dövlətləri tərəfindən özlərini qəbul etdirməlidirlər. Türklər bəşər tarixi yazıldığı gündən bu günə qədər böyük imperiyalar quran və olduqca adil idari-üsulla dövlət idarəçilik sisteminə malik olmuşlar. Lakin güc dövlətlərinin siyasi manevrləri və dini etiqadlarına uyaraq xarici güclərin dağıdıcı ideoloji basqısı nəticəsində hər dəfə içdən-içə parçalanmışlar. Fikrimcə, əgər türk dövlətləri vahid bir güc tərəfindən, milli məfkurəyə dayanan idealogiya altında birləşərsə, bu böyük dünya güclərə meydan oxuyacaq. Bildiyimiz kimi uzun illər Rusya sovetləri ərazisində yaşayan turkdilli xalqları bir millət olaraq nəinki inkişaf etməyə qoyub, hətta deyərdim ki, bacardığı qədər önünü kəsib. Əgər bu belə olmasaydı, tariximiz təhrif olunaraq min bir parçaya bölünüb, torpaqlarımız ucdan-uca satılmaz və hərəmiz ayrı-ayrı bir millət adıyla damğalanmazdıq. Məhz türklərin eyni coğrafiyada birləşib inkişaf etməsi, böyük gücə sahib olması super güc dövlətlərini tarix boyu qorxuya salıb. Çünki bizə məxsus olan coğrafi landştaft və relyef çox münbit şəraitə və bol bəhrəli torpaqlara sahibdir. Təbii ki, bu da iqtisadi gucü genişləndirərək dünya bazarını ələ almağa əsas yaradacaq.
“Bütün dünya türkləri, birləşin” qrupu başqa millətlərə qarşı deyil
- “Bütün dünya türkləri, birləşin” səhfənizin türk xalqlarının mənəvi birliyində nə kimi rolu var?
- Bu qrupu yaratmaqda məqsədimiz bütün dünyada yaşayan türkdilli xalqlar arasında vahid informasiya mərkəzi yaratmaq olub. Burada dərdimizi-sevincimizi bölüşüb, problemlərimizin həlli yollarını müzakirə edir, ortaq dəyərlərimizə sahib çıxmağın yollarını araşdırırıq. Qrup başqa millətlərə qarşı hər hansı bir məqsədlər üçün nəzərdə tutulmayıb. Yəni dünyanın harasında olursa olsun Türklər barəsində nə baş verirsə, ilkin olaraq bunu biz işıqlandırırıq. Qeyd edim ki, qrupumuzun artıq 70 000 üzvü var. Bu qrupun yaradılmasında əməyi keçən digər inzibatçılara da öz təşəkkürümü bildirirəm.
Türk birliyinin yaranması üçün vahid, milli ideologiyaya sahib olmaq lazımdır. Bu gün bu yolda təriqətlər bizi bölür, qarşı-qarşıya qoyur. Çalışıb bu təriqətlərdən uzaq durmaq lazımdır. Milli məfkurəmizin təbliğatına geniş yer ayırmalıyıq. Bir daha vurğulamaq istəyirəm ki, milli məfkurə və milli idealogiyanın inkişafı, eləcə də öz taleyini doğru istiqamətdə dəyişə bilmək hər millətin öz əlindədir. Əgər biz bir millət kimi öz irsimizi qoruyub saxlamaq, inkişaf etdirmək, gələcək nəsilimizin tükənməyib törəməsini istəyiriksə, bütün yad idealogiyaları özümüzdən uzaq tutmalı və türk birliyinə nail olmalıyıq. Bu türk irqinin və irsinin xilas yoludur!
“Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çox geniş imkanlar var”
- Profilinzdə yazılıb ki, kənd təsərrüfatı mütəxəssisi olmusunuz. Belə çıxır ki, tamam fərqli sahələrdə özünüzü sınamısız? Hazırda Azərbaycanın iqtisadi böhrandan çıxış yolunu bir çox mütəxəssislər kənd təsərrüfatının inkişafında görürlər. Siz necə?
- 1994-cü ildə Kənd Təssərrüfatı Nazirliyində kargüzarlıq vəzifəsindən başlayaraq Beynəlxalq Əlaqələr departamentində tərcüməşi-mütəxəssis vəzifəsinə qədər yüksəlmişəm. Birləşmiş Millətlər Təşkilatının FAO, UNCİARE TRADİNG WHO İS WHO WORLD HEALTH ORGANİSATİON kimi bir sıra beynəlxalq təşkilatlarla fəaliyyət göstərmişəm. Azərbaycandan ilk olaraq FAO təşkilatına nümayəndə heyətinin seçilməsində yaxından iştirak etmişəm. Daha sonra müxtəlif sahələrdə, eləcə də bir neçə özəl sektorda aparıcı mütəxəssis və rəhbər vəzifələrdə çalışmışam. Ailə qurduğum üçün nazirlikdən uzaqlaşdım.
Hazırda sosial-iqtisadi durumumuzdakı sıxıntıya gəlincə, tək Azərbaycan deyil, bu gün bütün dünyada sağlam qida aktual məsələyə çevrilir. Dünyada aparıcı dövlətlər qida maddələrinə kimyəvi qatqılar qataraq insan ömrünü təhlükə altına salır, bu səbəbdən ekoloji təmiz qida dünya bazarlarında çox baha qiymətə satılır. Hətta Amerikada xüsusi mağazalar fəaliyyət göstərir ki, üstündə - ekoloji təmiz qida qeyd olunur. Yəni burada olan ət məhsulu adi mağazadakından 5-6 dəfə bahadır. Sanıram Azərbaycan bu sahədə dünya liderliyini əldə edə bilərdi. Mən dəfələrlə Türkiyəyə səfərlərdə olarkən ölkədən ət məhsullarının vətəndaşlarımız tərəfindən gömrük vasitəsilə xaricə daşınmasının şahidi olmuşam. Bu da onu deməyə əsas verir ki, bizim ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsullarına xaricdə təlabat var. Bu işə tək maneə heyvandarlığın və kənd təsərrüfatı məhsullarının inkişafının Azərbaycanda zəif olması, gömrükdəki rüşvətxorluq və yüksək rüsumlardır. Eləcə də qeyd etmək istəyirəm ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çox geniş imkanlar var. Bundan səmərəli istifadə olunarsa, mükəmməl nəticələr əldə etmək mümkündür. Ölkə iqtisadiyyatının tək neft və qaz hasilatından əldə olunan gəlirlər hesabına idarə etmək dar çərçivəyə sıxılmaq anlamındadır. Hal-hazırda dünya bazarında böyük dövlətlər tərəfindən oynanılan bir sıra siyasi oyunların nəticəsidir ki, Azərbaycanın brend markası olan nefti ucuza satılaraq, dövriyyədə manatın sıxışdırılmasına səbəb olur və ölkə iqtisadiyyatının idarə edilməsi çətinləşir.
“Türk birliyi türk dövlətlərinin iqtisadi təcrübələrinin bölüşüdürlməsindən keçir”
- Kənd təsərrüfatı, iqtisadi inkişaf baxımından türk xalqlarının təcrübələrinin bölüşülməsinin türk birliyində nə kimi əhəmiyyəti ola bilər?
- Kənd Təsərrüfatı üzrə mütəxəssis olmasam da araşdırmaların nəticəsi olaraq qeyd etmək istəyirəm ki, kənd təsərrüfatında "Kənd təsərrüfatı mədəniyyəti" deyilən bir anlayış var. Türk xalqları çox böyük mədəniyyətə malikdir və düşünürəm ki, bu mədəniyyətin birləşdirilməsi iqtisadiyyata geniş təkan verəcək. Məsələn, çoxlu sayda heyvan, quş, bitki növləri var ki, bunlar bizə seleksiya yolu ilə dədə-babadan miras qalib, biz gərək bu mirasa sahib çıxaq. Sadə bir misal deyim - adi bir Oynaq Bakı göyərçinlərinin bir ədədini ermənilər 5000 dollara alıb kənd təsərrüfatı mədəniyyəti kimi öz adlarına çıxarmaq istəyirdilər. Bu sizə çəkdiyim sıradan bir misaldır.
hurriyyet.org
& Vətənsevərlər
09.06.2017
Z.Bjezinski: “Qarabağda müharibə qaçılmazdır, azərbaycanlılara məsləhət görərdim ki...”
“Rusiya hətta özünün çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcək. O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək.
Mayın 26-da ömrünün 89-cu ilində dünyaca məşhur geosiyasətçi və politoloq, SSRİ və kommunist sistemi üzərində qələbənin ideoloqu, “Soyuq müharibə” dönəmindən sonrakı dünya düzənin arxitektorlarından olan Zbiqnev Bjezinski dünyasını dəyişdi. Lakin Bjezisnki həyatda olmasa da, onun qiymətli fikir və proqnozları, əsərləri yəqin ki, hələ uzun müddət dünya siyasətinə öz təsirini göstərəcək.
Bu xüsusda Britaniyanın Lester Universitetinin beynəlxalq əlaqələr şöbəsinin elmi əməkdaşı, erməni əsilli ekspert Eduard Abramyanın ölümündən az öncə Bjezinski ilə etdiyi söhbət diqqət çəkir. Söhbətdə Azərbaycanın da daxil olduğu Güney Qafqazın gələcəyi, Dağlıq Qarabağ problemi və Rusiyanın bölgəyə yönəlik siyasəti əsas müzakirə predmeti olduğundan və aktuallıq kəsb etdyindən, onun özətini təqdim edirik.
***
Erməni ekspert yazır: “Söhbətdən öncə Bjezinski məndən xahiş elədi ki, onun bir sualına cavab verim. Sula isə belə idi: “Sizcə, Ermənistan dövlətçiliyi üçün ən böyük təhlükə hansı ölkədir? “Birmənalı şəkildə - Rusiya” cavab verdim. Onun ovqatı dərhal dəyişdi. “Təşəkkür edirəm. Təşəkkür edirəm ki, ABŞ demədiniz. Yoxsa ki, zamanında belələrinə də rast gəlmişəm” dedi”. Bundan sonrakı fikirlər yalnız Z.Bjezinskiyə məxsusdur:
“Obamanın səhvi onda idi ki, onun xarici siyasəti sırf demokratik dəyərlər sisteminə əsaslanırdı. Tarix göstərir ki, normativ prinsipi üzrə ABŞ-ın qlobal siyasətini qurmaq mümkün deyil. Praqmatizmlə isə ABŞ-ın Rusiya siyasəti daha da sərtləşəcək – münasibətlərin normallaşmasına deklarativ səylər saxlanmaqla. Rusiyaya münasibətdə ABŞ təkcə strateji çəkindirmə siyasəti deyil, həm də zəiflətmə siyasəti yürüdəcək.
10-15 il sonra siz Rusiyanı tanımayacaqsınız! 10-15 il sonra Rusiya öz problemləri içində boğulan, xarici siyasətlə məşğul olmaq həvəsindən məhrum, ələlxüsus da Avrasiya inteqrasiya planlarına həvəsini itirmiş bir ölkə kimi olacaq. Bizim vəzifəmiz də odur ki, Moskva öz ərazisində olan problemlərin həlli ilə məşğul olsun və ondan ötrü xarici siyasət, xüsusən də yaxın qonşulara münasibətdə siyasət ikinci və üçüncü dərəcəli olsun. O halda Rusiya yəqin ki, yenidən özünü kəşf edəcək – müstəmləkəçi, təftişçi təzahürlərdən əl çəkərək və nəsli dəyişməsinin nəticəsi olaraq. Biz onların üzünə gülümsəməkdə davam edəcəyik, dialoqun vacibliyini qeyd edəcəyik, ancaq eyni zamanda Rusiyanın zəifləməsinə yönəlik işlərimizi də davam etdirəcəyik.
Həmin baza heç də Ermənistanı Türkiyədən qorumaq üçün yerləşdirilməyib.
Ermənistan – dünyada yeganə dövlət vahididir ki, Rusiyanın təftişçi və təkidli siyasətini sədaqətlə müdafiə edir və bu zaman özünə sual vermir ki, bu, onun özünə lazımdır, ya yox. Ermənistan belə mövqenin nəticələrini dərk edirmi? Fikrimcə, yox. Bu gün Ermənistan ABŞ üçün böyük problemləri olan ölkə qismində deyil, bu cür açılmalıdır: ABŞ Ermənistanla münasibətlərdən hansı fayda götürə bilər?
Başqa sözlə, İrəvan təşəbbüskar kimi çıxış eləməli və təkliflər verməlidir, nəinki bunu ABŞ-dan gözləməlidir. Vaşinqtondan belə təkliflər daha olmayacaq. Siz anlamalısınız ki, sizin üçün regional təhlükəsizlik yalnız Gürcüstanın təhlükəsizliyinin təmin olunması kontekstində maraq kəsb etməyə başlayacaq. Nə qədər ki, Ermənistan və Azərbaycan NATO ilə inteqrasiya eləmək istəyi göstərməyib, ABŞ-ın Güney Qafqaza münasibətdə siyasəti çətin ki, indikindən fərqli olsun.
Azərbaycanla Ermənistan hələ çox qan axıdacaq. Bizim Qarabağ məsələsində passivliyimiz maskalanmış laqeydliklə əvəz oluna bilər, nədən ki, tez-tez həm Ermənistan, həm də Azərbaycan artıq Rusiyanın təsiri altında olan rejimlər kimi təsnif edilirlər. Deməli, siz müharibəyə hazır olmalısınız – hansı ki, qaçılmazdır. Rusiya zəifləyəcək və o zaman ya siz, ya da Azərbaycan qarşı tərəfi məğlubiyyətə düçar eləməklə qələbə qazanmaq imkanı əldə edəcəksiniz. Yeri gəlmişkən, burda olsaydılar, eyni şeyi mən azərbaycanlılara da məsləhət görərdim.
Düşünürəm ki, konfliktlərə münasibətdə dünya düzəninin çəkindirici rolu zamanla zəifləyəcək. Təəssüf ki, mən sizin probleminizin (Dağlıq Qarabağ –red.) tezliklə öz həllini tapacağına inanan adamlar cərgəsinə aid deyiləm – xüsusən də indi, Rusiyanın orada manipulyasiya imkanları hələ ki böyük olduğu zamanda. Ancaq Azərbaycanla Ermənistan daha bir şeyi nəzərə almalıdır: müharibə başlayarsa, Qərbdən qan tökülməsini dayandırmaqla bağlı çağırış və bəyanatlar səslənəcək.
Amma sizin (Azərbaycan və Ermənistanın – red.) problemi öz xeyrinizə həll eləmək təşəbbüsünüz Rusiyanın müqavimətinə tuş gələcək. Regionda qəti dominantlığa nail olmaq üçünsə Moskvaya Ermənistan yox, Azərbaycan lazımdır. Deməli, Bakı ilə münasibətlər, Azərbaycanın Rusiya strukturlarına inteqrasiyası və Azərbaycanın xarici siyasətində Moskvanın rolunun artması sanksiyalar və izolyasiya şəraitində olan Kreml üçün daha vacibdir, nəinki Ermənistan faktoru.
Məhz bu hesablamalardan çıxış edərək də Rusiya İranı sizinlə (Ermənistanla-red.) yox, məhz Azərbaycanla iqtisadi, kommunikasiya planlarının reallaşmasına həvəsləndirir və itələyir. Nədən ki, Azərbaycanda İran-Rusiya proqramlarının həyata keçməsi Moskvanın Bakıya təsirini artıracaq.
Rusiya hətta özünün çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcək. O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək ki, buna da hazır olmaq lazımdır. Həmin baza heç də Ermənistanı Türkiyədən qorumaq üçün yerləşdirilməyib. Türkiyədən Ermənistana təhlükə yoxdur, çünki o, bütünlüklə ABŞ tərəfindən nəzarətdə olub və olacaq...
Vaşinqtonda, siyasi dairələrdə, həm demokratlarda, həm də respublikaçılarda belə rəy var ki, Ermənistan öz maraqları ilə siyasi etimada layiq deyil. Tez-tez də o, hətta öz maraqları əleyhinə Rusiyanın maraqlarına xidmət edən ölkə kimi qəbul olunur. Ancaq istək və fəaliyyət olarsa, bunu dəyişmək mümkündür”.
Siyasət şöbəsi,
musavat.com
29-05-2017 11:56
10 MİN TÜRK ƏSGƏRİ BURADA ACLIQDAN, SUSUZLUQDAN, İLANVURMADAN ÖLÜB.
Birinci Dünya Müharibəsində rusların işğalı zamanı 10 mindən artıq türk əsgərinin əsir saxlandığı Xəzər dənizindəki Nargin adası özündə çox sirləri saxlayır.
Cebhe.info xəbər verir ki, Böyük Zirə adlandırılan adada saxlananlar arasında türk pilot Vecihe Hürküş da olub. Vecihe Hürküş adaya yaxın yerdə yaşayan sakinlərin köməyi ilə əsirlikdən xilas edilib. Bakıda dəniz sahilinin 11 kilometr məsafəsində yerləşən adadan Sarıqamış şəhidliyinə tökülmək üçün torpaq götürülüb.
Bu günlərdə adaya səfər edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib ki, adaya 1-ci Dünya Müharibəsində Anadoluda əsir alınan və xüsusilə də Sarıqamışda donaraq şəhid olmaqdan qurtlasa da ruslara əsir düşən türk əsgərləri gətirilib. Türk əsgərləri böyük ehtimalla öldürülərək ərazidə kütləvi məzarlıqda dəfn edilib. Adaya 12-20 min arası əsirin gətirildiyi təxmin edilir. Sarıqamışdakı əsgərlərin adaya gətirilməsi və ordan da bir hissəsinin Sibirə aparılması tarixi o qədər də öyrənilməyib.
Adada əsir saxlanan türk əsgərlərə Azərbaycan əhalisi böyük yardım edib. Bakı sakinləri Türkiyə əsirlərinin vəziyyətini öyrəndikdən sonra Rusiya tərəfi ilə məsələnin müzakirəsinə başlayıb. Bundan sonra adaya ərzaq aparılmasına başlanılıb. Bir müddət sonra isə əsirlər üçün həftə sonları üçün icazə verilməsinə razı salmağa müvəffəq olub. Əsgərlər həftə sonları Bakı sakinlərinin evində qonaq qalıb. Hətta sakinlər həyatlarını təhlükə qarşısında qoyaraq əsirlərin qaçırılmasına da kömək ediblər.
Qeyd edək ki, 3.1 km uzunluğu olan Nargin bölgənin ən böyük adası hesab olunur. Su qaynağı, bitki örtüyü yoxdur. Çox sayda ilanlar olduğuna görə ilanlı ada da deyirlər. Sovetlər dönəmində hərbi məqsədlərlə istifadə edilib. Havadan Müdafiə Sistemi yerləşdirilib. SSRİ dağıldıqdan sonra ada boşaldılıb. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin nəzarətindədir. Mülki şəxslərin adaya getməsinə icazə verilmir.
Adada əsir saxlanan türk əsgərlərinin bir hissəsi susuzluq, aclıq və ilan zəhərlənməsindən həlak olub. Digər hissəsi isə rus əsgərləri tərəfindən güllələnib. Hazırda Türkiyədə bu adada şəhidlərin xatirəsinə abidə ucaldılması müzakirə edilir.
Qeyd edək k, bu günlərdə adaya Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, hərbi attaşe Zəfər Ocak, Azərbaycan Dəniz Qüvvələri komandan müavini Natiq Bağırov, Kars Serhat Boyları Dərnəyinin başqanı Məhərrəm Yıldız qatılıb.
Cebhe.info
GÖRKƏMLİ ARAŞDIRMAÇI ƏDALƏT TAHİRZADƏ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN HƏYATI İLƏ BAĞLI YENİ TARİXİ FAKTLAR ÜZƏ ÇIXARIB
TARİXÇİ ALİMİMİZ M.Ə.RƏSULZADƏNİN HƏBSİNƏ YARDIM EDƏN ŞƏXSİN ŞƏKİLLƏRİNİ DƏ TƏQDİM EDİB :
Səfərbəyov Əliabbas Nəsrulla oğlu
“1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra M.Ə.Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu “xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar.
Ə.Tahirzadə Ə.Səfərbəyov haqqında məlumatları və şəkilləri MTN-nin arxivindən əldə etdiyini bildirib: “Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var. Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”.
***
Musa Carulla Bigiyev
Ə.Tahirzadə eyni zamanda M.Ə.Rəsulzadəni həbsdən azad edildikdən sonra xaricə getməsinə yardım edən iki şəxsin xidmətlərini də vurğulayıb. Onun dediyinə görə, müsavatçı həkim Dadaş Həsənzadə və Kazan türklərinin görkəmli ilahiyyatçısı Musa Carulla Bigiyev Rəsulzadənin Sankt-Peterburqdan Finlandiyaya qaçmasına kömək ediblər.
***
Dadaş Həsənzadə
“Məhəmməd Əminin Sank-Peterburqdan Finlandiyaya qaçışını təşkil edənlər içərisində müsavatçı Dadaş Həsənzadə də olub. Onlar Rəsulzadəni qayıqla Finlandiyaya aparıb çıxarıblar. Bu işdə ona Kazanda yaşayan ilahiyyatçı Musa Bigiyev də yaxından iştirak edib. Kommunustlər sonra D.Həsənzadəni ağır işgəncələr altında zindanda vəhşicəsinə öldürüblər. Lakin təəssüf ki, onun haqqında indiyədək bir məqalə yazılmayıb”.
Qeyd edək ki, M.Bigiyev “Qurani-Kərim”i Kazan türklərinin ana dillərinə tərcümə edərək hələ 1912-ci ildə nəşrinə nail olub. Həmin əsər 2010-cu ildə Tatarıstanın keçmiş prezidenti Şaymiyevin təşəbbüsü ilə yenidən çap olunub. Hazırda Musa Bigiyevin nəvəsi ilə dostluq əlaqələri olan Ə.Tahirzadə görkəmli ilahiyyatçının Azərbaycanda da tanınmasına çalışdığını deyib.
YAŞA, YAŞA, ÇOX YAŞA, EY ŞANLI AZƏRBAYCAN !
28 may bizim ücün nə deməkdir?
Əgər nəzərə alsaq ki, bugünkü müstəqil Azərbaycan 1918-ci ilin müstəqil Azərbaycanının davamı və varisidir, onda daha da aydın olur ki, bu gün fəxr etdiyimiz azad Azərbaycan öz tarixi başlanğıcını, 1918-ci ilin milli azadlıq hərəkatının nəticəsi olan Azərbaycan Xalq Cumhuriyyətindən alıb və bugünkü mövcudiyyətində mənəvi olaraq ona borcludur.
“ Əgər siz də N.Həmzəyəv kimi burnunuzdan uzağı görə bilmirsinizsə, problem gözünüzdə deyil, sorununuz bölgəçilik, yerlibazlıq və hakimiyyət hərisliyindədir ”
“Çox yazıqlar olsun ki, Azərbaycan xalqının yaxın tarixinin saxtalaşdırılması, Sovetler Birliyi dönəmində olduğu kimi davam etdirilir. Azərbaycan xalqının tarixinin saxtalaşdırılması prosesində əsas hədəf Azərbaycan Cümhuriyyəti dönəmi və həmin Cümhuriyətinin qurucusu M.Ə.Rəsulzadədir. Şübhəsiz ki, Cümhuriyətin və onun dövlət başçısının hədəfə alınmasının bir sıra ciddi nədənləri vardır. Cümhuriyət və onun dövlət başçısını hədəf alanların əsas məqsədlərindən biri Azərbaycan Cümhuriyyətinə gölgə salmaq, bunun fonunda ya Azərbaycan SSR və onun liderlerini, ya da indiki Azərbaycan Respublikasını və onun liderlərini önə çəkməkdir. Diqqət yetirsək görərik ki, bunu edənlər həm iqtidar düşərgəsində, həm də müxalifət düşərgəsində vardır”. Bu sözləri, M.Ə.Rəsulzadə irsinin tanınmış araşdırıcısı, AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq (Qəzənfəroğlu) Ələkbərov son zamanlar həm iqtidar (N. Həmzəyev və b.), həm də müxalifət düşərgəsində (Rəsul Quliyev və b.) Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadə haqqında səsələndirən qeyri-obyektiv fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu onun göstəricisidir ki, Cümhuriyyət və onun dövlət başçısını gölgədə qoymaq məsələsinə münasibətdə iqtidar və müxalifət düşərgəsində həmrəy olanlar vardır. Təbii ki, Cümhuriyət və onun dövlət başçısını haqqını verənlər, müdafiə edənlər isə iqtidar və müxalifət düşərgəsində daha çoxdurlar. F.Qəzənfəroğlu: “Sadəcə, Cümhuriyət və onun dövlət başçısını haqqını müdafiə edənlərin səsi az çıxdığı halda, Rəsulzadə əleyhdarlarının səsi daha yüksəkdən gəlir. Məncə, buna əsas səbəb də, Cümhuriyyət və Rəsulzadə əleyhdarlarının bu məsələdə planlı şəkildə birgə hərəkət etməlidirlər. Ancaq Cümhuriyyət və Rəsulzadənin tərəfdarları bu məsələdə obyektiv mövqe tutduqları üçün, hər hansı planlı hərəkətə də ehtiyac duymurlar. Ona görə də Cümhuriyyət və Rəsulzadənin tərəfdarları daha çox bu məsələdə müdafiəçi rolunda çıxış edirlər. Ən əsası Cümhuriyyət və Rəsulzadə əleyhdarları daha çox müəyyən bir bölgənin təmsilçiləri olduğu halda, Cümhuriyyət və Rəsulzadənin tərəfdarları isə nəinki Təbrizli Bakılı, Gəncəli Ərdəbilli Bütöv Azərbaycanda, Türk dünyasında səslərini ucaldırlar. Bizcə, Cümhuriyyəti və onun qurucusu Rəsulzadəni bu və ya digər şəkildə kölgə altına salmaq istəyənlərin daha çox müəyyən bir bölgənin təmsilçiləri olmaları və onların bugünkü həm iqtidarda, həm də müxalifətdə söz sahibi olmalarının da təsirinin nəticəsidir. Hər halda artıq heç kəsə sirr deyildir ki, Cümhuriyyəti və onun liderini hədəf alanlar müxalifətdə Sərdar Cəlaloğlu, Rəsul Quliyev və başqaları, iqtidarda Nizami Cəfərov, Zahid Oruc, Nafiq Həmzəyəv və başqaları olmuşlar. Burada ağırlığın Azərbaycanın hansı bölgəsinə düşməsi göz önündədir”.
M.Ə.Rəsulzadə irsinin tanınmış araşdırıcısı bildirdi ki, zaman-zaman Sərdar Cəlaloğlu, Rəsul Quliyev, N.Cəfərov, Zahid Oruc, N.Həmzəyev və başqalarının Cümhuriyyətin buraxdıqları səhvlərdən, Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin qurucusu olmamasından və s. bəhs etmələri təsadüfi deyildir. F.Qəzənfəroğlu: “Bu anlamda indi də Rəsul Quliyevin Azərbaycan xalqına tarix dərsi keçməsi yalnız riyakarlıq və şarlatanlıqdır. Quliyev deyir ki, Rəsulzadə gənc və təcrübəsiz olduğu üçün Milli Şuranın sədri seçilib, uzun müddətdə heç bir iş görməyib və s. Məncə, bu açıq-aşkar Azərbaycanın dövlətçilik tarixini qaralamaq, erməni-rus dəyirmanına su tökməkdən başqa çey deyildir. Rəsulzadə Azərbaycan Cümhuriyyəti bəyan olunmamışdan öncə artıq onun təməllərini, ideoloji prinsiplərini işləyib hazırlamışdır. Hələ, Zaqafqaziya Seymi mövcud olanda Müsəlman-Türk Fraksiyasının lideri olan Rəsulzadə birmənalı şəkildə Azərbaycan-Qafqaz türklərinin lideri idi. Rəsulzadə 1917-ci ildə ÜmumRusiya müsəlmanlarının Qurultayında Rusiyanın tərkibində olan Türk xalqlarının milli muxtariyyətinin irəli sürmüş və onun təklifi qəbul olunmuşdur. Rəsulzadənin uzaqgörənliyi sayəsində çox keçmədi ki, çar Rusiyasının tərkibində olan Türk xalqlarının bir qismi tam müstəqilliyini, digərləri isə yarım müstəqilliklıərini-muxtariyyətlərini əldə etdilər. Digər tərəfdən Rəsulzadə, o zaman yalnız Azərbaycanın deyil çar Rusiyasınln müstəmləkəsi altında olan bütün türklərin lideri idi. Hətta, Rəsulzadə 1917-ci ildə Rusiya Müəssisələr Məclisinə Türküstandan millət vəkili seçilmişdi. Çünki Rəsulzadənin gördüyü işlər bütün Türk dünyasına hesablanmışdı. Bunu, dar bir bölgə düşüncəsindən qurtula bilməyən, ya da dövrün tələblərindən çıxış edən edən Rəsul Quliyevlər, Naqif Həmzəyəvlər, Sərdar Cəlaloğlular da anlamalıdırlar”.
Gənc aıim bildirdi ki, Rəsulzadənin “28 may icslası”nda iştirak etməməsinin səbəbi, R.Quliyevlər kimiləri tək hakimiyyət davası deyil, Azərbaycanın milli varlığı maraqlandırması olub: “Həmin vaxt Rəsulzadə Batumda Türkiyə rəsmiləri ilə danışıqlar aparır, Türk əsgərinin Azərbaycana yardım etməsinə çalışırdı. Məhz Batumda aparılan danışıqların nəticəsi olaraq da Azərbaycan rus bolşevikləri və erməni daşnaklarından təmizləndilər. Digər tərəfdən, Rəsulzadənin böyüklüyü və Azərbaycan üçün fədakarlığı nəticəsində 1918-ci ilin iyununda Gəncədə Nuru paşayla Milli hökumət arasında yaranan böhran həll olunmuşdur. Rəsulzadə sədri olduğu Milli Şuranı buraxmaqla Azərbaycanın bugünkü varlığını qoruyub saxlamışdır”.
F.Qəzənfəroğlu qeyd etdi ki, Rəsulzadə 1918-ci ildə Türkiyədə olduğu bir-iki ay ərzində isə Azərbaycanın gələcək taleyini həll edən görüşlər keçirmiş, Bakının Azərbaycanın paytaxtı olması məsələsində siyasi iradə nümayiş etdirmişdir. Məhz Rəsulzadənin İstanbuldakı siyasi iradəsi Nuru paşanın Bakını düşmənlərdən təmizlənməsində və Azərbaycan Cümhuriyyətinin paytaxtı olmasında həlledici olmuşdur. F.Qəzənfəroğlu: “Bugünkü Bakı Dövlət Universtetinin qurulmasında da həlledici rolu Rəsulzadə oynamışdır. Təbii ki, Türk Cümhuriyyətinə “Azərbaycan” adı verilməsi, onun üçrəngli bayrağının müəyyənləşməsi Rəsulzadənin adıyla bağılıdır. Eyni zamanda, yeni dövrdə Türk-İslam dünyası üçün xarakterik olan demokratik dövlət ideyasının və onun gerçəkləşməsinin müəllidi də Rəsulzadədir. Cənab Rəsul Quliyev, bütün bunlar nağıl deyil bir gerçəklidir. Əgər siz də N.Həmzəyəv kimi burnunuzdan uzağı görə bilmirsinizsə, problem gözünüzdə deyil, sorununuz bölgəçilik, yerlibazlıq və hakimiyyət hərisliyindədir. Ona görə də, sizlərin heç bir haqqı yoxdur ki, Cümhuriyyət və Rəsulzadə haqında hədyanlar danışasınız. Guya, Quliyevi narahat edən digər Cümhuriyyət liderlərinin Rəsulzadənin kölgəsində qalması imiş!!! Təbii ki, sizləri narahat edən Cümhuriyyət liderlərinin Rəsulzadənin kölgəsində qalması deyil, Rəsulzadənin idealları və böyüklüyüdür! Mən, bunu Rəsulzadə irsini araşdıran, yəni 10 il bundan öncə Rəsulzadənin sosial-siyasi və fəlsəfi görüşlərini doktorluq dissertasiyası şəklində müdafiə edən, eyni zamanda “M.Ə.Rəsulzadənin dünyagörüşü” kitabının müəllifi kimi deyirəm”.
Xeberdar.net
07.12.2015 / 11-04