Translate

13 Şubat 2012 Pazartesi

XOCALI SOYQIRIMI...



Xocalıda şəhid olan insanların heç birinin ruhu əbədiyyətə qovuşmayıb. Bu zalım dünyada sürünüb bizdən ədalət gözləyirlər.




"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Zori Balayan "Ruhumuzun dirçəlişi"
adlı kitabından




 
Dünyada baş verən bütün soyqırımlardan fərqlidir Xocalı.. Uzun illər boyu dünyanın müxtəlif ölkələrində həyata keçirilən, tarixə düşən heç bir soyqırım faktı Xocalıdakı qədər amansız olmamışdı. İndiyə qədər görülməyən vəhşiliklər, insan təsəvvürünə sığa bilməyəcək qədər amansız zülm, dillə deyilə bilməyəcək yanğı yaşandı həmin gün.. Sinizmdən doğan amansızlıq Cənubi Qafqazda növbəti humanitar fəlakəti Azərbaycan tarixinə qanlı hərflərlə yazdı...
Düşünəndə ki, orda həlak olan hər kəsin gələcəyi, hər bir körpənin gəncliyi, hər bir gəncin sevgisi, ümidləri, arzuları vardı...
Ailələri, valideynləri, övladları, dostları, sevdikləri də həmçinin..
Faciənin dərinliyini şəkillərə baxdıqca daha çox dərk edir insan. O insanlara ki, bütün həyatları zalım bir siyasət, əsassız bir iddia, vəhşi bir qətliam sonucu heç olub, bitib. Onlar necə yaşaya bilərdi, böyüyə, sevə-sevilə, yaşlana, övlad sahibi, sənət sahibi, alim, həkim ola bilərdilər. Amma olmadılar, ola bilmədilər, çünki o gün ermənilər neçə -neçə insanı qansızca, amansızca qətl etdilər. Çünki əsrlər boyu xəlvətə yatan tülkülər, o gün fürsətdən istifadə silahsız, günahsız insanları hazırlıqsız, köməksiz yaxalaya bilmişdi. Ermənilərin illərlə damarlarında axan mənfur intiqam hissi üçün o gün ehtişam günü idi.

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".
"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi"


Yazıçı-jurnalist David Xerdiyanın
"Xaç uğrunda" kitabından




  Bir çox insanlar sonralar bu hadisəni tədqiq edərkən Xocalının mühasirəyə düşdüyü gün boşaldılmadığı üçün ittihamlar irəli sürürdü. Amma heç kim anlamırdı - Xocalılar evlərini qoyub getmək istəmirdilər. Onların içindəki son ümidi hələ sönməmişdi, hələ Vətənlərinin, Ana Yurdlarının, gözəl şəhərlərinin düşmən əlinə keçməyəcəyinə, qurtulacağına inanırdılar. Məgər bu ümid üçün onları qınamaq olardı? O şəhərdə qalan hər kəs həyatının təhlükədə olduğunu bilirdi. Amma sevgi qorxudan daha güclü idi.. Xocalı sevgisi..

Ay Xocalı.....

  7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağlıq sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Əsasən Dağlıq ərazidən ibarət olan bu bölgə Qırxqız, Qızqala kimi yüksəklikləri ilə tanınır. Badaranın və Qarqarın sahilləri fısdıq meşələri ilə doludur.
Qarabağdakı yeganə aeroportun yerləşdiyi Xocalı bölgədə həm də xüsusi strateji mövqeyə malikdir. Tarixən də məskunlaşma yeri olan bu şəhər qədim tarixi adibələri ilə zəngindir. Buna sübut olaraq Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri, həmçinin son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Buradakı dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) tarixi dəyər baxımından əvəzolunmazdır. Hətta tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.

  Müharibə - tamamilə qəbul olunmayan mənfi bir təcrübədir. İnsan şüuraltında olsa belə özünü müharibə düşüncəsindən qorumağa çalışır. Amma elə müharibələr, elə faciələr var ki, onları bəşəriyyətə daim xatırlatmaq gərəkir. Unutmamaq üçün, təkrar yaşamamaq üçün.. Xocalı məhz belə faciələrdəndir. Burda təkcə qətliama görə yox, bütün döyüş və müharibə qanunlarını pozduğuna görə erməniləri cəzalandırmaq lazımdır. Hansı əxlaqa, hansı insanlığa sığar ki, mühasirədə qalmış insanlara keçmək üçün verilən “açıq dəhliz”vasitəsilə qaça bilən az saylı insanın da önü kəsilsin və onlar da güllələnsin.
Ermənistan-Azərbaycan münaqişəsi zamanı ermənilər Dağlıq Qarabağda çoxsaylı qətllər, zorakılıqlar, amansız ölümlər həyata keçiriblər. Amma məhz Xocalı faciəsi onların mənəviyyatlarının nə qədər eybəcər və vəhşi olduğunu ortaya qoydu. Əsirlikdə qalan insanların Malıbəyliyə və yaxınlıqdakı digər kəndlərə aparıb diri-diri yandıran, yaralanmamış olanların daxili orqanlarını satan, cavanların dişlərini, qocaların dırnaqlarını çəkən, isti dəmirlə dağlayan insan cildindəki vəhşilər həyata keçirdikləri qətliamla qürur duyduqlarını danmırlar. Bütün bunları videolarla görüntüləyən, kəsilən başlarla şəkil çəkdirən məxluqların hansı zehniyyətdə olmasını təsəvvür eləmək çətin deyil. Amma bu qətliamı törədənlər unudurdu ki, bir xalqa qarşı yönəldilən bu cür qətliam və kütləvi zorakılıq halları unudulmur. Və bir insanın faciəsi bütün millətin faciəsinə çevrilir. Xocalıda olduğu kimi...

Haşiyə:

  1992-ci il fevralın 25-i axşam şəhər orda yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu və bir günün içində yer üzündən silindi. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Xocalı işğal olundu.

  Bəşəriyyət tarixində baş vermiş saysız-hesabsız soyqırımlar daim dağıdıcı istilalar, amansız müharibələr, daxili etnik və dini toqquşmalar nəticəsində törədilmişdir. Təbii ki, bu cür qarşıdurmaların sonunda baş verən humanitar fəlakətlərdə xüsusi vəhşət və zorakılıqla törədilirdi. Amma Xocalıda öldürüldükdən sonra həlak olanların məhz öləndən sonra üzərində dəhşətli zorakılıqların, işgəncələrin həyata keçirilməsi, təcavüzü, kəsilən bədən üzvləri, çıxarılan göz və daxili orqanlar, hamilə qadınların bətnindəki uşaqların doğranıb çıxarılması və ya qarnına qaynayan samovarın bağlanması, qadınların döşlərinin kəsilməsi faktdır. Hansı ki, bu faktlar yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində foto şəkillərlə təsbit edilmişdi. Birinci dəfə meyidləri götürə bilməyən qrup, sadəcə bir gün sonra onların arxasınca gedəndə artıq meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları ilə üzləşmişdilər.
  Yer üzündə elə bir fikir, elə bir düşüncə tərzi yoxdur ki, insan ümidlərini insan həyatını məhv etməyə haqq qazandıra bilsin. O insanların ölümünə, onların yaxınlarının yaşadığı faciəyə heç kim haqq qazandıra bilməz. Ən dəhşətlisi budur ki, faciəni yaşamış millət olaraq biz bu gün dünyaya Xocalını tanıtmağa, sübut etməyə çalışırq.. Ağrılıdır deyilmi?

Nyurenberq zəngləri

Xatırlayırsınıza faşist Almaniyasının törətdiyi qanlı soyqırımı Nyurenberq məhkəməsi “bütün bəşəriyyətə qarşı törədilən cinayət” hesab etmişdi. Məhkəmə qərarı çıxarılan gün – minlərlə insanın ədalət gözlədiyi o, böyük gün, Nyurenberqdə şəhərin bütün kilsələri şəhidlərin qanının yerdə qalmadığı, ədalətin bərqərar olması xəbərini bildirmək üçün eyni zamanda çalmışdıar. O gün faşistlərin amansızlıqla həyata keçirdiyi soyqırım qurbanlarının ruhu əbədiyyətə qovuşmuşdu, rahatlıq tapmışdı.
Bəs Xocalı? Axı orda da xüsusi amansızlıqla, ölənə qədər və öləndən sonra müxtəlif təcavüz və işgəncələrə məruz qalan şəhidlərimizin ruhları Ədalət istəyir. Xocalıda şəhid olan insanların heç birinin ruhu əbədiyyə qovuşmayıb. Bu zalım dünyada sürünüb bizdən ədalət gözləyirlər. Məhz elə buna görə də Xocalı soyqırımını törədənlər artıq beynəlxalq məhkəmə qarşısına çıxmalıdırlar. Xocalı şəhərində insanlıqdan kənar qətliama əmr vermiş, soyqırımın törədilməsində iştirak etmiş hər kəs öz layiqli cəzasını almalıdır.
Planetin hər bir vətəndaşı anlamalıdır ki, Soyqırım yalnızca bir xalqın, bir millətin ağrısı deyil. O həm də bütün planetin, bütün bəşəriyyətin acısıdır. Və hər kəs ədalətin bərqərar olması üçün əlindən gələn hər şeyi etməlidir. Bü, ölənlərin ruhu qarşısında olan borcdur. Bu, faciəni yaşamış, həyatına bu dəhşətlə davam edən, mənəvi-psixoloji zərbə almış insanların qarşısında olan borcdur. Bu, belə faciələrin dünyada artıq yaşanmaması üçün Gələcək qarşısında olan borcdur. Çünki cinayət cəzasız, müqəssirlər mühakimə edilməmiş qalarsa, keçmişimiz gələcəyimizə çevrilə bilər. Məhkəmələr qurulsun! Xocalı faciəsi üçün artıq Nyurenberq zəngləri çalınsın! Nəhayət ki, Xocalı şəhidlərinin ruhu da rahatlıq tapsın! Onlar bu günü uzun illərdir ki, gözləyirlər...

Aynurə İmranova

Yazı Azərbaycan Mətbuat Şurasının «Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə birlikdə Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı keçirdiyi yazı və publisistik məqalələrin müsabiqəsinə təqdim olunur.

1 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...

Xocalıda şəhid olan insanların heç birinin ruhu əbədiyyətə qovuşmayıb. Bu zalım dünyada sürünüb bizdən ədalət gözləyirlər.