Translate

4 Şubat 2012 Cumartesi

QARDAŞ İTİRƏNLƏR QANAD İTİRİR...

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyevin əziz xatirəsinə həsp edirəm.





Sənin yoxluğuna inana bilmirəm. Sənin haqqında xatirə yazmaq necə də çətindir. Sənin yaşamış olduğun mənzilin qapısını hər döyəndə ürək ağrısı keçirirəm. Çünki o qapını üzümə sən açmırsan mənim Oqtay qardaşım, oxa tay qarındaşım!

Nəhayət 2006 - cı ilin 27 dekabrında qələmi əlimə götürüb səninlə dərdləşmək qərarına gəldim. Küləyin müşayəti ilə ilk qar yağır. Bakı küləyi qışın soyuqluğunu daha da artırır. Sanki bu qış bizi ailəliklə sozaldan sənin yoxluğunu unutdurmaq üçün daha sərt soyuqla başladı. İŞIĞIMIZ sönüb! Həm də bu ürək sözlərimi şam işığında kağıza köçürürəm. 10 aydır ki, anam, bacım, öz ailən və səni sevənlər sənsizliyə heç bilmirəm necə tab gətiriblər? Mənim ağıllı, təmkinli, qeyrətli, vətənpərvər, yaraşıqlı qardaşım, oxa tay qarındaşım! Səndən sonra da düşməni sevindirən heç bir hərəkətə yol vermərəm. ALLAHIN köməkliyi ilə təmkinimi qoruyub saxlaya bilirəm. Daim ALLAHDAN məni namərdlər, nadürüstlər, biqeyrətlər, naxələflər qarsısında sındırmamasını xahiş edirəm, mənim əziz qardaşım, oxa tay qarındaşım!


Sən heç yatdın ki, yuxu da görəsən, dincələsən, çəkdiyin əziyyətlərin bəhrəsini dadasan? Vətənimiz, xalqımız, dövlətimiz üçün gördüyün işlərdən, aldığın mükafatlardan bu vaxtadək çox soydaşımız xəbərsiz olub. Bəzilərini dövlət sirri olduğundan, bəzilərini isə təvazökarlığından bildirməmisən. Sən də doğma Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışmısan. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşmüsən. Deyirdin ki, Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsi Azərbaycanın suveren hüquqlarını tanımış dövlətlərə meydan oxumaqdır, Cənubi Qafqazın təhlükəsizliyinə vurulan ağır zərbədir.


Döyüşdə şəhid olmaq istəyirdin. Ancaq atəşkəs dövrü Vətən həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında şəhid oldun. Sənin gülər üzün, ədalı baxışların, özünəməxsus jestlərin gözlərim önündə canlananda donub qalıram, nəfəsim çatmır, boğuluram, bağrım şan-şan olur. Səni belə tez itirməyimizdən həm təəccüblənir, həm də təəssüflənirəm, mənim nurlu qardaşım, oxa tay qarındaşım!


Bu vaxtadək sənli xatirələrin gücünə dayanmışam. Yadımdadır, Biləsuvarda işlədiyin zaman birlikdə bazarlıq edirdik. Pulumuz tükəndi. Ət dükanının qarşısından keçəndə tanıdığın qassab ət almağını xahiş etdi. Sən isə pul qalmadığını söylədin. Qəssab dedi ki, mən pul üçün səbr edərəm. Sən isə cavabında : - Mən də yavanlığa səbr edərəm - deyib uzaqlaşdın.
Kiminlə olursa olsun söhbət zamanı yeri gəldikcə Həzrət Əlinin (Ə) kəlamlarından istifadə etməyi xoşlayardın.


Deyərdin ki, ən aciz şəxs insanlar arasında dostu olmayandır, onlardan daha acizi isə dostu olub onu itirənlərdir.
Deyərdin ki, böyük şəxslərin zəfəri bağışlamaqdır, ehsan etməkdir. Alçaq şəxslərin zəfəri isə təkəbbür və azğınlıqdır.
Deyərdin ki, ölümü tez-tez yadına salan dünyanın az nemətinə də qane olar.
Deyərdin ki, ey ADƏM oğlu, ehtiyacından artıq qazandığın şeyi başqaları üçün yığırsan.
Deyərdin ki, yaxşı əməllərin ən yaxşısı ən gizli ediləndir.


Əziz qardaşım, yaxşı ki, sənin mənəviyyatın ölmədi, bədənin öldü. Qəlbin ölməsi ən böyük müsibətdir. O gözəl niyyətlərin əməllərindən daha məqbuldur. Deyirlər ki, ürək yanmasa, gözdən yaş çıxmaz. Buna şübhəm yoxdur. Ancaq heyf ki, heç kəs ürəyə axan göz yaşlarını görmür. Mənimlə vidalaşmadan xəstəxanadan bu dünyanı tərk edib getdiyin gecə keçirdiyim sarsıntını unutmadığım an olmur, mənim mərd qardaşım, qorxmaz qardaşım! Bilirmişsən ki, tez öləcəksən. Ancaq mənə elə hey ürək-dirək verirdin. "Bir-iki günə sağalacam, yenə birlikdə olacağıq" - deyirdin. Nə üçün məni qorumağa çalışırdın? Sən yoxsan, elə bil, dünya boşalıb. Tənhalığa isə dözmək çətindir.


Rəhmətlik dostum, şair Ağamalı Sadiq Əfəndi demişkən :


Başı saxlamağa verdi,
Gözü ağlamağa verdi,
Köksü dağlamağa verdi,
Dünya bu imiş, deməli.
-----------
Öndə dəmir, arxada daş,
Bir az qorxu, bir az təlaş,
Yeri görək, yeri, qardaş,
Dünya bu imiş, deməli.
-----------
Yarı yanıq ömür yeri,
Yanı sınıq səbir yeri,
Beş-on qarış qəbir yeri,
Dünya bu imiş, deməli.



Dərdləşdi: Adil İrşadoğlu,
İlk dəfə 27 fevral 2007 - ci il tarixli
"Ədalət" qəzetində çap edilmişdir.

1 yorum:

REALIST ADIL dedi ki...

Ağdamın süqutu 1993-cü il iyulun 23-də başa çatdı. Ermənilər Ağdam rayonunun 77,4 faizini işğal edib və bu gün də işğal altında saxlayırlar. Hazırda Ağdam şəhəri və rayonun 80 kəndi erməni işğalı altındadır. Erməni təcavüzü nəticəsində rayona 13 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib. Ağdam həm də erməni təcavüzkarları ilə döyüşlərdə ən çox şəhid verən bölgələrdəndir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub.