Translate

Ağdam etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Ağdam etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

13 Eylül 2026 Pazar

DASTAN YAZAN CAVANŞİRLƏR...

 


General Zaur Cavanşir (Məmmədov) 

və hərbi jurnalist Adil İrşadoğlu (Cavanşir - Əliyev).


🌟 Siz bu fotoda Vətən Müharibəsi Qəhrəmanı, Qarabağ xanlarının nəslindən olan general-mayor Zaur Cavanşir'i görürsünüz.

🌟 Cənab general Zaur Cavanşir Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandanlarından biri və qərərgah rəisidir. O, Qızılbaşların məşhur tayfalarından biri olan Cavanşir tayfasına mənsubdur.

🌟 Cavanşirlər Səfəvi sülaləsinə sadiqliyi ilə ad çıxarmış bir tayfadır. 

🌟 Nadir Şah Əfşarın əmirlərindən biri olmuş, sonra Qarabağ xanlığının və Şuşa şəhərinin qurucusu, Qarabağın hökmdarı Pənahəli xan Cavanşir general Zaur Cavanşirin ulu babasıdir... 

🌟 2020-ci ildə ulu babasının əsasını qoyduğu Şuşa şəhərinin işğaldan azad edilməsində fərqlənən Zaur Cavanşir Azərbaycan Respublikasının Prezidenti tərəfindən Şuşanın ilk komendantı təyin edilmişdir.

🌟 Zaur Cavanşir "2020 Bakı Qələbə Paradı"nda Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə döyüş bayraqları qrupuna rəhbərlik etmişdir.

🌟 Prezident, Zaur Cavanşiri Vətən Müharibəsində göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, eyni adlı medal və general-mayor ali hərbi rütbəsi ilə təltif etmişdir.

🌟 Zaur Cavanşir Qızılbaş-Cavanşir nəslinin şərəfli oğlu, ulu babası Pənahəli xanın yolunu davam etdirən və onun əmanətini azad edən qəhrəmandır.   


🌟 Adil İrşadoğlu (Cavanşir - Əliyev).

Bakı, 14.08.2026. / 22-22.   


19 Temmuz 2026 Pazar

MÜHARİBƏ ÖZÜ İLƏ FACİƏLƏR GƏTİRİR...




Vətən müharibəsində, Qarabağ savaşında minlərlə gəncimizin həyatı pozuldu, arzusu gözündə qaldı, onlar ailə qura bilmədilər. Ailəli gənclərimizin ailə başçıları həlak oldu, ailəsi dağıldı.

Müharibə özü ilə böyük faciələr, minlərlə gəncin fiziki və mənəvi cəhətdən zədələnməsi, pozulan talelər gətirir. Bu ağrılı həqiqəti dəyişmək mümkün olmasa da, cəmiyyət və dövlət olaraq belə insanların sosial müdafiəsini təmin etmək, onlara dəstək olmaq hər birimizin borcudur...


19.07.2026. / 11-28.


VƏTƏNİ QORUMAQ HAMIMIZIN BORCUDUR...




VƏTƏNİ - Bu müqəddəs və şərəfli əmanəti qorumaq hər birimizin vətəndaşlıq borcudur. 

Tariximizin qəhrəman səhifələrini yazan şəhidlərimiz və qazilərimizdən bizə miras qalan bu torpaqları birlikdə daha da inkişaf etdirmək, əmin-amanlığını və bütövlüyünü göz bəbəyi kimi qorumaq bizim əsas amalımız olmalıdır.

Vətənimiz Azərbaycanın çiçəklənməsi üçün üzərimizə düşən məsuliyyəti dərk edir, onun hər qarışını layiqincə təmsil etmək və gələcək nəsillərə etibarlı şəkildə ötürmək üçün var gücümüzlə çalışmalıyıq...


17.07.2026-ci il. / 14-42.


VƏTƏNPƏRVƏR ADİL'in ÜRƏK SÖZLƏRİ...




Vətənpərvərlik hissi təkcə sözlə deyil, Vətənə bağlılıq və əməllərlə ifadə olunur. Bu gözəl keyfiyyəti daima qorumaq və yaşatmaq əsl dəyərdir. 

Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfərlə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi, xalqımız otuz ilə yaxın həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır.

İndi güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha təsdiq edir ki, vətənpərvər, ölkəsini, xalqını sevən hər bir azərbaycanlı dövlətimizin daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir. Birliyimiz, həmrəyliyimiz məqsədimizə yüksək səviyyədə nail olmağa stimul verir...


17.07.2026. / 14-07. 


8 Temmuz 2026 Çarşamba

© BAŞA GƏLDİ OLMAZ İŞLƏR... / FILM 2021


 


1)

Adil İRŞADOĞLU mənim üçün sıradan adi bir dost, peşəkar bir jurnalist deyil və mən onu yalnız bir dost olduğu üçün sevmirəm, ən əsası Adil öz mövqeyi, öz fikri, düşüncəsi, öz yolu olan, vətənini, torpağını bütün varlığı ilə sevən bir vətəndaşdır. Gözəl isan və böyük şəxsiyyətdir. Olduqca cəsarətli, qorxmaz, mübariz, qorxunun gözünə dik baxmağı bacaran, fədakar bir isandır. 

Mən heç vaxt dostlar haqqında layiq olduğu tərifli sözləri deməkdən çəkinməmişəm, qısqanmamışam. Əksinə, həqiqəti deməkdən zövq almışam. Bu mənada Adil İRŞADOĞLU həsəd aparılası bir insandır. O, çox sadə, mehriban, təvazökar, insanlara yaxşılıq etməkdən zövq alan və bunu özünün borcu hesab edən bir kişidir. O vaxt Televiziya və Radio Verilişləri Komitəsində 3 minə yaxın adam işləyirdi. Mən burda heç kimin fəaliyyətinə kölgə salmaq istəmirəm, amma orada Adil bəy kimi barmaqla sayılacaq işçilərin sayı 5-6 nəfər olardı. 

Mənfur ermənilər torpaqlarımıza göz dikən gündən Adilin rahatlığı pozuldu. Rahat, isti kabinetdə oturub işləmək istəmirdi. Bunu şəninə, qeyrətinə sığışdırmırdı. Cəbhəyə getmək, qaynar bölgələrdə, döyüşçülər arasında olmaq, canlı verilişlər, reportajlar hazırlamaq istəyirdi. Buna görə də könüllü olaraq öz ərizəsi ilə uzun müddətə mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa ezam olundu. Dəfələrlə ölümlə üz-üzə, göz-gözə gəldi, amma qorxmadı, çəkinmədi, bu cür dəhşətli səhnələr onun mübarizə əzmini qıra bilmədi. İki dəfə mühasirəyə düşdü, qəhrəman döyüşçülərimizin ciddi səyi nəticəsində azad olundu, amma yenə də öz inadından dönmədi. Nə qədər ağrı-acılar yaşasa, nə qədər çətinliklərlə üzləşsə də Azərbaycan televiziya tamaşaçılarını qaynar döyüş bölgələrindən yeni-yeni xəbərlər, verilişlər və reportajlarla tanış edirdi. Düzünü deyim ki, indi Adil İRŞADOĞLU kimi qorxmaz, fədakar, peşəkar jurnalistlər çox azdır. Amma jurnalistlər üçün tikilmiş evləri paylayarkən Adil İRŞADOĞLU "yada düşmədi". Sonda onun haqqını yeyənlər öz layiqli cəzalarıını aldılar. İndi torpaqlarımızın işğaldan azad olunmasından bir il keçir. Bu münasibətlə sevinməyə daha çox haqqı olan Adil bəyi ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Nizami Təhməzov.

Bakı, 01.11.2022. / 10-30.

-----------------------

2)

Həzin türkü sədaları altında bir - birini əvəz edən şəkillər və video görüntüləri...

Bir insanın həyat yolu. Tanımayanlar üçün maraq kəsb edən səssizlik... Tanıyanlar üçün ikiqat maraqlı və hər kəsin içindən keçən bir həsrət...

Bu, tanınmış jurnalist, Qazi Adil İrşadoğlunun həyat yoludur.

Xoşbəxtlik zirvəsindən həsrət dolu bir müharibə səngərinə, ordan da illər sonra Qələbə Zirvəsinə ucalan həyat yolu.

Şəkillər sussa da Adil İrşadoğunun gözlərindəki gah sevinc, gah ağrı, gah hüzur göründükcə anlayırsan ötüb keçən görüntüləri. 

Ailə, övlad, nəvə nəvazişıylə bərabər Vətənə həsr edilmiş 68 il!

Zəfəri gözləyən həsrət dolu gözlər və Qələbə sevincilə davam edən, gələcəkdə yeni video görüntülərə qədəm qoyan qalib ölkənin qalib jurnalistinin Zəfərli günləri...

Hörmətlə,

Təranə Məmməd.

Bakı, 01.11.2022. / 11-00.

-----------------------

3)

Çox hörmətli dostum Adil müəllim, videonu diqqətlə izlədim. Keçmiş kino lenti kimi gözlərim önündən keçdi. Allah ölənlərimizə rəhmət eləsin, qalanlara möhkəm cansağlığı versin.

Sən isə keçənləri yaşadırsan, dostları axtarırsan, diqqətdə saxlayırsan unudulmağa qoymursan. Buna görə çox sağ ol.

Müharibə hamımızın yaralı yeridir. Xüsusilə bizim kimi həmin müharibəni yaşayanların. Bu müharibə biz nəslin gəncliyini əlindən aldı. Gəncliyimizi istədiyimiz kimi yaşaya bilmədik. Yenə də şükürlər olsun. Gec də olsa xalqımız birlik göstərib qələbəyə nail oldu.

Allahdan arzu edirəm ki, bizə ömür və qüvvət versin qalan həyatımızı mənalı yaşayaq, arzularımızın qismən də olsa həyata keçməsinə nail olaq. Amin.

Hörmətlə,

Zahid Tağıyev.

Bakı, 01.11.2022. / 12-00.

-----------------------

VƏ sairə...


30 Haziran 2026 Salı

DAXİLİ GÖZƏLLİYİLƏ FƏRQLƏNƏN QADIN


Əziz bacım, bu gün - 10.06.2026-cı il tarixində 40-dır. Allah sənə rəhmət eyləsin. Qəbrin nurla dolsun. Məkanın cənnət olsun. Sənsiz çox darıxıram... 




Daxili gözəlliyilə fərqlənən bu qadın, bu müəllimə mənim əziz, sevimli və unudulmaz bacımdır. O, qəlbimdə mən ölənədək yaşayacaq.

Elmira İrşad qızı Əliyeva ailədə, iş yerində, qohumlar arasında böyük hörmətə, qayğıya və məhəbbətə malik bir insan idi.

Bu xanım əsilzadə, yüksək səviyyəli, aristokrat, kübar bir xanım idi. Elmira müəllimə həmişə ailəsində olan kişilərdən bir addım arxada göstərərdi özünü. Bu tərbiyə, bu xasiyyət bizim vaxtilə Ağdam şəhərində yaşayan və fəaliyyət göstərən ailəmizlə bağlıdır. Bəli, rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyevin və anam Qənirə Rüstəm qızı Rüstəmovanın məhəbbətlə qurduqları ailə Ağdamda səviyyəsiylə çox insanın hörmətini və rəğbətini qazanmışdı və bu ailə indi də belə xatırlanır...

Bu gün - 10 iyin 2026-cı il bacım Elmira İrşad qızı Əliyevanın vəfatının 40-cı günüdür. Səmimi, vətənpərvər, mehriban, insansevər, şagirdlərinin qəlbində sağlığında özünə taxt quran unudulmaz bacıma Allahdan rəhmət diləyirəm. Sən evdən yox, eldən getdin, heyf. Sən bizim yerdəki cənnət mələyimiz idin. Tanrı axirətini abad eyləsin. 

Öz adımdan, ailəm adından Elmira bacımın ailəsinə, həyat yoldaşı İbrahim Mehdi bəyə, bütün qohumlarına, qonşularına və dostlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Məkanı cənnət və ruhu şad olsun. Amin ! 


QARDAŞIN Adil İrşadoğlu (Əliyev).       

Bakı şəhəri, 10.06.2026.   

 



MƏNİM UNUDULMAZ YEK BACIM


 


Mənim əziz və unudulmaz yek bacım, 

Allah sənə rəhmət eyləsin. Məkanın cənnət olsun. Qaldım sənsiz.

Sən mənim həm rəhmətlik atam, həm rəhmətlik anam, həm də rəhmətlik qardaşım idin. 

Allah özü bilən məsləhətdir. Allah mənə rəhm eyləsin.


BACIM ELMİRA İRŞAD QIZI ƏLİYEVA QƏFLƏTƏN VƏFAT ETDİ

 MƏLUMAT


Adil İrşadoğlu (Əliyev)  və 

bacısı Elmira İrşad qızı Əliyeva.

Hörmətli qohumlarım və dostlarım bacım Elmira İrşad qızı Əliyevanı 2 may 2026-cı il tarixində 71 yaşında Abşeron torpağına əmanət etdik. Bu sarsıdıcı zərbə - hadisə ilə bağlı diqqət göstərib verdiyiniz başsağlığına görə hamınıza təşəkkür edirəm.

Mərhumun 3 və 7-si həftənin 1-ci günü, may ayının 4-də, Həzi Aslanov adına metrostansiyasının çıxışında yerləşən "Zəm-Zəm" mərasim evində olacaqdır. 

Allah sizin də bu dünyasını dəyişən doğmalarınıza və əzizlərinizə qəni-qəni rəhmət eyləsin. Məkanları cənnət olsun. Amin...


Adil İrşadoğlu

02.05.2026. / 23-45. 


3 Mart 2026 Salı

XOCALI SOYQIRIMI




Malik Camal oğlu İsmayılov


Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımdır.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil...

Xocalı soyqırımının işıqlandırılması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin və Seyidağa Mövsümovun adı ilə əlaqələndirilir. Onlar Xocalıda düşmənlərimiz tərəfindən törədilən vəhşilikləri ilk lentə alan kinooperatorlardır... 

Xocalının müdafiəsi zamanı Azərbaycanın yeddi Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir...

Yurdundan didərgin düşən Xocalı sakinlərinə ilk yardım edən Ağdam əhalisi olmuşdur. 

Yurdundan didərgin düşüb Ağdama pənah gətirən Xocalı sakinlərinin ən birinci həkim yardımına, sonra isə qayğıya böyük ehtiyacları var idi. 

 Xocalı sakinlərini atam İrşad Məhəmməd oğlu Əliyevin ən yaxın dostu və qohumu Camal Abbas oğlu İsmayılovun oğlu Malik həkim müayinə edirdi, onlara lazım olan həkim yardımını göstərirdi. Doktor Malik Camal oğlu İsmayılov gecə-gündüz düşmənin əlindən qaçıb canını qurtarmış insanların arasında idi, öz cibinin xərcilə tibbi ləvazimatlar, dərmanlar alıb onları sağaldırdı. Bəli, həkimlər sağlamlıq sahəsində cəmiyyətin əsas dayaqlarından biridir. Onların rolu xəstəliklərin müalicəsindən daha genişdir. Onlar həm də sağlamlığın qorunmasında mühüm rol oynayırlar. 

Malik həkim xəstələrinə qarşı məsuliyyətli, diqqətli və mərhəmətli, həmçinin konfidensiallıq (mənbənin gizli saxlanması) prinsiplərinə sadiq bir insandır.

Malik həkim, həmçinin daimi olaraq öz peşəkar inkişafı üzərində işləyən, yeniliklərdən xəbərdar olan və öz biliyini təzələyən bir həkimdir. 

Yuxarıda qeyd etdiyim kimi, yurdundan didərgin düşən Xocalı sakinlərinin həm də ağsaqqal-ağbircək qayğısına böyük ehtiyacları var idi. O vaxt AzTv-də çalışırdım. İşimlə əlaqədar cəbhə bölgəsinə tez-tez gedirdim. Atamı, anamı görmək, onlarla qucaqlaşıb öpüşüb-görüşmək istədiyimə görə Ağdam şəhərinin mərkəzində yerləşən evimizə getdim. Evimizdə tanımadığım xeyli insan gördüm. Qadınlar, yeniyetmələr, uşaqlar... Anam mənə dedi ki, bala, Xocalı sakinləridir, evimizin qarşısından Məscidə tərəf gedirdilər atanla birlikdə onları qarşıladıq və evimizə dəvət etdik. Çay içib, xörək yeyəndən sonra atan onları aparıb yerli hakimiyyətə təhvil verəcək... 

İndi şükür Allahın bu gününə. Bütövlükdə Qarabağımız, eyni zamanda Xocalımız işğaldan azaddır. Öz yurdundan didərgin düşən xocalılarımız bu günlərdə doğma torpaqlarına qovuşdular.

Təbii ki, bütün bu möhtəşəm zəfərlərin fonunda ay-ulduzlu, üçrəngli müqəddəs bayraqlarımızla bəzədilmiş qayıdış karvanlarının Qarabağ və Şərqi Zəngəzura üz tutmaları isə bir başqa coşqu, ayrı bir qürurdur bizim üçün !


Adil İrşadoğlu (Əliyev) ©

Qocaman televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996). 


7 Ocak 2026 Çarşamba

HƏSRƏTİN SOYUĞU QƏLBİMİ ÇOX ÜŞÜDÜR...


 Adil İrşadoğlu təqdim edir 

/ "O LELLİ" şarkısı üzərində videoklip /

 İfa edir Suat Suna. 




Hər kəsin qəlbində həsrət hissi hökm sürür. Kimisi vəfasızdır, kimisi aşiqdir, kimisi sevir və sevdiyinin həsrətini çəkir. Bir sözlə hər kəs özünəməxsus şəkildə həsrət hissi yaşayır. Həsrətin soyuğu onun qəlbini çox üşüdür...

01.01.2025. 


1 Ocak 2026 Perşembe

ANA KİMİ YAR, AZƏRBAYCAN KİMİ DİYAR OLMAZ !

30 dekabr rəhmətlik anam Qənirə Rüstəmqızı Rüstəmovanın doğum günüdür. Yaşasaydı 93 yaşını təntənəli şəkildə qeyd edərdik. İndi unudulmaz Qənirə müəlliməni gözəl xatirələrlə yad edirik. Allah rəhmət eyləsin. Qəbri nurla dolsun. Ruhu şad olsun.

30.12.2025.





24 Aralık 2025 Çarşamba

AZƏRBAYCAN MƏTBUATININ BİR PARÇASI OLMAQ QÜRURVERİCİDİR




Adil İrşadoğlu (Əliyev)


Həqiqətən Azərbaycan mətbuatının şərəfli tarixinin bir parçası olmaq qürurvericidir. Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis olunmuş ali mükafata layiq görülən həmkarlarımı, xalqımızın dərd-sərindən yazan, Qarabağ gerçəkliklərini dünyaya yayan, səngərlərdən reportajlar hazırlayan, döyüş vaxtı əsgərlərimizin yanında olan, qazilərimizin, şəhid analarımızın problemlərindən yazan, onlara dəstək olan jurnalistlərimizi təbrik edirəm. Bir daha Medianın İnkişafı Agentliyinə, Əhməd İsmayılov'a  və Mətbuat Şurasına, Rəşad Məcid'ə dərin təşəkkürümü bildirirəm.


Hörmətlə, 

Adil İrşadoğlu (Əliyev) 

24.12.2025. / 20-15.


23 Aralık 2025 Salı

AZƏRBAYCAN MİLLİ MƏTBUATI - 150




Rəşad Məcid və Adil İrşadoğlu


50 ildən çoxdur ki, milli jurnalistikaya yorulmadan, təmənnasız xidmət edirəm. Jurnalistika mınim üçün sadəcə peşə olmayıb. Jurnalistika mənim üçün həyat mövqeyi olub. Bu illər ərzində qarşılaşdığım çətinliklər, 1-ci Qarabağ müharibəsi dövründə ekstremal şəraitdə üzləşdiyim təhlükələr, mənə qarşı olan haqsızlıklar və ədalətsizlik şəxsimi usandırmadı. Əksinə cəmiyyətimizin səsinə səs verməyə çalışdım. Sözün məsuliyyətini dərindən dərk etdim, fəaliyyətimi genişləndirdim. 

Bu gün mənim 200 minə yaxın oxucum var. İnternetdə 1 saytım, sosial şəbəkələrdə rəngarəng və çox maraqlı səhifələrim, 7 blokum, “YouTube”də 5 kanalım, “Facebook”da 10 səhifəm və 7 qrupum, "Web.tv"də 1 kanalım fəaliyyətdədir. Əlimdən alınan meydanı burada tapmışam. 

Çalışıram ki, internetin imkanlarından geniş istifadə edəm. Yeni media platformasında, sahibi olduğum sayt, kanal və bloqlarımda davamlı şəkildə Azərbaycan həqiqətlərini yayıram. Bütün bunların sayəsində virtual aləmdə 200 minə yaxın oxucu toplaya bilmişəm. Buna görə də “Google” şirkəti məni "1 nömrəli bloqçu" adlandırıb və bunu sübut edən kart göndərib.

Mən peşəkarlıq zirvəsinə vətənpərvərliyimlə, seçdiyim yola sədaqət, xarakterimdəki yorulmazlıq, məqsədyönlülük, topladığım böyük təcrübə sayəsində nail olmuşam. Hərəkətlərimdə ancaq humanizmə, ədalətə, obyektivliyə söykənmişəm. Hesab edirəm ki, Google da, Facebook da, Twitter də ciddi bir platformadır. Bu işə ciddi yanaşmaq lazımdır. İndi xəbərləşmək, xəbər paylaşmaq, məlumat almaq, ötürmək internetsiz çox çətindir. Bu, artıq cəmiyyəti məlumatlandırmanın yeni bir mərhələsidir. 

Azərbaycan mətbuatının digər layiqli nümayəndələri kimi mən də Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025) münasibətilə Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişəm. Bu medal təkcə mənim əməyimə verilən qiymət deyil, eyni zamanda düz sözə, həqiqətə və vicdanlı jurnalistikaya göstərilən hörmətin ifadəsidir. Azərbaycan mətbuatının şərəfli tarixinin bir parçası olmaq qürurvericidir. Bu etimad məni 72 yaşım olmasına baxmayaraq bundan sonra daha da məsuliyyətlə, prinsipial və obyektiv fəaliyyət göstərməyə ruhlandırır. Diqqətə və əməyimə verilən qiymətə görə Medianın İnkişafı Agentliyinə və eyni zamanda Mətbuat Şurasına təşəkkürümü bildirirəm. 


Hörmətlə, 

Adil İrşadoğlu (Əliyev) ©

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

23.12.2025. / 16-00.


9 Aralık 2025 Salı

HƏSRƏTİNDƏN YANDI KÖNLÜM...


 


Həsrətindən yandı könlüm.

Yoxluğundan öldü könlüm...


Heç bilirsiniz mənim aləmimdə Vətəni sevmək nə deməkdir?


*Vətəni sevmək Vətən fədaisi olmaq deməkdir. 

*Vətəni sevmək ona səcdəgah kimi baxmaq deməkdir. 

*Vətəni sevmək torpağa, öz xalqına qəlbən bağlı olmaq deməkdir. 

*Vətəni sevmək onun hər qarışını qorumaq deməkdir. 

*Vətəni sevmək onun yolunda canını qurban vermək deməkdir. 

*Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcudur. 

*Vətəni sevmək imandandır !


© Adil İrşadoğlu (Əliyev).

25.05.2021.


11 Temmuz 2025 Cuma

"O OXUYANDA YEKƏ KİŞİLƏR GÖZ YAŞI TÖKÜRDÜ"

 

XAN ŞUŞİNSKİNİN ƏN LAYİQLİ VARİSİ  


Xalq artisti Yaqub Məmmədov


5 iyul görkəmli xanəndə, Xalq artisti Yaqub Məmmədovun anım günüdür.

Mustafa Çəmənlinin ""Mənsuriyyə" harayı" yazısını təqdim edirik.


Qaranlığı yara-yara üzü Qarabağa doğru şütüyən maşının sürətinin fərqində deyildim. Unudulmaz, əvəz edilməz Yaqub Məmmədova qulaq asırdım.


Ey geyib gülgün dəmadəm

əzmi-cövlan eyləyəm,

Hər tərəf cövlan edib,

döndükcə yüz qan eyləyən.

Ey məni mərhum edib

bəzmi-vüsalından müdam,

Qeyri xani-iltifati üzrə mehman eyləyən.


Mən bəlkə də Yaqubun bu oxumağına min kərə qulaq asmışam, amma heç vaxt ondan doymamışam, heç bu gün də doymuram. Onun oxumağı hər dəfə mənə təzə-tər gəlir. Onun səsinin bütün çalarları qrammafon valına yazılan sayaq yaddaşıma yazılıb. Ürəyim istəyəndə daxilimdə səssizcə onun oxumağına qulaq asıram. Onun yaddaşımda tüğyan eləyən səsini, təbii ki, məndən savayı kimsə eşitmir.


Ey dəmadəm rəşk tiğilə

mənim qanım töküb,

Mey içib, əğyar ilə seyri-gülüstan

eyləyən.


Yaqub Məmmədov mənim, yaşıdlarımın ən sevimli xanəndəsi idi. Tay-tuşlarımla kəndimizdə sonralar “ağ qızıl”ın badına getmiş meşədə onun səsinin “cığırı”yla səs yarışına çıxardıq, heç olmasa bir an, bir avazda Yaqub olmaq istərdik. Yox, qətiyyən alınmırdı. Onun havalanmış, qanad açıb göyə millənmiş səsinin həndəvərinə çatmaq belə müşkül idi. Əlbəttə, Yaqubu yamsılamaq olar, amma Yaqub Məmmədov olmaq olmaz! Onun “Manəndi-müxalif”ini, “Mənsuriyyə”sini, “Simayi-şəms”ini təkrar etmək olarmı?! Yox, yox, qətiyyən alınmırdı. Yaqub olmaq, özünü yox, ancaq və ancaq səsini göstərmək müdrikliyi hər oxuyanda ola bilməz. Onun səsi də, ifası da, xasiyyəti də çox saf idi. Özünü öymək, onu-bunu bəzəmək, çayxanalar küncündə qəlyan çəkə-çəkə qeybət etmək ona xas olan iş deyildi. Mənim nəzərimdə Yaqub həmişə oxuyurdu. Bəzən səssiz, bəzən səsli. Yaqub Məmmədov kimi oxuyana sadəcə “oxuyurdu” demək yetərli deyil, onun səs imkanlarını, muğamın “düzündən”, “dərəsindən”, “dağından”, “qarından”, “boranından”, al-əlvan “çəmənliklərdən” asanlıqla keçib gedən SƏSİNİ görmək gərəkdir. Yaqub Məmmədov səhnədə, toylarda cürbəcür hərəkətlər edən, yad-yabançı səs oyunları çıxardan xanəndə deyildi. O, sözün böyük mənasında, əsl xanəndə idi.

Yaqubun səs tembri o qədər qəlbə, ruha yatan idi ki, onu lap yaxından da, uzaqdan da eyni hərarətlə qulaq asa bilirdin. Oxuduğu qəzəlin hər beyti onun səsi ilə yaddaşa köçürdü:


Bunca kim, əfğanımı, ey məh,

eşitdin gecələr,

Demədin bir gecə kimdir bunca

əfğan eyləyən?


O, tarzənin ardınca getmirdi, əksinə, onu səsinin izinə düşməsinə vadar edirdi. Çünki muğamın yollarını gözəl bilirdi. Buna görə də şöbədən-şöbəyə keçidlərdə tar-kamanın müqəddiməsini gözləməzdi, rəng sona çatarkən növbəti şöbənin ilk musiqi cümləsini tutub elə ustalıqla oxuyardı ki, adamın ruhu da inciməzdi.


Nola gər cəmiyyəti-xatirdən

olsam naümid,

Cəm olurmu xublar zülfün

pərişan eyləyən?


Yaqub Məmmədovun oxumağında sızıltı, “ağı” notları yoxdur. Onun ifasında hər muğamın öz ovqatı, öz obrazı var. Yaqubun “Mirzə Hüseyn segahı”ndakı keçidlərini, səs həmlələrini, zəngulələrini bu gün də nəfəs çəkmədən dinlədiyimə görə, özümü çox xoşbəxt hiss edirəm. Bugünün özündə belə Yaqubun “Mənsuriyyə”sini o zirvədə, o qrımda, o əzəmətdə kim oxumağa cəsarət edər? Onun “Mənsuriyyə”dəki segah nəfəslərini o sərbəstlikdə, o təbiilikdə, ustalıqda kim oxuya bilər? Yaqub Məmmədovun öz dilindən eşitmişdim ki, onun ifasında “Mənsuriyyə” radioda səslənəndən sonra “Mənsuriyyə”də “Segah” yoxdur - deyə söz-söhbətlər olub. Hətta bu mübahisəyə son qoymaq üçün Ağanın - Seyid Şuşinskinin yanına gediblər. Seyidin cavabı belə olub ki, “Mənsuriyyə”də segah yoxdur, amma Yaqub elə ustalıqla oxuyub ki, deyirsən var.

Yaqub Məmmədov çox saya, təbii bir insan idı. O, məclislərdə danışmağı, mən-mən deməyi sevməzdi. Ona növbə çatanda muğamını, təsnifini, oxuyub gedərdi. O, özündən əvvəlki sənətkarlara çox sayğı ilə yanaşardı. Həmişə Seyidin, Xanın adlarını hörmətlə çəkərdi. Xan Şuşinski də Yaqubun səsini, ifasını bəyənirdi. 1976-cı ildə onunla görüşüb söhbət edəndə Xan əmi özündən sonra muğam aləmində Yaqubu bişkin xanəndə kimi gördüyünü söyləmişdi. Sonra illər keçdi, 2001-ci ilin aprelində Yaqub Məmmədovla görüşüb onun Xan Suşinski ilə bağlı xatirələrini yazdım və onun necə böyük ürək sahibi olduğunun şahidi oldum. Aramızda o zaman belə bir dialoq olmuşdu:


- Yaqub müəllim, Xan əmini ilk dəfə harada görüb eşitmisiniz?


- Ağcabədidə. 1943-44-cü illərdə tez-tez rayona konsertə gələrdi. Onun konsertlərində çox olmuşam. Mən Xan əminin səsinin vurğunuydum. Bir dəfə də... Onda hələ Bakıya gəlməmişdim, amma Qarabağda, Ağdaşda, Şəkidə tanınmış xanəndəydim. Xan Şuşinskiylə Şövkət Ələkbərova Ağcabədiyə konsert verməyə gəlmişdilər.


- Bu, neçənci ilin söhbətidi?


- Hardasa 1946-47-ci il olardı. Mənə dedilər ki, səni axtarırlar. Dedim, kim axtarır? Dedilər bəs, mehmanxanada Xan Şuşinski səni gözləyir. Gəldim mehmanxanaya. Otağı soruşub keçdim içəri. Gördüm Şövkət Ələkbərova, Xan Şuşinski, bir də Xanın qardaşı Allahyar burdadı. Sən demə kimsə bunlara deyib ki, Ağcabədidə Yaqub adlı bir oğlan var, yaxşı oxuyur. Xan əmi də deyib ki, onu tapın gətirin səsinə qulaq asaq. Xan əmi məni görəndə dedi, ə, qarabağlı balası, gəl görüm, Allahyar, tarı köklə!

Allahyar tarı köklədi. Mən burda bir “Mirzə Hüseyn segahı” oxudum. Xan əmi mənə qulaq asa-asa dedi, boy, Şövkət, bu nağayrır?

Şövkət xanım dedi ki, Xan əmi, bu püxtələşmiş xanəndədi, bunu aparaq Bakıya. Dedim, Şövkət xanım, indi yox, bir ildən sonra gələrəm. Dedi, nə danışırsan sən. Sən gəl Bakıya, bizim opera teatrımız var, filarmoniyamız var.


- Xan əmi bəs demədi gəl Bakıya?


- Boy. Bəs nətəhər. Elə Xan əminin sözüylə gəldim də Bakıya. Şövkət xanıma da Allah rəhmət eləsin. O, mənim xətrimi çox istəyirdi. Onunla aylarla bir yerdə konsertlərdə olmuşam, mənim səsimi çox bəyənirdi.


- Bilirəm. Mən Şövkət xanımdan kitab yazmışam.


- Doğrudan?


- Doğrudan.


- Çox gözəl, hə, nəsə, mən o saat Bakıya gəlmədim. Aradan bir il keçdi. Ağdamda bir şənlikdəydim. Yenə Xan əmilə Şövkət xanım Ağdama konsert verməyə gəlmişdilər. Burda olduğumu eşidən kimi onlar məni yenə yanlarına çağırtdırdılar. Bu dəfə sözlərindən çıxmadım. Festival keçirilirdi. Bakıya gəlib iştirak elədim. Laureat oldum. Xan əmilə Şövkət xanım köməklik elədilər, qaldım Bakıda. Məni filarmoniyaya solist götürdülər. Mən uçiliş-zad qurtarmamışam. Mənim müəllimlərim olub.


- Kimlərdən öyrənmisiz?


- Elə Xan əmidən, Mütəllimdən, Seyiddən, Segah İslamdan, Bahadur Mehralı oğlundan. İslam əmi cavan vaxtlarımda məni görən kimi deyirdi, ə, bir “ım” elə görüm. Eləyirdim. Deyirdi bundan bir oxuyan olacaq. Seyid Şuşinskilə bir yerdə çox olmuşam. Ağdamda bir yerdə qalırdıq. Ağa (Seyid - M.Ç.) toya getmirdi.


- Deyirlər Seyidin muğamat aləmində bilmədiyi şey yoxumuş?


- Ağa o qoca vaxtında nə soruşsaydın cavab verirdi. Qəzəliyyatı, Füzulini bilirsən necə bilirdi... Seyidin özü çox girli oxuyan olub.


- Siz onu görəndə çox yaşlıydı...


- Nə olsun. O çox böyük xanəndəydi.


- Mətləbdən uzaq düşsək də, bilmək istəyirəm Siz niyə “Şüştər” oxumadınız? Nəsə bu muğamı heç kəs oxumur.


- Hə... Bax onu gərək yazdıraydım. Özü də bu gün “Şüştər”i oxuyan yoxdu. Kim oxuyursa, yalan oxuyur, bilmirlər. Mən ağdamlı Zeyniş vardı - birinci “Şüştər” oxuyandı. Mən ondan öyrənmişdim. Zeyniş çox qəşəng oxuyandı. Onun kimi “Şüştər” oxuyan yoxdu. Hər oxuyanın bir şakəri var də.


- Zeyniş filarmoniyada oxuyub?


- Bəli. Heyf ondan, içki onu məhv elədi. Onda maqnitofon yoxdu səsini yazaq. Amma onun “Şüştər”i mənim yaddaşımdadı.


- Bəs Xan əmi?


- Xan əmidən olub bəyəm. Günlərin bir günü Xan əmilə bizim konsertimiz vardı. Birinci şöbədə Sara, Şövkət oxudu. İkinci şöbədə Xan əmilə mən qaldım. Əvvəl mən çıxdım səhnəyə, “Mirzə Hüseyn segahı” oxudum. Vallah mənim də səsimin elə vaxtıdı, hara çəkirəm ora gedir. Burda bir “Müxalif” oxudum... O qədər də adam gəlib, çoxu ayaq üstədi. Çoxu elə marağa gəlib ki, görsün Xanla Yaqub neyləyəcək. Hə, muğamı bitirdim, dalınca “Qarabağ şikəstəsi” oxudum, keçdim səhnənin arxasına. Gördüm Xan əmi qəlyan çəkə-çəkə o yana, bu yana gedir. Axı indi məndən sonra oxuyacaq. Mən onda heç başa düşmürdüm ki, Xanın qabağında nəsə oxumuşam. Allahyar dedi, Xan!


Xan əmi dedi, nə var, Allahyar?

Soruşdu, nə oxuyassan? Dedi, “Şur”

Dedi, Vay! Vay!

Dedi nədi, Allahyar? Dedi, Yaqub çıxdı oranı “dağıtdı”. Sən də çıxıb “Şur” oxuyassan?!

Dedi, bəs nə oxuyum? Dedi, “Şahnaz”

Xan əmi aparıcını çağırdı. Dedi, qızım, “Şahnaz” oxuyacam, elan elə!

Aparıcı elan elədi: “Kürdü-Şahnaz”. Oxuyur respublikanın xalq artisti Xan Şuşinski!


Xan əmi çalğıçılara dedi, qardaş, siz gedin oturun rənginizi çalın. Elə Allahyargil təzəcə başlamışdılar çalmağa Xan əmi oxuya-oxuya çıxdı səhnəyə. Həzrət Abbas haqqı, bu nə təhər “Şahnaz” başladısa, camaat urra çəkdi. O, “Şahnaz”da hər “ayaq” elədikcə tamaşaçılar urra çəkib ayağa qalxırdı. Deyirdim, xudavənda, sən buna qıyma, bizim ömrümüzdən kəs ona ver! Belə də oxumaq olar!

Xan əminin qardaşı Allahyarnan da yoldaşlıq eləmişəm. Bir dəfə Bərdədəydim, eşitdim ki, Xan əmigil də konsert verməyə gəlib. Gəldim Allahyarın yanına, görüşüb söhbət elədik. Allahyar dedi, Yaqub, axşam konsertə gələrsən.

Axşam getdim konsertə. Birinci sırada oturmuşdum. Sara Qədimova da gəlmişdi. O axşam camaat xahiş elədi ki, Yaqub da oxusun, amma mən oxumadım.


- Nə üçün?


- Xanın qabağında mən nə oxuyacaqdım...


- Doğrusu, Yaqub müəllim, bu cür səmimi etirafınızla məni çaşdırırsınız.


- Sənətdə yerini bilməyənlər ancaq öyünər. Özü də qabaqlar oxuyanlarda abır-həya vardı. İndikilər iki-üç mahnı öyrənib düşüb toyların canına. Ona-buna da lağ eləyirlər. Mənə on nəfər qanan adam lazımdı, oxumağımı başa düşsün. Onsuz da dünyada dəli çoxdu, ağıllı azdı.


- Xan əmilə dostluğunuz tuturdumu?


- Əlbəttə. O çox gözəl insandı. Həftədə bir dəfə onların evində olurdum. Onun xanımına Allah rəhmət eləsin, yaxşı plov bişirirdi. Xan əmi dovğanı xoşlayırdı, nə vaxt getsən plovu, dovğası hazır idi. Deyirdim, Xan əmi, nə vaxt gəlirik süfrə açırsınız, biz bura yeməyə gəlmirik ha... Gəlirik söhbət eləyək, nərd oynayaq, çay içək. Deyirdi, ay canım, çörək yeyin.

Allah ona rəhmət eləsin, o elə evində də Xan idi. Özü də elə peyğəmbər kimi kişiydi. Denən bir adam haqqında pis danışardı... Onun o xasiyyəti mənə də keçib. Heç kəsi pisləmirəm.


- Amma bildiyimə görə pisləməyi olmayıbsa da, hər oxuyanı tərifləməyib də.


-Soruşurdum ki, Xan əmi, sən Allah, bu cavanlardan kim yaxşı oxuyur? Əlini sinəsinə qoyub deyirdi, mən.


- Birgə qastrola getmisiniz?


- Yox. Amma filarmoniyada bir yerdə çox konsert vermişik. Məclislərdə də çox olmuşuq.


- Yaqub müəllim, siz mənim ən çox sevdiyim xanəndələrdən biri olmusunuz. Sizin konsertlərinizdə də çox olmuşam. Sizin “Bayatı-Şiraz”ınızdan, “Mirzə Hüseyn segahı”nızdan, “Mənsuriyyə”nizdən sonra düşünürdüm ki, başqaları Yaqub Məmmədov kimi oxuya bilməz. Amma mən bu gün sizin kimi ustad bir xanəndənin dilindən eşidəndə ki, Xandan sonra oxumaq çətin idi, böyüklüyünüzə görə qəlbim işıqla dolur.


- Bir daha təkrar eləyirəm ki, Xan əmidən sonra səhnəyə çıxıb uğur qazanmaq çətin məsələydi. Bu gün mənə nə bəzək lazımdı, nə də ad. Adımı almışam, xalq da məni sevir. Yetmiş yaşım var, yenə də oxuyuram. Amma eləsi var səhnəyə dünən çıxıb, deyir məndən yoxdur. Bir-iki mahnı bilir, səsi də yoxdur, heç kəsi bəyənmir, oxuyanların da arxasınca danışır. Üz-üzə gələndə də deyir zaman ayrı zamandı. Ə, nə zamandı? Zaman elə həmən zamandı! Dünya həmən dünyadı! Dünya dəyişmir, insanlar dəyişir. Beş adamın sənin oxumağından xoşu gəlir deyin deməli səndən yoxdu? Bu cavan oxuyanların əksəriyyətini mən heç oxuyan hesab eləmirəm. Əlacım yoxdu, soruşanda, deyirəm hamısı yaxşıdı... Gedirəm də toylara, iyirmi adam düşüb ortaya oynayır. Musiqi alətlərinin səsindən adamın başı ağrıyır. Oxuyan heç özü də bilmir nə oxuyur.


- Xan əmilə sizin birgə konsertinizi çox salardılar?


- Hə, çox. Filarmoniyada hər həftə konsertimiz olardı.


- Mənim üçün indi çox maraqlıdı, o zaman Siz cavan, Xan əmi... (sözümü bitirməyə imkan vermədi.)


- Mən filarmoniyaya gələndə Xan əmi cavandı. Bir də Allah-taala Xan əmiyə elə bir gözəllik vermişdi ki, cavanlığıyla qocalığı bilinmirdi. Qocalanda da onda cavanlıq təravəti vardı.


- Belə gözəl kişi olmağına baxmayaraq çox ağır təbiətli olub.


- Bəli, çox qeyrətli kişi olub. And olsun Allaha, toyda o, oxuyanda özündən gedən qadınlar olurdu. Xan əminin qardaşı Allahyarla da mən çox yoldaşlıq eləmişəm, onunla çox məclislər yola vermişəm.


- Sizin “Qarabağ şikəstəniz” bizə ləzzət eləyir. Xan əminin şikəstəsindən necə, bu gün var?


- Yox, yoxdu! Mənim şikəstəm, Xan əminin şikəstəsinin yanında heç nədi. Onunku olmasa, mənimki gedər.


- Bunu belə yazmaq olar?


- Hə, niyə olmur.


- Sizin oxumağınızda Xan əminin muğam nəfəslərindən varmı?


- O qədər! Elə çoxunu Xanın yoluyla oxuyuram.


Doğrudan da, başqasını ucaldanların özləri də sadəlikləri, təbilikləri ilə başqalarının gözündə ucalırlar. Yaqub heç vaxt danışmırdı ki, mən dəfələrlə Abşeron kəndlərində bir muğam oxumaqla toya yekun vurmuşam. Amma Yaqubun həyatından belə faktlar çox gətirmək olar. Xalq artisti Fəxrəddin Dadaşov mənə Yaqubun sənətinin ucalığını təsdiq edən bir hadisə söyləmişdi. Deyirdi ki, Kürdəxanıda toydaydıq. Tarzən Vamiq Məmmədəliyev idi, bir də mən. Yolda maşınımız batmışdı, toya bir az gec gəldik. Əsəd kişi vardı. Yaqubnan dost idi, özü də toy yiyəsi idi. Dedi ki, Yaqub, gecikmisən, gir toyxanaya. Yaqub dedi, Əsəd, bir az dincələk, çörək yeyək, sonra. Əsəd dedi ki, cərimədəsən, sənə nə çörək verəcəm, nə çay, gir toyxanaya. Usiliteli-zadı düzəltdilər. Toyu, adətən, “Mahur-Hindi”ylə başlayırdıq. Yaqub dedi, bir “Hümayun” başlayın. Əsəd ona dedi ki, Yaqub, cavanlığında necə oxumusansa, indi elə də oxu. Oxumayacaqsansa, durun gedin. Yaqub dedi, Əsəd, indi görərsən oxumaq nədi. Bu başladı oxumağa. Bu “Hümayun”a zildən bir bərdaş tutdu, zildə dayanıb oxudu, oxudu.... Pulu tökürlər stolun üstünə. Mən oxuyana qulaq asanda, ömrümdə bircə dəfə ağlamışam. Yaqub madluyasiya elədi, “Segah”a düşdü. İndi bu bir “Segah” oxuyurdu. Özümdən asılı olmayaraq gördüm gözümdən yaş gəlir. Kamanı artıq işlədə bilmirdim. Tutulub qalmışdım. Birdən baxdım gördüm - Allahımıza and olsun - bütün toyxanadakılar ağlayır. Yekə kişilər göz yaşı tökürdü. Nəsə, Yaqub “ayaq” verib qurtardı. On-on beş saniyə toyxanada bir sükut yarandı. Sonra bir alqış qopdu... Birdən Əsəd mikrofonun şunurlarını qırıb tökdü yerə. Camaat:

- Ə, neyniyirsən?! - deyəndə, dedi ki, toy qurtardı! Bu səs bizim beynimizdə qalmalıdır.

Camaat çox xahiş eləyəndən sonra dedi, onda Yaqub, durun gedin evə, dincəlin, bir də bəy tərifində gələrsiniz.

Yaqub ad dalınca qaçan, özünü gözə soxan, şöhrətpərəst sənətkar deyildi. Bəlkə elə ona görə də ona xalq artisti fəxri adını çox gec vermişdilər.

O dəvət olunmayan yerlərə getməzdi. Çağıranda isə hökmən gəlib iştirak edərdi. Yadımdadı, onu 1994-cü ilin dekabr ayında filarmoniyaya - Əbülfət Əliyevin xatirə gecəsinə dəvət etmişdim. Gəlib gecədə iştirak etdi. Mən bir aparıcı kimi onun sifətindəki ifadələrdən ürəyində oxuduğunu hiss etdim. Doğrudan da, bir an mənə baxıb, işarə ilə ona söz verməyimi işarə etdi. Razılıq əlaməti olaraq gülümsədim və növbəti dəfə onu mikrofon önünə dəvət etdim. Yaqub Məmmədov o gecə “Zabul” təsnifi oxudu. O oxuyarkən lap ön sırada əyləşmiş rəssam xanımın çox sürətlə onun portretini çəkdiyini gördüm. Yaqub müəllim ifasını tamamlayanda rəssam yenicə bitirdiyi portreti qalxıb ona təqdim etdi. Tamaşaçılar bu səhnəni coşğunluqla alqışladılar.2001-ci ilin axırlarında Respublika sarayında Xan Şuşinskinin 100 illik yubiley gecəsi keçirilirdi. “Muğam dünyasının Xanı” kitabının müəllifi kimi Yaqub Məmmədovu o gecənin proqramına mənim israrlı təkidlərimdən sonra salmışdılar. Əlbəttə, bütün bunlardan Yaqub Məmmədovun xəbəri yoxdu. Amma mənə elə gəlirdi ki, o gecə Yaqub oxumasaydı, bundan ən çox Xan Şuşinskinin ruhu inciyərdi. Çünki o yubiley gecəsində oxumaq haqqı ilk növbədə Yaqub Məmmədovun idi. Axı o, bir xanəndə kimi Xan Şuşinskinin ən layiqli varisi idi.

Bu gün muğam mülkü, təəssüf ki, Yaqubsuz qalıb. Ancaq o, cismən bizi tərk etsə də, oxuduğu muğamlarla, məlahətli səsi ilə həmişə qədirbilən Azərbaycan xalqının qəlbindədir. Xalqın sevgisi isə əbədi və tükənməzdir.




5 fevral 2013

Kulis.az

5 iyul Xalq artisti Yaqub Məmmədovun anım günüdür.

Yazı 5 iyul 2025-ci ildə yenidəjn çap edilib. 



14 Mayıs 2025 Çarşamba

9 MAY FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜDÜR !

 

Allah Ağdam şəhərində qonşumuz olmuş, 

adlı-sanlı həkim, unudulmaz Əhməd Xudatzadə həkimə 

qəni-qəni rəhmət eyləsin. 

Qəbri nurla dolsun. Ruhu şad olsun. Allah övladlarını qorusun. Amin.