Translate

26 Temmuz 2016 Salı

NASA ALLAHIN İQAMƏTGAHINI TAPDIĞINI BƏYAN ETDİ


1994-ci ildə “Hubble” kosmik teleskopu kosmosda açıq-aşkar üzən süni, nəhəng obyektin fotosunu çəkib. NASA-nın əməkdaşları onu Allahın iqamətgahı adlandırıb. ABŞ rəhbərliyi bu hadisəni gizli saxlamaq qərarı qəbul etsə də,  məlumatlar üzə çıxıb.

1994-ci ilin dekabrında NASA mütəxəssisləri "Hubble" kosmik teleskopu tərəfindən çəkilmiş fotoları əldə edib. Şəkillərin birindəki kiçik tutqun ləkəyə oxşar hissə alimlərdə böyük maraq doğurub. Onun mövcudluğunun izahını nə Yerə ötürülən siqnallarla, nə də optik effektlərlə izah etmək mümkün olmayıb.

Şəkillərdə alimlər təbiətin şah əsəri hesab edilə biləcək, çox düzgün tikilmiş və güclü  işıq saçan konstruksiya aşkar edib. Obyektin  ölçüləri barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb, hətta obyekt o qədər böyük olub ki, milyardlarla kilometr uzunluqda olan konstruksiyaya  "böyük" və "nəhəng" sözləri də uyğun gəlmir. Alimlərin sözlərinə görə, bizim planetimiz bu şəhərin küçəsində cəmi-cümlətanı qum zərrəsi ola bilərdi. Gördüyü şəkillərdən şoka düşən mütəxəssislər bu məlumatı gizlətməyə qərar verib  və obyekti  “Allahın iqamətgahı” adlandırıb. Bu fərziyyənin nə dərəcədə həqiqətə yaxın olduğunu isə heç kim bilmir.

Obyekti izləyən alimlər müəyyən ediblər ki, o, qalaktika ilə birlikdə Yerin ətrafında hərəkət edir. Bu, böyük partlayış nəzəriyyəsinə tamamilə uyğun gəlir. Partlayış nəzəriyyəsinə əsasən vaxtı ilə kainatda partlayış olub və həmin vaxtdan qalaktika müxtəlif istiqamətlərə uçub.




Mütəxəssislər kompüterlərin köməyi ilə kainatın bu konstruksiyasının modelini qurublar. Lakin onlar hazırlanmış modeldən bir daha şoka düşüb. Məsələ ondadır ki, bizim və bütün digər qalaktika nisbətən yerini dəyişir, amma "Allahın iqamətgahı" dəyişməz olaraq qalır. Çünki özü hər şeyin puç olduğu nöqtədə yerləşir. Beləliklə məlum olur ki, “Allahın iqamətgahı” kainatın lap mərkəzindədir.

Məlumatları məxfiləşdirmək

Bunu kosmosda aşkarlanan ən qəribə və mühüm məlumat kimi dəyərləndirən alimlər gəldikləri son nəticəni gizlətmək qərarına gəlib. Məsələ ilə bağlı Alber Qor və keçmiş prezident Bill Klinton müzakirə aparıb. Axırda qərara gəlib ki, bəşəriyyətin fikrini bu məlumatlarla qarışdırmaq lazım deyil. Onlar “Allahın iqamətgahı” ilə bağlı bütün məlumatların dərc olunmasına qadağa qoyub.

Buna baxmayaraq, məlumatları məxfi saxlamaq mümkün olmayıb. Belə ki, bir neçə astronomik laboratoriyalar şəkillərin surətini çıxarmağa macal tapıb. 1995-ci ilin əvvəllərində alman elmi jurnalların birində “Allahın iqamətgahı” haqqında fərziyyələr dərc olunub və bu məlumat dərhal bütün KİV-ə yayılıb. Aydın məsələdir ki, məlumatlar məxfi artıq ola bilməzdi.

Kosmosda nə tapılıb?

Nəzəriyyələrdə qıtlıq yoxdur. Hər maddədə Allahın iqamətgahı xarakteri haqqında izahlar verilib. Onlardan bir neçəsi bunlardır.

1. Bu yaşayış yeri həqiqətən Yaradanın iqamətgahıdır. Digər planetlərin və yerin ölmüş adamlarının ruhları burada toplaşır.

2. Obyekt - ən yüksək sivilizasiyanın təcəssümüdür. Əgər Kainatda başqa şüurlu varlıqlar varsa, ola bilsin ki, onlardan bəziləri o qədər yüksək səviyyəyə çatıb ki, belə miqyaslı süni obyektlər yaratmaq iqtidarındadır. Bu gün Yer ətrafında BKS uçur, 500 ildən sonra bəşəriyyət kosmosa nə buraxacaq?

Heç kim şübhə etmir ki, mütəxəssislər Allahın iqamətgahı ilə bağlı araşdırmaları bu illər ərzində də davam etdirir. Bəs niyə bu 20 il ərzində NASA alimləri daha bir sürpriz məlumat təqdim etməyib? Çoxsaylı istəklərə baxmayaraq, NASA bu məsələ ilə bağlı hər hansı yazı, şərh verməkdən qətiyyətlə imtina edir.  


PUBLİKA.AZ  &  VƏTƏNSEVƏRLƏR 

20 Temmuz 2016 Çarşamba

ÖCALANI ÖLDÜRÜB ÖLKƏDƏ XAOS YARADACAQLARMIŞ...

20.07.2016 / 10:34

Türkiyədə dövlət çevrilişinə cəhd planının bəzi təfərrüatları üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə baş verən gecə əsas hədəflərdən biri İmralı həbsxanasında olan terrorçu Abdullah Öcalan olub. Bildirilir ki, qiyamçılar Öcalanı həbsxanadan qaçırıb öldürməyi planlaşdırıblar.

Məlum olub ki, sözügedən planın əsas məqsədi Öcalanın ölümündən sonra kürd əsilli vətəndaşları ayağa qaldırıb, ölkədə xaos yaratmaq olub.

Aysel Kərimova 

& VƏTƏNSEVƏRLƏR

TÜRKİYƏDƏ QİYAMÇILAR 3 METRLİK BETON KAMERALARDA ÇÜRÜYƏCƏK

20.07.2016 / 19:44

Türkiyədə iyulun 15-də baş verən çevriliş cəhdindən sonra kütləvi həbslər davam edir. Qaynarinfo.Az xəbər verir ki, bu gün həbs olunan şəxslərə veriləcək cəzalar və onların saxlanılacağı həbsxanalarla bağlı ilginc xəbərlər yayılıb.

"Türkiyə qəzeti"nin məlumatına görə, hökumət bu kimi halların bir daha yaşanmaması üçün sərt addımlar atmaq qərarına gəlib. Bu məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunub və bəzi qərarlar verilib.

Qəzet yazır ki, hökumət qiyamçıları üçün xüsusi məhkəmədlər qurmaq fikrindədi. "Çevriliş məhkəmələri"nin qurulması üçün xüsusi qanun qəbul ediləcək. Qiyamçıların cəzaları veriləndən sonra həmin məhkəmələr ləğv olunacaq.

Qəbul olunacaq qanun layişəsində günahkarların istintaqının şərtləri, veriləcək cəzalar, onların saxlanılacağı yerlər və saxlanma şəraiti ilə bağlı bütün detallar yer alacaq.

Bildirilir ki, Nazirlər Kabinetinin iclasında edam cəzasının bərpa olunması müzakirə olunub. Lakin bəzi nazirlər edamanın qiyamçılar üçün xilas yolu olduğunu bildirib və daha ağır həraitdə cəza çəkmələrini istəyiblər. Qəbul olunacaq qanun layihəsində qiyamçıların istintaqının və məhkəməsinin tez bir zamanda başa çatması ilə bağlı maddə olunacaq. Məhkəmələr xüsusi binada keçiriləcək avə işlərə çox sayda hakim baxacaq.

Qərarın daha ilginc tərəfi həbsxanalardır. Belə ki, 3 metrlik beton kameralardan ibarət həbsxanaların inşa edilməsinə qərar verilib. Onların tikintisi 3-4 aya yekunlaşmalıdır. Bu kameralar günəş işığı görməyəcək və içində sadəcə tualet olacaq. Cəza alan qiyamçılar bu kameralarda ömürlərinin sonunadək məhkum olacaq. Onlara başqa məhkumlara verilmiş heç bir haqq verilməyəcək. Ailələri ilə görüş, kitab oxumaq və televiziya haqqları olmayacaq. 

Bunlarla yanaşı, hərbi sistemlə bağlı da önəmli qərarlar verilib. Həmin qərarlara əsasən Genelkurmay Başqanlığı (Baş Qərargjah İdarəsi), qüvvət və qarnizon komandanlıqları başda olmaqla bütün hərbi binalar şəhərdən kənara köçürüləcək.

İddialara görə, hökumət Genelkurmay Başqanlığını Milli Müdafiə Nazirliyinə birləşdirmək və Jandarma Baş Komandanlığını ləğv etmək istəyir. Bu baş versə, Jandarma Baş Komandanlığı Daxili İşlər Nazirliyinin tərkibindəki bir şöbəyə çevriləcək.


& VƏTƏNSEVƏRLƏR

TÜRKİYƏ AZƏRBAYCANDA HƏRBİ BAZA YARADIR - PREZİDENT TƏSDİQLƏDİ

20.07.2016 | 20:30


Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, fərmanda deyilir :

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.


& VƏTƏNSEVƏRLƏR

QİYAM, ÇEVRİLİŞ CƏHDLƏRİ DALĞASI VƏ QARABAĞ - YENİ TƏHLÜKƏ

19 İyul 2016 / 09:00



Status-kvo əvvəlki qorxulu fazaya qayıdır; Türkiyə və işğalçı Ermənistandakı son dramatik hadisələr konfliktin həllinə yönəlik səyləri sıfırlaya, müharibə riskini artıra bilər; Putinin adamından Ermənistanda siyasi terror xəbərdarlığı gəldi... 

Türkiyədəki məşum çevriliş olayı bölgədə Azərbaycana da təsirsiz ötüşməyəcək yeni bir situasiya yaradıb. Qardaş ölkənin güc və potensialına zərbə olan bu hadisə və onun nəticələri sözsüz ki, hələ bir müddət Ankaranın başını özünə qatacaq. Türkiyə siyasi isteblişmentini daha çox daxili problemlərin həllinə, bir az da xarici aləmlə zədələnmiş əlaqələrin bərpasına cəlb edəcək.

Demək, Azərbaycan, Qarabağ məsələsi qardaş ölkə üçün əvvəlki aktuallıqda olmayacaq. Hər halda, müəyyən müddət belə olacaq. Doğru, rəsmi Ankaranın Qarabağ məsələsində mövqeyi yerində qalır. Ancaq o da var ki, apreldəki 4 günlük müharibədən sonra münaqişənin həlli ilə bağlı yeni və ümidverici bir ab-hava, diplomatik fəallıq özünü göstərməyə başlamışdı və prosesə Türkiyənin də fəal şəkildə, hətta faktiki, Minsk Qrupunun 4-cü həmsədri qismində cəlb olunması gözlənilirdi. 

Ələlxüsus, Ankara-Moskva əlaqələri normallaşandan sonra belə gözləntilər xeyli artmışdı və bunu rusiyalı rəsmilər və ekspert dairələri də açıq etiraf eləməkdə, paralel surətdə Ermənistanda bu perspektivdən dolayı təlaş yaşanmaqda idi. Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana son səfəri zamanı isə qapalı danışıqlarda Türkiyə amilinin də diqqətdə olması haqda Rusiya KİV-i sensasion informasiyalar yaymışdı. 

Ardınca Kremlin danışan dili sayılan və həmişə anti-Türkiyə bəyanatları ilə tanınan Vladimir Jirinovski Azərbaycan telekanallarından birinə müsahibəsində “Türkiyə və Rusiya səylərini birləşdirsə, kürd və erməni məsələləri öz-özünə həll olunacaq, Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalacaq” demişdi.

Öz növbəsində Rusiya XİN rəsmisi Mariya Zaxarova Türkiyəni nəzərdə tutaraq, Qarabağ məsələsində başqa - ikitərəfli formatların da mümkünlüyünü dilə gətirməklə ermənilərin təlaşını gücləndirmişdi. 

****    

Dünən - iyulun 18-də isə Minsk Qrupu həmsədrlərinin fəaliyyətdə olduqları müddətdə ilk dəfə Türkiyəyə səfəri gözlənilirdi. Belə ki, XİN başçısı Mövlud Çavuşoğlu ötən həftə Bakıda olarkən demişdi ki, vasitəçilərin 18 iyula nəzərdə tutulan Ankara səfərində Türkiyə rəhbərliyi Qarabağ danışıqları ilə bağlı məlumatlandırılacaq. Çavuşoğlunun son Bakı səfəri də elə Qarabağla bağlı məlumatlar toplamaq idi. Fəqət hərbi çevriliş cəhdi planları dəyişdi.    

İş də ondadır ki, həmsədrlərin Türkiyəyə planlaşdırılan səfəri nizamlama prosesinin daha məsuliyyətli bir fazaya girməsi ilə birbaşa bağlı idi. İstisna edilmirdi ki, Türkiyə ilə Qarabağ məsələsi ətrafında həm də elə bir kritik detalın müzakirəsi gözlənilir ki, bundan Azərbaycan məmnun qalmaya bilər. Söhbət böyük ehtimalla, Ermənistanla sərhədlərin açılması kimi rəsmi Bakının sərt yanaşdığı bir mövzudan və indiki həssas dönəmdə artan müharibə riskini minimuma endirmək üçün qardaş ölkənin Azərbaycana təsir potensialını hərəkətə gətirməkdən gedir.  

***



Şübhəsiz ki, Minsk Qrupu həmsədrlərinin Ankaraya planlaşdırılan səfəri Qarabağ məsələsində Türkiyənin roluna və təsirinə verilən önəmin təzahürü, onun vazkeçilməz oyunçu kimi konfliktin nizamlanmasında mühüm rol oynadığının etirafı, məsələdə Türkiyə ilə hesablaşmağın, onun maraqlarını nəzərə almağın zəruriliyini göstərən gerçəklikdir.

Bu yerdə xatırladaq ki, Türkiyə Minsk Qrupu yaradılanadək ABŞ və Rusiya ilə birgə Qarabağ məsələsində vasitəçi üçlüyə daxil olub və həmin vasitəçilik yetərincə uğurlu olub. Əfsus ki, sonradan qardaş ölkəni ermənipərəst Fransa əvəzlədi və bununla da vasitəçilikdə balans pozuldu, Azərbaycan faktiki şəkildə təklənmiş oldu, Bakıya təklif olunan ədalətsiz sülh təkliflərinin önü açıldı. 

Bu xüsusda qardaş ölkənin regionda, dünyada nüfuz və imicinə vurulan istənilən zərbə əlbəttə ki, onun Qarabağ məsələsindəki roluna da zərbə anlamına gəlir, bu rolu və təsiri zəiflədir. Demək, altını çəkən həm də Azərbaycan və onun köklü maraqlarıdır, Qarabağ məsələsidir.

*** 
Qarabağ danışıqlarının yeni raunduna başqa bir zərbə Ermənistandakı daxili durumdan qaynaqlanır. Belə ki, qonşu ölkədə Sərkisyan rejiminə qarşı etirazlar yeni mərhələyə keçib, hətta hakimiyyətə qarşı silahlı qiyam cəhdləri özünü göstərməkdədir. Hələ rəsmi İrəvan Qarabağ məsələsində heç bir güzəştə imza atmayıb, belə gərginlik var... 

“İrəvandakı hadisələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kompromis imkanlarını azaldacaq”. Bu sözləri rusiyalı politoloq, prezident Vladimir Putinin etibarlı şəxslərindən biri sayılan Sergey Markov radikal müxalifət qüvvələrinin İrəvandakı hərbi qiyamını şərh edərkən deyib (report). Onun sözlərinə görə, bu olaylar Serj Sərksiyanın prezident postundan uzaqlaşdırılması ilə bağlı qorxusunu əhəmiyyətli dərəcədə artıracaq. 

“Baş verənlər iki şeydən xəbər verir. Birincisi, Ermənistanın hazırkı prezidenti Sərksiyanla bağlı geniş narazılıq, o cümlədən onu prezident postundan salmaq niyyətində olan təşkilatlanmış qruplar var. İkincisi, Ermənistan siyasətində zorakılıq səviyyəsi çox yüksəkdir. Əvvəllər də buna bənzər faktlar olub. Ermənistan maliyyə naziri Levon Barxudaryanın tribunada çıxışı zamanı terrorçuların içəri daxil olub Ermənistan parlamentini, oraya toplaşan deputatları atəşə tutulmasını xatırlamaq kifayətdir (1999-cu ildə parlamentin gülləbaran edilməsi nəzərdə tutulur-red.) Başqa sözlə, Ermənistanda siyasi sferada zorakılıq səviyyəsi çox yüksəkdir”, - deyə politoloq əlavə edib. 

Yəni Markov faktiki şəkildə işğalçı ölkədə yeni siyasi terror aktını istisna eləməyib.
    
*** 
Putinin müşavirinin də açıqlamalarından belə qənaət hasil olur ki, Azərbaycana qonşu iki ölkədə siyasi qiyam və hərbi çevriliş cəhdləri yekun etibarilə Qarabağ sülh danışıqlarına da zərbə vurmaqla yanaşı, yeni müharibə ehtimalını artıra bilər. Çünki dəfələrlə vurğuladığımız kimi, istənilən sülhün alternativi müharibədir. Aprel döyüşləri isə göstərdi ki, Qarabağ məsələsi ətrafında status-kvo uzun müddət indiki kimi qala bilməz.
          

Analitik xidmət
MUSAVAT.COM  &  VƏTƏNSEVƏRLƏR

19 Temmuz 2016 Salı

ÇEVRİLİŞ GECƏSİ TÜRK GENERALDAN ABŞ - A ŞOK TELEFON ZƏNGİ




Həbs olunan general İstanbul və Ankara şəhərlərində strateji dövlət obyektlərini bombalayan F-16 qırıcılarını yanacaqla təmin edib.

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı yeni iddialar ortaya çıxıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Adanada yerləşən İncirlik hərbi bazasının türk komandiri, general Bəkir Ərcan ABŞ-dan sığınacaq istəyib.

Hadisənin olduğu gecənin səhəri həbs olunan Bəkir Ərcanın, İstanbul və Ankara şəhərlərində strateji dövlət obyektlərini bombalayan F-16 qırıcılarını yanacaqla təmin etdiyi bildirilir. Onun Vaşinqtondan sığınacaq istəməsi xəbəri ABŞ mediasında da yer alıb.

New York Times qəzetinin yaydığı məlumata görə, hərbi çevriliş cəhdi uğursuzluğa düçar olandan dərhal sonra, İncirlik hərbi bazasının türk komandiri B. Ərcan Amerikaya telefon açıb. Ağ Evdəki rəsmilərdən müsbət cavab ala bilməyən komandir hava işıqlaşana yaxın polis tərəfindən həbs olunub.


& VƏTƏNSEVƏRLƏR

MƏTBUAT ŞURASI AZƏRBAYCAN JURNALİSTLƏRİNƏ MÜRACİƏT ETDİ

19 iyul 2016-cı il  / 19 -10

Bu gün Mətbuat Şurası Azərbaycan jurnalistlərinə müraciət ünvanlayıb. "VƏTƏNSEVƏRLƏR"  həmin müraciəti oxucularına təqdim edir...

Qədim tarixə malik xalqlarımız arasındakı çoxəsrlik münasibətlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan və Türkiyə dövlətlərinin müasir dövrdə qarşıya qoyduğu ən mühüm vəzifədir. Bu vəzifə əsas götürülərək ölkələrimizin mənafe və prinsiplərinin müəyyənləşdirilməsində, vahid platforma olaraq bəyan edilməsində media başlıca vasitə kimi çıxış edir, qloballaşan dünyada ortaq türk dəyərlərinin təbliğini rəhbər tutmaqlason dərəcə əhəmiyyətli missiya yerinə yetirir. Hər iki ölkə jurnalistlərinin yaradıcılıq dəst-xəttində həmçinin Azərbaycan və Türkiyənin dövlətçilik maraqlarına xələl gətirən halların qarşısının alınmasına yönələn birgə fəaliyyət də başlıca yeri tutur.
Təqdirəlayiq haldır ki, Azərbaycan mediası Türkiyədə 15-16 iyul 2016-cı il tarixlərində gerçəkləşdirilməsinə cəhd edilən dövlət çevrilişi aktına Türkiyə xalqının mənafelərini nəzərə almaqla yanaşdı, çoxsaylı insan tələfatına səbəb olan terrorçuluq əməllərini qətiyyətlə pislədi. Bu, həm də qardaş ölkə mediasının hadisəyə münasibətdə tutduğu mövqe ilə həmrəylik nümayişi kimi yadda qaldı. Azərbaycan Mətbuat Şurası mövcud dəst-xəttin hər zaman davamlı olacağına əmindir.
Mətbuat Şurası eyni zamanda Azərbaycanın kütləvi informasiya vasitələrinə müraciət edərək onları qardaş Türkiyə üçün taleyüklü vəziyyətə münasibətdə həssaslıq nümayişinə çağırır. Bu həssaslıq ilk növbədə peşəkar yanaşmadan keçir. Peşəkarlıq isə obyektivlik, dəqiqlik və qərəzsizlik meyarlarına riayət etməkdir.

İndiki vəziyyətdə peşəkarlıq Türkiyədə ictimai asayişin pozulmasına səbəb olmuş, ölkənin dövlətçilik ənənələrinin sarsıdılmasına yönəlmiş hər hansı hərəkətin, bu hərəkəti doğuran şəxs və şəxslərin heç bir halda Azərbaycan mediasında təbliğ edilməməsidir. Türkiyə dövlətinin maraqları demokratizmə söykənir, meydanlara axışaraq seçdiyi hakimiyyətini müdafiə əzminə köklənmiş böyük türk xalqının baxışları ilə uzlaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərkən bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanındadır.
Azərbaycan cəmiyyəti Türkiyədəki xalq-hakimiyyət birliyini müxtəlif beynəlxalq güclərin yaşadığımız coğrafiyadakı anti-milli siyasətinə qarşı dirəniş və vəhdət modeli olaraq görür. Mediamızın məhz belə yanaşmanı təbliğ etməsi son dərəcə zəruridir.
Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları qardaş Türkiyədə baş verən hadisə və proseslərə münasibətdə həssas olmağa, Türkiyə xalqının iradəsini nəzərə almağa, Türkiyənin dövlət maraqlarını hakimiyyət çevrilişi cəhdi ilə təhdid edən terrorçu təmayülləri, terror əməllərini törədənləri, himayə edənləri hansısa formada müdafiə edəcək, müdafiə təsəvvürü yaradacaq təqdimatlardan uzaq durmağa çağırır.

Azərbaycan Mətbuat Şurası