Translate

28 Şubat 2013 Perşembe

AZƏRBAYCANIM - AĞDAMIM - QARABAĞIM - SUSMARAM


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.





& VƏTƏNSEVƏRLƏR

27 Şubat 2013 Çarşamba

“İndi isə cənab konqressmenlər, təsəvvür edin ki, öldürülən 613 nəfər amerikalıdır”



“Sizə başımla cavabdehəm ki, Xocalıda ən azı 700 adam öldürülüb”

Publika.Az xəbər verir ki, Azərbaycanın məşhur kinossenaristi və rejissoru Ramiz Fətəliyev ABŞ Konqressinin üzvlərinə açıq məktub yazıb. Məktubda deyilir:

Hörmətli cənablar!

Mən Azərbaycan Respublikasının vətəndaşı, xalqımızın Xocalı faciəsi (genosidi) ilə bağlı ümummilli matəm günündə - 26 fevralda diqqətinizi tamamilə perpektivsiz, xəyali də olsa, bu tarixi fakta yönəltmək istəyirəm. Çünki əslində siz tərəfdən göstərilməli olan diqqət - özümə bu ifadəni məqbul sayıram - niyəsə göstərilmir.

21 il əvvəl mən Xocalı hadisələrinin araşdırılması ilə bağlı Parlament-istintaq komissiyasına (Konqresdəki komissiyaya anoloji olaraq) üzv seçildim. Biz demək olar ki, fasiləsiz 250 gün çalışdıq və Parlamentə nəticələri təhvil verdik. Bunu ona görə qeyd etdim ki, hadisələrlə bağlı məlumatlı olmamı nəzərə alasınız.

Lakin mən hazırda öz məlumatlılığımı ən sağlam insanı belə şoka salacaq rəqəmlər və faktlarla nümayiş etmək fikrindən uzağam.

Ən əsas şeyləri xatırlatmaq istəyirəm (şübhəm yoxdur ki, siz də bunları bilirsiniz). 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda bir neçə min dinc sakin doğma torpaqlarından qovulmuş, o cümlədən qonşu Ermənistanın hərbi qüvvələri və Rusiyanın moto-atıcı alayı ilə birlikdə vəhşicəsinə məhvə məruz qalmışlar.

Həmin gecə öldürülənlərin rəsmi sayı 613 nəfərdir (başımla cavabdehəm ki, orada 700-dən çox adam öldürülüb, sadəcə 155 adam itkin düşmüş hesab edilir). Lakin protokoldan kənara çıxmayacam. Beləcə 613 nəfər.

İndi başqa şey haqqında danışacam.

Bizdə çoxları Amerika filmlərini sevir. Bax, elə dünən, sizin vaxtınızla səhərə yaxın biz “Oskar” mükafatlarının verilmə mərasiminə baxırdıq. Mən də baxırdım. Lakin fikirlərim bu günlə bağlı idi. Sonra birdən sizin filmlərinizdən birini xatırladım, çoxdan çəkilib. Sizi adla, məşhur aktyorların familiyaları ilə yormayacam, çünki sizə sujeti danışmalıyam - bəlkə də konqressmenlərdən heç olmasa, biri bu filmə baxmayıb.

Cənub ştatlarından birində - orada hələ də milli mənsubiyyətlə bağlı problemlər var - iki ağ dərili kişi afro-amerikalı məktəbliyə təcavüz edərək onu körpüdən atırlar, fiziki və mənəvi şikəst edirlər. Onları ciddi cəza gözləyir. İşlə bağlı tutulmuş vəkil də ağdır. Bütün 12 jüri heyəti də ağ dərilidirlər. Hakim də ağdərilidir və bu, real maneədir. İşə mükəmməl hazırlaşmış, onun bütün incəliklərini və nüanslarını öyrənmiş, hadisənin psixoloji rəsmini parlaq çizmiş vəkil də başa düşür ki, bu, qeyri-formaldır, amma onun keçə bilməyəcəyi manədir. Sonra o, elə bir addım atır ki, əslində hüquqi təcrübədə yolverilməzdir. Öz müdafiə çıxışında o, qoruduğu adamın psixoloji, mənəvi durumundan yox, onun zərərçəkmiş qızının vəziyyətindən danışır, əhatəli olaraq qızın yaşadıqlarını və bunun gələcək həyatına təsirini təsvir edir. Sonra isə jüri heyətinə baxaraq uzun fasilədən sonra sonuncu replikanı atır:
- İndi isə cənablar, təsəvvür edin ki, o, AĞDƏRİLİDİR.
Və jüri bəraət hökmünü çıxarır.

Hörmətli cənablar!

Əminəm ki, indi nə etdiyimi çoxunuz anladınız. Mən özüm də özümü dərk edəndən kinoda çalışıram və əlbəttə ki, filmlə real həyat arasındakı fərqi bilirəm.

Mən yazıçı adamam, ona görə də bu anlayışın qiymətini çox gözəl bilirəm. Lakin Xocalıda öldürülənlərin və xalqımın digər qurbanları artıq iyirmi ildir ki, ürəyimdə döyünür. Ona görə də özümü saxlaya bilmədim. Mən bunu edirəm.
Sizə deyirəm:

- İndi isə cənablar, təsəvvür edin ki, öldürülən 613 nəfər amerikalıdır.

Vaxtınızı aldığım üçün üzr istəyirəm.

Böyük hörmətlə,
Ramiz Fətəliyev, kinodramaturq.

26 Şubat 2013 Salı

27 FEVRAL, HƏM DƏ "QANADIMI" İTİRDİYİM GÜNDÜR


Oqtay İrşadoğlu (Əliyev)
(Doğum tarixi: 18.10.1960 - Ölüm tarixi: 27.02.2006).


Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.

Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.
Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatıblar. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmək istəmirlər. Bu kütləvi qırğını törətmiş cinayətkarlar hələ də azadlıqdadırlar. Mən haqq - ədalətin zəfər çalacağına, bu cinayətkarların öz layiqli cəzalarını alacaqlarına ümid edirəm. Bunun üçün xalqımın beynəlxalq birliyin köməyinə də ehtiyacı var.

27 fevral, həm də "qanadımı" itirdiyim gündür. O vaxtdan tək qanadla qalmışam, heç yana uça bilmirəm. Könlüm keçir Qarabağdan, uça bilmirəm. Könlüm keçir İrəvandan, uça bilmirəm. Könlüm keçir Urmiyadan, uça bilmirəm. Tək qanadla uçmaqmı olar ?

Bəli, bu gün, yeddi il bundan əvvəl "qanadımı" itirdiyim gündür. Bu gün, mərhum qardaşım Oqtay İrşad oğlu Əliyevi itirdiyim gündür.

OQTAY İRŞAD OĞLU ƏLİYEVİN İŞ ARDICILLIĞI :

1) 1986 - cı ilin fevral ayından 1987 - ci ilin fevral ayınadək SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk şəhərində yerləşən ali məktəbində ali kursların dinləyicisi olmuşdur.

2) 1987 - ci ilin fevral ayından 27 fevral 2006 - cı il tarixinədək ( yəni, iş başında rəhmətə gedənədək ) Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin orqanlarında və Nazirliyin özündə yorulmadan çalışmışdır.

3) Keçiriləcək əməliyyat əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün 1990 - cı ilin yanvar - fevral aylarında MTN - nin Ağdam rayon şöbəsinə, erməni silahlı dəstələrinə qarşı döyüşlərdə iştirak etmək üçün 1991 - ci ilin iyul ayında isə MTN - nin Goranboy rayon bölməsinə ezamiyyətə göndərilmişdir. Oqtay İrşad oğlu Əliyev ona tapşırılan vəzifəni məsuliyyətlə icra etmişdir.

4) 1992 - ci ilin fevral ayından 1993 - cü ilin avqust ayınadək MTN - nin Ağdam rayon şöbəsində könüllü xidmət edərək keçirilən bir sıra hərbi əməliyyatlarda da yaxından iştirak etmişdir. Ağdam rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunmazdan 2 (iki) gün əvvəl bölmənin istifadəsində olan əməliyyat rabitəsini, icraatında olan bütün əməliyyat sənədlərini öz təkid və təşəbbüsü ilə şəxsən xilas edib çıxarmış və mühüm sənədlərin düşmənin əlinə keçməsinə imkan verməmişdir. Oqtay İrşad oğlu Əliyev həmin sənədləri MTN - nin Yevlax rayon şöbəsinə təhvil vermişdir.

5) 1993 - cü ilin avqust ayında yenidən MTN - nin Biləsuvar rayon şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir.

6) 1995 - ci ilin dekabr ayının axırlarında MTN - nin Yardımlı rayon şöbəsinə əməliyyat müvəkkili təyin edilmişdir.

7) Vətənə göstərdiyi təmənnasız xidmətlərinə, tutduğu vəzifələrin öhdəsindən layiqincə gəldiyinə və rəhbərlik tərəfindən verilən tapşırıqları ləyaqətlə yerinə yetirdiyinə görə Oqtay İrşad oğlu Əliyev irəli çəkilərək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin özündə işlə təmin edilmişdir.

8) 1997 - ci ildə "Qarabağ Müharibəsi Veteranı" adını qazanmışdır.

9) Oqtay İrşad oğlu Əliyev 25 mart 2005 - ci ildə 10 (on) il qüsursuz xidmətinə görə 3 - cü dərəcəli, 15 (on beş) il qüsursuz xidmətinə görə 2 - ci dərəcəli medallarla və sonrakı fəaliyyətində digər mükafatlarla təltif edilmişdir.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyevin vətənimiz, xalqımız, dövlətimiz üçün gördüyü işlərdən, aldığı qiymətli mükafatlardan bu vaxtadək çox soydaşımız xəbərsiz olub. Oqtay Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında şəhid olub.

Allah rəhmət eləsin !

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN ! AMİN ...
Adil İrşadoğlu (Əliyev).
27.02.2013.

11 Şubat 2013 Pazartesi

Akif NAĞI: DİŞLƏRİ SINDIRILAN RUS AYISININ QUDUZLAŞMASI


Mən “Qarabağ məsələsini Rusiya yaradıb” deyənlərin fikrini heç vaxt bölüşməmişəm və bu tezisi yanlış hesab etmişəm. Rusiya özü nəisə yaratmır, amma yaranmış situasiyalardan çox bacarıqla istifadə edir. Heç kəs mübahisə etməz ki, ötən əsrin 60-cı illərindəki Karib böhranını Rusiya yaratmamışdı, amma bacarıqla istifadə etdi, 60 nüvə başlıqlı raketini Kubaya yerləşdirdi, ötən əsrdən bu günə qədər davam edən “ərəb baharı” hadisələri, son Suriya hadisələri də bu qəbildəndir.

Rusiya Suriyadan hələ tam istifadə edib qurtarmayıb, ona görə də məsələ hələ də davam edir, İranla bağlı da eyni fikirləri demək olar.

Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə ilə bağlı problemləri də Rusiya yaratmayıb, amma gördüyünüz kimi, çox məharətlə istifadə edir. İstər bu münaqişələrin, istərsə də Qarabağ məsələsinin Rusiya tərəfindən deyil, başqa amillərin təsiri altında yarandıqlarını sübut etməyə yer ayırmaq istəmirəm. Bunu hər kəsin öz ixtiyarına buraxıram. Müqayisə üçün onu da deyim ki, Rusiyadan fərqli olaraq ABŞ problemləri özü yaradaraq həlli ilə məşğul olmağı xoşlayır, özü yaratmadığı problemlərə girişmir. Qarabağ məsələsinə münasibətdə bunu göstərmək olar. Bu, bir “panamerikan eqoizmi” ilə bağlıdır. Monro doktrinasını xatırlayırsınız: “Amerika amerikalılar üçündür!” Yəni buranın problemləri də, hər şeyi də bizlikdir. Birinci dünya savaşından sonra bu doktirina bir qədər dəyişildi: “Dünya amerikalılar üçündür!” Bu doktrinaya görə, ABŞ dünyanın istənilən nöqtəsində “milli təhlükəsizliyinə təhlükə” adlı problemlər yaradır və həlli ilə məşğul olur.

Qayıdaq konkret mövzumuza. Rusiya Qarabağ məsələsi ortaya çıxan kimi onun “əhəmiyyəti”ni dərhal dəyərləndirdi və yararlanmağa başladı. 1988-ci ildən bu günə qədər davam edən hadisələri düşünərək gözünüzün qabağından keçirin. Çoxları deyirlər ki, Qarabağın açarı Rusiyanın əlindədir. Bu, Rusiya təbliğatının ictimai rəyə yeritdiyi fikirdir. Qarabağ məsələsinin həlli bu məsələnin Rusiyanın əlindən alınması ilə mümkündür. Bu, real bir işdir, heç kəs özünü qorxutmasın və Rusiyanın təsir agentlərinin yaydıqları fikirlərə uymasın.

Mənim müşahidələrimə görə, Azərbaycan hakimiyyəti Rusiyanın Qarabağ məsələsindən kənarlaşdırılması istiqamətində ilk addımlarını artıq atır. Rus ayısının dişlərinin sındırılması prosesi başlayıb. Ramil Səfərovun gətirilməsi, Qəbələ RLS-nin geri alınması, neft-qaz lahiyələrindəki fərqli təşəbbüslər bu dişsındırma prossinin görünən tərəfləridir. Mən əminəm ki, daha ciddi, amma görünməyən məsələlər də var. Dişləri sındırılan ayının quduzlaşması da göz önündədir. Xocalı aeroportu, “Milyarderlər İttifaqı”, Əkrəm Əylisli olayı, Moskvadakı aksiyalar, Azərbaycanın bölgələrində aksiyalar, Narişkinin son açıqlaması, Putinin hələ də küsülü vəziyyətdə qalması, rusiyalı ekspertlərin və Azərbaycandakı təsir agentlərinin fəallaşması bu quduzlaşmanın əlamətləridir.

Rusiyanın quduzluq zəminində atdığı addımların heç biri onun gözlədiyi effekti vermədi. Hakimiyyət operativ reaksiya verə bildi, cəmiyyətin isə özünümüdafiə instinkti işə düşdü. Rusiyanın Azərbaycanda təsir imkanlarını sürətlə itirdiyi adi gözlə də görünür. Şimal qonşumuz bu imkanlanları, mövqeyini bərpa etmək və möhkəmləndirmək üçün iki vasitədən istifadə edə bilər: hakimiyyətin daxilində yerləşdirdiyi təsir agentləri və müxalifətin daxilindəki hakimiyyət hərisləri. Kreml son dövrə qədər bu amillərin hər ikisindən müxtəlif məqamlarda yaralana bilib. Hakimiyyət öz daxilindəki təsir agentləini neytrallaşdırmaq gücünə malikdir, sadəcə bu gücdən səmərəli və qətiyyətlə istifadə olunmalıdır.

Rusiyanın öz istəyinə çatıb-çatmayacağı daha çox cəmiyyətin, xalqın özünümüdafiə qabiliyyətindən asılı olacaq. Cəmiyyət, xalq aldadılmasına imkan verməsə, düşmən istəyinə nail ola bilməyəcək. Bunun üçün hər kəsi, partiya, QHT rəhbərindən tutmuş sıravi vətəndaşa qədər hamını 3 prinsipi yaddan çıxartmamağa çağırıram: dövlətin möhkəmlənməsi, müstəqilliyin artırılması, ərazi bütövlüyünün bərpa edilməsi. Hakimiyyət, vəzifə, var-dövlət–hamısı müvəqqətidir, qalan, daimi olan dövlət, müstəqillik və torpaqdır. Bunları heç kəs yaddan çıxartmasın, istənilən addımını atanda bu 3 dəyəri, pirinsipi fikirləşsin: hərəkətimiz bunların saxlanmasına, qorunmasına, güclənməsinə xidmət edir, yoxsa əksinə?!

Fikrimin aydın başa düşülməsi üçün bir misal çəkim. Mənim üçün bir məmur balasının əyyaşlıq etməsi, adamları təhqir etməsi eybəcərlikdi, vəhşilikdi, amma dövlətçilik üçün o qədər də təhlükəli deyil. Həmin əyyaşın hərəkətərinə görə küçəyə çıxmaq, hər şeyi dağıtmaq isə dövlətçilik üçün çox təhlükəlidir.

Azərbaycan hakimiyyəti və cəmiyyəti, hər bir vətəndaş dövlətçilik, vətənçilik mövqeyində dayansa, Rusiya Azərbaycanda həmçinin Qafqazda heç nə edə bilməz. Ondan sonra Qarabağ məsələsini Rusiyanın əlindən almaq elə Qarabağın azadlığı demək olacaq.

QAT.AZ

21 Ocak 2013 Pazartesi

“AZƏRBAYCAN TƏKCƏ ERMƏNİSTANLA MÜHARİBƏYƏ HAZIRLAŞMIR...”



Rusiyada nəşr olunan “Hərbi icmal” jurnalı: “Dünya xəritəsində “Böyük Azərbaycan” yarana bilər...”
“Bölgədə Azərbaycanın iki güclü müttəfiqi var - Türkiyə və İsrail”


Rusiyanın “Hərbi icmal” adlı jurnalında “Azərbaycan kiminlə savaşa hazırlaşır?” başlıqlı məqalə dərc olunub. Məqalədə bildirilir ki, Azərbaycan özünün hərbi qüdrətini artırmaqda davam edir və bu, ölkənin xarici siyasətində də özünü göstərməyə başlayıb.

Analitik məzmunlu yazıda deyilir: “2012 - Qlobal hərbiləşmə indeksi”nə (GMİ) əsasən, Azərbaycan dünyanın ən hərbiləşdirilmiş ölkələrindən biridir. Bu reytinq 1990-cı ildən Bonn Beynəlxalq Konversiya İnstitutu (BICC) tərəfindən 149 dövlətdən alınan məlumatlar əsasında tərtib edilir. Hərbi xərclərə UDM-nin 5.7 faizini yönəldən Azərbaycan bu siyahıda 8-ci yerdə qərar tutub (Müqayisə üçün, ABŞ-da bu rəqəm 4.7, Rusiyada isə 3.02-dir)". (http://topwar.ru/23115-s-kem-sobiraetsya-voevat-azerbaydzhan).

Daha sonra müəllif başlığa çıxarılmış suala cavab verməyə çalışır: “Azərbaycan kiminlə döyüşə hazırlaşır? Aydındır ki, ən birinci məqsəd Dağlıq Qarabağdır. Azərbaycan Ordusu qüvvətləndikcə ölkənin siyasətçiləri və ictimaiyyətinin danışıq tonu da aqressiv xarakter almaqdadır. Bu, çox təhlükəlidir, çünki ordunun gücü ilə xarici siyasət problemini həll eləmək meyli yaranır. Vəziyyəti ağırlaşdıran həm də odur ki, region bütövlükdə güclü sabitsizliyə məruz qalıb və situasiya pisləşməkdə davam edir. Bakı "bulanıq suda balıq tutmağa" risklənə bilər. Nəzərə almaq lazımdır ki, bölgədə Azərbaycanın iki güclü müttəfiqi var. Türkiyə Azərbaycana dəstək verə bilər, özü də təkcə siyasi və mənəvi planda yox, həm də Ermənistana qarşı və öz potensialı ilə həm də Rusiya və İrana qarşı. İkinci güclü müttəfiq İsraildi. İsrail İran məsələsinə görə Azərbaycanın silahlı qüvvələrinin və hərbi-sənaye kompleksinin güclənməsində maraqlıdır. Bundan əlavə, Bakının qlobal əhəmiyyətli “çətiri” var - o, ABŞ və NATO ilə fəal şəkildə əməkdaşlıq edir".

Məqalədə ardınca iddia edilir ki, Bakının Dağlıq Qarabağ problemini həll eləmək və 1991-94-cü illərdəki hərbi məğlubiyyətə görə revanş götürmək həvəsi nə qədər güclüdürsə, bölgədə situasiya da bir o qədər pisdir: “Hazırda Azərbaycan hərbi quruculuq sahəsində Ermənistanı ciddi şəkildə üstələyib. Bakının ritorikası son zamanlar Qafqazda yeni müharibənin başlanması baxımından təhlükə kəsb eləməkdədir. Belə ki, ötən ilin fevralında Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın qəvi düşməni İsraildən 1.6 milyard dollarlıq silah-sursat alınmasına münasibət bildirərkən deyib ki, silah Azərbaycan torpaqlarını azad eləmək məqsədilə ələ edilib”.

Şərhdə daha sonra deyilir: “2012-ci il dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ da, indiki Ermənistan da tarixi Azərbaycan torpaqlarıdır, uydurma Ermənistan dövləti tarixi Azərbaycan ərazilərində yaradılıb və indi də ikinci uydurma erməni dövləti qurmaq istəyirlər. "Zaman yetişəcək ki, biz istənilən yolla öz ərazi bütünlüyümüzü təmin edəcəyik. Həm tarixi ədalət, həm də beynəlxalq hüquq bizə belə haqqı tanıyır", - söyləyib dövlət başçısı. Bu isə faktiki olaraq müharibə deməkdir, hansı ki, artıq heç əlçatmaz da deyil".

Ancaq müəllifə görə, Azərbaycan yalnız Ermənistanla müharibəyə hazırlaşmır: “Uzaq (hətta orta-yaxın) perspektivdə onun İran və Rusiya ilə də konflikti ola bilər. Düşünmək lazım deyil ki, belə müharibə mümkünsüzdür. Çoxmu insan 2008-ci ildəki Rusiya-Gürcüstan hərbi konfliktini proqnozlaşdırırdı? Rusiya Azərbaycan-Ermənistan konfliktinə avtomatik şəkildə, müharibə eləmək istəyi olmadan belə cəlb olunacaq... Rusiyanın Azərbaycanla toqquşması isə öz növbəsində Kremli Türkiyə ilə münaqişə vəziyyətinə gətirə bilər. Azərbaycanla və tanınmamış "DQR"lə sərhəddə vəziyyət isə olduqca gərgindir".

Məqalədə həmçinin İran təhlükəsi ilə bağlı Bakının öz hərbi-dəniz qüvvələrini gücləndirməsinə diqqət çəkilir: “Bu, ikinci dərəcəli məsələ hesab edilmir. Çünki dənizdə Azərbaycanın iki potensial rəqibi var - İran və Rusiya... Azərbaycanda rus hərbi mövcudluğunun son qalığının - Qəbələ RLS-in ləğvi də təsadüfi deyil. Beləcə, Bakı öz qəti geosiyasi seçimini Rusiyanın potensial rəqibləri olan ABŞ, NATO və Türkiyənin xeyrinə eləmiş oldu. Aydındır ki, Azərbaycanda rus hərbçilərinin varlığı Qərb üçün arzu olunan deyil. Bu kontekstdə azərbaycanlı deputatların ölkənin adını "Şimali Azərbaycan"a dəyişmək təklifləri də diqqətdən yayınmır. Azərbaycan Qərbin dəstəyi olmadan özündən qat-qat güclü İranı qıcıqlandıra bilməzdi. Bununla da işarə vurulur ki, İranın parçalanacağı halda Bakı onun etnik azərbaycanlılar yaşayan ərazisinə iddialıdır. İş ondadır ki, azərbaycanlılar İranda əhalinin etnik say etibarı ilə müxtəlif dəyərləndirmələrə görə, 16-45 faiz təşkil edir və əsasən də Güney Azərbaycanda yaşayırlar (Qərbi Azərbaycan, Şərqi Azərbaycan vilayətləri, Zəncan, Ərdəbil mahalları). İranın əhalisi 80 milyon nəfərə yaxın, Azərbaycanın isə 9 milyondur. İranın parçalanması planı baş tutarsa, dünya xəritəsində “Böyük Azərbaycan” yarana bilər. Belə ki, İran Azərbaycanı ərazicə də, əhali sayı etibarilə də paytaxtı Bakı olan eyni adlı dövlətdən çox böyükdür. Qərb “şans” versə, yəqinliklə demək olar ki, Azərbaycan rəhbərliyi İran İslam Respublikasının etnik və doğma ərazilərini birləşdirməyə çalışacaq".

İcmalda qeyd edilir ki, Bakının İranın bölünməsində iştirakı hətta Dağlıq Qarabağ uğrunda müharibədən də önəmlidir: “Tehran hazırda Ermənistana energetik, qismən də nəqliyyat təcridindən qurtulmağa kömək edir. Müasir İranın məhvindən sonra Qarabağ probleminin həlli isə asanlaşa bilər. Bundan ötrü Rusiya ilə konfliktin informasiya bazası hazırlanır. Belə ki, sabiq dövlət müşaviri Vəfa Quluzadə bəyan edib ki, Azərbaycanın bir nömrəli düşməni Rusiyadır. Onun sözlərinə görə, "Rusiyanın dağılması Azərbaycana öz ərazi bütövlüyünü müharibəsiz bərpa eləmək imkanı verəcək", çünki Ermənistanın bu halda müqavimət göstərməsi tam mənasız olacaq..."

Məqalədə həmçinin hazırda Rusiyanın rəsmi Bakıya effektli təzyiq rıçaqlarının olmamasından yana təəssüf vurğulanıb.

Jurnalın analitik yazısında yer almış bəzi məqamlarla razılaşmaq şübhəsiz, çətindir. Onlardan biri Azərbaycanın müasir silahlar hesabına öz ordusunu gücləndirməsi və hərbi xərcləri ilbəil artırması ilə bağlıdır. Sual ortaya çıxır, ərazisinin 20 faizi işğal altında olan ölkə aparılan 19 illik sülh danışıqlarının da vaxt uzatmağa xidmət etdiyini görüb nə etməlidir bəs? Dünyanın hansı normal ölkəsi işğala on illərlə dözər?

Yaxud belə bir iddia ki, Azərbaycan ordusunu gücləndirməklə öz xarici siyasət problemini həll eləmək həvəsinə düşə bilər. Pardon, Dağlıq Qarabağ Azərbaycan üçün xarici siyasət problemi deyil, olmayıb. Bu, daxili, ərazi bütövlüyü, suverenlik problemidir. Ən azından BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnaməsi, Avropa Şurasının, Avroparlamentin, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri bunu inamla söyləməyə əsas verir...

Zahid SƏFƏROĞLU

19 Ocak 2013 Cumartesi

QANLI YANVAR – XALQIMIZIN QAN YADDAŞI




Azərbaycan xalqının azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə mübarizə tarixinə 1990-cı il 20 yanvar gecəsi daha bir şərəfli gün kimi daxil oldu. Ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə çıxış edən Ermənistanın təcavüzkar siyasətinə qarşı kəskin etiraz bildirən və SSRİ rəhbərliyinin ermənilərə haqsız olaraq himayədarlıq etməsinə hiddətlənən xalqımız paytaxt Bakının küçə və meydanlarına çıxaraq tapdalanmış hüquqlarını tələb etməyə başladı.

Etiraz dalğası ölkəmizin, demək olar ki, bütün regionlarını əhatə etməyə başlamışdı. Əsas 11 rayonda izdihamlı mitinqlər təşkil edildi. Dağlıq Qarabağın Ermənistana birləşdirmə cəhdləri, erməni terror və quldur birləşmələrinin Azərbaycan kəndlərinə vəhşicəsinə basqını, silahsız və günahsız soydaşlarımızın qətlə yetirilməsi, yüzminlərlə soydaşımızın öz qədim yurdundan - Qərbi Azərbaycan torpaqlarından işgəncələrlə qovulması xalqımızın “səbrini daşdırmış” və insanlar meydanlara axın etmişdilər.

SSRİ rəhbərliyi yerli əlaltılarının köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şəraiti tapa bildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 24-dən “ Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi ilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilmədi. Fövqəladə vəziyyətin başlanma vaxtı gizli saxlanıldı. Fövqəladə vəziyyətin, komendant saatının vaxtında elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi. Ona görə də AXC İdarə Heyəti komendant saatı tətbiq olunduğu təqdirdə orduya müqavimət göstərmədən piketləri götürmək haqqında qərar qəbul etmişdi. Lakin eyni zamanda, piketçilər Moskvanın və respublika rəhbərliyinin səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar.

Xalqın məlumatlandırılmaması üçün yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də gecəyarıdan başlayacağının elan olunmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı” kimi həyata keçirilən bu qanlı hərbi plana SSRİ müdafiə naziri D.Yazov birbaşa özü rəhbərlik edirdi. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əskərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda adamları avtomat silahdan atəşə tuturdular. Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik stansiyalarının işçiləri küçə fənərlərini söndürmüşdülər.

Lakin qaçıb müxtəlif sığınacaqlarda gizlənən adamlar döyüş texnikasının projektorlarının köməyi ilə tapılır, atəşə tutulurdular. Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Sovet hərbçiləri təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Onlar tibb müəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi personalın yaralılara köməyə getməsinə mane olurdular.

Bakıya və respublikanın digər yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 137 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmışdı. 400 nəfərdən çox insan həbs olunmuş, 4 nəfər itkin düşmüşdü. Evlər yandırılmış, ictimai və şəxsi nəqliyyat vasitələrinə böyük maddi ziyan dəymişdi. Fövqəladə vəziyyət haqqında fərman yanvarın 20-də saat 7-də elan olunmuşdu. Qanlı Yanvara etiraz olaraq respublikada 40 günlük ümummmilli tətil başlandı. Azərbaycanda yüksək vəzifə sahibi olanlar xalqa kömək etmək, ona arxa olmaq əvəzinə, vəzifə kürsülərini qorumaq naminə qaçıb gizləndilər. Bir sıra qabaqcıl ziyalılar yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdilər. Ziyalıların səsini boğmaq, onları qorxutmaq üçün bu mitinqin iştirakçısı olan iki görkəmli elm xadimi, professor işə gedərkən tankın altına salınıb məhv edildi. SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın keçirdiyi əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı.

Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşun hissələrinin Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslavakiya, Macarıstan, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni Sovet İttifaqının müttəfiq respublikalarından biri oan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Hərbi müdaxilənin daha amansız olması üçün qoşun birləşmələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi.

“Şit” təşkilatına mənsub müstəqil hərbi ekspertlərin hesabatından bəlli olur ki, Bakıya yeridilmiş qoşun kontingentinin sayı 60 minə çatırdı. Onlar “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər. “Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir, ektremistlər Salyan kazarmalarının (Bakıda əsas qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər. Təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər, Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”- kimi fikirlər sovet generallarının əsgərlərə verdiyi göstərişlər idi.

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Güya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində hadisələrin eybəcər gedişatı onu sübut etdi ki, Sovet rəhbərliyinin gəldiyi bu “qənaət” tamamilə ağ yalan və hiyləgərliyin göstəricisi idi. Məsələ ondadır ki, əgər sovet rəhbərliyinin iddiaları həqiqət olsaydı belə, Bakıya 60 minlik qoşun göndərməyə ehtiyac yox idi.Çünki, həmin vaxt burada daxili qoşunların 12 minlik əsgəri və Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Yəni bütün bunlar Sovet rəhbərliyinin göstərdiyi amansız şou idi və xalqın silahsız olduğunu görəndən sonra belə ordu öz vətəndaşlarına qarşı terror etməkdən çəkinmədi.

Həmin gün xalqımız ən ağır günlərini yaşayırdı. Vahimə içində hadisələrin gedişatını həyəcanla izləyən kütlə nə edəcəyini də doğru-dürüst anlamırdı. Yaşanan şok və 70 il qardaş və xilaskar obrazı kimi xalqa təbliğ edilmiş bir ordunun belə qırğın törətməsi inandırıcı deyildi. Lakin fakt faktlığında qalırdı ki, Sovet İttifaqı artıq etibarını və əvvəlki imicini itirmişdi.
Yanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda iştirak etdi. Bu ağır günlərdə böyük siyasətçi xalqla bir yerdə olduğunu bildirərək, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Bu tarixi çıxışın mətni respublikada, bütün dünyada geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi nüfuzlu şəxsiyyətin, doğma oğlunun onunla olduğunu, onu cəsarətlə müdafiə ediyini gördü, bir daha ürəkləndi.
Bakı şəhəri və bütün Azərbaycan, fövqəladə vəziyyətin olmasına baxmayaraq, yanvarın 22-də şəhidlərlə vidalaşdı. Şəhər matəm libası geyinmişdi. Respublikada üç gün matəm elan olunmuşdu. “ Azadlıq” meydanında böyük izdihamlı matəm mitinqi keçirildi. Mitinqdə milyondan artıq insan iştirak edirdi. Bu görünməmiş izdiham idi. Azərbaycan xalqı ilk dəfə idi ki, belə böyük etiraz səsini ucaldan izdihamın şahidi olurdu. Tarixən böyük dövlətlər yaratmış xalqımız sovet müstəmləkəsinə çevriləndən sonra ilk dəfə idi ki, öz haqq səsini belə ucaldırdı.

O gün, hamı bir yumruq kimi Vətənin dərdini bölüşmək üçün meydana axın-axın gəlirdi. Gurultulu, emosional, milləti milli mübarizəyə səsləyən bəyanat və çıxışlar eşidilirdi. Küçələrdə, Azərbaycan KP Mərkəzi Komitəsinin binasının divarlarında “Qorbaçov cəlladdır!”, “ Rədd olsun Sov. İKP!”, “ İşğalçılar, rədd olub gedin!” və s. kimi şüarlar yazılmışdı. Partiya biletlərindən tonqallar qalanırdı. Şəhidlər izdihamın müşayəti ilə şəhərin ən hündür nöqtəsində—Dağüstü Parkda dəfn edildilər. Xalq dəfn mərasimində iştirak etdi. Hamı bir nəfər kimi şəhidlərimizin layiqli şəkildə torpağa tapşırılması üçün əsl milli qeyrət nümayiş etdirdi. Görünməmiş hadisədir ki, 40 gün ərzində xiyabanı 22 milyondan artıq insan ziyarət edirdi. Bütün bölgələrimizdən olan vətəndaşlarımız şəhidlərimizlə vidalaşmağa gəlmişdilər. Hətta elə insanlarımız da var idi ki, hər gün oranı ziyarətə gəlirdi. Bu birlik ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqəti uğrunda canlarından keçən Vətən övladlarının şərəfinə idi. Hansı ki, bu günkü müstəqilliyimizin birbaşa səbəkarları məhz onlar idi.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan millətimizin həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

SSRİ rəhbərliyi öz bədnam cinayətkar əməllərindən peşman olmaqdansa hadisələri təhrif etmək və dünyaya yalan informasiya çatdırmaq yolunu tutmuşdu. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutduğu bir vəziyyətdə o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq - mühafizə orqanlarına qarşı qaldırmaqdır”. Bu da öz növbəsində Mərkəzin başında duranların və onlara canla-başla xidmət edənlərin iç üzünü bir daha üzə çıxartdı.

“Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materiallarının 69 cildi Bakıdan Moskvaya,keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu qiyməti almayıb. Ümumxalq matəm günü elan edilmiş hər il yanvarın 20-də başda cənab Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan rəhbərliyi, ölkədəki diplomatik korpusun təmsilçiləri, bütün ictimai sektoru təmsil edən fəallar, vətəndaşlar faciə nəticəsində həlak olmuş insanların dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edir.

20 Yanvar qətliamının ildönümlərində Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də kənd və qəsəbələrində dövlət bayraqları matəm əlaməti olaraq endirilir, Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, bütün gəmilər, avtomobillər və qatarlar siqnal verir.

İstiqlal tariximizin şərəfli səhifəsi olan 20 Yanvar günü Vətənimizin azadlığı uğrunda hayqırtısı idi. Bu hayqırtını, bu səsi boğmağa çalışsalar da şəhidlərimiz buna imkan vermədilər. Azərbaycan şəhidi mərdlik, cəsarət mücəssəməsi olmasını sübut etdi. Onlar sübut etdilər ki, azadlığı heç bir xalqa qızıl nimçədə hədiyyə vermirlər. Onu qazanmaq üçün vuruşmaq, mübarizə aparmaq lazımdır. Biz bir xalq kimi öyünə bilərik ki, belə şəhidlərimiz var. Bu torpaqdan ötrü kifayət qədər canından keçən oğul və qızlarımız var. İllər keçdikcə dəyişən nəsil üçün nümunəvi vətənpərvərlik məktəbimiz var.

“Xalq qəzeti”