Translate

30 Mayıs 2021 Pazar

AĞDAM - VARLIĞIN YOXLUQ SƏHNƏSİ


Rəfail Tağızadə

Öpdüyüm torpaqdan həsrətin qoxusu ilə bərabər qan qoxusu da gəlirdi. Şəhidlərin tökülən qanı torpağa qarışıb. Torpaq qanla yoğrulub. Bu torpaqda bitən lalələrin qara xalları ləçəkləri boydadı.

Ağdamda 10 ballıq erməni zəlzələsi olub. 

Dünyanın indiyədək görmədiyi, Rixter şkalası ilə ölçüyə gəlməz erməni zəlzələsi. 

Bu zəlzələdən Ağdamda bir tikili qalmayıb. Sovet vaxtı tikilən binaların möhkəm beton dirəkləri də uçulub dağılıb. Nə vardısa, hamısı yerlə yeksandı. Sanki şəhərin varlığının üstündən 28 il yox, iki min il keçib. 

Bakıdan gələn qonaqlara şəhərlər gözəli Ağdamı göstərib, onların heyranlığına qürurlandığımız şəhər indi qonaqları yoxluğu ilə heyrətləndirir.

Daşı daş üstə qalmayan, qonağın pişvazına çıxa bilməyən şəhərə baxıb nələr yaşadığımı onu yaşayanlar bilər.

Ağdam varlığın yoxluq səhnəsidi. Hər daşı bir binanı, bir evi; hər cığırı bir yolu xatırladan Ağdamın yoxluq səhnəsi. 

Teatrı sökük-sönük, məscidi sükutlu, musiqi məktəbi səssiz, səs-küylü bazarı lal olan şəhər. 

Doğmasının ölümündən yazmaq kimidi indi Ağdamdan yazmaq.

Qatar Uzundərəyə çatanda hamımız hazırlaşardıq. Artıq Ağdama çatırıq. Səhər tezdən olsa da, Dəmir yolu vağzalı qaynayırdı. Doğma, tanış simalar. Şirindil insanların mehriban münasibəti adamı ovsunlayırdı. Şəhərə girəndə maşınların səsi şəhəri yuxudan oyadırdı. 

İndi hara gedəcəyimi, hara düşəcəyimi bilmirəm. Vaakkuma düşən kimiyəm. Qəhər məni boğur. Məni qarşılayan təkcə xoş, doğma havadı. Bir də izimi sinəsində gizlədən torpaq. 

Orada yaşamayanlar, sevincli günləri görməyənlər o ağrılı mənzərəni görəndə yaşadıqlarını, hisslərini ifadə etməkdə çətinlik çəkirlərsə, görün bizlər nələr yaşayırıq, nələr çəkirik...

Ağdamı dağılmış, viran qoyulmuş görmək çox ağırdı. Təsəllim “Nəsimi” filmində deyildiyi kimi: “Dövlət bəyin ölüsü də gözəldi” ifadəsi idi. Ağdamın da.



Torpaq varsa, Vətən var! Qalanı düzələr...

Ermənilərin özününküləşdirmək istədikləri, dəvət etdikləri xarici arxeoloqların hər qazıntıda “bura türk məskənidir” dediyi Şahbulaq qalasından bizim Boyəhmədli, Sofulu kəndinə 8-10 km-lik məsafə var.  Bir də 28 illik zaman. 

Kəndimizə gedib-gəldiyimiz bu yolla indi gedə bilməsəm də baxışlarımı yollayıram. İtiyi, qalığı axtarmağa. Nələri görəcəyi bəllidi, Qarabağın hər yerində olduğu kimi, ancaq dağıntılar... Nə xatirələri yaşadan evin divarı var söykənəsi, nə ağac var kölgəsinə sığınası. Tapacağı yoxluqda özünü saxlayan təsəlli torpaq, yurd yeri.

Hər dəfə Ağdamın Dörd yolundan keçəndə Ağdam tərəfə baxmağa utanırdım. 

Bu dəfə o tərəfə can atırdım. Ağdamı görməyə tələsirdim. Həsrətinə yox deməyə. Ağdama qovuşmağa. 

Bütün bu müvəqqəti ağrıların, hislərin sonunda “nə yaxşı ki, sənə gəldim, məbədim mənim” deyib Ağdama - torpağa baxıram. Qovuşduğuma, bu günümə şükür edirəm. Sevinirəm. 

Taleyimdə ayrı düşməklə bərabər qovuşmaq da varmış. 

Bu sevinc ayrı sevincdi.

Ağdamlılar yoxdan var edən, qurub-yaradandılar. 

İndi daha gözəl, müasir tələblərə cavab verən Ağdam salınacaq. Ağdam yenə Qarabağın iqtisadi-siyasi mərkəzi olacaq. 

İtən illərin yoxluq sükutu pozulacaq. Sözü, səsi özünə qayıdacaq. Məscidindən “Azan” səsi eşidiləcək, teatrında tamaşalar qoyulacaq. Hər küçədən, hər kənddən ağdamlıların ürəyə yatan məlahətli, şirin səsiylə muğamlar səslənəcək.

Həyat davam edəcək.

Hər tarix bir dərsdi.

Yaşadıqlarımız bizə çox ağrılı həyat dərsi keçdi. Olanlarına sahib çıxmağı, özününkünün qədrini bilməyi, dəyər verməyi, qorumağı, uzaqdan baxmağın acısını, yaşananları bir daha yaşamamağı öyrətdi. 

Qarabağa, Ağdama, Şuşaya hər gedənə

                   Yolçu mənə quş göndər,

                   Dimdiyində torpağım

 - deyirdim.

Axır ki, Ağdamıma özüm gəldim. Ağdamdan həsrətli köçən doğmalarımın, əzizlərimin qəbrinə səpməyə torpağı özüm gətirirəm.

Bu səfər həsrətin, nigaranlığın son günü idi.

Həyatda qovuşmaq qədər gözəl heç nə yoxdur.

Ayağın torpağına dəyəndə özün olursan. Varlığını hiss edirsən. Bu özünə qayıdışdı. Özünə baxıb ürəkdən “Bu mənəm!” - deyə bilirsən. Səssiz dediyin bu mən, hərbidə cərgədə qışqırdığın “Mən”dən daha uca və əzəmətli səslənir. 

Məni MƏN edən AĞDAMIM!  

Məni yaşadan məkan!

Sənə qovuşmaq həyatımın ən xoş anıdı!


Rəfail Tağızadə.

28.05.2021.

& VƏTƏNSEVƏRLƏR


29 Mayıs 2021 Cumartesi

FƏLƏSTİN PROBLEMİ VƏ STEREOTİPLƏR



1- Cİ YAZI

Bu gün tarix və siyasətlə maraqlanan azərbaycanlıların əksəriyyəti belə düşünür ki, İsrail dövlətinin yaranmasında ən böyük rolu Böyük Britaniya və ABŞ oynamışdır. Guya məhz bu ölkələrin yardımı və dəstəyi sayəsində dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilər Fələstinə köçüb İsrail dövlətini qurmuş, sonra isə I Ərəb-İsrail müharibəsində (1947-1949) zəfər qazanmışlar.

Bəs əslində necə olmuşdur? Faktlara nəzər salaq:


SSRI-nin mövqeyi: Sovet hökuməti Fələstinin iki hissəyə bölünməsi planını dəstəkləmiş və İsraili dərhal tanımışdır. Kommunist partiyasının orqanı olan «Правда» qəzetinin 30 may 1948-ci il tarixli nömrəsində dərc edilmiş məqalədə sovet rəhbərliyinin münaqişəyə münasibəti belə ifadə olunmuşdur: «Sovet xalqı ərəblər tərəfindən İsrailə qarşı aparılan təcavüzkar siyasəti ittiham edir».

Yalnız siyasi dəstəklə kifayətlənməyən Sovet hökuməti İsrailə hərbi yardım da göstərməyə başladı. Lakin ərəblərin nifrətini qazanmaq istəmədiyinə görə SSRİ bunu birbaşa deyil, özünün işğalı altında olan Çexoslavakiyanın vasitəsilə edirdi. Stalin rejimi tərəfindən İsrailə təkcə 1948-ci ilin may ayında 25.000 tüfəng, 5.200 pulemyot, 54.000.000 patron, 25 qırıcı təyyarə və s. göndərilmişdir. İsrail ordusu üçün zabitləri, xüsusilə hərbi təyyarəçiləri ruslar hazırlayırdılar.

Böyük Britaniyanın mövqeyi: Fələstini tərk edən ingilislər özlərinin ağır və yüngül silahlarının demək olar ki, hamısını ərəblərə təhvil verdilər. 1948-ci ilin dekabrında isə Britaniya hökuməti İsrailə qəti xəbərdarlıq etdi ki, əgər yəhudi ordusu ələ keçirdiyi Misir torpaqlarından dərhal çıxmasa Britaniya ordusu ərəblərin tərəfində savaşa qoşulacaq. Bu bəyanatdan sonra israillilər Misiri tərk etdilər.ABŞ-ın mövqeyi: 1947-ci ilin dekabrında ABŞ Yaxın Şərqə silah göndərilməsinə embarqo qoydu. Bu tədbirdən isə İsrail daha çox ziyan gördü.


Qeyd: 1947-ci il iyul ayının 30-da radikal sionist təşkilatı «İrqun»un yaraqlıları bundan bir neçə gün əvvəl girov götürdükləri Britaniya hərbçilərini — serjant Clifford Martin və serjant Mervjn Paice-i Fələstinin Netanya şəhərində dar ağacından asmaq yolu ilə qətlə yetirmişdilər.

Sonra isə meyitlərə partlayıcı qurğu bağlamışdılar. Öz həmvətənlərinin cəsədlərini ağacdan düşürmək istəyən bir neçə ingilis hərbçisi partlayış nəticəsində ağır yaralanmışdı.Terror aktına cavab olaraq keçirilən əməliyyat zamanı Britaniya döyüşçüləri Fələstində 20 yəhudini qətlə yetirmiş və yaralamışdılar.

İngiltərənin Liverpul şəhərində isə nümayişçilər yəhudi sinaqoqunu yandırmış, yəhudilərin evlərini daşa basmışdılar.

«İrqun» qruplaşması və digər sionist təşkilatları Böyük Britaniyanı I Ərəb-İsrail müharibəsinin gedişində açıq-aşkar şəkildə və fəal surətdə ərəblərin tərəfini saxlamaqda ittiham edirdilər.


Ardı var…

Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist.

& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

23.05.2021.


P.S. İsrail müstəqil dövlət kimi 1948-ci ilin 14 mayında (o vaxtdan həmin gün Milli bayram kimi geniş qeyd olunur) Fələstin ərazisində müstəqil yəhudi və ərəb dövlətlərinin yaradılmasına dair BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarına əsasən yaradılmışdır. Bu məsələyə ABŞ və İngiltərə qarşı çıxsa da və İngiltərə yəhudilərə qarşı embarqo tətbiq etmişdi. Amma SSRİ — nin diktatoru İ. V. Stalin o vaxt Qromınkoya qəti göstəriş verir ki, məsələni həll etmədən BMT Baş Məclisini tərk etməsin. Müəllif aktual bir məsələyə toxunub və mövzu davam etdiriləcək.

Həmin qərarda göstərildiyi kimi hər iki dövlət öz ölkəsində sayca azlıqda qalan millətlərin hüququnu təmin edəcək demokratik konstitusiya qəbul etməli idi. Yəhudi dövləti üçün qarışıq əhalisi (497 min ərəb və 498 yəhudi) olan 14,1 kv. km ərazi (Fələstinin ümumi ərazisinin təqribən 56 faizi) ayrılmışdı. Qüds şəhərinə isə BMT idarəsi altında xüsusi beynəlxalq rejimli inzibati vahid statusu verildi.


9 Mayıs 2021 Pazar

RUSİYA QARABAĞDAN NİYƏ ƏL ÇƏKMİR?


Ramazan Siracoğlu. 

Araşdırmaçı yazar.

Yazılı tarixi qaynaqlara görə,  Qafqaz mütəmadi olaraq müxtəlif dövlətlərin strateji hədəfi olmuşdur. Regionun əlverişli geosiyasi durumu, ticari münasibətlərin təminatı üçün münasib coğrafi keçid qovşağı, təbii sərvətləri və iqlimi,  qonşu əraziləri nəzarətdə saxlamaq perspektivləri, təbii olaraq, müqtədir dövlətlərin iştahasını qabartmışdır. Qafqaz, sözün əsl mənasında, müxtəlif dövlətlər arasında nifaq almasına çevrilmiş, onun zənginlikləri aborigenlərinə daim problemlər yaşatmışdır. Məsələn, miladdan öncə 66-65-ci illərdə Roma sərkərdələri Lukull və Pompeyin, 128-147-ci illərdə Əşkani (Parfiya) hökmdarı IV Mehridadın (Mitridat), 730-732-ci illərdə ərəb sərkərdəsi  II Mərvanın ( o, 744- 750-ci illərdə Əməvi sülaləsinin sonuncu hökmdarı olmuşdur), 1220-1225-ci illərdə monqolların, 1367-1387-ci illərdə teymurilərin Qafqaza hücumları yerli xalqlara faciələr yaşatmışdır. 964 - 966-cı illərdə knyaz Svytoslavın Xəzər xaqanlığına hücumu, xəzərilərin varlığına son verməsi faktı  gələcəkdə Qafqazın bitib tükənməyən bəlalarının carçısı oldu.  

İvan Qroznının ( 1530-1584 ) zamanından başlayaraq Qafqazı ələ keçirmək, onu tam itaət altına almaq, demək olar ki, bütün rus  çarlarının irsi düşüncəsinə çevrilmişdir (Bax: Потто В.А. Кавказская война:  “Кавказский край”, Ставрополь, 1994,  т.1, с.14  ).  XVIII əsrin ikinci yarısından etibarən isə bu bölgəyə  Rusiya imperiyasının  geniş   hərbi-siyasi ekspansiyası başlamışdır.   Rus çarları Qafqaza sahiblənmək ideyasında əsas rəqib olaraq Osmanlı dövlətini gördüklərindən Persiya (İran ) ilə gizli sövdələşmələr imzalamışlardı. Məsələn, 1567, 1673 və 1717-ci illərdə Persiya (İran) və Rusiya sövdələşmələri ruslara Osmanlı dövlətini Qafqazdan sıxışdırmağa geniş imkanlar yaratmışdı. I Pyotrun zamanında rus donanmasının Xəzərboyu ərazilərə basqını onun Dərbənd və Ənzəli limanlarından tam şəkildə istifadə etmək hüququ qazandırmışdı. I Pyotr (1672 - 1725) Osmanlı dövlətini çökdürmək üçün Qafqazın son dərəcə zəruri olduğunu idrak edən rus çarı kimi tanınır ( Bax: Фадеев А.В. Россия и Кавказ первой трети XIX века.  Изд-во АН СССР, М;1960, с.32  ).

I Pyotrun ölümündən sonra bir müddət Rusiyada qeyri-sabitlik olduğundan onların Osmanlıya qarşı hərbi planları təxirə salınmışdı. 1762-ci ildə rus taxtı-tacına sahiblənmiş II Yekaterina (1729- 1796 ) Osmanlı dövlətinə qarşı başlatdığı əməliyyatlar nəticəsində I Pyotrun hətta yuxusuna girməyəcək dərəcədə hərbi uğurlar qazandı, geniş ərazilər ələ keçirdi. Məsələn, təkcə Kiçik Qaynarca müqaviləsinə görə Rusiya  əvvəllər Osmanlıya aid Krım da daxil olmaqla,  2495 kv.km yeni ərazini özünə birləşdirdi ( Bax:  Сухотин Н.Н. Война в истории русского мира.  СПб., 1898, с.20 ). Tərəddüdsüz olaraq belə qeyd edə bilərik ki, Kiçik Qaynarca müqaviləsi Rusiya dövlətinə sərbəst şəkildə Qafqaza hökmran olmağa qanuni əsas verdi. Yeri gəlmişkən, xatırlatmaq lazımdır ki, monorxist düşüncəli A.S. Puşkinin “Qafqaz” şeirindəki “Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən, /Tutmuşam tək uçurum dağlı qar üstündə qərar” (Кавказ подо мною; один в вышине / Стою над снегами у края стремнины ) misraları  hərbi-siyasi mahiyyət daşıyır.

Rusiyanın Qara dənizin cənubuna sahiblənməsi onun strateji mövqelərini hədsiz dərəcədə möhkəmləndirdi və Cənubi Qafqaza yolunu tam olaraq açdı. Sonrakı mərhələdə  Rusiyanın şərq məsələsində başlıca hədəfi İstanbul ( Bosfor) və Çanakkale ( Dardanel ) boğazlarından sərbəst keçid hüququnu qazanmaq oldu  (Bax: Киняпина Н.С. Кавказ и Средняя Азия во внешней политике России. Вторая половина XVIII ‒ 80-е годы XIX века. М; изд-во МГУ, 1934).

II Yekaterinanın ölümündən sonra hakimiyyətə gələn rus imperatoru I Pavel (1796-1801 ) iqtidarda olduğu dörd ildə anası II Yekaterinanın əksinə siyasət yürütməyə başladı. Məsələn, 1795-ci ildə Ağa Məhəmməd şah  Qacara (1742- 1797) qarşı yeridilən qoşunu geri çağırdı; Bonapart Napoleonun ordusuna  qarşı vuruşmaq üçün İtaliyaya ordu yeritdi. 

İmperator I Pavel Rusiya tarixində ilk dəfə olaraq Osmanlı dövləti ilə İngiltərəyə qarşı müttəfiqlik müqaviləsi bağlayan şəxs oldu. Kim bilir, bəlkə də məhz bu səbəbdən imperator  I Paveli 11 mart ( yeni təqvimlə 23 mart) 1801-ci ildə öz yatağında bağırda-bağırda boğub öldürdülər, yerinə oğlu I Aleksandrı gətirdilər? İmperatoru öldürənlərə başçılıq etmiş general N. Zubov gecəyarısı Aleksandrı yatağından qaldırmışdı: “Il est temps de grandir! Allez et regnez!"- Böyümə zamanıdır! Haydı, get idarə elə!” ( Bax: Marbot, Jean. The Memoirs of General the Baron de Marbot, volume 2, chapter 3, The intrigues of Count Czernicheff).

I Aleksandrın zamanında ( 1801-1825) Rusiyanın Qafqaz siyasəti ənənvi məcraya yönəlmiş, Persiya (İran) və Osmanlı dövləti ilə  ilə aparılmış muharibələrin nəticələri (1804 -1813; 1806-1812) onun mövqeyini Qafqazda daha da möhkəmləndirmişdi. I Nikolayın zamanında Rusiya Qafqazda daha geniş ərazilərə sahibləndi.

Yeri gəlmişkən, rusların Qafqazda möhkəmlənməsinin bir səbəbi də yerli idarəçilərin  rəiyyətə qarşı amansız davranışları da səbəb olmuşdur. Məsələn, 1816-1827-ci illərdə Qafqaz quberniyasının general-qubernatoru olmuş  A.P.Vorontsov Qarabağda Mehdiqulu xan, Şəkidə İsmayıl xan və Şirvanda Mustafa xanla görüşləri barədə Peterburqa yazdığı raportda əhaliyə qarşı divan tutulmasından bəhs etmiş və yerli əhalidə rus dövlətinə qarşı rəğbət hissi qazanmaq üçün günahkarların  cəzalandırılmasına icazə verilməsini rica etmişdi ( Bax:  http://ermolov.org.ru/book/zapisgruz.htm.).

Tarixdə, bəlkə də türklərlə ruslar qədər bir-biriylə müharibə etmiş başqa millət yoxdur. Qonşu olduqlarındanmı, yoxsa özlərinə layiqli rəqib tapmadıqlarındanmı, ya da digər səbəblərdən bu iki güclü millət sürəkli olaraq savaş meydanlarında qarşılaşmışlar. Təkcə XVI- XX əsrlər arasında 14 dəfə türk-rus hərbi konflikti olmuşdur (Maraqlananlar üçün: 1568, 1571, 1572, 1676, 1686, 1710, 1735, 1768, 1787, 1806, 1828, 1853, 1877, 1914 -1917 ci illər). Mütəmadi baş verən silahlı qarşıdurmalar rusların düşüncəsində türkəfobiya yaratmışdır. Məsələn: "Çağrılmamış  qonaq tatardan da betərdir (Nezvanıy  qost xuje tatarina),  "Burada sanki Mamay- 1361-1380-ci illərdə Qızıl Orda bəylər bəyi - vuruşub" (Tut slovno Mamay voeval), "Xan necədirsə, sarayı da elədir" (Kakov xan, takova i orda),  "Ev sahibi öz evində Krımdakı xan kimidir" (Xoyain v domu, kak xan v Krımu). Bu ifadələr deyimlərin hərfi tərcümələridir.

İstanbul şəhərinə ruslar həm də "Çarqrad"  deyirlər. Ehtimal ki, bu ifadə onlarda bizanslıların  - Vasilevousa Polis - hökmdar şəhəri- ifadəsinin tərcüməsindən yaranmışdır. Türklər 1453-cü ildə bu şəhəri fəth etdikdən sonra provaslavların (ortodoks xristianların) dini mərkəzi Moskva şəhərinə köçürülmüşdür. Bəlkə bu səbəbdən, ya da digər səbəblərdən xristian dünyası hər zaman türklərə qarşı zaman-zaman xüsusi aqressivlik göstərmişdir. Avropalıların türklərin dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini, psixolojisini çox diqqətli şəkildə, hərtərəfli öyrənməkdə əsl məqsədləri, təbii ki, bu millətə olan özəl sevgilərini təzahür etdirmək deyil.  

XX əsrin birinci rübündə "İtilaf devletleri" adlandırılan koalisiya qoşunları - ingilislər, fransızlar, italyanlar, avstraliyalılar İstanbula turist marağından, Sultan Ahmed camisini ziyarətə gəlməmişdilər hər halda. Tale Türkiyə ilə Rusiyanı qonşu yaratmışdır. Dumada, mətbuatda, televiziya və radio proqramlarında V. Jirinovski ( əsl soyadı: Edelşteyn ) kimilərinin  məntiqsiz, əsassız iddiaları, kahinlik edənlərin, ara qızışdırıb mənfəət qazanmaq istəyənlərin isterik hay-həşiri nə Türkiyəni, nə də Rusiyanı  strateji hədəfindən yayındırmayacaqdır. İxtisasca türkoloq olan Jirinovski 1969-cu ildə İskenderunda mütərcim işlədiyi zaman türk fəhlələrinə üstündə Marksın və Leninin rəsmləri olan döş nişanları payladığına görə ( Jirinovski isə  polisi inandırmağa çalışmışdı ki, o rəsmlərdəki Puşkindir)  polis tərəfindən yaxalanaraq karakola götürülmüş, daha sonra da 17 gün istintaq təcridxanasında saxlanıldıqdan sonra ölkədən qovulmuşdu. Karakolda başına nə gəlibsə, o gündən indiyədək Jirinovski o məşum hadisənı unuda bılmır: hey acıq çıxmağa çalışır. İmkan düşən kimi efirdən Türkiyə əleyhinə üfürməyə başlayır. Rusiya ilə Türkiyənin münasibətləri  fərqli dövrlərdə enişli-yoxuşlu olmuşdur və hər zaman  bu ziqzaqlı münasibət paradiqmasında hər iki tərəfdə sağlam məntiqli şəxsiyyətlərin rasional mövqeyi məsələni müsbət sonluqla tamamlamışdır.  

Türk-rus münasibətlərinin ən yaxşı dönəmi XX əsrin birinci yarısına təsadüf edir. Qazi Mustafa Kamal Paşanın komandanlığı ilə 1919-1923-cü illərdə başladılan və zəfərlə tamamlanan Milli Mücadilə dönəmində V. Leninin rəhbərlik etdiyi Sovet Rusiyası Türkiyəyə imkanı daxilində maddi və mənəvi yardım göstərmişdir. 16 mart 1921-ci ildə Moskvada  Rusiya ilə Türkiyə arasında  Dostluq və Əməkdaşlıq Müqaviləsi bağlanmışdı, həmin ilin 13 oktyabrında indi də qüvvədə olan məşhur Kars müqaviləsi imzalanmışdır. Bu müqavilənin 5-ci maddəsində Naxçıvanın əbədiyyən Azərbaycana aid olduğu təsbit edilmişdir. Azərbaycan tərəfdən həmin müqaviləni o zamanın dövlət naziri Behbud Şaxtaxtinski, Türkiyə tərəfindən Kazım Karabəkir Paşa, Rusiya adından  səfir Yakov Qanetski, Gürcüstanın xarici işlər naziri Aleksandr Svanidze və erməni Askanats Mravyan imzalamışlar.

1923-cü ilin 4 fevralında anlaşılmazlıq səbəbindən kəsilən Lozanna (Lausanne) danışıqları həmin ilin 24 iyulunda başladığı ərəfədə V. Lenin Türkiyənin tərəfində olduğunu və müharibə başlanacağı təqdirdə SSRİ-nin Türkiyə ilə müttəfiq olacağını rəsmi olaraq bəyan etmişdir. 1928-ci ildə Cenevrədə keçirilən tərksilah konfransına SSRİ-nin təklifi ilə Türkiyə də qatılmışdı. Xatırlatmalıyıq ki, Milli Mücadilədən sonra bu konfrans Türkiyənin rəsmən iştirak etdiyi ilk uluslararası tədbir sayılır. Maraqlıdır ki, bu tədbirdə Türkiyə tərəfi SSRİ-nin təkliflərini fəal şəkildə dəstəkləmişdir. 1935-ci ildə Türkiyə ilə SSRİ Dostluq və əməkdaşlığa dair imzalanmış müqavilənin müddəti  daha 10 il uzadılmışdı. 1939-cu ilin 25 sentyabrında Moskvaya rəsmi görüşə gələn xarici işlər naziri Şükrü Saracoğlu məsləkdaşı Molotovla Almaniya-SSRİ müqaviləsinin (23. 08. 1939) şərtləri ilə tanış olmuş və SSRİ-nin Besserabiyanı ilhaq edəcəyi təqdirdə Türkiyənin tərəfsiz qalması barədə təklifi müzakirə etmişdir. Türkiyə həmin ilin 19 oktyabrında Fransa və İngiltərə ilə bağlanan müqavilədə SSRİ ilə müharibəyə qatılmayacağını bəyan edən maddə irəli sürmüşdür. 1942-ci ilin 24 martında isə Türkiyə və SSRİ arasında  bir-birinə hücum etməmək haqqında deklarasiya imzalanmışdır. 1942-ci ildə Moskvada gerçəkləşən SSRİ-İngiltərə danışıqlarında İ. Stalin Bolqarıstan və Suriyadakı bəzi ərazilərin, habelə 12 adanın Türkiyəyə verilməsi təklifini irəli sürmüşdür.

2-ci Dünya müharibəsindən sonra, soyuq savaş adlanan illərdə Türkiyə-SSRİ arasında münasibətlərdə müəyyən geriləmələr baş vermişdir. Sovet tərəfi 1925-ci ildə imzalanan və SSRİ-Türkiyə münasibətini on illərlə müsbət müstəvidə tutan müqavilənin müddətinin başa çatmasını, yeni şəraitin yarandığını bəhanə gətirərək Türkiyənin səfiri Səlim Sarperə həmin müqavilənin prolonqasiya edilməsi üçün müəyyən tələblərinin olduğunu  bildirmişdir. Nə idi bu şərtlər?

Kars, Sarıkamış, Ardahan və Artvin bölgələrinin SSRİ-yə verilməsi (guya, o torpaqlar ermənilərinmiş və vaxtında V. Lenin yanlışlığa yol vermişdir).

Müharibə təhlükəsi yarandığı təqdirdə SSRİ Türkiyə ilə bərabər Çanakkale və İstanbul boğazlarında (ruslar israrla Dardanel və Bosfor yazırlar) hərbi baza yaratmaq hüququna malik olmalıdır.

20 iyul 1936-cı ildə imzalanmış Montrö (Montreux) müqaviləsi yenidən nəzərdən keçirilməsi üçün iki ölkə arasında hökumətlərarası müqavilə imzalanmalıdır.

Təbii olaraq, Türkiyə bu istəkləri rədd etdi. SSRİ yenidən Türkiyəyə nota göndərdi. SSRİ-nin provokativ hərəkəti qarşısında Türkiyə gərəkən önləmlər almağa başladı. 1947-ci ildə Harvard Universitetində  çıxış edən ABŞ-ın 33-cü  prezidenti H. Trumen (Harry S. Truman) tarixi bir açıqlama ilə SSRİ-yə rəsmən meydan oxudu: "Bizim üçün sərhəd Kars və Ardahandan başlayır". Trumen müəyyən şərtlərlə (Türkiyədə SSRİ-yə bənzər 5 illik planlar, savadsızlığın ləğvi məqsədilə yaradılmış kənd müəllimləri institutu, milli şeflik və sairənin tətbiqinə son verilsin) Türkiyəyə 100 milyon dollarlıq yardım göstərir və Türkiyə 1952-ci ildə NATO-ya daxil olur. İ. Stalin öldükdən sonra 30 may 1953-cü ildə SSRİ Türkiyəyə nota verərək daha ərazi iddiasında olmadığını elan edir (guya, ermənilər və gürcülər 1946-cı ildəki ərazi tələblərini geri götürmüşlər). Türkiyə ilə SSRİ arasında münasibətlər siyasi boşboğazlığı və avantürist çıxışları ilə məşhur olan N.Xruşşovun iqtidardan düşürülməsindən sonra (14. X. 1964) nəzərə çarpacaq dərəcədə mülayimləşməyə başlamışdı. 1964-cü ilin 6 noyabrında Moskvada Kipr məsələsi ilə bağlı SSRİ-Türkiyə ortaq memorandumu imzalanmış, həmin ilin sonlarında Türkiyə xarici işlər naziri F. Erkin Moskvaya, 1965-ci ilin 17 mayında isə SSRİ xarici işlər naziri A. Qromıko Ankaraya səfər etmişdi (1931-ci ildə M. Litvinovdan - 34 illik fasilədən sonra - Türkiyəyə rəsmi ziyarətə gələn ilk nazir ), 1966-cı ilin 20-27 dekabr tarixləri arasında SSRİ Nazirlər Sovetinin Sədri A. Kosıgin 32 nəfər müxtəlif mühüm vəzifəli şəxslə Türkiyədə rəsmi ziyarətdə olmuşdu. Cavab olaraq 1967-ci ilin 19-29 sentyabr tarixlərində dönəmin Baş naziri S.Dəmirəl, 12-21 noyabr 1969-cu il tarixində Türkiyə prezidenti C.Sunay SSRİ-ni ziyarət etmişdi. 11-17 aprel 1972-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N. Podqornı, 26-29 dekabr 1975-ci ildə A.Kosıgin ikinci dəfə Türkiyəyə rəsmi təşrif gətirmişdi. 21-25 iyun 1978-ci ildə Baş nazir B. Ecevit SSRİ-yə gəlmişdi.

Çar Rusiyası zamanında olduğu kimi Sovetler İttifaqında da Qafqaz xüsusi diqqət mərkəzində tutulmuşdur. SSRİ süqut etsə də Rusiya Federasiyası üçün Qafqaz yenə də öz prioritetini saxlamaqdadır. Rusiyaya qarşı çıxan Gürcüstan  Abxaziya və  Cənubi Osetiyadan məhrum edilib. Öncə Rusiya və ardından da  Suriya, Venesuela, Nikaraqua, Nauru və Vanuatu kimi dövlətlər onların müstəqilliyini tanıyıb. 

Qarabağı azad etmiş Azərbaycanın qanuni tarixi  ərazisinə “sülhməramlı “ adı altında gəlmiş Rusiya hərbi birləşmələrinin Xankəndi başda olmaqla Laçın, Kəlbəcər, Qubadlı, Əsgəran, Xocavənd, Xocalı və Ağdərədə nə işlə məşğul olduğunu dəqiq bilməsək də niyyətlərinin nə olduğunu, bir-iki kitab oxumuş bir adam kimi təxmin etmək bizim üçün o qədər də  çətin deyil: erməniləri ciddi şəkildə dəstəkləmək, hərbi infrastrukturlarını müasir silah və avadanlıqlarla təchiz etmək, Qarabağın 1988-ci ildəki etnik balansını ermənilərin xeyrinə dəyişdirmək və sonra “referendum” keçirib “xalqların milli müqəddəratını təyin etmək haqqı var” bəhanəsi ilə orada oyuncaq dövlət qurmaq. Bütün bu ssenarinin apofeoz səhnəsi məhz bunu hədəfləyir. 

Əhatəmizdə olan dövlətlərdən yalnız  biri bizimlə bir yerdə, çiyin-çiyinədir. Bütün gücümüzlə onunla bir yerdə hərəkət etməli, heç vəchlə ondan ayrılmamalıyıq. Bu yol bizim xilasımızdır. Əraziməzə xüsusi missiya ilə gələnlər asanlıqla oradan getməyəcəklər. Zatən getmək üçün gəlməyiblər ki! Kütləvi informasiya vasitələrində, xüsusən də televiziya kanallarında, şoulardan bir az vaxt tapıb milli özünüdərkə, milli şüura, tariximizə, ciddi şəxsiyyətlərimizə, düşündürücü mövzuların işıqlandırılmasına da yer verilməlidir. Bütün bazarlarda kartof-soğan satıldığı kimi, hər televiziya   proqramlarında da eyni adamlar danışırlar. Dəvət edənlər dəvət edir, bəs özünə rəva bilib o cür proqramlara qatılıb adamların gözlərini döyənək eləyənlər nə düşünürlər? Proqram aparıcıları da dəvət edilənlərə heç danışmaq imkanı vermirlər. Tez-tez “aydındır, aydındır”, deyib müsahiblərinin sözünü kəsir ( “aydın”dırsa, onda onu niyə ekspert deyib dəvət etmisiniz?) sonra da onun sözlərini vasitəli nitq şəklində debatın digər  iştirakçısına  söyləyir. Sanki əvvəlcə danışan adam  hansısa əcnəbi bir dildə danışırmış. Bu cür moderatorluq olmaz.

Maariflənmək lazımdır, çünki mütləq həqiqətə aparan yol məhz maarilənməkdən keçir. Təsəvvüfdə yayğın olan bir hədisi xatırlamaq yerinə düşər: 

من عرف نفسه فقد عرف ربه  - Mən ərəfə nəfsihu fəqəd ərəfə rəbbihu- Özünü dərk edən, əslində Rəbbini dərk edər”. Vətəndaşlarımız mütəmadi olaraq maarifləndirilməli, ümummilli məqsədə yönləndirilməli, məktəblərimizdə müntəzəm olaraq hərbi-vətənpərvərlik mövzularında dərslər keçirilməli, dərsliklərdə milli dəyərlərə  istiqamətləndirilmiş mövzuların  tədrisinə diqqət artırılmalıdır. Cəhalət istənilən  toplumu fəlakətə sürükləyir.

Qarabağın dağlıq bölgəsini bürüyən qatı duman onu bir bəyaz qaranlığa qərq etdiyi anda, çən və çiskindən ətrafdakı bütün mənzərələr qorxunc  kabusu xatırladan məvhumi kölgənin altında yox olduğu bir məqamda istər-istəməz Tevfik  Fikrətin məşhur şeirindəki misralar yada düşür:

Sarmış yine afakını bir dud-ı muannid,

Bir zulmet-i beyza ki pey-a-pey mütezayid.

Tazyikinin altında silinmiş gibi eşbah,

Bir tozlu kesafetten ibaret bütün elvah;

Bir tozlu ve heybetli kesafet ki, nazarlar

Dikkatle nüfuz eyleyemez gavrine, korkar...

---

Ramazan Siracoğlu.

Araşdırmaçı yazar.

modern.az

8 May 2021. / 17:32.

& VƏTƏNSEVƏRLƏR