İkinci Dünya Müharibəsində “böyük üçlüyün” üçüncü və sonuncu görüşü – Potsdam konfransının (17 iyul-2 avqust 1945) 70 illiyinə həsr edilmişdi.
Bundan əvvəlki iki görüşdən - Tehran (1943), Yalta (1945) konfranslarından fərqli olaraq Potsdam konfransında Qərbi nə Franklin Ruzvelt, nə də Vinston Çörçil təmsil edirdilər.
ABŞ prezidenti 1945-ci ilin aprelində vəfat etmişdi. Onun əvəzinə Potsdama vitse-prezident Harri Truman gəlmişdi. Britaniyanın baş naziri Çörçil iyulun 26-da parlament seçkisində məğlub olmuşdu.
Stalinin təəccübü
Çörçili Potsdamda leyboristlərin lideri Klement Attlee əvəz edirdi. Bəzi nümayəndə heyəti üzvlərinin xatirələrinə görə bu, Stalin üçün tamamilə gözlənilməz idi. O heç cür başa düşə bilmirdi ki, britaniyalılar tarixi qələbə qazanmış bir adamın üstündən necə xətt çəkə biliblər.
Görünür bu, elə Çörçilin özü üçün də gözlənilməz olmuşdu. Beləki o, demək olar seçki kampaniyası aparmamış və öz alternativsizliyinə inanmışdı. O, ictimaiyyət qarşısında ara-sıra görünər, barmaqları ilə “V” – victory (qələbə) işarəsi göstərməklə kifayətlənərmiş. Əvəzində Attlee şəxsi avtomobilində ölkə boyunca gəzmiş və “xalqla pablarda ünsiyyət qurmuşdu”. Üstəlik, sükan arxasında onun xanımı olmuşdu.
Berlin üzərində “zövqlü iş”
Yeni partnyorlarla Berlin təəssüratlarını bölüşən Stalin demişdi: “Hiss olunur ki, bizim qoşunlarımız Berlin üzərində zövqlə işləyiblər. Ordan keçəndə yalnız beş-on salamat bina gördüm”.
Artyom Kreçetnikov yazır ki, ümumiyyətlə, konfransda xoş məram əhval-ruhiyyəsi hökm sürürmüş. Stalin fasilələrdən birində Britaniya baş komandanı Bernard Montgomeriyə yaxınlaşıb deyibmiş: “Bunların hamısı siyasətçidir, bizsə sizinlə hərbçi kimi bir-birimizi daha yaxşı başa düşə bilərik”.
Görünür, Stalin sülh konfransında da hərbçi kimi hökm vermək iddiasındaydı.
Yeni və parçalanmış Almaniya
Almaniyanın yeni şərq sərhədi Oder çayı üzərindən keçməliydi və beləliklə, ölkə 1937-ci ildə malik olduğu ərazinin dörddə birini itirirdi.
Stalinin təzyiqi altında Almaniyada hələlik mərkəzləşdirilmiş hökumətin yaradılması nəzərdə tutulmurdu.
Məqalədə deyilir ki, Potsdamda razılaşdırılmış siyasi qaydaya 1949-cu ilədək riayət edilib. Yalnız bundan sonra Qərb müttəfiqlərinin nəzarətində olan hissədə AFR (Almaniya Federativ Respublikası), sovetlərin nəzarətində olan hissədə isə ADR (Almaniya Demokratik Respublikası) yaradılıb.
Ölkənin qeyri-nasistləşdirilməsi üçün əhali beş kateqoriyaya bölünmüşdü: hərbi cinayətkarlar, təqsirlilər, ikinci dərəcəli təqsiri olanlar, iştirakçılar və günahsızlar.
Qərb işğal zonasında 600 min adama peşə qadağası qoyulmuşdu. 1945-49-cu illər arasında 5025 nəfər məhkum edilmişdi. Bunlardan 486-sı (Nürnberqə asılmış əsas canilərdən başqa) edam edilmişdi.
Hitlerin prokuror və hakimləri
Buna baxmayaraq, nasist keçmişinə malik bir sıra fiqurlar yeni Almaniyada da vəzifə sahibi olmuşdular. Abverin keçmiş polkovniki Teodore Oberlender yeni hökumətdə köçkünlər üzrə nazir idi.
Abverin başqa bir rəhbəri, Reinhardt Gahlen Qərbi Almaniyanın kəşfiyyat rəisi təyin edilmişdi. Parisin nasist kommendantı Hans Speidel isə NATO qərargahının rəisi idi.
Sovet tərəfinin iradlarına cavab olaraq AFR rəhbərliyi bildirirdi ki, bu adamlar ideya baxımından nasist olmayıblar və yalnız hərbi öhdəliklərini icra ediblər.
1966-69-cu illərdə kansler olmuş Kurt Georg Kiesinger isə Hitlerin təbliğat nazirliyində işləmişdi.
1959-cu ildə AFR-də Hitler hakimiyyətindən qalma 9 min hakim və prokuror vardı.
Polşanın “iki hökuməti”
Şərqi Almaniyada isə hətta nasist olmayanlar, sosial-demokratlar, xristian fəalları, ümumiyyətlə bütün antikommunistlər repressiyalara məruz qalmışdılar.
Artyom Kreçetnikov yazır ki, Potsdam konfransında Almaniyadan başqa bir neçə ölkənin də taleyi müzakirə olunurdu.
Macarıstan, Rumıniya və Bolqarıstan müharibə illərində Almaniya ilə müttəfiqlik etmişdilər. Odur ki, bu ölkələrdə SSRİ-nin hökumət qurmaq haqqı mübahisə mövzusu deyildi.
Polşa ilə bağlı vəziyyət isə bir az başqa cür idi. 1939-cu ildən bəri Hitler tərəfindən işğal olunmuş Polşanın qanuni hökuməti Londonda mühacirətdəydi. Stalin isə Potsdama özü ilə Polşanın “yeni kommunist hökumətini” gətirmişdi. Uzun mübahisələrdən sonra məsələ kompromislə həll olundu. Kommunist Boleslav Berkutun hökumətinə “londonlular”dan bəziləri nazir kimi daxil edildi.
Alman qadınların kütləvi zorlanması
Başqa bir problem yeni Polşanın sərhədləri ilə bağlı idi. Stalin, Ribbentrop-Molotov sazişinə əsasən 1939-cu ildə Polşadan qopardılmış əraziləri qaytarmaq niyyətində deyildi. O, əvəzində Almaniyanın hesabına Polşanı genişləndirmək istəyirdi. Sovet planına görə Polşaya Almaniyadan verilməli ərazidə almanlar yaşayırdılar və burada inkişaf etmiş kənd təsərrüfatı və kömür mədənləri vardı.
Bu barədə Stalin qısa bir məlumat vermişdi ki, “problem öz-özünə həll olunub, almanlar sadəcə olaraq qaçıblar”.
Əslində bu, bir həqiqət idi. Almanların xaotik köçürülməsi nəticəsində onlardan 100 mini dünyasını dəyişmişdi.
Müasir Rusiya tarixçisi Mark Solonin isə yazır ki, bu ərazilərdə qarətlər və alman qadınların kütləvi zorlanmaları baş verirdi.
Stalinin planına görə, belə hallar yalnız SSRİ və Polşaya verilən Almaniya ərazilərində qeydə alınırdı. ADR-də bu cür hadisələrə qəti yol verilmirdi.
Solonin inanır ki, kütləvi qarət və zorlamaları sovet əsgərləri yox, təhlükəsizlik nazirliyinin dəstələri törədirdilər. Məqsəd alman əhalini boşaldılan ərazilərdən didərgin salmaq idi.
Türkiyə məsələsi
Potsdam konfransının 23 iyul iclasında Stalin və Molotov Dardanel boğazında sovet bazasının yaradılması, Türkiyənin şərq vilayətləri olan Qars və Lazıstanın SSRİ-yə verilməsi tələbi ilə çıxış etmişdilər.
Onların bu tələbləri müttəfiqlər tərəfindən qəti rədd edilmişdi.
Qərb bildirirdi ki, Türkiyə Hitlerlə müttəfiqlik etməyib və onu heç cür cəzalandırmaq olmaz.
Baza əvəzinə sovet gəmilərinə “Türkiyənin razılığı əsasında” boğazlardan keçid hüququ verilməklə kompromis əldə olunmuşdu.
Artyom Kreçetnikov yazır ki, hələ 1939-cu ildə Moskva Ankaraya hərbi baza təklifi ilə müraciət etmiş, lakin rədd cavabı almışdı.
“Görəsən, Türkiyə buna görə sonra peşmançılıq çəkməyəcək ki?” – deyə Molotov elə həmin il keçirilən Ali Sovetin sessiyasında sual etmişdi.
Ararat Ermənistanın, Ay da Türkiyənin ərazisi deyil
Molotov “Türkiyə məsələsini” əvvəlcə Hitler və Ribbentrop, sonra isə Truman və Çörçillə də müzakirə etmişdi.
1940-cı il, noyabrın 25-də Stalin Kominternin başçısı Georgi Dimitrova demişdi: “Biz türkləri Asiyaya qovacağıq. Nə Türkiyə? Orada iki milyon gürcü var, milyon yarım erməni, bir milyon kürd. Türklər cəmi 6-7 milyondurlar”.
Rusiya tarixçisi Aleksandr Qoryanov yazır ki, Stalin 1945-ci ilin əvvəllərində, Avropadakı vəziyyət imkan verən kimi, Bolqarıstan və Qafqaz ərazisindən Türkiyəyə soxulmağı planlaşdırmışdı, lakin bu planları Türkiyənin 1945-ci ilin fevralında antihitler koalisyasına qoşulması pozdu.
Məqalədə deyilir ki, Türkiyəyə ərazi iddialarından SSRİ yalnız Stalinin ölümündən sonra əl çəkdi, üstəlik məsələni belə qoydu ki, guya əvvəlki tələblərlə Moskva yox, “Gürcüstan və Ermənistan hökumətləri” çıxış edirmiş.
Buna baxmayaraq, Türkiyə ərazisində olan Ağrı dağı Sovet Ermənistanının gerbində qaldı. Türklərin buna etirazlarına cavab olaraq sovet tərəfi bildirirdi ki, Türkiyənin də bayrağında aypara var, halbuki Ay Türkiyə ərzisi deyil.
publika.az