Translate

20 Ekim 2013 Pazar

RUSİYANI VƏ RUSLARI İTİRMƏMƏK...


Həm də özümüzü və dövlətimizi əzdirmədən

Rusiyadan həyəcan dolu xəbərlər gəlməkdə davam edir. Bu ölkədə, xüsusilə Moskvada cərəyan edən və  qorxulu istiqamət götürən hadisələrin hər bir azərbaycanlıya dəxli var. Söhbət yalnız Rusiyada yaşayan soydaşlarımızın malik olduqları mal varlıqlarını itirə biləcəklərindən, can varlıqlarının təhlükəyə düşməsindən, onminlərlə soydaşımızın geriyə, Azərbaycana deportasiya olunma ehtimalından, ailələrin ruzularının kəsiləcəyindən, ölkənin işsiz qalmış yeni qaçqın dalğası ilə üzləşə biləcəyindən getmir. Məsələ daha da qlobaldır. Onları 3 başlıq alıtında özətləyək:

1. Baş verən hadisələr Azərbaycan dövlətinə açıq təzyiqdir və  ölkəmizi Qərb istiqamətli inkişaf tendensiyasından, demokratiya arealına inteqrasiyadan yayındırmağa; onu, müstəqilliyini məhdudlaşdıraraq, əski Sovet İttifaqı kimi bir quruluş olan Avrasiya İttifaqına (ondan da əvvəl Gömrük İttifaqına) üzv olmağa məcbur etməyə hesablanıb. Bu, bir ölkənin qəsb olunması kimi qorxulu hadisədir.

2. Rus cəmiyyətinə  istiqamətləndirilərək aparılan əks-təbliğat kampaniyası  bütövlükdə milli kimliyimizi aşağılamağa yönəlib, həm də təhdiddir; Orxan Zeynalovun timsalında bir model quraraq, “azərbaycanlı budur”, deyə bütün Rusiyaya, KİV-lər vasitəsi ilə bütün dünyaya təqdimat aparırlar. Azərbaycan dövləti (iqtidarlı-müxalifətli və cəmiyyətli), hər bir azərbaycanlı bu dəqiqə sınaq qarşısında qalıb. Çıxmaq zorundayıq, əks halda veliko-rus şovinislərinin başlatdıqları bu kampaniyada onlar haqlı olacaq; bizi millət və dövlət kimi sındıracaqlar; Qarabağ müharibəsindəki məğlubiyyətdən daha artıq məyusluq yaşayacağıq; gələcək nəsillər də neqativ təsirlənəcək.

3. Bunlar baş versə, rus milləti ilə aramızda hazırda ermənilərlə  olan münasibət kimi bir münasibətlər sistemi formalacaq; düşmənçilik hissi dominant olacaq; bu, bizə, gələcəyimizə, milli kanonlarımıza ciddi zərər verəcək...

***

Nə qədər gec deyil, Moskvadakı, digər rus şəhərlərindəki toplumumuzu gücləndirməliyik. Orada olanların əksəriyyəti millətimizin ən qoçaq, ən inadcıl, bacarıqlı övladlarıdır. Əks halda, qürbətdə, ən ağır şərtlər altında işlərini, həyatlarını və ruzularını qura-qazana bilməzdilər. Onlar həm də Azərbaycan dövlətinin ən böyük dəstəkçiləridirlər - Rusiyda qazanıb, ölkələrinə, ailələrinə pul göndərirlər. Dövlətin işini yüngülləşdirirlər.

Rusiyadakı əmək miqrantlarının xeyli hissəsi milli-azadlıq hərəkatından və  müharibələrdən keçiblər. Ekstremal şəraitdə yaşamaq və  təşkilatanmaq məsələsində az qala mütəxəssisdirlər. Çox sayda siyasi təşkilat üzvləri var; müharibənin qəhrəmanları olan könüllülər, batalyon, hətta polk komandirləri Rusiyada az deyil; yəni dünyanın gəlişini-gərdişini bilən hazır qüvvədir onlar. Bu potensialdan dövlət olaraq istifadə etmək lazımdır. Qoy Azərbaycan iqtidarı bir komissiya qursun və oraya ölkədəki bütün siyasi təşkilatların funksionerlərini də üzv etsin. Hər partiya Rusiyadakı keçmiş, ya da fasilə götürmüş üzvünü tapsın, əlaqə yaratsın, onların ətrafında diasporu yaranmış ekstremal şərait üçün yenidən təşkilatlandırsın.

***

Deyə bilərlər ki, Azərbaycan iqtidarına, dövlətinə bağlı olan komitə, səfirlik, diaspor qurumu, son zamanlar ortaya çıxan “Milyarderlər İttifaqı”nın RATİ-si var... Yoxdur, qardaşlar. Yox kimidir onlar. Komitəmiz pul silməklə, korrupsiya ilə məşğuldur. Onun iş əmsalı yoxdur-  olması da gözlənilmir. Səfirlik adına ancaq bir səfirimiz var - bu dəfə yaxşı müsahibə verdi; babat danışır; lakin onun gördüyü iş bu olmamalı; onun qurduğu sistem işləmir; həm də bu məsələ bir səfirlik, başqa şəhərlərdəki konsulluq həcmində də deyil. Bu, bir millət-dövlət savaşıdır; uduzsaq, nələri itirəcəyimizə dair yuxarıda rəqəmlədiyim özətlərdə qeydlər etmişəm...

***

“Umumrusiya Azərbaycanlıları Konqresinin qaynar xətti olaraq, bir telefon elan edilib, nə zaman zəng vururuq, bizə kompüter cavab verir. Millət burda sahibsiz qalıb, mənim dediklərimi yazın, dövlətə çatdırın... ” Bu sözləri mənə Moskva ətrafında yaşayan və işləyən bir Azərbaycan ziyalısı deyir. 19 oktyabrda Solneçnoqorsk şəhərindən zəng vurmuşdu. Ətrafında da bir qrup azərbaycanlı vardı. Həyəcanlı olduğu qədər də ağıllı danışırdı; əslində yerli şəraiti yaxşı bilən səhra komandiri kimi vəziyyətdən çıxmaq üçün Mərkəzdən dəstək təlimatının mətnini elan edirdi... Onunla danışıqdan aşağıdakı qeydləri götürdüm: “ Mən Mənsur Əsgəroğluyam, həkiməm, məcburiyyət üzündən 4 ildir ki, Rusiyaya köçmüşəm. Burada, Moskva vilayətinə daxil olan Solneçnoqorsk şəhərində işləyirəm. Şəhərdə  iki min azərbaycanlı yaşayır. Özüm  Sumqayıt müsavatçısı olmuşam; diğər azərbaycanlılar arasında da siyasi mənsubiyyəti olanlar çoxdur. Amma indi sizə, ölkənin böyük qəzetlərindən birinin redaktoruna bir müsavatçı kimi yox, millətimin Rusiyadakı ziyalısı kimi müraciət edirəm. Yanımda digər qardaşlarımız da var- ziyalısı da, iş adamı da, sadə, gündəlik ruzu qazanan soydaşlarımız da. Bizim sözlərimizi iqtidara, müxalifətə, cəmiyyətə, hər kəsə çatdırın, xahiş edirəm. Birincisi, bilsinlər ki, Ümumrusiya Azərbaycanlıları Konqresi adından guya qaynar xətt kimi elan olunan telefon işləmir. Biz buradan onlarla əlaqə saxlaya bilmirik. İkincisi, Moskvada və digər şəhərlərdə baş verənlər Azərbaycan dövlətinə qarşı təxribatdır. Biz bunun fərqindəyik və ona görə də dövlətə müraciət edirik ki, bunun qarşısını almaq, millətimizin əzilməsinə imkan verməmək üçün bizə sahib çıxsın, bizimlə əlaqə yaratsın. Elə bir nöqtədir ki, biz gərək Azərbaycan daxilində gedən siyasi düşərgələşməni unudaraq, burada Azərbycan iqtidarı ilə birlikdə mövqe, siyasət ortaya qoyaq. Orxan Zeynalovla bağlı baş verən hadisədən istifadə edib, əksər Rusiya televiziyaları millətimizi qatil, qəddar, qaniçən kimi təqdim edir. Rus qəzetləri millət kimi ünvanımıza “çurki” deyə yazırlar. Olduqca pis və total bir kampaniya gedir bizə qarşı. İş yerində, qonşuda tanıdığımız, bizi tanıyan ruslar da artıq dəyişməyə başlayıblar. Bəzi yaşlı rus qadınları qonşuları olan azərbaycanlılara yaxınlaşıb soruşurlar ki, doğrudanmı azərbaycanlılar rusları öldürməyə başlayacaqlar? Bu cür münasibət, bu cür siyasət yaxşı heç nə vəd etmir. Biz sübut etməliyik ki, azərbaycanlılar elə deyil. Biz rusların bir daha yadına salmalıyıq ki, ümumi dövlətdə olanda Rusiya torpaqları uğrunda 400 mindən artıq azərbaycanlı həlak olub. Bakı nefti olmasa idi, bütün ruslar faşist Almaniyasının işğalı altında qalacaqdı. Bizim Rusiya elminə, mədəniyyətinə, iqtisadiyyatına, kosmos sahəsinə millət olaraq verdiyimiz töhfələr bazarlarda verdiyimiz faydalardan heç də az deyil... Bütün buları etməmiz üçün də buradakı toplumu koordinasiya etmək, yönəltmək, təşkilatlandırmaq lazımdır. Biz burada təhlükəni daha yaxından görür və yaşayırıq. Bu səbəbdən də həyəcan siqnalı veririk - dövlət, iqtidar hərəkətə keçməsə, azərbaycanlıların Rusiyada yaşaması mümkün olmayacaq. Rus KİV-ləri millətimizə qarşı davamlı təxribatla, kin-nifrət yartmaqla məğşğuldur. Bu, ciddi bir mərkəzdən idarə olunan xəbis plandır. Həm də istəyirlər ki, digər miqrant topluluqları, regional-etnik qrupları üstümüzə qaldırsınlar. Təkcə bir nümunəni deyim -  hazırda internetdə də var; Rusiya televiziyaları onu geniş yayırlar. Rus skinhedləri bir dağıstanlı narkotiksatanı kameralar qarşısında döyürlər. Bu zaman özünü azərbaycanlı kimi təqdim edən birisi də dağıstanlıları, müsəlman kimliyini təhqir edən ifadələrlə həmin şəxsi daha amansızlıqla vurmağa, təpikləməyə başlayır. Hansı ki, artıq bütün azərbaycanlılara bəllidir ki, həmin şəxs ermənidir; azərbaycanlıya, müsəlmanlığa heç bir dəxli yoxdur. Və bunu da qəsdən qurublar- dağıstanlılarda qıcıq yaradıb, bizim üstümüzə qaldırmaq istəyirlər... Bax, durum bu qədər vahimdir. Bizə dövlətin, iqtidarın əli lazımdır -əl-ələ verib, burada Azərbaycanın və milətimizin maraqlarını qoruyaq...”

***

Mənsur Əsgəroğlu daha çox şeylər dedi - hamısını bir yazıda vermək olmur; mən indi çalışacam ki, onunla müsahibə də təşkil edək. Lakin onun bu mesajları, həyəcan siqnalı da yetərlidir. Rusiyadakı milli potensialımız bir ordu da qurmağa bəs edər; bizə isə daha sadəsi lazımdır - ağıllı müdafiəni qurmaq, təşkilatlanmaq, Rusiyanı və rusları itirməmək; eyni zamanda da Azərbaycanın müstəqilliyini və millətimizin çıxarlarını da əzdirməmək.

Yetər ki, iqtidar da bunu istəsin. Müxalifət güclərinin bu istiqamət üzrə öz dəstəklərini əsirgəməyəcəyindən əminəm.

Allah utandırmasın.


Yazar : Rauf ARİFOĞLU

17 Ekim 2013 Perşembe

Google Azərbaycan Milli müstəqillik gününü qeyd edir


Google şirkəti 18 oktyabr - Azərbaycan Milli müstəqillik günü xüsusi doodle, logo hazırlamaqla qeyd edir. Doodle-da Azərbaycan gerbi, bayrağın rəngləri yer alıb. Hazırlanan doodle-u ancaq Azərbaycan İP- lərindən görmək mümkündür. 

“New York Times” Güney Azərbaycanın istiqlalından yazdı


Nüfuzlu “The New York Times” qəzeti Güney Azərbaycanın istiqlalı ehtimalı barədə məlumat dərc edib. 

Qəzetdə dərc edilən təhlildə ümumiyyətlə dünyada müstəqillik potensialına malik olan bölgələrin adları verilib. GunAz.TV-nin xəbərinə gör, məqalə Frank Cakob və Parg Kanna adlı iki tədqiqatçının araşdırmalarının nəticələridir. Tədqiqatın vahid Azərbaycanla bağlı hissəsində yazılıb ki, İranın şimal-qərbinin əhalisinin böyük hissəsi türk dilində danışan azərbaycanlılardır. Onlar İrandan ayrılıb müstəqil dövlət qurmaq potensialına malikdirlər. Həmin nəşrdə verilən xəritədə müstəqil ola bilən ərazinin əhalisinin sayı 24 milyon göstərilir. Diqqətçəkən odur ki, qəzetdə əksini tapan xəritədə Azərbaycanın əzəli ərazisi hesab edilən və hazırda kürdlərin köçərək kürdləşdirməyə çalışdığı Qərbi Azərbaycan bölgəsi də tam haqlı olaraq Güney Azərbaycan ərazisi olaraq göstərilib.

Bu arada Güney Azərbaycana beynəlxalq diqqətin artmasını isbatlayan daha bir fakt ortaya çıxıb. Belə ki, İtaliyanın milli tədqiqatlar qrupunun rəisi Qərbi Azərbaycan Vilayətinin eradan əvvəl birinci minilliyin əsas arxeoloji tədqiqatlar mərkəzi olduğunu bildirib. Don Roberto Qərbi Azərbaycanın mədəni miras, əl işləri və turist təşkilatının baş müdiri ilə görüşdə bildirib ki, “Qərbi Azərbaycan eradan əvvəl birinci minilliyin urartu və manna dövrünün arxeoloji tədqiqatlar mərkəzidir. İtaliyanın arxeoloji tədqiqatlar qrupu Qərbi Azərbaycana səfər edib və eradan əvvəl birinci minilliyi, Urartu və mannalar dövrünü araşdırmağa başlayıb. Bu barədə "araz news" yerli mətbuata istinadən məlumat yayıb.

Həmin qrupun rəisi bildirib ki, “Qərbi Azərbaycan arxeoloji Tədqiqatlar üçün böyük bir xəzinədir və biz burda Urartu və mannalar dövrü barəsində tədqiqatlar aparmağa hazırıq”.

Cavid TİRAN

Vəfa Quluzadə: “Rusiya hakimiyyəti təşviş içindədi”



“Orada marşrut, metro, əyləncə mərkəzi, park yoxdu. Rusiya hökuməti bunun da günahını Orxan Zeynalovun üzərinə yıxmaq istəyir”.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Hafta.az-a açıqlamasında Rusiyada həsb edilən “Orxan Zeynalov məsələsi”ni şərh edib. O bildirib ki, Rusiya hakimiyyəti bu şounu ona görə yaradıb ki, öz günahlarını azərbaycanlı miqrantların üzərinə yıxsın: “Rusiya öz maraqlarını güdür. Hakimiyyət təşviş içindədi. Çünki millətçilər, liberallar və kommunistlər də Rusiya hakimiyyətinin əleyhinədi. Rusiya iqtidarının vəziyyəti gərgindi. Əhali də öz yaşayışından narazıdı. Həmin Biryulevo rayonunda insanlar gərgin vəziyyətdə yaşayırlar. Orada marşrut, metro, əyləncə mərkəzi, park yoxdu. Rusiya hökuməti bunun da günahını Orxan Zeynalovun üzərinə yıxmaq istəyir? Belə məsələlər tarixdə məlumdu. Siyasi məqsədlər üçün kiməsə cinayət tarixçəsi tikirlər. Orxan Zeynalov haqda məhkəmə qərar verməyib, amma onu təpik altına salıblar. Rusiya bu əməli ilə özünü ifşa edib”. 


Keçmiş dövlət müşaviri Rusiya siyasətini bir lətifə ilə izah etmək qərarına gəlib: “Keçmişdə Rusiya haqda məşhur bir lətifə vardı. Deməli, alimlər səhrada bir fironun mumiyasını tapırlar, amma onun kimə aid olduğunu aydınlaşdıra bilmirlər. Fransızlar, amerikalılar, hətta ingilislər də bunu tap bilmirlər. Axırda Rusiyaya göndərirlər. Üç gün sonra Rusiya bəyan edir ki, bu 28-ci Tutabhamonun mumiyasıdı. Hamı təəccüb edir ki, bəs bunu necə tapdınız? Deyirlər mumiya özü etiraf edib. Yəni onu o qədər döyüb əzab veriblər ki, özü etiraf edib. Ona görə Azərbaycan dövləti Orxan Zeynalov üçün vəkil göndərməlidi. Rusiyadakı səfirliyimiz ona dəstək verməlidi. Orxana təzyiq edib bu günahı onun boynuna qoyublar, bununla da azərbaycanlı miqrantlara təzyiq etməyə bəhanə yaranıb”. 


Politoloqun sözlərinə görə, Rusiya miqrantları deportasiya edə bilməyəcək: “Azərbaycan Gömrük İttifaqına daxil olmaq istəmir. Buna görə bizi də hədələyirlər ki, guya miqrantları ölkədən qovacaqlar. Azərbaycan Gömrük İttifaqına qoşulmamalıdı. Heç bir miqrantımızı deportasiya etməyəcəklər. Çünki rusların azərbaycanlı miqrantlara ehtiyacı var. Rusiya iqtisadiyyatı və cəmiyyəti miqrantlarsız yaşaya bilməz. Bu sadəcə yalançı hədə-qorxulardı”.

Murad Əhməd, Hafta.az

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 22 illiyini qeyd edir


Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 22 il ötür.

Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.

18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir, lakin qeyri-iş günü sayılmır. 

RUSİYADAN QORXUNC MESAJ...


Geri çəkilmək Azərbaycana müstəqilliyi bahasına başa gələ bilər

Ortalıq toz-dumandır. Cənubi Qafqaz uğrunda amansız savaş  gedir. Savaşanlar regiona sahiblənmək istəyən dünya nəhəngləridir. Ancaq bu savaşın zərbələri bölgənin balaca dövlətlərinə dəyir. Çünki nəhənglər birbaşa deyil, onların üzərindən savaşır. Yeni və artıq deyəsən, həlledici mərhələdir. Qalib gələn Cənubi Qafqazda daha rahat nəfəs alacaq.

Hər superdövlətin öz savaş yöntəmi var. ABŞ və  Qərb rəqibinin üzərinə gedərkən, qullanmaq istədiyi balaca dövləti siyasi faktorlarla sıxışdırır. Rusiya isə daha qəddardır. Və Kreml üçün oyun qaydaları yoxdur. Hədəfləri naminə qarşısına çıxan hər kəsi və hər şeyi əzib keçməyə hazırdır.

Son Moskva olaylarında bunu açıq-aşkar müşahidə etdik. Əlbəttə, əli cinayətə bulaşmış kimisə müdafiə etmək niyyətimiz yoxdur. Əgər, kimsə cinayət törədibsə, cəzasını da çəkməlidir.

Ancaq baş verənlər o qədər qəddar və qorxunc xarakter daşıyır ki, olayın reallıqla əlaqəsinə də şübhə etmək məcburiyyəti yaranır. Olayın Rusiya və MDB ictimaiyyətinə təqdimat yöntəmi isə hadisənin əvvəlcədən planlaşdırılmış ola biləcəyi ehtimalına haqq qazandırır. 

Birincisi, suçlu kimi təqdim edilən azərbaycanlının həmin cinayəti törətməsini sübut edən dəlillər hələlik ortada yoxdur. Halbuki “günahsızlıq prezumpsiyası” deyilən bir anlayış da var. Və günahı sübuta yetirilmədən, məhkəmənin hökmü olmadan kimisə cinayətkar elan etmək yolverilməzdir. Rusiya və Azərbaycanın hüquq müdafiə təşkilatları bu məsələyə reaksiya verməməklə “sinifdə qaldılar”.

İkincisi, adamın üzərində böyük bir qorxu dalğası yaradılıb. Və özünün etiraflarının olduğu bildirilir. Bu qədər basqı qarşısında adamın istənilən cinayəti boynuna ala biləcəyi istisna deyil. Üstəlik, onun döyüldüyü və işgəncələrə məruz qaldığı da bildirilir. Hətta bəzi Rusiya media orqanları artıq bu barədə yazmağa başlayıb.

Nəhayət, məişət zəminində baş  verdiyi şübhə doğurmayan bir cinayət olayının bu qədər şişirdilərək milli-etnik qarşıdurma səviyyəsinə qaldırılması da şübhəli məqamdır. Axı, Rusiyada hər gün yüzlərlə oxşar cinayət baş verir. Ancaq onların heç birisinə belə əcaib reaksiya verilmir. Rusiyanın daxili işlər naziri də həmin yüzlərlə cinayətin suçlularını şəxsən sorğu-sual etmir. Bu hadisənin istisna təşkil etməsi planlı prosesdən xəbər verir.

Əks halda, bu hadisə bir belə böyüdülməzdi. “Qəzəblənmiş dazbaşlar” da azərbaycanlıların işlədiyi bazara basqın etməzdilər. Çünki “dazbaşlar”ın yalnız Kremlin istədiyi vaxtlarda “qəzəbləndikləri” hər kəsə məlumdur. Deməli, Kreml planlı şəkildə bu hadisəni bir azərbaycanlının üzərinə yükləməklə, “dazbaşları qəzəbləndirib” milli-etnik toqquşmalar yaratmaqla Azərbaycana mesaj vermək niyyəti güdür.

Kremlin analoji mesajlarına əvvəllər də rast gəlinib. Ermənistan Avropaya tərəf nəzər salmaq cəsarəti göstərdiyinə görə Rusiyada cinayət törətmiş bir erməni məhkəmə salonuna qadın xalatında gətirilmişdi. Və bu, Ermənistana xəbərdarlıq mesajıydı. Kreml demək istəyirdi ki, Ermənistan onun mülkiyyətidir. Kreml istəmədikcə, rəsmi İrəvanın gözü Rusiyadan başqa heç yana baxa bilməz. Nəticədə Ermənistan artıq Gömrük İttifaqına üzvlüyünü rəsmən elan edib.

Bəli, indi Azərbaycana da mesaj verirlər. Demək istəyirlər ki, Azərbaycan da Gömrük İttifaqına və Avrasiya Birliyinə girməlidir. Əks halda, Kremlin Rusiyada girova çevirdiyi azərbaycanlılara qarşı “dazbaşların qəzəbi” soyumaz. Və azərbaycanlıların canını qurtarmaq üçün kütləvi şəkildə Azərbaycana üz tutması ölkədə siyasi-iqtisadi böhran yarada bilər.

Əsl şantaj xarakterli mesajdır. Azərbaycanın geri çəkilməsi isə fəlakətə bərabər ola bilər. Çünki Kreml məhz Azərbaycanın müstəqilliyinə əl uzadıb. Ona görə də indi çox şey rəsmi Bakının müqavimət imkanlarından asılıdır.

Elçin XALİDBƏYLİ

10 Ekim 2013 Perşembe

LOZAN ANTLAŞMASI 1923 - 2023 ve MADDELER

MÜHARİBƏLƏR NƏTİCƏSİNDƏ DÜNYANIN DƏFƏLƏRLƏ BÖLÜŞDÜRÜLMƏSİNİ GÖSTƏRƏN BU VİDEO ÇOX MARAQLIDIR. SAĞLIQLA İZLƏYİN.




&VƏTƏNSEVƏRLƏR