Translate

21 Ekim 2013 Pazartesi

AZƏRBAYCAN ÜÇÜN YENİ QARABAĞ PƏNCƏRƏSİ AÇILIR


Avropa İttifaqı Ermənistanla bağlı mövqeyini “net”ləşdirdi; İrəvanla assosiativ üzvlük sazişi imzalanmayacaq; Ştefan Fülenin sözçüsü: “Avropa Birliyi Gömrük İttifaqının tərkibində olan bir ölkə ilə tərəfdaşlığı təsəvvürə də gətirmir...”

Qərbi seçməklə Bakı təşəbbüsü ələ ala bilər. Ermənistanda bəzi rəsmilər, siyasilər və ekspertlər hələ də ölkənin eyni zamanda iki müxtəlif və rəqib ittifaqda təmsil olunmasının mümkünlüyünə özlərini inandırmaqla məşğuldular. Belə görünür, tarixi saxtalaşdırdıqları kimi, deyəsən, bu məsələdə də öz yalanlarına inanmağa başlayıblar.

Bu, bir yandan öz günahı üzündən Türkiyə və Azərbaycan arasında sıxılan cırtdan Ermənistanın özünə beynəlxalq miqyasda daha güclü müttəfiq güc tapıb onun kölgəsinə sığınmaq arzusundan irəli gəlirsə, digər yandan, heç şübhəsiz, Azərbaycana qarşı işğalçılıq siyasətinə daha geniş miqyasda legitimlik qazandırmaq, torpaqlarımızdan çıxmamaq istəyindən doğur.   
Söhbət bir yanda Rusiyanın patronajlığı altında yaradılan və SSRİ-nin yeni və “müasir” forması olacaq Avrasiya İttifaqı yolunda aralıq mərhələ kimi düşünülən Gömrük İttifaqından, başqa yanda isə Avropa Birliyindən (AB) gedir. Lakin srağagün Avropa İttifaqının məsul şəxsi erməni siyasətçilərin ümidlərini alt-üst edəcək bəyanat verib. “Azadlıq” radiosuna açıqlamasında Avropa Birliyinin genişlənmə və Avropa qonşuluğu siyasəti məsələləri üzrə komissarı Ştefan Fülenin mətbuat katibi Piter Stano deyib ki, “Ermənistanla 3.5 il ərzində müzakirəsi aparılan assosiativ üzvlük haqqında saziş Avropa İttifaqının Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində imzalanmayacaq”.
Bununla da o, yüksək çinli erməni rəsmilərin vaxtaşırı şəkildə AB ilə hansısa formada sənədin imzalana biləcəyi ilə bağlı dilə gətirdikləri təxminləri sıfırlayıb. AB sözçüsü deyib: “Mən yalnız münasibətlərimizə aid olan faktları şərh edə bilərəm. Əvvəlcə bizdə ümumi bir istək vardı - dərin və geniş miqyaslı azad ticarət zonası haqda saziş də daxil, Assosiasiya haqda sazişə nail olmaq. Biz onları Vilnüsdə imzalamağa çalışırdıq. Biz məhz bunun - siyasi və ticari hissədən ibarət vahid sənədin, vahid paketin ətrafında müzakirə aparırdıq. Bu vahid paketi Ermənistanın Gömrük İttifaqına qoşulmaq istəyinə görə imzalamaq qeyri-mümkündür. Çünki assosiasiya haqda saziş Gömrük İttifaqı qarşısında götürülən öhdəliklərlə bir araya sığmır. Odur ki, biz əvvəl nəzərdə tutulduğu kimi yola davam edə, sazişi imzalaya bilmərik”.
“Bəs Ermənistanla hansısa sadələşdirilmiş və ya adaptasiya olunmuş sənədin paraflanması və ya imzalanması mümkündürmü” sualına Piter Stano belə cavab verib: “Hazırda Ermənistanla yeni əməkdaşlıq üçün əsaslar axtarılması formatında dialoq davam etdirilir. Avropa Birliyi Gömrük İttifaqının tərkibində olan bir ölkə ilə münasibətləri necə davam etdirməyi təsəvvürə gətirməyə çalışır. Top indi Ermənistanın meydanındadır. Qeyd elədiyim kimi, gəlin addımları ardıcıllıq prinsipi ilə ataq. Bu mərhələdə biz münasibətləri hansı yeni əsasa keçirə bilərik. Biz münasibətlərimiz və tərəfdaşlığımız üçün yeni əsas yaratmaqdan ötrü daim təmasda və dialoqdayıq. Və deyə bilərəm ki, hazırda biz erməni tərəfdaşlarımızdan yeniliklər gözləyirik. Baxaq görək onlar yeni şəraitdə yeni tərəfdaşlıq formatını necə təsəvvür edirlər. Öz növbəmizdə buna reaksiya verməyə hazırıq. Əgər biz indiyədək əldə olunmuşlar əsasında birgə səylərlə müəyyən yeni münasibətlər qursaq, o zaman gələcəkdə nələr ola biləcəyini təxmin edə bilərik. Bu mərhələdə isə gəlin diqqəti yalnız yeni əsasların yaradılmasına yönəldək. Belədə Avropa Birliyi tərəfdaş ölkənin ehtiyacları və səylərini nəzərə alıb nə vaxtsa ona səs verər, yəqin ki”.
Ştefan Fülenin sözçüsünün söylədiklərini diplomatik dildən tərcüməsi budur ki, Ermənistan Vilnüs sammitində qapı arxasında saxlanacaq və Avropaya inteqrasiya proqramından qeyri-müəyyən müddətə çıxdaş ediləcək. Demək, məntiqlə Azərbaycan iqtidarı üçün daha yaxşı şans açılır ki, dəvət aldığı sammitə  “Şərq tərəfdaşlığı”nın üzvü olaraq daha inamla qatılsın və bənzərsiz siyasi dividendlər əldə eləsin.
Bu dividendlər ən azından Qarabağ məsələsində rəsmi Bakıya əlavə güclü arqumentlər, hətta “kart-blanş” qazandırardı. Unutmayaq ki, Minsk Qrupunun 3 həmsədrindən ikisi - ABŞ və Fransa Avropa (ümumbəşəri) dəyərlərinin daşıyıcılarıdır. Eyni zamanda ən güclü güc mərkəzini təmsil edirlər. Qarabağ ixtilafının ədalətli həll perspektivi də demokratik dünya ilə bağlıdır, nəinki şimal qonşumuzla. 
Rusiyaya gəlincə, bu ölkənin Azərbaycana, Azərbaycan xalqına, Qarabağ məsələsinə münasibəti artıq bəllidir və daha betər olmayacaq. Orxan Zeynalov olayından buna bir daha əminlik hasil elədik. Moskvanın Azərbaycana münasibəti Gömrük İttifaqına girsək belə, heç vaxt köklü şəkildə yaxşıya dəyişməyəcək, Dağlıq Qarabağı Kreml ermənidən alıb bizə verməyəcək. Lakin əfsuslar olsun ki, məhz bu günlərdə Bakıdan milli maraqlarımızla əsla uzlaşmayan “Avropa İttifaqına yox!” çağırışları səslənməyə başlayıb.

Moderator.az   

MİRŞAHİNDƏN İLHAM ƏLİYEVƏ MƏKTUB YAZAN JURNALİSTLƏRƏ CAVAB


"Qoy bir sirr açım sizə, bizi nağıllarda aldadıblar"

Avropa Birliyinin Vilnüs Sammiti mövzusuna qayıdıram. Əmin deyiləm, amma baş verən hadisələr, deyəsən Azərbaycanda bəzilərini yumşaq desək qorxudub. Mən prezident İlham Əliyevə açıq məktub yazmış dörd ziyalımızı nəzərdə tuturam. Müəlliflər prezidenti açıq desək Avropa Birliyinin şərq tərəfdaşlığının, Vilnüs Sammitinin xeyrinə seçim etməməyə dəvət ediblər. Müstəqilliyinin növbəti ildönümünü iki gün əvvəl qeyd etmiş Azərbaycanda belə bir mövqenin ortaya çıxması məndən ötrü təəccüblüdür. Əziz dostlar, axı müstəqillik də elə budur. Müstəqil seçim hüququ. Yəni, istədiyin yerə getmək, istəmədiyin yerə getməmək sənin haqqındır. Sadə dillə desək, Avropa Birliyi istəyir ki, Azərbaycanla ona daxil olan ölkələr arasında viza rejimi sadələşdirilsin və ya ləğv edilsin. Ola bilsin ki, bu gün kimlərsə məsələn, Fransa və başqa bir Avropa ölkəsinin qarşısında viza intizarında əziyyət çəkən vətəndaşlarımızı görmür. Amma bunun nəyi pisdir ki, adamlar Avropa ölkələrinə vizasız gedib gələcək. Mən bayaq nahaq xatırlatmadım: Rusiya prezidenti Putin də məhz elə bu günlərdə keçmiş sovet respublikaları ilə viza rejimini tam aradan qaldırmağa çağırdı. Yəni anlaşılmır ki. Rusiya və Avropa arasında gedən bu dava prinsipial səciyyə daşıyır. İndi seçim azadlığı bizdədir: it hürən, yoxsa işıq gələn tərəfə vizasız gedək? Mən işıq gələn tərəfə gedərdim. Qoy bir sirr açım sizə, bizi nağıllarda aldadıblar. İşiq gələn tərəfdə div olmur. 

Elə prezident İlham Əliyev də Azərbaycanın müstəqilliynə and içərək növbəti müddət üçün fəaliyyətə başladı: “Azərbaycan xalqı öz taleyinin sahibidir. Heç vaxt tarixdə Azərbaycan bu qədər güclü olmamışdı. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdı. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

" AZƏRBAYCAN QƏRBƏ İNTEQRASİYA ETMƏLİDİR "


«Azərbaycan Qərbə inteqrasiya etməlidir, yoxsa Rusiya təhlükəsi qaçılmaz olacaq»

Noyabrın əvvəlində AI-nin Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin sammitinə Azərbaycanın da dəvət olunması haqqında məlumat vermişdik. Ancaq hakim komandada yaranmış mənzərə onu göstərir ki, hakimiyyət bu dəvətdən imtina etmək fikrinə düşüb. Bəzi nəşrlərin rəhbərləri də hakimiyyəti imtinaya səsləyib.

Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da rəsmi Bakının Avropa Ittifaqı ilə inteqrasiyadan imtina etdiyinə işarə vurub. Məmmədov deyib:

“Avropa Ittifaqı ilə əməkdaşlığımızın mühüm mərhələlərindən biri - Vilnüs sammiti keçirilməlidir. Indi biz düşünürük, ora nə üçün getməliyik? Bu günə qədər Avropa Azərbaycan üçün nə edib? Bu günə qədər Qərb Azərbaycan üçün nə edib?”.

Maraqlı burasıdır ki, AI-dən imtinaya səsləyənlər, Rusiyaya sığınmağı məsləhət görürlər.

Azərbaycanın AI-dən imtinası, Rusiyanın çətiri altına girməsi ölkəmizi üçün yaxşı gələcək vəd etmir və bir çox ekspertlər də bu qənaətdədir.

Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycan yalnız Qərbə sığınmalıdır və Rusiyanın təhdidlərinə boyun əyməməlidir. “Mən hesab edirəm ki, Azərbaycan bu sammitdə iştirak edəcək və bu iştirak Azərbaycan üçün vacibdir. Nəzərə alsaq ki, Azərbaycan üçün daim təhlükə olan, ərazilərimizi işğal edən Rusiyadır, belə olan halda Avropadan imtina etmək Rusiya ilə təkbətək qalmaq anlamına gəlir ki, bu da təhlükəlidir”.

Ekspert hesab edir ki, Qərblə əməkdaşlıqda Rusiya faktorundan çəkinmək lazım deyil: “Atəşkəs imzalanandan sonra Azərbaycan torpaqlarının işğalı dayandı, 3-4 ay sonra  neft kontraktları imzalandı. Bundan sonra Azərbaycana Qərbin maraqları artdı. Bu günə qədər bizim salamat qalmağımızın səbəbi də ondan ibarətdir ki, Qərbin burda maraqları var və bu bizə zərbələrin endirilməsinin qarşısını aldı. Yoxsa bizim dövlət kimi varlığımız da şübhə altına düşə bilərdi. Bir dəfə Kazimirov məni hədələdi ki, siz Qərbə meyl edirsiniz, amma unudursunuz ki, ermənilər işğalı davam etdirə bilər. O zaman mən geri qayıtdım və Heydər Əliyevə məruzə etdim. Sonra Qərb ölkələrinin səfirlərini dəvət etdik və təhlükənin qarşısını aldıq. Sonra 1993-cü ildə bizə xəbər gəldi ki, erməni tankları Bakıya tərəf hərəkətə başlayacaq. Biz bu təhlükəni də aşdıq. Yəni bu təhlükə həmişə olub. Qərbin bizə dəstəyi olmasa, bu baryerləri aşa bilməzdik. Azərbaycanın Rusiyanın tərkibinə keçməsinin heç bir xeyri yoxdur. Rusiya 1920-ci ildə Azərbaycanı işğal edib, işğaldan sonra məcbur etdi ki, Zəngəzuru Ermənistana versin, sonra Dağlıq Qarabağı işğal edib ermənilərə verdi və bu günə qədər də torpaqlarımız işğal altındadır. Belə dövlətə necə sığınmaq olar?”.

Vəfa Quluzadə onu da əlavə etdi ki, sığınacaq axtarırıqsa, Qərbə sığınmalıyıq və bizim müstəqilliyimizə Qərb zəmanət verir: “Rusiyaya sığınmaq mümkün deyil. Ermənistan Rusiyadan canını qurtara bilmir. Gömrük Ittifaqı o deməkdir ki, Azərbaycanın bütün sərvətləri Rusiyanın büdcəsinə axacaq. Niyə xristian Ukrayna bu ittifaqa qoşulmur? Qardaş ölkədilər, Yanukoviç də rus meylli şəxsiyyətdir. Çünki Yanukoviç bilir ki, ölkənin müqəddəratı Avropa Ittifaqına inteqrasiyadadır”.

Ilham Hüseyn

AZƏRBAYCAN ÇƏTİN SEÇİM QARŞISINDA


Vəfa Quluzadə: “Rusiya ilə dost olmağa qarşı deyilik, lakin onlar bizimlə dost olmaq istəyirlərmi?”

Toğrul İsmayıl: “Əks təqdirdə, Azərbaycan Rusiya tərəfindən təklənəcək”

Xəbər verdiyimiz kimi, oktyabrın 18-də bir qrup jurnalistlər və incəsənət xadimi Avropa Birliyinin qarşıdan gələn “Şərq tərəfdaşlığı” sammiti ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə qeyd olunur ki, Azərbaycanın bu sammitə dəvət olunması “obyektiv narahatlıq” doğurub: “Bu tərəfdaşlıq düşünməyə məcbur edir - əgər biz Brüssellə bu cür ciddi yaxınlaşmaya gediriksə, nəyin müqabilində?

Bu gün sosial-iqtisadi problemlərin bütün ağırlığını öz üzərində hiss edən birləşmiş Avropa bizim respublikamıza bundan sonrakı siyasi-iqtisadi inkişafın effektiv yollarını təklif edə bilərmi? Tərəfdaşlıq əgər sağlam və bərabər səviyyəlidirsə, o, bütün tərəflərdən ciddi yanaşma və bir-birinin mövqeyinə hörmət tələb edir. Lakin son vaxtlar Avropa Birliyi-Azərbaycan dialoqundakı tərbiyəçi və öyüdverici ton bizdə narahatlıq doğuran meylə çevrilməkdədir”.

Məktubda deyilir ki, “Şərq tərəfdaşlığı” proqramının məqsədi AB-nin keçmiş SSRİ-nin 6 respublikası ilə müəyyən prioritetlər çərçivəsində inteqrasiyasına yönəlmiş əməkdaşlıqdır, lakin Avropa yalnız onun özünü maraqlandıran aspektlərə üstünlük verməklə “seçici” yanaşma nümayiş etdirir. Müraciət müəlliflərinin fikrincə, AB Dağlıq Qarabağ məsələsində ikili standart və qeyri-obyektiv münasibət nümayiş etdirir və Bakını erməni təcavüzünün nəticələri ilə barışmağa məcbur etmək istəyir. Müraciəti “1news.az” informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev, “New Baku Post” qəzetinin redaktoru Tofiq Abbasov, əməkdar incəsənət xadimi Akif Məlikov və müstəqil jurnalist Həmid Həmidov imzalayıb.

Məlum olduğu kimi, rəsmi Moskva da Azərbaycanı Gömrük Birliyi və Avrasiya İttifaqı layihəsində görmək istəyir. Məlumatlara görə, Azərbaycan hökuməti bu ilin sonu, gələn ilin əvvəllərindən etibarən Gömrük Birliyinə qoşulmaqla bağlı müzakirələrə qatılacaq. Bu baxımdan qarşıda Azərbaycanı ciddi seçim gözlədiyini demək olar.

Politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə haqqin.az saytına bildirib ki, ölkənin qərb yönümlü kursunun əsası eks-prezident Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, politoloqa görə, Rusiya ilə yaxınlaşma Azərbaycan üçün əlverişli ola bilməz. “Rusiyanın bizə qarşı münasibətinə baxaq. Bəli, biz Rusiya ilə dost olmağa qarşı deyilik, lakin onlar bizimlə dost olmaq istəyirlərmi?”

Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl isə deyir ki, nəyə və necə etiraz etmək istəməyindən asılı olmayaraq Azərbaycan Avrointeqrasiya strategiyasını davam etdirir: “Ölkədəki ən böyük gəlir mənbəyi olan enerji layihələri də bu məkan üzərindən inkişaf etdirilməkdə davam edir. Ona görə də Azərbaycan şimal qonşusu ilə yaxşı münasibətlər qurmağa çalışsa da, əsas istiqamət Avropa məkanıdır və bundan vaz keçmək indiki hakimiyyəti ciddi problemlərlə qarşı-qarşıya qoya bilər”.

T.İsmayıl yazarların müraciətinin seçkilərə görə Qərbə təzyiq kimi istifadə olunmasını adekvat olmayan addım sayır: “Seçkilərin nəticəsinə görə Avropadan inciməyə dəyməz. Sadəcə, mexanizmləri daha demokratikləşdirmək lazımdır. Bu cür sovetdən qalmış texnologiyalarla seçki keçirməklə tənqid hədəfinə çevrilməsi qaçılmazdır. Zamanın şərtlərinə uyğun texnologiyalardan yararlanmaq lazımdır. Kobud seçki texnologiyasının zamanı artıq bitib. Ona görə də Avropaya və ya ABŞ-a etiraz etməkdənsə daha yeni texnologiyalardan və demokratik metodlardan yararlanmaq lazımdır”.

İlham Əliyevin gələn ay keçiriləcək Vilnüs sammitinə qatılıb-qatılmayacağına gəlincə, T.İsmayılın fikrincə, ölkə başçısı toplantıya qatılacaq: “Məncə, qatılması lazımdır və hətta vacibdir. Əks təqdirdə Azərbaycan Rusiya tərəfindən təklənəcək. Hazırda Rusiyada davam edən anti-Azərbaycan hay-küyü də Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşmasına mane olmaq məqsədini güdür. Rusiya Azərbaycanı orada yaşayan azərbaycanlıları geri göndərməklə təhdid edir. Bu da bir təzyiq mexanizmidir.

Lakin bu təzyiqlər qarşısında geri addım atmaq olmaz. Rusiya ilə Azərbaycan ikitərəfli münasibətləri inkişaf etdirməlidir. Amma hər hansı bir birlik olmaqla deyil, ikili münasibətlər şəklində. Azərbaycanın Vilnüsdə sammitdə iştirak etməməsi isə ölkəmizi ciddi çətinliklərlə qarşı-qarşıya qoya bilər".

KƏNAN

20 Ekim 2013 Pazar

RUSİYANI VƏ RUSLARI İTİRMƏMƏK...


Həm də özümüzü və dövlətimizi əzdirmədən

Rusiyadan həyəcan dolu xəbərlər gəlməkdə davam edir. Bu ölkədə, xüsusilə Moskvada cərəyan edən və  qorxulu istiqamət götürən hadisələrin hər bir azərbaycanlıya dəxli var. Söhbət yalnız Rusiyada yaşayan soydaşlarımızın malik olduqları mal varlıqlarını itirə biləcəklərindən, can varlıqlarının təhlükəyə düşməsindən, onminlərlə soydaşımızın geriyə, Azərbaycana deportasiya olunma ehtimalından, ailələrin ruzularının kəsiləcəyindən, ölkənin işsiz qalmış yeni qaçqın dalğası ilə üzləşə biləcəyindən getmir. Məsələ daha da qlobaldır. Onları 3 başlıq alıtında özətləyək:

1. Baş verən hadisələr Azərbaycan dövlətinə açıq təzyiqdir və  ölkəmizi Qərb istiqamətli inkişaf tendensiyasından, demokratiya arealına inteqrasiyadan yayındırmağa; onu, müstəqilliyini məhdudlaşdıraraq, əski Sovet İttifaqı kimi bir quruluş olan Avrasiya İttifaqına (ondan da əvvəl Gömrük İttifaqına) üzv olmağa məcbur etməyə hesablanıb. Bu, bir ölkənin qəsb olunması kimi qorxulu hadisədir.

2. Rus cəmiyyətinə  istiqamətləndirilərək aparılan əks-təbliğat kampaniyası  bütövlükdə milli kimliyimizi aşağılamağa yönəlib, həm də təhdiddir; Orxan Zeynalovun timsalında bir model quraraq, “azərbaycanlı budur”, deyə bütün Rusiyaya, KİV-lər vasitəsi ilə bütün dünyaya təqdimat aparırlar. Azərbaycan dövləti (iqtidarlı-müxalifətli və cəmiyyətli), hər bir azərbaycanlı bu dəqiqə sınaq qarşısında qalıb. Çıxmaq zorundayıq, əks halda veliko-rus şovinislərinin başlatdıqları bu kampaniyada onlar haqlı olacaq; bizi millət və dövlət kimi sındıracaqlar; Qarabağ müharibəsindəki məğlubiyyətdən daha artıq məyusluq yaşayacağıq; gələcək nəsillər də neqativ təsirlənəcək.

3. Bunlar baş versə, rus milləti ilə aramızda hazırda ermənilərlə  olan münasibət kimi bir münasibətlər sistemi formalacaq; düşmənçilik hissi dominant olacaq; bu, bizə, gələcəyimizə, milli kanonlarımıza ciddi zərər verəcək...

***

Nə qədər gec deyil, Moskvadakı, digər rus şəhərlərindəki toplumumuzu gücləndirməliyik. Orada olanların əksəriyyəti millətimizin ən qoçaq, ən inadcıl, bacarıqlı övladlarıdır. Əks halda, qürbətdə, ən ağır şərtlər altında işlərini, həyatlarını və ruzularını qura-qazana bilməzdilər. Onlar həm də Azərbaycan dövlətinin ən böyük dəstəkçiləridirlər - Rusiyda qazanıb, ölkələrinə, ailələrinə pul göndərirlər. Dövlətin işini yüngülləşdirirlər.

Rusiyadakı əmək miqrantlarının xeyli hissəsi milli-azadlıq hərəkatından və  müharibələrdən keçiblər. Ekstremal şəraitdə yaşamaq və  təşkilatanmaq məsələsində az qala mütəxəssisdirlər. Çox sayda siyasi təşkilat üzvləri var; müharibənin qəhrəmanları olan könüllülər, batalyon, hətta polk komandirləri Rusiyada az deyil; yəni dünyanın gəlişini-gərdişini bilən hazır qüvvədir onlar. Bu potensialdan dövlət olaraq istifadə etmək lazımdır. Qoy Azərbaycan iqtidarı bir komissiya qursun və oraya ölkədəki bütün siyasi təşkilatların funksionerlərini də üzv etsin. Hər partiya Rusiyadakı keçmiş, ya da fasilə götürmüş üzvünü tapsın, əlaqə yaratsın, onların ətrafında diasporu yaranmış ekstremal şərait üçün yenidən təşkilatlandırsın.

***

Deyə bilərlər ki, Azərbaycan iqtidarına, dövlətinə bağlı olan komitə, səfirlik, diaspor qurumu, son zamanlar ortaya çıxan “Milyarderlər İttifaqı”nın RATİ-si var... Yoxdur, qardaşlar. Yox kimidir onlar. Komitəmiz pul silməklə, korrupsiya ilə məşğuldur. Onun iş əmsalı yoxdur-  olması da gözlənilmir. Səfirlik adına ancaq bir səfirimiz var - bu dəfə yaxşı müsahibə verdi; babat danışır; lakin onun gördüyü iş bu olmamalı; onun qurduğu sistem işləmir; həm də bu məsələ bir səfirlik, başqa şəhərlərdəki konsulluq həcmində də deyil. Bu, bir millət-dövlət savaşıdır; uduzsaq, nələri itirəcəyimizə dair yuxarıda rəqəmlədiyim özətlərdə qeydlər etmişəm...

***

“Umumrusiya Azərbaycanlıları Konqresinin qaynar xətti olaraq, bir telefon elan edilib, nə zaman zəng vururuq, bizə kompüter cavab verir. Millət burda sahibsiz qalıb, mənim dediklərimi yazın, dövlətə çatdırın... ” Bu sözləri mənə Moskva ətrafında yaşayan və işləyən bir Azərbaycan ziyalısı deyir. 19 oktyabrda Solneçnoqorsk şəhərindən zəng vurmuşdu. Ətrafında da bir qrup azərbaycanlı vardı. Həyəcanlı olduğu qədər də ağıllı danışırdı; əslində yerli şəraiti yaxşı bilən səhra komandiri kimi vəziyyətdən çıxmaq üçün Mərkəzdən dəstək təlimatının mətnini elan edirdi... Onunla danışıqdan aşağıdakı qeydləri götürdüm: “ Mən Mənsur Əsgəroğluyam, həkiməm, məcburiyyət üzündən 4 ildir ki, Rusiyaya köçmüşəm. Burada, Moskva vilayətinə daxil olan Solneçnoqorsk şəhərində işləyirəm. Şəhərdə  iki min azərbaycanlı yaşayır. Özüm  Sumqayıt müsavatçısı olmuşam; diğər azərbaycanlılar arasında da siyasi mənsubiyyəti olanlar çoxdur. Amma indi sizə, ölkənin böyük qəzetlərindən birinin redaktoruna bir müsavatçı kimi yox, millətimin Rusiyadakı ziyalısı kimi müraciət edirəm. Yanımda digər qardaşlarımız da var- ziyalısı da, iş adamı da, sadə, gündəlik ruzu qazanan soydaşlarımız da. Bizim sözlərimizi iqtidara, müxalifətə, cəmiyyətə, hər kəsə çatdırın, xahiş edirəm. Birincisi, bilsinlər ki, Ümumrusiya Azərbaycanlıları Konqresi adından guya qaynar xətt kimi elan olunan telefon işləmir. Biz buradan onlarla əlaqə saxlaya bilmirik. İkincisi, Moskvada və digər şəhərlərdə baş verənlər Azərbaycan dövlətinə qarşı təxribatdır. Biz bunun fərqindəyik və ona görə də dövlətə müraciət edirik ki, bunun qarşısını almaq, millətimizin əzilməsinə imkan verməmək üçün bizə sahib çıxsın, bizimlə əlaqə yaratsın. Elə bir nöqtədir ki, biz gərək Azərbaycan daxilində gedən siyasi düşərgələşməni unudaraq, burada Azərbycan iqtidarı ilə birlikdə mövqe, siyasət ortaya qoyaq. Orxan Zeynalovla bağlı baş verən hadisədən istifadə edib, əksər Rusiya televiziyaları millətimizi qatil, qəddar, qaniçən kimi təqdim edir. Rus qəzetləri millət kimi ünvanımıza “çurki” deyə yazırlar. Olduqca pis və total bir kampaniya gedir bizə qarşı. İş yerində, qonşuda tanıdığımız, bizi tanıyan ruslar da artıq dəyişməyə başlayıblar. Bəzi yaşlı rus qadınları qonşuları olan azərbaycanlılara yaxınlaşıb soruşurlar ki, doğrudanmı azərbaycanlılar rusları öldürməyə başlayacaqlar? Bu cür münasibət, bu cür siyasət yaxşı heç nə vəd etmir. Biz sübut etməliyik ki, azərbaycanlılar elə deyil. Biz rusların bir daha yadına salmalıyıq ki, ümumi dövlətdə olanda Rusiya torpaqları uğrunda 400 mindən artıq azərbaycanlı həlak olub. Bakı nefti olmasa idi, bütün ruslar faşist Almaniyasının işğalı altında qalacaqdı. Bizim Rusiya elminə, mədəniyyətinə, iqtisadiyyatına, kosmos sahəsinə millət olaraq verdiyimiz töhfələr bazarlarda verdiyimiz faydalardan heç də az deyil... Bütün buları etməmiz üçün də buradakı toplumu koordinasiya etmək, yönəltmək, təşkilatlandırmaq lazımdır. Biz burada təhlükəni daha yaxından görür və yaşayırıq. Bu səbəbdən də həyəcan siqnalı veririk - dövlət, iqtidar hərəkətə keçməsə, azərbaycanlıların Rusiyada yaşaması mümkün olmayacaq. Rus KİV-ləri millətimizə qarşı davamlı təxribatla, kin-nifrət yartmaqla məğşğuldur. Bu, ciddi bir mərkəzdən idarə olunan xəbis plandır. Həm də istəyirlər ki, digər miqrant topluluqları, regional-etnik qrupları üstümüzə qaldırsınlar. Təkcə bir nümunəni deyim -  hazırda internetdə də var; Rusiya televiziyaları onu geniş yayırlar. Rus skinhedləri bir dağıstanlı narkotiksatanı kameralar qarşısında döyürlər. Bu zaman özünü azərbaycanlı kimi təqdim edən birisi də dağıstanlıları, müsəlman kimliyini təhqir edən ifadələrlə həmin şəxsi daha amansızlıqla vurmağa, təpikləməyə başlayır. Hansı ki, artıq bütün azərbaycanlılara bəllidir ki, həmin şəxs ermənidir; azərbaycanlıya, müsəlmanlığa heç bir dəxli yoxdur. Və bunu da qəsdən qurublar- dağıstanlılarda qıcıq yaradıb, bizim üstümüzə qaldırmaq istəyirlər... Bax, durum bu qədər vahimdir. Bizə dövlətin, iqtidarın əli lazımdır -əl-ələ verib, burada Azərbaycanın və milətimizin maraqlarını qoruyaq...”

***

Mənsur Əsgəroğlu daha çox şeylər dedi - hamısını bir yazıda vermək olmur; mən indi çalışacam ki, onunla müsahibə də təşkil edək. Lakin onun bu mesajları, həyəcan siqnalı da yetərlidir. Rusiyadakı milli potensialımız bir ordu da qurmağa bəs edər; bizə isə daha sadəsi lazımdır - ağıllı müdafiəni qurmaq, təşkilatlanmaq, Rusiyanı və rusları itirməmək; eyni zamanda da Azərbaycanın müstəqilliyini və millətimizin çıxarlarını da əzdirməmək.

Yetər ki, iqtidar da bunu istəsin. Müxalifət güclərinin bu istiqamət üzrə öz dəstəklərini əsirgəməyəcəyindən əminəm.

Allah utandırmasın.


Yazar : Rauf ARİFOĞLU

17 Ekim 2013 Perşembe

Google Azərbaycan Milli müstəqillik gününü qeyd edir


Google şirkəti 18 oktyabr - Azərbaycan Milli müstəqillik günü xüsusi doodle, logo hazırlamaqla qeyd edir. Doodle-da Azərbaycan gerbi, bayrağın rəngləri yer alıb. Hazırlanan doodle-u ancaq Azərbaycan İP- lərindən görmək mümkündür. 

“New York Times” Güney Azərbaycanın istiqlalından yazdı


Nüfuzlu “The New York Times” qəzeti Güney Azərbaycanın istiqlalı ehtimalı barədə məlumat dərc edib. 

Qəzetdə dərc edilən təhlildə ümumiyyətlə dünyada müstəqillik potensialına malik olan bölgələrin adları verilib. GunAz.TV-nin xəbərinə gör, məqalə Frank Cakob və Parg Kanna adlı iki tədqiqatçının araşdırmalarının nəticələridir. Tədqiqatın vahid Azərbaycanla bağlı hissəsində yazılıb ki, İranın şimal-qərbinin əhalisinin böyük hissəsi türk dilində danışan azərbaycanlılardır. Onlar İrandan ayrılıb müstəqil dövlət qurmaq potensialına malikdirlər. Həmin nəşrdə verilən xəritədə müstəqil ola bilən ərazinin əhalisinin sayı 24 milyon göstərilir. Diqqətçəkən odur ki, qəzetdə əksini tapan xəritədə Azərbaycanın əzəli ərazisi hesab edilən və hazırda kürdlərin köçərək kürdləşdirməyə çalışdığı Qərbi Azərbaycan bölgəsi də tam haqlı olaraq Güney Azərbaycan ərazisi olaraq göstərilib.

Bu arada Güney Azərbaycana beynəlxalq diqqətin artmasını isbatlayan daha bir fakt ortaya çıxıb. Belə ki, İtaliyanın milli tədqiqatlar qrupunun rəisi Qərbi Azərbaycan Vilayətinin eradan əvvəl birinci minilliyin əsas arxeoloji tədqiqatlar mərkəzi olduğunu bildirib. Don Roberto Qərbi Azərbaycanın mədəni miras, əl işləri və turist təşkilatının baş müdiri ilə görüşdə bildirib ki, “Qərbi Azərbaycan eradan əvvəl birinci minilliyin urartu və manna dövrünün arxeoloji tədqiqatlar mərkəzidir. İtaliyanın arxeoloji tədqiqatlar qrupu Qərbi Azərbaycana səfər edib və eradan əvvəl birinci minilliyi, Urartu və mannalar dövrünü araşdırmağa başlayıb. Bu barədə "araz news" yerli mətbuata istinadən məlumat yayıb.

Həmin qrupun rəisi bildirib ki, “Qərbi Azərbaycan arxeoloji Tədqiqatlar üçün böyük bir xəzinədir və biz burda Urartu və mannalar dövrü barəsində tədqiqatlar aparmağa hazırıq”.

Cavid TİRAN