Translate

7 Ağustos 2015 Cuma

İNGİLİSLƏR ŞOKDA: BU TORPAQLAR TÜRKİYƏNİN OLACAQ



İncirlik bazasından istifadə mövzusunda ABŞ və Türkiyə arasında əldə olunan razılaşma ingilisləri narahat edib. Bu razılaşmadan sonra ABŞ mediasının “Orta Şərqin yeni xəritəsini Obama və Ərdoğan çəkəcək” yazması da ingilisləri təşvişə salıb.

Publika.az xəbər verir ki, ingilis mətbuatı Amerika mediasının bu iddiasını bir qədər də konkretləşdirib.

Bildirilir ki, Firat çayının qərbindən Aralıq dənizinə qədər uzanan topraqlar Türkiyənin yeni vilayəti olacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında ABŞ-a gedə biləcəyini açıqlayıb. ABŞ-ın “The New York Times” nəşri Ankara və Vaşinqton arasındakı İncirlik razılaşmasını xatırladaraq Yaxın Şərqə yeni şəkil veriləcəyini yazıb: “PKK və İŞİD böyük əməliyyatlarla qarşı-qarşıya qalacaq. Bəşər Əsədin getməsi üçün Vaşinqton daha aktiv rol oynamağa başlayacaq. Bölgənin gələcəyi Ərdoğan-Obama görüşündə planlaşdırılacaq. Ərdoğan ABŞ-a Yaxın Şərqin xəritəsini dəyişdirməyə gedir”.

İngilislərin narahatlığının əsas səbəblərindən biri İncirlik razılaşmasının bir sıra detallarının gizli saxlanılmasıdır. İddiaya görə, ABŞ İncirlik razılaşmasından sonra YPG (PKK-nın Suriya qolun olan PYD-nin silahlı qanadı) içindəki döyüşən agentlərini bölgədən geri çəkib və bununla da YPG-nin bölgədəki fəaliyyətinin sona çatacağı barədə siqnallar verilib. “Hələb dəhlizi” adlandırılan, Firat çayının qərbindəki təhlükəsiz bölgənin İŞİD-dən, demək olar ki, təmizləndiyi bildirilir.

Bütün bu prosesləri izləyən ingilis mediası Firatın qərbinin tamamilə Türkiyəyə veriləcəyini iddia edib. ”The Guardian” nəşri yazıb ki, Türkiyənin İŞİD və PKK-ya qarşı əməliyyatları, bölgəyə yeni bir ab-hava gətirib. Bu əməliyyatlar başa çatanda Türkiyə-Suriya sərhədinin Firat çayından qərbdə qalan hissəsi Türkiyənin olacaq”.

İngilis mediasının “türk vilayəti” olacağını iddia etdiyi ərazi isə Cerablus və Afrinin cənubundakı Hələb ilə İdlibi əhatə edir və Hatayın cənubundan Bəşər Əsədin tarixi vətəni Lazkiyeyə qədər uzanır.

Ömər Dağlı


TÜRKİYƏ GENİŞMİQYASLI QURU ƏMƏLİYYATINA BAŞLAYIR - DETALLAR



PKK terror təşkilatının Şimali İraq və cənub-şərqi Türkiyədəki mövqelərini havadan bombalayan Türkiyə Silahlı Qüvvələri quru əməliyyatı üçün hazırlıqlara başlayıb.

Publika.az xəbər verir ki, Türkiyə mediası PKK-ya qarşı həyata keçiriləcək quru əməliyyatının detallarını əldə edib.

Türkiyə ordusu ilk olaraq ölkə daxilindəki terror ünsürlərini məhv etməyi planlaşdırır. Bir həftə sonra isə Suriya sərhədinə keçən PKK-çılar üçün quru əməliyyatlarının başlanması nəzərdə tutulur. ABŞ ilə əldə olunan İncirlik razılaşmasından sonra terror aktlarının qarşısının alınması üçün ciddi addımlar atan Türkiyə həm İŞİD, həm  də PKK-nı bölgədən tamamilə çıxarmaq istəyir.

Hərbi mənbələrdən əldə edilən məlumatlara görə, türk qırıcılarının bombardmanlarından sonra Kandil, Hakurk və Avaşin kimi düşərgələrdən Şimali Suriyaya 1500-ə qədər silahlı PKK üzvü qaçıb. PKK-nın Şimali Suriyadakı yuvalarının məhv edilməsi üçün keçiriləcək quru əməliyyatlarına hava qüvvələri də dəstək verəcək.

Ömər Dağlı

DÜNYANI DƏYİŞDİRƏN DÖYÜŞ: SƏDDAM 24 İL ƏVVƏL NƏ SÖYLƏMİŞDİ ?


İki gün əvvəl dünyanı dəyişdirən müharibənin başlanmasından 25 il keçdi.

Publika.az xəbər verir ki, Səddam Hüseynin dövlət başçısı olduğu İraq ordusu 1990-cı il avqustun 2-də Küveytə girdi.

İraq ordusu avqustun 4-də Küveytin işğalını başa çatdırdı. ABŞ və müttəfiqləri yeddi ay ərzində I Körfəz Müharibəsi ilə Küveyti Səddamın işğalından azad etdi. Ancaq bundan sonra yaşananlar yalnız bölgədə deyil, bütün dünyada geostrateji proseslərə istiqamət verdi.

Səddam Hüseyn 1991-ci ildə “Bu bütün döyüşlərin anası olacaq” deyərək tarixə keçmişdi.

Ekspertlər hesab edir ki, Küveyt işğalı sonradan bütün dünyada siyasi proseslərə təsir göstərəcək hadisələrin baş verməsinə gətirib çıxardı. Həmin hadisələr aşağıdakılardır:

1.ABŞ qəlbindən vuruldu. “Əl-Qaidə” terror təşkilatı Küveyti işğal edən Amerika əsgərlərinin bölgədə yerləşməsindən sonra döyüşü okeanın o tayına keçirəcəyini bildirmişdi. Təşkilat 11 sentyabr 2001-ci ildə qaçırdığı 4 təyyarə ilə Nyu-York şəhərindəki ticarət mərkəzi və Pentaqon kimi strateji hədəflərə kamikadze hücumları təşkil etdi. Hücumlarda 2996 nəfər öldü. Hücumların Yaxın Şərqə böyük təsiri oldu.

2.İlk qurban Əfqanıstan. 11 sentyabr hücumlarından sonra ABŞ-ın ilk hədəfi Əfqanıstan oldu. “Əl-Qaidə”nin Əfqanıstanda yerləşdiyini iddia edən ABŞ və İngiltərə Taliban rəhbərliyinə 7 oktyabr 2001-ci ildə müharibə elan etdi.

3.Səddam Hüseynin sonu. Səddam rejimini 11 sentyabr hücumlarını həyata keçirən “Əl-Qaidə”yə dəstək verməklə və kütləvi qırğın silahlarını istehsal etməklə ittiham edən ABŞ prezidenti oğul Corc Buş İraqı işğal etmək qərarına gəldi. İraqı 24 il idarə edən Səddam rejimi yıxıldı. Səddam 2006-cı ildə asılaraq edam edildi. Buşun xələfi Obama 2011-ci ildə rəsmi olaraq müharibənin başa çatdığını açıqladı.

4.İŞİD-in doğuşu. İraqdakı şiə hökuməti ilə müharibə vəziyyətində olan Səddam rejiminin tərəfdarlarından dəstək alan qruplar “Əl-Qaidə”nin İraq qolu “İraq Şam İslam Dövləti”ni qurdular. Təşkilat 2013-cü ildə “Əl-Qaidə”dən ayrıldı. 2014-cü ilin yayında İraqda Mosul və Suriyada Rakka şəhərlərini ələ keçirən İŞİD təxminən 100 illik “Sykes-Picot” razılaşmasında əksini tapan sərhədləri yıxdı. Küveyt işğalının məhsulu olan İŞİD tam 24 il sonra İraq və Suriyada “xilafət” elan edərək bölgədəki tarazlığı da alt-üst etdi.

5.İranın yüksəlişi: Küveyt işğalının nəticələri olan Əfqanıstan və İraqın işğalı bu ölkələrlə problemləri olan İranın önünü açdı. İran İraqda yeni qurulan şiə hökuməti üzərinə təsirini artırdı. Bəzi mütəxəssislərə görə, yeni tarazlıq İranın Qərblə əldə etdiyi Vyana razılaşmasını da qaçılmaz etdi.

Ömər Dağlı
   

BÖYÜK MÜHARİBƏYƏ SAYILI GÜNLƏR QALDI: 200 ABŞ TƏYYARƏSİ TÜRKİYƏYƏ GƏLİR



Türkiyə və ABŞ arasında təxminən 10 ay davam edən və iyul ayında Türkiyə hökuməti tərəfindən son şəkil verilən razılaşma çərçivəsində konkret addımlar atılmağa başlanılıb.

Publika.az xəbər verir ki, ABŞ və Türkiyə ilk addım olaraq İŞİD terror təşkilatının Türkiyə sərhədlərindən uzaqlaşdırılması qərarına gəlib.

Bu, Suriyanın şimalında “təmizlənmiş bölgə”nin yaradılması anlamına gəlir. Təmizlənmiş bölgənin isə Suriyanın mülayim müxalifətinin nəzarətinə verilməsi  və koalisiya təyyarələrindən müxalifət gücləri üüçn “hava qalxanı”nın yaradılması planlaşdırılır. Artıq bu istiqamətdə ötən həftə ilk addımlar atılıb. Koalisiya təyyarələri Suriyanın Azez şəhərində “Əl-Nüsra” Cəbhəsi ilə qarşıdurmaya girən mülayim müxalifətə havadan dəstək verib. İŞİD-dən təmizlənmiş bölgəyə Türkiyəyə sığınan suriyalı qaçqınların yerləşdirilməsi də nəzərdə tutulur.

Əməliyyatda İncirlik bazasından istifadə üçün hazırlıqlar başlayıb. Bazadan artıq pilotsuz təyyarələr üçün istifadə etməyə başlanılsa da, bazadan hərtərəfli istifadə ABŞ hərbi hava qüvvələrinin Türkiyəyə gəlməsindən sonra mümkün olacaq. Məlumata görə, bu həftə 200-dən çox ABŞ hərbi təyyarəsinin İncirlik bazasına gəlməsi gözlənilir. ABŞ hərbi qüvvələri və hərbi təchizatın İncirliyə gətirilməsindən dərhal sonra “İŞİD-dən təmizlənilmiş bölgə”nin yaradılması üçün əməliyyatlar başlayacaq. İngiltərə və Fransanın da aralarında olduğu koalisiya ölkələri əməliyyatlara dəstək verəcək.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən verilən açıqlamaya görə, ilk silahlı pilotsuz təyyarələr İncirlik bazasından qalxıb. Pentaqonun sözçüsü Jeff Devis silahlı pilotsuz təyyarələrin ötən həftə sonu İncirlik bazasından Suriyaya qalxdığını bildirib. Amma Deviz onların hər hansı bir əməliyyatda iştirak etmədiyini vurğulayıb.

Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) 48-ci xarici işlər nazirləri toplantısında iştirak edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və ABŞ-ın yaxın vaxtlarda İŞİD-ə qarşı genişmiqyaslı mübarizəyə başladacağını söyləyib.

“ABŞ ilə əldə etdiyimiz razılaşma ilə bazalarımız, xüsusilə də İncirlik bazasının açılması mövzusunda önəmli məsafə qət etdik. Pilotlu və pilotsuz Amerika təyyarələrinin İncirlik bazasına gəlməyə başladığını görürük. Yaxın vaxtlarda İŞİD-ə qarşı birlikdə genişmiqyaslı döyüş başlayacaq”, - xarici işlər naziri deyib.

Ömər Dağlı