Translate

6 Haziran 2023 Salı

QARABAĞDA, ŞUŞADA ADİL İRŞADOĞLUNUN FƏDAKAR FƏALİYYƏTİNİN ŞAHİDİYƏM



Şaiq Rəşid oğlu Bəşirov


Göstərilən tarixdə - 1989-cu ilin oktyabr, noyabr, dekabr aylarında 

mən də Şuşada idim, DİO da işləyirdim.


Adil İrşadoğlunun həmin vaxt Şuşada, eyni zamanda Qarabağda ardıcıl olaraq qorxmaz, fədakar jurnalist kimi fəaliyyətinin şahidiyəm. Şuşa yerli telestudiyasında hazırladığı ruhlandırıcı verilişlərin fəal tamaşaçısı olmuşam.

Həmin vaxtlar ətraf rayonlar da həmin verilişlərə baxa bilirdilər.

Adil müəllimi hamı çox sevirdi və onunla fəxr edirdi.

Mənim də Adil İrşadoğluna və onun kollektivinə rəğbətim vardı. Ona görə də onları süfrəyə dəvət etdim və orada ürəkdən gələn səmimi, yaddaqalan söhbətlərimiz oldu.

Adil müəllimin Facebook sosial şəbəkəsindəki profilində "Gecikməyin səbəbi bağışlanmazdır və onun haqqını yeyənlər utanmalıdır" adlı yazısını oxuyanda təəssüf hissi keçirdim. Buvaxtadək belə bir fədaiyə "Müharibə Veteranı" adı verilməyib. Əlbəttə, dövlətin qayğısına ehtiyacı olan belə bir şəxsə diqqət gərəkdir, təminatı yüksək səviyyədə olmalıdır. Çox məyus oldum, həm də  qəzəbləndim.

Gec də olsa əlaqədar təşkilatlar bu haqsızlığı aradan qaldırsınlar!

Bir belə əzab, əziyyət çəkən, həyatına risq edib odlu-alovlu müharibədən verilişlər və reportajlar hazırlayan bir şəxsiyyətə hələ də "Əməkdar Jurnalist" adı verilməyib.

Niyə?

Səbəb nədir?

İnsan 70 yaşa çatıb, ömrünün 47 ilini jurnalistliyə qurban verib!

Hanı ədalət?

İstərdım jurnalistlər, bu peşəni sevənlər, bu peşəyə hörmət edənlər səsimə səs versinlər ki, Adil İrşadoğlu layiq olduğu adları alsın!

ƏLBƏTTƏ Kİ, QARABAĞ AZƏRBAYCANDIR !


Hörmətlə, Şaiq Rəşid oğlu Bəşirov.

Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı. 

06.06.2023.


4 Haziran 2023 Pazar

İRAN QABIĞINI DƏYİŞƏR, XİSLƏTİNİ DƏYİŞMƏZ



Hikmət İslamoğlu


Bu ilin əvvəlindən İranın ölkəmizə qarşı daha çox nəzərə çarpan təhdidlərinin, artan təqiblərinin, bəzi hallarda isə qonşuluq prinsiplərinə zidd əməllərinin şahidi oluruq.

Tehrandakı səfirliyimizə və onun əməkdaşlarına qarşı məlum silahlı basqın ölkəmizdə, eləcə də beynəlxalq aləmdə pislənildi, ayrı-ayrı ölkə rəsmiləri, diplomatlar tərəfindən qınanıldı və terror aktı olduğu qeyd edildi.

Azərbaycanın İsraildə səfirlik açmasından sonra İranın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirildi. Məlum aksiyada yenidən  Konsulluğumuzun hədəfə alınması xəbəri Tehran rejiminin növbəti gərginlikdə maraqlı olduğunu göstərdi.

Təbrizdə – Konsulluğumuzun qarşısında keçirilən aksiyada səslənən çağırışları, yumşaq desək müstəqil Azərbaycanın apardığı xarici siyasətə təhdid kimi qiymətləndirmək olar.

Xarici İşlər nazirliyi, siyasi ekspertlərin, çoxsaylı KİV nümayəndələrinin telekanallarda İranın açıq-aşkar ölkəmizə qarşı artan təzyiqlərinə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan müxtəlif fikirlər haqlı olaraq səslənməkdədir.

44 günlik Vətən müharibəsindən əvvəl və sonra iki ölkənin mehriban dostluq münasibətlərinə Azərbaycan dövləti heç bir zaman qonşuluq prinsiplərini pozan bir addım belə atmayıb. Ancaq təəssüflər olsun ki, İran erməni işğalına 30 il məruz qalan ölkəmizi görmək istəməyib. Buna baxmayaraq Azərbaycan İranı hər zaman dost ölkə adlandırıb.

Yuxarıda qeyd etdiyim fikirlərimin əksinə olaraq  İranın molla rejimi işğalçı ermənilərlə birgə əcdadlarımızın məskənini yağmalayıb. Yurdumuzda bir kəndi, qəsəbəni, şəhəri belə salamat qoymayıb, evlərin daşını, yaşayış üçün nə varsa ermənilərlə birgə talayaraq İrana daşıyıblar.

Ölkə əhalisinə məlum olan faktların müəyyən bir qisminə toxunmamaq mümkün deyil.

İranın təbliğat maşını bir az da " irəli"yə gedərək  nədənsə bu iki qonşu ölkənin tarixi, dini, mədəni, etnik bağlarını, ənənəsinə sadiq qalmaq, yaşatmaq inkişaf etdirmək əvəzinə, regionda sülhün və əmin amanlığı pozan işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistana himayədarlıq edir. BMT-nin dörd məlum Qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq təsisatların qəbul etdikləri məlum qərarlarda da Azərbaycanın ərazi bütövlüyü, suverenliyi birmənalı olaraq qəbul edilmişdi.

İranın Azərbaycana qarşı təxribatları,  xüsusən özünü din, məzhəb pərdəsi altında ölkə əhalisinin müəyyən bir qismini aldatmağa, təəssüf ki, nail ola biliblər. Dövlətin güc nazirliklərinin birgə həyata keçirdikləri silsilə əməliyyat tədbirləri fikirlərimizi təsdiqləyir.

İranın ölkəmizdəki diplomatlarının arzuolunmaz şəxs olaraq ölkəmizi 48 saat ərzində tərk etməsi gözlənilən idi. Son aylarda bütün rəsmi və qeyri-rəsmi mənbələrdə cənub qonşumuzun ölkəmizə qarşı artan qanunazidd hərəkət və münasibətləri yuxarı-aşağı ölkə əhalisinin ciddi şəkildə rahatsız etmişdi.

İranın  ölkəmizə qarşı "saman altından su yeritməklə" apardığı qəbuledilməz hərəkətləri, yanaşmalarındakı təxribatların sayı xeylidir. Bu təxribatın, casusluğun yaşı heç də cavan deyil.

Yaxın və bir qədər uzaq tarixi araşdırarkən İranın Azərbaycana qarşı apardığı təxribat və casusluğun qısa olaraq bir neçəsini izləyicilərin diqqətinə çatdırmaq istəyirəm.

Qafqaz canişini Varantsovun yanından əliboş və çarəsiz qayıdan Milli Mücadiləmizin lideri Əhməd bəy Ağaoğlu ermənilərin kənd şəhərlərimizdə dinc əhaliyə qarşı törətdikləri kütləvi qətliamlara, qırğınlara qarşı yeganə müqavimət yolunu yaratdığı və rəhbəri olduğu "Difai" firqəsi ilə terrorçu daşnaklar və onların havadarlarının fəal üzvlərinə qarşı vuruşmaq, döyüşmək yolunu tutmuşdu. Terrorçu dəstələrlə və cinayəti cəzasız qalan daşnaklarla mübarizənin yeganə bir yolu var idi. O da silah və mütəşəkkil təşkilatlanmaqla, quldur və terrorçu dəstələri zərərsizləşdirməklə xalqımıza, millətimizə qarşı cinayətlərin, talan və qırğınların qarşısını fədakar oğullarımızın qeyrəti, igidliyi sayəsində mümkün idi. 

"Difai"ni yaradan və onun fəal üzvlərini, habelə firqənin möhürünün harada hazırlanması Çar Rusiyasının başbilənlərini əməlli-başlı narahat etməyə bilməzdi.

Təşkilatçıları tapmaq, fəalları müəyyən etmək üçün Çar hökuməti  müxtəlif hiyləyə əl atır. Hələ neçə il bundan əvvəl, firqənin coşqun fəaliyyəti dövründə Gəncədə Təbriz mollası peyda olur. Zahiri görkəmi ilə, yəni "mömin", "müsəlman" libaslı Təbrizdən gəlmə molla haqqında Əhməd bəyə xəbər çatır. Ə.Ağaoğlunun molladan gözü su içmir. Təşkilatın üzvlərinə tarşırıq verir ki, onu (oxu: mollanı) ehtiyatı əldən vermədən hara getməsi və kimlərlə görüşməsi bir neçə gün ardıcıl olaraq izlənilsin. Nəhayət, növbəti günlərin birində gecə saatlarında Təbrizdən çağırılmamış molla gecə yarısı Gəncədə Çar Rusiyasının yüksək çinli məmurunun yaşadığı evin hasarının yanı ilə gedərək arxasına tərəf boylanır, bir kimsənin onu görmədiyinə əmin olduqdan sonra imperiyanın yerli təmsilçisinin darvazası mollanın üzünə açılır, din pərdəsi altında maskalanmış Təbriz mollası çinovnikin həyətinə daxil olur.

Yanılmıramsa 2005-ci ildə Tehranda Azərbaycanla iki ölkə arasında rəsmi tədbirdə ölkəmizin bayrağı masa üzərində tərsinə qoyulmuşdu. Bəsit və cılız görünən təxribat təsadüf ola bilərdimi? Əsla, yox.

Uzun illər beynəlmiləlçilik idiologiyası və şüarları ilə nə az, nə çox düz 70 il bir-birini əvəz edən nəsillərin beyinləri (heç qəlblərini demirik) dolduruldu, duyğularına təsir edildiyi ötən illəri heç də əbəs yerə xatırlamıram.

Tələbəlik illərində Şərqşünaslıq fakültəsinin tələbələri ilə aramda olan söhbəti hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Şərqşünaslıq fakültəsinin fars filologiyasının tələbəsinə "bəlkə biləsiz, Cənubi Azərbaycanda o dövr 30 milyon soydaşımız olduğu halda, niyə doğma dildə bir orta və Ali təhsil ocağı yoxdu?" sualına həmkarım "belə bir şey yoxdu" cavabını verdi. Ətrafda olan həmin fars şöbəsində təhsil alan tələbələrin heç biri məsələyə ədalətli münasibətlərini bildirmədi. Susmağa üstünlük verdilər. Sanki, bəndəniz 7 milyonluq (1985-ci ildə əhalini sayı təxminən bu qədər idi) ökəmizdə orta və Ali təhsil müəssisələrində fars dilinin ölkəmizdə tədris olunduğunu desəm də onlar sözümü qulaqardına vurdular.

Bu fikirləri vaxtilə həmin şöbədə təhsil alanlara şamil etmirəm. Ancaq fikir mübadiləsi apardığım tələbələrin sözügedən məsələyə ögey yanaşması mənə heç də yaxşı təsir bağışlaya bilməzdi. 

Çağırılmayan "qonağ"ın – Təbriz mollasının hələ yüz il bundan əvvəl Gəncədə peyda olmasının səbəbi görəsən nə ilə bağlı ola bilərdi?

Əsasən hansı güc mərkəzləri Təbriz mollasının "ezamiyyə" vərəqəsinə imza ataraq onu Gəncəyə, bəlkə Milli Mücadilənin önündə gedən Vətən oğullarımıza "arxa", "dayaq", bügünkü ifadə ilə desək, "dəstək" olmağa göndərmişdi?

Təbriz mollasının Gəncəyə gəlişinin məqsədi, məramı və  mollaya verilən tarşırıqları hansı şəkildə necə icra etməsi uzun illər ötsə də, bu gün də həmin cəsusluq fəaliyyəti  gəncləşərək yeni biçimdə, müasir libasda fəallaşaraq öz aktuallığını  indi də qoruyub saxlamaqdadır.

Sapı özümüzdən olan baltaların vurduğu zərbələrin yerinin ağrısını-acısını, gətirdiyi fəsadları hədsiz, ölçüləri isə hüdudsuz olduğunu bugünədək acı nəticələrini çəkməkdəyik.


Əgər belə olmasaydı, ötən aylarda baş tutan ənənəvi beynəlxalq Münhen konfransında öz ölkəsindən qovulan, milli ayrıseçkiliyin "banisi", Çənubi Azərbaycan əhalisinin azadlıq, bərabərlik, milli hökumət qurmaq uğrunda apardığı mübarizəsini boğan keçmiş İran Şahı Rza Pəhləvinin oğlunun Münhen konfransında iştirakı (rəsmi dəvət olmasa belə) lap Təbriz mollasının Gəncədə peyda olmasana bənzəyirdi...

Əgər belə olmasaydı milyonların zaman-zaman milli hökumət qurmaq istəkləri beşikdəcə boğulmazdı. Əgər belə olmasaydı, on minlərlə Avropada mühacir həyatı yaşayan İran türkləri ilə yanaşı həmin ölkənin azsaylı təmsilçiləri Niderlandın paytaxtı Amsterdamın küçələrində (icazəli yürüş) mitinqdə birgə "azadlıq", "bərabərlik", "milli hökumət" sədaları altında həmrəylik nümayiş etdirmələri demokratik dəyərlərin, görəsən beşikdə boğulmuş insan haqlarının kütləvi izdihamın müsbət bir nəticəsi olacaqdımı?

Əgər belə olmasaydı, bir ölkə əhalisinin yarıdan çoxunu təşkil edən millət, bir əsrdə özünə üç dəfə Milli Hökumət qurmaq uğrunda mücadilə etsə də nəticədə məlum güclərin regional və qlobal maraqlarına uyğun gəlmədiyinə görə milyonların təməl, istək və arzuları gerçəkləşməsi mümkün olmadı.

Özgəyə bel bağlamağın axırından müsbət bir nəticənin hasil olmağını gözləməyə, yalnız ümid bəsləyə bilərik.

Nədənsə Münhen konfransında sayı təqribən 40 milyonu ötmüş İran azərbaycanlılarının bir nəfər olsun belə beynəlxalq konfransda nümayəndəsinin (rəsmi olmasa), təmsilçisinin olduğu xəbərini informasiya kanallarından eşitmədik.

Mərhum ictimai-siyasi xadim İsmayıl Qaspıralının "Sözdə, işdə, əməldə birlik" kəlamından görünən odur ki, hələ də  doğru, düzgün nəticə çıxara bilməmişik?! Öncədən təşkilatçılıq işi lazımı səviyyədə aparılsaydı demokratik dəyər və prinsiplərini şahlıq dönəmində qəddarcasına yatıran keçmiş İran şahının oğlu, yanılmıramsa məlum konfransda necə olur ki, iştirak edə bilir? Ancaq milyonların bircə nümayəndəsi səhv etmirəmsə beynəlxalq tədbirdə gözə dəymir?!

Əgər belə olmasaydı, keçmiş diktatorun oğlunun Münhendən dünyaya bəyan edilən demokratiya və insan haqları çağırışları, sədaları ilə səslənən beynəlxalq tədbirdə keçmiş diktatorun oğlu konfransın keçirildiyi əzəmətli binanın qarşısında xarici mediaya çoxsaylı müsahibələrində ağızdolusu "ayrı-seçkilikdən", "azdlıqdan" dəm vurmazdı...

Qəbul edilən qərarlar, qətnamələr BMT başda olmaqla, digər beynəlxalq nüfuzlu təşkilatların salonundakı qızğın mübahisələrdən, siyasi, diplomatik müstəvidə keçirilən və uzun çəkən diskussiyalardan sonra, hüquqi sözügedən nüfuzlu təşkilatın salonunda yekdil səslərin, masada isə hüquq müstəvisində beynəlxalq aləmdə qəbul edilən hüquqi sənəd imzalanaraq qəbul edilir.

Xatırlatmağım yerinə düşər: Bosniyada türkəsilli müsəlmanların kütləvi qətlində təqsirli bilinən Radovan Karaciç, Miloşeviç və digərləri məhkəmənin qərarıyla layiq olduqları ölüm hökmünü almış oldular. 

Telekanallarda çıxıb (hərçənd bu da lazımdır) eyni məzmunlu oxşar fikirləri səsləndirməklə Amsterdamda "azadlıq", "bərabərlik", "milli hökumət" sədaları ilə məqsədlərinə nail olmaq əhəmiyyətli olsa da, həlledici hesab edilə bilməz...

Sapı özümüzdən olan baltalardan sonra, yeri gəlmişkən qısa haşiyə: Sabiq Gürcüstan prezidenti E.Şevardnadzeyə sui-qəsd edildikdən sonra verdiyi ilk müsahibəsində "Mənə sui-qəsd etmək istəyən şəxsin kimliyi, yalnız gürcü ola bilər" – deyə beynəlxalq aləmə ciddi mesaj vermişdi.

Ola bilsin ki, bəzi siyasi, hərbi ekspert və hüquq müdafiəçiləri Bosniya və Serbiyada türklərə və müsəlmanlara kütləvi qırğına görə R.Koraciçə, S.Miloşeviçə sözügedən məhkəmənin qəbul etdiyi hökmün İranla nə əlaqəsi olduğunu qeyd edə bilərlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyev: "Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, – deyə qeyd edib. İranda söz, fikir, ifadə azadlıqlarını, doğma dildə təhsil almaq və digər istəklərini bildirənləri qadın və uşaq demədən qətlə yetirir, yüzlərlə soydaşlarımızı edam edir, həbsxanalarda dözülməz işgəncələrə məruz qoyurlar. Dövlət Başçısının dediyinə rəğmən "bütün bunlara susmaqmı olar?".

İran rejiminə münasibət bildirərkən adıçəkilən ölkənin istər regionda, istərsə də dünyada (istisnanı çıxaq) bir müsəlman ölkəsi ilə strateji müttəfiqliyi varmı, görəsən? Gör İran nə günə qalıb ki, dünya müsəlmanlarını vəhdət halında yeganə birləşdirən məkan olan Səudiyyə Ərəbistanı ilə düşmən mövqeyi sərgiləyir, dini, dili, adəti, ənənəsi fərqli Çin özünü dünyaya rəsmən İslam ölkəsi adını daşıyanı müsəlmanların yeganə birləşdiyi ölkə ilə  liderlərinin əlindən tutaraq barışdırır. Aydın məsələdir ki, sözügedən ölkə öz maraqları naminə  iki din "qardaş"ı barışdırır.

Professor, sabiq səfir İ.Vahabzadə yanılmıramsa bildirmişdir ki, İran İslam və müsəlman ölkələrini parçalamaqla, Ermənistan isə türk dünyasına qarşı düşmənçilik siyasəti aparmaqla məşğuldur. 

İngiltərənin dövlət xadimi, məşhur siyasətçi  və müdrik diplomat, U.Çörçilin " Siyasətçinin danışığından daha çox etdiyi əməl və hərəkətlərinə diqqət yetirmək lazımdır" fikirlərini xatırlamaq yerinə düşər. Birləşmiş Krallığın sabiq Baş Nazırinin müdrik kəlamını İran və Ermənistana da şamil etmək olar.

Sual olunur: İraqda nüvə silahının dünya üçün təhlükəli olduğunu iddia edərək qısa zamanda 19 ölkəni müttəfiqliyə cəlb edərək sözügedən ölkənin rəhbəri Səddam Hüseyni öz əhalisinin (?) əliylə asılması ilə yekunlaşdı. Fəqət İraqda nə bioloji, nə kimyəvi, nə də nüvə silahı tapılmadı ki, tapılmadı. 

Ancaq nədənsə, Insan haqları üzrə beynəlxalq təsisatlar İranda öz vətəndaşlarına olan münasibətinə hüquqi qiymət verməyi unudurlar. Ölkəmizin ərazisində əli silahlı erməni hərbiçisinin həbsinə isə Demokratik Təsisatlar və İnsan Hüquqları dünyaya car çəkərək boğazlarını yırtırdılar.

İran türklərinin sayının 40 milyonu ötməsi rəqəmin siyasilər tərəfindən tez-tez dilə gətirilməsiylə işlərin öz həllini tapması mümkünsüzdür. Mümkün o vaxt ola bilər ki, təməl haqları tapdananların silsilə müraciətləri hüquqi müstəvidə beynəlxalq  və insan haqlarını müdafiə edən məhkəmələrdə baxılaraq məsələyə hüquqi qiymət verilsin.

Onu da qeyd edək ki, İranda devrilmiş şahın vəliəhdi R.Pəhləvinin Münhen Təhlükəsizlik Konfransından sonra İsraildə rəsmilərlə bir sıra görüşləri Güney Azərbaycanın müqəddəratı üçün ciddi risklər yarada bilər. 

Güneylilərin tarixi keçmişdə salmış olduğu yolun izləri demokratiya olduğu üçün, demokratiyanı beşikdə boğan pəhləvi rejimindən tam fərqli olaraq beynəlxalq aləmdə üzləri ağdır. Bütün beynəlxalq təşkilatlar, həmçinin dünya ictimaiyyəti keçmiş monarxiyaya deyil, azadlıq, bərabərlik, milli hökumət yolunda mücadilə edənlərin tutduğu yolu – demokratiyanı müdafiə edəcəklər.

Söz düşmüşkən, İkinci Cahan müharibəsində yəhudi xalqına dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə 58 ilə yaxın ardıcıl və dönmədən mübarizə apardılar. Nəticədə, Yəhudi xalqına dəymiş maddi və mənəvi ziyanı Almaniya "könüllü" və ya könülsüz fərq etməz, kompensasiyanı qarşı tərəfə necə deyərlər qəpiyinə qədər ödədilər.

Beynəlxalq məhkəmələrdən söz düşmüşkən, Azərbaycan Laçından Ermənistana qısa müddətdə öz vətəndaşı bildiyi ermənilərə humanitar məqsədlər üçün geninə-boluna yol çəkdirdi. Ermənistan isə buna razı olmadı. Düşmənçilik və qisas hissinin girovunda hələ də çıxa bilməyiblər. Təzə çəkilmiş yoldan humanitar məqsədlərlə istifadə etmək erməniləri qane etmir. Ermənilər həmin yolla, silah, sursat, hərbi texnika, daha nə bilim mina təxəyyülü xəstə qızışdırıcı havadarlarının köməyi ilə digər hərbi avadanlıqları gecəli-gündüzlü Qarabağ iqtisadi rayonuna, RF-nın müvəqqəti yerləşdiyi ərazilərdə nəzarət etdiyi məntəqələrdən istifadə etməklə yenə də silah-sursat daşıyırlar.

Milli ordumuz Ermənistandan daşınan silah-sursatın qarşısını almaq məqsədilə qanuna müvafiq olaraq qabaqlayıcı tədbirlər görməyə məcbur oldu. Ermənilər haray-həşir salaraq Avropa məhkəməsinə  dərhal müraciət etdilər. Məhkəmə isə özlərinin zənn etdiyi kimi erməniləri qane edən qərar verdilər. Bir çox hallarda ölkəmizə qarşı ikili standartlara məruz qalsaq da, ermənilərin fəallığı olmasaydı Avropada yerləşən BCM-nə müraciət daxil olmasaydı, məhkəmə havadan ermənilərin xeyrinə qərar verməsi "absurddur".

Hələ vaxtilə M.F.Axundov yazırdı ki, ərəblər gözəl nağıl uydurur, farslar da bu nağıla uyurlar.  

Baş verənlərə də diqqət edəndə görürük ki, təbdən-təbə düşən mollalar, daha doğrusu teokratik rejimin regiona baxışı, geosiyasəti, müsəlman ölkələrinə münasibəti, sanki uyuşdurucunun təsirilə formalaşır... 

Cənubdan ixrac edilən ardı-arası kəsilməyən uyuşdurucuları şəllənib gətirənləri, sərhədi pozanları dövlətin güc strukturları gecəli-gündüzlü zərərsizləşdirməklə məşğuldurlar.

İndi dövran dəyişib. Artıq sözügedən ölkənin, yəni rejimin başbilənləri özlərinin uydurduqlarına uyurlar. 

Onların uydurduqları nağıllar da, ixrac etdikləri zəhrimar uyuşdurucuların fəsadları da öz başlarında çatlayacağı gün uzaqda deyil.


Hikmət İslamoğl.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

03.06.2023 19:54


3 Haziran 2023 Cumartesi

"GECİKMƏYİN SƏBƏBİ BAĞIŞLANMAZDIR VƏ ONUN HAQQINI YEYƏNLƏR UTANMALIDIR"


Adil İrşadoğlu (Əliyev)


Salam sevimli dostlarım, hörmətli tanışlarım, əziz qohumlarım və aidiyyəti olan təşkilatlar sizlərlə bir qədər dərdləşmək üçün yenə qələmi əlimə aldım. Hamınız mənə aid olan faktların çoxu ilə tanışsınız. Ancaq ürəyimdə qırılıb qalan xeyli sözüm var. O sözləri də sizlərə ərz etmək istəyirəm. Dünya ölüm-itim dünyasıdır. Bu sözləri özüm ilə o dünyaya aparmaq istəmirəm, sizlərlə burada bölüşmək istəyirəm.

Bilirsiniz ki, Hayların Qarabağ tələbi başlanan ilk günlərdən AzTv-nin jurnalisti, redaktoru, əməkdaşı kimi mən Adil İrşadoğlu (Əliyev) öz çəkiliş qrupum, sevimli və unudulmaz həmkarlarım ilə birlikdə 1-ci Qarabağ - Böyük Vətən müharibəsində gecə-gündüz, yorulmadan cəbhənin müxtəlif  bölgələrində video çəkilişlər edib, yaddaqalan verilişlər hazırlayıb Vətənimizin gerçək tarixini yaratmışıq. Özünümüdafiə batalyonlarının döyüş əzminin yüksəldilməsində, iş adamlarını səfərbər edərək onlara maddi və mənəvi dəstək göstərməsində müstəsna xidmətlər etmişik.

Mən, telejurnalist Adil İrşadoğlu 1989-cu ilin oktyabr, noyabr, dekabr aylarında Azərbaycan Dövlət Televiziyasından ŞUŞA şəhərinə könüllü ezam edilmişdim. ŞUŞA şəhərinin Teleötürücü Stansiyasında yaratdığımız balaca Studiyadan Azərbaycanın 20 rayonuna veriliş yayımlayırdım. Daşnaq və rus birləşmələrinin separatçı təbliğatına qarşı əks təbliğat aparırdım.

Aparıcısı olduğum verilişlərimdə görkəmli, vətənpərvər şair Zeynal Vəfanın şeirlərindən verilişimin daxilində yeri gəldikcə əzbərdən istifadə edirdim. Verilişimi bu formada tamaşaçılarıma təqdim etməyim onların xoşuna gəlirdi. ŞUŞA camaatı çox həssas və diqqətli camaatdır. Hər verilişimdən sonra onlar mənimlə rastlaşanda yaxınlaşıb məhəbbətlə salam verirdilər və efirdə söylədiyim şeirləri bir daha təkrar etməyimi xahiş edirdilər. Mən şeirləri təkrar söyləyəndə onlar ciblərindən kağız, qələm çıxarıb köçürürdilər... 

Şuşada teleyayımın təşkili, yerli əhalinin ruhlandırılması və özünəgüvənin artırılması üçün gecə-gündüz çalışanların biri də mən idim. Öncə qeyd edim ki, Vətən uğrunda əyninə hərbi forma geyib səngərlərə gələn insanların və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Heç kimin haqqını danmaq olmaz. Gerçəkdən canını fəda edən insanları kölgədə qoyub təsadüfi adamları fədai kimi, xilaskar kimi təqdim etmək yolverilməzdir. Bu, bizi təhqir etməkdir.

Vətən uğrunda, torpaq uğrunda mən də 8 il canımı qoydum, həyatımı, ailəmi təhlükəyə atdım. Rəhmətlik jurnalist Salatın Əsgərovanın qətlə yetirildiyi Şuşa, Turşsu, Laçın yolunu Əlisaab (Əlisahib) Səftər oğlu Orucovla və çəkiliş qrupumla birlikdə dəfələrlə o baş, bu baş qət etdik, videoçəkilişlər apardıq, operativ verilişlər hazırladıq, çəkişmələrdən narahat qalan Azərbaycan əhalisinin gözünü yolda qoymadıq, onları mütəmadi baş verən hadisələrlə məlumatlandırdıq. 

Rəhmətlik Çingiz Mustafayevin cəbhə boyu qarış-qarış gəzdiyi səngərlərdə biz də olduq, biz də videoçəkilişlər edib Vətən qarşısında borcumuzu yerinə yetirdik. Başqa cür fikirləşməyin, özümü və digər cəbhə yoldaşlarımı Çingiz Mustafayevlə müqayisə etmək fikrim yoxdur.     

Çingiz Mustafayev başqa aləm idi. O, Qarabağ müharibəsi haqqında səkkiz ay ərzində 18 ədəd sənədli film hazırlamışdı. Çingiz Mustafayev müharibədə təkcə jurnalist kimi iştirak etmirdi. O, həm də səngərdə özünü mənim kimi əsgər, zabit, hətta komandir hiss edirdi. Allah Salatına da, Çingizə də qəni-qəni rəhmət eyləsin. Qəbirləri nurla dolsun. 

Allah ölməyən cəbhə jurnalistlərinə və onların çəkiliş qruplarının üzvlərinə də rəhmət eyləsin. Ölməyənlərin günahları odur ki, ölmədilər, ölə bilmədilər...

Mən, Azərbaycan Dövlət Universitetində ali təhsil alarkən (1972-1977) Universitetin hərbi kafedrasında da paralel olaraq 5 il hərbi təhsil almışam və imtahan verib motoatıcı vzvodun komandiri adına, leytenant rütbəsinə layiq görülmüşəm. Sonra isə mütəmadi olaraq ehtiyatda olan zabitlərin ümumrespublika hərbi toplantılarına çağırılmışam. 1-ci Qarabağ - Böyük Vətən müharibəsi başlayandan sonadək cəbhəyə könüllü ezamiyyətə getmişəm, birbaşa əməliyyatlarda iştirak edib videoçəkilişlər aparmışam. 

Tale elə gətirdi ki, 1999-2001-ci illərdə Qarabağ Əlillərinin orqanı olan “Əlillər” qəzetində məsul redaktor kimi çalışdım. Qəzetin baş redaktoru tələbə yoldaşım rəhmətlik Müştəba İsmayıloğlu idi. Qəzetin bütün yaradıcı və texniki proseslərində yaxından iştirak edirdim. Baş qazi rəhmətlik Etimad Əsədovun və qazilər heyətinin razılığı ilə “Əlillər” qəzetinin içərisində Çeçenstan Respublikasından bizə pənah gətirmiş qazilər və onların ailələri üçün rus dilində “Salam” adlı qəzet buraxmağa başladıq. O vaxt bütün qəzetlər hələ də Kiril əlifbasıyla çap edilirdi. Mənim təşəbbüsümlə Azərbaycanda ilk dəfə “Əlillər” qəzeti Kiril əlifbasından Latın əlifbasına keçdi.

Buvaxtadək mənə nə "MÜHARİBƏ İŞTİRAKÇISI", nə də "MÜHARİBƏ VETERANI" adı verilməyib. Dövlətin heç bir qayğısı ilə mükafatlandırılmamışam. Təəssüf ki, mənim kimi digər cəbhə jurnalistləri də öz layiqli qiymətini almayıb. Ancaq "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Kərim oğlu Əliyevin və birliyin idarə heyyəti üzvlərinin təşəbbüsü ilə məni xidmətlərimə görə "Qarabağ qaziləri" ictimai birliyinə üzv qəbul etdilər və halalca qazi adımı rəsmiləşdirib özümə qaytardılar. Bunu AzTv-nin arxivindəki, şəxsi arxivimdəki ön cəbhədən hazırladığım saysız-hesabsız verilişlərim, çəkilən fotolarım və yazılarım sübut edir. Yadınızda saxlayın ki, müharibədə savaşı aparan qazi, savaşda həlak olan isə şəhiddir. QAZİ YARALI ƏSGƏR DEMƏK DEYİL !

1-ci Qarabağ - Böyük Vətən müharibəsinin gerçək iştirakçıları, gerçək qəhrəmanları indi səfalət içərisində yaşayır. Aidiyyəti qurumlar gəlib araşdırma aparsınlar ki, bu torpağın uğrunda canını qoyan, öz həyatını, ailəsinin həyatını təhlükəyə atan kimlər olub, kimlərə dəyər vermək vacibdir. 

Təsəvvür edin, bizim sağlığımızda, gözümüz görə-görə tarix saxtalaşdırılır, haqqı olanların haqqı danılır.

1-ci Qarabağ - Böyük Vətən müharibəsi dövründə torpaqlarımız uğrunda vuruşan, canını qoyan adamlar heç yada düşmür. 

YAP icra katibinin müavini Siyavuş Novruzovun “Yeni Müsavat”a verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər rezonans doğurdu. O, Azərbaycanda 90 min nəfərin cibində müharibə veteranı vəsiqəsi olduğunu bildirdi. YAP funksioneri saxta müharibə veteranı statusu qazananların məsələsini bir daha gündəmə gətirdi. “Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

Əslində S.Novruzov fikirlərində bəzi həqiqətləri dilə gətirib. Ölkəmizdə 90 min müharibə veteranı statusu qazananların buna necə nail olması suallar doğurur.

“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu isə deyir ki, Azərbaycanda rəsmən 49 minə yaxın müharibə veteranı var. Bura əsasən Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin tərkibində olan döyüşçülər daxildir. “Digər tərəfdən əgər müharibə veteranlarının sayı şişirdilibsə, bunun günahı o zamankı müharibə batalyonlarında deyil, aidiyyəti strukturların daxilində olan komissiyalardadır. Məhz onların rüşvətxorluğu, yaratdıqları korrupsiya hallarına görə mövcud vəziyyət yaranıb. Bəli, mən də razıyam, müharibə veteranlarının sayında şişirdilmə var. "Cənab nazirimiz Zakir Həsənov Müdafiə Nazirliyinə rəhbərlik etməyə başlayanda ona açıq məktub yazmışam. O məktub bu dəqiqə də saytlarda var. Orada da veteranların vəsiqələrini ala bilməmələrini yazmışam. Həqiqi veteranlar kənarda qalıb, dələduzlar, yaramazlar pul verərək, arayış alıb müharibə veteranı statusu daşıyırlar. Bu da yenə deyirəm, 90 min deyil, 49 min civarındadır. Doğrudur, o vaxtlar batalyonlarda sənədləşdirmədə problemlər olub. O zaman ordu təzə yaranırdı, dövlət yeni qurulurdu, onun üçün də belə problemlər var idi. Bunu heç kəs inkar etmir. Amma faktdır ki, bu gün bəzi şəxslər rüşvət vermə yolu ilə veteran statusları alıblar. Məsuliyyət isə dövlət qurumlarının boynundadır. Zəhmət çəkib əvvəlcə o rüşvətxorluğun qarşısını alsınlar. Komissiya yaradırlar, nə üçün ora müharibə veteran təşkilatlarının, Qarabağ qazilərinin, şəhid ailələrinin nümayəndələrini daxil etmirlər? Belə olsa, şəffaflıq yaranacaq, əsl həqiqətlər üzə çıxacaq. Şəffaflıq olmadığından belə problemlər yaranır... Həqiqi döyüşən insanlar var ki, bu günləri də veteran statusu ala bilmirlər".


Rey Kərimoğlu deyir ki, “Ümumiyyətlə, Qarabağ döyüşlərində açıq hərbi əməliyyatlarda iştirak edən insan az olub. Amma cəbhəyə ezamiyyətə gedən, birbaşa əməliyyatda iştirak etməyən xeyli insana da veteran statusu verilib. Məsələn, ezamiyyətə olan polislər olub ki, cəbhə xəttindən 30-40 kilometr aralıda pasport rejimini yoxlayıb. Və ya Bakıdan və digər rayonlardan göndərilən ərzaq yardım maşınlarını müşayiət ediblər. Bu gün onlar da veterandır. Bəli, Qarabağ döyüşündə polislərimizin xüsusi xidməti olub. Döyüşüblər, şəhid olublar, Qarabağ əlili olanları var. Amma ezamiyyətə gedib, cəbhə xəttindən 40 kilometr kənarda xidmət keçənlərlə onlar arasında fərq qoyulmalıdır. Biri gedib Ağdamın həmin vaxt heç mərmi üzü görməyən ərazisində telefon və ya işıq dirəyi basdırıb. O da indi cibində veteran vəsiqəsi gəzdirir. Axı o, döyüş görməyib! Bu məsələlər ciddi şəkildə araşdırılmalıdır, bir təsnifatı olmalıdır. Döyüşən, döyüşdə iştirak edən və arxa cəbhədə xidmət edənlər bilinsin”.

   

© Vision TV-nin baş redaktoru jurnalist Şöhrət El-Dəniz:

1-ci Qarabağ savaşının ilk günündən son gününə kimi cəbhə bölgəsində çəkilişlərdə olan, Müstəqil Azərbaycanın ilk hərbi jurnalistikasıni yaradanlardan sayılan Adil İrşadoğluna vətən üçün etdiyinin qarşılığı vaxtında verilməliydi. Bu qədər gecikməyinin səbəbi nə olursa olsun bağışlanmazdır. Adil müəllimin haqqını yeyənlər utanmalıdırlar. Və gec də olsa haqq yerini tutmalıdır.


© Azərbaycan İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahira Məmmədova:

Adil müəllim, siz Azərbaycan hərbi jurnalistikasının bünövrəsini qoyanlardan birisiniz. Mən elə bilirdim ki, dövlətimiz sizin bütün ehtiyacınızı çoxdan ödəyib. Əfsuslar olsun...

Qarabağ döyüşlərındə ön çəbhədə olmusunuz. Real çəkilişlər etmisiniz, verilışlər hazırlamısınız, gerçək tariximizi yaratmısınız. Bugünə gədər fəal, öndə gedən jurnalistsiniz. Nədən bunu indıyədək görməməzliyə vurublar?!


© Qobustan rayonunun Dərəkənd kəndində biologiya müəllimi Yusif Dirili:

Adil müəllim müharibə başlayandan sonadək cəbhəyə könüllü ezamiyyətə gedən, birbaşa əməliyyatlarda iştirak edib videoçəkilişlər aparan kifayət qədər təcrübəli jurnalistdir, vətənsevər, xalqsevər ziyalıdır, müharibə iştirakçısıdır, yaradıcı şəxsdir. Əlbəttə, dövlətin qayğısına ehtiyacı olan belə insanlarımıza diqqət gərəkdir, təminatı yüksək səviyyədə olmalıdır ki, daha yaxşı işləmək üçün şəraiti, imkanları artsın. Jurnalist Adil İrşadoğlunun hərtərəfli təmin olunmasını dəstəkləyirəm və düşünürəm ki, onun buna yüz faiz haqqı çatır.


© İqtisadçı, daimi oxucu Tofig Cəfər oğlu Aliyev:

Adil müəllim az zaman kəsiyində bir çox qəzet redaksiyalarının yaradılmasında xüsusi rolu olmasıyla bərabər, bu redaksiyalarda  aparıcı vəzifələrdə işləmişdir. Qarabağ müharibəsi zamanı Adil müəllim məhz bir əlində silah, digərində qələm və mikrofonla, erməni səngərləriylə üzbə-üz, 250 - 300 metr məsafədə döyüşə-döyüşə fəaliyyət göstərən çox az jurnalistlərimizdəndir. 

Adil İrşadoğlu (Əliyev) layiq olduğu peşə imtiyazlarından və dövlət tərəfindən qiymətləndirilmələrdən kənarda qalsa da, bu, onun sənətinə olan sevgisini azaltmamış və xalqına, dövlətinə olan məhəbbətinə xələl gətirməmişdir. 

Kaş bir çox digər həmkarlarınızdan müsbət yöndə fərqləndiyiniz kimi, yəni köklü, ziyalı nəsildən olmanız və keçdiyiniz aktiv, işgüzar, xalqımız üçün səmərəli fəaliyyətinizlə bərabər, bir az da müasir zəmanənin nəbzini tuta biləydiniz, Adil müəllim. "Nebzin" nədən ibarət olduğunu, zənnimcə sizin kimi arif adama anlatmağa ehtiyac yoxdur. 

Amma yox ! İnanmıram ki, fenomen bioqrafiyaya malik bir insan, öz şəxsiyyətinə "nəbz" - lə işləməyi sığışdırsın. Mən həyatımda heç vaxt "Kişi oğlu, Kişi" adını hansısa işlərə görə verilən imtiyazlara dəyişmərəm və nə yaxşı ki, bu AD sizindir, nə yaxşı ki, siz bu ADI qoruyursunuz. Rəhmət olsun sizi bu zavallı Vətənimizə bəxş edən valideynlərinizə.


© Bakı şəhər icra hakimiyyətinin əməkdaşı Hümbət Soltanov:

Hörmətli Adil müəllim sizin qədər peşəsinə bağlı ikinci kimsə görmədim. Çox vətənpərvər, dövlətinə, xalqına bağlı peşəkar bir jurnalist, yüksək mədəniyyətə malik şəxsiyyətsiniz. Siz müharibədə ən qaynar döyüş bölgələrindən reportajlar, verilişlər hazırlayıb AzTv-nin efirindən (1988-1996) yayımlamısınız. Xalqımızı cəbhə ilə bağlı məlumatlandırmısınız. Sizin dövlət və xalq qarşısında xidmətləriniz böyükdür. 

Bu ilin noyabr ayında sizin 70 yaşınız tamam olur. İnanıram ki, bu münasibətlə dövlət başçımız və əlaqədar təşkilatlar - Azərbaycan Jurnalistlər Birliyi (AJB), Azərbaycan Mətbuat Şurası (AMŞ) bütün ehtiyacınızı nəzərə alıb sizi tezliklə sevindirər. Əvvəlcədən dövlət başçımıza və bu təşkilatlara təşəkkür edirəm. 


© Azərbaycan Texniki Universitetinin Nəşriyyatında redaktor, jurnalist Sədaqət Şahbazova:

Ümid edirəm ki, QƏLƏMİ ilə, geniş miqyaslı fəaliyyəti ilə ön cəbhədəki qədər vuruşan bir JURNALİSTİN müraciəti cavabsız qalmayacaq. Sənəti ilə xalqa xidmət edən tələbə yoldaşım dövlətin qayğısı ilə mükafatlandırılacaq.


© Jurnalist Adil İrşadoğlu (Əliyev):

Mən də ümid edirəm ki, hərbi jurnalist Adil İrşadoğlu (Əliyev) və cəbhədə xidməti olan digər həmkarlarım tezliklə öz layiqli qiymətini - "Müharibə iştirakçısı", "Müharibə veteranı" adlarını alacaq, dövlətin qayğısı ilə mükafatlandırılacaq və ədalət bərpa olunacaq.



Hörmətlə, 

Adil İrşadoğlu (Əliyev) ©

Qocaman televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

03.06.2023.


24 Nisan 2023 Pazartesi

YADDAŞIMI OYADAN NƏ OLA BİLƏRDİ?



Haci Şahin Həsənli


Hacı Şahinin vida mərasimi ilə bağlı oxşar və fərqli fikirlər hələ də sosial şəbəkələrdə və onlayn mediada səslənməkdədir. Fikir sahibləri arasında millət vəkililə yanaşı ayrı-ayrı tanınmışları da KİV-lərdə izləyirik.


Mərhumun vida mərasimi zamanı yaşanan izdiham haqqında tanınmış şəxslərin fikir və mülahizələrində diqqət çəkən məqamlar vardır.

Ayrı-ayrı fikirlərdən irəli gələn fərqli yanaşmaların məzmununa və baxışların səciyyəvi xüsusiyyətlərinə toxunmaq istəyirəm.

Mərhum Hacı Şahinin insanları özünə cəzb etməyə çalışan, eyni zamanda insanları moizəsilə ardınca aparan orator kimi yetişməsi vurğulanıb.

Mərhum Hacı Şahinin "...İnsanları o qədər cəzb etməsinin səbəblərini öyrənməyə çalış"an, buna vaxt ayırdığını qeyd edən sabiq Komitə sədri, professor Rafiq Əliyev "Yeni Sabah" saytının 2023-cü il 3 mart tarixli buraxılışındakı açıqlamasında "...İmamlar da bu qədər hörmət qazanmamışlar..." deyib. Mövzuya dair digər səbəblərə də aydınlıq gətirirərək izah verib.

Sabiq Komitə sədri "...Məscidlərdə, Məhərrəmlik ayında da gördük ki, insanlar həqiqətən hələ cəhalətdən çıxmayıblar..." deyə bildirib. Və "...Bugünkü vəziyyətimizdə, çox təəssüf ki, insanları ələ almaq imkanı var. Bu da ideyasızlığın, ideologiyasızlığın nəticəsidir..." deyə vurğulayıb. Professor qeyd edir ki, "... İnsanların nəyəsə, hansısa ideologiyaya, yol göstərənə ehtiyacları var..."

Professor R.Əliyev "...Azərbaycançılıq ideyasını insanlara Şahin Həsənli kimi çatdıranlar yoxdur" deyib, sonra əlavə edib ki, "...Şahin insanların nəbzini tutmuşdu. Buna görə də dəfninə xeyli insan gəlib. Kişi ümumiyyətlə ağlamaz. Bir çoxları zəifliyindən ağlayırdı. Sinələrinə çırpırdılar. Bunların hamısı müəyyən mənada cahillikdən irəli gəlir..." bildirib və əlavə edib: "...Çünki Şahin Həsənli kimi ikinci bir şəxs gəlməyəcək. Amma bənzərsiz, əvəzolunmaz şəxsiyyətlər yoxdur. Bu, həm siyasi, həm mədəni şəxsiyyətlərə aiddir".

“İlahiyyatçı, din xadimi Hacı Şahin son mənzilə yola salındı. İnsanların ona isti münasibətinin şahidi olduq” - ifadə millət vəkili Etibar Əliyevə məxsusdur. O, mətbuata açıqlamasında qeyd edib ki, "2021-ci ilin 7 dekabrında böyük tarixçi-etnoqraf alim Aydın Balayevi itirdik: “Çox sakit ölüm idi. Bu nəhənglikdə alimə heç vida mərasimi də təşkil olunmadı. Onun vəfatı ilə bağlı vur-tut 2-3 yazıya rast gəldik". Onun "Azərbaycan milləti" əsəri isə çox dəyərlidir. Dünyagörüşün 3 forması var: elmi, dini və fəlsəfi. Dini "dünyagörüş" hər ikisini üstələyir. Fəlsəfə elmini çoxdan dəfn etdiyimizdən fəlsəfi dünyagörüşdən danışmaq ümumiyyətlə absurddur. Din haqqında yüzlərlə tərif mövcuddur". Millət vəkili "Mənim dəyərləndirdiyim tərif böyük alman filosofu Artur Şopenhauerə məxsusdur: "Din – xalqın metafizikasıdır" fikrini xüsusi olaraq vurğulayıb və sözlərini "Allah Aydın Balayevə və Hacı Şahinə Rəhmət eləsin” cümləsilə tamamlayıb.

Dəyərli yazar, şair Aqşin Yenisey də mərhum Hacı Şahin haqqında fikirlərini belə çatdırıb: "...Çox axmaq və gözlənilməz bir problemlə üzləşmişdim. Hər kəsə də deyiləsi məsələ deyildi. Həm maddi, həm mənəvi təklikdə vurnuxurdum. Yaxın dostlardan biri ilə oturub dərdləşəndə dedi, bilirsən, sənə kim kömək edə bilər? Kim? Hacı Şahin! Nə danışırsan, məni hamı din tənqidçisi, ateist kimi tanıyır, kim inancını, imanını tənqid edən adama kömək edər, həm də heç vaxt üz-üzə gəlmədiyi, salam verib salam almadığı adama?.." Yazar fikirlərinə olduqca təsirli ifadəylə yekun vurub: "Mən Hacı Şahinin hansı ürək sahibi olduğunu çoxdan bilirdim. Təəssüf ki, bu cür ürəklər bu coğrafiyada nadirən döyünürlər və çox yaşamırlar. Səni unutmayacağam, əziz və gizli dostum!"

Aqşin Yeniseyin sözü və əməli bir olan mərhum Hacı Şahin barədə dediyi sözlər Mark Tvenin olduqca dəyərli "Xeyirxahlıq korun gördüyü, karın eşitdiyi bir şeydir" kəlamını xatırlatdı. Əbəs yerə deyildi ki, adını min-min rəhmətlə çəkdiyimiz Xudu Məmmədov dahi Üzeyir bəyə xitabən sənət və yaxşı adam ifadəsini bir araya gətirərək "qoşa qanad" deyirdi. Yazarın həssas, duyğulu, kövrək və təsirli sözləri, qeyri-ixtiyari olaraq keçmişdə baş verən bir sıra tarixi gerçək hadisələrə yenidən yaddaşımın səhifələrində xatırlamağı sövq etdi.


Yaddaşımı oyadan nə ola bilərdi?


Yazarın sözü, Həsən bəy Zərdabinin vida mərasimi zamanı insan sayının çoxluğu, izdihamın əhali arasında geniş vəhdət yaratması Çar hökumətinin el sözüylə desək, "kürkünə, deyəsən birə salmışdı". Çar hökumətinin yerli qulbeçələrinin canlarına titrətmə, əsmə düşmüşdü.


Həsən bəy Zərdabiyə olan 

ümumxalq sevgisini necə izah etmək olar?


Böyük mütəfəkkirin milləti naminə etdiyi müstəsna xidmətləri sırasında onun kasıblara, xüsusən də maddi imkansız tələbələrinə öz övladıtək fərq qoymadan qayğı və nəvaziş göstərərək yaşıdığı evdə – bir damın altında onlarla ailə üzvü kimi birlikdə yaşamasını, A.Yeniseyin sözünə qüvvət olaraq təkrar edirəm, "heç belə xeyirxahlığı unutmaq olar?"

Məlumdur ki, Həsən bəy Zardabinin müasir dövrdə bəzi "akademik" və "professor"lara məxsus çoxmənzilli binası, dəbdəbəli qəsri, şadlıq sarayı, nə də bir mehmanxanası, oteli (4 və ya 5 ulduzlu) mövcud deyildi.

Həsən bəy Zərdabinin vida mərasimində dahi şəxsiyyətin itkisinə ağlayanlar yalnız qadınlar deyildi. Onların içərisində gənclər, tələbələr, milli aydınlarımız və əsasən KİŞİLƏR idi.

Fikrimcə, yalnız maarifçiliklə, professor R.Əliyevin təbirincə desək, tək moizə oxumaqla, faydalı fikirləri gənclərə aşılamaqla geniş kütlənin sevgisini qazanmaq qənaətimə görə baş tutan sevdaya oxşamır, desəm, yəqin ki, oxucular məni qınamazlar...

Milli tariximizin səhifəsindən silinməyən gerçək bir hadisəni oxucuların nəzərinə çatdırmağı özümə mənəvi borc sanıram.

Şairə Xurşidbanu Natəvanın son mənzilə yola salınması haqda illər öncə oxuduğum yazısının halıma necə təsir etdiyini yazmaqda acizəm... Fəqət yaxın tarixi keçmişdən gətirdiyim fakt və hadisələri Hacı Şahinin vaxtsız ölümü ilə müqayisə etmək və ya oxşar fikirlrlər söyləmək niyyətində deyiləm: belə bir məqsədim də yoxdu.

İki tarixi şəxsiyyətlə bağlı onların son mənzilə yola salınması zamanı insanların itirdiklərinin, habelə cismani uzaq düşdükləri mütəfəkkir və şairəyə eyni sevgi göstərmişlər. Düşüncəmə görə, bu sevginin kökündə dünyasını dəyişən həmin tarixi şəxsiyyətlərin bir çox nəcib və insani keyfiyyətləri dayanır. Ən önəmlisi xeyirxah və mərhəmət sahibləri olduqları üçün yaşadığı dövrün insanlarının məbəbbətini və sevgisini qazanmağa müvəffəq olmuşlar. Müdrik kəlamda deyildiyi kimi: "Etdiyin xeyirxah əməllərlə insanları özünə ram edə bilərsən".

Qarabağ camaatı Şuşadan Ağdama babalarının yanında "İmarət"də torpağa tapşırmaq üçün, Xan qızına el məhəbbətinin ifadəsi olaraq 34 kilometr yolu çiyinlərində tabutu tutaraq son mənzilə yola salmışlar." Ürək yanmasa gözdən yaş çıxmaz" kəlamını, evindən gedənlər üçün deyil, eldən gedənlərə şamil etmək olar. Yeri gəlmişkən, "kişi ümumiyyətlə ağlamaz" fikrinə mənim yanaşmam fərqlidir.

ATV-nin əməkdaşı, tanınmış teleaparıcı Səadət xanımın müəllif və apacısı olduğu "Ağdam və mən" verilişini izləməyi baxmayanlara tövsiyyə edirəm. Həmin verilişə dəvət almış Ağdam sakinlərinin əksəriyyəti istər kişi, istər qadın erməni caniləri tərəfindən dağılmış şəhərini gördükdə qəhərlərini, göz yaşlarını gizlədə bilməməsinin şahidi oluruq.

Mərhum, şair, professor Famil Mehdinin, eləcə də sevimli tələbəsi olmuş AzTV-nin əməkdaşı mərhum telejurnalist Alı Mustafayevin sözünü xatırlamağım yerinə düşər. F.Mehdi deyirdi ki, "Kişi elinin, obasının, millətinin dərdinə, faciəsinə ağlayar". A.Mustafayev isə poeziyanın dili ilə "Dəli bir ağlamaq keçir könlümdən" yazırdı. Hər iki müəllif həmin tarixi dövrdə Vətənin-yurdun viran olmasına, millətin çarəsiz qalmasına dözə bilməyib bu ifadələri işlətməyə məcbur idilər.

Sabiq Komitə sədri R.Əliyevin sözü gedən dəfn mərasimi ilə bağlı fikir və mülahizələrində söz yox ki haqlıdır. Ancaq, mənim nöqteyi nəzərimdə, umumiyyətlə "kişi ağlamaz" fikrini bir mənalı qəbul etmək doğru deyil.

44 günlük Vətən müharibəsi zamanı kənd və şəhərlərimizin işğaldan azad olunduğu xəbərlərini aldıqca sevincdən insanlarımızın ağladığına şahidlik etdik. Həyəcandan göz yaşlarını saxlaya bilməyənlərdən biri də bəndəniz idi.

Ağlamağı fikrimcə tək zəifliyin, müəyyən mənada cahilliyin əlaməti kimi şərtləndirməyə çətinlik çəkirəm. Bədbəxtliyi ağrısını dadmayan həyatın şirinliyini qiymətləndirmək olmadığı kimi, güllü-çiçəkli yazın, ruzi bərəkət gətirən baharın qədrini, dəyərini daş qəlbli, daş ürəkli bilməz.

Soltan Hacıbəyovun Üzeyir bəyə ithaf etdiyi "Karvan" simfonik muğam lövhəsi illər öncə Londonun konsert salonlarında musiqinin ecazkar, dərin mənalar ifa edən həzin və son dərəcə kövrək hisslərə təsirini melodiyanı dinləyən tamaşaçıların əksəriyyəti göz yaşları içərisində orkestrin ifasını sürəkli alqışlayırdılar.

Təbii ki, "musiqi sərhəd tanımır" ifadəsi təsadüfən deyilmədiyi kimi, məşhur Azərbaycan bəstəkarı S.Hacıbəyovun da möhtəşəm əsəri ingilis, ərəb, pakistanlı tamaşaçıların könüllərini fəth edə bilib.

Bununla bağlı yuxarıda qeyd etdiyimiz məqama bir daha toxunmaq istəyirəm. Millət vəkili E.Əliyevin Hacı Şahinin vəfatı ilə bağlı açıqlamasına gəlincə, o, 2021-ci il, 7 mart tarixində dünyasını dəyişmiş tarixçi etnoqraf alim Aydın Balayevə vida mərasimi təşkil olunmadığını, onun vəfatı ilə bağlı vur-tut 2-3 yazıya rast gəldiyini bildirir və dini "dünyagörüş" elmi, fəlsəfəni üstələyir, fəlsəfə elminin və fəlsəfi dünyagörüşündən danışmağın absurd olduğunu açıqlayır. E.Əliyevin açıqlamasına gəlincə, burada A.Balayevin vida mərasimini çalışdığı qurumun rəhbərliyi təşkil etməli idi. O ki qaldı dini "dünyagörüş"ün elmi və fəlsəfəni üstələməyi məsələsinə, mərasimi təşkil etməli olan qurumun ünvanı bəlli etməsi bu məsələyə də cavabdır. Dinin fəlsəfəni üstələməsinin səbəbi isə, əgər səhv etmirəmsə (səhv etsəm, üzrlü sayın) Ali təhsil müəssisələrində fəlsəfə elminə aid tədrisin millət vəkilinin təbircə desək "çoxdan dəfn olun"masıyla bağlıdır...

Millət vəkili E.Əliyevin alim A.Balayevi xatırlayaraq onu yad etməsi mənə dünya şöhrətli Azərbaycanlı alim Lütfizadəyə qarşı "milli ruhsuz"ların sosial şəbəkələrdə alimin ünvanına aşağılayıcı ifadələrin yer alması faktını xatırlatdı. Və təəssüf edirəm ki, aşağılayıcı ifadələr işlədənlər arasında "ziyalı"lar da var idi. Bu, elmi ictimaiyyətə, habelə alimə qarşı yumşaq desək hörmətsizlik idi. Unutmaq olmaz ki, "alim öldü, aləm öldü". Bu hikmətli kəlamı heç də gəlişi gözəl səslənməsinə görə xatırlatmadım...

Qaldı ki, ağlamaq məsələsinə: Ermənilər Fransaya ilk köç edərkən özlərinin fağır, yesir, yazıq və məzlum olduqlarını inandırmaq üçün, həmişə olduğu kimi hiyləyə əl atırlar. Küçədə ağlamağa başlayırlar. İçərilərində tək-tük, vəziyyətdən hali olmayan erməni, "nəyə ağlayırsız?" sualına, "dillərini bilməsək də onlar (oxu: fransızlar) ağlamağın dili olmadığına görə bizi tez başa düşəcəklər" deyir.

Farsların yalandan ağlamağı haqda Tehranda yaşamış əslən Azərbaycan türkü, hazırda Avropada yaşayan Səid adlı şəxsdən eşitmişdim. Onun dediyinə görə, orada əskidənqalma adət var ki, bir yerə yığışaraq yalandan ağlayırlar. Gileylənirdi ki, "Bu, nə adətdir, bilmirəm?" Bu məqamda İ.Nakamın fikirlərinin nə qədər dəyərli olduğu görünür: "Alimdən, elmdən, hünərdən zövq almayan kəs bəşəriyyətin yaramaz övladıdır".

Cəmiyyətdə kriminalı, küllü miqdarda dövlətin malını oğurlayanı, talayanı, zövqsüz və bayağı olanı dəbdə saxlamaqla yaxşı ilə pisin yerini müəyyən etməkdə həmiçə çaşbaş qalacayıq.

"Elmi, əxlaqı, mərifəti sevən adam cəhlin, qəzəbin və hiylənin düşməni olar" deyən Qətran Təbrizinin sözlərinə rəğmən onu deməyə borcluyam ki, "ürəyi möhkəm, beyni küt, olanların səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olur" (Qabusnamə). Kəlamın prototipləri cəmiyyətimizdə heç də azlıq təşkil etmirlər.

Nə qədər ki, Q.Təbrizinin yuxarıda qeyd etdiyim dəyərli sözləri cəmiyyətə sirayət edə bilməyibsə, deməli istənilən və arzuladığımız mühit hələki, tam deyil. Tam olsaydı yəqin ki, tarixçi-etnoqraf alim A.Balayevə olan soyuq münasibətimiz olmaz, eləcə də dünya şöhrətli alim Lütfizadəyə qarşı sosial şəbəkələrdə aşağılayıcı ifadələrə də rast gəlməzdik.


P. S. "Elmindən fayda gələn alim min abiddən (ibadətlə məşğul olan – red.) üstündür" (Məhəmməd Peyğəmbər). Bəşər övladının gündəlik həyatında və məişətdə rahatlıqla istifadə etdiyi çoxfunksiyalı texniki avadanlığın memarı və müəllifi, məhz dahi Azərbaycanlı Lütfizadə intellektinin məhsuludur.


Hikmət İslamoğlu.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


26 Ocak 2023 Perşembe

ÇÜRÜK AĞAC

  

Araz Əhmədoğlu 


HİKAYƏ 


   Bizim torpağımız çox şoran dır. İldə bir-iki dəfə yağış yağanda balaca kollar azca yaşıllaşıb üç-dörd gün sonra da saralıb solar. Ona görə biz "ağac" nə dir bilməzdik.

   Bir gün özünü bu torpaqların ərbabı bilən birisi haradan'sa çox böyök bir ağacı gətirtdirib bizim kəndin ortasına əkdirdi. Özü də bərk-bərk hamıya belə tapşırdı:

   «Heç kimsə bu ağaca dəġməsin. Tullantı sularınızı ağacın dibinə tökə bilərsiniz. Ona istədiġinizcə uzaqdan baxa bilərsiniz. Ama saqın kölgəsinə yaxın düşməyin! kölgəsində oturanı cin tutar! Yalnız nəzri olanlar nəzirlərini bir  tikə bez'lə ağacın butalarının ucuna düġünləyə bilərlər.»




   Hamı gündəlik iş-gücünü buraxıb günün qızmar anlarında bu ağaca baxmaq'la göġlünü xoş edirdi. Ama getdikcə həm ağacın yarpaqları saralıb solurdu həm də ağaca baxmaq birəntiliġə dönmüşdü.

   Bir gün kənd yuxudan durub gözlərini ovduqdan sonra ağacın qurumağa başlamış budaqlarından düġünlənmiş rəngli-rəngli bez tikələri gördü.

   «Bunlar nə dir?!» 

   «Vay dədə ... nə gözəl olub!»

   «Hələ  sizin xəbəriz yox dır! bilirsiz bu nəzir sahablarının nəzri necə qəbul olub!» Bu sözü deyən başqa uzaq bir kənddən gəlmişdi. Kimsə onu tanımırdı. Çünki onu ərbab yollamışdı.

   Ondan sonra başqa kəndlərdə sayrısı sağalan, dili açılan, kor gözü açılan, şili açılanların xəbərləri gəlməġə başladı. Sonra da uzaq-uzaq kəndlərdən bu ağaca nəzir düġünləməġə gələnlərin sayı çoxaldı.

   Hər nəzir də qəbul olmurdu. Yalnız iri kağaz pul nəziri qəbul olurdu! Ağaca düġünlənən rəngli bezlər hər gün rəng dəġişirdi. Ama ağac getdikcə qup-quru quruyurdu. Bala-bala ağacın içinə cüvə düşdü. Ağacın içindəki cüvələr ağacın içini yeyib qurtardılar. Artıq yeyəcəġə qalan ancaq rəngli bezlər bir də içindəki kağaz pullar idi. Cüvəyə nə fərq edər bu pullar hara gedir?

   Ancaq ərbab buna dözə bilməzdi. Bir-iki dəfə ağacı başdan başa davalatdırdı. Ama yamaq tumandan bahaya baxırdı. Ona görə bütün

xeyrindən vaz keçdi.

   Bir gün genə kənd yuxudan durub gözlərini ovduqda yeri-göyü bir-birinə qatan bir qasırqa kəndin qapı-bacasını hirs ilə döġürdü. kənd evlərdən

eşiġə çıxanda gözümüzün önündə içdən çürümüş ağacın tikələrini qasırqa qabağına qatıb şoranlıq çöldə burdan ora qovmaqdaydı.

   Şoranlıqda yaşamağa alışmış bizlər genə başqa bir gətirtmə ağacın yolunu dərin nisgil'lə dördgözlü gözləyirdik.


arazahmadoghlu@gmail.com

1402/11/05

2023/01/25


2 Ocak 2023 Pazartesi

AZƏRBAYCANIN TARİXİ SƏNƏDLƏRİ

   İzgəsini (Tarixini) bilməyən kim olduğunu bilməz. Kim olduğunu bilməyən özünü düzgün dəyərləndirə bilməz. Özünü düzgün dəyərləndirə bilməyən köləliyə satılar.



   Bizim gərçək izgəmizə görə dünya kitabxanalrında sayışını bilmədiyimiz sənədlər var. Nəsirəddin Şah Qacar dövrünün kitablarından biri "İmtahan-ul Füzəla" (امتحان الفضلا) kitabı dır. Bu kitabı yazan, Sənglax (سنگلاخ) ayamasıyla ad-san qazanmış, Mirzə Məhəmmədəli Qoçanı (میرزه محمدعلی قوچانی) dır. Təbriz muzeyində saxlanılan "Bismillah Daşı" onun əsəri dir.



   İmtahan-ul_Füzəla kitabından təqdim edilən bu neçə səfhədə Mirzə Məhəmmədəli "Azərbaycan ölkəsi/məmləkəti", (کشور آذربایجان) "Fars ölkəsi/məmləkəti" (کشور فارس) və o ölkələrdə olan Təbriz, Xoy, Marağa və Şiraz şəhərlərinə görə gəzib gördüklərindən yazır.



   Bu önəmli sənəddə Azərbaycan, Fars, Ərəbistan yaxud Al-Ahwaz, Təbəristan, Sistan, Xorasan, Kirman hərəsi özünə bir məmləkət olub. Amma bu ayrı məmləkətlər, modern deyimdə "emperator", o vaxtın deyimi və inamında "Xəlifə", "Əmir-əlmöminin", "Şah" adlanan baş hakimə xərac vermək şərti ilə "İslam emperatorluğunu" yaradırdılar. Və bu məmləkətlərin birliyinə "Məmalik-i Məhrusə deyilirdi. O ölkələri bir arada tutan yalnız Müsəlmanlıq idi, Osmanlı emperatorluğunda olduğu kimi.



   Ona görə Xorasan Farsın, Fars Ərəbistanın, Kirman Sistanın bir bölümü, eləcə də Azərbaycan Farsın bir bölümü demək ola bilməzdi və elə ona görə də heç vaxt demək olmaz. Bu ölkələr həmişə qonşu, din qardaşı ölkələr olublar. Bu qardaşlığı pozmağa çalışan düşüncə əslində Müsəlmanların birliyindən qorxan ya ən azı bu birliyi istəməyənlərin düşüncəsi dir.



Araz Əhmədoğlu.

14.12.2022-ci il.