Translate

1 Ocak 2015 Perşembe

YENİ İLİNİZ MÜBARƏK !


ƏZİZ AZƏRBAYCAN XALQI, BÜTÜN AZƏRBAYCANLILAR, SEVİMLİ ÖLKƏMİN VƏTƏNDAŞLARI, HƏMKARLAR, DOSTLAR VƏ QOHUMLAR ! 
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ SİZİ TƏBRİK EDİRƏM. İŞİNİZDƏ UĞURLAR ARZULAYİRAM. HAMINIZIN BUNDAN SONRAKI BÜTÜN GÜNLƏRİ XOŞBƏXTLİKLƏ DOLU SƏHƏRLƏRLƏ AÇILSIN. AMİN, YA RƏBBİM. BAYRAMINIZ MÜBARƏK !

Sizə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" haqqında qısa məlumat verməyi
borc bildim.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü - 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Hörmətlə, Adil İrşadoğlu (Əliyev).
30.12.2014. 12-50.

15 Aralık 2014 Pazartesi

“Rusiya Gürcüstan və Azərbaycana hərbi müdaxiləyə hazırlaşır” - Saakaşvilidən SOS siqnalı


Gürcüstanın eks-prezidenti, hazırda mühacirətdə olan Mixail Saakaşvili Rusiyanın ölkəsinə qarşı yeni təxribatları haqda xəbərdarlıq edib.

Virtualaz.org saytı xəbər verir ki, “ReeD” portalına müsahibəsində Saakaşvili Rusiyanın Dağıstan-Gürcüstan və Dağıstan-Azərbaycan sərhədinə çəkdiyi yeni yolun tikintisinin sürətlə aparılmasına toxunub.

Sabiq prezidentin sözlərinə görə, indi söhbət ondan getmir ki, gürcü hökuməti növbəti seçkilərə qədər yaşaya biləcək, ya yox. Söhbət bütövlükdə ölkənin gələn seçkilərə sağ çıxıb-çıxmamasından gedir.

“Bu, indi əsas məsələdir və mən hesab edirəm ki, indiki şərtlərdə ölkə növbəti seçkilərə sağ çıxmayacaq. Burası dəqiqdir. Niyə? Ona görə ki, Rusiya isterik şəkildə Dağıstandan Gürcüstana hərbi müdaxilə üçün yol çəkir. Bu yol Tiflisə və Azərbaycana birbaşa müdaxilə üçün nəzərdə tutulub. İndi “Cənub axını”nı bağladıqları bir vaxtda Putin Gürcüstan və Azərbaycan vasitəsilə alternativ qaz ixracını dayandırmağı nəzərdə tutur. Biz yaxın vaxtlarda hər cür təxribatlar, xoşagəlməz hadisələr gözləməliyik. Bunların qarşısını almaq üçün dövlətin immuniteti, güclü hakimiyyəti olmalıdır. Gürcüstanda isə bunlar yoxdur, əksinə, vəziyyət hər keçən gün daha betər olur” - deyə Mixail Saakaşvili bildirib.

Eks-prezidentin mövqeyinə görə, söhbət Skandinaviya ölkələrində olan adi siyasi prosesdən yox, geosiyasi baxımdan olduqca həssas, əlçatan regionda “həddən artıq təhlükəli diktator” Putinin açıq, qətiyyən maskalanmamış təcavüzündən gedir.

“Ona görə də biz indi çox ayıq olmalıyıq, bu xırda çəkişmələrə vaxt itirməməliyik” - deyə keçmiş prezident əlavə edib.

Saakaşvili Gürcüstana qayıtmağa hazırlaşdığını da deyib. Onun sözlərinə görə, qayıdışı indiki hakimiyyətin hesabladığından çox tez baş verəcək: “Onlar mənim qayıtmağımdan qorxur, hər cür cinayət işləri qaldırıblar. Ancaq bu ittihamlar sadə səbəbdən karton evciklər kimi uçub-dağılır: bütün bu ittihamlar saxtadır və insanlar bunu bilir. Mən özüm kifayət qədər səbr toplamışam və hesab edirəm ki, o, öz bəhrəsini verir”.

Medvedevdən Türkləri ələ salan bəyanat


Qələmini sınayan baş nazir Dmitri Medvedev sərt sözlər işlətdi

Rusiya baş naziri Dmitri Medvedev Ukraynanın Avropa yolunu seçməsindən danışarkən Türkiyəni də ələ salıb. 

ANS PRESS-in məlumatına görə, Medvedev deyib: "Ukrayna nə zaman Avropa Birliyinə (AB) girəcək? Türkiyədən sonra. Türkiyə nə zaman AB üzvü olacaq? Heç bir zaman".

Ukraynadakı vəziyyətlə bağlı "Nezavisimaya" qəzeti üçün məqalə yazan Medvedev qeyd edib: "Bir il əvvəl Rusiya ilə Ukraynanın bir-birinə düşmən olacaqlarını biri mənə söyləsəydi, qətiyyən inanmazdım. Amma bu oldu. Əsrlik birliyimiz bir ildən qısa müddətdə düşmənçiliyə çevrildi. Ukrayna bu işdən qazanclı çıxacaqmı? Xeyr".

Daha sonra Medvedev yazıb: "Avropa yolunu seçdiyini xalqına elan edən indiki Kiyev hakimiyyətinə AB kürsü vermədiyi kimi, heç kənarda oturmaq üçün taburetka belə təklif etmir. Ukraynaya baxanda ağlıma Türkiyə gəlir. Türkiyə ilə AB arasında ortaqlıq razılaşması 51 il əvvəl imzalanıb. Nəticə olaraq nə görürük? Türkiyə hələ Avropa qapısının astanasında gözləyir. Bir zaman Rusiyanın baş naziri olmuş Viktor Çernomirdinin məsələ ilə bağlı etdiyi zarafat yadıma düşür: "Ukrayna nə zaman AB-yə girəcək? Türkiyədən sonra. Türkiyə nə zaman AB üzvü olacaq? Heç bir zaman”. Təəssüf ki, Çernomirdinin etdiyi bu zarafat həqiqətləri çox yaxşı göstərir".

ANN.Az

3 Aralık 2014 Çarşamba

Putin-Ərdoğan-Əliyev birliyi: Qarabağ Azərbaycana qaytarıla bilər?

TƏHLİL

Vladimir Putinin Ankara səfərindən öncə siyasi səhnədə sıradan hadisə kimi qarşılanan mühüm bir detal baş verdi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev telefon vasitəsilə danışdı və Ərdoğan azərbaycanlı həmkarının Antaliyada keçirilənə “böyük iyirmiliyin” sammitinə dəvət etdi. Həmçinin Rusiya-Türkiyə münasibətlərinin gələcəyi haqda fikir mübadiləsi aparıldı
Əslində, bu, diqqətdən yayınmayacaq qədər mühüm detaldır. Çünki Ankara-Moskva yaxınlaşması Bakıya regionda siyasi güc və iqtisadi dividentlər gətirməklə yanaşı, ölkənin əsas prioriteti olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də önəmlidir. “Hər şey Rusiyanın əlindədir”. Bəzən bu tipli açıqlamalar ciddi qəbul edilməsə də, Moskvanın İrəvanın siyasətini idarə etməsi təkzibolunmaz faktdır. Deməli, Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa da ancaq ruslar məcbur edə bilər. Amma əvvəlcə bu istək Moskvada olmalıdır.
Bu günə qədər Moskva üçün postsovet ölkələrindəki qeyri-sabit vəziyyət, dondurulmuş münaqişələrin mövcudluğu sərfəli olub. Ekspertlər eyni yanaşmanı Dağlıq Qarabağ münaqişəsinə də şamil edirlər. Bu keçmiş imperiyanın özündən qopmuş torpaqlara hakim olmaq kimi təbii hissdən və dünya nizamındakı qarşıdumadan irəli gələn məsələdir.
Lakin regiondakı son proseslər Moskvanın Qarabağ münaqişəsinə yanaşmasını da dəyişdirdiyi ehtimalını gücləndirir. Qərb sanksiyaları qarşısında iqtisadi çöküş yaşayan Rusiya üçün regionun aparıcı ölkələri olan Türkiyə və Azərbaycanla münasibətləri isti tempdə saxlamaq olduqca vacibdir. Təsadüfi deyil ki, Avropanın qorxusuna çevrilən “Cənub axını” layihəsindən imtina edən Putin çox uzağa getmədən eyni marşrutu Türkiyəyə köçürmək niyyətini açıqladı. Azərbaycan da Rusiya üçün sanksiyalar qarşısında duruş gətirməyin əsas dayaqlarından biri rolunu oynayır. Deməli Moskva üçün indiki vaxtda Ankara və Bakının istəyinə qarşı çıxmaq sərfəli olmaz.
Buna paralel olaraq, Rusiyanın müəllifi olduğu Avrasiya İttifaqına qoşulan Ermənistana çıxışlar əldə etmək Kreml üçün prioritet məsələdir. Bunun üçün üç yol var. Gürcüstan, İran və Türkiyə. Gürcüstan Avropa Birliyi ilə Assosiativ Sazişi imzaladığı üçün artıq Avropa Birliyinə daha yaxın ərazi hesab olunur və Qərbə qarşı olan ittifaqın üzv dövlətinə öz ərazisindən tranzit vermək öz əlində deyil. İran Ermənistan üçün ən unikal variantdır. Lakin Tehranın Qərblə yumşaq siyasət qurmaq istəkləri buna maneələr yarada bilər. Nəhayət, Türkiyə yolu qalır. Qara dəniz üzərindən keçən bu yol yalnız Türkiyə-Ermənistan sərhədlərinin açılmasından sonra baş tuta bilər. Bunun üçünsə Ankaranın zaman-zaman dilə gətirdiyi kimi, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının azad etməlidir.
Digər tərəfdən, Ankara-Bakı-Moskva üçbucağının birlikdə əldə edəcəkləri güc regionda əsas qüvvə olacaq. Bu qüvvənin mərkəzindən qaçmaq Ermənistana sərf etməz, xüsusilə, gücün əsas tərəfindən biri arxasını söykədiyi Rusiyadırsa. Bu baxımdan, hazırda çətin vəziyyətdə olan Moskvanın Dağlıq Qarabağa görə İrəvana təzyiq etmək ehtimalı böyükdür.
Burada Türkiyənin də Rusiya ilə yaxınlaşmasının bir sıra siyasi və iqtisadi maraqları mövcuddur. Ankara Rusiya ilə yaxınlaşmada Qarabağ münaqişəsinin həlli açarını ələ keçirməyin mümkün olduğunu anlayır. Münaqişənin həllində mühüm rol oynamaq Türkiyə üçün əsas maraq dairələrindən olan Cənubi Qafqazda möhkəmlənmək və Ermənistanla sərhədləri rahat şəkildə açaraq bu ölkənin təsir dairəsinə keçmək deməkdir.
Bakı üçünsə ən önəmli olan ərazi bütövlüyünün bərpasıdır. Həmçinin bütün hallarda qazanan o və yaxın müttəfiqləri olacaq.
“Trend” informasiya agentliyinin eksperti, keçmiş təhlükəsizlik zabiti Arzu Nağıyev Publika.az-a açıqlamasında Ankara-Bakı-Moskva yaxınlaşmasının münaqişənin həllinə müsbət təsir edəcəyini düşünür.
“Türkiyə - Rusiya görüşləri, nəhayət, dekabrın 1-də reallaşdı. Rusiya prezidenti Vladimir Putin Ankarada Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla görüşdü. Əvvəlcədən də deyildiyi kimi, əsas məsələ iqtisadi əlaqələrin möhkəmləndirilməsi oldu və görüşün yekunu kimi səkkiz sənəd imzalandı. Türkiyəyə ixrac edilən təbii qazın qiymətində 6 faiz endirim ediləcəyi haqqında razılıq əldə edildi. Bundan başqa, bu görüş “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisi layihəsinin təsdiqlənməsi ilə yadda qaldı. Məlumdur ki, regionda həlli vacib olan problemlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir və bu problem həll edilmədən regional stabillikdən söhbət gedə bilməz”, - deyə ekspert Putinin Ankara səfəri haqda danışarkən bildirib.
A. Nağıyev Bakının Ankara-Moskva yaxınlaşmasından münaqişənin müsbət həlli istiqamətində şans əldə edə biləcəyini düşünür: “Rusiyaya qarşı ABŞ və Avropa Birliyi ölkələrinin tətbiq etdiyi sanksiyalara baxmayaraq, Türkiyənin belə sərbəst siyasət yeritməsi, kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı və s. çox cəlbedici görünür. Deməli, burada hər bir dövlətin öz marağı mövcuddur. O cümlədən, Azərbaycan da öz maraqlarından çıxış edir. Rusiya Türkiyə vasitəsilə öz qazını satır və ciddi maliyyə sanksiyalarını qismən həll edir, Türkiyə ixrac və idxal bazarını artırır, Azərbaycan isə qaz ixracında müəyyən irəliləyiş əldə edir. Ən başlıcası isə Ankara və Moskvanın yaxınlığından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir edə biləcək bir şans əldə edir. Bildiyimiz kimi, Ermənistanla sərhədlərin açılmasında Türkiyəyə artıq Roma katolik kilsəsi vasitəsilə yeni bir dini təzyiq də əlavə edilib”.
Ekspert Ankara-Bakı-Moskva yaxınlaşmasının Ermənistanın bir sıra siyasi dairələrini narahat etdiyini bildirib.
“Çünki Rusiya Türkiyənin qoyduğu bəzi şərtlərlə razılaşmaya bilməz və bunu yerinə yetirməlidir. Bu halda isə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməlidir. Yəni, Rusiya-Türkiyə yaxınlaşmaları Dağlıq Qarabağ məsələsinin həllinə ancaq müsbət təsir edəcək. Deməli, münaqişə ilə bağlı danışıqlarda müsbət dönüş yarana bilər”, - deyə o vurğulayıb.
03 Dekabr 18:07

virtualKarabakh.az

25 Ekim 2014 Cumartesi

PUTİNİN KEÇMİŞ MƏSLƏHƏTÇİSİ : " RUSİYA SƏKKİZ DÖVLƏT ARASINDA BÖLÜNƏCƏK "


“Ukrayna və Rusiya Federasiyası arasında müharibə bitdikdən sonra qonşu dövlətlər tarixi ərazilərin qaytarılması üzrə iddialarla çıxış edə bilər”.

Belə bir iddia ilə Rusiya Prezidentinin keçmiş məsləhətçisi, ABŞ-ın Katona İnstitutunun elmi işçisi Andrey İllarionov çıxış edib. 

A.İllarionovun sözlərinə görə, Rusiya bir sıra ərazilərdən məhrum ola bilər: “Pskov vilayətinin Ptalovski rayonu Latviya, Leninqrad vilayətinin Kinqisepski rayonu  Estoniya, Karel bərzəxinin şimalı və Peçenqa Finlandiya, Smolensk və Bryansk vilayətləri Belarus, Voronej və Rostov vilayətləri, həmçinin Krasnodar vilayəti Ukraynaya, Qərbi Sibirin əhəmiyyətli əraziləri Qazaxıstana, ən azı 1,5 milyon kvadrat kilometrlik Sibir və Uzaq Şərq ərazisi Çinə, Kuril adaları və Saxalin isə Yaponiyaya keçə bilər”.

O həmçinin təbii qaz və neft yataqları, bank sistemi və magistral boru kəmərlərinin beynəlxalq nəzarətə keçə biləcəyini istisna etmir.

İllarionov hesab edir ki, Rusiya Federasiyası müasir dünyanın əhəmiyyətli hissəsinə qarşı birbaşa təcavüz edəcəyi halda ölkənin potensialı tamamilə dağıdılacaq, böyük ərazilərdə aclıq və epidemiyalar təhlükəsi yaranacaq.

“Rusiyanın sağ qalmış vətəndaşlarının əksəriyyəti müvəqqəti hökumətdən Krımın dərhal Ukraynaya qaytarılmasını tələb edəcək. Ukrayna ilə normal diplomatik, iqtisadi və humanitar münasibətlərin bərpası Rusiya cəmiyyətinin nəhəng faciəsindən sonra əsas məsələ olacaq”, - deyə Rusiya prezidentinin keçmiş məsləhətçisi deyib.

Onun sözlərinə görə, Rusiya üçün qorxunc ssenarinin reallaşmasına qədər Krımı könüllü və daha sadə şəkildə qaytarmaq mümkündür.

Qeyd edək ki, İllarionov iki gün əvvəl “Amerikanın səsi” radiostansiyasının verdiyi müsahibəsində Rusiyanın təcavüzkar siyasətindən danışıb. A.İllarionov proqnozlaşdırır ki, Kreml növbəti iki il ərzində Ukraynanın müstəqilliyinə son qoymaq üçün bütün mümkün və qeyri-mümkün resursları səfərbər edəcək. 

Ömər Dağlı
Publika.az

19 Ekim 2014 Pazar

" RUSİYADA VƏTƏNDAŞ MÜHARİBƏSİ OLA BİLƏR, SARAY ÇEVRİLİŞİ DƏ MÜMKÜNDÜR"

Mixail Xodorkovskidən bədbin proqnozlar 


1997—2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olmuşdur Mixail Borisoviç Xodorkovski uzun müddət Rusiya prezidenti Vladimir Putinin istəyi ilə həbsdə saxlanılıb. Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə əfv olunaraq azadlığa çıxan cənab Xodokovski hazırda Rusiya liberallarının əsas fiqurlarından biri kimi Qərbin diqqət mərkəzindədir. 

“BBC”yə son müsahibəsində o, bildirib ki, Rusiyanın siyasi müstəvisində ciddi proseslər gedir və ölkədə iri miqyaslı vətəndaş müharibəsinin olması gözlənilir: “Ukraynada baş verənlər şübhəsiz ki, Rusiyaya pis təsir edir. Rusiyada avtoritar rejimin güclənməsi, demokratiya uğrunda mübarizə meydanının xarabalığa çevrilməsi proqressiv kəsimi məyus edib. Onlar ölkənin texniki baxımdan inkişafını arzulayırlar. Rusiyanın azad dünya ilə xoş münasibətdə olmasını istəyirlər. Mən əminəm ki, Putin tezliklə populyarlığını itirəcək. Putin rejimi gec-tez çökəcək. Söhbət nə qədər qanın axmasından gedir. Vaxt keçdikcə Rusiyada vəziyyət daha da pisləşəcək. Ola bilər ki, rejim saray çevrilişi nəticəsində dəyişsin, ancaq vətəndaş müharibəsi də ola bilər, özü də söhbət iri miqyaslı vətəndaş müharibəsindən gedir”.

“BBC” yazır ki, cənab Xodokovski Rusiyadakı leberallara kənardan məsləhət verməyə üstünlük verir. O, Rusiyaya qayıdaraq siyasi mübarizədə bilavasitə iştirak etmək fikrində deyil. Hətta iş o yerə çatıb ki, o, anasının dəfnində iştirak etmək üçün Rusiyaya getməkdən belə imtina edib. 

“BBC” qeyd edir ki, Mixail Xodorkovski bu yaxınlarda Rusiya prezidentliyinə namizəd olacağını bəyan edib. Ancaq onun xalq arasındakı reytinqi son dərəcə aşağıdır. Belə bir göstərici ilə onun demokratik seçkilər zamanı Rusiya prezidenti seçilmək şansı yox kimidir...

Elbəyi Həsənli 

TÜRKİYƏNİN BAŞ NAZİRİ KƏSKİN DANIŞDI VƏ BİR SIRA GİZLİNLƏRİ AÇDI


Əhməd Davudoğlu:“Çözüm sürəci tamamlansaydı, Kobaniyə baxış fərqli olacaqdı”
Türkiyənin baş naziri “Aqil İnsanlar”la görüşündə İŞİD, PKK ilə bağlı gündəmdən danışıb; Türkiyə və İraq kürdləri Ankaranın “yol xəritəsin”dən narazıdır

Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu oktyabrın 19-da İstanbulun ünlü Dolmabahçe Sarayında “Aqil İnsanlar”la (“Aqil İnsanlar” ötən il o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə vətəndaş həmrəyliyi yaradılması üçün ictimai xadimlərdən ibarət qrupdur – red.) görüşündə deyib. 

Türkiyə-Suriya sərhədində yaşanan olaylardan, Türkiyənin daxili sabitliyini təhdid altına almaq istəyən qüvvələrdən  danışan baş nazir cəmiyyətin aparıcı fiqurlarını sabitlik üçün səylərini əsirgəməməyə çağırıb: “Olaylar xeyli dərəcədə üzücüdür. Ya bu sərhədlər barışcıl yollarla aradan qaldırılacaq, ya da insanlar acı çəkməkdə davam edəcək”.

Baş nazir deyib ki, Türkiyə hökumətinin cəhdlərinə baxmayaraq PKK-yanlılar qarışıqlıq salmaq üçün cəhdləri davam etdirilər: “Ötən gecə “Bu gecə hər kəs silahlansın və hökumət binalarına basqın etsin” deyə tweet yazılıb. Biz nə qədər humanizm prinsiplərindən davransaq da, provokativ bir qurum ara qarışdırmaqla məşğuldur. Nəticədə şəhərlər yanır, insanların həyatı alt-üst olur. Biz başlatdığımız çözüm sürəcini davam etdirməkdə maraqlıyıq. Bu arada sizin diqqətinizə çözüm sürəcinin xarakterini bir daha çatdırmaq istəyirəm. Çözüm sürəci millidir, lokaldır və özünəxasdır. 

Biz bu problemi çözmək üçün hər yolu sınaqdan çıxarmışıq. 5 il öndə mümkünsüz görünən sürəçləri bütün siyasi riskləri gözə alaraq həyata keçirdik.  Hansı tabuları necə yıxdığımız ortadadır. “Aqil İnsanlar” heyətinin formalaşması belə bizim ölkəmizdəki vətəndaş həmrəyliyi yalnız dinc yolla çözmək istədiyimizin sübutudur. Ancaq çözüm sürəci hansısa qüvvəni fikrindən daşındırmaq sürəci deyildir. Bizim fikirdən daşındırmaq öhdəliyimiz yoxdur. Bizim millətə rifah qazandırmaq öhdəliyimiz var”.

Baş nazir Türkiyə kürdlərinin Kobaniyə İŞİD hücumuna Ankaranın səssiz qalması iddialarına da münasibət bildirib: “Biz heç zaman Kobanidə baş verənlərə göz yummamışıq. Ancaq Türkiyədə çözüm sürəci Suriyada Kobani məsələsi yoxkən də var idi. Əgər bu sürəc tamamlansaydı bizim Kobaniyə də baxışımız fərqli ola bilərdi. Bir çox etirazlara baxmayaraq o zaman PYD (Suriyada İŞİD-ə qarşı vuruşan kürd partizan dəstələri) lideri  Salih Müslimlə danışıqlar aparmağı gərəkli saydıq.  Məqsədimiz demokratik müzakirələrin başlanması idi. Biz çağırdıq və müsbət cavab aldıq. Ancaq qarşı tərəf danışıqlarda əldə olunan məqamlara əməl etmədi. O dönəmdə bizə verilən sözlər yerinə yetirilsəydi, durum fərqli olardı. Tam tərsini etdilər, Suriya rejiminin suçlarına ortaq oldular. Hətta İŞİD türkmənləri qətlə yetirəndə də səssiz qaldılar”.

Baş nazir PKK-nın Türkiyənin güney və güney-doğu bölgələrindəki addımları haqqında sərt danışıb: “Dövlət quruluşuna tabe olmur, qanunları pozur, qarışıqlar yaradır, insanları vahimə içərisində saxlayır, onları qaçırır, hökumət binalarına hücum edirlər. Bu addımların heç biri bağışlana bilməz. Bu işin təşkilatçıları, iştirakçıları və bütün dəstəkçiləri qanunla cəzalandırılacaq”.

Türkiyə kürdlərinin partiyası kimi tanınan Xalqların Demokratik Partiyası (HDP) Qəndildə Ankaranın təklif etdiyi “yol xəritə”sini kürd yönətiminin liderləri ilə müzakirə edib. Danışıqlardan sonra mediaya yazılı açıqlama verən HDP heyəti “atılacaq praktik addımlara qarşılıq olaraq hərəkət ediləcəyini”, bildirib.

“Hürriyet” qəzeti yazır ki, Türkiyə və İraq kürdləri arasında məsləhətləşmələr 7 saat davam edib. Yazılı açıqlamadan bəlli olur ki, kürd heyət rəsmi Ankaranın “yol xəritə”sindən məmnun deyil. Detallar tam açıqlanmasa da bəlli olub ki, Ankara ötən il PKK silahlılarının Türkiyə torpaqlarından geri çəkilməsi öhdəliyinə tam əməl edilməsində israrlıdır. Onu da vurğulayaq ki, son günlər İmralı həbsxanasında ömürlük məhbus həyatı yaşayan PKK lideri Abdullah Öcalanın saxlanma şəraitinin yaxşılaşdırılması da gündəmə gətirilir. Avropadakı PKK dəstəkçilərinin gündəmə daşıdığı bu məsələ HDP liderlərinin Ankara qarşısında məsələ qaldırmasına səbəb olub. AKP iqtidarının bir sıra üzvləri PKK liderinin saxlanma şəraitinə baxılması məsələsinin mümkünlüyünü bildirsələr də, prezident Rəcəb Tayyib Ərdoğan buna etiraz edib. Son açıqlamasında Türkiyə prezidenti deyib ki, Abdullah Öcalanın saxlanma şəraiti beynəlxalq standartlara uyğundur və heç bir dəyişikliyə ehtiyac yoxdur.

Aygün Muradxanlı