“Biz haray qoparanda heç kim bizə belə dəstək vermədi”
İsveçin azərbaycanlı xanım deputatı: “Hər kəs istəyər ki, ömrünün son illərini doğma torpağında keçirsin”
İradə Əliyeva Söderberg 15 ildir ki, İsveçin ən böyük və hakim partiyası olan Sosial Demokratrlar Partiyasının fəal üzvüdür. Çox saylı ictimai vəzifələrdən başqa 12 ildən çoxdur ki, (üçüncü mandat mərhələsi) 360 min əhalisi olan bölgənin regional parlamentinin deputatıdır. 81 xalq vəkilindən biri olan İradə xanım Medianews.az- ın suallarını cavalandırdı.
– İsveçdə Rusiya Ukrayna müharibəsi ilə bağlı reaksiya necədir?
– Rusiyaya işğalçı, azğınlaşmış bir diktator kimi münasibət bəsləyirik. Sözsüz, İsveç dövləti və xalqı birmənalı olaraq Ukraynanı dəstəkləyir. Hər sahədə, baş nazirdən tutmuş adi vətəndaşa qədər hər kəs Ukraynanın yanındadır. Hamı əlindən gələn yardımı edir. Dövlət səviyyəsində Ukraynaya böyük həcmdə yardımlar göstərilib. Buna görə hətta Rusiya tərəfindən İsveçə qarşı hədə-qorxu da gəlib.
– İsveç bu müharibənin harasındadır? Hansı formada dəstəyini ifadə edir?
– Bayaq dediyim kimi, bütün sivil dünya, bütün Avropa kimi İsveç birmənalı şəkildə Ukraynanın yanındadır. İsveç demokratiyanın, dövlətlərin suverenliyinin tərəfindədir. Ukraynada qohumu, tanışı olan hər kəs onlara qucaq açır, kömək etməyə çalışır.
– İsveç xalqının müharibə ilə bağlı baxışı nədir? oradakı Azərbaycanlılar necə düşünür?
– İsveç xalqı heç bir zaman müharibə istəməyib. Müharibəyə, işğalçıya nifrət hissi bəslənir burada. Eyni zamanda İsveçdə bütün partiyalar, siyasi qüvvələr və xalq birləşib. Müdafiə sistemlərini gücləndirirlər. Çox yüksək səviyyədə strateji işlər gedir. Buradakı azərbaycanlılar da eynilə İsveç xalqı kimi düşünür. Biz azərbaycanlılar hər gün deyirik ki, görürsünüz, 30 il bundan qabaq Azərbaycan torpaqları bütün dünyanın gözü qarşısında işğal olundu, onda niyə bu reaksiyanı vermədiniz? Biz haray qoparanda heç kim bizə belə dəstək vermədi. Əksinə, Ermənistanın tərəfi tutuldu. O zaman dünya Azərbaycanın yanında olsaydı, bu gün bəlkə də hər şey tam başqa cür olardı…
– Ukraynadan İsveçə sığınan azərbaycanlılar oldumu, İsveç hökumətinin qaçqınlara münasibəti necədir?
– Ukraynadan İsveçə sığınan azərbaycanlılara gəldikdə, düşünürəm ki, elə bir fakt yoxdur hələ ki. Çünki onlar yaxın ölkələrə təxliyə olunur, oradan da bizim ölkəyə göndərilirlər. Digər tərəfdən, bura Şengen zonadır, daxil olmaq heç də asan deyil.
– Bilirik ki, siz də uşaqlığınızı Ağdamda keçirmisiniz və amansız hücumlar nəticəsində torpağınız işğal olunub. Ukraynadakı o uşaqları yəqin ki, sizdən yaxşı heç kim anlaya bilməz.
– Bəli, mən Ağdamın, doğma kəndimin işğalını yaşamışam. 30 il də bu torpaqların həsrəti ilə yaşamışıq. Şükürlər olsun ki, artıq torpağımız azad olunub, şəhidlərimizin qanı yerdə qalmayıb. Sözsüz ki, indi də Ukrayna ilə bağlı eyni hissləri keçirirəm. Sanki yenidən həmin müharibəni yaşayıram. Uşaqlar, qadınlar, qaçqınlar, bunlar tamamilə tanış mənzərədir. Göz yaşlarını saxlamaq mümkün deyil. Bütün rəsmi və qeyri-rəsmi görüşlərdə, söhbətlərdə Qarabağla eyni müqayisəni aparıram. Hər kəs maraqla dinləyir, təəssüf hissi keçirir.
– Qarabağda yaşamaq istərdinizmi?
– Əlbəttə, böyük məmnuniyyətlə. Qarabağ mənə görə dünyanın ən gözəl, cənnət guşəsidir. Qarabağ mənim ruhumdur, canımdır. Mən oranın suyu və çörəyi ilə böyümüşəm. Hər kəs istəyər ki, ömrünün son illərini doğma torpağında keçirsin. Oradakı evimizdə yenidən yaşamaq, onu yenidən tikmək böyük arzumdur.
– Ağdama dönüşünüzü necə təsəvvür edirsiniz?
– Ağdam işğal olunandan sonra ora ilə bağlı çox xəyallar qurmuşam. Saysız yuxular görmüşəm. Görmüşəm ki, evimizdəyəm, şəhərdə gəzirəm. Realda isə bunu təsəvvür edə bilmirəm. Yəni necə hislər keçirəcəyimi indidən demək mümkün deyil. Çünki hələ də arada itirdiyimiz o illər sanki zamanı dayandırıb. Düşünürəm ki, mən Ağdama qayıdanda həmin dövrə, uşaqlığıma qayıdacam. Həmin Ağdamı, həmin küçələri, həmin insanları görəcəm. Amma bilirəm ki, reallıqda elə deyil. Ona görə də özüm üçün real bir təsəvvür formalaşdıra bilməmişəm. Sadəcə, hər şeyi taleyin, fantaziyanın üzərinə buraxmışam. Yəqin ki, ağlayacam, sevinəcəm, kədərlənəcəm. Bir tərəfdən də qorxuram ki, gedib məktəbimizin, evimizin, anamın qəbrinin yerində nə görəcəm?
Xəyalə Rəis
Medianews.az
Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 5.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Hiç yorum yok:
Yorum Gönder