Translate

4 Mart 2022 Cuma

RUSİYALI TATAR EKSPERT MÜHARİBƏNİ ANALİZ EDİR

 RUSİYA UDUZACAQ


Milliyətcə tatar olan rusiyalı müstəqil ekspert Kamil Qaleyevin Rusiya-Ukrayna müharibəsilə bağlı Tvitterdə yazısı dərc olunub. 

Qaynarinfo yazının maraqlı olduğunu nəzərə alaraq, onun əsas müddəalarını oxucuların diqqətinə çatdırır. 

Ekspert iddia edir ki, Rusiya bu müharibəni uduzacaq: 

"Analitiklər Rusiya ordusunun imkanlarını həddən artıq şişirdir. Ukrayna ordusunun imkanlarını isə aşağı qiymətləndirirlər. Onlar həmçinin Rusiyanın strategiyası və siyasi məqsədlərini səhv başa düşürlər. 2014-cü il müharibəsində Ukraynada hərbi təchizat və texnikanın durumu dəhşətli idi. Onun texnika və hərbi sursatı 25 ildən çox istifadədə olan Sovet istehsallı məhsullar idi. Hərbi maşınların radiatorları, akkumulyatorları ya çürümüş, ya da illərlə təmir olunmurdu. Ukrayna ordusu o vaxt belə acınacaqlı durumda Donbasda məğlub oldu”. 

Qaleyevin fikrincə, ötən 8 ildə isə çox şey dəyişib: 

"Ukraynada orduya çağırış sistemi dəyişdi. İnsanlar hərbi xidmətə çağırılaraq Donbasa göndərilirdi. Daha sonra əksəriyyəti tərxis olunur və mülki həyata qaytarılırdı. Bununla da Donbasdakı hərbi kontingent 60 minə yaxın əsgərdən ibarət saxlamaqla daim rotasiya olunurdu. Nəticədə hazırda Ukraynada 400 000-dən çox Donbas müharibəsi veteranı var. Yəni Ukraynada döyüş təcrübəsinə sahib çoxsaylı veteran var. Ukraynaya hücum edən Rusiya əsgərlərinin əksəriyyəti isə müharibə görməyib.

Üstəlik, gördükləri döyüş fərqlidir. Rus əsgərləri yalnız tam üstünlük əldə etdikdə döyüşə atılır. Təchizat baxımından Ukrayna ordusu qismən təmin edilib. Ukraynaya məxsus bir çox yeni silah hazırlanıb. Ancaq demək olar ki, heç biri geniş miqyasda istehsala buraxılmayıb. Ukrayna Türkiyənin 48 ədəd Bayraktar TB2 dronu sifariş edib. Ondan yalnız 12 ədəd qoşunlara çatıb. Ukrayna türklərlə birlikdə yeni, daha güclü pilotsuz uçan aparat "Bayraktar Akıncı” hazırlayır, lakin dronlar indiki müharibə üçün hələ hazır deyil. 

Bununla belə, ukraynalılar Amerika istehsalı olan bir sıra Javelins, M141 Bunker, Britaniya-İsveç istehsalı olan MBT LAW döyüş sursatları əldə etdilər. Ukrayna istehsalı olan "StugnaP", RK-3 "Corsar" və "Baryer" kimi tank əleyhinə silahları da Rusiya tankları ilə mübarizəyə yönəldilib. 

Putin hücum edənə qədər Ukrayna qoşunları tamamilə yeni tanklarla təchiz olunmamışdı. Amma bununla belə ordunun istifadəsində yeni zirehli maşınlar, Türkiyə istehsalı olan Aselsan döyüş modulları ilə yerli istehsal Cossack-2 və bir sıra Amerika zirehli maşınları, Humvees və s. var. 

Nəhayət, Ukrayna yeni qoşun növünü - ərazi müdafiə qoşunlarını yaradıb. Onların ümumi sayı 60 000 nəfərdir. Bu, Polşa qoşun növünün surətidir. Bunlar hərbi təhsil alan mülki şəxslərdir və bir gün ərzində öz şəhər və bölgələrində döyüşmək üçün səfərbər oluna bilirlər”.

Rusiya ordusuna gəldikdə, ekspert düşünür ki, bir neçə eşelonlu hücumla düzgün blitskrieg təşkil etsəydi, yəqin ki, Ukrayna uduzardı: 

"Amma Rusiya bunu etmədi. Hazırda Ukrayna ətrafında Rusiya qüvvələri azdır. Onun çoxlu artilleriya silahı olsa da, bu, qələbə qazanmaq üçün kifayət deyil. Putin ilk gündən Ukrayna ordusunun qaçacağı və ya təslim olacağını düşünürdü. Onlar ukraynalıların real müqavimət göstərəcəyinə inanmırdı. Ona görə də Putin hücumu yalnız bir eşelonla həyata keçirdi. Qoşunlar məhv edilməmiş çoxsaylı ukraynalı nizami əsgərləri və postlarını geridə qoyaraq irəlilədi. Amma ikinci və üçüncü eşelon dağılmış ukraynalı müdafiəçiləri bitirmək üçün gəlmədi”. 

Qaleyev qeyd edir ki, belə vəziyyət Rusiya ordusunda 

təchizat və yerləşmə problemi yaradıb: 

"İrəliləyən birinci eşalonun sursat, yanacaq, qida və yardımçı insanlara ehtiyacı var. Belə təchizat olmadıqda isə konvoylar asanlıqla "Bayraktar”larla yanaşı, arxada qalan nizami və ərazi müdafiə qoşunlarının hücumuna məruz qalır. Habelə Kiyevin silah payladığı könüllülər rus kolonlarına qarşı dura bilməsə də, konvoylara hücum edə bilərlər”. 

Rusiyalı ekspert Putin narahat olduğunu da bildirir: 

"Fevralın 25-də çəkilmiş videoda o, Ukrayna hərbçilərini dövlət çevrilişinə çağırıb. Əgər onun planı ilk növbədə işləsəydi, bu çağrışa ehtiyac olmazdı. Bu isə o anlama gəlir ki, Putinin planı baş tutmayıb. Çünki o, müharibə planlaşdırmırdı. O, heç vaxt müharibə etməyib və müharibədə necə mübarizə aparacağını bilmir. O, digər yerlərdə olduğu kimi, Ukraynada da xüsusi əməliyyatlar həyata keçirir. Ukraynalıların mübarizəni davam etdirməsi də Putini ciddi narahat etməkdədir. Çətin ki, Putin hazırkı üsullarla qalib gəlsin. Əksər rus hərbçiləri əyləncəli və sərgüzəştlərlə dolu kiçik bir xarici missiyaya həvəslə gedərdi, buna etiraz etməzdi. Amma həqiqi ölüm ehtimalı ilə uzun müddət davam edən bir müharibədə olmaq başqa məsələdir.

Sosioloji araşdırmalara görə, Rusiyada əsgərliyə getmək üçün əsas motivasiya adətən pulsuz mənzil almaqdır. İmkansız gənclər üçün bu mənada orduda xidmət dövlətdən mənzil almaq şansıdır.

İndi ölürsənsə, mənzil də ala bilməyəcəksən. Ola bilsin ki, artıq Ukraynada olanların seçimi azdır, amma müqavimətin davam etməsi, müharibənin qanlı olması və itkilərin real olması faktı geri qayıdanları böyük dərəcədə ruhdan salacaq. Rusiya tərəfindən müharibəyə getmək üçün heç bir həvəs gözləməyin”.

Belə durumda ekspert Putin nə edə biləcəyinin proqnozunu da verib: 

"1. İnfrastrukturun məhvi, buna başlayıb. 2. Şəhərlərin blokadası, onu da həyata keçirir. 3. Çeçenistan və ya Suriyadakı kimi şəhərləri bombardman və artilleriya ilə çökdürmək, bu da mümkündür. Öncə qeyd edilən iki məqam humanitar fəlakətə gətirib çıxaracaq müqavimətin gücünü qıracaq. Üçüncüsü daha problemlidir. 

Mübarizə davam edərsə və qələbə olmazsa, Rusiya ordusunun döyüş bacarığı və döyüşmək istəyi də tezliklə yox olacaq. Putinin seçimi yoxdur, amma tabeliyində olanların seçimi var.

Hətta Rusiya texniki cəhətdən uduzmasa və hansısa atəşkəs, razılaşma əldə olunsa belə, Ukrayna artıq qalib gəlib. Niyə?

Rus xalqı pravoslav monarxiya mifinə inanır. Təbii ki, ortodoks çara qarşı çıxanlar da olacaq. Amma ona qarşı müqavimət təşkil etmək mümkün deyil. Beləliklə, müqavimət edən fərdlər olsa da, onlar mütəşəkkil Opriçnik qüvvələri tərəfindən asanlıqla əziləcəklər. 

Opricniklər çox cəsarətli və qəddar olurlar. Rus xalqının mifologiyası onların 99 faizinə bu təhlükəsizlik qüvvələrinə müqavimət göstərməyi qadağan edir. Amma 1572-ci ildə Krım xanı Moskvaya hücum edərkən opriçnik qüvvələri onunla üz-üzə gəlsə də, oxlarla darmadağın edildilər. Çünki inandıqları mif onları müqavimət qabiliyyəti olmayan insanlarla vuruşmağa alışdırmışdı. 

Ukraynalılar isə bu mifoloji məkanı çoxdan tərk edib. Üstün düşmənə qarşı müqavimət faktının özü Ukrayna mifologiyasını gücləndirir. Bu, şahidi olduğumuz nəhəng mif binasıdır. Müharibə fenomeninin özünü mifoloji ölçünü nəzərə almadan təsəvvür etmək mümkün deyil. Mübarizə olmadan müstəqiliyinizi təhvil versəniz, həyatınızı xilas edəcəksiz. Amma bununla miflərinizi də öldürəcək və qalib tərəf sizi həzm edəcək. 

Ancaq amansız və qanlı döyüşdən sonra məğlub olsanız belə, mifiniz canlıdır. Son döyüşün xatirəsi əsrlər boyu yaşayacaq. Bu, sizdən sonra gələn nəsillərin yaşadığı mifoloji məkanı formalaşdıracaq və onlar ilk fürsətdə müstəqilliyi bərpa etməyə çalışacaqlar”.


Rüfət Sultan.

Qaynarinfo.az

04.03.2022. / 10:57.

& VƏTƏNSEVƏRLƏR


27 Şubat 2022 Pazar

GÖZÜMÜN AĞI-QARASI BİRCƏ QARDAŞIM...


Oqtay İrşad oğlu Əliyev

Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.

Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.

Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatmaq istədilər. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmədilər. Bu kütləvi qırğını törətmiş cinayətkarlar hələ də azadlıqdadırlar. Mən haqq - ədalətin zəfər çalacağına inanırdım. Ancaq bu cinayətkarlar öz layiqli cəzalarını hələ almayıblar, alacaqlarına ümid edirəm. Bunun üçün Azərbaycanın beynəlxalq birliyin köməyinə ehtiyacı var.

Bu gün, həm də, "qanadımı" itirdiyim gündür. Gözümün ağı-qarası, məndən kiçik qardaşım Oqtay İrşad oğlu Əliyev 2006-cı ilin 27 fevralında, 45 yaşında iş başında vəfat etdi. O vaxtdan tək qanadla qalmışam.

 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında iş başında şəhid olub. Allah rəhmət eləsin !


ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN ! AMİN ...


Adil İrşadoğlu (Əliyev).

27.02.2022.


3 Şubat 2022 Perşembe

"O" - MUSTAFA ÇƏMƏNLİ

 #AZTV #MədəniyyətTV


Mustafa Şura oğlu Mustafayev (Mustafa Çəmənli) — nasir, publisist, Əməkdar mədəniyyət işçisi (2018), 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979).

& VƏTƏNSEVƏRLƏR

17 Ocak 2022 Pazartesi

KƏLBƏCƏR, LAÇIN, QUBADLI, ZƏNGİLAN CAMAATININ QƏDİM ALBANLARLA ƏLAQƏSİ VARMI?

 ARAŞDIRMA



"Qubadlının Əliyanlı mahalının Başarat və Armudlu kəndlərində alban məbədləri, Qafqaz Albaniyası dövründən qalmış digər abidələr vardır..."

 

“Bu gün təkcə Qazaxıstan Respublikasında 750.000 alban yaşayır...”

 

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin özünün “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindəki faktlar əsasında hazırladığı  “Qafqaz albanları: Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan camaatı” başlıqlı yazısının “Albanlar və alanlar” adlı 1-ci hissəsini təqdim edirik: 



Cənubi Qafqaz albanları və Şimali Qafqaz alanları... Albanlar azərbaycanlıların və dağıstanlıların, alanlar isə qaraçaylıların, balkarların və osetinlərin əcdadı sayılırlar. Albaniyanın adı əski salnamələrdə Albania (latın), Arianiya (qədim yunan), Arran (ərəb-pars), Aluank (qrabar) və başqa formalarda qeyd olunub. Alaniyanın adı isə qədim mətnlərdə Alania (latın), Allan (ərəb), Alank (qrabar) və digər şəkillərdə göstərilib. Nüfuzlu fransız linqvisti Emile Benveniste (1902–1976) hesab edirdi ki, Alaniya adı qədim pars dilindəki Ariana (Arran?) sözündən törəyib.

“Qədim türk dilinin lüğəti” əsərindən («Древнетюркский словарь», город Ленинград, издательство «Наука», 1969, с. 33) bəllidir ki, qədim türk dilində “alanq” sözü “düz” (hamar), “alban” sözü isə “dövlət vergisi” anlamını ifadə etmişdir. Saxa türkləri mərdlik və şücaət kimi keyfiyyətlərə “alban” deyirlər. Monqol dilində isə “alban” sözü “dövlət”, “qanun”, “vergi” mənalarında işlənir.

Quba rayonunun Alpan kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri və Qafqaz Albaniyasının yadigarıdır. Alpan toponimi özündə qədim alban tayfasının adını əks etdirir. Bu tayfa yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də yayılmışdır. Bu gün təkcə Qazaxıstan Respublikasında 750.000 alban yaşayır. Özbək albanları sakau tayfasının, türkmən alpanları isə sakat və təkə tayfalarının tirələridir. Tanınmış tarixçilər – fransız Lui Vivyen de Sen-Marten (1802–1897) və rus Sergey Pavloviç Tolstov (1907–1976) müasir türkmən xalqının təkə və qədim saka xalqının daha tayfalarını eyniləşdirmişlər. Alban və alpan adlı tirələri olan digər iki tayfanın da adlarına diqqət yetirək: sakau və sakat. Xatırladaq ki, Şimali Qafqaz alanları məhz qədim sakaların törəmələri idilər.

 

Azərbaycanın aşağıdakı yer adları da, 

ola bilsin ki, alan–aluan–alban etnonimi ilə bağlıdır: 



- Ağsu rayonundakı Sanqalan dağı və Sanqalan (sanq–alan–aluan–alban) kəndi;

- Abşeron rayonunun Xırdalan (xırd–alan–aluan–alban) şəhəri;

- Xəzər rayonunun Şüvəlan (şüv–alan–aluan–alban) kəndi;

- Cəlilabad rayonunun Albalan (alp–alan–aluan–alban) kəndi;

- Kəlbəcər rayonundakı İlandağ (alan–aluan–alban–dağ) dağı;

- Zəngilan (zəng–alan–aluan–alban) rayonu;

- Culfa rayonundakı Əlincə (alan–aluan–alban) qalası, Əlincə dağı, Əlincə çayı və İlandağ dağı;

- Ordubad rayonundakı Alangözdağ dağı;

- Füzuli rayonundakı Məngələnata (min, minq–alan–ata) dağı;

- İranın Ərdəbil ostanındakı Savalan (sav–alan–aluan–alban) dağı;

- Qəbələ rayonundakı Savalan dağ silsiləsi və Savalan kəndi;

- Laçın rayonundakı Ağoğlan (ağ alan–aluan–alban) dağı, Ağoğlan çayı, Ağoğlan monastırı, Ağoğlan qalası və Ağoğlan kəndi;

- Sədərək rayonundakı Ağoğlan türbəsi;

- Cəbrayıl rayonundakı Ağoğlan piri;

- Yevlax rayonunun Qaraoğlan (qara–alan–aluan–alban) kəndi;

- Ağdaş rayonunun Qaraoğlan kəndi.



Göstərilən yer adları arasında müəyyən zahiri fərqlərin mövcudluğu onların əksəriyyətinin məhz alan–aluan–alban etnonimi ilə bağlılığı barədə fərziyyəmizi istisna etmir. Zaman və məkan kimi amillərin təsiri altında istənilən söz ilkin mənasını saxlamaqla müxtəlif formalara düşə bilər.

 Haşiyə: 

 Bir iddiaya görə, Savalan dağının adı türk dilindəki “saval” (soyuq, sərt hava şəraiti) və fars dilindəki “an” cəm şəkilçisindən ibarətdir. Digər ehtimala əsasən, türk dilindəki “sala” (barmaq) və “bu” (çıxıntı) sözlərindən yaranmışdır. Belə bir fikir də var ki, Savalan dağının adı türk dilindəki “saal” (dağ yalı) sözü ilə əlaqəlidir. Başqa bir fərziyyə isə budur ki, Savalan oronimi avar dilindəki “şabal” (dağ, zirvə, təpə) sözündən törəmişdir. Amma göründüyü kimi, bu izahların hamısı kifayət qədər ziddiyyətlidir. Zənnimizcə, Savalan adının birinci hissəsi qədim türk dilindəki “sav” (aləm, yer) sözü, ikinci komponenti isə alan etnonimidir.

Qubadlı rayonunun Əliyanlı mahalının adı da alan etnoniminə bənzərliyi baxımından maraq doğurur. Əliyanlı camaatı qaraçorlu tayfasının bir qolu hesab edilir. Tarixdən bəllidir ki, Qafqaz Albaniyasının Dərbənd şəhərindən Beşbarmaq dağınadək uzanan ərazisinin adı Çor olub. Əliyanlı mahalının Başarat və Armudlu kəndlərində alban məbədləri, Qafqaz Albaniyası dövründən qalmış digər abidələr vardır. Bunları nəzərə alaraq, ehtimal edə bilərik ki, əliyanlı adı, əslində, ilkin alban–aluan–alan adının bir forması, əliyanlı tayfası isə qədim albanların bir nəslidir.

Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu “Əliyanlı mahalının tarixi irsi və maddi abidələri” adlı məqaləsində yazır: “Pir dağının üstündəki alban məbədi V–VI əsrlərə aiddir. Xalqın qoruyub saxladığı müqəddəs ziyarətgahın uzunluğu 4 metr, eni 3 metr, hündürlüyü 2,5 metr, forması düzbucaqlı, üstü tağbənd şəkilli, materialı daşdan idi. Quzeyindəki giriş qapısının hündürlüyü 1,8 metr, eni 80 sm olardı. İçəridə hər iki divar boyunca 15-ə qədər  taxça  (40–60 sm) və yazısız iki məzar vardı. Başdaşı (60 sm hündürlüyündə) və sinədaşı kobud daşlardan yonulmuşdu. Günəş çıxanda pirin içərisi işıqlanırdı. Qapıdan aşağıda ardıc kollarının dibindən sərin sulu Pir bulağı axırdı, ətrafı çaşır bürümüşdü. Başarat kəndindən 6–7 km cənub-qərbdə, Albalı (alban?) yeri deyilən ərazidə romb formalı, üzərində mixi hərflərinə oxşar yazılar olan 10–15 qəbir daşı (boyu 1,5–2 metr) vardı. Başdaşlarının ortasındakı xaç işarələrindən, künclərindəki qızılgül təsvirlərindən bilinirdi ki, bunlar II–III əsrlər alban mədəniyyətinin nümunələridir. Ətrafda əlliyədək qədim yurd yeri görünürdü”.

Müasir türkmənlərin olam və ulam tayfaları, eləcə də salur və yomut tayfalarının alam adlı tirələri alan əsillidirlər. Türkmənistanın bu tayfa və tirələrinin yaşadıqları ərazilərdə Alan qala və Qızıl Alan adlı qədim qalalar olmuşdur. Onu da qeyd etməliyik ki, qaraçaylılar və balkarlar bugün də özlərinə alan deyirlər. Xarəzm alimi Əbu Reyhan Muhəmməd ibn Əhməd əl-Biruni (973–1048) yazır: “Alanların və asların dili xarəzmlilərin və peçeneqlərin dilinə bənzəyir”.

 

(Ardı var...)

 

Müəllif: 

Milli Kimlik Araşdırmaları 

Qrupunun üzvü Araz Şəhrili.

Moderator.az 


& VƏTƏNSEVƏRLƏR


7 Ocak 2022 Cuma

BƏYLİKDƏN İMPERİYAYA

 Cənubi Qafqaz, Anadolu, İran, İraq, 

Suriyaya nəzarət və Məkkə-Mədinə iddiası 


Uzun Həsən


Uzun Həsən Azərbaycan Ağqoyunlu imperiyasının banisi – böyük dövlət xadimidir. 1423-cü ildə Diyarbəkirdə doğulan tarixi şəxsiyyətimiz 1478-ci il yanvarın 6-da Təbrizdə vəfat edib.

EDNews.net xəbər verir ki, Uzun Həsənin qurduğu imperiya Türkiyənin bir hissəsi, İraq, İran və Suriyanı əhatə edib.

XV əsrin 60-cı illərinin ortalarında İspirdən Urfaya, Şərqi Qara­hisardan Siirtə qədər uzanan bölgələr Uzun Həsənin hakimiyyəti altında idi.

1468-ci ildə Azərbaycan Qaraqoyunlu dövləti süqut etdi və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Ağqoyunlu dövləti yarandı. Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövlətinin tərkibinə Azərbaycanın Kür çayına qədərki bütün cənub torpaqları, Şərqi Anadolu, Diyarbəkir, Əcəm İraqı, Ərəb İraqı, Fars və Xorasan sərhədlərinə qədər olan torpaqlar daxil idi.

Zamanla Uzun Həsən Xorasandan Sivasa qədər uzanan daha geniş bir imperatorluğun sahibi oldu. Bundan sonra mənbələrdə bu böyük hökmdar “Sultanül – adil Həsən xan”, “Sultanül – Qalib Həsən Padşah” adları ilə qeyd olun­mağa başladı.

Uzun Həsənin yaratmış olduğu Azərbaycan Ağqoyunlu dövləti bölgənin ən böyük güclərindən birinə çevrildi və nəticədə regionun digər iki böyük dövləti olan Osmanlılar və Məmlüklərlə növbəti münaqişələr yarandı. Aralıq dənizinə açılan dəhlizə görə, Uzun Həsən Məmlük valilərini və vassallarını təhdid etməyə başladı. Digər tərəfdən, Uzun Həsənin islamın müqəddəs yerləri olan Məkkə və Mədinə şəhərləri üzərində hakimiyyətə iddialı olduğunu bəyan etməsi Məmlüklərlə münasibətlərdə yeni anlaşılmazlığa yol açdı.

Ağqoyunlu hökmdarı bu addımı ilə islam dünyasının ən böyük güclərindən biri olduğunu elan etmiş oldu.

XV əsrin 70-ci illərin əvvəllərində «Qaraman böhranı» Ağqoyunlu və Osmanlı dövlətləri arasındakı münasibətləri gərginləşdirərək müharibə vəziyyətinə çatdırdı.

Ağqoyunlu sultanının Osmanlılara qarşı hərbi əməliyyata başlamağa qərar verməsində Qərbi Avropa xristian dövlətlərinin rolu az olmayıb. 

Topqapı Sarayında saxlanılan bir məktubun müəllifi 9 bənddə Uzun Həsəni Teymurla müqayisə edir və Ağqoyunlu hökmdarının Teymurdan da üstün olduğunu göstərir. 

Uzun Həsən Avropa mənbələrində də Əmir Teymura bənzədilir, bəzən isə ikinci Teymur adlandırılır.

Ağqoyunlu hərbi qüvvələri 1472-ci ilin yayında Qaramanı ələ keçirib Aralıq dənizi sahilinə çıxdılar. Lakin Venesiya vəd etdiyi odlu silahları və artilleriya mütəxəssislərini vaxtında göndərmədi.

Əksinə, Ağqoyunlu – Osmanlı müharibəsinin (1472-1473) qızğın çağında Türkiyə ilə gizli – separat danışıqlara girib, müttəfiqinin qələbələrindən istifadə edərək, Osmanlı sultanından dinc yolla ticarət imtiyazları qoparmağa çalışdı. Bununla da, əslində, Ağqoyunlu dövlətinin məğlub olmasına şərait yaratdı.

Nəticədə Osmanlı sultanı özünün bütün hərbi qüvvələrini Uzun Həsənə qarşı səfərbər edə bildi və Otluqbelidə mühüm qələbə qazandı.

- Uzun Həsən açıq şəkildə türklərin hökmdarı olduğunu söyləyirdi. O, hətta II Mehmedə göndərdiyi məktubunda “Ölkənizdə türklərə qarşı qeyri-müsəlmanlar kimi davranılır, onlardan xərac alınır” - söyləyirdi. Uzun Həsən Bayandur boyunun damğasını rəsmiləşdirib. Hətta pulların üzərində də bu simvol olub. 

- F.Sümer Uzun Həsənin Quranı ibadət zamanı oxunmaq üçün türkcəyə çevirtdiyini və o zaman din xadimləri və üləmanın buna qarşı çıxmasına görə onun təşəbbüsünün baş tutmadığını yazır. Z.V.Toğan isə tarixçi Lariyə istinadən yazır ki, Uzun Həsən Quranı türkcəyə tərcümə etdirərək oxutdurub. Son illərdə aparılan araşdırmalar Z.V.Toğanın haqlı olduğunu göstərir. 

Uzun Həsənun oğlu Uğurlu Məhəmməd atasına qarşı üsyan qaldırır.  Təqib olunduqdan sonra isə Osmanlıya qaçır.

Sultan II Mehmed orada onu ədəb-ərkanla qəbul edir və öz qızı Kövhərxan sultanı da ona ərə verir. Fateh Sultan Mehmet onu Sivasa hakim təyin edir. Uğurlu Məhəmməd atasına qarşı mübarizəsini davam etdirir, lakin onu tezliklə tutub edam edirlər. Bundan az sonra 1478-ci ilin 6 yanvarında Uzun Həsənin özü də həyatla vidalaşır.


Moderator.az

06.01.2022. / 22-14.

4 Ocak 2022 Salı

ŞAHMAR HEYY !

 Shahmar

Ş.Əkbərzadə Mustafa Çəmənlinin 

yubiley gecəsində çıxış edərkən. 16.09.1997.


    Gecə saat 1-də, dünyanın səssizliyə bələndiyi bir vaxtda telefon səsləndi. Hövlnak yuxudan ayıldım. Əlimi həyəcandan çırpınan ürəyimin üstünə qoydum: xeyir ola! Dəstəyi qaldırdım. 


    – Mustafa, Şahmar ölüb! Şahmar Əkbərzadə! Bilirsən? 

İçimdə nəsə qırılıb, çilik-çilik oldu. Zəng kəndimizdən vurulurdu. Səs Çəmənlidən gəlirdi. Şahmarın həmişə adıyla öyündüyü ana beşiyimiz Çəmənlidən.

    Bu an sənin öz səsin gəldi qulağıma, Şahmar müəllim. «Çəmənli» şerini oxuyurdun:


Bu gecə qürbətdə girdin yuxuma,

Elə bil əmdiyim südə bələndim,

Neçə zirvələrdən boylandım, amma

Vüqarım sən oldun, sənə güvəndim.


Laylamın binəsi səndən başlanır,

Çəmənlim, a mənim könül çəmənim!

Hər səni ananda gözüm yaşarır,

Gözü yolda qalan anamsan mənim.


    Qardaş, yaddaşımda uyuyan, sənin avazına bələnmiş şerinə dinşək kəsildim. İçimdə bir fəryad qopdu: Şahmar heyyy!

    Gecənin bir aləmində mənə elə gəldi ki, sənin ruhun Çəmənlinin səmasında dolaşır, ustad. Axı özün deyirdin ki:


Yüz il qucağından uzaqda gəzsəm,

Xəyalım yenə də səmanda süzər,

Sənə ürəyimin paytaxtı desəm,

Nə Təbriz inciyər, nə Bakım küsər.


    Yox, küsməz, Şahmar müəllim! Axı sən o taylı – bu taylı vətənimizi canından artıq sevirdin.

    Qarabağın sahibsiz qalmış yurd yerlərindən, Ağdamın minarəsindən, Şuşanın Cıdır düzündən, Kəlbəcərdən, Dəlidağdan, Mərənddən, Təbrizdən bir haray qopdu:

    …Şahmar heyy!

    Şahmar, sən mənə dərs deməmişdin, amma həmişə səni özümə müəllim bilirdim. Vətənsevən, insansevən, yurd qədri bilən, el təəssübü çəkən, məclislər yaraşığı, dostlarını baldan şirin sözlərinlə şərəfləndirən Şahmar! Ey ürəyi özündən böyük müəllimim! Çılğın ürəyi, həssasdan-həssas qəlbi köksünə sığmayan böyük qardaşım.


Sahmar_M

Şahmar müəllimlə ömrümün bir anı… (1997)


    Şahmar müəllim, sən özündən, öz yaradıcılığından çox başqalarından danışardın. Sevdiyin şair, yazıçı, alim dostlarını təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında təbliğ edərdin. Sən özünsə, dünyanın o qayğısız çağlarında belə ildə bir kitab çap etdirməyə can atan, qonorar eşqinə qələm çalan qələm sahibi deyildin, Şahmar müəllim! Sən az yazan, amma gözəl yazan, misraları yaddaşlara həkk olunan böyük ruh şairi idin. Sən dünyanın içini-çölünü bilən, ensiklopedik bilik sahibi idin. Hər kəlməni obrazlı deməyi sevirdin. Hər cümlən, hər fikrin son sözün kimi səslənirdi. Böyük bir el ruhunun daşıyıcısı idin. Sən ilahiyyatı, muğamatı necə gözəl bilirdin. Yaxşını tez görüb, tez qiymətləndirən, pisliyə, rəzilliyə qənim kəsilən ər kişi idin, qardaş! 


    Sonuncu kitabının adını «Haqqa pəncərə» qoymuşdun. Çünki sən haqqı tanıyan, üzünü haqqa tutan, haqqa qapı açan mərd bir kişi idin! Sən alovlu bir natiq idin. Sən danışanda gözlərimiz önündə odsuz-ocaqsız yanardın. Buna ürəkmi dözərdi, qardaş! Dözmədi də. Dağ boyda Qarabağ dərdi də üstəlik… Sən elə eygili gündə belə deyərdin:

…Üstə dizin-dizin iməklədiyim,

Torpağın könlünü nə təhər alım.

Anamdır, bəs ona nə təhər deyim,

Yanına gəlməyə yoxdur macalım.

    

    Amansız tale sənə Qarabağın azad olacağı günü görməyi qismət eləmədi, ustad! O günü sən görsəydin… Yox, sən Qarabağı dizin-dizin gəzərdin, ürəyini köksündən çıxardıb deyərdin:

Bir quşam mənimki gətirib belə,

Çıxmaz ürəyimdən Əppəkli dərə.

Həsrətim çatarmı görən poçt ilə

Qızıl kövşənlərdə bildirçinlərə.


    Heyhat!... Ey böyük ruh şairim! Qızıl kövşənlərdə, viran qalmış Ağdam şəhərində bildirçinlər, səni sevən dostların, oxucuların bu gün – Şahmar heyyy deyir!

Allah sənə rəhmət eləsin!


Mustafa Çəmənli,

Nasir, publisist.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979),

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988),

Əməkdar mədəniyyət işçisi (2018).

30 avqust 2000-ci il.