Translate

7 Ağustos 2015 Cuma

İNGİLİSLƏR ŞOKDA: BU TORPAQLAR TÜRKİYƏNİN OLACAQ



İncirlik bazasından istifadə mövzusunda ABŞ və Türkiyə arasında əldə olunan razılaşma ingilisləri narahat edib. Bu razılaşmadan sonra ABŞ mediasının “Orta Şərqin yeni xəritəsini Obama və Ərdoğan çəkəcək” yazması da ingilisləri təşvişə salıb.

Publika.az xəbər verir ki, ingilis mətbuatı Amerika mediasının bu iddiasını bir qədər də konkretləşdirib.

Bildirilir ki, Firat çayının qərbindən Aralıq dənizinə qədər uzanan topraqlar Türkiyənin yeni vilayəti olacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında ABŞ-a gedə biləcəyini açıqlayıb. ABŞ-ın “The New York Times” nəşri Ankara və Vaşinqton arasındakı İncirlik razılaşmasını xatırladaraq Yaxın Şərqə yeni şəkil veriləcəyini yazıb: “PKK və İŞİD böyük əməliyyatlarla qarşı-qarşıya qalacaq. Bəşər Əsədin getməsi üçün Vaşinqton daha aktiv rol oynamağa başlayacaq. Bölgənin gələcəyi Ərdoğan-Obama görüşündə planlaşdırılacaq. Ərdoğan ABŞ-a Yaxın Şərqin xəritəsini dəyişdirməyə gedir”.

İngilislərin narahatlığının əsas səbəblərindən biri İncirlik razılaşmasının bir sıra detallarının gizli saxlanılmasıdır. İddiaya görə, ABŞ İncirlik razılaşmasından sonra YPG (PKK-nın Suriya qolun olan PYD-nin silahlı qanadı) içindəki döyüşən agentlərini bölgədən geri çəkib və bununla da YPG-nin bölgədəki fəaliyyətinin sona çatacağı barədə siqnallar verilib. “Hələb dəhlizi” adlandırılan, Firat çayının qərbindəki təhlükəsiz bölgənin İŞİD-dən, demək olar ki, təmizləndiyi bildirilir.

Bütün bu prosesləri izləyən ingilis mediası Firatın qərbinin tamamilə Türkiyəyə veriləcəyini iddia edib. ”The Guardian” nəşri yazıb ki, Türkiyənin İŞİD və PKK-ya qarşı əməliyyatları, bölgəyə yeni bir ab-hava gətirib. Bu əməliyyatlar başa çatanda Türkiyə-Suriya sərhədinin Firat çayından qərbdə qalan hissəsi Türkiyənin olacaq”.

İngilis mediasının “türk vilayəti” olacağını iddia etdiyi ərazi isə Cerablus və Afrinin cənubundakı Hələb ilə İdlibi əhatə edir və Hatayın cənubundan Bəşər Əsədin tarixi vətəni Lazkiyeyə qədər uzanır.

Ömər Dağlı


TÜRKİYƏ GENİŞMİQYASLI QURU ƏMƏLİYYATINA BAŞLAYIR - DETALLAR



PKK terror təşkilatının Şimali İraq və cənub-şərqi Türkiyədəki mövqelərini havadan bombalayan Türkiyə Silahlı Qüvvələri quru əməliyyatı üçün hazırlıqlara başlayıb.

Publika.az xəbər verir ki, Türkiyə mediası PKK-ya qarşı həyata keçiriləcək quru əməliyyatının detallarını əldə edib.

Türkiyə ordusu ilk olaraq ölkə daxilindəki terror ünsürlərini məhv etməyi planlaşdırır. Bir həftə sonra isə Suriya sərhədinə keçən PKK-çılar üçün quru əməliyyatlarının başlanması nəzərdə tutulur. ABŞ ilə əldə olunan İncirlik razılaşmasından sonra terror aktlarının qarşısının alınması üçün ciddi addımlar atan Türkiyə həm İŞİD, həm  də PKK-nı bölgədən tamamilə çıxarmaq istəyir.

Hərbi mənbələrdən əldə edilən məlumatlara görə, türk qırıcılarının bombardmanlarından sonra Kandil, Hakurk və Avaşin kimi düşərgələrdən Şimali Suriyaya 1500-ə qədər silahlı PKK üzvü qaçıb. PKK-nın Şimali Suriyadakı yuvalarının məhv edilməsi üçün keçiriləcək quru əməliyyatlarına hava qüvvələri də dəstək verəcək.

Ömər Dağlı

DÜNYANI DƏYİŞDİRƏN DÖYÜŞ: SƏDDAM 24 İL ƏVVƏL NƏ SÖYLƏMİŞDİ ?


İki gün əvvəl dünyanı dəyişdirən müharibənin başlanmasından 25 il keçdi.

Publika.az xəbər verir ki, Səddam Hüseynin dövlət başçısı olduğu İraq ordusu 1990-cı il avqustun 2-də Küveytə girdi.

İraq ordusu avqustun 4-də Küveytin işğalını başa çatdırdı. ABŞ və müttəfiqləri yeddi ay ərzində I Körfəz Müharibəsi ilə Küveyti Səddamın işğalından azad etdi. Ancaq bundan sonra yaşananlar yalnız bölgədə deyil, bütün dünyada geostrateji proseslərə istiqamət verdi.

Səddam Hüseyn 1991-ci ildə “Bu bütün döyüşlərin anası olacaq” deyərək tarixə keçmişdi.

Ekspertlər hesab edir ki, Küveyt işğalı sonradan bütün dünyada siyasi proseslərə təsir göstərəcək hadisələrin baş verməsinə gətirib çıxardı. Həmin hadisələr aşağıdakılardır:

1.ABŞ qəlbindən vuruldu. “Əl-Qaidə” terror təşkilatı Küveyti işğal edən Amerika əsgərlərinin bölgədə yerləşməsindən sonra döyüşü okeanın o tayına keçirəcəyini bildirmişdi. Təşkilat 11 sentyabr 2001-ci ildə qaçırdığı 4 təyyarə ilə Nyu-York şəhərindəki ticarət mərkəzi və Pentaqon kimi strateji hədəflərə kamikadze hücumları təşkil etdi. Hücumlarda 2996 nəfər öldü. Hücumların Yaxın Şərqə böyük təsiri oldu.

2.İlk qurban Əfqanıstan. 11 sentyabr hücumlarından sonra ABŞ-ın ilk hədəfi Əfqanıstan oldu. “Əl-Qaidə”nin Əfqanıstanda yerləşdiyini iddia edən ABŞ və İngiltərə Taliban rəhbərliyinə 7 oktyabr 2001-ci ildə müharibə elan etdi.

3.Səddam Hüseynin sonu. Səddam rejimini 11 sentyabr hücumlarını həyata keçirən “Əl-Qaidə”yə dəstək verməklə və kütləvi qırğın silahlarını istehsal etməklə ittiham edən ABŞ prezidenti oğul Corc Buş İraqı işğal etmək qərarına gəldi. İraqı 24 il idarə edən Səddam rejimi yıxıldı. Səddam 2006-cı ildə asılaraq edam edildi. Buşun xələfi Obama 2011-ci ildə rəsmi olaraq müharibənin başa çatdığını açıqladı.

4.İŞİD-in doğuşu. İraqdakı şiə hökuməti ilə müharibə vəziyyətində olan Səddam rejiminin tərəfdarlarından dəstək alan qruplar “Əl-Qaidə”nin İraq qolu “İraq Şam İslam Dövləti”ni qurdular. Təşkilat 2013-cü ildə “Əl-Qaidə”dən ayrıldı. 2014-cü ilin yayında İraqda Mosul və Suriyada Rakka şəhərlərini ələ keçirən İŞİD təxminən 100 illik “Sykes-Picot” razılaşmasında əksini tapan sərhədləri yıxdı. Küveyt işğalının məhsulu olan İŞİD tam 24 il sonra İraq və Suriyada “xilafət” elan edərək bölgədəki tarazlığı da alt-üst etdi.

5.İranın yüksəlişi: Küveyt işğalının nəticələri olan Əfqanıstan və İraqın işğalı bu ölkələrlə problemləri olan İranın önünü açdı. İran İraqda yeni qurulan şiə hökuməti üzərinə təsirini artırdı. Bəzi mütəxəssislərə görə, yeni tarazlıq İranın Qərblə əldə etdiyi Vyana razılaşmasını da qaçılmaz etdi.

Ömər Dağlı
   

BÖYÜK MÜHARİBƏYƏ SAYILI GÜNLƏR QALDI: 200 ABŞ TƏYYARƏSİ TÜRKİYƏYƏ GƏLİR



Türkiyə və ABŞ arasında təxminən 10 ay davam edən və iyul ayında Türkiyə hökuməti tərəfindən son şəkil verilən razılaşma çərçivəsində konkret addımlar atılmağa başlanılıb.

Publika.az xəbər verir ki, ABŞ və Türkiyə ilk addım olaraq İŞİD terror təşkilatının Türkiyə sərhədlərindən uzaqlaşdırılması qərarına gəlib.

Bu, Suriyanın şimalında “təmizlənmiş bölgə”nin yaradılması anlamına gəlir. Təmizlənmiş bölgənin isə Suriyanın mülayim müxalifətinin nəzarətinə verilməsi  və koalisiya təyyarələrindən müxalifət gücləri üüçn “hava qalxanı”nın yaradılması planlaşdırılır. Artıq bu istiqamətdə ötən həftə ilk addımlar atılıb. Koalisiya təyyarələri Suriyanın Azez şəhərində “Əl-Nüsra” Cəbhəsi ilə qarşıdurmaya girən mülayim müxalifətə havadan dəstək verib. İŞİD-dən təmizlənmiş bölgəyə Türkiyəyə sığınan suriyalı qaçqınların yerləşdirilməsi də nəzərdə tutulur.

Əməliyyatda İncirlik bazasından istifadə üçün hazırlıqlar başlayıb. Bazadan artıq pilotsuz təyyarələr üçün istifadə etməyə başlanılsa da, bazadan hərtərəfli istifadə ABŞ hərbi hava qüvvələrinin Türkiyəyə gəlməsindən sonra mümkün olacaq. Məlumata görə, bu həftə 200-dən çox ABŞ hərbi təyyarəsinin İncirlik bazasına gəlməsi gözlənilir. ABŞ hərbi qüvvələri və hərbi təchizatın İncirliyə gətirilməsindən dərhal sonra “İŞİD-dən təmizlənilmiş bölgə”nin yaradılması üçün əməliyyatlar başlayacaq. İngiltərə və Fransanın da aralarında olduğu koalisiya ölkələri əməliyyatlara dəstək verəcək.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən verilən açıqlamaya görə, ilk silahlı pilotsuz təyyarələr İncirlik bazasından qalxıb. Pentaqonun sözçüsü Jeff Devis silahlı pilotsuz təyyarələrin ötən həftə sonu İncirlik bazasından Suriyaya qalxdığını bildirib. Amma Deviz onların hər hansı bir əməliyyatda iştirak etmədiyini vurğulayıb.

Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) 48-ci xarici işlər nazirləri toplantısında iştirak edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və ABŞ-ın yaxın vaxtlarda İŞİD-ə qarşı genişmiqyaslı mübarizəyə başladacağını söyləyib.

“ABŞ ilə əldə etdiyimiz razılaşma ilə bazalarımız, xüsusilə də İncirlik bazasının açılması mövzusunda önəmli məsafə qət etdik. Pilotlu və pilotsuz Amerika təyyarələrinin İncirlik bazasına gəlməyə başladığını görürük. Yaxın vaxtlarda İŞİD-ə qarşı birlikdə genişmiqyaslı döyüş başlayacaq”, - xarici işlər naziri deyib.

Ömər Dağlı


STRATEJİ TARAZLIQ POZULDU: 10 İL SONRASI ÜÇÜN HAZIRLANAN "B PLANI" İŞƏ DÜŞDÜ


Türkiyə 10 il sonrakı tarix üçün hazırladığı “B planı"nı iyulun 20-də 32 nəfərin ölümü, 100-dən artıq insanın yaralanması ilə nəticələnən Suruç terrorundan sonra işə salıb.

Publika.az xəbər verir ki, “Yeni Şafak” qəzeti bu planın detallarını açıqlayıb.

Bu gün Türkiyənin PKK və İŞİD-ə qarşı hücumlarını “həll müddəti” prosesinin dağılması kimi qələmə verir və bunu kürdlərə qarşı müharibə olaraq təqdim edirlər. Lakin bunu iddia edənlər də yaxşı bilir ki, Türkiyə beynəlxalq və regional güc olmaq uğuruna gedən savaşda məğlub olmaq istəmir. Bunu müstəqillik mübarizəsi də adlandırmaq olar. Terror təşkilatlarına qarşı aparılan əməliyyatlar əslində İrana və onun arxasındakı güclərin “yeni coğrafiyamızdakı” dizaynına qarşı göstərilən reaksiyadır.

Tehran bu gün imperialist Qərbin ona biçdiyi missiya ilə hərəkət edir. Avrasiya layihəsində vaxtilə “İslam inqilabı” adı altında Sovet Rusiyasına qarşı istifadə olunan şiə İranı kartı, hazırda ABŞ-ın İslam dünyasını idarəçilikdə saxlaması məqsədilə istifadə olunur. İraq-İran müharibəsi, şiə və sünni qarşıdurmasının inşa olunmasında İran amili əsas paya sahib olub. Bu strateji plan Körfəz ölkələri xaricindəki İslam coğrafiyasına da təsir edib. Misal üçün, 1947-ci ildən 1977-ci ilə qədər Pakistanda şiə-sünni münasibətləri normal idi. İranda islam inqilabından sonra Pakistanda şiə-sünni ayrı-seçkiliyi güclənməyə başladı və şiələr 1980-ci ildə güclənməyə başladı. Halbuki, Pakistanın qurucusu Əli Cinnah şiə idi. 1971-ci ildən 1977-ci ilə qədər baş nazir olan Əli Butto da şiə məzhəbindən idi.  

Məqalədə deyilir ki, İran məzhəbçi missiyası ilə hərəkət etdiyi üçün Çin də daxil olmaqla bütün beynəlxalq oyunçular tərəfindən alqışlanır. Pekinə görə şiə və sünnilər ilə İsrail və İran arasındakı nüvə savaşı bölgədə “sülhün, yəni imperiya iqtisadiyyatının mənfəətlərinin əsas təminatı” olacaq. İranın statusunu qaldıran ABŞ da bu yolla həm Türkiyənin yoluna əngəl yaratmağı, həm də Avropanın enerji təminatında Rusiyanın rolunu azaltmağı düşünür.

Qəzet yazır ki, Suriyada daxili müharibəyə səbəb olan şiə-sünni müharibəsini Türkiyəyə də ixrac etməyə cəhdlər edilib.
“Qonşularla sıfır problem” siyasətini aparan Türkiyəni “diktatorlarla əməkdaşlıqda” ittiham edənlər “ərəb baharı”nda xalqların azadlığına dəstək verəndə, Ankaranı “terror təşkilatlarını dəstəkləməkdə” ittiham etdilər. Lakin Anadolu ələviləri üzərində təsir imkanları az olan Tehran və Qərb ölkələrinin bu ssenarisi baş tutmadı. Bütün cəhdlərə baxmayaraq, Gəzi olayları və paralel dövlət planları da alınmadı. Buna görə də PKK və İŞİD kartını dövriyyəyə salmağa məcbur oldular. Lakin heç kəs Türkiyədən bu səviyyədə cavab gözləmirdi.

Və Türkiyə 10 il sonrası üçün hazırladığı “B planını” işə saldı. Əslində Türkiyə Yəmən böhranında Səudiyyə Ərəbistanı və  Körfəz ölkələrinin yanında dayanaraq ilk həmləsini etmişdi. Buna görə də cavab Qərbdən yox, İrandan gəldi. İran prezidenti Ruhani PKK-ya qarşı əməliyyatlar keçirildiyi bir vaxtda Kürdüstan əyalətini ziyarət edərək özünün “kürd açılımı” siyasətinə başladı. İranın Baş qərargah rəisi Firuzabadi isə əməliyyatları “Kürdlərlə müharibə” deyə şərh etdi.

ABŞ-la “müştərək vizion” adını verdiyi strateji razılaşma ilə Türkiyə öz mövqeyini qorudu. İlk növbədə Suriyada “təhlükəsiz zona” tələbini qəbul etdirdi. Beləliklə də, yaxın gələcəkdə regiondakı yeni şəkilləndirməyə qarşı önləyici addımlarını atdı. Bu 10 il sonra üçün nəzərdə tutulmuşdu. Lakin strateji tarazlıq pozulduğu üçün indi işə salındı.

Asif Nərimanlı