Translate

24 Şubat 2024 Cumartesi

MƏNDƏ YAXŞI NƏ VARSA ATAMDAN ÖYRƏNMİŞƏM


25 fevralda unudulmaz atam rəhmətlik 
İrşad Məhəmməd oğlu Əliyevin 
100 yaşı (1924-2024) tamam olur. 

İrşad Əliyev mənim üçün əzəmətli sal qayadır. 
İnanıram ki, ATAM gələcək nəslimiz üçün də sal qaya olaraq daim yaşayacaq.


Atam İrşad Məhəmməd oğlu Əliyev 

(Doğum tarixi: 25.02.1924. / Ölüm tarixi: 13.03.1993).


Onun soy-kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindəndir. Qarabağ xanı Pənahəli xanın əqrabasıdır. Əslimiz, kökümüz Cavanşirlər nəslindəndir. Cavanşir eli qızılbaş tayfalarına mənsub olmayan müxtəlif tayfa əmirləri sırasına daxil edilmişdi. Mirzə Camal yazır ki, Pənahəli xanın əsil-nəsəbi Dizaqın Cavanşir elindəndir. Bu el çox qədim zamanlarda Türküstandan gəlmiş Bəhmanlı elinin bir qolu olan Sarıcalı oymağındandır. Mirzə Adıgözəl bəyin adlarını çəkdiyi Cavanşir, Kəbirli, Otuziki, Kolanı, Bəhmənli və başqa Azərbaycan türk tayfaları Qarabağ vilayətinin köklü elatları idilər. Otuziki tayfası Səfəvi dövründə müəyyən vergi immunitetinə malik ərazi vahidi təşkil edirdi, Cavanşir tayfasının başçısı isə bu tayfa birləşməsinin irsi hakimi idi. Cavanşirlərin yaşadığı oymaqlardan biri də Dizaq mahalında yerləşən Sarıcalı oymağı idi. Rəvayətə görə bu oymağın adı onun əsasını qoyan Əli adlı şəxsin kürən olması ilə əlaqədar Sarıca Əli kimi çağırılması ilə bağlı olmuşdur. 

Atam İrşad Məhəmməd oğlu Əliyev Azərbaycanın görkəmli yazıçısı, dramaturqu və maarif xadimi Süleyman Sani Axundovun mənsub olduğu nəslin ləyaqətli nümayəndəsidir. Ulu babam Allahverdioğlu Mehdi bəyin həyat yoldaşı Əziz nənəm Süleyman Sani Axundovun əmisi Abbas bəyin oğlu 2-ci Abbasın qızıdır. 

Bizim Sarıhacılı kəndimiz Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir, Qarabağ düzündə yerləşir.

1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin 27 (iyirmi yeddi) oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.

 Ağdam rayonundakı Sarıhacılı kəndi həmin oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.

Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin - Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, bir daha qürurla vurğulayıram ki, Cavanşirlər nəslindənik. 

Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir. 

Atam ailənin böyük övladı olub. Onun 10 yaşı olanda atası Kərbəlayi Mikayıl oğlu Məhəmməd bəy dünyasını dəyişib. 3 qardaşını (Şəfa, Qadir-İslam, Nadir) və 1 bacısını (Ayna 5 yaşında xəstələnib rəhmətə gedib) böyüdüb boya-başa çatdırmaq üçün namuslu, zəhmətkeş, əsilzadə anası Hurizat nənəmə yaxından kömək edib. Onların təhsilli və ev-eşik sahibi olmalarında əlindən gələni əsirgəməyib. 

Rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev uzun müddət Ağdam rayonunda müxtəlif dövlət orqanlarında - Rayon Partiya Komitəsində, MTS-də, Rayon Tikinti İdarəsində, Rayon Polis İdarəsində və nəhayət Rayon Polisə Nəzarət İdarəsində məsul vəzifələrdə çalışıb, dövlət məmuru olub.

Gözəl musiqi nümunələrini dinləməyi, şeiri, ədəbiyyatı çox sevərdi. Qonaqpərvər insan idi. Evimiz həmişə qonaqlı - qaralı olub. Tədqiqatçı - alim, professor Şirməmməd Hüseynov, şair - publisist, professor Famil Mehdi, yazıçı - publisist, professor Qulu Xəlilov, yazıçı Nurəddin Babayev, tanınmış jurnalist və baş redaktor Nəriman Zeynalov, tədqiqatçı - alim, uzun müddət Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı olmuş professor Akif Rüstəm oğlu Rüstəmov, Azərbaycan muğam ifaçılığı tarixində özünəməxsus yeri, dəst-xətti olan müdrik insan professor Arif Babayev və başqaları ailəmizin ən əziz qonaqları idilər. 


ATAMDAN ÖYRƏNMİŞƏM


Sözü üzə deməyi,

Arxasıza köməyi,

Halal çörək yeməyi,

Atamdan öyrənmişəm.


Yaxşılıq aşımağı,

Təmiz ad daşımağı,

Kişi tək yaşamağı,

Atamdan öyrənmişəm.


El-obaya hörməti,

Ülvi-saf məhəbbəti,

Dostlara sədaqəti,

Atamdan öyrənmişəm.


Dağların başı qarsa,

Ürəyimdə baharsa,

Məndə yaxşı nə varsa,

Atamdan öyrənmişəm.


Şeirin müəllifi: Şərafəddin İlkin


Hiç yorum yok: