Translate

8 Temmuz 2026 Çarşamba

© BAŞA GƏLDİ OLMAZ İŞLƏR... / FILM 2021


 


1)

Adil İRŞADOĞLU mənim üçün sıradan adi bir dost, peşəkar bir jurnalist deyil və mən onu yalnız bir dost olduğu üçün sevmirəm, ən əsası Adil öz mövqeyi, öz fikri, düşüncəsi, öz yolu olan, vətənini, torpağını bütün varlığı ilə sevən bir vətəndaşdır. Gözəl isan və böyük şəxsiyyətdir. Olduqca cəsarətli, qorxmaz, mübariz, qorxunun gözünə dik baxmağı bacaran, fədakar bir isandır. 

Mən heç vaxt dostlar haqqında layiq olduğu tərifli sözləri deməkdən çəkinməmişəm, qısqanmamışam. Əksinə, həqiqəti deməkdən zövq almışam. Bu mənada Adil İRŞADOĞLU həsəd aparılası bir insandır. O, çox sadə, mehriban, təvazökar, insanlara yaxşılıq etməkdən zövq alan və bunu özünün borcu hesab edən bir kişidir. O vaxt Televiziya və Radio Verilişləri Komitəsində 3 minə yaxın adam işləyirdi. Mən burda heç kimin fəaliyyətinə kölgə salmaq istəmirəm, amma orada Adil bəy kimi barmaqla sayılacaq işçilərin sayı 5-6 nəfər olardı. 

Mənfur ermənilər torpaqlarımıza göz dikən gündən Adilin rahatlığı pozuldu. Rahat, isti kabinetdə oturub işləmək istəmirdi. Bunu şəninə, qeyrətinə sığışdırmırdı. Cəbhəyə getmək, qaynar bölgələrdə, döyüşçülər arasında olmaq, canlı verilişlər, reportajlar hazırlamaq istəyirdi. Buna görə də könüllü olaraq öz ərizəsi ilə uzun müddətə mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa ezam olundu. Dəfələrlə ölümlə üz-üzə, göz-gözə gəldi, amma qorxmadı, çəkinmədi, bu cür dəhşətli səhnələr onun mübarizə əzmini qıra bilmədi. İki dəfə mühasirəyə düşdü, qəhrəman döyüşçülərimizin ciddi səyi nəticəsində azad olundu, amma yenə də öz inadından dönmədi. Nə qədər ağrı-acılar yaşasa, nə qədər çətinliklərlə üzləşsə də Azərbaycan televiziya tamaşaçılarını qaynar döyüş bölgələrindən yeni-yeni xəbərlər, verilişlər və reportajlarla tanış edirdi. Düzünü deyim ki, indi Adil İRŞADOĞLU kimi qorxmaz, fədakar, peşəkar jurnalistlər çox azdır. Amma jurnalistlər üçün tikilmiş evləri paylayarkən Adil İRŞADOĞLU "yada düşmədi". Sonda onun haqqını yeyənlər öz layiqli cəzalarıını aldılar. İndi torpaqlarımızın işğaldan azad olunmasından bir il keçir. Bu münasibətlə sevinməyə daha çox haqqı olan Adil bəyi ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Nizami Təhməzov.

Bakı, 01.11.2022. / 10-30.

-----------------------

2)

Həzin türkü sədaları altında bir - birini əvəz edən şəkillər və video görüntüləri...

Bir insanın həyat yolu. Tanımayanlar üçün maraq kəsb edən səssizlik... Tanıyanlar üçün ikiqat maraqlı və hər kəsin içindən keçən bir həsrət...

Bu, tanınmış jurnalist, Qazi Adil İrşadoğlunun həyat yoludur.

Xoşbəxtlik zirvəsindən həsrət dolu bir müharibə səngərinə, ordan da illər sonra Qələbə Zirvəsinə ucalan həyat yolu.

Şəkillər sussa da Adil İrşadoğunun gözlərindəki gah sevinc, gah ağrı, gah hüzur göründükcə anlayırsan ötüb keçən görüntüləri. 

Ailə, övlad, nəvə nəvazişıylə bərabər Vətənə həsr edilmiş 68 il!

Zəfəri gözləyən həsrət dolu gözlər və Qələbə sevincilə davam edən, gələcəkdə yeni video görüntülərə qədəm qoyan qalib ölkənin qalib jurnalistinin Zəfərli günləri...

Hörmətlə,

Təranə Məmməd.

Bakı, 01.11.2022. / 11-00.

-----------------------

3)

Çox hörmətli dostum Adil müəllim, videonu diqqətlə izlədim. Keçmiş kino lenti kimi gözlərim önündən keçdi. Allah ölənlərimizə rəhmət eləsin, qalanlara möhkəm cansağlığı versin.

Sən isə keçənləri yaşadırsan, dostları axtarırsan, diqqətdə saxlayırsan unudulmağa qoymursan. Buna görə çox sağ ol.

Müharibə hamımızın yaralı yeridir. Xüsusilə bizim kimi həmin müharibəni yaşayanların. Bu müharibə biz nəslin gəncliyini əlindən aldı. Gəncliyimizi istədiyimiz kimi yaşaya bilmədik. Yenə də şükürlər olsun. Gec də olsa xalqımız birlik göstərib qələbəyə nail oldu.

Allahdan arzu edirəm ki, bizə ömür və qüvvət versin qalan həyatımızı mənalı yaşayaq, arzularımızın qismən də olsa həyata keçməsinə nail olaq. Amin.

Hörmətlə,

Zahid Tağıyev.

Bakı, 01.11.2022. / 12-00.

-----------------------

VƏ sairə...


Hiç yorum yok: