Translate

14 Mayıs 2017 Pazar

FAİQ ƏLƏKBƏRLİNİN TURANÇILIQ VƏ TANRIÇILIĞA AİD KİTABI NƏŞR EDİLDİ

Bu gün (15.05.2017) AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) Turançılıq və Tanrıçılığa aid yeni kitabı (Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, Xan nəşriyyatı, 2017. - 512 səh. ) nəşr olundu.


                                Bu kitabı əldə etməyi və oxumağı unutmayın


Bununla bağlı mətbuata açıqlama verən F.Ələkbərli bildirib ki, yeni kitabında Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilib: “Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarınınm tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilibr. Bununla yanaşı Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapmışdır”.

Azərbaycan türk aydının sözlərinə görə, eyni zamanda kitabda Türk xalqlarının təşəkkülü ilə bağlı onun etnogenezi, dini-mifoloji və fəlsəfi dünyagörüşü geniş şəkildə tədqiq olunmuşdur. Belə ki, monoqrafiyada Tanrıçılıq fəlsəfəsinin mahiyyəti, onun Şamanizmə, Mağlar təliminə, Zərdüştlüyə, Yunan kosmologiyasına, Xristianlığa, İslamlığa münasibəti də öz əksini tapmışdır. 

F.Ələkbərli yeni işıq üzü görən monoqrafiyasında Orta çağ Azərbaycan Türk dövlətləri Səfəvilər, Əfşarlar və Qacarları ayrıca tədqiq edib. Azərbaycan alimi bunu onunla izah etdi ki, bu Azərbaycan Türk dövlətlərinin tarixinə yenidən işıq salınmasına ciddi ehtiyac var idi. Özəlliklə, Azərbaycan türkləri Qacarların tarixini doğru şəkildə mənimsəməklə, yeni Türk dövlətinin əsasnı qoya bilərlər.

Azərbaycan alimi qeyd etdi ki, kitabda Qərb sivilizasiyasının mahiyyəti və ona alternativlik məsələsi, bu anlamda Türk Dünyası-Qərb, Türk Dünyası-Rusiya münasibətləri də geniş təhlil olunub. F.Ələkbərli hesab edir ki, buna səbəb Türk birliyi ideyasına yeni baxış ortaya qoymaq olub. Bu anlamda əsərdə Türk Birliyi, bu yolda Azərbaycanın birləşməsinin vacibliyindən və çıxış yollarından da bəhs olunub. Onun sözlərinə görə, kitabda əsas məsələ kimi Türk Birliyinin Avropa, Rusiya, Çin, Ərəb və digər birliklərin yanında deyil, ayrıca, yəni heç bir dini ayrı-seçkilik qoyulmadan yalnız Türk xalqları, Türk dövlətləri arasında gerçəkləşməsi ideyası ortaya qoyulub.


irshadtv.com

12 Mayıs 2017 Cuma

TANRIÇILIQ FƏLSƏFƏSİ (5-ci yazı)

12.05.2017 / 06:10

Ümumiyyətlə, Türk hikmətində “yaradılış” örnəklərinə Oğuznamə, Dədə Qorqud Kitabı və Orxon Kitabələrində rast gələ bilirik. Ülkendə yazır ki, əski Türk hikmətinə görə, aləm iki zidd qüvvətin arasındakı ahəngdən doğmuşdur.  İnsanların səadəti, dünya cənnətləri və millətlər arasındakı sülh, bu ahəngin davamına bağlıdır. İctimai mərtəbələrin birbirinə hörməti, zümrələr arasındakı uyğunluqda yenə eyni nizamın əsəridir. Ülkenə görə,  bu nizamın pozulması insanın həyat və ruhundakı ahəngi pozacağı kimi; əksinə insanın dərin ahənginin pozulması da bu nizamı sarsıda bilir: “Beləcə varlıqla insan arasında Türk hikmətinə görə qarşılqlı bir bağlılıq, adətən bir vəhdət yaradır. O surətlə ki nə varlıq insana, nə insan varlığa tabe olmayıb əməli həyatın əsası bunların vəhdətindən asılı olan ahəngdədir. Məsud olmaq üçün bu vəhdətə uyğun yaşamaq lazımdır. Fəqət ona uymaq yunan hikmətində olduğu kimi aləmin müqəddər və dəyişməz mərtəbələrinə boyun əymək, ona zidd gələn arzuları öldürmək deyildir.

Çünki Türk kosmologiyasında aləmin uçurumlara ayrılmış mərtəbələri yoxdur. Ancaq biri-birinin ziddi olmasına rəğmən yenə biri-birini tamamlayan və beləcə insanlara dəruni inşirah içərisində  “tərəqqi” imkanı verən iki prinsip vardır. Əvvəlcə gördüyümüz kimi bu prinsiplərdən biri mükəmməlliyin, şəklin, sükünun və ulaşmanın timsalı olan “Göy Tanrı”dır. O, bütün insanların hədəfi, son qayəsi, yəni bizzat “məfkurə”dir. Digəri insanların içindən çıxdıqları və yenə içinə döndükləri torpaq; arzular, ümidlər, ehtirası və iztirabları, nəhayətsiz bir şövq və həmlənin timsalı olan “Asra Yer”dir. O da, bütün insanların qaynağı, qüdrətlərinin pinarı, özlərinə məfkurəyə doğru atılma şövq və hərarətini verən mənbə, yəni bizzat şəniyyətdir. Bu iki prinsip birbiriylə çatışmaq və ya birbirinə yabancı aləmlər halında qalmaq belə dursun, bləkis nəhayətsiz iştiyaqlarından dolayı ancaq vəhdət halına gəldikləri zaman varlıq və insanın ahəngini vücuda gətirirlər. Halbuki yunan hikmətində təbiətin mərtəbələri birbirinə yabancı olduğu kimi; İran hikmətində də yaxşılıq və pislik şəklində təcəlli edən edən iki zidd qüvvət insanın vicdanında bir mücadilə səhnəsi bulur”.

Beləliklə, o fikrə gəlirik ki, qədim türklərin dini-fəlsəfi dünyagörüşünün təməlini və başlıca məzmununu Tanrıçılıq təşkil etmişdir: “Türk mifologiyasının ümumi mənzərəsi və başlıca problemləri, bir dünyabaxışı və mifik görüşlər sistemi kimi türk tanrıçılığının struktur-semantik tərkibi, təməl, ünsür və anlayışları, funksional strukturu məhz türk tanrıçılığının məzmununda daha tam halda və qabarıq görünür. Türklərin tək bir yaradıcı varlığa inanmaları və onu «tanrı» (çənli tənqri, teyri, tora, tanrı, dingir) adlandırmaları haq­qında ilk məlumatları qayaüstü rəsmlərdən, Şumer dönəmindən başlayaraq mixi yazılardan, arxeoloji və etnoqrafik mənbələrdən alırıq». Doğrudan da qədim türklərin/turanlıların bütün başqa dinlərdən fərqli, kifayət qədər inkişaf etmiş, universal dini-mifoloji sistemi olmuşdur ki, bu da tenqrizm ya da tanrıçılıqdır: «Əski türklərdə Tanrı – dini-mifoloji sistemin mərkəzi anlayışı idi. Hərfi mənası həm «göy», həm də «allah» anlayışını ifadə edirdi. Bir çox araşdırmaçılar bu xüsusiyyəti göz önündə tutaraq «tanrı» kəlməsi ilə əslində «Göy Tanrı» anlayışının ifadə edildiyi fikrini irəli sürmüşlər. Bu fikrə görə «tanrı» səmavi bir allah anlayışı olub, bütün türklərə xas milli bir din sisteminin özəyini təşkil edirmiş. Başqa sözlə, türk tanrısı həm maddi «göy», həm də «göy tanrısı» kimi konkret və mücərrəd anlayışların sintezidir». Beləliklə, Tanrıçılıq türk dini-fəlsəfi dünyagörüşünün mahiyyətini və strukturunu müəyyənləşdirmiş, əski Turan imperatorluqları dövr­ündə təktanrıçı inanc sisteminin təməli olmuşdur. Türk tanrıçılığının monoteist inanc sistemi olması Orta çağ qaynaqlarında da yekdilliklə qəbul edilmiş, onun türk mifologiyası əsasında formalaşmış monoteist bir sitem olduğunu təsdiq etmişdir: «Monteist türk dini-mifoloji sistemində gerçəkdən də «tanrı təkdir və şəriki yoxdur». Tanrının belə yüksək və tək yaradıcı başlanğıc olaraq ortaya çıxması nisbətən sonrakı dövrlərin, daha doğuru, imperatorluqlar çağının məhsuludur».

Bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan, Kərkük, Krım, Uyğurustan və digər Türk dövlətlərinin, ellərinin bayrağında öz əksini tapmış mavi (göy) rəng də qədim türk­lərdə mövcud olmuş Tanrıçılıq dini ilə bağlıdır: «Qədim türklər Tanrıya (Allaha) «Göy Tanrı» deyə müra­ciət edirdilər. Onların inancına görə, göy (mavi) sözü səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə də, göy (mavi) rəng müqəddəs göyün olduğu kimi, həm də Tanrının (Allahın) simvolu idi. Bir əşyanı göy (mavi) boya ilə rəngləmək, yaxud həmin sözlə yanaşı işlətmək («Göy Tanrı» ifadəsində olduğu kimi) əski türk mifik düşüncəsinə görə, müqəddəs, qutsal sayılırdı». Göy (mavi) rəngin türk varlığının, türklüyün simvolu kimi orta əsrlərdə və müasir dövrdə bir sıra türksoylu dövlətlərin bayraqlarında əks olunması, əski türklərdəki qədim inancın saxlanması kimi yozulmalıdır: «Deməli, mavi rəng əski türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmiş, XX əsrin əvvəllərində milli tərəqqi və milli istiqlalın siyasi doktrinası olan «türkləşmək, müasirləşmək, islamlaş­maq» ideoloji modelinin bir istiqamətini simvollaş­dır­mış­dır». Deməli, bu gün türkçülüyün simvolu olan göy (mavi) boya, eyni zamanda tanrıçılığın rəmzidir. Göy bo­ya türkçülüyü əks etdirdiyi qədər də, tanrıçılığı – tək­al­lah­lı­lığı da ifadə edir.


Bu kitabı əldə etməyi və oxumağı unutmayın

Tan­rı­çılıqdakı göy boya qədər İslam dinindəki yaşıl boya da eynilə tək olan Allahı əks etdirir və hər ikisində dini-fəlsəfi məna vardır. Bu baxımdan türklərin Tan­rıçılıqdan sonra İslam dininə tapınmalarını başa düşmək çətin deyildir. Ən vacib məqam odur ki, Tanrıçılıqda və İslamda Tanrı ilahi mahiyyət daşıyır, yəni gözə görünməz qüvvə kimi qəbul edilir. Tarixçi alim Həsən Həsənov da hesab edir ki, Tanrıçılıq tək Allah dini olduğu üçün türklər sonralar asanlıqla İslam dinini qəbul etmişlər: «Bu da, on­dan irəli gəlirdi ki, o zamanlar türk xalqlarının çoxu hələ də tanrı­çı­lığa sadiq idilər. Beləliklə, haqlı olaraq bütün Türk xalqları XIX-XX əsrlərdə yeniləşməyə, müstəqilliyə doğru gedərkən hər hansı şüarının başlıca kəlməsi islamlaşmaq idi». Doğrudan da, əski türklərin tanrıçılıq, daha sonra tanrıçılıq qədər sev­dikləri İslam dini milli ideyanın (türklük, çağ­daş­lıq, islam­lıq) başlıca istiqamətlərindən biri olmuşdur.

Hesab edirik ki, Dədə Qorqudun bir müdrik kimi Tanrıçılıqdan İsla­ma keçid arasında bir körpü rolu oynaması sonrakı dövrün məhsulu olsa da, burada düşündürücü məqamlar da vardır. Əgər Dədə Qor­quda da əsasən Tanrıçılığın (Göy Tanrı) etiqadları öz əksini tapmışdırsa, o İslamı qəbul etməklə onların sintezindən, yəni keçmişlə gələcəyin bütöv­lü­yündən çıxış edir. Bir sözlə, Dədə Qorqud İslam dininə tapınmaq­la Türkün ata-baba dinlərindən imtina etmir, tək Tanrıçı­lıq dini sisteminin yeni bir mərhələsinə qədəm qoyul­ma­sı­na inanır. Bununla da, türklərin Islam dinində də özlərini tap­a­caq­la­rına müdrikcəsinə qərar vermiş olur. Əslində Dədə Qorqud sadəcə, Tanrıçılıqdan İslama keçid üçün tarixi “gənc”ləş­dirilmiş tanrıçı bir müdrikdir. Çünki Dədə Qorqudun yaşadğı zamanla İslamın meydana gəldiyi dövrlər arasında böyük bir zaman kəsiyi var. Ancaq nəzərə alsaq ki, Dədə Qorqud bütün dövrlərdə tanrıçılığı təbliğ edən qamların ümumiləşdirilmiş bir adıdır, o zaman onun Tanrıçılıqdan İslama keçid məsələsində də görünməsi təbiidir. Burada önəmli olan Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qamın, yəni Dədə Qorqudun tək Tanrıçılıq düşüncə­sin­dən kənara çıxmamasıdır. Başqa sözlə, burada Qam oğlu Qam olmaqla, müsəlman oğlu müsəlman olmaq arasında ciddi fərqin olmaması ön plana çəkilir. Zümrüd Quluzadə hesab edir ki, Qamların təbliğ etdiyi tanrıçılıq fəlsəfəsini öyrənmək üçün, onların Kitabi-Dədə Qorqudda ortaya qoyduqları fəlsəfi məsələləri incələmək çox vacibdir: «Bunu biz­dən Qam (şaman) oğlu qam Bayandur xanın türklərə baş­çı­lığı, başqa sözlə, əcdadlarımızın şamanizmə ta­pınması tələb edir. Digər tərəfdən, dünya – təbiət və insanla üz-üzə duran hökmü rəvan şaman şəxsiyyəti etnik türk xarakterində özü­nə inam, ötkəmlilik, qüdrət və cəsarətin olmasını müəyyən edir desək, bəlkə də yanılmarıq». Ola bilsin ki, Bayındır xanın atası Kam-büre də (boz qurd timsalında) ulu Qam “Qamer” boyundan olmuşdur.

Doğrudan da, «Kitabi-Dədə Qorqud» boyları türk­lərin, o cumlədən Azərbaycan türklərinin qədim dini etiqad­larını, eləcə də Tanrıçılığı öyrənmək baxımından çox önəmlidir. Bu boylarda qədim türklərin dini etiqadları, dünyagörüşləri, adət-ənənələri öz dolğun əksini tapmışdır. «Dədə Qorqud» boylarında qədim türk epos təfəkkürünün müəyyən əlamətləri mühafizə edilir. Qədim türk eposunun əsas qəhrəmanları mifik obrazlar olmuşdur (Su, Göy, Yer, Ağac, Quş, Boz Qurd, Tanrı xan və b.). Türklər İslamı qəbul etdikdən sonra türk Tanrısını İslam Allahı əvəz edir. Eyni zamanda «Kitab»da türk boyları, oğuzların yaşadığı coğrafiya, «iç» və «dış» oğuzların münasibətləri yanaşı, oğuzların dini etiqad, inam və əxlaq normalarından bəhs olunur. Burada totemizmin, qamlığın izləri olsa da, əsas yeri İslamla səsləşən Tanrıçılıq tutur: «Vurduğunu ulatmayan ulu Tanrı! Basdığını bildirməyən bəlli Tanrı! Apardığını göyə yetirən əziz Tanrı! Qəzəbləndiyini batırıb-boğan acıqlı Tanrı! Bir­li­yinə sığındım, qadir Tanrı!». Deməli, «Ki­tabi-Dədə Qorqud»da türklərin dünya­görüşünün ən ali forması kimi Göy Tanrıya inam öz əksini tapmışdır ki, onun mahiyyəti də əsasən İslamla üst-üstə düşür.

Dos., Dr. Faiq Qəzənfəroğlu

10 Mayıs 2017 Çarşamba

“RUSİYA BU ADDIMLARLA BİZƏ BAŞQA SEÇİM QOYMADI”

Rusiya ard-arda Azərbaycan əleyhinə addımlar atır.
10.05.2017 / 14:00
                                                 Politoloq Elxan Mehdiyev

Irshadtv.com xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, Rusiyada ən böyük diaspor təşkilatımızın taleyi tükdən asılı vəziyyətdədir, hər an Rusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edə bilərlər.

“İkincisi, 9 mayda Moskvada parad keçirilir və meydanda Dağlıq Qarabağın “bayraqları” dalğalanır. Moskva polisi bu təxribatın qarşısını almaq əvəzinə buna etiraz edən azərbaycanlıları yürüşdən uzaqlaşdırır.

Üçüncüsü, Rusiya Ermənistandakı hərbi bazasını genişləndirməyə qərar verib. Sual olunur: kimə qarşı? Bu sualın cavabını 4-cü bənddə aydınlaşdırmaq olar.

Dördüncüsü, Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı Andranik Makaryan bildirib ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər. Bəs Rusiya rəsmiləri deyirdilər, birgə hərbi qruplaşma yalnız Ermənistanın təhlükəsizliyinə cavabdeh olacaq. Belədirsə, Rusiya rəsmilərindən və XİN-dən niyə kimsə erməni generalın açıqlamasına münasibət bildirmir? Demək, elə erməni generalın dediyi doğrudur. Moskva bu cür antiazərbaycan siyasəti ilə bizə Türkiyənin Naxçıvanda hərbi bazasını formalaşdırmaq və NATO ilə əməkdaşlığı genişləndirməkdən başqa alternativ qoymur”.


Axar.az 

ABŞ-dan SEPARATÇI BÖLGƏLƏRLƏ BAĞLI GÖRÜNMƏMİŞ QƏRAR

DEYƏSƏN, AZƏRBAYCAN ÜÇÜN DƏ ŞANS YARANACAQ 
10.05.2017 / 11-00

Okeanın o tayından qərb qonşumuza ilginc dəstək; Senatın 2017 üçün federal büdcə ilə bağlı qəbul etdiyi qanunda ilk dəfə olaraq Gürcüstanın ərazi bütövlüyünə dəstək maddələri yer alıb, işğala görə Rusiyaya yeni sanksiyalar nəzərdə tutulur; bəs Ermənistan? Trampın imzaladığı sənədin analojisi Azərbaycanla bağlı da qəbul edilə bilər, əgər...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada ilin yekunlarına həsr olunmuş geniş mətbuat konfransı keçirib. Erməni əsilli nazir Dağlıq Qarabağ mövzusunda da danışıb və bir sıra maraqlı açıqlamalar verib, yeni detallara toxunub. Eyni zamanda Qarabağa dair böyük anlaşmanın təxmini şərtlərini bəyan edib.


Dünən Gürcüstanın baş naziri Georgi Kviriokaşvilinin ABŞ-a 3 günlük səfəri başlayıb. Gürcü mənbələrinin verdiyi məlumata görə, baş nazir Ağ Evdə vitse-prezident Mayk Pens və dövlət katibi Reks Tillersonla görüşəcək. Onun həmçinin ABŞ Senatında müxtəlif komitələrin sədrləri ilə təmasları planlaşdırılır.


Gürcüstan hökumət başçısını səfərdə xarici işlər naziri Mixail Canelidze, onun müavini David Zalkaliani və baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze müşayiət edirlər. Lakin ən mühüm detal - baş nazirin səfərinin ABŞ prezidenti Donald Trampın ölkənin 2017-ci il üçün yeni federal büdcəsini təsdiqləməsindən iki gün sonraya təsadüf eləməsidir.

Məsələ ondadır k, büdcə mətnində ilk dəfə Gürcüstanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı maddələr yer alıb. Həmin maddələrə əsasən, Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıyan istənilən ölkəyə hər hansı kömək birbaşa və qəti şəkildə qadağan edilir. Söhbət təbii ki, ən əvvəl Rusiyadan gedir. O Rusiya ki, ABŞ-ın ən yüksək rəsmiləri belə, onu vaxtaşırı və açıq şəkildə təcavüzkar adlandırırlar.


Təsadüfi deyil ki, Gürcüstanın baş naziri bu qərarı öz ölkəsi üçün “çox mühüm və misli görünməmiş” adlandırıb. “Hamını belə bir misli görünməmiş sənəd münasibətilə təbrik edirəm - harda ki, qanunverici akt şəklində ilk dəfə olaraq, Gürcüstan ərazisinin işğalı öz əksini tapıb. Bu, strateji tərəfdaşlarımız tərəfindən Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, habelə ölkəmizdə gedən demokratikləşmə prosesinə və iqtisadi inkişafa verilən dəstəyin daha bir təsdiqidir”, - deyə Kvirikaşvili vurğulayıb.


***

Qeyd edək ki, büdcə ayırmaları barədə qanun mayın 6-da qüvvəyə minib. Sənəddə Gürcüstanla bağlı maddə “Gürcü əraziləri - Abxaziya və Tsxinvali/ üzdəniraq Cənubi Osetiya regionlarının işğalı” adlanır. Qanuna görə, ABŞ-ın dövlət idarələrinə bu bölgələrin Rusiya tərəfindən işğalına kömək olan addımlar atmaq qadağan olunur. Qanun Birləşmiş Ştatların Maliyyə Nazirliyi üzərinə bu məsələ ilə bağlı müvafiq beynəlxalq təlimatlar hazırlamaq öhdəliyi qoyur - ki, Gürcüstanın ərazi bütövlüyünü pozan hər hansı proqramın reallaşması mümkünlüyü (kreditlər, borclar, zəmanətlər) istisna edilsin. Bundan əlavə, təsdiqlənmiş büdcə layihəsində ABŞ dövlət katibinə vəzifə olaraq tapşırılır ki, sənədin qüvvəyə mindiyi andan 90 gün ərzində Abxaziya və Cənubi Osetiyanın işğalı ilə bağlı Rusiyanın hərəkətləri haqda məlumat versin.


***

Bu sübhəsiz ki, dünyanın 1 nömrəli dövlətinin Rusiya işğalı qarşısında qərb qonşumuza dövlət səviyyəsində verdiyi yeni, bənzərsiz və olduqca mühüm dəstəkdir. Yada salaq ki, bir neçə il öncə ABŞ Senatının qəbul etdiyi başqa qərarla Gürcüstan Ukrayna, Moldova və bəzi digər Şərqi Avropa ölkələri ilə birgə ABŞ-ın NATO-dan kənar müttəfiqi elan olunub. Bu da növbəti sanballı dəstək.


Sual ortaya çıxır: nədən ABŞ kimi superdövlət işğalçı Ermənistana qarşı da analoji mövqe sərgiləməsin? Axı Azərbaycanın da nə az, nə çox - 20% ərazisi on illərdir erməni silahlı qüvvələrinin tapdağı altındadır, bir milyondan çox insan qaçqın-köçkün həyatı yaşayır, işğal altındakı ərazilərdə etnik təmizləmə aparılıb, tarixi-mədəni abidələrimiz viran qoyulub, vandalizm aktları törədilib. “İkili standart” siyasətimi?


Sözsüz ki, məsələdə xristian amili (gizli xristian təəssübkeşliyi) və Amerikadakı güclü erməni lobbisi az rol oynamır. Yəqin ən əvvəl bunun nəticəsidir ki, Abxaziya, Cənubi Osetiya, Krım separatçılarının Amerikaya, Qərbə yolu çoxdan bağlı olduğu halda, ABŞ-da sərbəst şəkildə Dağlıq Qarabağdakı qondarma rejimin “nümayəndəliyi” fəaliyyət göstərir, “Kreml tulası” Bako Saakyan kefi istədiyi vaxt Vaşinqtona gəlir, hətta Senatda görüşlər keçirir, üstəlik görüş keçirdiyi məkanda saxta “DQR”in bayraq adlandırılan əskisini asır.


***

Əlbəttə ki, “ikili standart” yanaşma var. Amma insafən bir az da günahı özümüzdə axtarsaq, yaxşı olar. İş ondadır ki, qonşu Gürcüstan Vaşinqtonun belə yüksək səviyyəli və birmənalı dəstəyinə müstəsna olaraq Avrointeqrasiya xəttinə sadiq qaldığı, qardaş Türkiyənin də daxil olduğu Qərb (NATO) təhlükəsizlik sistemində yer aldığı, həmçinin ölkəni demokratik inkişaf yoluna çıxardığı üçün layiq görülür.


Deyilə bilər ki, bəs Rusiya faktoru? Yəni qorxu var ki, Azərbaycan da Gürcüstan yolu getsə, Rusiyanın qəzəbinə gələr. Zatən, biz məgər Rusiyanın qəzəbinə gəlməmişik ki? Rusiya torpaqlarımızın şərikli işğalçısı deyil ki? Ən önəmlisi, son 29 ildə Moskva əlində misilsiz imkanlar ola-ola Qarabağ konfliktinin həllinə zərrəcə kömək etməyibsə, onu daha nə qədər gözləməliyik?


Bir də ki, “İslanmışın yağışdan nə qorxusu?” Rusiya erməninin əli ilə Azərbaycana ən böyük pisliyini edib və bu pisliyə görə nə peşmandır, nə də qolunu çirməyib həmin pisliyin nəticələrini aradan qaldımağa hazırlaşır. Əvəzində isə Azərbaycan “Əli aşından da olur, Vəli aşınadan da”. Nə vaxtadək?


Nəhayət, demirikmi ki, qardaş Türkiyə harda, Azərbaycan da orda? Deyirik. Həm də tez-tez, ucadan deyirik. O zaman nəyi gözləyirik? Onu da unutmayaq ki, Rusiyanın hansısa separatçı qurumun müstəqilliyini birtərəfli qaydada tanıması hələ heç nə demək deyil - necə ki, Abxaziya və Cənubi Osetiya dünya birliyinin üzvü ola bilmədi. Əsas - Qərbin, ABŞ-ın tanımasıdır. Demək, Qarabağ məsələsində Qərbin, ABŞ-ın dəstəyinə xüsusi önəm verməliyik. Bu, istək məsələsi deyil, zərurətdir. 
Bir sözlə, Azərbaycan üçün də şans pəncərəsi fürsət qapısı açıqdır. Hələ ki...


Siyasət şöbəsi,
musavat.com

9 Mayıs 2017 Salı

“KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN İŞÇİLƏRİ KRESLODA OTURMAMALIDIR”

Müsahibə
09.05.2017 / 09-25

Irshadtv.com "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri, "Agro Business Group" şirkətinin təsisçisi Əli Bayramovun Publika.az-a maraqlı müsahibəsini təqdim edir:



- Hazırda nə işlə məşğulsuz?

- "Aqrolizinq" ASC-dən gedəndən sonra - 2014-cü ildə kənd təsərrüfatı sahəsini sevən bir şəxs kimi "Agro Business Group" adlı şirkət təsis etmişik. Həmin ildən kənd təsərrüfatı işləri ilə məşğul oluruq. İstiqamətimiz bağçılıqdır. Əsasən tərəvəzçiliklə məşğul oluruq. Kartof, soğan, kələm, kök, qarpız, yemiş əkirik. Əsas diqqəti isə meyvəçiliyə yönəltmişik. Alma, gilas, nar məhsulları yetişdiririk. Bağlarımız artıq məhsul verir. Mövcud bazarın nəbzini tutmaq istəyirik. Nəzəri biliklərimizi təcrübədə tətbiq edirik. Allaha şükür ki, nəticələr pis deyil. Daha da inkişaf etmək istəyirik.

İdeya özümündü. Bilirsiz ki, mən uzun illər kənd təsərrüfatı sahəsində çalışmışam, 1 saylı şərab emalı zavodunun direktoru olmuşam, tütün kombinatında işləmişəm. Yəni, həyatım kənd təsərrüfatı ilə bağlı olub. Vəzifədən gedəndən sonra təbii olaraq, öz sahəmə uyğun bir iş qurmalı idim. Ona görə də məhz kənd təsərrüfatı sahəsinə üz tutdum.

- Vaxtilə yüksək dövlət vəzifələrində işləmiş bir çox məmur öz postundan gedəndən sonra ölkəmizdə deyil, xaricdə biznes qurmağa üstünlük verir. Amma siz bu ənənəni davam etdirmədiniz...

- Niyə xaricə getməli idim? Öz ölkəmizə nə olub? Çox gözəl ölkəmiz var, Azərbaycanda biznes qurmaq mənim üçün qürurvericidir. Məgər dövlət vəzifəsində çalışmaq bizə ömürlük verilib? Mən 30 il dövlət işində çalışmışam. Daha bu qədər bəsdir də! İndi də gənclər işləməlidir. Yaxşı, gənclərə imkan verməyək və biz ölənədək vəzifələrdə qalıb işləyək, o zaman gənclərin axırı necə olacaq? Axı onlar da özünü göstərməli və vəzifələrdə işləməlidirlər!

Azərbaycanın kənd təsərrüfatı sahəsində hərtərəfli inkişaf gedir. Ancaq bu sahədə problemlərimiz də var. Bunu cənab Prezident də keçirdiyi müşavirələrdə söyləyir. Biz ilk növbədə həmin problemlərin həlli yollarından danışmalıyıq. Mən söhbəti əsasən 4 istiqamətdə qurardım. Birincisi torpaq, ikincisi subsidiyalaşma siyasəti, üçüncü statistika, dördüncüsü isə təhsildir.


Bildiyiniz kimi, kənd təsərrüfatı məhsulları torpaq üzərində yetişdirilir. Bizdə isə torpağa olan münasibət hələ dəyişməyib. Azərbaycanda torpaqdan çox səmərəsiz istifadə olunur. İlk növbədə şoranlaşmış torpaqlar əkin dövriyyəsinə qaytarımalıdır. Azərbaycan əhalisinin sayı artır, münbit torpaqların sahəsi isə azalır. Torpaqdan düzgün istifadə etməyəndə o torpaq qocalır və gələcəkdə orada yüksək nəticə əldə etməkdən söhbət gedə bilməz. Yer kürəsində mövcud olan torpaq qatının üzərinin cəmi 20-30 santimetri əkinəyararlıdır. Qalan hissələri isə qum, gil, daş, qaya və digər müxtəlif süxurlardan ibarətdir. Həmin 20-30 santimetr münbit torpaq qatı bütün Yer kürəsi əhalisini qidalandırır. Yer kürəsində də münbit torpaq qatının 1 santimetr artması üçün yüz illərlə zaman lazımdır. Təsəvvür edin ki, 100 ilə cəmi 1 santimetr münbit torpaq qatı əmələ gələ bilir. Bizdə isə torpağa yanaşma şüursuz qaydada olduğu üçün münbit torpaqlar məhv olur. Bu, çox ciddi məsələdir. Biz ilk növbədə torpağa yanaşmaya diqqət etməliyik.

Digər tərəfdən, şoranlaşan və əkinə yarasız torpaq sahələri əkin dövriyyəsinə qaytarılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi bu məsələyə də ciddi diqqət yetirməli və meliorativ işlər həyata keçirilməlidir. Sovet dövründə torpaqların gipslənməsi, əhənglənməsi işləri görülürdü. O vaxt bu dövlətin siyasəti idi. Ancaq SSRİ dağıldıqdan sonra bu işlər yerinə yetirilmədi.

Həmçinin torpaqlarda həyata keçirilən əkin işlərinə də ciddi nəzarət olunmalıdır. Sahibkar torpağı istədiyi kimi istifadə edə bilməz. Hazırda Azərbaycanın ərazisi elə də böyük deyil, üstəlik, 20 faiz torpağımız erməni işğalındadır. Bu gün Azərbaycanda böyük şəkər zavodu fəaliyyət göstərir. Ölkə ərazisində 15-20 min hektarlıq şəkər çuğunduru əkilir. Amma mən hesab edirəm ki, biz şəkər çuğundurunu çox əkirik. 20 min hektar torpağa şəkər çuğunduru əkmək düzgün deyil. Çünki bu qədər əkində məhsuldarlıq da çox aşağıdır. Azərbaycanda şəkər çuğundurunu 10 min hektarda əkib, daha çox məhsuldarlıq əldə etmək mümkündür. Bu sahədə geniş torpaq sahələrindən istifadə etmək zərərlidir. Çünki şəkər çuğunduru əkilən torpaq sahəsində 4 il heç bir bitki əkib-becərmək mümkün olmur. Bu elə bitkidir ki, torpağın bütün şirəsini özünə çəkir və həmin ərazi ölmüş vəziyyətə düşür. İstifadə etsən belə, nəticə əldə edə bilmirsən. Buna görə bu gün münbit torpaqlarımız azdır. Məcburuqmu ki, bu qədər şəkər çuğunduru əkib münbit torpaqları məhv edək?

Həmçinin, 950 min hektar sahədə taxıl əkirik. Bu da düzgün torpaq siyasəti deyil. Düşünürəm ki, Azərbaycanda taxıl sahələrinin ümumi ərazisi maksimum 600 min hektardan çox olmamalıdır. Həmin 600 min hektarda da düzgün suvarma sistemləri, irreqasiya və meliorasiya mexanizmləri həyata keçirilməlidir ki, lazım olan nəticəni əldə edək. Yoxsa ki, özümüzü yüz faiz taxılla təmin etmək naminə bütün əkinə yararlı torpaqlarda taxıl əkib-becərmək düzgün iş deyil. Azərbaycanda taxıl və digər bitkilər ekstensiv üsullarla əkib-becərilir.

Bu gün İsrail kimi güclü dövlət öz ərazisində taxıl əkmir. Səbəbi də əkinə yararlı torpaq sahələrinin çox az olmasıdır. Ona görə də İsrail ərzaq məhsullarını, buğdanı xaricdən alır. İsrail mütəxəssisləri belə hesab edir ki, bir hektara taxıl əkib 500 manat qazanmaqdansa, sitrus bitkisi əkib 5 min manat gəlir əldə etmək olar. Həmin pulun bir hissəsinə isə ehtiyac duyulduğu qədər taxıl alınar. Yəni İsraildə kənd təsərrüfatı siyasəti bu cür həyata keçirilir.

- Bəs subsidiya siyasəti necə həyata keçirilməlidir?

- Subsidiyalaşma tamamilə dəyişməlidir. Bütün ölkə ərazisində becərilən torpaq sahələrinə dövlət pul vəsaiti ayırır. Doğrudur, bu vaxtilə effekt verirdi. Ancaq indi bu siyasət müsbət nəticə vermir. Misal üçün, Bakıdan Şamaxıya gedəndə, görürük ki, yolun sağında və solunda böyük ərazilərə dəmyə şəraitində taxıl əkilib. İnanın ki, həmin dağlıq ərazilərdə əkilən taxıl sahələrinin hər hektarından 15 sentnerdən artıq məhsul yığılmır. Çox cüzi miqdarda qazanc əldə olunur. Dövlət də həmin taxıla görə ora subsidiyalar ayırır. Yəni, bu cür sahələrdə subsidiya öz effektivliyini göstərə bilmir. Subsidiyanı o yerdə verirlər ki, həmin ərazidə əkilən məhsuldan yaxşı nəticə əldə olunur. Şamaxıda həmin ərazilərdə əkilən taxıl əvəzinə, heyvandarlığı inkişaf etdirmək olardı. Dövlət də orada heyvandarlığa subsidiya ayırardı, insanlar da daha çox xeyir əldə edərdilər. Xızıda, Şamaxıda, Lerikdə dağların başında nə taxıl bitəcək? O zaman dövlətin pulları niyə boş-boşuna xərclənsin?




Kənd təsərrüfatının inkişaf etdirilməsinin digər ən vacib məsələsi isə statistika ilə bağlıdır. Çünki bu gün Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı statistika qurumlarının verdiyi rəqəmlər şübhə doğurur. Çox təəssüf ki, bu reallıqdır və açıq demək lazımdır. Yəni, bu il nə qədər məhsul əldə edilib, neçə hektarda hansı bitkilər əkilib və s. ilə bağlı dəqiq rəqəm tapmaq olmur. Ancaq təxmini rəqəmlər deyilir. Misal üçün, şəxsən mən neçə ildir ki, kənd təsərrüfatı ilə məşğul oluram. Bu illər ərzində mənim təsərrüfatıma statistika orqanlarından bir nəfər belə gəlməyib. Əslində gəlib maraqlanmalıdırlar, soruşmalıdırlar ki, bu il nə qədər nar əkmisən, nə qədər məhsul götürmüsən və s. Mən soğan əkmişdim, amma statistika orqanının bundan xəbəri yox idi. Nəyə görə statistikanın əhəmiyyət kəsb etdiyini söyləyəcəm. Statistika orqanları dəqiq informasiyaları internetdə yerləşdirməlidir, əhali də bilməlidir ki, bu il respublikada nə qədər kənd təsərrüfatı məhsulları əkilib. Bu olmadığı üçün də azərbaycanlı fermerlər müflis olurlar. Konkret misal deyim, 2016-cı ilin yazında soğanın bir kisəsi 22-28 manata satılırdı. Bu il isə 6-7 manata satılır. Çünki əvvəlcədən dəqiq məlumat verilmədi. Beləcə soğan əkənlər çəkdikləri əziyyət bir yana qalsın, qoyduqları mayanı belə çıxarda bilmədilər, müflis oldular. Hesablama olsa, kəndlilər rentabelli olmayan məhsulları əkib-becərməyəcək və onların zəhməti də heç olmayacaq.

- Statistika Komitəsi bu məsələdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə işləməli deyilmi?

- Bu tipli məsələlərdə Kənd Təsərrüfatı Nazirliyi özü kəndlini istiqamətləndirməlidir. Statistika Komitəsi dəqiq rəqəmlər yaymalıdır. Digər bir problem isə təhsillə bağlıdır. Sovet İttifaqı dövründə kolxozlar və onların aqronomları ovardı. Həmin aqronomlar lazımı işləri planlı şəkildə həyata keçirirdilər. İndi isə torpaqlar insanlar arasında bölünüb, ayrı-ayrı fermer təsərrüfatları yaranıb. Hər bir fermer işə aqronom götürə bilmir. Əkin-biçinlə məşğul olan fermerlər də savadlanmalıdır. Təhsil, savad olmadan insanların kənd təsərrüfatı ilə məşğul olması səmərəsiz məşğuliyyət olacaq. Yəni, ugurlu nəticə əldə olunmayacaq. Niyə məhsuldarlıq aşağı olur? Çünki camaatın çoxu nəyi necə edəcəyini dəqiq bilmir. Azərbaycanda soğan işini bilən yaxşı mütəxəssislər var. Onlar bir hektardan 80-100 ton məhsul əldə edir. Amma əksəriyyət 20-30 ton məhsul yığır. Savadın olmamağı aradakı fərqi artırır. Bilən yaxşı məhsuldarlıq əldə edir, bilməyən isə köhnə dədə-baba qaydası ilə əkir-becərir. Ona görə də həmin insanlar nə qədər əziyyət çəksələr belə, yaxşı pul qazana bilmirlər və həmişə də kasıb qalırlar. Əziyyət çəkirlər, amma kasıbçılıqdan çıxa bilmirlər. Çalışmaq lazımdır ki, fermerlərin bilik və bacarıqları, təhsil səviyyəsi qalxsın. Bunu da Kənd Təsərrüfatı Nazirliyi həyata keçirməlidir. Bunun üçün xaricdən mütəxəssislər dəvət edib müvafiq kurslar təşkil etmək olar. Vaxtilə mən "Aqrolizinq" ASC-nin sədri olanda işçiləri yığıb rayon yerlərinə aparırdım. Orada işçilər kombayn, traktor və digər kənd təsərrüfatı texnikaları ilə yaxından tanış olurdular.




Azərbaycan dövləti kənd təsərrüfatının inkişafına hərtərəfli yardım göstərir. Bu gün Azərbaycanda kənd təsərrüfatı vergidən tam azaddır. Ancaq kəndlilərin əksəriyyəti hələ də dərk etmir ki, vergi ödəmir və bu, onun üçün böyük üstünlükdür. Kənd təsərrüfatına edilən yardımlar və vergidən azad edilmək milyardlarla vəsait deməkdir. Ancaq bütün bunlara baxmayaraq, həyata keçirilən səylər öz effektini vermir. Kənd təsərrüfatına münasibət dəyişməlidir, daha effektiv üsullardan, xarici təcrübədən istifadə olunmalıdır. Çox uzağa getməyə də ehtiyac yoxdur, qardaş və qonşu Türkiyənin kənd təsərrüfatı sahəsində sürətli inkişaf gedir. Türkiyə kənd təsərrüfatının inkişafına etdiyi yardımlarla bizdən daha yüksək nəticələr əldə edir. Onların təcrübəsindən yararlana bilərik.

Yadıma gəlir, 2004-cü il idi, Türkiyənin kənd təsərrüfatı naziri Mehdi Ekerlə görüşdük. O, bizə rəqəmləri açıqladı. Bildirdi ki, nazir olduğu 10 il ərzində Türkiyədə kənd təsərrüfatı məhsullarının həcmi 22 milyarddan 63 milyard tona qalxıb. Bu çox yüksək rəqəmdir.Bəs biz dəqiq rəqəmimizi bilirikmi? Bilmirik! Camaatın hamısı xaotik vəziyyətdədir. Bilmirlər ki, nə əksinlər. İnformasiya verən yoxdur. İnformasiyanı da kəndlilərə Kənd Təsərrüfatı Nazirliyi verməlidir. Bu sahədə dəqiq uçot və statistik informasiya sistemi yaradılmalı və internetdə yerləşdirilməlidir.

- Bu yaxınlarda ölkə başçısı da iş adamlarına çağırış edib ki, Azərbaycan özünün qeyri-neft sektoru məhsulları ilə dünya bazarına çıxmalı və orada möhkəmlənməlidir. Biz hansı kənd təsərrüfatı məhsulları ilə dünya bazarına daha rahat çıxa bilərik?

- Bayaq da dedim ki, taxıl sahələrini genişləndirmək olmaz. Azərbaycanda 600 min hektardan çox taxıl əkmək düzgün deyil. Gəlir verən və iqlim şəraitimizə uyğun pambıqçılıq, tütünçülük, üzümçülük, baramaçılıq, fındıqçılıq və digər kənd təsərrüfatı sahələri var. Bu sahələrdən yaxşı gəlir götürə bilərik. Biz istəyirik ki, hər tərəfdən kənd təsərrüfatına investisiyalar cəlb edilsin. Amma siyasəti elə qurmalıyıq ki, kənd təsərrüfatı özü-özünə investisiya buraxsın. Misal üçün, mən fermerəmsə, yaxşı texnologiyalara müraciət edirəmsə, yüksək nəticələr əldə edirəm. Bu zaman mən yaxşı gəlir də əldə edirəm. Ona görə də bu il 20 hektar əkmişdimsə, gələn il 25 hektar əkirəm. Yəni, əlavə məhsul əkmək üçün kənardan kredit və sairə vəsait almağa ehtiyacım qalmır, özüm öz vəsaitimilə investisiya qoyuram. Amma indi bizdə əksəriyyət elə 10 ildir ki, ya taxıl, ya da digər məhsulları əkir. Nə artıra, nə də qazana bilir, yalnız dövlətin dəstəyi olduğu üçün nəyəsə nail olur.

- Texnika baxımından Azərbaycan fermeri təkmilləşə bilmir sanki... Ümumiyyətlə, fermerlərin təkmilləşmə prosesi hansı səviyyədədir?

- Torpaqlar bölünərkən, elə rayonlarımız var ki, orada pay torpağı 1-2 hektar düşüb. Əgər mənim və digər 100 nəfərin hər birinin 2 hektar torpağı varsa, indi yüz adam nə etməlidir? Bu adamların hamısı traktor və ya digər texnika almalıdır? Bir kənddə 100 traktor, kombayn, kotan olar? Bu mümkün deyil. Rayon aqroservisləri də məhz bunun üçün yaradılıb. Çox ucuz qiymətə xidmət göstərirlər.

Ancaq burada iri təsərrüfatlardan söhbət gedə bilər. Bunun üçün də kooperasiyaların yaradılması ilə bağlı təkliflər mövcuddur. Bu məsələ Milli Məclisdə də müzakirə olunub.

Çox təəssüf ki, Azərbaycanda kooperasiyaların yaradılması da çətin və problemli məsələyə çevrilib. Yəni, kiçik torpaq sahələri olan sahibkarların bir cəmiyyətdə birləşməsi hələ ki, mümkün olmur. Bu, həll olunan məsələdir, amma həddindən çox çətin və problemlidir. Bunun elə həlli yolu düşünülməlidir ki, camaat birləşmədə maraqlı olsun.

Həm də məsələyə sadə baxmaq lazımdır. Bəzən kənddə yaşayan 15-20 nəfər birləşmək istəyir. Onlar yığılıb iclas keçirir, 20 nəfərdən birinin sədr seçilməsinə gəlincə, kooperasiya ideyası baş tutmur, dağılır.

Amma hazırda ölkədə kooperasiyaların yaradılması prosesi gedir. Misal üçün, Bakıda yaşayan və kifayət qədər vəsaiti olan imkanlı bir şəxs gedib rayonlardan birində kasıb camaatın torpaqlarını pulla alır. Sonrada 200 hektarlıq təsərrüfat yaradır. Bu, bir tərəfdən yaxşıdır ki, torpaqlar birləşir və vahid təsərrüfat yaranır. Ancaq bu məsələnin mənfi tərəfləri də mövcuddur. Misal üçün, kasıb adamların bir hektar torpağı var idi, onlar həmin torpaqlarda işləyib ailəsini dolandırırdı. İndi həmin torpağı da satıb, xərcləyib, qalıb işsiz. Kənd yerində yaşayan insanın yeganə qazanc yeri torpaqdır. İndi o kəndli nə işlə məşğul olmalıdır? Ya öz satdığı torpaqda muzdlu fəhlə kimi kiminsə əlinin altında işləməlidir, yaxud da kənddə iş tapa bilməyib iş dalınca Bakıya gəlməlidir. Bax, bu məsələnin müsbət və təhlükəli məqamları bundan ibarətdir.

- Maraqlı təklifləriniz var. Kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı müvafiq dövlət qurumları ilə danışıqlarınız olubmu?

- Vəzifədə olarkən daim öz təkliflərimi yuxarı instansiyalara yazıb göndərirdim, toplantılarda müzakirə edilirdi, onlardan bəziləri qəbul edilirdi.

Neçə illik təcrübədən sonra tam əmin oldum ki, kabinetdə çox oturanda kənddə mövcud olan reallıqları dəqiq görmək olmur. Amma bu işin içərisində olanda, işləyəndə reallıqları dəqiqliklə görürsən və yeni təkliflər ortaya çıxır.

Açıq danışmağı xoşlayan adamam. Bizdə vəzifədən gedənlərə pis baxırlar. Konkret olaraq, özümü nəzərdə tuturam. Əgər mən vəzifədən gedirəmsə, orada qalıb işləyən işçilərimə və dostlarıma pis baxırlar. Deyir ki, filankəs Əli Bayramovun adamıdır. Hətta onları işdən çıxarırlar. Belə hərəkətlərə yol vermək olmaz. Açıq demək lazımdır, bu gün Kənd Təsərrüfatı Nazirliyində güclü mütəxəssislər qalmayıb. Onların yerində qeyri-peşəkarlar və maliyyəçilər gəlib oturublar. Bu sahədə çalışan peşəkarlardan Çingiz Fərəcov rəhmətə gedib, Sabir Vəliyev pensiyaya çıxıb, digər bir çox mütəxəssislər vəzifədən gediblər. Halbuki həmin kadrlardan kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində istifadə etmək olardı. Təəssüf ki, kənd təsərrüfatını güclü bilən insanlar bu gün kənarda qalıb. Heç olmasa, xaricdən müəyyən mütəxəssisləri cəlb etmək və hazırda çalışanları maarifləndirmək lazımdır. Vaxtilə mən "Aqrolizinq" ASC-yə gələndə gördüm ki, burada işləyənlərin əksəriyyətinin kənd təsərrüfatından xəbərləri yoxdur. Ya onların hamısı işdən çıxarılmalı və yenisi ilə əvəz edilməli idi, ya da başqa tədbirlər görülməli idi. Mən Türkiyə ilə əlaqə saxladım. Orada olan yaxın yoldaşlar mənə 200 ədəd disk göndərdilər. Həmin disklərdə əksər bitkilərin əkib-becərilməsinin üsulları izahlı şəkildə əks olunmuşdu. Həmin diskləri əldə etdikdən sonra Kənd Təsərrüfatı Nazirliyindən də mütəxəssislər dəvət edib, həmin əyani vasitələrdən istifadə etməklə işçilərə treninqlər təşkil etdirdim. "Aqrolizinq" ASC-də çalışan insanlar çox maarifləndilər. Daha sonra avtobuslar sifariş verdim, özüm də daxil olmaqla, bütün aparat işçiləri Şirvanda, Ucarda yerləşən "Aqrolizinq" ASC-nin bazalarına səfər etdik. Orada işçiləri əyani şəkildə kənd təsərrüfatı texnikaları ilə tanış etdim, traktorları sürdürdüm. Hətta, onların arasında qızlar da var idi, onlara da dedim ki, oturun, traktorları sürün, öyrənin. O işçilərin əksəriyyəti şəhər uşaqları idi, ömürlərində traktora minməmişdilər. Sonra attestasiyalar keçirdik və Aparat tam sağlamlaşdı.

- Bəs İsmət Abbasov Baş nazirinin müavini kimi bu sahəyə yenə də nəzarət etmir?

- Bilirsiniz, kuratorun işi çox olur. Ona düzgün təkliflər verilməlidir. O isə ölçüb-biçib həmin təklifləri yuxarı instansiyalar qarşısında qaldırmalıdır, müəyyən qərarlar qəbul edilməlidir. İş aşağıdan başlayır. Kənd Təsərrüfatı Nazirliyinin Aparat işçiləri kəndlərdə çox olmalıdır. Onların iş günləri kresloda yox, kəndlərdə keçməlidir. Çünki onlar Kənd Təsərrüfatı Nazirliyində çalışırlar, işləri bunu tələb edir. dünyanın hər yerində Kənd Təsərrüfatı Nazirliyinin işçiləri daha çox kəndlərdə olurlar. Biz də vəzifədə olanda kəndlərdə çox olurduq. Şəxsən mən kənd təsərrüfatını hər zaman sevmişəm.

Bilirsiniz ki, cənab Prezidentin tapşırığı ilə hökumət üzvləri rayon və şəhərlərdə əhali ilə görüş keçirirlər. Bəzən nazir əhali ilə görüşə gələndə, orada maneə yaradırlar. İmkan vermirlər ki, camaat nazirə dərdini-sərini söyləsin. Nazirlər görüşə gedəndə yerli icra hakimiyyətləri insanları da əvvəlcədən seçirlər. Belə görüş olur? İmkan verin, camaat nazirə öz problemini söyləsin də! Nazir də sahəsində mövcud olan problemləri öyrənsin və ona uyğun qərarlar qəbul etsin. Çox təəssüf ki, bəzi rayonlarla bağlı belə problemlər mövcuddur. Amma şükürlər olsun ki, Ölkə Başçısının məsələyə qarışmasından sonra Azərbaycanda kənd təsərrüfatı da inkişaf etməyə başlayır. Sadəcə olaraq, bu inkişafı sürətləndirmək üçün rəhbərliyin vediyi tapşırıqları vaxtı-vaxtında icra etmək lazımdır.




- Sizcə, paytaxtın ayrı-ayrı rayonlarındakı kənd təsərrüfatı yarmarkaları istənilən effekti verirmi?

- İdeya əladır. Amma burada işi pozan tacirlərdir. Onlar imkan vermir ki, fermerlərə sərbəst şərait yaradılsın. Fermer də istehsal etdiyi məhsulları bazara gətirib münasib qiymətə sata bilsin. Reallıq odur ki, yarmarkaya gələn həmin adamlar il boyu orada nə isə satırlar. Əgər bu adamlar il boyu burada piştaxta arxasındadırsa, bəs məhsulu nə vaxt istehsal edirlər? Demək ki, onlar fermer deyil, tacirlərdir.

Dövlət tərəfindən yaxşı şəraitli yarmarkalar tikilib və istifadəyə verilib. Amma bu cür insanlar görülən işlərə kölgə salırlar.

- Yəqin ki, siz də şahid olmusunuz. Bu gün bütün bölgələrimizdə konserv məhsullarının hazırlanması və qablaşdırılmasında hələ də əl əməyindən istifadə olunur. Sizcə, hazırda Azərbaycanda konserv sənayesinin inkişafı üçün hansı addımların atılması vacibdir?

- Bəli, mən də dəfələrlə bunun şahidi olmuşam. Konserv sənayesi inkişaf etdirilməlidir. Konserv zavodlarının sayı artırılmalıdır. Bu, həm də ona görə lazımdır ki, camaat istehsal etdiyi məhsulu yaxşı qiymətə sata bilsin.

Misal üçün, Azərbaycandan Rusiya bazarına almanı konservləşdirilmiş halda göndərmək olar. Konservləşdirilmiş şəkildə göndərsən, daha çox pul qazanırsan.

Digər tərəfdən isə konserv zavodları əhali üçün əlavə iş yerləri deməkdir. Mən əminəm ki, kənd təsərrüfatı inkişaf edəcək. Əgər Cənab Prezident qarşıya məqsəd qoyubsa, bu mütləq reallaşacaq və Azərbaycanda kənd təsərrüfatı sahəsi də istənilən səviyyəyə çatacaq.

Bu yaxınlarda Sumqayıt Texnologiyalar Parkında yeni Poliuretan zavodunun açılışı oldu, çox sevindim. Bu zavodun çox strateji əhəmiyyəti var. Çünki bu gün məişətimizdə poliuretan məhsulundan hazırlanan mallardan çox istifadə olunur. İndi bizdə bu xammal istehsal ediləndən sonra yeni nə qədər zavodlar açılacaq, bu isə çoxlu iş yerləri və gəlir deməkdi.


Publika.az

6 Mayıs 2017 Cumartesi

TANRIÇILIQ FƏLSƏFƏSİ (4-cü yazı)

05.05. 2017 / 18-22
                                                Dos., Dr. Faiq Qəzənfəroğlu


Qamlar arasında suya, yerə (torpağa), oda, daşa, ağaca və başqa maddi ünsürlərə xüsusi inanclar olmuşdur ki, bu cür hallara türk, o cümlədən Azərbaycan türk das­tan­larında da rast gəlmək olur. Bütün türksoylu xalqların (türkmən, uyğur, oğuz, qazax, tuvin, xaqas, buryat, kalmık və b.) mifologiyasına görə, Ülgen yerüstü işıqlı dünyanı, Erlik isə yeraltı qaranlıq dünyanın idarə edir. Adətən, Yer qadın Göy isə kişi başlanğıcdır; Göy yağış yağdırmaqla Yeri mayalandırır və ondan müxtəlif varlıqlar, o cümlədən insan törəyir. Ancaq sonralar Erlik yamanlığın, Ülgen isə yaxşılığın simvolu olur, hətta qara Qam Erlik, ağ Qam isə Ülgenlə bağlıdır. Deməli, başlanğıcda xeyir və şər olmamış, bu ziddiyyət, əkslik sonralar meydana çıxmışdır. Azərbaycan türklərinin ən qədim miflərindən də görürük ki, başlanğıcda, əzəldə heç nə yox imiş. Tanrı əvvəlcə bitkiləri, heyvanları və ən sonda isə insanları yaratmışdır. İnsanlar yarandıqdan sonra aralarında paxıllıq, pislik əmələ gəlmiş, bununla da Göy Yerdən aralanmışdır.

Beləliklə, Tanrıçılığı türklərin, o cümlədən Azərbaycan türklərinin mükəmməl dini-fəlsəfi təlimi sayan Mirəli Seyidova görə, qədim türklərin su, od, ağac, torpaq, yer, günəş, müxtəlif rənglər (ağ, göy, qa­ra, qırmızı, sarı) haqqında özünəməxsus inancları olmuşdur. Bütün bunları, çoxillik tədqiqatlarının nəticəsi olaraq aşkar edən M.Seyidov hesab edir ki, qədim türklər arasında «Göy Tanrı»­ya inam təsadüfən yaranmamışdır: «Türkdilli xalqlarda Göy Tanrı sayılırmış. Hər şey onun iradəsinə tabe imiş. Buna görə də tanrı–Göy sonralar tanrı–allah anlamını da almışdır. Bəllidir ki, tanrı ilkin göy–səma demək imiş. Göyün–tanrının baş tanrı sayılması əsas ver­miş­dir ki, onun rəngi də müqəddəs sayılsın».

Alimin fikrincə, azərbaycanlıların ulu babaları da «Göy» anlayışına xüsusi önəm vermişdir: «Azərbaycanlı­la­rın ulu babalarında belə bir inam varmış ki, Göy Günəşin vasitəsilə Yeri qızdırır, yağış vasitəsilə onu mayalayır, dölləndirir. Günəş şüası və yağış vasitəsilə Yerlə əlaqə sax­la­yan Göy həyat nemətlərinin yaradıcısıdır. Göy, torpağı ne­mət verməyə, məhsul verməyə hazır vəziyyətə gətirir. Belə bir inama, etiqada görədir ki, bu və başqa təbiət hadisəsini, şeyi, heyvanı, kosmik cismi müqəddəsləşdirmək üçün onu Göylə–tanrı və onun rəngi ilə bağlayırlar». M.Se­yidov yazır ki, qədim türklərdə «Göy-Tanrı» ideyası o qədər güclü olmuşdur ki, onlar xaqanı göy kimi göydə doğulmuş təsəvvür etmişlər. Hətta hunlar öz ulu, əcdad babaları Me­te­nin oğlunu «tanrının oğlu», onu «Yer və Göy»dən do­ğul­muş, Günəşlə, Ay tərəfindən məmur edilmiş saymışlar. Deməli, əski türklərə görə xaqanı Göy Tanrı təyin edirdi, yaxud da xaqan Göy Tanrının yer üzərində elçisi idi. Əski türklərin inamında «Göy» həm də yüksəklik, genişlik, ucalıq mənasını daşımış, öz əksini ailə və dövlət qurluşunda da tapmışdır.

Əski Turan-Türk uluslarından hesab olunan, m.ö. 4-3 minillərdə İkiçayrasında mövcud olmuş Sumer xalqının da eyni fəlsəfəni izlədiyini görürük. Belə ki, Sumerlərdə də erkək və dişi iki yaradıcı qüvvət olmaq etibariylə kainatın əsası hesab edildikləri üçün cinsiyyət bayramları ilkbahar və sonbahar mərasimləri onların adına təsbit edilirdi. Onların ittihadını təmsil edən Alaimüssəma idi. Türklərdə Göy Tanrı və Asra Yer erkək və dişi yaradıcı qüvvətləri təmsil etdikləri kimi, Orhon abidələrində Göy körpüsü-Göy qurşağı, yəni Alaimüssəma da onların ittihadıdır. Yenə qədim Türklərin etiqadına görə, bütün cinsiyyət və bərəkət ayinləri Göy Tanrıya aid olduğu üçün, Göy körpüsünün (Göy qurşağının) altından keçən qız oğlan və ya əksinə oğlan qız olur. Türk fəlsəfəsinin ana mahiyyətini təşkil edən bu dünyagörüşün Sumer sivilizasiyasında da özünü göstərməsi təsadüfi ola bilməzdi. Bu anlamda Sumerlərdə və digər Turani qövmlərdə görünən Göy Tanrı dininin, yəni Tanrıçılığın (Göy Tanrı və Asra-Yağız Yer ikiliyi) digər dinlərdən daha əski olması şübhəsizdir. Özəlliklə, 12 heyvanlı Türk-Turan təqviminin digər xalqlara Turan irqindən Sumerlərə, onlardan da digər xalqlara (çinlilərə, iranlılara vəb.) keçməsi get-gedə daha çox qəbul olunur.

Deməli, bu ikili mübarizə, onun yaranışı, inkişafı və sonuyla bağlı müxtəlif uluslarda müxtəlif baxışlar olsa da, ən qədim fəlsəfi fikir Turan-Türk hikmətidir. Bu baxımdan Türk aydını Hilmi Ziya Ülken haqlı olaraq yazır ki, ilk dəfə türklər aləmi biri-birinin ziddi olan, fəqət biri-birini tamamlayan iki prinsip ilə izah edirdilər: “Bunlar  da “Göy Tanrı” və “Asra Yer” idi. Həqiqətdə  hər şey bir fəza (xaos)  halından ibarət ikən sonradan vuzuh qazandıqca göy yerdən, aydınlıq qaranlıqdan, erkək cövhər dişi cövhərdən ayrılmış və biri-birinə tamamıyla zidd olan bu qüvvətlərin təkrar birləşməsindən kişi, yəni ilk insan vücud bulmuşdur”. Orhon kitabəsində də yazılır: “Öze Gök Tengri, asra Yagız yer kılındıkta, ekin ara kişioğlu kılınmış”.

Vəli Hə­bib­oğlu da Azərbaycan türklərinin qədim inanclarında Tan­rı­çılığın xüsusi yer tutduğunu qeyd edərək yazır ki, qədim türklərin, o cümlədən Azərbaycan türklərinin mifoloji dün­ya­görüşündə Yer və Göyün ayrılması Tanrıyla bağlıdır. Ha­zır­da da bu cür mifik inanclara inananlar tapılır: «Bu da onu göstərir ki, qədim türkdilli xalqlar arasında təkallahlılıq inamı çox güclü olmuşdur. Məhz buna görə də türk xalq­la­rının bir çoxunda həyatın, kainatın yaradılışı anlayışının özü Tanrı, Allahla əlaqə­ləndirilir». Deməli, türklərin islamaqədərki dünyagörüşü təbiətlə (su, yer, göy, ağac, Boz qurd) və tanrı­ya keçid kimi Tenqri xanla, sonra bir olan Allah və Allaha aşiq insan obrazı ilə bağlıdır: «İslamaqədərki inanc və gö­rüş­lər daha çox tarixin hələ yazısız, kitabsız sivilizasiya mər­hə­ləsinə təsadüf edir və təbiidir ki, ən qabarıq əksini etno­qra­fik qaynaqlarda, mifologiyada, bir də folklorda tapır». Bir sözlə, qədim türklərin dünyagörüşünə görə yuxarıda mavi göy, aşağıda boz yer, onların arasında isə insan oğlu-türk yaradılmışdır.


                                   Bu kitabı əldə etməyi və oxumağı unutmayın

Ülkenin fikrincə də, əslində bir olan iki zidd prinsipin Göy və Yerin sonradan təkrar birləşməsi Türk kosmoqoniyasının monist bir dünyagörüşünə çatdığını göstərir. Bu o deməkdir ki, Göy Tanrı yaradıcıdırsa, Asra yağız yer isə Göy Tanrının yaratdıqlarını məhv edəndir. Göy Tanrı xaqanı, Yer xatunu təmsil edər. Ancaq Asra yer Göy Tanrının bir parçasıdır. Ülken yazır: “Göylə yer arasındakı ayrılıq ancaq  vəziyyət və hal etibarilədir. Fəqət ailənin ahəngi, cəmiyyətin nizamı kimi, göklə yerin də əzəli bir uyuşması, uzlaşması vardır”.  Türk düşüncəsində atam Göy, anam Yerdir. Göy Tanrının timaslı Göydə Ay ata, Ay dədədir, Yağız yerin timsalı isə Günəş anadır. Hacı Bektaşinin fəlsəfəsində də bu düşüncə əsas xətdir. Ülken yazır: “Əsasını monizmdən alan bu ahəngçi ikilik Türklərin kollektiv fəlsəfəsidir”.

Türk-Turan fəlsəfəsi ikili mahiyyət etibariylə vəhdətçi, ahəngçi və monistdir. Məsələn, Yakutlarda Göy Tanrı Tenger, yer Tanrısı Yireydir. Göydə 9 ağa oza. Aşağıda 8 ağa oza oza vardır gök təbəqələri 17, yer təbəqələri 12, ya da 5-dir. Gök məbudlarının ən qüdrətlisi Art Toyon Ağadır. Türklər arasında Göy Tanrı və Yağız yer arasında orta dünya var. Burası kişinin yaradıldığı və insanların yaşadıqları aləmdir. Orada Yer-sular hakimdir.

Türk fəlsəfəsində Tanrının insanı yox yerdən yaratması deyil, daima onunla birlikdə var olması ideyası var. Yəni həmişə Tanrıyla (görən) birlikdə su (görülən) da var olub. Tanrı sonra  əvvəlcədən şəkli olan İnsanı su vasitəsilə var etdi. Deməli, Tanrı insanı yoxdan var etməmişdir. Əslində əvvəlcədən var olana şəkil vermişdi. Amma Xristianlıq (kreationizm) və İslam (xilqətçilik) dinlərinə görə Allah insanı yox yerdən var etmişdir. Altay türklərinin mifologiyasında insanın və dünyanın yaranışı belə izah olunur: “Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı.  Qara xandan başqa görən, sudan başqa görünən yox idi. Ağ Ana göründü. O, Qara xana “yarat” deyib yenidən suya saldı. Bunu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi uçurdular. Lakin halından məmnun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi.  Onun istədiyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlandı. Boğulurdu. Elədiyinə peşman olub Tanrı Qara xandan bağışlanmasını xahiş etdi.

Tanrı Qara xanın göstərişi ilə sudan bir ulduz çıxdı. Kişi həmin ulduzun üstünə çıxıb xilas oldusa da, Qara xan onun bir daha uça bilməyəcəyini nəzərə alıb dünyanı yaratmaq qərarına gəldi. Kişiyə buyurdu ki, suyun dibinə dalaraq torpaq çıxarsın. Şər düşüncədən əl çəkməmiş kişi torpaq gətirərkən fikirləşdi ki, özü üçün gizli bir dünyada yaratsın, ona görə də torpağın bir hissəsini ağzında saxladı. Elə ki, ovcundakı torpağı su üzərinə səpdi, Tanrı Qara xan torpağa “böyü” deyə  buyurdu. Torpaq böyüyüb dünya oldu. Lakin kişinin ağzında saxladığı torpaq da böyüyüb onu boğmağa başladı. Qara xan ona “tüpür” deməsəydi, boğulub öləcəkdi.

Tanrı Qara xan dümdüz bir dünya yaratmışdı, lakin kişi tüpürəndə ağzından çıxan torpaq bataqlıqlar, təpələr əmələ gətirdi. Hirslənən Qara xan itaətsiz kişiyə “Erlik” (şeytan) adını verib, özünün işıqlı dünyasından qovdu. Sonra yerdə doqquz budaqlı bir ağac bitirdi, hər budağın altında bir adam yaratdı ki, bunlar doqquz insan irqinin atları oldular. Erlik insanların gözəl həyatını, xoş həyatını görüb Tanrı Qara xandan xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin. Qara xan vermədi. Lakin Erlik istəyindən dönmədi, insanları öz tərəfinə çəkməyə başladı. Qara xan insanların azğınlığını, Erliyə aldanımalarını görəndə acıqlandı, onları öz başlarına buraxdı. Erliyi yer altındakı qaranlıq dünyanın üçüncü qatına qovdu. Özü göyün on yeddinci qatını yaradıb oraya çəkildi. Mələklərdən birini insanları qorumaq üçün yer üzünə göndərdi.

Erlik Tanrı Qara xanın qərar tutduğu gözəl göyü görüb, ondan icazə istədi ki, özü üçün bir göy yaratsın. İcazə alıb yaratdı və aldatdığı şər ruhları öz göyündə yerləşdirdi. Lakin Qara xan görəndə ki, Erliyin təbəəsi ondan daha yaxşı yaşayır, mələklərindıən birini gönədrib həmin göyü dağıtdırdı. Göy yıxılıb dünyaya düşdü, dağlar, dərələr, ormanlar meydana gəldi. Və acıqlanmış Tanrı Qara xan Erliyi yerin ən aşağı qatına sürdü. Buyurdu ki, günəşsiz, aysız, ulduzsuz yerdə dünyanın sonuna qədər qalsın. Tanrı Qara xan göyün on yeddinci qatında oturub  kainatı idarə etməkdədir. Ondan bir qat aşağıda Bay Ölgün Altun dağda  qızıl bir taxt üstündə oturub. Göyün yeddinci qatında Gün Ana, altıncı qatında Ay Ata oturmuşlar”.

Tanrıçılıq düşüncəsində xatun da Yerlik xanın bir parçası deyildir. O, Qaraxan tərəfindən ayrıca yaradılmış olub Yer Xatun ismiylə Yerlik Xana əks bir qüvvət təşkil edər. Türk hikmətində, aləmin nizamı erkək və dişi  prinsiplər arasındakı ahəngdən doğduğu üçün Xaqanın qarşısında Xatun, ailədə erkəyin qarşısında qadın özəl bir mövqeyə sahibdir.

Ardı var...

Dos., Dr. Faiq Qəzənfəroğlu

2 Mayıs 2017 Salı

FAZİL MUSTAFA : "Bundan sonra Rusiyadan Qarabağa dair xeyirli xəbər gözləməyin"

01.05.2017 / 23:10
                                                   Fazil Mustafa, millət vəkili

Avropa diplomatiyasından fərqli olaraq rus diplomatiysının dili daha açıq, kobud və səmimidir. Niyyət açıqca ifadə olunur və bu niyyətin gücə dayandığı gizlədilmir. Bunun bir nümunəsini də Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, Kremlin ideoloqu kimi tanınan politoloq Aleksandr Duqin deyimində sezirik. Duqin Bakıda üzümüzə deyir ki, "Qarabağda müharibə olarsa, Rusiya Ermənistanı dəstəkləməyəcək. Lakin Azərbaycanın da Qarabağı qaytarması istisnadır. Rusiya bu münaqişədə konkret hansısa tərəfdən çıxış edə bilmir." Tərəf olmağın guya başqa bir adı da varmış. Açıq hədə budur ki, Qarabağı qaytarmanız istisnadır.
Duqin daha sonra davam edir: “Status-kvo Rusiyaya əlverişlidir. Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir”. Yəni Rusiyanın arzulamadığı şərtlər yaranarsa Azərbaycan ərzisinə açıq işğal aktı gerçəkləşdiriləcəyini bəyan edir. Və türkiyə və ya başqa bir gücün dəstəyinə ümid bəsləməməyə işarə edir.


                                                   Politoloq Aleksandr Duqin

Duqin Rusiyanın öz sülhməramlılarının Qarabağa daxil etmək planının olmadığını desə də əlavə edib ki, lazım olacaqsa, biz bunu edəcəyik. Yenə də müdaxilə hədəsi.
Duqin davam edir: “Geosiyası nöqteyi-nəzərdən Rusiya bir məsələdə maraqlıdır: Dağlıq Qarabağda status-kvo saxlanılsın. Bəzi problemlər var ki, biz orada münaqişələrdə maraqlıyıq. Qarabağda isə sülh bizə əlverişlidir”. Guya Qarabağda neçə illərdir sülh bərqərar olub, bu da məmnunluğunu ifadə edir. 
Rusiyanın xarici siyasətinin iideoloji platformasını hazırlayan Duqinin ifadə etdiyi mövqe budur ki, Qarabağda nə sülh, nə də müharibə olmalıdır, sadəcə buralar narahat bölgə kimi qalmalıdır ki, Rusiyaya hər iki tərəfin ehtiyacı olsun. Ermənistana dəstək verməyəcəyik (sanki qoşunları, silahları hamısı Ermənistanda deyil, Qvineya-Bisaudadır), Azərbaycana da torpağı qaytarmağa imkan verməyəcəyik.
Bundan sonra Rusiyada gedən hər hansı müzakirələrdə Qarabağa dair xeyirli xəbər gözləməyin...Adamlar kobud formada da olsa mövqelərini açıq söyləyirlər.


Fazil Mustafa, millət vəkili