Translate

8 Ekim 2014 Çarşamba

Azərbaycanlı tarixçi: “ Bu dövlətə “qoyun” adını kim qoyub " ?!


             Kult.az tarixçi Kərəm Məmmədovla müsahibəni təqdim edir.


I HİSSƏ


– Kərəm müəllim, Azərbaycan tarixi hansı mənbələr əsasında öyrənilir?

– Tariximizi öyrənmək üçün mənbələr iki böyük qrupa ayrılır: yazılı mənbələr və yazısız mənbələr.

– “Yazısız mənbə” necə olur ki?

– “Yazısız mənbə” deyəndə əsasən bunlar nəzərdə tutulur: etnoqrafiya, arxeologiya və antropologiya. Və onu da deyim ki, yazısız mənbələr yazılı mənbələrdən daha güclüdür. Çünki ortada daha güclü fakt var.

– Məsələn…

– Tutaq ki, arxeoloji mənbələri götürək. Məsələn, Gürcüstanın şərqindən tapılan arxeoloji mənbələrlə Gürcüstanın qərbindən tapılan arxeoloji mənbələr tamamilə fərqlidir, hətta saxsı qabların istehsalı belə. Gürcüstanın şərq dediyimiz, yəni Borçalı hissəsində yaranan mədəniyyət daha çox Doğu Anadolu, aşağıda Kərkük və Dərbənddə Çimkənd mədəniyyətinə uyğun gəlir. İstər–istəməz bunlar arxeoloji faktlardır.

– Bəs digər yazısız mənbə – antropologiya nə üçündür?

– Bilirik ki, tapılan kəllə qutuları var. Bunları götürüb hal–hazırda orda yaşayan xalqların baş quruluşuyla müqayisə edirsən. Baş indeksi istər Cənubi Azərbaycandan tapılan abidələr olsun, istər Göyçə gölünün kənarından tapılanlar olsun, istər Qars ətrafından tapılan kəllələr olsun, istər Dərbəddən tapılan kəllələr olsun, hamısının baş indeksi 76,2 və 76,8-dir. Gəl müqayisə edək. Biz – Azərbaycan türklərinin baş indeksi 76-78 arasında dəyişir. Ermənilərdə ən kiçik göstərici 86-dır. Bu ölçüdə kəllənin sahibi adını çəkdiyim ərazilərə iddia eləyə bilər? Yox! Ancaq heç olmasa gürcülər iddia eləyə bilər. Çünki onlarda kəllə indeksi 81-dən aşağı yoxdur. Və bu cür antropoloji mənbələri təkzib etmək mümkün deyil. Sənə sual verirəm, yaxşı oğul atasına oxşayar, yoxsa qonşusuna?

– Yəqin, atasına oxşayar.

– Əlbəttə, atasına oxşayar. Qonşuya oxşayan oğula “oğul” demək olar? Yox! Bu, ən azından günahdır. Oğul da qonşuya oxşayar?

– Maraqlıdır, bu cür antropoloji faktlar qarşısında ermənilər nə deyir?

– İstanbulda bir konfrans keçirilirdi, yadıma düşdü. Orda bir erməni tarixçi çıxış elədi. Deyir, dermoqlofik göstəricilər göstərir ki, ermənilər bu bölgənin ən qədim sakinləridir. Türkiyədə savadsız adamlar bu erməninin sözünə əl çaldılar. Çünki bilmirlər ki, dermoqlofiktika nədir. Axırda mən durub dedim ki, dermoqlofiktika – barmaqdakı naxışları öyrənən elmdir. De görüm, skeletin barmağında naxış olur ki, sən bunu müasir insanla tutuşdurasan? Skelet materialını ancaq kəllə quruluşuna görə öyrənmək mümkündür.

– Və nəhayət : etnoqrafiya.

– Bax, neçə illərdir, Azərbaycanda şamançılığın olub–olmaması haqqında mübahisələr gedir. Yəni bəzilər deyir ki, şamançılıq din formasıdır, bəziləri də deyir ki, şamançılıq müxtəlif dinlərin – animizm, fetişizm, totemizimin yığcam bir formasıdır. Və şamanizimin Azərbaycanda izlərini nə qədər axtarırdılar tapa bilmirdilər. Yeri gəlmişkən, mənim namizədlik işim – “Azərbaycanda İslamaqədərki dini inanclar”dır. Baxıram ki, Kür-Araz mədəniyyətində tuncdan düzəlmiş içi boş marallar tapılıb. Və eynisi Sibirdən də tapılıb. Sibirdən tapılana deyirlər ki, bu, “şamanski kadilla”dır, bizdə tapılana deyirlər ki, elə–belə maraldır. Kür-Araz mədəniyyətində zəncirdə bu maral bəs nə üçün düzəldilib? Deməli, burda da şamançılıq olub. Bax, bunu etnoqrafiya sübut eləyir. Və yaxud Azərbaycanda uşağa yalvaranda deyirlər ki, ayağının altında ölüm. Strabon bu epizodu çox gözəl təsvir edir. Deyir, kimlər ki, icmanın içərisindən ekstaza gələ bilib, yəni gələcəkdən xəbərlər söyləyir, onları zəncirdə saxlayardılar və müəyyən bir dövrdə öldürərdilər. Ondan sonra özlərini təmizləmək üçün ayaqlarını onun cəsədinə sürtərdilər. “Ayağının altında ölüm” ifadəsi də burdan meydana çıxıb. Bu fakt da Azərbaycanda şamançılığın olduğunu göstərir. Yenə deyirəm, bunların hamısını etnoqrafiya sübut eləyir. Ona görə də deyirəm ki, yazısız mənbələr daha çox diqqət yetirmək lazımdır. Hətta bəzən yazısız mənbələr yazılı mənbələrin özünü kölgədə qoyur. Məsələn, oğuzların kökünü biz hələ də axtarıb tapa bilmirik. Kimi deyir, Orta Asiyadan gəlib, kimi deyir, nə bilim, hardan gəlib. Halbuki oğuzların tarixi eradan əvvəl dördüncü minillikdən başlayır. Yazısız mənbələrlə bunlar hamısı sübuta yetirilir.

– Bəs yazılı mənbələr hansılardır?

– Qədim tariximizi öyrənərkən yazılı mənbələr əsasən, şumer və akkad mənbələri götürülür. Amma təəssüf ki, şumer və akkad şimalı əhatə eləmir. Yəni Arazdan o tərəfə şumer və akkad mənbələri məlumat verə bilmirlər. Verdiyi məlumatlar da dumanlı şəkildədir. Ona görə də şimal hissə üçün daha aktual mənbələr gürcü mənbələrini sayıram. Hay mənbələri də var, ancaq gürcü mənbələri daha obyektivdir. Çünki gürcülər həmin mənbələrin üstündə əllaməlik aça bilməyiblər.

– Tariximizdə üzü bəri gəldikcə yazılı mənbələrin sayı çoxalır.

– Şumer və akkaddan sonra yunan və latın mənbələri başlayır. Və qəribəlik də orasındadır ki, yunan və latın mənbələrini yazan adamların 80 %-i burda olmayıblar. Sadəcə, ağızdan–ağıza eşitdiklərini yazıblar. Məsələn, Strabonun özü bir dəfə də olsun, bu ərazilərdə olmayıb, ancaq məlumat verir. Və verdiyi məlumatlar da çox ziddiyyətlidir, bir-birini təkzib edən fikirlərdir.

– Strabonun ən çox da “Armeniya” sözü mübahisəlidir.

– Bəli… Ermənilər iki əlli yapışıb ki, “Armeniya” sözü bizimdir. Çünki dünya erməniləri “arminin” kimi tanıyır. Baxmayaraq ki, bunlar özünə “hay” deyir. Bizimkilər də “Arminiya” deyəndə qıcıqlanırlar. Halbuki “Arminiya” assur dilində “xaraba qalmış yer” deməkdir, gürcü dilində “dağıdılmış və viran qalmış yer” deməkdir, pəhləvi dilində də “şər qüvvələrin yaşadığı yer” deməkdir. Biz də bundan qorxuruq ki, niyə onlara “Arminiya” deyirlər. Hələ arminlərin dili heç kəsə məlum deyil, heç kəs də araşdırmayıb.

– Bəs erkən orta əsrlər dövrü hansı mənbələr əsasında öyrənilir?

 – Yenə sual verirəm. Səncə, adamı qonşusu yaxşı tanıyar, yoxsa uzaq qohumu?

– Yəqin, qonşusu olar.

– Ona görə də erkən orta əsrlər dövrü Azərbaycan tarixini öyrənmək üçün gürcü mənbələrinə üstünlük verilməlidir. Gürcü mənbələri deyir ki, iberlər bölgədə möhkəmlənmək üçün suvarlarla və türklərlə döyüşdü. Deməli, türklərin varlığı qəbul olunur. Və gündəliyə pəhləvi mənbələri gəlir. Ancaq təəssüf ki, pəhləvi mənbələri çox araşdırılmayıb, burda bir Ərdəşir Babəkanın kitabı var, orda da bizim tariximiz barədə çox cüzi məlumat verilir. Bunlar da türkü sevməməklə bağlıdır. Başqa bir şey yoxdur. Və əsas məsələ gəlir. Tariximizin böyük bir plastı ərəbdilli mənbələr əsasında öyrənilir. Bu da onunla bağlıdır ki, islam dilinin elm dili ərəb dilidir. Necə ki, Avropada elm dili latın dili idi, ərəb dili də şərqin elm dili idi. Ona görə də, əcdadlarımızı qınamayaq ki, niyə ərəb dildə yazıb, hesab edirəm ki, bu, düzgün deyil. Sənin tarixini Əndəlüsdə yaşayan adamın anlaması üçün təbii ki, ərəb dilində yazmalı idilər. Mədəni areal da bunu tələb edirdi.

– Mədəni areal da bunu tələb edirdisə, sizcə, bəs niyə İslamda Avropadakı kimi intibah olmadı?

– İslamın özü xalqlar üçün bir intibah idi. IX–XI əsrlər Azərbaycanın qızıl dövrüdür. Bu dövrdə nə qədər alim yetişdi. Ən azından, İslamın Azərbaycana verdiyi dəyərlərə baxmaq lazımdır. Avropa nəyə görə böyük intibah mərhələsinə qədəm qoydu ki, Aristotelə qayıtdılar, Platona qayıtdılar və onları orijinaldan oxudular. Yəni latın dilini bərpa elədilər. Hansı ki, onların mədəni qatı bu dildə yaranmışdı. Amma bu gün bizim ziyalılarımızın hansı ərəb dilini bilir? Və dövlət quruculuğumuza baxaq. Saci oğullarının idarə etdiyi Azərbaycan dövləti hardan hara uzanırdı. Dərbənddən Qəzvin, Həmədan, Xəzər dənizi, ordan da düz Anadoluya qədər.

– Tarix kitablarımız bəs niyə bu dövləti Babəkin məğlubiyyəti nəticəsində yaranan…

– Dayan! Mən Babəkin hərəkatını məğlubiyyət saymıram. Məğlubiyyət odur ki, apardığın mübarizənin nəticəsi olmur. Amma Babək hərəkatından sonra biz müstəqil dövlət yaratdıq.

– Dərbənddən Qəzvin, Həmədan, Xəzər dənizi, ordan da düz Anadoluya kimi mövcud olmuş dövlətimiz bəs niyə dərsliklərdə Babəkdən sonra, yəni xilafətin zəifləməsi nəticəsində yaranan xırda feodal dövləti kimi tədris olunur?

– Görürsən, konsepsiyada nə qədər yanlışlıqlar var. Bu, xırda feodal dövləti deyil, bütöv Azərbaycandır. Dərsliklərdə IX–XI əsrə Azərbaycanda feodallığa parçalanma deyirlər. Niyə? Nə üçün? Sənin 889-cu ildən 981-ci ilə qədər dövlətin olub. Hardasa, yüz il.. SSRİ nə qədər mövcud olub? 70 il. Adı tarixdə var? Var! Bəs sənin yüz illik Azərbaycan sultanlığın, yüz illik Azərbaycan dövlətin hanı? Kiçilmək üçün onun adını Sacilər və Salarilər dövləti qoyublar. Niyə orta məktəb dərsliklərə belə yazırlar?

– Sizcə, niyə? Bəlkə, türkü istəmirdilər?

– Bu, artıq “bəlkə”sizdir. Çünki istəmirdilər. Qorxurdular. Bilirlər ki, Salar oğulları Kəngər türkləridir və “Kəngər” sözünü kitaba yazsalar, bu, eradan əvvəl ikinci əsrdə Kəngər vilayətinin olması deməkdir. Və bu vilayət üçbucaq formasında haraları əhatə edir. Ərdəhan, Naxçıvan, Qazax-Borçalı. Bu fakt pəhləvi mənbələrində də var. 

– Belə çıxır ki, Şirvanşahlar dövlətini türklər yaratmayıb?

– Sənə sual verirəm. Şirvanşahlar dövlətini hansı sülalə yaradıb?

– Məzyədilər sülaləsi.

– Ay sağ ol. Bu sülalə ərəbdir.

– Axı sonra sülalənin adı dəyişdi – Kəsranilər oldu.

– Kəsra taxtı kimdir? Pəhləvilər, farslar!

– Bəs 1381-ci ildə “Dərbəndilər” olmasına nə deyirsiniz?

– Yenə də eyni ərəb sülaləsidir. Sadəcə, adını dəyişib “Dərbəndilər” qoydular. Yəni bu dövlətin kökü ərəbdir. Və bu gün Şirvanın tarixi coğrafiyasına baxanda nə qədər ərəb adında yerlər var. Amma türkün qüdrətinə bax ki, bunları əritdi. Türk mədəniyyəti ərəb mədəniyyətinin üstünü örtdü. Bu gün Şirvanda ərəb dilində danışan bir məntəqə varmı? Yoxdur. Amma Orta Asiyada var. Deməli, Azərbaycan Orta Asiyadan da qədim türk yurdudur.

– Şirvanşahlar, Rəvvadilər, Şəddadilər də fedodallıqlara parçalanma deyil?

– Hə, bunlar artıq feodallıqlara parçalanmadır. Və sən bunların mənşəyinə fikir ver. Gör bunların hansı türkdür? Heç biri!

– Ağqoyunlu və Qaraqoyunlu...

– Qardaş, Ağqoyunlu, Qaraqoyunlu adını yığışdırmaq lazımdır. Bu adda dövlət olar? Və yaxud Hülakü adında dövlət olar? Hülakü yetimin fərmanları var ki, biz Azərbaycanıq, oturduğumuz şəhər də Marağadır. Mən necə deyim ki, bu, monqol dövlətidir?

– Ağqoyunlu, Qaraqoyunlu deyilsə, bəs əslində, bu dövlətlərin adı nə olub?

– Bunlar Azərbaycan sultanlığı idi. Həsən padşahın titulunu orijinaldan oxuyan alimimiz varmı? Həsən padşahın, Cavan şahın fərmanları var. Hətta 902-ci ildə Azərbaycanda hökmranlıq edən Yusif Sac oğlunun fərmanı var. Adam fərmanda özünə “biz Azərbaycan və Cibahın hökumdarıyıq” deyir. Mən buna necə deyim ki, Sacilər dövlətidir?

– Bəs qoyun adını bu dövlətlərə kim qoyub? Niyə bizim feodal dövlətlərimiz sülalənin adı ilə adlanır?

– Elə bəla burasındadır də! Qoyun adını bu dövlətlərə kim qoyub? Bunların hamısı Sovet dövründə yazılmış tarixdir. Niyə gürcülərdə Baqrationilər dövləti yoxdur? Baxmayaraq ki, hakim sülalə Baqrationilər idi. Niyə ruslarda rukoviçlər, romanovlar dövləti yoxdur? Ancaq bu başıbəlalı Azərbaycandadır Ağqoyunlu, Qaraqoyunlu, Hülakü, Saci, Salari…

– Yeddinci sinif dərsliyində yazılıb ki, qoça inam varıydı, ona görə də dövlətin adı Qaraqoyunlu oldu.

– Bu ya bilməməzlikdən irəli gəlir, ya da bilərəkdən belə eləyirlər. Niyə biz bunu Ağ Hun, Qara Hun sözləri ilə izah eləmirik, məhz qoyunla izah edirik?

– Axı qoyun bizim totemimiz olmayıb. Bizim totem qurddur.

– Amma dərslikdə yeddinci sinif uşağına deyirlər ki, qoyun bizim totem olub. Heç totemi yeyərlər? Bunu yazan adamın ya totemizmdən xəbəri yoxdur, bilmir ki, totemçilik nədir, ya da qəsdən belə eləyirlər. “Totem” o deməkdir ki, kim özünü hardan törəmiş hesab eləyir. Şəxsən mən özümü qoyundan törəmiş hesab eləmirəm. Necə olur ki, bizim totem saydığımız heyvanı qurban kəsirik? Totemdən qurban kəsilər? Totemi yeyərlər? Eyni şeyi Novruz bayramı haqqında da deyirlər. Deyirlər, Novruz atəşpərəstlikdən qalıb. Atəşpərəstlər odu müqəddəs sayırdılar. Adam müqəddəs saydığı şeyin üstündən tullanıb deyər ki, ağırlığım, uğurluğum burda qalsın?

– Deməli, əslində…

– Əslində, Novruz türk bayramıdır.

– Bəs türklər niyə odun üstündən tullanıb deyir ki, ağırlığım, uğurluğum burda qalsın?

– Çünki od türklərdə sitayiş kultu deyil. Od türklər üçün arınma vasitəsidir, təmizlənmə vasitəsidir. Ona görə odun üstündən tullanıb deyirik ki, ağırlığım, azarım–bezarım sənə keçsin. Türklərdə odla adamı sınağa çəkirdilər. Sonra bunu Avropaya da apardılar. Xristianlığaqədərki slavyan məhkəməsində dəmiri qızdırardılar – dəmir kosmik metalıydı, elə-belə hazırlanmırdı, göydən tökülürdü – və günahkar adam həmin dəmir tutardı. Dəmir onun əlini çox yandırardısa müqəssir sayılırdı, yandırmazdısa, günahsız hesab olunurdu. Yəni odla dəmir türklərdə belə demək mümkündürsə, hakim rolunu oynayırdı. Çünki türkün arınma vasitəsi od və ilk dəmirçi xalq türkdür. Necə ki bu gün də biz dəmirə qoruyucu vasitə kimi baxırıq. Məsələn, uşağın yastığına sancaq taxırlar. Ona görə ki, dəmirə cin, şeytan yaxın gəlmir. Görürsən, yazısız mənbə, yəni etnoqrafiya bizə nə qədər məntiqi şeylər verir.

– Kərəm müəllim, Qaraqoyunlu və Ağqoyunlu dediyimiz dövlətlərin dövründə kimin sünni, kimin şiə olmasının önəmi var idi?

– Hər bir xalq dini qəbul eləyəndə o dinə uymaqdan çox onu öz təbiətində uyğunlaşdırır. Məsələn, indiyə qədər dünya dinlərindən üçü Azərbaycana gəlib. Söhbət dünyəvi dinlərdən gedir. Yəhudilik, Xristianlıq və islam. Hər üç din Azərbaycana gələn kimi klassik normativlər pozulub. Məsələn, türklər yəhudiliyə girən kimi karaimlik qolu yarandı. Və həmin karaimlər özlərini əsl Toranın sahiblər hesab eləyirlər. Tora yəhudiliyin nəyi sayılır?

– Müqəddəs kitabı. Yəni Tövrat.

– Yəhudilərdən soruşanda deyirlər ki, biz Tora qaydaları ilə yaşayırıq.

– Tora yəhudi dilində hansısa məna verir?

– Heç bir məna vermir! Amma türk dilində bu söz “törə” mənasını verir. Törə türk dilində davranış qaydası deməkdir. Yəni karaimlər daha dərinə gedib. Ona görə ki, türk ömür boyu dinin əslinə getməyə çalışıb.

– Və sonra Xristianlıq gəldi Azərbaycana… 

– Bəli… Xristianlıq Azərbaycana gələn kimi ortaya müxtəlif cərəyanlar çıxdı, pariqyanlar, tedroskanyanlar, monofizit, diofizitdik peyda oldu. Niyə? Çünki biz onun daha orijinalını istəyirdik. Hətta belə epizod var ki, Atilla Qafqaza gələndə ona İncili veriblər ki, oxusun. Üç gün oxuyub, dördüncü gün deyib ki, çox gözəl kitabdır, ancaq bircə yanlışlıq var. Burda yazılıb ki, İsa Allahın oğludur. Ora yazın ki, İsa Tenri xanın oğludur. Yəni ki, İsa türkün Allahının oğludur. Görürsən, türk Xristianlığı nə cür dərk eləyib.



(ardı var)

7 Eylül 2014 Pazar

SERJ SƏRKİSYAN PARTİYASINI TOPLAYIB AZƏRBAYCANA UDUZDUQLARINI AÇIQLADI


Ermənistan prezidenti bu gün rəhbəri olduğu Respublika partiyasının Şurasının iclasını keçirib və Azərbaycana qarşı təbliğat-informasiya mübarizəsini gücləndirməyə çağırıb. 

Virtualaz.org erməni KİV-lərinə istinadla xəbər verir ki, Sərkisyan partiyasının üzvlərini “beynəlxalq əlaqələrini gücləndirməyə və bu əlaqələrdən düşmənlə mübarizədə istifadə etməyə” çağırıb. 

Sərkisyana görə şübhəsiz ki, rəsmi səviyyədə təmaslar və iş vacibdir. Lakin istənilən qeyri-formal təmaslardan “həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün” istifadə edilməlidir.

“Bizim düşmənlərimizin  imkanları artır, onların işi fəallaşır, bu situasiyada bizim passivlik göstərmək haqqımız yoxdur” deyə Sərkisyan bildirib. Ermənistan prezidenti daha sonra deyib: “Son döyüşlərdə təmas xəttində nə qədər azərbaycanlının həlak olduğu hamıya məlumdur. Lakin onlar bütün dünyaya yayırlar ki, erməni tərəfinə yaxşı dərs veriblər. Hamıya bizim şahmatçılarımızın nailiyyətləri məlumdur. Bununla belə Azərbaycan prezidenti əmin edir ki, onlar bizi bu idman növündə qabaqlayıblar. Ancaq Azərbaycan yığması ancaq Avropa çempionu adını qazana bilib”. 

Serj-Göbbels ideologiya-təbliğağ işini necə qurmaq barədə tezislərini davam etdirərək partiya fəallarına tapşırıb ki, ermənilərin şahmatda daha güclü olduğu haqda “həqiqəti” beynəlxalq ictimaiyyətə yaysınlar. “Xüsusən də Bakının Qarabağ məsələsini Minsk formatından digər müstəviyə keçirməyə çalışdığını nəzərə almaqla” Serj əlavə edib. “Ədalət naminə qeyd etmək lazımdır ki, bir çox hallarda onlar buna nail olurlar, mən Qarabağ məsələsinin NATO-da, həmçinin AŞ PA-da müzakirə olunmasını nəzərdə tuturam” Ermənistan prezidenti bildirib. 

S.Sərkisyan daha sonra Minsk Qrupu formatının erməni tərəfinə çox sərfəli olduğunu etiraf edib. Onun sözlərinə görə, erməni tərəfi Qarabağ nizamlanmasını ATƏT-in Minsk Qrupu çərçivəsində saxlamağa nail olmalıdır. “Hansı ki, biz bu formatda əhəmiyyətli nailiyyətlər əldə edə bilmişik” deyə o, əlavə edib. S.Sərkisyana görə erməni tərəfi Minsk Qrupundakı “uğurlarını” digər strukturlarda da yaymağa nail olmalıdır. 

S.Sərkisyanın partiyasının rəhbərliyini toplayaraq Azərbaycana təbliğat müharibəsində uduzduqlarını etiraf edən çıxış etməsi NATO-nun Uelsdə keçirilmiş sammitindən dərhal sonra baş verir. Ermənistan prezidenti bu sammitdə əsəbi çıxış edərək alyans üzvlərini Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə müdafiə etməkdən çəkinməyə çağırmışdı. Lakin o, istədiyinə nail ola bilmədi. NATO sammitinin yekun qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə növbəti dəfə dəstək ifadə olundu.

Sərkisyan Uelsdən İrəvana qayıdan kimi partiyasının rəhbərliyini toplayıb və göründüyü kimi erməni yalanlarının artıq dünyada yerimədiyini, Azərbaycanın təbliğat-lobbiçilik məsələsində Ermənistanı sıxışdırdığını etiraf etməli olub. Həmçinin Sərkisyanın sonuncu çıxışı onun əsəblərinin yerində olmadığı haqda Azərbaycan Prezidenti Admministrasiyasının rəhbərinin müavini Novruz Məmmədovun qoyduğu diaqnozu da təsdiqləyir. Serj gah ermənilərin şahmatda azərbaycanlılardan güclü olduğu halda Azərbaycan prezidentinin bu “həqiqətin” dünyaya çatdırılmasına imkan verməməsindən şikayətlənir, gah cəbhədə Azərbaycan ordusunun onlara yaxşı dərs verdiyi barədə məlumatların hər yerə yayılmasından qəzəbləndiyini büruzə verir. 

N.Məmmədov ixtisasca psixiatr yox, keçmiş fransız dili müəllimi olsa da belə görünür ki, Sərkisyanı yaxından müşahidə edərək onun psixi durumunun yerində olmadığını tamamilə dəqiq müəyyən edə bilmişdi...

musavat.com

20 Ağustos 2014 Çarşamba

TÜRKİYƏ VƏ AZƏRBAYCAN ƏLEYHİNƏ YENİ MƏKRLİ PLAN


İsrail prezidenti uydurma soyqırımı tanımağa hazırlaşır; İşğalçı Ermənistan iki qardaş ölkə ilə yəhudi dövlətinin arasını birdəfəlik vuracaq xain bir oyunun içindədir; bədnam 100-cü ildönüm üçün saxta genosidin tanınması ilə bağlı İrəvanla Təl-Əvivin intensiv gizli danışıqlar apardığı deyilir...
Türkiyə və Azərbaycan əleyhinə yeni məkrli planın hazırlandığı məlum olub. “Vestnik Kafkaza” nəşri yazır ki, İsrail və Ermənistanın prezident aparatlarının yüksək vəzifəli əməkdaşları Osmanlı Türkiyəsində 2015-ci il hadisələrini Təl-Əvivin “soyqırım” kimi tanımasından ötrü gizli və intensiv danışıqlar aparırlar.

Nəşrin yəhudi əməkdaşının yazdığına görə, erməni tərəfi bu xüsusda hətta konkret plan da təklif edib. Plana əsasən, İsrailin yeni prezidenti Reuven Rivlin 2015-ci ilin aprelində digər dünya liderləri kimi İrəvanda faciəvi hadisələrin 100-cü ildönümü tədbirlərinə qatılacaq və öz çıxışı zamanı rəsmən bəyan edəcək ki, Təl-Əviv ozamankı Türkiyə hökumətinin erməni xalqına qarşı soyqırım aktı törətdiyini etiraf edir.

İsrail prezidenti dəftərxanasının yüksək çinli əməkdaşının dediyinə görə, bu ideya yəhudi dövlətindəki erməni lobbisinin bir sıra liderləri tərəfindən fəal şəkildə irəli aparılır. Lakin o, həmin şəxslərin adlarını çəkməkdən imtina edib. 

Tanınma tərəfdarlarının nöqtə-nəzərincə, İsrailin “genosidi” tanıması üçün məhz indi ən əlverişli fürsətdir. “Çünki Təl-Əvivlə Ankara arasında olduqca gərgin münasibətlər mövcuddur. Üstəlik, baş nazir (hazırda prezident) Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə İsrail ordusunun Qəzazdakı hərəkətlərini Fələstin xalqına qarşı soyqırım adlandırıb. İsrail isə məlum olduğu kimi, bu ittihamları rədd edib”, - deyə mənbə bildirir.  
Ərdoğanın İsrail əleyhinə daha bir açıqlaması xatırladılır: “Ərdoğan demişdi ki, İsrail terrorizmlə məşğuldur, soyqırım həyata keçirir və qlobal sülhə, Yaxın Şərqdəki sülhə təhlükədir. Türkiyə lideri əlavə eləmişdi ki, nə qədər ki, o, baş nazir postundadır, İsrail haqda yaxşı heç nə deyə bilməyəcək. Buna cavab olaraq yəhudi nəqliyyat naziri İsrael Kats öz facebook səhifəsində ona ermənilərin ”genosidini" xatırlatmış, qeyd eləmişdi ki, məhz Türkiyə lideri kimisə soyqırımda günahlandıra bilməz". 

Məlumatlara görə, İsraildə uydurma məsələnin rəsmən tanınması mövzusunun tirajlanmasında yeni prezident Rivlinin personası da rol oynayır. Belə ki, Rivlin bir neçə dəfə tanınmanın tərəfdarı kimi çıxış edib. Hələ o, Knessetin (parlamentin -s.s.) spikeri qismində Litva parlamentində çıxış edərkən belə bir fikri söyləməyi özünə rəva bilmişdi ki, “Xolokost və 1915-ci ilin erməni ”soyqırımı" XX əsrin iki ən faciəvi hadisəsidir". Halbuki, indiyədək yəhudi siyasətçilərin hamısı rəsmi çıxışlar zamanı belə bənzətmədən qaçıblar.
Reuven Rivlin isə dəfələrlə qeyd edib ki, İsrailin 1915-ci il hadisələrini “soyqırım” kimi tanınması uğrunda mübarizə aparmaqla yalnız “tarixi ədalət”ə nail olmaq istəyir və söhbət qətiyyən müasir Türkiyə xalqına və hökumətinə qarşı hansısa ittiham, ələlxüsus iddia irəli sürülməsindən getmir. Rivlin həmçinin, sadəlövhcəsinə belə bir ifadə də işlətmişdi: “Mən başa düşə bilmirəm ki, İsrailin erməni ”soyqırımı"nı tanıması niyə də yəhudi dövlətinin Azərbaycan və postsovet məkanının başqa türkdilli ölkələri ilə münasibətlərinə mənfi təsir göstərməlidir? Axı bu ölkələrin xalqlarının 1915-ci il hadisələrinə heç bir dəxli yoxdur..."

“Bununla belə, İsrail XİN-də hesab edirlər ki, prezidentin konkret halda ”genosidi" tanınma təşəbbüsü ilə çıxış eləmək hüququ yoxdur və bu məsələ yalnız Azərbaycanla razılaşmadan sonra həllini tapa bilər, çünki bu dost ölkə ilə münasibətlər yəhudi dövləti üçün həddən-ziyadə mühüm əhəmiyyət daşıyır", - deyə mənbə vurğulayır.

Nəşrin məqaləsindəki daha bir maraqlı detal: “İsraildə əmindilər ki, yaxınlaşan Rivlin və Sərkisyan arasında danışıqlardan Türkiyə və Azərbaycanda xəbərdardılar. Ancaq İsrail diplomatlarının sözlərinə görə, hələ ki, Bakı və Ankaradan hər hansı reaksiya yoxdur”.
Xatırladaq ki, İsrail tərəfindən tanınma məsələsi Knessetdə ilk dəfə olaraq 2012-ci ildə müzakirəyə çıxarılıb. Lakin dəstək qazanmayıb.

musavat.com

11 Ağustos 2014 Pazartesi

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİNDƏN SERJ SƏRKİSYANA CAVAB


Azərbaycan Respublikasına ancaq düşmən münasibətdə olan qurumun başçısı Serj Sərkisyanın "armnews" informasiya agentliyinə verdiyi müsahibəsində Azərbaycan dövlətinin və xalqımızın ünvanına səsləndirdiyi hədə-qorxu dolu fikirlər heç bir təsir qüvvəsinə malik deyil və onun özünün də inanmadığı, erməni xalqının sevdiyi nağıldır, fərziyyədir.

Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir ki, Xocalının, Dağlıq Qarabağın digər kənd və qəsəbələrində, o cümlədən, onun ətrafındakı yeddi rayonun yaşayış məntəqələrində törətdiyi cinayətlərdə günahsız insanların qanına əli batmış bu cani ən yaxın zamanda Azərbaycan xalqı və beynəlxalq ədalət məhkəməsi qarşısında bütün məsuliyyəti ilə mütləq cavab verəcəkdir.

Azərbaycan dövləti yalnız öz torpaqlarını, Dağlıq Qarabağı erməni separatçılarından təmizləmək və ərazi bütövlüyünü bərpa etmək niyyətindədir. 

S.Sərkisyanın dediyi ballistik raketlərə gəlincə isə, qətiyyətlə bəyan edirik ki, ermənistan Silahlı Qüvvələrinin sərəncamında olan bu hərbi texnika Azərbaycanın malik olduğu ən müasir silah və texnika ilə heç cür müqayisə edilməzdir. Ermənistan ordusunun təchizatında olan keçmiş sovet dövründən qalma, nasaz, vaxtı keçmiş və köhnəlmiş silah-sursat, o cümlədən, maye yanacaq mühərrikli "Skad" tipli raketlər nəinki hər hansı bir obyekti məhv etməyə, heç havaya qalxmaq belə imkanına malik deyildir. 

Əgər bu prosesdə ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara əl atarsa o zaman ən yeni, müasir və yüksək dəqiqliyə malik silahlarla təchiz olunmuş Azərbaycan ordusu ermənistan ərazisindəki istənilən hərbi infrastrukturu və strateji obyektləri darmadağın edəcəkdir.

S.Sərkisyanın öz müsahibəsində söylədikləri ermənistan dövlətinin və onun hərbi-siyasi cinayətkar rejiminin işğalçılıq siyasətindən əl çəkmədiyinə əyani sübutdur. Bu isə ermənistan dövlətinin süqutuna və tam məhvinə səbəb olacaqdır.

baymedia.az
11 Avqust 18:51

Elçin Mirzəbəyli: “Seytnot vəziyyətinə düşmüş Sarkisyanın danışmağa sözü yox idi”


“Şübhəsiz ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşü ictimaiyyət tərəfindən ciddi qiymətləndirilən hadisə idi”

Bu sözləri SİA-ya açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeləri kifayət qədər möhkəmdir və son hadisələr ölkəmizin hərbi potensialının kifayət qədər güclü olduğunu və Ermənistanı dəfələrlə üstələdiyini sübut edir.

“Təbii ki, seytnot vəziyyətinə düşmüş Sarkisyanın danışmağa sözü yox idi. Videomateriallar, fotoşəkillər real mənzərə yaradır. Hətta görüşün bütün təfsilatı haqqında məlumatlar açıqlanmasa da, ümumi mənzərədən baş verən prosesin mahiyyətini anlamaq mümkündür. Hərhalda yaxın zamanlarda nəticələr ümumilikdə bəlli olacaq”- deyə, qeyd edən baş redaktor Azərbaycanın gündən-günə öz mövqelərini daha da möhkəmləndirdiyini, həm hərbi, həm də iqtisadi sahədə kifayət qədər gücləndiyini bildirib.

Onun sözlərinə görə, bütün bu proseslər ölkəmizin mövqeyinə təsir göstərən amillərdir: “Bütövlükdə son dövrlərdə regionda baş verən proseslər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəticələrin əldə olunmasına yardım göstərir”.

11 Avqust 15:52

ALMANİYALI DEPUTAT ERMƏNİSTANLA BAĞLI ÇAĞIRIŞ ETDİ


Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə Parlament qrupunun sədri, millət vəkili Yohannes Kahrs (SPD fraksiyası) Almaniyanın “Hauptstadt İNSEDER” nəşrində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəyanatla çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, avqustun 8-də dərc olunmuş bəyanatda deyilir: “Artıq bir neçə gündür ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması ucbatından günahsız insanlar həlak olur.
İyirmi bir ildir ki, BMT vasitəçilik etməyə çalışır. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini rəhbər tutan beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və 7 ətraf rayondan Ermənistan işğalçı qüvvələrinin dərhal çıxarılmasını tələb edir.
Amma bu məsələdə heç bir müvəffəqiyyət əldə olunmayıb. Son əsgər ölümlərindən sonra Qərb dövlətləri ilə Rusiya gərək bu qeyri-qanuni işğala son qoyulması üçün Ermənistana təsir imkanlarını gücləndirməlidir. Əks halda Qafqazda növbəti müharibə ocağı ilə üzləşməli olacağıq”.

baymedia.az
11 Avqust 16:03

MİLLƏT VƏKİLİ SOÇİ GÖRÜŞÜNÜ TƏHLİL ETDİ


“Ermənistan və Azərbaycan arasında problemin həlli ilə bağlı görüşlərin 20 ildən çox tarixi olsa da, bu görüş müəyyən ilklərlə yadda qaldı”
Bu açıqlama ilə millət vəkili Aydın Mirzəzadə öz Feysbuk səhifəsində çıxış edib.
O, İkinci Qarabağ Savaşının birincidən daha təhlükəli olacağını bildirib:
“Rusiyanın Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin iki gün çəkən görüşləri başa çatdı. Görüşlərin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsinə həsr edilməsi barədə məlumat verilsə də, onun əsas mövzusunun Dağlıq Qarabağ probleminin müzakirəsi olduğu hamı üçün aydın idi. Avqustun əvvəlində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən gərginlik və lokal döyüşlər dünyanın diqqət mərkəzində oldu. Hər iki tərəfdən olan böyük itkilər dünyanın bu həssas bölgəsində müharibənin yenidən başlaması ehtimalından xəbər verirdi. Yeni müharibə başlayacağı halda isə onun masştabı və əks-sədası Birinci Qarabağ Müharibəsinin (1991-1994) göstəricilərini çox-çox geridə qoya bilərdi. Ancaq adi siahlardan istifadə etməklə (artilleriya, təyyarələr və uzaqvuran raketlərdən istifadə edilmədi) gedən iki günlük döyüşə dünya birliyinin reaksiyası olsa da, ancaq Rusiya tərəfi döyüşlərin praktiki olaraq dayandırılması və tərəflərin onun ərazisində təcili görüşünün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdi”.
Deputat Soçi görüşünün ilklərlə yadda qaldığını deyib:
“İlk dəfə idi ki, cəbhə xəttindəki gərginlikdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərindən birinin təklifi ilə təcili görüş keçirilirdi. İlk dəfə idi ki, tərəflər iki gün ərzində bir neçə rəsmi və qeyri-rəsmi görüş keçirdilər. İlk dəfə idi ki, həmsədr ölkə görüşdə üçüncü bir tərəf kimi iştirak edirdi. Bütün bu amillər Rusiyanın bu məsələdə praqmatik mövqe tutmağa çalışması kimi qiymətləndirilə bilər. Çünki problemin həll edilməməsi Rusiyanın cənub sərhədində, müharibə ehtimalının yüksəlməsinə, onun hər iki ölkə ilə münasibətlərinə də pozitivliyin itirilməsinə gətirib çıxara bilərdi. Görüşün özü barəsində çox az məlumat verildi. Prinsipcə bu müsbət qiymətləndirilməlidir. Tərəflərə piar deyil, problemin həlli ilə bağlı konkret müzakirələr lazım idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyanatı buna konkret sübut idi. Ancaq Ermənistan dövlət başçısı haqqında bunu demək olmazdı. Onun Rusiya prezidenti ilə görüşdə verdiyi bəyanat ilk növbədə öz ölkəsinin əleyhinə işləməyə başladı. Sərkisyan bildirdi ki, Azərbaycan məqsədli surətdə Ermənistan-Azərbaycan sərhədində, cəbhə xəttində gərginlik yaratdı. Hansı ki, o əvvəllər problemin guya Azərbaycanla “DQR” arasında olduğunu və Qarabağ ermənilərinin müqəddəratını həll etdiyini bildirirdi. İndi isə o Qarabağ erməni icmasının “müqəddəratı” barədə dediklərini unudaraq, həyasızcasına Ermənistan-Azərbaycan sərhəd xəttini Beyləqan, Ağdam, Goranboy və Kəlbəcər torpaqlarından çəkirdi”.
O, Sərkisyanın geri qayıtdıqdan sonra verdiyi bəyanatın sülhpərvər sayılmadığını söyləyib:
“Görüş iki gün mətbuatın iştirakı olmadan keçirildi. Heç sonra da hər hansı bəyanat və nəticələr barəsində məlumat verilmədi. Yeganə məlumat Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Azərbaycan və Ermənistan prezidentləri Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Rusiya Federasiyası həmsədrlərdən biri kimi bu məsələyə öz töhfəsini verəcək” fikri oldu. Təhlilçilərin Lavrovun bəyanatında diqqətlərini çəkən ”xarici işlər nazirlərinə tapşırılıb ki, bu işi məsələnin həllinin praktik aspektlərinin razılaşdırılması işi ilə paralel davam etdirsinlər” fikri oldu. Rusiyanın baş diplomatının sözlərinə görə, razılaşdırılmayan məsələlər elə də çox deyil, əksər razılaşmalar artıq əldə olunub, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir. Axırıncı cümlə müəyyən maraq doğurur, baxmayaraq ki, bunu hər tərəf bir cürə yoza bilər. Ermənistan prezidentinin İrəvana qayıtdıqdan sonra verdiyi bəyanat da heç də sülhpərvər sayıla bilməz. İşğalçı dövlətin işğal etdiyi dövlətə qarşı yenə də hədə gəlməsi heç də onun sülh istəməsindən xəbər vermir”.
A.Mirzəzadə problemin dondurulmasının onu həll etmədiyini vurğulayıb:
“Soçi görüşü başa çatsa da, problem hələ də durur və o öz həllini tələb edir. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması və Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi ölkəmizi razı sala bilməz. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mövqeni dəfələrlə səsləndirib və cəmiyyət liderini tam dəstəkləyib. Ötən dövr göstərdi ki, problemin dondurulması problemi həll etmir, onu daha da ağır vəziyyətə itələyir. Çətinliklərə baxmayaraq, Azərbaycan ötən illərdə öz iqtisadiyyatını və ordusunu kifayət qədər gücləndirə bilib. Beynəlxalq hüquq da ölkəmizin tərəfindədir. Ona görə də Ermənistan bu məsələdə ciddi seçimini etməlidir. Ya Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ya da bütün istiqamətlərdən Azərbaycanın təzyiqini və gücünü hiss etməlidir. Onun seçiminə ayrılan vaxt isə çox azdır”.

baymedia.az
11 Avqust 18:40