Translate

4 Ocak 2022 Salı

ŞAHMAR HEYY !

 Shahmar

Ş.Əkbərzadə Mustafa Çəmənlinin 

yubiley gecəsində çıxış edərkən. 16.09.1997.


    Gecə saat 1-də, dünyanın səssizliyə bələndiyi bir vaxtda telefon səsləndi. Hövlnak yuxudan ayıldım. Əlimi həyəcandan çırpınan ürəyimin üstünə qoydum: xeyir ola! Dəstəyi qaldırdım. 


    – Mustafa, Şahmar ölüb! Şahmar Əkbərzadə! Bilirsən? 

İçimdə nəsə qırılıb, çilik-çilik oldu. Zəng kəndimizdən vurulurdu. Səs Çəmənlidən gəlirdi. Şahmarın həmişə adıyla öyündüyü ana beşiyimiz Çəmənlidən.

    Bu an sənin öz səsin gəldi qulağıma, Şahmar müəllim. «Çəmənli» şerini oxuyurdun:


Bu gecə qürbətdə girdin yuxuma,

Elə bil əmdiyim südə bələndim,

Neçə zirvələrdən boylandım, amma

Vüqarım sən oldun, sənə güvəndim.


Laylamın binəsi səndən başlanır,

Çəmənlim, a mənim könül çəmənim!

Hər səni ananda gözüm yaşarır,

Gözü yolda qalan anamsan mənim.


    Qardaş, yaddaşımda uyuyan, sənin avazına bələnmiş şerinə dinşək kəsildim. İçimdə bir fəryad qopdu: Şahmar heyyy!

    Gecənin bir aləmində mənə elə gəldi ki, sənin ruhun Çəmənlinin səmasında dolaşır, ustad. Axı özün deyirdin ki:


Yüz il qucağından uzaqda gəzsəm,

Xəyalım yenə də səmanda süzər,

Sənə ürəyimin paytaxtı desəm,

Nə Təbriz inciyər, nə Bakım küsər.


    Yox, küsməz, Şahmar müəllim! Axı sən o taylı – bu taylı vətənimizi canından artıq sevirdin.

    Qarabağın sahibsiz qalmış yurd yerlərindən, Ağdamın minarəsindən, Şuşanın Cıdır düzündən, Kəlbəcərdən, Dəlidağdan, Mərənddən, Təbrizdən bir haray qopdu:

    …Şahmar heyy!

    Şahmar, sən mənə dərs deməmişdin, amma həmişə səni özümə müəllim bilirdim. Vətənsevən, insansevən, yurd qədri bilən, el təəssübü çəkən, məclislər yaraşığı, dostlarını baldan şirin sözlərinlə şərəfləndirən Şahmar! Ey ürəyi özündən böyük müəllimim! Çılğın ürəyi, həssasdan-həssas qəlbi köksünə sığmayan böyük qardaşım.


Sahmar_M

Şahmar müəllimlə ömrümün bir anı… (1997)


    Şahmar müəllim, sən özündən, öz yaradıcılığından çox başqalarından danışardın. Sevdiyin şair, yazıçı, alim dostlarını təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında təbliğ edərdin. Sən özünsə, dünyanın o qayğısız çağlarında belə ildə bir kitab çap etdirməyə can atan, qonorar eşqinə qələm çalan qələm sahibi deyildin, Şahmar müəllim! Sən az yazan, amma gözəl yazan, misraları yaddaşlara həkk olunan böyük ruh şairi idin. Sən dünyanın içini-çölünü bilən, ensiklopedik bilik sahibi idin. Hər kəlməni obrazlı deməyi sevirdin. Hər cümlən, hər fikrin son sözün kimi səslənirdi. Böyük bir el ruhunun daşıyıcısı idin. Sən ilahiyyatı, muğamatı necə gözəl bilirdin. Yaxşını tez görüb, tez qiymətləndirən, pisliyə, rəzilliyə qənim kəsilən ər kişi idin, qardaş! 


    Sonuncu kitabının adını «Haqqa pəncərə» qoymuşdun. Çünki sən haqqı tanıyan, üzünü haqqa tutan, haqqa qapı açan mərd bir kişi idin! Sən alovlu bir natiq idin. Sən danışanda gözlərimiz önündə odsuz-ocaqsız yanardın. Buna ürəkmi dözərdi, qardaş! Dözmədi də. Dağ boyda Qarabağ dərdi də üstəlik… Sən elə eygili gündə belə deyərdin:

…Üstə dizin-dizin iməklədiyim,

Torpağın könlünü nə təhər alım.

Anamdır, bəs ona nə təhər deyim,

Yanına gəlməyə yoxdur macalım.

    

    Amansız tale sənə Qarabağın azad olacağı günü görməyi qismət eləmədi, ustad! O günü sən görsəydin… Yox, sən Qarabağı dizin-dizin gəzərdin, ürəyini köksündən çıxardıb deyərdin:

Bir quşam mənimki gətirib belə,

Çıxmaz ürəyimdən Əppəkli dərə.

Həsrətim çatarmı görən poçt ilə

Qızıl kövşənlərdə bildirçinlərə.


    Heyhat!... Ey böyük ruh şairim! Qızıl kövşənlərdə, viran qalmış Ağdam şəhərində bildirçinlər, səni sevən dostların, oxucuların bu gün – Şahmar heyyy deyir!

Allah sənə rəhmət eləsin!


Mustafa Çəmənli,

Nasir, publisist.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979),

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988),

Əməkdar mədəniyyət işçisi (2018).

30 avqust 2000-ci il.


Hiç yorum yok: