Translate

7 Ağustos 2014 Perşembe

Vəfa Quluzadə: «Əminəm ki, İlham Əliyevi sındıra bilməyəcəklər...»


Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-də və 9-da Soçidə görüşü gözlənilir. Rusiya prezidenti Vladimir Putin-in vasitəçiliyi ilə planlaşdırılan, sərhəd və qoşunların təmas xətti boyunca hər iki tərəfin itkiləri ilə nəticələnən bu – atəşkəssonrası görüşdən nə gözləmək olar? AzadlıqRadiosu bu və digər suallarla xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadəyə üz tutub.

- Soçidə keçiriləcək bu görüşdən nə gözləyirsiniz?

- Mənim ən böyük arzum odur ki, bu görüşdə heç bir şey baş verməsin. Axı Soçidəki görüş Azərbaycanı Gömrük İttifaqına sürükləməyə yönələn bir görüşdür...

- Niyə belə qənaətə gəlmisiniz?

- Birincisi, bu yaxınlarda Ermənistanda da bəyan etmişdilər ki, Azərbaycan qoşulmadan Ermənistanın Gömrük İttifaqında olması mənasızdır. İkincisi, Ukraynada istədiyinə nail olmayan Putin bu istəklərini Cənubi Qafqazda gerçəkləşdirməyə can atır. Azərbaycana ən böyük təzyiq rıçaqı da Qarabağ münaqişəsi və orada atəşkəsin pozulmasıdır. Son atəşkəs pozuntusunda 100 faiz Rusiyanın əli var. Buna mənim heç bir şübhəm yoxdur. Rusiya çalışırdı ki, Azərbaycan böyük itkilər versin və beləcə, Soçidə Azərbaycanı ələ almaq daha da asanlaşsın. Rusiya istəyirdi ki, iki ölkə arasında irimiqyaslı müharibə başlasın və regionda böyük bir ölkənin rəhbəri kimi, Putin sülhün təminatçısı rolunda çıxış etsin. Bəziləri bəyan edir ki, Azərbaycan və Ermənistan Gömrük İttifaqına qoşulsa, Rusiya Ermənistanın, Qazaxıstan da Azərbaycanın qarantı olacaq və bir daha atəşkəs pozulmayacaq. Hər şey göz qabağındadır: Rusiya öz geosiyasi maraqları uğrunda döyüşə başlayıb. Krımın işğalı, Ukraynanın şərqindəki hadisələr də bu qəbildəndir.

- Sizcə, Putin Ukraynada əldə edə bilmədiyini indi Cənubi Qafqazda gerçəkləşdirəcək?

- Bir adam bütün dünyanın əleyhinə gedərək, stalinsayağı sovet metodlarından yararlanırsa, ondan hər şey gözləmək olar. Putin Qarabağ məsələsini həll etmək istəmir. Onun istəyi Azərbaycanın Gömrük İttifaqına daxil olmasıdır. Bununla da Putin Qərbin bütün maraqlarını, regionda indi və gələcəkdə həyata keçiriləcək bütün layihələri öz nəzarətinə keçirmək istəyir. Yəni Azərbaycanı ələ almaqla Putin çox böyük strateji maraqları gerçəkləşdirə bilir. 

- Belə çıxır ki, Soçidə Azərbaycanı «tovlayacaqlar»?

- İnanmıram ki, İlham Əliyevin arzusu olmadan onu nəyəsə məcbur etmək mümkündür. Əminəm ki, İlham Əliyev müqavimət göstərəcək, onu sındıra bilməyəcəklər. Mən buna əminəm. Azərbaycanın Gömrük İttifaqına qoşulması, ilk növbədə, elə İlham Əliyevin öz maraqlarının əleyhinədir. Çünki bu məsələni Azərbaycan ictimaiyyəti dəstəkləməyəcək.

- Sizcə, 3 prezidentdən hansı daha uduşlu vəziyyətdədir?

- Bu görüşə qalib kimi gedən Putin-dir. Çünki burda Ermənistanın heç bir üstünlüyü yoxdur. Son atəşkəs pozuntusunda onlar da xeyli itki veriblər və başa düşüblər ki, qarşılarında duran Azərbaycan ordusu güclü ordudur və müharibə olsa, böyük itkiyə uğrayacaqlar. Biz də istəmirik ki, Gömrük İttifaqına sürüklənək. Bu baxımdan, Soçi görüşündə qazanc əldə etmək istəyən tərəf Putin-dir.

- Siz deyirsiniz ki, atəşkəs pozuntusu Azərbaycan ordusunun güclü olduğunu göstərdi. Onda belə çıxır ki, bu görüşə İlham Əliyev də üstün mövqedə gedir...

- Fikrimcə, İlham Əliyevin Ağdama getməsi, orda əsgərlərlə görüşməsi olduqca müsbət haldır və bunu yüksək qiymətləndirirəm. Bu onu göstərdi ki, lazım olsa, döyüşə də gedəcək və istiqlaliyyətimizi əldən verməyəcəyik.

- Son atəşkəs pozuntusunda Azərbaycanla Ermənistan bir-birini suçlayır. Sizcə, onlar günahkardır, yoxsa üçüncü tərəf?

- Atəşkəs pozuntusunun günahı 100 faiz Rusiyanın üzərindədir. Mənim yadımdadır, İstanbul sammitində Heydər Əliyev Kocharian-la razılığa gəlmişdi və bu razılığı Vazgen Sarkisian-la Karen Demirchian da dəstəkləmişdi. Sülh müqaviləsinin imzalanması gözlənilirdi. Tərəflər atəşkəsi pozmamaq razılığına da gəlmişdilər. Bir müddət belə də oldu. Ermənistan parlamentinin gülləbaranından sonra bu məsələ pozuldu. Hər iki tərəfi itkilərə uğradan atəşkəs pozuntusu indiyədək davam edir.

- Soçi görüşündən hər hansı sənəd imzalana bilər?

- Ümumi bəyannamə qəbul edilə bilər. Başqa bir şey gözləmirəm.

- Rusiya bu görüşü təşkil etməklə dünyaya hansı mesajı verir?

- Rusiya bununla Qərbə demək istəyir ki, təşəbbüsü sizə verməyəcəyəm. Axı son vaxtlar Qərb Parisə, Nyu-Yorka və ya Vaşinqtona çağırır, sülh danışıqlarını canlandırmaq istəyirdi. Putin bu təşəbbüslərin üstündən xətt çəkmək üçün tələsik Soçi görüşünə qərar verib.

- Demək, o məşhur deyimdəki kimi, «Qarabağın açarı Rusiyadadır»?

- Qarabağ məsələsinin açarı yox, tormozu, əyləci Moskvadadır. Rusiya heç vaxt bu münaqişənin həllində maraqlı deyil. Rusiya münaqişənin çözümünü tormozlamağa çalışır və bununla da tərəfləri özündən asılı saxlayır. O baxımdan «açar Rusiyadadır və biz gedib ona yalvarıb münaqişəni həll etməliyik» yanaşması tamamilə səhvdir.

- Sizcə, bu münaqişənin həllində «xalq diplomatiyası»ndan yararlanmaq uğur vəd edə bilər?

- Xalq diplomatiyasına heç inanmıram. Hesab edirəm ki, xalq diplomatiyası heç bir nəticə verə bilməz. Çünki bu milli və ya dini zəmində olan münaqişə deyil. Bu münaqişə Rusiyanın qurduğu tələdir. Burda xalqlar nə edə bilər? Yenə xatırladım, prezidentlər razılığa gəlirlər, ondan sonra Ermənistan parlamentində deputatlar güllələnir və  bununla da Qarabağ məsələsi yenə gündəmdən çıxır. Xalq burda neyləsin? Xalqlar çoxdan istəyirlər ki, sülh olsun, amma onların fəaliyyətindən heç bir şey asılı deyil.

- Azərbaycanın Ermənistanla birgə Gömrük İttifaqına qoşulması bu münaqişəni aradan qaldıra bilər?

- Bu da real məsələ deyil. Rusiya istəyir ki, Azərbaycan Gömrük İttifaqına girsin və bununla Azərbaycanın bütün açarları onun əlində olsun.

- Dediyinizdən belə çıxır ki, hələ çox «Soçi görüşləri» olacaq?

- Gərək olmasın. Bu baxımdan da hesab edirəm ki, Qərb Qarabağ məsələsi ilə bağlı Rusiya və Ermənistana təzyiq göstərməklə ortaya ciddi mövqe qoymalıdır.

- Amma Azərbaycanda tez-tez səslənən fikir odur ki, Qərb Ukraynaya göstərdiyi dəstəyi  bizə göstərmir.

 - Fikrimcə, Rusiya Azərbaycana da (Ukraynadakı kimi ) hücum etsə, Qərbin sanksiyaları 1-ə 100 artacaq. Bunu Rusiya çox yaxşı bilir. Ona görə Putin elə vəziyyət yaratmaq istəyir ki, Azərbaycan Gömrük İttifaqına könüllü qoşulsun və bununla da bütün dünyaya göstərsin ki, Azərbaycanın özü bizimlə bir yerdə olmaq istəyib. Amma əminəm ki, İlham Əliyev buna getməyəcək...

Maarif Çingizoğlu

SİBİR RUSİYADAN AYRILMAQ İSTƏYİR


Avqustun 17-nə bütün vilayət boyu “Sibir Marşı” keçirməyə qərar verildi

Sibir Rusiya ərazsinin 73,6 faizini tutur. Burada əhalinin sıxlığı yüksək deyil, amma kəndlər və şəhərlər bütün Sibir boyu səpələnib. Əgər “Sibir Marşı” uğurlu alınsa, onun qarşısını almaq polis üçün əməlli başlı başağrısı yaradacaq və bu prosesin nəticəsində Rusiyanın yerində 10-15 yeni dövlət əmələ gələcək. Məhz buna görə də Rusiya hakimiyyəti bütün ölkə ərazsinində KİV-ləri və internet resursları sərt senzura altında saxlayır ki, “Sibir Marşı” barədə xəbərlər geniş əhaliyə çatmasın. “Sibir Marşı”nı təşkil edənlərin isə ciddi arqumentləri var. Rusiyanın bütün təbii sərvətlərinin yüzdə doxsanı bu ərazilərdə olsa da, burada əhali yesir günündə yaşayır. Sibir əhalisi yoxsulluq səviyyəsinə görə ən aşağıda dayanır. Sizə təqdim etdiyimiz videoda “Sibir Marşı” təşkilatçılarının Sibirin Moskvadan ayrılması barədə arqumentləri səsləndirilir.


azadliq.info

6 Ağustos 2014 Çarşamba

Erməni ekspert: ”Zəngilan alınsa, Mehri dəhlizi bağlanacaq”


Cəbhədə vəziyyət gərgin olaraq qalır. Belə görünür ki, ermənilər müharibəsiz bir rayonu belə azad etməyəcəklər, sülh yolu ilə münaqişənin həlli mümkün deyil.  Ermənistan texnoloqlarının çıxartdıqları nəticəyə baxdıqda aydın olur ki, ermənilər nəinki 7, hətta 1 rayonun qaytarılmasına hazır deyillər. Bunun isə öz səbəbləri var. Bu mənada erməni hərbi eksperti David Simonyanın şərhləri daha çox diqqət çəkir. O yazır ki, Azərbaycana hər hansı bir rayonun qaytarılması cəbhədə olan hərbi balansı poza bilər və bundan sonra da qarşı tərəf çox böyük üstünlük əldə edəcək.


Simonyanın nə demək istədiyini anlamaq onun ən çox müzakirə edilən məqaləsini olduğu kimi nəzərinizə çatdırırıq:

“Azərbaycana hər hansı bir rayonun qaytarılması fəlakət olar. Əvvəla, indiki şəraitdə erməni qoşunları bir neçə eşalondan ibarət müdafiə sisteminə malikdirlər. Əgər düşmən ordusu (azərbaycanlılar – red.) ilkin cəbhə xəttini yarsalar, qoşunlarımız 2-ci müdafiə xəttinə çəkilərək düşmənin “Artsax”ın (Qarabağın – red.) içərilərinədək irəliləməsinə mane olar. Və Ermənistandan əsas qoşunlar köməyə gələnədək cəbhəni əllərində saxlayarlar.

İkinci bir tərəfdən, bizim qoşunların Zəngilanı, Cəbrayılı, Füzulini alması ilə Mehri rayonunun üzərində olan təhlükə aradan qalxdı. Həmçinin bu səbəbdən, Azərbaycan ordusu Stepanakerti (Xankəndi – red.), o cümlədən Ermənistanın Qafan, Gorus rayonlarını öz artilleriyası və malik olduğu BM-21 qrad qurğularından atəşə tutmaq imkanından məhrum edildi.

Altı rayonun qaytarılması o deməkdir ki, yeni cəbhə xətti Mardakert (Ağdərə – red.), Hadrut (Xocavənd), Əsgəran rayonlarının cəmı 5 kilometrliyində yerləçəcək. Bundan əlavə, Karvaçar (Kəlbəcər – red.) rayonunun Azərbaycana qaytarılması Mardakerti 3 istiqamətdən təhlükə altında qoyacaq.


Belə olan vəziyyətdə yeni müdafiə xətti nə qədər güclü olsa belə, “Artsax”ın təhlükəsizliyi üçün qarant ola bilməz. Hərb tarixindən bəllidir ki, hətta ən möhkəm müdafiə sistemini hücum edən tərəf yara bilər (Mannerqeym, Ziqfrid müdafiə sistemləri).


Nəzərə almaq lazımdır ki, indiki şəraitdə Ermənistanı Artsaxla və cəbhə xətti ilə 4 avtomobil yolu birləşdirir. Bu yollar həm Ermənistanla əlaqə, həm ordunu cəbhənin bir xəttindən digərinə atmaq üçün çox vacibdir. “Artsax Müdafiə Qüvvələri”nin daxildə istifadə etdiyi vacib 2 yol var: Mardakert-Füzuli-Cəbrayıl və Mardakert-Stepanakert-Qırmızı Bazar-Hadrut.


Altı rayonu Azərbaycana qaytarsaq, onda erməni qoşunlarının nəzarətində yalnız Mardakert, Hadrut və “Artsax”ı Ermənistanla birləşdirən Stepanakert-Gorus-Yerevan yolu (Laçın koridoru) qalacaq. İş ondadır ki, hərbi əməliyyatların başlayacağı təqdirdə Laçın koridorunu saxlamaq erməni qoşunlar üçün problem olacaq. Hətta onu saxlasaq belə, nəzərə almaq lazımdır ki, Azərbaycan aviasiyası havada üstünlüyə malikdir. Düşmən aviasiyadan və artilleriyadan istifadə etməklə bu yolu tam yararsız hala sala bilər. Ermənistanla əlaqə kəsilsə, Artsax ordusu Ermənistandan qoşunlar üçün lazım olan silah-sursatı, tibbi yardımı ala bilməyəcək. Bu halda, Ermənistandan əlavə canlı qüvvə ala bilməyən “Artsax Müdafiə Ordusu” düşmənin qat-qat çox olan canlı qüvvəsi qarşısında tab gətirməyəcək.


Belə nəticəyə gəlmək olar ki, Azərbaycana bir neçə rayonun qaytarılması cəbhədə olan hərbi balansı düşmənin xeyrinə dəyişə bilər. O halda bizə nə sülh müqavilələri, nə də beynəlxalq sülhməramlı qüvvələr kömək edəcək. Azərbaycan öz hərbi potensialını artırmaq kursunu götürüb. Nəzərə almaq lazımdır ki, Ermənistan öz hərbi potensialını bu miqyasda davam etdirməyə hazır deyil.
Hərbi balansı artırıb öz xeyrinə dəyişən və Artsaxın müdafiəsinin zəifliyini görən Azərbaycan lazım olan məqamda hücuma keçə bilər. Nəzərə alaq ki, Azərbaycan qoşunlarının 70 faizi cəbhə xəttində dislokasiya olunub. Hərbi kompaniyanın taleyi ilk günlərdə həll olunacaq. Bu halda “Artsax Müdafiə Ordusu”na düşmənin cəbhə xəttini yarmasının qarşısını almaq çətin olacaq. Artsaxı itirdiyimiz təqdirdə, Türkiyənin köməkliyi ilə Azərbaycan öz pantürkist arzusunu, yəni Mehri rayonunu da ələ keçirəcək. Bu halda Azərbaycan Türkiyəyə quru yolla birbaşa çıxış əldə edəcək. Digər tərəfdən, Ermənistanın İrana çıxışını kəsəcək. Əgər “Artsax”ı itirsək, Mehrini saxlamaq erməni qoşunları üçün mümkünsüz olacaq. Azərbaycan həm Zəngilan, həm də Naxçıvan istiqamətindən hücuma keçməklə buna nail ola bilər”.


Yazıdan göründüyü kimi, erməni hərbi ekspert Azərbaycanın hərbi potensialının üstünlüyünü açıq-aşkar etiraf edir, əndişəsini gizlətmir. Digər erməni ekspertlərin də şərhləri ilə tanış olduqda aydın olur ki, II Qarabağ müharibəsi başlayarsa, ermənilər ancaq müdafiəyə diqqət yetirəcəklər. Çünki onların hücum üçün canlı qüvvələri və texnikaları çatışmır. Üstəlik, onlar qeyd edir ki, Azərbaycan qoşunları Naxçıvan istiqamətindən də hücuma keçsələr, Ermənistanın tam məğlubiyyəti qaçılmaz olacaq.
Erməni hərbi ekspertləri həmçinin bildirirlər ki, yeni müharibə uzunmüddətli xarakter alarsa, bu da onlar üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq. Belə ki, müharibə böyük vəsait tələb edir, silah-sursat tez tükənir. Azərbaycanın hər tərəfə çıxışı var, onun tükənmiş silah-sursatı yenisi ilə əvəz edib cəbhəyə göndərməsi heç bir problem törətməyəcəyi halda, Ermənistan bunu edə bilməyəcək. Ermənilər hesab edir ki, Azərbaycanın təsiri ilə Gürcüstan Rusiyadan gətirilən hərbi texnikanı Ermənistana buraxmayacaq. Elə İran da İslam dünyasının qınağından ehtiyatlanaraq Ermənistana əvvəlki tək kömək etməyəcək.

İlqar Atabəyli

31 Temmuz 2014 Perşembe

İTALİYADA QALMAQAL : İLHAM ƏLİYEVİN İMZASI OLAN SƏNƏDİ DƏYİŞMƏK İSTƏYİRLƏR


İXTİYAR ŞİRİN : - Qərb dövlətlərinin və Rusiyanın Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı təkidləri əslində Azərbaycanın razılığı ilə Dağlıq Qarabağın ermənilərə verilməsi planıdır...

Mən dünən - 30.07.2014 tarixində Facebookdakı hesabımda Qərb dövlətlərinin və Rusiyanın Qarabağ probleminin sülh yolu ilə həlli planı barədə aşağıdakıları yazmışdım: "Qərb dövlətlərinin və Rusiyanın Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı təkidləri əslində Azərbaycanın razılığı ilə Dağlıq Qarabağın ermənilərə verilməsi planıdır. Onlar Dağlıq Qarabağın ətrafındakı 6-7 rayonun Azərbaycana qaytarılmasının əvəzində Dağlıq Qarabağda ərazinin statusunu müəyyənləşdirən referendum keçirilməsini təklif edirlər. Referendum, əgər keçiriləcəksə, ərazinin statusunun müəyyən edilməsi ilə bağlı yox, muxtariyyətin forması ilə bağlı ola bilərdi. Mən əvvəllər muxtariyyətin forması ilə bağlı referendumu mümkün hesab edirdim. İndi isə belə bir qənaətə gəlmişəm ki, referendum oyununa getməmək lazımdır. Ukrayna hadisələrindən sonra beynəlxalq şərait dəyişdi. İndi Qərb Krımla bağlı hansı mövqeyi tutubsa, Qarabağla bağlı da o mövqeyi tutmalıdır. Biz isə erməni-rus terrorçularını Ukraynadakı kimi əzməliyik. Xalqımız bu işə Ukrayna xalqından daha hazırlıqlıdır. Mövqeyimizi daha da sərtləşdirməliyik. Ermənistana və Qarabağa "dostluq" üçün gedən Azərbaycanlıları da bu işlərdən əl çəkməyə çağırıram. Bu cür hərəkətlər düşmənin çörəyinə yağ-bal sürtməkdir. Litvanın səfirinin telefon danışıqlarındakı etirafları əslində bütün Qərb və Rusiya dövlətlərinin mövqeyini əks etdirir. Sülh yolu ilə həll planı təklif edənlərin heç biri, o cümlədən Kerri də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bəyan etmirlər. Bu məsələnin geniş ictimai müzakirəyə çıxarılmasına ehtiyac daha da çoxalıb."

Bu gün Virtualaz.org saytında mənim dediklərimi təsdiq edən informasiya yayıldı.
İtaliyada qalmaqal: İlham Əliyevin imzası olan sənədi dəyişmək istəyirlər.
İtaliyada Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı imzalanan sənədlə bağlı diplomatik insident baş verib.

Virtualaz.org saytı spondasud.it adlı İtaliya portalına istinadən xəbər verir ki, Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq haqda Birgə Bəyannamənin mətnində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək ifadə olunması xarici işlər naziri Federiko Moqerinin Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali komissarı vəzifəsinə seçilməsi şanslarına zərbə vura bilər.

Saytda yerləşdirilmiş məqalənin müəllifi Kalyari Universitetinin Yaxın Şərq İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Laura Tossodur.
L.Tosso Türkiyə araşdırmaları üzrə ixtisaslaşıb və belə görünür ki, erməni çevrələrinə bağlıdır. Qeyd edək ki, müəllifin Türkiyədə qətlə yetirilən erməni jurnalist Qrant Dink barədəki araşdırması beynəlxalq jurnalistika mükafatı alıb.
Məqalədə deyilir ki, Azərbaycan prezidentinin səfəri ərəfəsində İtaliya XİN-dən iki diplomat strateji tərəfdaşlıq haqda Birgə Bəyannamənin mətnini işləyib hazırlayıb.
Sənədin bu variantı rəsmi Bakı ilə razılaşdırılıb və orada Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə çağırış ifadə olunur.
Sənəd iyulun 14-də prezident İlham Əliyev və İtaliyanın baş naziri Mattio Renzi tərəfindən qəbul edilib.
Lakin məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın nümayəndələri İtaliyanın Minsk Qrupuna üzv olan ölkə kimi münaqişə ilə bağlı bu cür mövqe tutmasını düzgün hesab etməyiblər və məsələni İtaliya xarici işlər nazirinin diqqətinə çatdırıblar.
Nəticədə İtaliya XİN “anlaşılmazlığı” başa düşüb və rəsmi mətninin dərcini dayandırıb. İtaliya XİN Bakıya təklif edib ki, yeni mətn üzərində işləsinlər.
Təbii ki, Azərbaycan tərəfi bu təklifi qəbul etməyib və yüksək səviyyədə qəbul edilmiş sənədi dəyişdirməkdən imtina edib. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq barədə Birgə Bəyannamənin mətni Azərbaycan XİN tərəfindən dərc edilib. İtaliya XİN isə buna baxmayaraq sənədin mətninə yenidən baxmağa başlayıb və onun dərcini dayandırıb.

30 Temmuz 2014 Çarşamba

Türkiyəni idarə edən gizli güclərin adları açıqlandı


Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının (Milli İstihbarat Teşkilatı - MİT) Antiterror Mərkəzinin sabiq rəisi Məmməd Eymür sensasiyalı açıqlama ilə çıxış edib.


M.Eymür deyib ki, hazırda xarici dövlətlərin kəşfiyyatçıları Türkiyədə “at oynadır”.

Onun sözlərinə görə, 1950-ci ildən bəri keçən 50 il ərzində Türkiyəni türklər idarə etməyib:

“Türkiyəni 1950-ci ildən bəri türklər idarə etməyib. Bu da haradasa 50 il davam edib. Dünyanın ən kritik regionunda yerləşən Türkiyəni başda ABŞ olmaqla, Rusiya, Almaniya, İngiltərə, İsrail və digər ölkələr rahat buraxmadı və bundan sonra da buraxmayacaqlar. Həmin dövlətlərin Türkiyəni idarə edən şəxslərə də təsirləri olur. Hətta Türkiyəni idarə edəcək kəsləri onlar təyin edir.

İndi də başda ABŞ olmaqla, Rusiya, İngiltərə, İsrail və digər ölkələr bizi rahat buraxmır. Türkiyədə xarici ölkə agentləri “at oynadır”. Bu agentlər daha çox səfirliklərdə olur. Bundan əlavə, hava yolları və turizm şirkətlərində, media orqanlarında və digər sahələrdə də agentlər var. Onların arasında daha çox agent Rusiyaya məxsusdur”.

M.Eymür yerli və xarici agentlərin ölkə mediasına necə sızmasını da izah edib:

“Türk jurnalistlər hər zaman xarici xüsusi xidmət orqanlarının hədəfindədirlər. Çünki cəmiyyəti yönləndirmək, yəni psixoloji güc üçün media əhəmiyyətli rola malikdir. Buna ən yaxşı nümunə kimi “Aydınlık” qəzetini göstərmək olar.
Xarici xüsusi xidmət orqanları mediadakı bəzi şəxsləri pulla ələ alırlar. Həmin şəxslər pul müqabilində daha təsirli və onların maraqlarına uyğun fəaliyyət göstərirlər”.

M.Eymür həmçinin bildirib ki, CIA (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) NATO çərçivəsində MİT ilə ortaq hərəkət edir:

“Ancaq CIA Türkiyənin düşmən bildiyi ölkələrin kəşfiyyat orqanları ilə də ortaq işlər görür. Daha çox mütəşəkkil cinayətkarlıqla mübarizə adı altında kəşfiyyat toplantıları təşkil olunur və sairə. Adətən, qayda belədir, diplomatiyanın bitdiyi yerdə kəşfiyyat işə girər.
Keçmişdə olduğu kimi indi də MİT-in içində ABŞ, (CIA), İsrail (MOSSAD) və Almaniya (BND) xüsusi xidmət orqanlarına çalışan şəxslər var. Xarici məxfi və xüsusi xidmət orqanları MİT-in əməkdaşlarını, adətən, bu cür yollarla ələ alırlar. Məsələn, CIA maliyyə büdcəsi olduqca böyük olan xüsusi xidmət orqanı olduğu üçün MİT-in hər hansı əməkdaşının övladını öz hesabına ABŞ-da təhsil aldırır və beləliklə də, o tələbə CIA-nın agentinə çevrilir. Əksər hallarda isə bu cür şəxslər CIA kimi güclü bir kəşfiyyat orqanına simpatiyası olduğuna görə bu quruma könüllü çalışmağa razılıq verir. Keçmişdə buna oxşar bir hadisə baş verib. Belə ki, Sabahattin Savaşman adlı MİT agenti ABŞ-a çalışırdı. Daha sonra mənim rəhbəri olduğum qrup onu ifşa etmişdi”.

Məşhur türk kəşfiyyatçısı CIA-ya işləməsi barədə mediada yayılan iddialara da cavab verib:

“Əgər mən CIA-ya çalışsaydım, indi MİT-in başında mən olardım. Bundan əlavə, biz CIA-ya çalışsaydıq, o zaman “Green Card” almaq üçün 9 il gözləməzdik”.

MİT-in “qara qutusu” adlandırılan M.Eymür bəyan edib ki, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl də peşəkar kəşfiyyatçıdır:

“Türkiyədə ən böyük kəşfiyyatçı Süleyman Dəmirəldir. Ona MİT-in daxilindən və kənardan məlumatlar ötürən şəxslər var. Dəmirəlin xüsusi şəxsi kəşfiyyat əlaqələri var. Ona bu mənbələrdən vacib və etibarlı məlumatlar ötürülür”.

Qeyd edək ki, Türkiyə gündəminə oxşar hadisələri canlandırılan “Kurtlar Vadisi Pusu” teleserialındakı Mete Aymar obrazı Məmməd Eymürün gerçək prototipi hesab olunur.


Publika.az

28 Temmuz 2014 Pazartesi

Saakaşvili: “Hamımız böyük hadisələr ərəfəsindəyik...”


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə maraqlı statusla çıxış edib. Onun fikrincə, “bizim hamımız böyük hadisələr ərəfəsindəyik”. Musavat.com-un məlumatına görə, bu barədə o, özünün facebook səhifəsində yazıb: 

“Hamımız böyük hadisələr ərəfəsindəyik. Əgər Maydan Rusiya imperiyasının siyasi sonunun başlanğıcı oldusa, Ukrayna silahlı qüvvələrinin Donetskdə labüd qələbəsi Putinin, onun Avropa və postsovet məkanındakı bütün havadarları ilə birgə sisteminin həlledici hərbi məğlubiyyəti olacaq. Bu, 100 illik təhqirə, Qolodorm aclıq qurbanlarına, son günlər və aylarda həlak olan cəsur döyüşçülərə görə cavabdır. Ukraynalılara çətindir, onlar itki verirlər. Amma onlara və bizim hamımıza indi yalnız qələbə lazımdır. Nəyin bahasına olur-olsun qələbə! Yalan və şər imperiyası üzərində qələbə. Bu qələbə ilə Ukrayna qəhrəmanları Avropa sivilizasiyasını 21-ci əsrin əsas vəhşisindən qurtarmış xilaskarlar kimi öz adlarını tarixə əbədi həkk edəcəklər. Qoy Allah Ukraynaya və bizim hamımıza kömək olsun! Ukraynaya, qəhrəmanlara eşq olsun!”

Musavat.com

19 Temmuz 2014 Cumartesi

“Tərəfdarları olmadan Kremldəki cani çətin ki, hər gün qanlı ova çıxsın”


rcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynada sərnişin təyyarəsinin vurulmasından sonra “Facebook” səhifəsində mövqeyini açıqlayıb. 

AzNews.az-ın məlumatına görə, M. Saakaşvili bildirib ki, ötən gün Ukrayna səmasında sərnişin təyyarəsi vurulub. Ancaq bu faciə heç də göydən düşmə olmayıb. Bu əvvəlcədən planlaşdırılan hadisədir: “Avropanın gözü önündə Rusiyanın zirehli texnikası və hava hücumundan müdafiə qurğuları müstəqil Ukraynanın sərhədini keçir. O Ukrayna ki, Avropada ərazisinə görə ən böyük dövlətdir. Avropa isə utanmadan başqa səmtə baxmağa üstünlük verir. Bir neçə ay əvvəl Brüsseldə keçirilən forumda tənqidi çıxışım zamanı böyük Avropa dövlətlərindən birinin xarici işlər naziri mənə sərt şəkildə etiraz etdi. O mənə dedi ki, siz bizə nə məsləhət görürsünüz, Rusiyanı bombalamalıyıq?, mən isə “Xeyir, onlar sizi bombalayana qədər gözləyin” cavabını vermişdim. Təbii ki, zalda çoxları bunu qeyri-diplomatik çıxış kimi qiymətləndirmişdi. Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə terrorçulara verilən hava hücumundan müdafiə sistemindən buraxılan raket içərisində yüzlərlə avropalının olduğu təyyarənı dağıtdı. Putin isə dərhal Ukraynanı günahlandırdı. Putinin sözündən belə çıxdı ki, Ukrayna müqavimət göstərməsəydi təyyarə vurulmazdı. Bu abırsızcasına deyilən fikirdir. Lakin Putin bilir, kimin üçün danışır. Gürcüstanın Qori şəhəri Rusiya tərəfindən bombalananda hollandiyalı jurnalist həlak olmuşdu. Onun həmkarı isə Rusiyanı pisləyərkən, jurnalistin ölümündə Gürcüstanın da günahkar olduğunu bildirmişdi. Çünki Gürcüstan öz müqaviməti ilə Rusiyanın bombalamasına səbəb olmuşdu. Təbii ki, bütün bu qanunsuzluqların səbəbkarı Kremldə oturub. Lakin Berlin, Brüssel, Roma, Paris və başqa yerlərdəki tərəfdarları olmadan çətin ki, Kremldəki cani hər gün qanlı ova çıxa bilər”.

musavat.com