Translate

8 Şubat 2017 Çarşamba

ERMƏNİLƏRİN AZƏRBAYCANA KÖÇÜRÜLMƏSİ SİYASƏTİNİN MÜƏLLİFİ KİMDİR?

BURADAN İZLƏYƏ BİLƏRSİNİZ : IRSHAD TV

                                          Aleksandr Sergeyeviç Qriboyedov


BURADAN İZLƏYƏ BİLƏRSİNİZ : IRSHAD TV

26 Ocak 2017 Perşembe

BÖHRANIN DAHA ÇOX "VURDUĞU" TƏBƏQƏ YOXSULLAR OLUR

26.01.2017 / 12:00

Məcburi köçkün üçün vahid aylıq müavinət onların dolanışığını çətinləşdirəcək.

Mia.az verir ki, bunu iqtisadçı Qubad İbadoğlu yazıb. 

Onun sözlərinə görə, böhran və müharibə dövründə belə qərarı verən hökümət onun risklərini də gözaltına almalıdır:

"Hər bir sivil dövlətdə aztəminatlı və həsas qrupların qayğısına qalmaq üçün müxtəlif sosial, kommunal, nəqliyyat, tibbi, təhsil güzəştləri tətbiq edilir. Burda məqsədlərdən biri onların yaşayışını minumum səviyyədə təmin etmək olsa da , digəri də cəmiyyətdə təhlükəsizlk üçün potensial riskləri aradan qaldırmaqdır. 

Tarix göstərir ki, yoxsullar və yaşayış təminatı zəif olanlar sabitliyi daha çox pozurlar. Bunu əsas götürən bir çox ölkələrdə xüsusilə də böhran dövrlərində aztəminatlı və həsas qrupların sosial təminatı əlavə dəstək paketləri hesabına daha da gücləndirilir. Çünki, böhranın daha çox "vurduğu" təbəqə yoxsullar olur. 

Belə ki, böhran dövründə genişlənən struktur və tsiklik işsizliyinin "qurbanlar"ı daha çox belə qrupların təmsilçiləri olurlar. Azərbaycanda isə əksinə mövcud hakimiyyət hazırkı böhranın "yükü"nü aztəminatlı və həsas qrupların üzərinə qoyur.

Hələ 2017-ci ilin dövlət büdcəsinin parlament müzakirəsi başlamamışdan əvvəl məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı ayrılan vəsaitin onların artan xərclərinin qarşılanmasına yetərli olmayacağına dair narahatlğımı mətbuatda bölüşmüşdüm. Təəssüf ki, bu narahatlığı büdcənin parlament müzakirəsində hətta məcburi köçkün rayonunu təmsil edən Məclis üzvləri belə bölüşüb, mövqe bildirmədilər. 

Son zamanlar yaranmış vəziyyətdən çıxış üçün müxtəlif variantlar axtaran hakimiyyət bu günlərdə verdiyi fərmanla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edib.

 Əgər bu müavinət yalnız yemək xərcləri üçün nəzərdə tutulardısa onda o ədalətli hesab oluan bilərdi. Çünki, son 2 ildə sürətlə artan xüsusilə ərzaq və dərman perparatlarının qiymətləri məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinətin artırılmasını onsuz da zərurətə çevirmişdi. Lakin, məcburi köçkünlərə veriləcək vahid aylıq müavinət həm yemək xərcini və həm də tarifləri bahalaşan qaz, elektrik enerjisi və digər kommunal xərcləri qarşılamalıdır. 

Nəzərə alsaq ki, məcburi köçkünlər bu ilə qədər adambaşına ay ərzində 150 kVt/saat elektrik enercisindən, qış aylarında 45 kub metr, yay aylarında 25 kub metr olmaqla təbii qazdan pulsuz istifadə etmək hüququndan da məhrum ediliblər, onda onlara bütün xərclərini ödəmək üçün ayda 36 manatın ayrılması bu qrupda daxil olan böyük əksərriyyətin dolanışığını daha da pisləşdirəcək. 

Bununla yanaşı son Fərmanla Nazirlər Kabinetinin vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti müəyyən edərkən onların sayını azaltmaq üçün məcburi köçkünlərin bir hissəsini bu siyahıdan çıxartması da ciddi narazılıq doğuracaq. 

Çünki, 24-25 il bundan əvvəl yurdundan didərgin düşən məcburi köçkünlərin bir ailə üzvünə məxsus evdə məskunlaşması onun bu statusdan məhrum edilməsi üçün əsas sayıla bilməz. Çünki, hazırda müəyyən edilən vahid müavinət hətta yetərli olmasa da belə yalnız kommunal xərcləri deyil, həm də ərzaq xərclərinin də qarşılanması üçün nəzərdə tutulub. 

Eyni zamanda məcburi köçkün harda yaşamasından asılı olmayaraq kommunal xərcləri ödəmək məcburiyyətindədir.

 Odur ki, hökümət xüsusilə də böhran və müharibə dövründə, nəinki məcburi köçkünlər, hətta ixtisaslı şəxslər üçün iş yerlərinin əlçatmaz olduğu indiki şəraitdə belə qərarlara rəvac verərkən onun risklərini də gözaltına almalıdır”.

25 Ocak 2017 Çarşamba

ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVDƏN KƏSKİN XƏBƏRDARLIQ (TAM MƏTN)

23.01.2017 / 17:13

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Ali Baş Komandan, Prezident İlham Əliyev hərbiçilər qarşısında çıxış edib.


“ƏGƏR KİMSƏ BUNU UNUDUBSA..."


"İRŞAD TV" həmin çıxışı olduğu kimi təqdim edir :

- Əziz hərbçilər.

İlk növbədə, sizi yeni inşa olunmuş hərbi şəhərciyin açılışı münasibətilə təbrik etmək istəyirəm. Ərazisi 42 hektar olan bu şəhərcik ən yüksək standartlara cavab verir. Şəhərciklə tanış olarkən görürəm ki, xidmət aparmaq, yaşamaq üçün bütün şərait var. Ən müasir standartlar tətbiq olunub, xidmət şəraiti ən yüksək səviyyədədir. Hesab edirəm ki, bu hərbi şəhərcik dünya miqyasında nümunəvi hərbi şəhərcikdir.

Bu şəhərciyin inşa edilməsi bir daha onu göstərir ki, Azərbaycanda ordu quruculuğuna çox böyük diqqət yetirilir. Son bir neçə il ərzində iyirmidən çox hərbi şəhərcik tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün hərbi hissələrimizin mütləq əksəriyyəti demək olar ki, bu səviyyədədir. Ümid edirəm ki, növbəti bir-iki il ərzində yararsız vəziyyətdə bir dənə də hərbi infrastruktur olmayacaq.

Ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. Hərbçilərin məişət problemləri də öz həllini tapır. Bildiyiniz kimi, iyirmi il qüsursuz xidmət göstərən hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir, bu proses artıq geniş vüsət alır. Xidmət aparmaq üçün bütün lazımi tədbirlər görülür. Bir sözlə, hərbçilərimizin həm xidmət, həm də məişət şəraiti daim diqqət mərkəzindədir.

Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. 

Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir.

Bir daha qeyd etmək istəyirəm ki, ordu quruculuğu kompleks şəkildə öz həllini tapır. Həm hərbçilərin xidmət, məişət şəraiti, döyüş texnikası ilə təminat, eyni zamanda, ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artmışdır. Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik, dünya da bilir ki, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu, sözün əsl mənasında, güclü ordular sırasındadır.

Bütün bu nailiyyətləri biz özümüz əldə etmişik, öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki əgər güclü iqtisadiyyat olmasaydı, biz bütün bu işləri görə bilməzdik. Yaradılan bu hərbi şəhərcik bu gün bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir. 

Bu gün dünyada maliyyə-iqtisadi böhran davam edir. Ancaq buna baxmayaraq, biz bu məqsədlər üçün böyük vəsait ayırırıq və ayıracağıq. Bunu təmin edən güclü iqtisadiyyatdır. İqtisadiyyatda aparılan işlər, islahatlar bizim ordumuzu, dövlətimizi gücləndirir. 

Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz hesabına yaşayır, heç kimdən asılı deyil, heç kimin maliyyə yardımına ehtiyac duymur. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha yaxşı yaşayırıq.

Bizim hərbi hissələrimizin vəziyyəti bir neçə il bundan əvvəl tam fərqli idi. Mən xüsusi göstəriş vermişdim ki, bu vəziyyət təhlil edilsin, mənə məruzə olunsun və tədbirlər görülsün. Yadımdadır, bir neçə il bundan əvvəl müxtəlif bölgələrimizdə yerləşən hərbi hissələrin fotoşəkilləri mənə təqdim ediləndə, əlbəttə ki, mənzərə çox acınacaqlı idi. Yarıdağılmış binalar, yararsız vəziyyətdə olan kazarmalar, ordumuzun ərzaq təminatı çox aşağı səviyyədə idi. Ona görə dərhal göstəriş verdim və bu sahədə köklü dəyişikliklər baş verdi. Bu gün Müdafiə Nazirliyinin rəhbərləri bütün bu işləri yüksək səviyyədə təmin edirlər. Yəni, bu gün həm təminat, həm xidmət baxımından Azərbaycan Ordusu dünyada nümunəvi ordular sırasındadır.

O ki qaldı ordumuzun döyüş qabiliyyətinə, biz bilirdik və müntəzəm olaraq, bu istiqamətdə işlər aparılırdı. Həm nizam-intizam, həm döyüş qabiliyyəti, həm hazırlıq və bütün bu görülmüş işlər özünü lazım olan vaxtda göstərdi. 

Keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.

Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. 

Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir.

Bütün bu uğurların təməlində düşünülmüş siyasət dayanır. Ordu quruculuğu prosesi Azərbaycanda ardıcıllıqla icra edilir. Həm təminat, təchizat, müasir texnikanın alınması, döyüş qabiliyyətinin artırılması, eyni zamanda, bizim hərbi uğurlarımız siyasi uğurlarla da tamamlanır. Biz bu gün özümüzü beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi təqdim etmişik. Bizim dünyadakı dostlarımızın sayı getdikcə artır. Bizim haqq işimiz barədə dünya ictimaiyyəti daha da dolğun məlumat əldə edir.

Bu gün heç kimə sirr deyil ki, bizim işimiz haqq işidir və biz öz torpağımız uğrunda vuruşuruq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda yaşayıb-yaratmışdır. Orada yerləşən tarixi, dini abidələrimiz bizim qədim mədəniyyətimizi əks etdirir. Təkcə Dağlıq Qarabağ deyil, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır.

 Əgər statistikaya nəzər salsaq görmək olar ki, XX əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin yüzdə 70-i azərbaycanlılar idi. İndiki Ermənistanın bir çox toponimləri Azərbaycan mənşəlidir. İrəvan, Zəngəzur, Göyçə bizim tarixi torpaqlarımızdır. Bizim torpaqlarımızda erməni dövləti qurulubdur. Özü də əfsuslar olsun ki, bizim öz dəstəyimizlə. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək qərarı idi. Yəni, bu, tarixdir, yaxın tarixdir. Bu tarix bir daha onu göstərir ki, Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb və yaşamalıdır.

O ki qaldı Dağlıq Qarabağ əhalisinə, onu da tarixçilər və bu məsələ ilə məşğul olanlar yaxşı bilirlər. Əlbəttə Azərbaycan xalqı da bilir ki, XIX əsrin 20-ci illərində Dağlıq Qarabağa İrandan və Şərqi Anadoludan kütləvi surətdə erməni əhalisi köçürülmüşdür. O məqsədlə köçürülmüşdür ki, həmin ərazidə milli və dini tərkib dəyişdirilsin və məhz buna görə XX əsrin 20-ci illərində Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Yəni, bu, tarixdir. Tarix və ədalət bizim tərəfimizdədir. Yenə də deyirəm, bu, bizim haqq işimizdir, bu, bizim torpağımızdır və biz bu torpağa qayıtmalıyıq.

O ki qaldı beynəlxalq hüquqa, beynəlxalq hüquq da bizim mövqeyimizi müdafiə edir. Bir çox mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişdir. 

Xüsusilə BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali orqanı 4 qətnamə qəbul etmişdir və bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik. Bax, budur bu qətnamələrin əsas mahiyyəti. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir.

BMT Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlar – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr qəbul etmişdir. Onlar da kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq normaların kobudcasına pozulması deməkdir. Ancaq yenə də işğalçı dövlətə heç bir təzyiq göstərilmir. Bu, ikili standartlar siyasətidir. Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır.

Biz hərbi gücümüzü artırmışıq və artıracağıq. Siyasi addımlar atılacaq ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı öz mövqeyini daha da geniş ifadə etsin. Biz öz iqtisadi gücümüzü artıracağıq və bütün böhranlara baxmayaraq, ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də təmin ediləcəkdir. Bu gün də bizim büdcə xərclərimizin strukturunda hərbi xərclər birinci yerdədir. Bizim başqa ehtiyaclarımız da var. Sosial məsələlərin həlli, infrastruktur layihələrinin icrası, digər vacib məsələlər var. Onlar da öz həllini tapır. Amma, ilk növbədə, ordu quruculuğudur. İlk növbədə, ordumuzun ehtiyacları təmin edilməlidir və biz gücləndikcə, əlbəttə ki, münaqişənin həllini yaxınlaşdıracağıq.

Münaqişənin həlli isə çox sadədir. 

Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Yəni, bu məsələnin həlli bundan ibarətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

O ki qaldı Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq. Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir. 

Bu məqsədlərə nail olmaq üçün bir daha demək istəyirəm, daha da güclü olmalıyıq və biz bu gün dünya miqyasında böyük təqdirlə qarşılanan güclü Azərbaycan dövləti yaradırıq. Biz öz azad gələcəyimizi qururuq, müstəqil həyatımızı qurmuşuq. Biz 25 ildir ki, müstəqil dövlətik və bir daha demək istəyirəm, heç kimdən heç bir yardım almadan, bəzi başqa ölkələr kimi heç kimin ətəyindən yapışmadan bunu əldə etmişik. 

Bu gün açığını deməliyik, Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır.

Biz isə gələcəkdə daha da güclü dövlətə çevriləcəyik. Həm iqtisadi potensialımız, hərbi gücümüz artacaq. Əhalimiz artır, artıq Azərbaycan əhalisi 10 milyona yaxınlaşır və şübhə yoxdur ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu şərtləndirən bir çox amillər var, onlardan birincisi güclü Azərbaycan Ordusudur və bu, bizim əsas vəzifəmizdir, əsas məqsədimizdir.

Bu gün bu hərbi şəhərciyin açılışı bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Hətta ölkə iqtisadiyyatı üçün ən ağır il olan 2016-cı ildə də biz uğurlu inkişaf dinamikasını saxlamışıq və böyük sərmayələr qoymuşuq. Son illərdə artıq 20-dən çox hərbi şəhərcik tikilib. Lakin digər yerlərdə, müxtəlif bölgələrdə hərbi şəhərciklərin tikilməsi də nəzərdə tutulur.

Mən ordumuzun bütün şəxsi heyətini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm, ordumuza yeni uğurlar arzulayıram. 

Sağ olun".

" 2017-ci il QARABAĞ ÜÇÜN DAHA BETƏR OLA BİLƏR ” - PROQNOZ

25.01.2017 / 11:23

İngilis jurnalisti və Qafqaz məsələləri üzrə ekspert Tomas de Vaal-ın "Karneqi Avropa" saytında dərc olunmuş son məqaləsi “2017-ci ildə Qarabağ münaqişəsi təhlükəsi” adlanır.

Məqalədə deyilir ki, hər yaz Qarabağ münaqişəsini izləyən politoloq və ekpsertlər belə bir sual verirlər : “Müharibə olacaqmı?” Bu il onlar xüsusilə bədbindirlər. 2016-cı il bu mənada pis il olub. 2017 daha pis il ola bilər.
Ötən aprelin dörd günü ərzində, 1994-cü ildən bəri mübahisəli Dağlıq Qarabağda baş vermiş ən qanlı toqquşmalarda ümilikdə, 200 azərbaycanlı və erməni həlak olub.
De Vaalın fikrincə, bu toqquşmaların ardınca yay aylarında azərbaycanlılar 1994-cü ildən bəri qüvvədə olan atəşkəsi saxlamağa, ermənilər isə daha geniş danışıqlar prosesinə razılaşıblar. Amma bundan sonra hər şey öz məcrasına qayıdıb. Qarşılıqlı ittihamlar, Azərbaycanın səbirsizliyi, Ermənistanın inadkarlığı yenidən bərqərar olub.

Əlbəttə ABŞ-ın təməlini qoyanlardan biri sayılan Bencamin Franklin deyib ki, “yaxşı müharibədənsə, pis sülh daha yaxşıdır”, amma De Waal-ın fikrincə, Qafqazda yeni münaqişə minlərlə yeni qurbanlara və iqtisadiyyatın tamamilə darmadağın olunmasına gətirib çıxara bilər.
Məqalədə deyilir ki, tərəflər bütün hallarda müharibə yolunu seçə bilərlər. 1994-1995-ci illərdə əldə olunmuş razılaşmanı qüvvədə saxlamaq getdikcə çətinləşir.
Müəllif yazır ki, 1994-cü ildə 250 kilometrlik təmas xətti tələsik qazılmış səngərlərdən ibarət idi. Bu səngərlərə sığınan əsgərlər arabir güllə atar, bəzən isə hətta bir-birlərindən siqaret istəyərdilər. Amma indi bura Avropanın ən çox hərbiləşdirilmiş ərazisidir. İndi tərəflərin artilleriyası, uzaqvuran raketləri, döyüş helikopterləri, hərbi dronları var. Azərbaycan yeni silahların alınması üçün neft pullarından milyardlarla dollar xərcləyib, elə ermənilər də Rusiyadan güzəştli qiymətlərə aldıqları silahlar hesabına əhəmiyyətli müdafiə qurublar.
De Waal yazır ki, Azərbaycan 2016-cı ilin aprelində iki kiçik ərazi parçasını geri qaytara bilib, lakin bunun psixoloji təsiri qat-qat böyük olub. Azərbaycan iki onillikdir ki, davam edən alçaldılmaya son qoyub, burada vətənpərvərlik hissləri, münaqişənin hərbi yolla həllinə ümidlər artıb. Bu, müəyyən mənada Azərbaycan əhalisinin diqqətini tənəzzül edən iqtisadiyyatdan və ucuzlaşan milli valyutadan yayındıra bilib.

Ekspertin qənaətinə görə hazırda tərəflər öz hərbi qüdrətlərini həddindən artıq yüksək qiymətləndirirlər. Üstəlik hər iki tərəf indi daha ölümcül silahlara malikdir. Ermənilər Rusiyadan aldıqları İsgandər raketlərini 2016-cı ildə keçirdikləri hərbi paradda nümayiş etdiriblər. Bu raketlər 280 kilometrədək məsafəni vurur və əslində Azərbaycanın yaşayış məntəqələrini, neft və qaz infrastrukturunu hədəfləyə bilər.
Bu ermənilərin əl ata biləcəkləri sonuncu vasitədir, lakin əgər Azərbaycan tərəfindən genişmiqyaslı hücum başlanarsa, onlar bunu edə bilərlər. Ermənistanın 2015-ci ildə qəbul edilmiş hərbi doktrinasına görə də Yerevan Azərbaycanı çəkindirmək üçün önləyici zərbə endirə bilər. Azərbaycanın ixtiyarında isə Iron Dome raketdən müdafiə sistemləri də daxil İsraildən aldığı ağır silahlar var.
De Vaal yazır ki, hərbi vəziyyət təhlükəlidir, amma siyasi vəziyyət də daha az təhlükəli deyil. Azərbaycanda neft gəlhagəlinin başa çatması ilə iqtisadi tənəzzül başlanıb.

Ermənistanda prezident Serj Sarqsyan-ı apreldə çətin parlament seçkiləri gözləyir. Səsvermə başa çatdıqdan sonra orada bütün səlahiyyətlər prezidentdən parlamentə keçmiş olacaq.
Təhlilçilər bunu son prezidentlik müddəti 2018-ci ildə başa çatmalı olan Sarqsyan-ın hakimiyyəti əldə saxlamaq üçün sonuncu döyüşü kimi qiymətləndirirlər.
Digər tərəfdən ABŞ-da prezidentliyə Donald Tramp-ın gəlməsi, Avropa İttifaqındakı böhran Cənubi Qafqazda hiss olunur və tərəfləri məsuliyyətsiz addımlara sövq edə bilər.
De Vaal-ın fikrincə, 2016-cı ilin aprelində münaqişəyə Moskva müdaxilə edərək hər iki tərəfdən şifahi vəd alıb, lakin Qarabağ münaqişəsinin iplərinin Moskvanın əlində olması barədə qənaət aldadıcıdır. Əslində 1988-ci ildən bəri Moskva vəziyyətə heç cür nəzarət edə bilməyib və bunun əvəzində gah bir, gah digər tərəfi dəstəkləyib. Hazırda isə Rusiyaya heç bir tərəfdə inam yoxdur.
“Qısası Qarabağa görə önləyici zorakılığın baş qaldırmaması üçün qabaqlayıcı diplomatiyaya ehtiyac var” – yazır Tomas de Vaal.


MODERN.AZ

24 Ocak 2017 Salı

PREZİDENT ƏLİYEV LAVROVA VƏ SƏRKİSYANA SƏRT CAVAB VERDİ...

24.01.2017 / 09:00

İrəvan müharibəni seçir, danışıqlar sıfırlanır – səbəb 
Ölkə başçısından işğalçı və havadarlarını sərt ismarış: “Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, kimsə bunu gözləyirsə, əbəs yerə gözləyir” ; 
Rusiya baş diplomatının Qarabağ yorumundan ruhlanan erməni prezident isə təxribatçı mövqeyini gücləndirib ; 
Erməni nəşri: “Hakimiyyət o qədər qudurub ki, əsgərin payına da göz dikir...” 

Ermənistan prezidenti Serj Sərkisyan, gözlənildiyi kimi, Rusiya xarici işlər naziri Sergey Lavrovun son Qarabağ açıqlamasından əməllicə ruhlanıb. Belə ki, yanvarın 20-də 4 günlük aprel savaşında iştirak edən və tərxis olunan hərbçilərlə görüşdə o daha ürəklə maksimalist və təxribatçı mövqedən çıxış edib, növbəti dəfə danışıqlar prosesini sıfırlayan, böyük müharibəni yaxınlaşdıran və BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qətnamələrini qulaqardı edən fikirlər söyləyib.

Məsələn, Xocalı canisi ərz edib: “Heç kim Dağlıq Qarabağın taleyini həll eləmək hüququna malik deyil”. Bildirib ki, “Dağlıq Qarabağ erməniləri öz talelərini yalnız özləri müəyyən edə bilərlər”. Başqa sözlə desək, guya Azərbaycanın Dağlıq Qarabağ üzərində heç bir haqqı, suveren hüququ qalmayıb, region artıq Azərbaycanın tərkib hissəsi kimi qəbul edilmir dünyada. Halbuki, Azərbaycan bu haqqı, ərazilərini nə vaxtsa silah gücünə azad eləmək hüququnu indi də özündə saxlayır və kimsəyə verməyib. Belə bir hüquqi sənəd, anlaşma mövcud deyil. Bunu Sərkisyan da, onun rusiyalı havadarı, ilana zəhər verən kərtənkələ - Kələntərov-Lavrov da yaxşı bilir.   

Ancaq “Qarabağ məsələsi təkcə Azərbaycanın daxili mövzusu deyil” deyən Lavrovdan Sərkisyan necə ilham almasın ki? Odur ki, bir az da qabağa gedərək bəyan edib: “Status dəqiqləşməyincə, ərazi qaytarılmasından söhbət gedə bilməz”. 

Oxşar fikir ki, məlum mətbuat konfransında faktiki şəkildə S.Lavrov tərəfindən də dilə gətirilmişdi. Rusiya XİN rəhbəri, üstəlik, BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələrinin mahiyyətini erməni maraqlarına uyğun təhrif və təqdim etməyə çalışmışdı. Bu yerdə indi politoloq Eldar Namazovun qəzetimizə verdiyi müsahibdə bir fikirlə necə razılaşmayasan ki, “Lavrov gercəkdən, erməni lobbisinin tərkib hissəsidir”. 

    
    Politoloq Elxan Şahinoğluya görə, Sərkisyanın həmin görüşdəki çıxışının və verdiyi cavabların əsas leytmotivi budur: 1. Dağlıq Qarabağın statusu müəyyənləşmədən ətraf torpaqların boşaldılmasından söhbət belə gedə bilməz; 2. Ermənistan münaqişənin həllinə bugünkü qədər yaxın olmayıb və beynəlxalq vasitəçilər İrəvanın mövqeyini dəstəkləyir; 3. Madrid prinsipləri statusun müəyyənləşməsini diqtə edir; 4. İrəvan silah almaqda Bakı ilə ayaqlaşa bilməsə də, Ermənistanın müdafiə xarakterli kifayət qədər silahı var.


Onun sözlərinə görə, Sərkisyanın bu tezisləri danışıqlar prosesinin İrəvanı qane etdiyini təsdiqləyir. “Buna görə də onlar status-kvonu mümkün qədər uzatmağa çalışacaqlar. Müharibənin əleyhinə olan beynəlxalq mühit də rəsmi İrəvanın maraqlarına xidmət edir. Sərkisyan ölkəsinin və özünün vassal olduğunu göstərməmək üçün görüşdə bir dəfə də Rusiyanın adını çəkməyib. Ancaq onun sadaladığı bütün tezislərin arxasında Kremlin dəstəyi və Sergey Lavrovun mətbuat konfransında vurğuladığı məqamlar dayanır”, - deyə politoloq vurğulayıb.

***** 

Lakin Serj Sərkisyanın Qarabağ məsələsində yenə “yuxarıdan” getməsi onun öz ölkəsindəki daxili ictimai-siyasi durum, Ermənistanın günü gündən ağırlaşan iqtisadi vəziyyəti, əhalinin hakim rejimə qarşı güclənən nifrəti ilə tərs mütənasibdir. Bunu “Qraparak” nəşrindəki məqalə bir daha təsdiq edir (publika.az).

Məqalə müəllifi öncə aprel döyüşlərində iştirak eləmiş erməni hərbçilərinə Sərkisyan iqtidarının rüsvayçı  münasibətindən söz açıb. Sərkisyan rejiminin erməni xalqının başına açdığı oyunlara toxunan Tavoş Arsakyan yazıb : “Apreldə ölən əsgərlər qəhrəmanlaşdırıldı, İrəvan meriyası onların ailələrinə mənzillərin veriləcəyini canfəşanlıqla bildirdi. Lakin zaman keçdikcə hər şeyin, sadəcə, sözdən ibarət olduğu ortaya çıxdı”.

“Qraparak” qəzetinin məlumatına görə, Ermənistan ordusundan tərxis olunan əsgərlərin hərbi biletlərində aprel döyüşləriində iştirak etdikləri haqda heç nə qeyd edilməyib :  “Tərxis olunan əsgərlərdən biri Madagizdəki döyüşdə iştirak edib. Lakin onun hərbi biletində harada xidmət keçməsi haqda bölmə rənglənərək, görünməz hala salınıb. İndi o əsgər heç kəsə sübut edə bilməyəcək ki, döyüşlərdə iştirak edib”, - nəşr qeyd edib.

Məlumata görə, tərxis olunmuş bir neçə əsgər bu məsələyə görə qəzetin redaksiyasına müraciət edib. Qəzet daha sonra yazıb ki, hakimiyyətin məqsədi döyüşlərdə iştirak etmiş əsgərlərin gələcəkdə güzəştlərdən istifadə edə bilməsinin qarşısını almaqdır: “Misal üçün, döyüşlərdə iştirakçı olmuş əsgərlərə təhsil haqqının 20 faizi güzəşt edilir. Hakimiyyət bu kiçik imkanları da onların əlindən alır”. T.Arşakyan sonda yazır ki, Sərkisyan rejimi artıq uçuruma yuvarlanır. “Hakimiyyətin əsgərlərə kompensasiya verməməsi, onların güzəşt imkanlarını kəsməsi sual yaradır: yəni ölkə bu qədərmi kasıblayıb? Lakin cavab fərqlidir: hakimiyyət o qədər qudurub ki, əsgərin payına da göz dikir”, - deyə o qeyd edib.


Ermənilərin özlərinin də etiraf elədiyi kimi, işğalçı ölkə belə bir miskin kökdədir və getdikcə sosial-iqtisadi durumu daha da ağırlaşmaqdadır. Bu arada Azərbaycan prezidenti İlham Əliyev həm S.Lavrovun məlum bəyanatına, həm də “rusun iti” Sərkisyanın yuxarıdakı özündənrazı fikirlərinə tutarlı cavab sayıla biləcək mühüm açıqlamalar verib. 

Belə ki, dünən Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışına qatılan prezident öncə aprel döyüşlərinin Azərbaycan Ordusunun böyük qələbəsi olduğunu deyib. “Həmin döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdıldı”, - ölkə başçısı vurğulayıb. 

“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir” - İlham Əliyev işğalçıya və onun havadarlarına bir daha aydın mesaj göndərib.


Prezidenti qeyd edib ki, Azərbaycan Ordusunda ruh yüksəkliyi var, vətənpərvərlik hissi yüksək səviyyədədir: “Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik. Bu gün dünya da bilir ki, döyüş qabiliyyəti, hərbi-texniki təminat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz öz hesabımıza, güclü iqtisadiyyat hesabına əldə etmişik. Güclü iqtisadiyyatımız olmasaydı, bu işləri görə bilməzdik. Bu hərbi şəhərcik həm ordumuzun, həm dövlətimizin gücünü göstərir”.

Prezidentin ordumuz və onun döyüş qabiliyyəti barədə yüksək səviyyəli fikir və mesajları da heç şübhəsiz ki, S.Lavrovun “Qarabağ mövzusu Azərbaycanın daxili məsələsi deyil” sözlərinə başqa rakursdan cavabdır. Yəni Azərbaycan öz silahlı qüvvələrini yalnız təlimlər keçirmək üçün gücləndirmir və zəruri məqamda ordumuz öz sözünü mütləq deyəcək.       


Siyasət şöbəsi,
"YENİ MUSAVAT"