Translate

30 Haziran 2021 Çarşamba

ZƏRDÜŞT KƏBƏSİ, SÜLEYMAN MƏBƏDİ VƏ MÜQƏDDƏS KƏBƏ EVİ: DÜŞÜNDÜRÜCÜ PARALELLƏR

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

İran İslam Respublikasının qədim Persepolis şəhərinin yaxınlığındakı Nəqşi-Rüstəm adlı məntəqədə əsl təyinatı bugünədək bilinməyən, sirli bir bina yerləşir. Kub şəklində olduğuna və fasadının bəzi yerlərinə qara daşdan üzlük vurulduğuna görə “Zərdüşt Kəbəsi” adlandırılan bu abidə e.ə. VI–V əsrlərdə tikilmişdir.

Ehtimala görə, ən azı XIV əsrdən etibarən “Zərdüşt Kəbəsi” adı ilə tanınan tikilinin digər adı “Zindani Süleyman”dır. Guya Süleyman Peyğəmbər burada xəlvətə çəkilərək Allaha ibadət edirmiş.




“Zərdüşt Kəbəsi”nin yalnız cənub-qərb küncünün bir hissəsində azacıq qaralma vardır. Əvvəllər məhz bu fakta əsaslanaraq güman edirdilər ki, tikili atəşpərəstlərin məbədi olmuşdur. Lakin sonrakı tədqiqatlar zamanı burada vaxtı ilə Zərdüşt ayinlərinin icra olunduğunu göstərə biləcək ciddi dəlillər – od, tüstü, his izləri və s. aşkar edilmədi. Halbuki Zərdüşt məbədlərinin hamısında, istisnasız olaraq, “müqəddəs od” qalanır, nəticədə divarlara, tavana tüstü hopurdu. Əlavə olaraq qeyd edək ki, aşağıdakı iki amil binanın atəşgah olmadığını göstərir:

— tikilinin pəncərələri olmadığı üçün orada qalanan ocaq uzun müddət yana bilməz;

— yunan salnaməçilərinin məlumatlarına əsasən, Əhəməni dövrünün məbədlərində müqəddəs od qalanmırdı.

Daha çox ehtimal edilən budur ki, “Zərdüşt Kəbəsi” Əhəməni imperiyasının qurucusu Böyük Küruşun göstərişi ilə inşa olunmuşdur. Başqa bir gümana görə, o I Daranın və ya I Kserksesin tacqoyma mərasimi üçün tikilmişdir. Digər fərziyyəyə əsasən, bina Əhəməni hökmdarlarından birinin sərdabasıdır. Belə bir fikir də vardır ki, tikilidən atəşpərəstlərin müqəddəs mətnlərinin saxlanc yeri – arxiv və ya kitabxana kimi istifadə edilirmiş.

“Zərdüşt Kəbəsi”nin hündürlüyü 12 metr 50 santimetrdir. O üçpilləli postamentlə birlikdə 14 metrə çatır, divarının uzunluğu 7 metr 25 santimetrdir. Qapısının hündürlüyü 1 metr 90 santimetr, eni 1 metr 70 santimetrdir. Tikilinin səmti şimaladır.

Mütəxəssislərin fikrincə, bu binanın yanında Böyük Küruş tərəfindən inşa etdirilmiş daha bir “Kəbə” olmuş, lakin zamanla ondan yalnız bir divar qalmış, qalan hissələri uçub-dağılmışdır.

Beşinci şəkildə qədim yəhudilərin əfsanəvi səfər məbədi – “Skiniya” təsvir olunmuşdur. Kəbəyə bənzəyən bu çadır-məbədə yəhudilər “Mişkan ha-şem” – Allahın adının olduğu yer, Allah evi deyirdilər. Məbədin yəhudi adına bir daha nəzər salaq: “Mişkan ha-şem” (Ha-şemin məskəni).

Altıncı şəkildə əfsanəvi “Süleyman məbədi”nin rekonstruksiya olunmuş modellərindən birini görürük. Onu yəhudilərin “birinci məbəd”i də adlandırırlar. Məbədin giriş hissəsi “Zərdüşt Kəbəsi”nin giriş hissəsi ilə, demək olar ki, eynidir. Yəhudilər inanırlar ki, bu məbədi e.ə. 950-ci ildə Süleyman Peyğəmbər inşa etdirmişdir. “Birinci məbəd” guya e.ə. 586-cı ildə Babil çarı II Nəbukadnezzar tərəfindən dağıdılmışdır.

Yeddinci şəkildəki “Zorovavel məbədi”nin modelidir. “İkinci məbəd” adı ilə məşhurdur. Onun tikintisi yəhudiləri Babil əsarətindən xilas etmiş Böyük Küruşun əmri ilə e.ə. 538-ci ildə başlanmış, e.ə. 516-cı ildə Böyük Dara tərəfindən başa çatdırılmışdır. Eramızın 70-ci ilində yəhudi üsyanını yatıran Roma ordusu məbədi uçurmuşdur.



“Tövrat”ın yəhudi tədqiqatçılarının ehtimalına görə, “Süleyman məbədi”nin uzunluğu 30 metr, eni 10 metr, hündürlüyü 15 metr olmuşdur.

Haşiyə. Yəhudilərin birinci və ikinci məbədləri ilə “Əhəməni Kəbəsi”ni bir-birinə bağlayan bir məsələ diqqətimizi cəlb edir. Yuxarıda qeyd etdiyimiz kimi, birinci məbəd real tarixi şəxsiyyət olduğunu “Tövrat” və “Quran”dan başqa heç bir tarixi mənbənin təsdiqləmədiyi Süleyman Peyğəmbər, ikinci məbəd isə Əhəməni imperiyasının qurucusu Böyük Küruş tərəfindən inşa etdirilmişdir. Maraqlıdır ki, “Zərdüşt Kəbəsi”nin el arasında yayılmış adlarından biri “Zindani-Süleyman”dır.

P.S. Sonda Məkkə şəhərində yerləşən müqəddəs “Kəbə Evi” haqqında qısa məlumat verək. Kəbədə bir neçə dəfə, o cümlədən 605-ci ildə qureyşilər, 683-cü ildə Xəlifə Abdullah ibn Zubeyr, 693-cü ildə Əməvi xəlifəsi Əbdulməlik ibn Mərvan, 1629-cu ildə Osmanlı sultanı Murad, 1996-cı ildə Səudiyyə dövləti tərəfindən əsaslı təmir işləri aparılmış, bəzən isə bina sökülərək yenidən inşa edilmişdir. Hazırda Allah evinin hündürlüyü 13 metr 10 sm, uzunluğu 11 metr 3 sm, eni 12 metr 86 santimetrdir. Kəbənin qapısının hündürlüyü 3 metr 60 santimetr, eni 1 metr 68 santimetrdir. Qapı yerdən iki metr hündürlükdədir. Bina kub formasındadır.


Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist. 

& VƏTƏNSEVƏRLƏR

Araşdırma

20.06.2021

19 Haziran 2021 Cumartesi

ÜÇ DOSTUN BİR SEVGİSİ

Təranə Məmməd 
Yazıçı, Publisist, şair 


Universitetin İkinci kursunu bitirirdim. Ərəb dilindən imtahan verirdim o gün. Tələbə yoldaşlarımdan ayrılıb boş bir otaqda biletlərin suallarını təkrar edirdim. Oturduğum otağa bir cavan oğlan daxil oldu.
- Burda otursam sizə mane olmaram? - deyə soruşdu.
-Yox. Buyurun, - dedim.
O,  arxada oturdu, başını aşağı salıb dəftərindən nəsə oxuyurdu. İmtahan ərəfəsində o qədər həyacanlı idim ki, onun mənə verdiyi sualı dəqiq eşitmədim və çönüb ondan:
- Nəsə dediniz? - soruşdum.
- Dedim ki, bakılısınız?
- Xeyr. 
Mən yenə gözlərimi kitaba zillədim.
- Bəs haralısınız?
Mən arxaya çönüb gülümsündüm və:
- Yenə nəsə dediniz? - deyə soruşdum.
- Dedim ki, bəs haralısınız? - deyə o da gülümsündü.
- Anam şuşalıdır. Atam ağdamlı. 
- Ola bilməz?
- Niyə?
- Çünki mən də şuşalıyam.
- Doğrudan?
Beləliklə, biz tanış olduq. Mən o qədər sevinirdim ki, elə bil qohumlarımdan kiməsə rast gəlmişdim.
- Mən 4-cü kursda oxuyuram, Hüquq fakültəsində. Adım Ümiddir, - deyə oğlan mənə tanışlıq verdi.
- Mənim adım Gülərdir. Şərqşünas olacam əgər bu gün imtahanı verə bilsəm, - deyə mən də tanışlığı qəbul etdim.
Bir qədər sonra yenicə tanış olduğum həmyerlimlə  sağollaşıb imtahana getdim.
Sonralar onu bir daha  görmədim.
O, məndən yaşca böyük və ilk baxışdan çox ciddi bir oğlan kimi qaldı yadımda. 
Həmin yay biz Şuşaya istirahətə getdik.
Atamın dostları bizi həmişə Şuşada o qədər gözəl qarşılayırdılar ki, günlərin necə gəlib necə getdiyini hiss etmirdik.
Bu dəfə ecazkar Şuşada bizi həm də qohumlar gözləyirdi.
İlk getdiyimiz yer və orda qalacağımız qohumlardan birinin evi idi.
Biz təzəcə yerləşmişdik ki, ev telefonuna zəng gəldi.
- Evin sahıbəsi mənə baxaraq:
- Gülər, qızım, səni telefona çağırırlar.
- Hamı mənə baxdı.
Bir qədər özümü itirib:
- Siz səhv edirsiz. Mənə kim zəng edə bilər?
- Deyir tələbə yoldaşıdı. 
Mən telefona yaxınlaşdım.
- Vətənə xoş gəldiniz, Gülər xanım.
- Bağışlayın...
- Ümiddir.
- Aaaa! Ümid. Necəsiniz? Biz indicə yerləşmişik hələ.
- Bilirəm. Gördüm sizi gələndə. Sonra arxanızca gəldim. O evi tanıyıram. Ona görə zəng etdim. Bir gün bizə də dəvətlisiniz.
- Çox sağolun. 
Mən dəstəyi yerinə asanda rəngim qıpqırmızı idi. Bilmirəm nədən.
Evdəkilərin baxışları mənə zillənmişdi. Özümü bu yaranmış vəziyyətdən xilas etmək üçün dərindən nəfəs alıb:
- Tələbə yoldaşımdır. Şuşalıdır, - dedim.
Evdəkilərin bir saniyə sükutunu bizimlə gedən xalaqızı pozdu.
- Gəlin sabah Çıdır düzünə gedək!
Hamı elə bunu gözləyirmiş kimi sabahkı günün planını qurmağa başladı.
Anam məni mətbəxə çəkib:
- Kim idi zəng edən? - deyə soruşdu.
- Mən onu cəmi bir dəfə görmüşəm, tanımıram. Dedi ki, şuşalıdır.
- Qəribədir. Biabır olduq camaatın içində.
Mən pərt olmuşdum, amma dəqiq bilirdim ki, heç bir günahım yoxdur.
Hamı günorta yeməyinə hazırlaşırdı. Qarabağ aşının və gecədən qızların, gəlinlərin bükdüyü yarpaq dolmasının ətri aləmi götürmüşdü. Böyük  şüşəbənd dolu idi qohum-əqraba ilə.
Bakıdan gələcək daha bir adamı gözləyirdilər. Tezliklə həyətdə hay-küy eşidildi. Özünəməxsus səslə və sırf Qarabağ ləhcəsində danışan cavan bir oğlan həyət qapısından içəri girdi. İlk baxışdan kinoaktyor Nodar Şaşıqoğluya bənzəyən bu şən oğlan hər kəslə öz dilində danışırdı. O, diqqəti cəlb etdikcə özündən razı şəkildə pilləkənləri qalxıb bizə yaxınlaşdı. )))
Hamı bu cavan oğlanı öpüb bağrına basırdı. Düzü özüm də anlamadığım qısqanclıq hissi yarandı məndə. Bu oğlan, mənim tanımadığım uzaq qohumum, gələcəyin jurnalısti Vüqar idi.
Məclisimizin ağbirçəyi isə onun nənəsi idi. Nənə o qədər gözəl, mötəbər, təmkinli və yumorlu qadın idi ki, hamının sevimlisinə çevrilmişdi.
- Nənəəə? Nətəərsən? - deyə o birinci nənəsini öpdü.
- Yaxşıyam, ay bala, sən nətərsən?
- Ay nənə, bu "firmenni" paltarı hardan almısan?
- Nə paltarı? - deyə nənə sual verdi.
Hamı gülüşdü.
Beləliklə, bu yeni gələn cavan oğlan məclisi tam əlinə aldı.
Sonra mən onun diqqətini cəlb etmək məqsədiylə:
- Sabah Cıdır düzünə gedəcəyik. Siz də gedirsiniz?
- O, sanki məni ilk dəfə görürmüş kimi düz gözümün içinə baxdı və:
- Kimlər gedir? - deyə soruşdu.
- Hamı.
- Gedirəm! Cıdır düzünə getməmək olarmı?
Gözüm kənardan bizə baxan nənəyə sataşdı. O altdan-altdan nəvəsinə baxıb fərəhlə  gülümsəyirdi.
- Get, nənə qurban, sən də get! - deyə nənə nəvəsinə göz vurdu.
- Yox, alınmayacaq! Mənim sabah dostumla görüşüm var. Gözləyəcək məni. Atlara baxmağa gedəcəyik. Mən Şuşaya gəlib, Qarabağ atını çapmasam qayıda bilmərəm Bakıya.  Atları çox sevirəm. Yəqin bu irsidir. Onda belə edərik, hamılıqla əvvəl dostumla görüşərik, sonra birlikdə Cıdır düzünə gedərik. İndi ona zəng edib deyərəm. 
- Kimdi, bala, o dostun? Denən gəlsin burda görüşün dayna, - deyə nənə  müdaxilə etdi.
- Yox, ay nənə, Ümid evinə qonaq çağırıb ey məni.
Mən o qədər özümü itirdim ki...
- Ümid? - deyə təəccübləndim.
- Hə, Ümid mənim dostumdur. Qızıl kimi oğlandır. Hüquqşünasdır. Bugün-sabah prokurordur, - deyə qohumum yenə gülümsədi.
Mən Ümidin kim olduğunu dərhal anladım, amma heç nə demədim. Ertəsi gün hamımız Cıdır düzünə getməyə hazırlaşırdıq. Səsimiz ətrafı götürmüşdü. Şuşanın füsunkar gözəlliyinə heyranlıqla onun unudulmaz küçələriylə addımladıqca içimizdə bir fərəh hissi var idi sanki. 
Vüqar dostuyla görüşü Şuşa İncəsənət muzeyinin qarşısında təyin etmişdi. 




Onlar çox mehriban görüşdülər. Biz onlara kənardan baxırdıq. Birdən onlar bizə tərəf addımladılar.
- Tanış ol! Qohumlarımdı hamısı. Bu qız isə şərqşünasdır. Bizim Univesitetdə oxuyur, - deyə Vüqar bizi tanış etməyə çalışdı.
- Biz tanışıq, - deyə Ümid irəli addımlayıb əlini mənə uzatdı və:
- Vətənə xoş gəlmisiniz, Gülər xanım! - dedi
Mən sakit səslə:
- Çox sağolun, - deyib geri çəkildim.
Hiss etdim ki, qohumumun bu tanışlıq xoşuna gəlmədi. Düşündüm ki, gərək Ümidi tanıdığımı ona deyəydim dünən. Vüqar özünü ələ alıb dostuna bizimlə getməyi təklif etdi. Ümiddə çaşqın, lakin cox ciddi idi. O, bizimlə getmədi.
Bu iki gəncin mənə münasibəti heç zaman dəyişmədi. Onlar indi də mənə hörmət və ehtiram bəsləyirlər.
Şuşa, Cıdır düzü, təbiətin yaratdığı ən möhtəşəm sənət əsəri! O çiçəklər, o ətir, o hava, o səslər sonralar uzun illər unudulmadı. Şuşada bitən ən gözəl çiçək Xarıbülbül yadıma düşəndə indi də kövrəlirəm. Məşhur Qırx pilləkən, Daşaltı, Topxana,Ərim gəldi qayası. Bu yerləri qarış-qarış gəzdik o yay. Dəfələrlə İsa bulağında olduq. Hətta Xan əmini canlı dinlədim mən Şuşada həmin il. Bilsəydim ki, bu Şuşayla son görüşümdür əyilib o daşlı küçələrindən öpərdim Şuşamın. Onunla vidalaşardım heç olmasa.
Vüqar çox qalmadı bizimlə. Bakıya qayıtmalı idi. Ümidi  Şuşada bir daha görmədim. Bu iki yaraşıqlı, ağıllı və tərbiyəli oğlanların hər ikisi çox ləyaqətli insan, etibarlı dost idi. Qarabağda dostluq müqəddəsdir. Biz həqiqətən dost ola bildik. Biz üç dost olduq. Üçümüzün də bir sevgisi var idi. Biz Şuşaya, Qarabağa vurğun idik. Şuşa məhəbbəti, Qarabağ sevgisi birləşdirirdi bizi .
Lakin... biz o gözəl məkanda bir daha görüşə bilmədik.
Qaraldı gözəllər-gözəli Şuşanın mavi səması.
Tarixə alınmaz Qala kimi yazılmış Şüşanı ermənilər işğal etdi. Dağ çəkildi ürəklərimizə. Üzlərimizdə gülüşümüz, təbəssümümüz dondu. Biz heç birimiz ürəkdən gülüb danışa bilmədik ondan sonra. Yaman kövrək olduq üçümüz də. Hər dəvə Qarabağdan söz düşəndə yanıb töküldük, yaramız gövr etdi.
Şuşada görüşmək ümudiylə yaşayırıq hələ də.
Biz üçümüz də Şuşa və Qarabağ üçün əlimizdən gələni etdik.  
Ümid Qarabağ müharibəsinin ilk günündən əyninə hərbi paltar geyindi. Vüqar cəbhə bölgələrində könüllü hərbi jurnalıst kimi çalışdı. Mən isə təhlükəsizlik zabiti oldum. Hərə öz fəaliyyət cəbhəsində Qarabağ probleminin həlli naminə çalışdı. Amma... 
 
Hər üçümüz canımızdan keçməyə indi də hazırıq müqəddəs məhəbbətimiz, sevgimiz uğrunda. Çünki hər üçümüz Şuşanı və Qarabağı dəlicəsinə sevirik.

Təranə Məmməd.
Bakı - 15.06.2017.

& VƏTƏNSEVƏRLƏR

18 Haziran 2021 Cuma

SABAHIMIZIN AĞDAM ŞƏHƏRİ

MUSTAFA ÇƏMƏNLİNİN SƏFƏR QEYDLƏRİ  



Xalqımızın çox əziz tarixi günündə - 28 Mayda səhər tezdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak edəcəyi Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak üçün Quzanlı qəsəbəsindən yola çıxdıq.

28 il üzümüzə qapadılmış Dördyoldan keçib həsrətində olduğumuz Ağdama gedirdik. İrəlilədikcə Bərdədən Ağdama uzanan dəmiryolunun yenidən bərpa olunduğunun şahidi olduq. 28 il idi bu dəmir yolla Bakı-Ağdam qatarı hərəkət etməmişdi. O zamandan bu dəmiryolu mənim yaddaşımda acı bir xatirə kimi qalmışdı. O zaman Köçərli stansiyasının yaxınlığında relslərin üstündə bir neçə vaqon hərəkətsiz dayanmışdı. Bir neçə qaçqın ailəsi bu vaqonlarda məskunlaşmışdı. İsti yay günlərində körpə uşaqları vaqonların kölgəsində oynayan görəndə təəssüflənir, göz yaşlarımı qəlbimə axıdırdım. Acı-acı fikirləşirdim ki, bu uşaqların axırı necə olacaq?! Doğrusu, o zaman güman etməzdim ki, Ağdam işğalda uzun müddət qalacaqdır. Ancaq gümanımda yanılmışdım. Sən demə, qismətimizdə qaçqın-köçkün ömrü də yaşamaq varmış.

Yadımdadır, 1992-ci il martın 13-də axşam televiziyadan diktorun verdiyi xəbər bizi bir daha sarsıtmışdı. Ağdərə rayonunun ərazisində 6 kəndi - Sırxavənd, Başgüneypəyə, Ortagüneypəyə, Manikli, Xatınbəyli, Tellibinə kəndlərini ermənilər güclü döyüş texnikasının köməyilə işğal eləmişdilər.

Səhər tezdən Ağdama gəldim. Həmişə qaynayan, özünəməxsus qələbəliyilə seçilən Ağdam şəhəri tanınmaz olmuşdu. Mağazalar, dükanlar bağlı idi. Şəhərin bir çox yerində ermənilərin atdığı "Alazan", "Kristal" raketlərinin nişanələri gözə dəyirdi. Şəhərdə əməlli-başlı köç əhvali-ruhiyyəsi vardı.

Ağdamdakı hospitalda oldum. Ağır yaralıları Bakıya yola salmışdılar. Orda olan əsgər və tibb işçilərilə görüşüb ayrıldım. Yenidən şəhərin mərkəzinə qayıtdım. Burda Sırxavənd qaçqınlarını gördüm. İki bir-üç bir gəlirdilər. Bir-birini salamat görən adamların görüş səhnəsinə baxmağa ürək tab gətirmirdi.

Bakıya qayıtdıqdan sonra "Birləşib vuruşsaydıq..." sərlövhəli məqalə yazıb "Ədəbiyyat və İncəsənət" qəzetinin 10 aprel 1992-ci il tarixli nömrəsində çap etdirdim.

İndi o zamandan 29 il keçib, ümidlərimizin az qala tükəndiyi bir zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, dönməz iradəsi, şanlı ordumuzun rəşadəti nəticəsində Qarabağ torpağı, o cümlədən, doğma Ağdam şəhəri və kəndləri mənfur düşmənin işğalından azad olunub. Vətən müharibəsi nəticəsində - əsrə bərabər 44 gündə!..

İndi isə, 28 May günü biz işğaldan azad olunmuş Ağdama gedirik. Onun müasir, çağdaş təməl daşını qoymağa. Ağdamın bərpası yoldan başlayıb. Qızğın iş gedir. Tarixi Bərdə-Ağdam yolu Prezident İlham Əliyevin göstərişi ilə 4 hərəkət zolağına çevrilməkdədir. Yolun uzunluğu 44,5 kilometr olacaq.

Vaxtilə işğal altında olan bütün Qarabağ - Ağdam, Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Laçın daim yaddaşımda yaşayıb. Mən bir qarabağlı, bir Azərbaycan vətəndaşı olaraq heç vaxt bu işğalla barışmamışam. Həmişə bədii və publisistik əsərlərimdə, məqalə və esselərimdə oxuculara bir gün Qarabağın işğaldan azad olacağı ümidini aşılamışam. Birinci Qarabağ müharibəsinin qəhrəmanı Asif Məhərrəmov haqqında yazdığım və 1996-cı ildə çap etdirdiyim "Fred Asif" romanında son dəqiqələrini yaşayan Azərbaycanın Milli Qəhrəmanı titrək əli ilə qucağında can verdiyi qardaşı Bəhlulun yanağına yuvarlanmış göz yaşını silərək deyir:

"Kişi ağlamaz. Möhkəm ol. Bax sifətimə, bax bədənimə, düşmən yarası yoxdur ki?! Düşmənin yox, qardaşımın qucağında ölürəm. Bundan böyük səadət varmı?.. Bəhlul, Qarabağ alınanda məni də yad edin. Yamaclarında su tapmayanda qarını çeynədiyim o qəlbi dağlara qalxanda məni də xatırlayın... Anama de, ağlamasın. Mən səhrada bitən tənha bir çiçəyəm. Tənha bir çiçək!.."

2007-ci ildə çap etdirdiyim "Ruhların üsyanı" povestini aşağıdakı epizodla bitirmişdim (kiçik ixtisarla): "...Qatar tərpəndi. Dinib-danışmırdıq, baş verənlər bizə yuxu kimi gəlirdi. Deyəsən, maşinist də Qarabağa tez çatmağa tələsirdi. Qatar çox sürətlə gedirdi. Əyilib pəncərədən göyə baxdım, dumduru idi. Çölün-çəmənin xoş qoxusu vaqonun pəncərəsindən süzülüb içəri dolurdu.

Vaqonun üstündə qol-qola girmiş cavanlar üçrəngli bayrağı başları üzərində yelləndirərək Dövlət Himnimizi oxuyurdular:


Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa! 


Qatardakılar da cavanlara qoşulmuşdular. Hamı oxuyurdu. Mən də oxuyurdum. Amma göz yaşlarımı heç cür saxlaya bilmirdim. Güllü tez-tez:


- Qurban olum, Mətləb, sən ağlama, qoy mən ağlayım, - deyirdi.



... Mən ona bir söz demədim, qalxıb vaqonun balaca pəncərəsindən geriyə boylandım, qatarların sayı-hesabı yox idi. Minlərcə insan atlı-piyada, maşınla yola çıxmışdı. Deyəsən, qaçqınlığın, köçkünlüyün sonuydu. Uşaqlar, yeniyetmələr əllərində məşəl tutaraq qatarın yanıyca gedirdilər. Ruhların üsyanı milləti uşaqdan böyüyə ayağa qaldırmışdı. Ölülərlə dirilərin ruhları biri-birinə qovuşmuşdu.

... Qatarlar durmadan irəliləyirdi. Səhərin açılmağına az qalırdı.

Deyirlər gecə hamilədir, sabah nə doğulacağını kimsə bilmir. Amma mən bilirdim ki, sabah torpağımızın Azadlığı doğulacaqdır".

1998-ci ildə Firidun Şuşinskinin "Şuşa" kitabı mənim redaktorluğumla baş redaktoru olduğum "Gənclik" nəşriyyatında nəşr olunmuşdu. Kitaba yazdığım "Qarabağın tacı" sərlövhəli ön sözü bu sətirlərlə bitirmişdim:

"Firidun bəy! Bir gün gələcək biz adına saysız öygülər qoşulmuş, bayatılar deyilmiş qədim vətənimizin bir parçası olan Qarabağa qayıdacağıq! Qayıtmasaq, evinə düşmən ayağı dəymiş Bülbül küsər, Xan ağlayar! Utanarıq Pənah xanın, Xan qızı Natəvanın ruhundan. Qayıtmasaq, Üzeyir bəyin heykəlinə belə baxmağa haqqımız olmaz. Yox, biz qayıdacağıq! Və yeddi milyonluq Azərbaycan xalqının həsrətlə gözlədiyi o gün - Qarabağın azad olacağı gün sənin "Şuşa" kitabını Cıdır düzündə başım üstə qaldırıb var səsimlə hayqıracağam: Allah sənə rəhmət eləsin, Firidun bəy! Sənin "Şuşa" kitabını doğma Şuşana gətirmişəm".

Şükürlər olsun Yaradanımıza ki, 8 noyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəliyi, müzəffər ordumuzun şücaəti sayəsində alınmaz qalamız erməni faşistlərindən geri alındı. Bu qalanın fəthi tarixdə nadir hallarda baş verən qəhrəmanlıq salnaməsidir. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə cansağlığı arzulayıram.

O gün, 8 noyabr 2020-ci il xalqımızın həyatında tarixi bir gün oldu! Həmin gün Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycan xalqına sevinc, fərəh hissiylə dolu bir səslə: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!" müjdəli xəbərindən sonra paytaxt sakinləri bir an içində küçələrə axışdı. Küçələr, xiyabanlar üçrəngli bayraqlara büründü. Ayaqlarını itirmiş qazilər belə küçələrə çıxmışdılar: "Qarabağ bizimdir, bizim olacaq!" sədası şəhərdə əks-səda verirdi. Üç-beş yaşlı uşaqların, yeniyetmələrin hayqırtıları qəlbimizi fərəh hissilə doldururdu. Sən demə, millətimizin Şuşa sevdası sonsuzuymuş! Şuşa bizim şərəf rəmzimiz, Şuşa bizim qeyrət qalamız imiş! Var olsun Ali Baş Komandanımız! Var olsun əsgər və zabitlərimiz! Ruhları əbədiyyətə qovuşmuş şəhidlərimiz!

Doğrudan da, həyat gözlənilməz təsadüflərlə, zərurətdən doğan reallıqlarla doludur. Koronavirus deyilən bu gözəgörünməz düşmənə görə Novruz bayramından sonra yaşıma görə "ev dustağı" olanda "Gözəgörünməz düşmən" adlı ovqat-essemdə böyük nigarançılıq içində yazmışdım: "Bu "Evdəqal" dövründə gecələri daha ağır keçirirəm. Bəzən sübhə kimi yata bilmirəm. Xəyalım dağda-bağda gəzir. Biədəb bir məsəl var: oynayıram, gülürəm, oynaş yaddan çıxmır.



Mənim yadımdan çıxmayan isə müqəddəs Qarabağdı! Qarabağ! İşğal altında inləyən, bizi haraylayan Qarabağ! İnsanın zaman-zaman unuda bilmədiyi bir şey varsa, o da gördükləridir. O, görmədiyini təsəvvür edir, sən deyən qədər də həsrətində olmur, gözü ilə görüb yaddaşına köçürdükləri isə əbədi yol yoldaşıdır. Son nəfəsinə qədər onu tərk etməz. O qədər həssaslıqla xatırlayar ki, özü öz yaddaşına heyran qalar. Səhər-səhər əlli il bundan qabaq bir həyətdə gördüyü açmış qızılgülün üstündəki şeh də yadına düşər. Mən bu 27 ildə elə bir gecə olmayıb ki, bir ruh kimi Qarabağı, eygili gündə gəzdiyim, gecələdiyim Ağdamı, Şuşanı, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı gəzib, görüb səhərə yaxın geri qayıtmayam. Ah, koronavirusdan, bu gözəgörünməz bəladan, insan qəsdinə durmuş cəlladdan qorxmuram. Qorxduğum tək bir şey var, qəflətən öləm, Qarabağın azad olacağı o BÖYÜK GÜNÜ görməyəm. Ey böyük Yaradan, sən belə bir əzabı mənə rəva görmə. Çoxları "Qarabağ, Qarabağ" deyə köçdü dünyadan. Barı yerdə qalanlara möhlət ver, İlahi" ("Ədalət" qəzeti, 4-6 may 2020-ci il).

Şükür Tanrının böyüklüyünə ki, o BÖYÜK ZƏFƏR GÜNÜnü nəinki mən, yaşıdlarım, bütün Azərbaycan xalqı gördü və o günün sevincini, nəşəsini yaşadı. Bu, əsrlər boyu unudulmayacaq tarixi bir gündür. Zəfər günüdür!

Budur, indi biz səhər tezdən, tarixi bir gündə - 28 Mayda Ağdama təməlqoyma mərasiminə gedirik. "Mersedes" markalı avtobusda mənəm, telejurnalist, tərcüməçi İlqar Əlfidir, telejurnalist, "Çöl adamı" verilişinin müəllifi və aparıcısı Kamal Dənizdir, bir də karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Fariz Nəcəfovdur. Avtobusun pəncərəsindən enləndirilməkdə olan Bərdə - Ağdam yoluna, başıqarlı Murova, Şah bulağına baxırıq. Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" povestində təsvir etdiyi Qərvəndi keçirik.

Mənim gözüm Göytəpə kəndini axtarır, çünki o kənd mənim uşaqlıq və yeniyetməlik kəndimdi. Sovetlər dövründə Çəmənlidən ara yolla Göytəpəyə gəlib, oradan asfalt yolla Ağdama gələrdik. Heyhat, Göytəpə kəndindən bir nişanə qalmayıb. Kamal Dəniz yaddaşına güc verib Şahbulaq dağının ətəyindəki "kəndləri" göstərir. Belə də kənd olar, darvazasını açıb içəri giriləsi bir ev belə yoxdur. Uşaq vaxtı dördtəkərli at arabamızla, sonralar avtobusla Ətyeməzli kəndinə çatanda sevinərdik, çünki bu kənd Ağdamın girəcəyində idi. Ona görə keçmiş zamanda danışıram ki, Ətyeməzli, Keştazlı kəndləri yer üzündən silinib. Tək-tük uçuq-sökük evlərin divarları görünür. Mənzil başına çatırıq. Burada Bakıdan gəlmiş 20 nəfərin və Ağdam İcra Hakimiyyətinin nümayəndələri təməlqoyma mərasimində iştirak edəcək. Böyük, çox böyük bir çətirin altındayıq. Yaxınlıqda Ağdam məscidini görüb yeganə salamat tikili olduğu üçün sevinirik.

Kamal, İlqar, Fariz və mən gedib məscidin qarşısında şəkil çəkdirdik. Yadımdadı, Ağdam bazarı məscidin yaxınlığında idi. Bu an istər-istəməz xəyal məni Ağdamlı günlərə apardı. Zaman-zaman Ağdam bazarında gördüyüm insanların bir-birinə oxşar, fərqli çöhrələri illərin ardından "qanadlanıb" gözlərim önündə cilvələnirdi. Xoşbəxt günlərin ağdamlı sakinləri sonradan qaçqın-köçkün olub hərəsi bir tale yaşadı. Şirinli-acılı xatirələrlə dolu bir tale! Vətən-vətən deyə dünyadan köçənlərin, yəqin ki, ruhları indi şaddır. Bütün məhrumiyyətlərə dözərək yaşayanlar, işğaldan sonra dünyaya gələnlər də az olmayıb. Anasının qucağında, bətnində doğma yurdunu tərk edənlər böyüyüb 44 günlük müharibədə Qarabağ uğrunda vuruşdular. Qəhrəmanlıqlar göstərdilər, qazi oldular, şəhidlik şərbətini içənlər də çox oldu. Ruhları qarşısında baş əyib, Allahdan onlara rəhmət diləyirəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ağdam ictimaiyyətinin, ziyalılarının görüşü saat 11-də keçirildi. Olduqca səmimi görüş idi. Hər kəs fərəh hissi keçirirdi. Dövlətimizin başçısı görüşdə çıxış edərək dedi:

"Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilib. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu  gün bu gözəl mərasimi keçirək.

Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq".

Dövlət başçısının çıxışından sonra "Ağ şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıqov layihə-lövhələrin qarşısına keçərək şəhərin yeni Baş Planı haqqında məlumat verdikcə sabahkı Ağdam bütün gözəlliyi, əlvanlığı ilə gözlərim önündə canlanırdı. Küçələrində elektriklə işləyən tramvaylar dolaşan, içərisindən 2 kilometrlik motorlu qayıqlar üzə biləcək kanal keçən, süni gölü, şəlaləsi, "Qarabağ" universiteti, liseyləri, məktəbləri, 79 kilometrlik velosiped yolu, İşğal və Zəfər muzeyləri, yenidən abadlaşdırılmış İmarəti, Çay evi, Çörək və Diyarşünaslıq muzeyləri, teatr və musiqi məbədgahları, istehsalat müəssisələri, 125 hektarlıq meşə zolağı, körpüləri olan bir şəhər təsəvvür edin. Bu, bizim Ağdam şəhərimizdir! Sabahımızın, xoşbəxt gələcəyimizin şəhəri!


Mustafa Çəmənli,

Yazıçı-publisist.

4 iyun 2021-ci il.

525-ci qəzet.

& VƏTƏNSEVƏRLƏR

13 Haziran 2021 Pazar

MOĞOL LƏKƏSİ


Yeni doğulmuş uşaqların belinin aşağı — büzdüm hissəsində olan tünd göy rəngli ləkə tibbdə «moğol ləkəsi» adlanır.

Bu ləkə türklərin, moğolların, mancurların, Amerika hindularının uşaqlarında daha çox müşahidə olunur. Bununla yanaşı, Şərqi Afrikada yaşayan insanlar arasında da onun faizi kifayət qədər yüksəkdir. Slavyandilli bolqarlarda təxminən 6 %-dir. «Moğol ləkəsi» əsasən 3-5 yaşadək çəkilib gedir. Amma tək-tük hallarda qalır. Bəzən bu ləkə körpənin büzdüm hissəsində deyil, alnında — iki qaşının arasında, çox vaxt qırmızı rəngdə olur.

«Moğol ləkəsi» həm ata, həm də ana xətti ilə ötürülə bilər. Lakin daha çox oğlanlarda özünü büruzə verir. Ehtimala görə, qədim zamanlarda bu ləkə bir nəfər kişidə yaranmış və onun törəmələrinə keçmişdir. Moğollar onu «Çingiz xan ləkəsi» adlandırır və inanırlar ki, ləkənin tündlüyü körpənin xoşbəxt gələcəyindən xəbər verir. «Moğol ləkəsi» azərbaycanlılar arasında da kifayət qədər yayılmışdır. Həm də o yalnız türklərin deyil, talışların, tatların, ləzgilərin, avarların uşaqlarında da müəyyən faizlərlə müşahidə edilir.

Bu sətirlərin müəllifinin mənsub olduğu Şəhrili tayfasında (nəslində) yeni doğulmuş oğlanlarda «moğol ləkəsi»nin hər iki forması olur.


Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist. 

& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

13.06.2021.