Translate

7 Temmuz 2023 Cuma

“ŞAHIN OĞLUNUN BAŞINI KƏSİB SÜFRƏYƏ QOYDULAR”



İngilislər Moğol imperiyasında 

2 milyon müsəlmanı qətlə yetirdi.

Böyük Moğol İmperiyasının sonuncu hökmdarı II Bahadır Şah həm də şair və xəttat olaraq tanınırdı. Bir çoxları onu siyasi liderdən daha çox sənətçi kimi qəbul edirdi.



Bilməyənlər üçün deyim ki, Böyük Moğol İmperiyasını Teymurilər dövlətinin banisi Əmir Teymurun (1370-1405) torunları yaradıb. Böyük Moğol imperiyası hazırda mövcud olan Hindistanın ərazisini ehtiva edirdi. 1526-1857-ci illər arasında mövcud olmuş bu imperiyanın əsasını isə Qazi Zahirəddin Məhəmməd Babur (1494-1500) qoyub. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur...

II Bahadır Şah isə urdu dilində yazıb. Urdu anlamı türk dillərində olan ordu sözündən gəlir. Moğollar (moğol sözü də monqol sözünün hind dilindəki tələffüzündən yaranıb) müxtəlif xalqların qarışığından yaratdıqları orduda süni yaradılmış urdu dilindən istifadə edirdilər. Urdu dili bəzən Laşkari dili olaraq da adlandırılır. Ləşkər sözü də fars dilindən gəlir və ordu anlamını verir. Urdu dili hazırda Pakistan və Hindistanda rəsmi dövlət dillərindən biridir. Bu dil türk, monqol, fars, sanskrit, ərəb, hind dillərindən çox söz alıb. Urdu əlifbası ərəb əlifbasına əsaslanır. Hazırda bu dil 70 milyon adamın ana dilidir. Ancaq bu dil geniş yayılıb və 230 milyondan çox insan bu dildə danışa bilər.

II Bahadır Şah Zəfər zəfərin yox, məğlubiyyətin rəmzidir.



İngilislər Hindistana hücum edəndə o, qocalıb əldən düşmüşdü, ömrünün qürub çağını yaşayırdı. İngilis tarixçiləri yazır ki, Moğolların sonuncu imperatorunu bir gecədə taxtdan saldılar. 1857-ci ildə Dehlidə şahın qeyd-şərtsiz təslim olması üçün onun kiçik oğlunun başını kəsib səhər yeməyi verilən boşqabın içində qarşısına qoydular. Şahın digər oğullarını da güllələdilər.

O günlərdə II Bahadır Şah Zəfərin tərəfdarları ingilislərə qarşı vuruşurdu. Həmin döyüşlərdə 2 milyondan çox müsəlman qətlə yetirildi. Böyük Moğol İmperiyasını ingilislər qan içində basdırdılar...

Tarixçilər onu da yazır ki, ingilislər Hindistanı özlərinə tabe etmək məqsədi ilə qədim Romadan qalmış “Parçala, hökm sür” siyasətini işə saldılar. Hinduizmə tapınan insanlarla müsəlmanlar arasında düşmənçilik toxumu səpildi. Bu bəla bu gün də davam edir, hər il Hindistan, Pakistan və Banqladeşdə dini zəmində minlərlə insan qətlə yetirilir. Halbuki Moğollar dönəmində Hindistan fərqli dinlərin harmoniyasına köklənmişdi.

İngilislərin sürgünə göndərdiyi 87 yaşlı şah 1862-ci ilin noyabrında Rangune şəhərində vəfat etdi. Britaniya imperiyası onun qəbrinin yerini uzun müddət gizli saxladı. Yalnız 1991-ci ildə II Bahadır Şah Zəfərin qəbri təsadüf nəticəsində aşkara çıxdı.

O da maraqlıdır ki, 1975-ci ildə Hindistanda II Bahadır Şahın dünyaya gəlişinin 200 illiyi ilə bağlı poçt markası buraxılıb. Markanın üzərində isə şahın urdu dilində yazdığı şeir yer alıb...

Onu da deyim ki, Bahadır Şahın 4 xanımı olub. Türk törəninə uyğun olaraq onların dördünün də adı “bəyim” müraciəti ilədir. Sonuncu xanımının adı isə Tac Mahal bəyimdir.

22 oğlu, 32 qızı olmuş şah sufi düşüncəsinə sahib idi. O, sufilikdə ən yüksək məqam olan pir kimi tanınırdı. Çoxsaylı müridləri vardı. Daha çox kasıb alim və dərviş kimi görünürdü. Dini baxımdan xüsusi statusda olması ona imperator kimi müqəddəslik məqamı qazandırmışdı.

Şah Zəfər bir misrasında həm hinduizm, həm də islam eyni mahiyyəti bölüşür, deyir. Bu yanaşma çox mədəniyyətli Hindu-İslam Moğol mədəniyyətini özündə cəmləşdirirdi. Şah öz sarayında Rakhi, Holi, Divali kimi bir çox hindu bayramlarını qeyd edərdi. Şah Zəfər şiə müsəlmanlara qarşı da dözümlü idi və onun sarayında şiələrə də ehtiram göstərilirdi.

İngilislər Şahı onlara qarşı qiyam təşkil etməkdə suçlayırdılar. Bununla bağlı 21 gün davam edən məhkəmə quruldu.



19 dinləmə keçirildi, 21 şahid ifadə verdi. Məhkəmənin gedişi fars və urdu dillərində qeydə alındı, ingilis dilinə tərcümələri ilə birlikdə yüzdən çox sənəd məhkəməyə təqdim olundu. Şah Dehlidəki Qırmızı Qala adlanan yerdə mühakimə olundu. Onun haqqında ölüm hökmü çıxarıldı, ancaq hökm icra olunmadı. Şahı Ranquna sürgünə göndərdilər. Xanımları və sağ qalan iki oğlu onunla birlikdə sürgünə yollandı...

İngilislər Moğol imperiyasının idarə etdiyi Hindistanı 2 milyondan çox insanı qətl edərək ələ keçirdilər. Və möhtəşəm bir ölkə ingilislər tərəfindən vəhşicəsinə qarət olundu...

Bu gün də Böyük Britaniya qeyri-rəsmi şəkildə Hindistan, Pakistan və Banqladeşi öz təsir dairəsində saxlayır. Balaca Britaniya yeritdiyi siyasətin hesabına bu nəhəng ölkələrin hələ də öz cazibəsindən qopmasına imkan vermir...


Elbəyi HƏSƏNLİ, SÜRİX.

Hiç yorum yok: