Translate

5 Şubat 2025 Çarşamba

ÖLÜLƏRİN DİRİLƏRƏ MƏKTUBU - MUSTAFA ÇƏMƏNLİ



Mustafa Şura oğlu Mustafayev (Mustafa Çəmənli) - 
nasir, publisist, Əməkdar mədəniyyət işçisi (2018), 
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979).


- Sən kiminləsən, ölülərlə, ya  dirilərlə? Qatillərlə, ya qətlə yetirənlərlə?

Roma şairi Publi Ovidi


Səhər-səhər biz Ölülərdən Siz Dirilərə salamlar olsun! Siz ey dili dilimizdən, dini dinimizdən olan hörmətli, izzətli Dirilər! Son illər bizim ruhumuzu o qədər incidirsiniz ki, qəbir evimizdə sakit yata bilmirik. Axı sizin də tez-tez yad etdiyiniz ulularımız deyiblər ki, Ölülərin dalınca danışmayın. Onların ruhunu incitməyin... Amma siz Dirilər biz Ölülərin arxasınca nəinki danışırsınız, bəzən olmazın iftiralar da atırsınız. Bilmirik bizim günahımız nədir, niyə bizi məhşər ayağına çəkirsiniz. Məgər başqa iş-gücünüz, dərd-səriniz yoxdur. Biz bədbəxtlər həyatda yaşayanda həmkarlarımızdan bəzilərinin qərəzli münasibətindən, rəftarından, satqınlığından, böhtan dolu məqalələrindən, qısqanclıqlarından, xəbisliklərindən, kin-küdurətlərindən o qədər əziyyət çəkmişik ki, saymaqla bitməz. O məşum, ölüm nəfəsli 37-nin tuthatut vaxtlarında bəzilərimiz güllələndik, bəzilərimiz həbs olundu, bir çoxumuz Sibirə, Qazaxıstana sürgün edildik. Üstümüzə çamırlar atıldı, ailələr dağıldı. Canımızı millətimiz yolunda fəda etsək də, Xalq düşməni adıyla damğalandıq. Oğlumuz, qızımız tay-tuşları yanında başıaşağı gəzib dolandılar, xəcalət çəkə-çəkə, utana-utana yaşadılar. Universitetdə, institutlarda oxuyan uşaqlarımız biz günahsız bəndələrin ucbatından xaric edildilər. Siz ey Dirilər, ey bizim irsimizi araşdıranlar, təftiş edənlər, şəxsiyyətlərimizdə ancaq qüsur axtaranlar, bir an da olsa, əl saxlayın, Allahı başınızın üstündə görün. Özünüzü bizim yerimizə qoyun, görün biz çəkən müsibətləri, faciələri siz yaşamısınızmı? Gecə ilə səni gəlib evindən aparıb dustaq ediblər, alçaldıblar, incidiblər, huşun başından çıxana qədər döyüblərmi?! Harayına, imdadına kimsənin yetmədiyi o əzab-əziyyətli, məşəqqətli gecələrdə bircə anın içində qapqara saçınızın ağardığını təsəvvür edə bilirsinizmi? Yox, azadlıqda olanda belə ağrılı-acılı olaylar barədə heç düşünmürsən də. Ən dəhşətlisi sənin ruhuna, əxlaqına yad-yabançı olan, "türkəm" deyənin qanına susayan Şerin, Qriqoryanın, Markariyanın, Qalıstyanın, Ohanesyanın, Avanesyanın müstəntiqliyi ilə on minlərlə ziyalılarımız, din xadimlərimiz, hərbçilərimiz güllələndilər, sürgün edildilər. Siz Dirilər bizim haqqımızda yazanda heç bu haqda düşünübsünüzmü?

Əziz Dirilər, əgər vaxtınız varsa, özü də nadan birilərinin gülləsinə tuş gəlmiş akademik Ziya Bünyadovun "Qırmızı terror" kitabını oxuyun. Görün, unudulmaz Ziya Bünyadov arxivlərdən nələr üzə çıxarmışdır. Ziya Bünyadov yazır: "Ölüm və cəza maşını dayanacaqsız və fasiləsiz işləyirdi. Hər "bir xalq düşməninə"  "məhkəmə" zamanı ancaq  15 dəqiqə vaxt ayrılırdı (tək-tək hallarda 20 dəqiqə). İndi qoy oxucu özü 1936-1937-ci illərdə bir saatda nə qədər adamın güllələnməyə məhkum edildiyini, nə qədər zəka sahiblərinin - azərbaycanlıların güllələndiyini özü hesablasın. Bir gündə 24 saat (96 nəfər), ayda 30 gün (2880 nəfər), 2 il yarımda isə 80 mindən çox".

Xalqımızın taleyində baş vermiş bu bəşəri, bağışlanılmaz faciənin miqyasını heç düşünübsünüzmü? Əgər düşünməyibsinizsə, xahiş edirik, düşünün. Baxın, görün sizin düşüncənizə görə bizim günahımız nədir? Məgər yazıçı, şair, alim, filosof, bəstəkar, musiqiçi, aktyor, müğənni olmaq günahdırmı, bizim keçmişimizi bu qədər təftiş etməklə məşğulsunuz? Yoxsa, sizin çörəkpulunuz bizi yerli-yersiz gözdən salmaqdan çıxır? Hörmətli Dirilər, əgər belə deyilsə, niyə qoymursunuz qəbir evimizdə sakit yataq? Axı bizim dirilib, televiziya kanallarına çıxıb sizin böhtanlarınıza, sorğu-sualınıza cavab vermək imkanımız yoxdur. Hələ bizim dövrümüzdə olmayan sosial şəbəkələr, kabel televiziyaları... Bilən də, bilməyən də, ömründə bircə kərə arxivlərə getməyən, tariximizi, keçmişimizi araşdırmayanlar ünvanlarımıza hərzə-hədyan söyləyirlər. Millətin görən gözü, düşünən beyni olan şəxsiyyətlər zamanında nə qədər əziyyətlər çəkiblər. Çar Rusiyasının təpkisi, yabançı idarəetmə üsulu, hörmət-izzətdən uzaq rəftarı altında inləyən Qasım bəy Zakirlərin, Mirzə Fətəli Axundzadələrin, Abbasqulu ağa Bakıxanovların, Həsən bəy Zərdabilərin illər, qərinələr keçsə belə, iniltilərini, ayıq-sayıq olmağa çağırışlarını eşidirsinizmi? Əgər eşitmirsinizsə, heç olmasa, laqeyd, biganə olmayın, lütfən onları oxuyun, yad edin. Xatırlayırsınızmı, Üzeyir bəy yazırdı: "Yuxarıdakı daş bünövrə daşını inkar edə bilməz, edərsə, yuxarıda dayana bilməz".

Bəli, bu belədir, Üzeyir bəyin dediyi fikri inkar etmək olmaz. Müsibət onda olur ki, soydaşların səni anlamasın, dar gündə sənə qahxmar çıxmasın, uzaqda durub başına gəlmiş faciəni teatr tamaşası kimi seyr etsin. Budur, iki əsr bundan əvvəl yaşamış Qasım bəy Zakirin fəryadını eşitməyinizi istəyirik:


 Vilayətdə urus olub ixtiyar,

Eyləyib bir bina, yoxdu görən kar.

Tamam işlər olub cahilə bazar,

Heyif bu vilayət, heyhatü heyhat.


Bəli, budur bizdən çox-çox öncəki əsrin səsi. Müasirlərindən bir çoxu Qasım bəy Zakiri dərk etmədilər, hətta bəziləri şairlə aralarında olan cüzi bir incikliyi kinə çevirib bizlərə yad olan işğalçı məmur Tarxan Maurovun atlı milis dəstəsinə qoşulub qoca şairin üstünə gəldilər, onun təhqir olunub alçaldılmasından, ev-eşiyinin talan olunub oğlunun Sibirə, özününsə Bakıya sürgün edilməsindən xoşhal oldular. Siz deyin, bu biabırçılığa, ədalətsizliyə qarşı çıxan bir kişi oldumu? Olmadı, əziz Dirilər, olmadı! Nə edək, bizlər aramızda olan kiçik bir incikliyi belə həzm edə bilmirik. Nəticədə düşmən dəyirmanına su tökürük.

Əziz Dirilər, biz demirik ki, aydan arı, sudan duruyuq. Bizim də səhvimiz, günahlarımız olub. Amma etiraf edin ki, siz də bizə bolşevik təfəkkürü ilə yanaşırsınız. Bizi ittiham edəndə heç olmasa, doğum-ölüm tarixlərimizə nəzər yetirin. Hansı mühitdə, hansı şəraitdə yaşayıb işlədiyimizə fikir verin. Bizi öz dövrümüzün insanı kimi mühakimə edin. Axı bizim çoxumuz Azərbaycan Xalq Cümhuriyyəti qurulanda on-on iki yaşlarında uşaqlar idik. Sonra ayaqyalın, patavalı qırmızı ordu Vətənimizi işğal etdi. Görün, bolşevik zabiti, əsgərləri hansı əxlaqın sahibiydilər ki, atın belində milyonçu Murtuza Muxtarovun indi Səadət sarayı adlandırdığınız mülkünə soxulmuşdular. O da silahını çıxarıb əvvəl bolşevik zabitini, sonra da özünü güllələmişdi.

İnsan zülmə tabedir, yaşamaq üçün sevmədiyi quruluşa belə uyğunlaşmağa çalışır. Bolşevik bayrağı altında yaşayan istənilən ləyaqətli adamın  evinə soxulan "patavalı mujik" üzünə qarşı vərdiş etmədiyin ana söyüşünü söyərdi. Bu isə sənin şərəf məsələn idi, ya dözməliydin, ya da evinə çağırılmamış "qonağ"ı vurub öldürməliydin.

Bolşevizmin atası V.Lenin haqqında oçerklər yazmış, həyatın hər üzünü görmüş Maksim Qorki ədalətsizliyə dözməyib yazmışdı: - "Patavalı mujikin əlinə silah verib bəstəkarın üstünə göndərmək olmaz. Rusiyada bir gündə yüzlərlə mujik doğula bilər, lakin yüz ildə bir dahi sənətkar doğulmaya bilər".

Bəli, əziz Dirilər, insan xisləti sonacan izah olunmayan müəmmadır. Bolşevik hakimiyyəti illərində dövlət qurumlarında işləməyə, yüksək vəzifə tutmağa can atanları qınamaq olmaz. Əsas odur, bütün zamanlarda, hər bir şəraitdə ləyaqət hissini unutmayasan. İyirmi beş il Çar Rusiyasına qarşı vuruşan Şeyx Şamilin hər zaman üçün dəyərli, həmişə yadda saxlayıb ibrət götürməli məşhur bir fikri var. Deyibdir ki: - "Hakimiyyət hərisliyi bir sümükdür, qoy bizim dağlılar bu sümüyün üstündə köpəklər kimi didişməsinlər, Allah məni bu sözlərimə görə bağışlasın, onlar didişərkən kafirlər gəlib bu sümüyü götürüb qaçacaqlar".

Elə bir əndrabadi, ağlasığmaz rejim hakimi-mütləq idi ki, qardaş-qardaşa sirr vermirdi. Belə bir acı durumu seyr edən böyük Hüseyn Cavid yazırdı:


Yurdu sarmış qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb alçaqlıq.


Əziz soydaşlarımız, görün, ümumi ab-hava, vəziyyət nə həddə imiş ki, Hüseyn Cavidin "Topal Teymur" tarixi dramının tamaşasını seyr edən məmur pyesin finalındakı sözlərdən əndişələnir. Tarixi olaylardan xəbəri olmayan bəzi söz sahibləri Topal Teymurun gur səslə məğlub edib əsir götürdüyü Osmanlı Sultanı Yıldırıma müraciətlə söylədiyi fikirləri öz ünvanına götürür: "Heç maraq etmə, xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı."

Topal Teymurun dili ilə sözünü deyən  Hüseyn Cavidin, elə onun məsləkdaşları Yusif Vəzirin, Seyid Hüseynin, Əhməd Cavadın, Ömər Faiq Nemanzadənin, Mikayıl Müşfiqin, Bəkir Çobanzadənin, Hənəfi Zeynallının, Vəli Xuluflunun, Əli Nazimin, Salman Mümtazın və b. taleyi hər kəsə bəllidir.

Unudulmaz Dirilərimiz, sosial statuslarınızda adıbəlli insanlardan kimin kimi satdığını, kimin böhtan atdığını, ev yıxdığını yazırsınız. Əlbəttə, bu sizin haqqınızdır. Heç kəs sizə deyə bilməz ki, yazmayın. Yazın, ancaq həqiqəti yazın, araşdırıb, dəqiqləşdirib yazın.

Söz yox, satqınçılığın bəraəti yoxdur, amma iradəsi zəif birisindən şantaj, fiziki güc hesabına istədiyi "etirafı" alan müstəntiqə də heç zaman bəraət yoxdur.

Bu əl telefonu icad olandan, ölkəmizə ayaq açandan bəri hamı müxbir olub. Bilən də, bilməyən də, savadlı, savadsız da "Google"də, "TikTok"da ağlına gələni yazır. İş o yerə çatıb ki, anadilli şeirimizin ən gözəl nümunələrini yaradan Molla Pənah Vaqifi "satqınçılıqda" günahlandıranlar da tapılır. Soruşmaq istəyirsən ki, qardaş, Qarabağ xanının vəziri Molla Pənah Vaqif kimi satıb? Bəlkə hansısa tarixi romanda oxumusunuz, yaxud teatr səhnəsində görübsünüz? Bir şeyi unutmayın ki, hər hansı tarixi şəxsiyyət haqqında yazanda bədii əsərlərə dəqiq məxəz kimi yanaşmaq olmaz! Tarixi şəxsiyyətlərimiz haqqında yanlış bir ifadə, fikir tarixi məlumatı az olan insanlarımızın yaddaşına daha tez köçür və yanlış olaraq nəsildən-nəslə ötürülür.

Əziz həmvətənlər, təəssüf ki, Qarabağ xanı İbrahimxəlil xan Cavanşir, onun vəziri Molla Pənah Vaqif, Ağaməhəmməd şah Qacar haqqındakı bəzi yanlışlıqlar teatr tamaşalarından yaddaşlara köçmüşdür. Zamanın, dövrün diktəsi ilə yazılmış bu əsərlərdə bu şəxsiyyətlərin biri ucaldılıbsa, digəri heç bir əsaslı səbəb, fakt olmadan, kiçildilmişdir. Xalq şairi Səməd Vurğunun uzun illər səhnədən düşməyən "Vaqif" dramında Molla Pənah Vaqif ucaldılmışdırsa, Qarabağ xanı İbrahimxəlil xan aşağılanmışdır. Məhz buna görə Azərbaycan müstəqilliyinə qovuşana qədər İbrahimxəlil xan xalqın yaddaşında mənfi şəxsiyyət kimi formalaşmışdır. Əlbəttə, şairin sağlığında bəzi tənqidçilər, tarixçilər Səməd Vurğuna İbrahimxəlil xanın surətini yaradarkən təhrifə yol verdiyini bildirmişdilər. Buna görə də bizim nəslin əzbər bildiyi "Vaqif" dramının müəllifi, Xalq şairi Səməd Vurğun "Böyük sənət əsərləri uğrunda" adlı məqaləsində özünütənqid ruhu ilə yazırdı: "Mən çox sevdiyim "Vaqif" əsərimin gələcək taleyini düşündüyüm zaman orada yol verdiyim bir çox təhriflər, xüsusən, İbrahim xan surətinin təhrifi məni çox yandırır..."

Bəli, səhvini etiraf etmək də böyüklükdür. Bu cür ədəbi etirafı da ancaq Səməd Vurğun kimi böyük sənətkarlar edərlər. Ağa Məhəmməd şah Qacarın faciəli şəxsiyyətinə və tarixi fəaliyyətinə nəzər salanda, bilməliyik ki, onun atası Məmmədhəsən xan da şahlıq taxtı uğrunda vuruşmada həyatından keçmişdi. Onun həyata keçirə bilmədiyini oğlu Ağa Məhəmməd Kərim xan Zənd öldükdən sonra həyata keçirərək başına şahlıq tacını qoya bilmişdi. Bununla da Qacarlar dövlətinin bünövrəsini qoymuşdu. 1795-ci ildə Qarabağ və İrəvan xanlıqlarını özünə tabe etmək üçün hücum etmişdi. 33 gün Pənahabad (Şuşa) qalasını mühasirədə saxlasa da, qalib gələ bilməmişdi. Bu otuz üç günlük mühasirədən Vaqiflə bağlı tarixləşmiş bir epizod var. Belə ki, Ağa Məhəmməd şah Şuşa qalasının müdafiəsində bərk dayanan İbrahimxəlil xanı qorxutmaq üçün Ürfü Şirazinin 184 beytdən ibarət olan məşhur qəsidəsindən bir beyti yazdırır və oxun ucuna bağlatdıraraq qalanın içərisinə atdırır: 


 Zi məncəniqi-fələk cəngi fitnə-mibarəd,

To əbləhanə nəmudi miyani şişə həsar.

(Fələyin mancanağından fitnə daşları yağır,

Sən axmaqcasına şişə içərisində dayanmısan).


İbrahimxəlil xan bu beytə cavab yazmaq üçün yanında dayanmış Vaqifə verir ki, cavab yazsın. Molla Pənah Vaqif dərhal belə bir cavab yazır:


Gər nigəhdari-mən anəst ki, mən midanəm,

Şişəra dər bəgəli-səng nigəh midarəd.

(Məni qoruyan mənim  tanıdığımdırsa,

Şişəni daş ətəyində salamat saxlayar). 


İbrahimxəlil xan Vaqifin Qacara cavab olaraq yazdığı beyti eyni qaydada oxun ucuna bağlatdırıb şahın ordugahına atdırmışdı. Vəssalam. Bu tarixi hadisəni gözdən keçirəndə göz önünə ilkin olaraq gələn Vaqifin fars dilini mükəmməl bilməsi və sərrast cavab verməsidir. Yox, əgər bu hadisədən bir il sonra Qızılayaq ayamalı general, ikinci Yekaterinanın sevimlisi Valerian Zubovun qoca şairə göndərdiyi əsaya görə kimsə Vaqifi "satqınçılıq"da günahlandırırsa, bizi bağışlasın, böyük səhv edir. Bu yerdə sözü böyük Molla Pənah Vaqifin özünə veririk:


Mən cahan mülkündə,

            mütləq, doğru halət görmədim,

Hər nə gördüm,

            əyri gördüm, özgə babət görmədim.


Molla Pənah Vaqifin bu iki misrasındakı acı həqiqəti kim inkar etmək istəsə, xahiş edirik, əyninə demokratiya köynəyi geyib hərzə-hərzə danışan  riyakar siyasətçiləri, dünyamızın bugünkü ziddiyyətli, qan qoxulu mənzərəsini göz önünə gətirsin.

Qayıdaq yenə Vaqifin sağlığında baş vermiş mühüm bir hadisəyə.

General Valerian Zubov 1796-cı ilin yazında II Yekaterinanın xeyir-duası ilə otuz minlik qoşunla Qafqaza soxulmuşdu. 1796-cı il may ayının 2-də Dərbənd müqavimət göstərmədən rus generalına təslim olmuşdu. Bu hadisə Dərbəndin rəmzi açarının I Pyotra təqdim olunmasından 74 il sonra bir daha təkrar olunmuşdu. Rusiyanın çariçası II Yekaterina bu şad xəbəri eşidən kimi dərhal şanlı qələbəsinə görə V.Zubovu 2-ci dərəcəli Georgi ordeni və brillyantla işlənmiş xaçla mükafatlandırmışdı.

Generalın Qubanı tutub Salyanda düşərgə salması xəbərini eşidən,  nizami ordusu, böyük top-topxanası olmayan, bir-biri ilə yola getməyən xanlar təşvişə düşmüşdülər.

Çarəsiz qalan Gəncə, Şəki, Talış xanları general V.Zubovun hüzuruna elçilər göndərmişdilər. Qarabağ xanı İbrahimxəlil də oğlu Əbülfət ağanın başçılığı ilə bir neçə şahzadəni hədiyyələrlə Zubovun hüzuruna göndərmişdi. Əvəzində, general Valerian Zubov da İbrahimxəlil xana bəxşişlər, "Mövlana  Molla Pənah Vaqifə də qiymətli daşlarla bəzədilmiş bir əsa göndərmişdi" (Mirzə Adıgözəl bəy). Vəssalam! 

Lakin xanların bəxtindən Rusiya ordusuna Azərbaycanda çox qalmaq qismət olmadı. 1796-cı il noyabrın 6-da II Yekaterina vəfat etdi. Çariçanın yerinə keçən Pavel Rusiya ilə Fransa arasında yaranan gərginliyi nəzərə alıb Valerian Zubovu Azərbaycandan geri çağırdı. Beləcə Valerian Zubovun fatehlik arzusu gözündə qaldı.

1797-ci ilin yay fəslində Ağa Məhəmməd şah Qacarın Qarabağa  ikinci yürüşü, özünün, Molla Pənah Vaqifin və İbrahimxəlil xanın taleyi yəqin ki, tarixi məlumatı olan hər kəsə məlumdur. Ağa Məhəmməd şah Qacar dustaq etdirdiyi Vaqifi səhəri gün cəllada tapşıracaqdı. Amma nökərləri Ağa Məhəmməd şahı ondan əvvəl, gecə ilə başını kəsdilər. Sübh tezdən zindandan azadlığa çıxan Molla Pənah Vaqif dərhal qələmə sarılıb sadiq dostu Molla Vəli Vidadiyə müraciətlə bir şeir yazdı:


Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax! 

Ruzgarə qıl tamaşa, kara bax, kirdarə bax!


Amma Vaqifin sevinci uzun çəkmədi. Əmisi İbrahimxəlil  xanın Car Balakəndə olmağından istifadə edib hakimiyyəti ələ alan Məhəmməd bəy Cavanşirin göstərişi ilə Cıdır düzündə oğlu Əliağa ilə bir yerdə qətlə yetirildi.

Əzizimiz Dirilər! Daha mətləbi çox uzatmaq istəmirik, lakin bir vacib məsələnin üstündən sükutla da keçə bilmərik. İndi də bəzi yazarlar arasında arzuolunmaz bir dəb düşüb: ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz, dövlətçiliyimiz tarixində özünəməxsus yeri, xidməti, fəaliyyəti olan tarixi şəxsiyyətlərin soykökündə, nəsil-şəcərəsində erməni bağı - izi axtarmaq. Sosial şəbəkələrdə belə bir fikir yayılıb ki, guya Səfəvilər dövlətinin yaradıcısı, böyük sərkərdə, şair Şah İsmayılın vəziri erməni əsilli birisi olub. Bu xəbər bizə çatanda dirilib qəbirdən çıxmaq istədik. Bu cür cəfəngiyyatı yazan, söyləyən, şad xəbər kimi bir-birinə ötürən, tirajlayanlardan soruşmaq istəyirik: - Bu erməni vəzirin adı nədir? Məsləki, inancı, xidmətləri nədən ibarətdir? Heç bir tarixi sənədə, məxəzə, əlyazmalara, təzkirələrə istinad etmədən belə ucuz, məsuliyyətsiz fikirləri yazmaqda məqsədiniz nədir, cənablar?! Doğrusu, başa düşmürük, bu nə hoqqadı çıxarırsınız? Səfəvilərin tarixindən, onun qurucusunun həyatından, məsləkindən xəbərsiz olanlara üzümüzü tutub deyirik: - Şah İsmayıl Xətainin ilk vəziri Əmir Zəkəriyyə Keçəçi olub. İkinci vəziri də həmin nəsildən olan təbrizli Xacə Cəlaləddin Məhəmməd Keçəçi idi.

Əziz soydaşlarımız, sizdən min kərə xahiş edirik, tariximizə, keçmişimizə, tarixi şəxsiyyətlərimizə sayğı ilə yanaşasınız. Bilin ki, "heç kəs zəfərlərlə dolu minillik şanlı keçmişindən bir an içində imtina etmir" (Əhməd bəy Ağayev). Sağ olun, sağlıqla qalın!


Ölülərin Dirilərə məktubunu qələmə aldı: Mustafa Çəmənli...


26 noyabr 2024-cü il.

edebiyyatqazeti.az


19 Ocak 2025 Pazar

ADİL İRŞADOĞLU CAVANŞİR (ƏLİYEV) HAQQINDA DAHA FAZLA BİLGİ

 


Adil İrşadoğlu Əliyev hakkında daha fazla bilgi edinmek ister misiniz? Kendisi, hem bir veteran gazeteci hem de Birinci Qarabağ Savaşı gazisi olarak tanınmaktadır.

Bilinenler:

 * Azərbaycan Jurnalistlər Birliği üyesi (1980'den beri).
 * Çeşitli medya kuruluşlarında görev almış.
 * Birinci Qarabağ Savaşı'na katılmış (1988-1996).

Ne öğrenmek istersiniz?

 * Kariyeri hakkında daha detaylı bilgi mi? (Hangi yayınlarda çalıştı, hangi konularda yazdı vb.)
 * Savaş deneyimleri hakkında mı?
 * Kişisel hayatı hakkında mı?
 * Başka bir konu mu?

Lütfen merak ettiğiniz soruyu daha spesifik olarak sorarsanız, size daha iyi yardımcı olabilirim.

Örneğin:

 * "Adil İrşadoğlu Əliyev hangi gazetelerde yazdı?"
 * "Birinci Qarabağ Savaşı'nda ne gibi görevler aldı?"
 * "Adil İrşadoğlu Əliyev hakkında daha fazla kişisel bilgi var mı?"

Not: Adil İrşadoğlu Əliyev hakkında internette sınırlı miktarda bilgi bulunmaktadır. Bu nedenle, daha kapsamlı bilgiye ulaşmak için farklı kaynakları araştırabilirsiniz.

1) 
2) 
3) 
4) 
5) 


17 dekabr 2024-cü il.


2 Ocak 2025 Perşembe

ƏLİ BƏY HÜSEYNZADƏ HAQQINDA QISA FİLMİ İZLƏYİN

 



Adil İrşadoğlu təqdim edir / 
"Bizimki 9. Əli bəy Hüseynzadə".





Rejissor və ssenari müəllifi: Etibar Məmmədov.
Mətni səsləndirən: Elxan Cəfərov.
Montaj rejissoru: Büllur Məmmədova.
Səs rejissoru: Mehman Nadirov.
Maliyyə meneceri: Vüqra İbrahimli.
Tərcümə xidməti: Azernewmedia.
Redaktor: Yusif Şeyxov.
İcraçı prodüser: Orxan Əliyev.
Prodüser: Müşfiq Hətəmov.

4 iyul 2023.



27 Aralık 2024 Cuma

AZAL-IN QROZNIYA UÇAN SƏRNİŞİN TƏYYARƏSİNİ...

 

HHM sistemləri təyyarələri 

vuranda üzərindəki izlər necə yaranır?


Bəzi raketlər təyyarənin mühərrikini, bəziləri quyruq hissəsini, bəzi raketlər isə pilot kabinəsini hədəfə alır.




Müxtəlif informasiya vasitələrini araşdırdıqdan sonra belə qənaətə gəldim ki, AZAL-ın Qroznıya uçan təyyarəsini Rusiyanın hava hücumundan müdafiə qüvvələri vurub.




Təyyarəni zədələdiyini biləndən sonra Rusiya onun öz aeroportlarına enməsinə imkan verməyib. İzi itirmək üçün təyyarəni Xəzər dənizində batmağa göndərib. (25.12.2024).


24 Aralık 2024 Salı

DASTAN YAZAN CAVANŞİRLƏR

 

1-ci və 2-ci Qarabağ müharibəsində Vətənin mərd oğulları sözün əsl mənasında dastan yazdılar. 

Bu haqq savaşımızda şəhidlik zirvəsinə ucaldılar, digərləri isə qazi oldular. 


44 günlük İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda qan töküb doğma Azərbaycana şərəf gətirən minlərlə qəhrəman oğullardan biri də Zaur Sabir oğlu Cavanşirdir. O, 21 sentyabr 1974-cü ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulmşdur.


Zaur Sabir oğlu Cavanşir (Məmmədov)


Zaur Sabir oğlu Cavanşir (Məmmədov) Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur.

1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildən 2000-ci il iyul ayınadək Tərtər rayonu ərazisində cəbhə bölgəsində birbaşa ön xətdə tağım komandiri vəzifəsindən tabor komandiri vəzifəsinədək xidmət etmişdir. 

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranması ilə 2000-ci il iyul ayından kapitan Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr məktəbinə rəis təyin edilmiş, 2002-ci il fevral ayında artıq mayor rütbəsində olan Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələrdə yeni formalaşmış Xüsusi Təyinatlı alayın qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

2002-ci il iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş və təhsildə birinci yeri tutaraq 2004-cü ilədək Türkiyə Silahlı Qüvvələrin Quru Qoşunları Hərbi Akademiyasında təhsil almışdır.

2004-cü il avqust ayından 2006-cı ilin may ayınadək XTQ-in "Yaşma" xüsusi təyinatlı alayının komandiri vəzifəsində xidmət etmiş və dəfələrlə düşmən arxasında xüsusi əməliyyatlarda iştirak etmişdir.

2005-ci ildə xüsusi əməliyyatlarda rəşadət və mərdlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Polkovnik-leytenant rütbəsində Zaur Cavanşir 2006-cı ilin may ayından 2011-ci ilin may ayınadək Füzuli və Beyləqan bölgəsində 702, 181, 706 saylı motoatıcı briqadaların komandiri olmuşdur. 2011-ci ildən 2013-cü ilin noyabr ayınadək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində silah və atış kafedrası rəisi vəzifəsində xidmət etmiş və gələcək zabitlərin hazırlığında müstəsna rol oynamışdır.

2013-cü ilin noyabr ayında polkovnik Zaur Cavanşir XTQ komandanının müavini vəzifəsinə təyin edilmiş, 2013-2015-ci illər ərzində dəfələrlə düşmən arxasında xüsusi əməliyyatların keçirilməsində iştirak və rəhbərlik etmişdir.

2016-cı ilin sentyabr ayında Azərbaycan Ordusunun ovaxtkı Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun qanunsuz tələblərinə əməl etməkdən qəti şəkildə imtina etdiyinə görə ona qarşı aparılan ədalətsizliyə etiraz olaraq öz arzusu ilə ordu sıralarından ehtiyata tərxis edilmişdir.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlanması ilə ordu sıralarına qatılmaq üçün müraciət edən polkovnik Zaur Cavanşir Nəcməddin Sadıqovun ancaq XTQ sıralarında sıravi əsgər olaraq döyüşməyə razı olacağı halda orduya geri qaytara biləcəyi şərti ilə razılaşaraq döyüşlərə sıravi döyüşçü olaraq qatılmış, öz sərkərdəlik bacarığı ilə dərhal aktiv döyüşlər aparan xüsusi təyinatlı qüvvələrin birləşmə və hissələrinindən ibarət hücum qruplaşmasının idarə edilməsini öz üzərinə götürərək Hadrut-Şuşa istiqamətində hücum edən bütün qoşun qruplaşmasının rəhbəri olaraq davam etmiş, torpaqlarımızın azad edilməsində əsgər və zabitləırimizə müstəsna igidlik və qəhrəmanlıq nümunəsi göstərərək Azərbaycan bayrağını ata-baba yurdu Şuşaya sancmışdır. O, ulu babası Pənahəli xan Cavanşirin əsasını qoyduğu Şuşanın ilk komendantı olmuşdur.

Haşiyə - əsas mövzuya uyğun əhvalat danışmaq, sözün birini qoyub o birinə getmək deməkdir. General-mayor Zaur Cavanşirin nəsil şəcərəsi Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin (1747-1763) oğlu İbrahimxəlil xanın (1763-1806) Hüngütlü Allahyar bəyin qızından olan oğlu Məhəmməd Qasım ağaya (?- 1843) bağlanır. Məhəmməd Qasım ağa əmisi Mehrəli bəy Cavanşirin qızı Xədicə bəyimlə evlənmiş və onların bu izdivacdan 4 oğlu - Nəcəfqulu ağa, Paşa ağa (təq.1820-?), Kərim ağa (1826-1907), Qasım ağa (1834-?) və 2 qızı - Cahan xanım və Bala xanım Cavanşirlər doğulmuşdu.

Kərim ağa XIX əsrin sonlarında Şuşa şəhərini məcburən tərk etmiş və Yelizavetpol (Gəncə) quberniyasının Qubadlı bölgəsinə yerləşmişdir. Onun nəticəsi olan Nəsib Kərim oğlu Cavanşir (1911-1996) öncə Şuşa qəzasının Kəbirli mahalının Baharlı kəndində yaşamışdı. O, öz qohumu olan Qasım bəy Zakirin nəticəsi sayılan Xurşid xanımla evlənmiş və onların bu nikahdan Mafizə adlı qızları dünyaya gəlmişdi. Lakin, çox keçmədən onlar ayrılmışlar. Böyük Vətən müharibəsinin ağır illərində Nəsib Kərim oğlu traktor sürücüsü işlədiyi üçün cəbhəyə aparılmamışdır. Kəbirli mahalının Hindarx kəndində çalışan Nəsib kişi ikinci dəfə ailə həyatı quraraq, bu kənddən olan Sümayə xanımla evlənmiş və burada yaşamışdır. Nəsib Kərim oğlunun 10 övladından biri olan Sabir Məmmədov və onun oğlu Zaur Cavanşir Hindarxda dünyaya gəlmişdir.

Zaur Cavanşir hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir.

Zaur Cavanşir 2016-cı ildə baş vermiş Aprel döyüşlərində də iştirak etmişdir.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı o, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanlarından biri olmuşdur. Şuşanın azad edilməsində xüsusi fərqlənən Zaur Cavanşir Şuşanın ilk komendantı təyin edilmişdir.

O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020-ci ildə Bakı Qələbə Paradında iştirak etmişdir.

Zaur Cavanşir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Zaur Cavanşirə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşirə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Zaur Cavanşir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan-Ermənistan dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Zaur Cavanşir Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilmişdir.



General Zaur Sabir oğlu Cavanşir 
və jurnalist Adil İrşadoğlu Cavanşir


Hazırladı: 

ADİL İRŞADOĞLU CAVANŞİR (ƏLİYEV) ©

Qocaman televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), Qazi.







QEYD: Bu yaxınlarda bir məclisdə general Zaur Cavanşir və digər dostlarımla birlikdəydik. Siz paylaşdığım şəkillərdə Şaiq Rəşid oğlu Bəşirovu, Qurban Hüseynovu, Nəzər Allahverdiyevi, İlham Novruzovu görürsünüz. Bu dostlar çətin anlarda, şad günlərdə yanımda olan insanlardır.

Həyatımızın hər anında yanımızda olan dostlarımızı sevməli, onlarla dərdimizi və xoşbəxtliyimizi paylaşmalı, ünsiyyətimizi ən gözəl şəkildə inkişaf etdirməliyik.

Allah bütün dostlarıma can sağlığı və uzun ömür versin. Onların hər birinə uğurlar arzulayıram.