Translate

17 Şubat 2012 Cuma

Xocalı soyqırımı Türkiyə parlamentində

Cəmil Çiçək TBMM-də Xocalı Soyqırımı ilə bağlı qanun təklifinin müzakirə olunacağını vurğulayıb

 Azərbaycanın Türkiyədəki səfir Faiq Bağırov ötən gün Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşüb. Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı səfir İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının İndoneziyada keçirilən toplantısında Xocalı soyqırımı ilə bağlı qərarının alınması prosesində Türkiyənin dəstəyinə görə ona öz təşəkkürünü bildirib, Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə Səfirliyin təşkil etdiyi silsilə tədbirlər barəsində ətraflı məlumat verib və qeyd olunan tədbirlərdə Türkiyənin parlament üzvlərinin iştirakının vacibliyini nəzərə çatdırıb.

  Qeyd edək ki, Faiq Bağırov 28 fevral tarixində Səfirliyin TBMM-də Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkil edəcəyi rəsm sərgisi üçün lazımi köməkliyi göstərdiyinə görə Cəmil Çiçəkə təşəkkürünü bildirib.

  Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də öz növbəsində Səfirliyin Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkil etdiyi tədbirlər silsiləsinə dəstək verəcəyini, Xocalı soyqırımının dünyaya çatdırılmasının çox mühüm olduğunu, bu çərçivədə parlamentdəki siyasi partiyaların qrup rəhbərlərinin məlumatlandırılacağını, Türkiyəni təmsil edən səlahiyyətli bütün şəxslərin beynəlxalq səviyyədə keçirdikləri görüşlər zamanı iki məsələni (Dağlıq Qarabağ və Şimali Kipr) əsas olaraq gördüklərini və Fransada qondarma erməni soyqırımı ilə bağlı qanunun tamamilə insan hüquqları prinsiplərinə zidd olduğunu dilə gətirib.

  Səfir Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif ölkələrində geniş tədbirlərin təşkil olunacağını, artıq Meksika və Pakistan kimi əhəmiyyətli ölkələrin parlamentlərində Xocalı soyqırımının tanındığını, AŞPA və dünyanın digər mötəbər qurumlarında Xocalı soyqırımı məsələsinin qaldırılacağını və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun TBMM-dəki öz həmkarlarına Xocalı Soyqırımının tanınmasının zəruriliyi ilə bağlı olan məktubunun olduqca əhəmiyyətli olduğunu bildirməklə yanaşı, Fransada qondarma erməni soyqırımı ilə bağlı qanunun qəbul olunması prosesində Azərbaycan tərəfindən atılan addımlar barəsində ətraflı məlumat verib.

  Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Fransada davam edən prosesin böyük əhəmiyyət daşıdığını nəzərə çatdırıb və TBMM-də Xocalı Soyqırımı ilə bağlı qanun təklifinin müzakirə olunacağını vurğulayıb.

  Səfir Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçəkə dərin minnətdarlığını bildirib və Cəmil Çiçəki ölkəmizə rəsmi səfərə dəvət edib.



Aynur Əliyeva

Hiç yorum yok: