Translate

12 Eylül 2013 Perşembe

FÜLE ERMƏNİSTANIN CAVABINI VERDİ



Avropa komissarı Ermənistana “bir əldə iki qarpız tutmağın mümkün olmadığını” başa saldı.

Gömrük İttifaqına üzvlüklə eyni vaxtda Avropa İttifaqının Azad Ticarət Zonasına(ATZ) üzvlük mümkün ola bilməz. Bu barədə Ukrayna , Moldova, Gürcüstan və Ermənistanla danışıqlar aparılıb. Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Strasbuqrda keçirilən Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı belə deyib.

Onun sözlərinə görə, “bu, ideoloji fikir ayrılıqları, iqtisadi blokların toqquşması və ya yaşam uğrunda mübarizə oyunları ilə bağlı deyil. Bu sadəcə hüquqi cəhətdən mümkün ola bilməz: məsələn, siz eyni zamanda həm dərin və hərtərəfli Azad Ticarət Zonası çərçivəsində vergi tariflərinizi azalda, həm də Gömrük İttifaqı çərçivəsində onları artıra bilməzsiniz”.

Avropa komissarı bildirib ki, Azad Ticarət Zonasının xidmətlərindən yararlanmaq istəyən tərəfdaş ölkələr, öz ticarət siyasətini müəyyən etməkdə müstəqil olmalıdırlar. Gömrük İttifaqına üzvlərinə isə müstəqillik verilmir.

Elə bir müddət əvvəl Gömrük ittifaqına qoşulan Ermənistan Respublikasının vətəndaşları da hökuməti öz müstəqilliyini əldən verməkdə ittiham edərək etiraz aksiyaları keçirirlər. Bəzi erməni analitiklər hətta Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesindən kənarlaşdırılacağını bildirirlər. Çünki Gömrük İttifaqı üzv ölkələrinin bütün hüquqi məsələlərini özü həll edir. Belə olan şəraitdə Qarabağ danışıqlarının birbaşa Rusiya və azərbaycan arasında aparılacağı qeyd olunur.

Xatırladaq ki, ötən gün Avropa İttifaqı rəhbərləri Moskvanın ticarət əlaqələrini genişləndirmək məqsədilə Ermənistan, Ukrayna və daha bir neçə ölkəyə təzyiq etdiyini müzakirə ediblər.

Avronest Parlament Assambleyasının və Avropa Xalq Partiyasının vitse- prezidenti Yatsek Sariuş-Volskiy bəyan edib ki, Ermənistanın Gömrük İttifaqına üzvlüklə bağlı qərarını , Ukrayna ilə ticarət müharibəsini, Moldovaya qarşı hədədlər “ Yaxın Şərq tərəfdaşlığı” layihəsinə qarşı yönəldilmiş təxribatdır.

Qeyd edək sentyabrın 3-də Rusiya prezidenti Vladimir Putinlə görüşən Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Gömrük İttifaqına üzvlüyə hazır olduğunu bəyan etdi. Ermənistanın bu qərarı Avropa strukturları tərəfindən tənqidlə qarşılandı, və Avropa Ermənistanla demək olar ki, bütün danışıqlara son qoydu.
Buna baxmayaraq Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını açıqladı. Bu gün isə Avropa komissarı Ştefan Füle səsləndirdiyi bəyanatla Ermənistana “bir əlində iki qarpız tutmağın mümkün olmadığını göstərdi”.

Səbinə Həsənova

“ RUSIYA QARABAĞIN TƏHLÜKƏSİZLİYİNİN QARANTI OLA BİLMƏZ "


Erməni hüquq müdafiəçisinə görə, Kreml Azərbaycanın hücumunu önləməyə qadir deyil; Karen Ohacanyan: “Gömrük İttifaqına qoşulmaqla Ermənistan dünya ictimaiyyətinin gözündə etibarsız tərəfdaş statusu qazandı...”
Ermənistanın Gömrük İttifaqına qoşulmaq barədə qərarı erməni toplumunda, onun ekspert dairələrində hələ də ən müxtəlif şəkildə yozulmaqdadır. Separatçı rejimin təmsilçiləri isə nəticədən daha məmnun görünürlər. Eyni zamanda onların köhnə dərdi, deyəsən, təzələnib.
Söhbət təbii ki, neçə vaxtdır işə sala bilmədikləri Xankəndi aeroportundan gedir. İrəvanın Gömrük İttifaqına üzvlüklə bağlı qərarından sonra Ermənistan-Rusiya münasibətlərinin istiləşdiyini düşünən separatçılar indi də ümid edirlər ki, nəhayət, bundan sonra Moskva hava limanının istismara verilməsinə yardımçı olacaq, buna qarant verəcək. 
Xəbər verdiyimiz kimi, qondarma qurumun “baş nazirinin müavini” Artur Ağabekyan bu xüsusda deyib: “Madam ki, Rusiya Gömrük İttifaqı məsələsində Ermənistana Dağlıq Qarabağla təzyiq edib, o zaman tezliklə biz Kremlin hansısa ”təhlükəsizlik qarantlarını" və ya konkret addımları görməliyik. Hansı konkret addımları? Məsələn, Stepanakert aeroportu çoxdan hazırdır, ancaq uçuşlar həyata keçirilmir. Rusiyanın qarantlarından biri məhz aeroportun istifadəsi ilə bağlı ola bilərdi. Özü də təkcə mülki yox, həm də hərbi məqsədlə istifadəsi üçün". 
Söz düşmüşkən, rəsmi Bakı zaman-zaman bəyan edib ki, Xocalı aeroportu həm də hərbi məqsədlər üçün istifadə ediləcək. Erməni tərəfi uzun müddət bunu danıb.
Erməni separatçısı növbəti “konkret addım” qismində Rusiya ordu hissələrinin Qarabağda yerləşdirilməsini görür. Sitat: “Düzdür, bunun üçün Sərkisyanın Gömrük İttifaqına üzvlük barədə bəyanatı yetərli deyil, Minsk Qrupu həmsədrlərinin də razılığı olmalıdır - bu da ki, çətin baş tuta...”
Beləliklə, aydın görünən odur ki, separatçı rejim yeni situasiyadan maksimum yararlanmaq, Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına de-yure nail olmaq, Qarabağda yeni müharibə ehtimalını Kremlin sayəsində minimuma endirmək niyyətindədir. Bəs Rusiya həqiqətən separatçı rejimin mövcudluğunun və “təhlükəsizliyinin” qarantı ola bilərmi? 
Bu xüsusda fərqli düşünən, gerçəyi fərqli dəyərləndirən erməni şərhçilər var. Məsələn, “Helsinki təşəbbüsü -92" komitəsinin Qarabağ üzrə koordinatoru, hüquq müdafiəçisi Karen Ohacanyan erməni saytlarından birinə müsahibəsində Ermənistanın Gömrük İttifaqına qoşulmasını Dağlıq Qarabağın təhlükəsizliyi ilə əlaqələndirməyin əleyhinə olduğunu söyləyib. Onun fikrincə, Rusiya Azərbaycanın Qarabağa hədələrinin qarşısını almağa qadir deyil.
Ohacanyanın qənaətincə, Rusiyanın hazırda elə bir güc-imkanı yoxdur ki, Qarabağ məsələsində zəmanət versin: “Bundan əlavə, hazırda situasiyanın inkişafı o istiqamətdə gedir ki, elə bir məqam yetişəcək Rusiya Azərbaycanın Qarabağa hücumunu önləyə bilməyəcək. Çünki öz ziyanına bircə addım da atmayacaq. Məhz bu səbəbdən mən Ermənistan hakimiyyətinin addımına neqativ yanaşıram, xüsusən də bu addım Dağlıq Qarabağın, necə deyərlər, təhlükəsizliyi ilə əlaqələndiriləndə. Rusiya Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı ola bilməz. O hətta heç Qarabağın müstəqilliyini tanımayıb. Yəni özünün qarantiyası ilə əslində beynəlxalq hüquq normalarını tapdamaqdır”.
Hüquq müdafiəçisinə görə, İrəvanın son addımı Ermənistana dünya ictimaiyyətinin gözündə etibarsız tərəfdaş statusu qazandırıb: “Məsələ ondadır ki, uzun illər idi ki, İrəvan Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı danışıq aparırdı və... birdən Rusiyaya doğru dönüş edilir. Üstəlik, güman eləmirəm ki, Ermənistana bu məsələdə təzyiqlər olunub”.
Hərgah, Ohacanyana görə, Avropa Birliyi də Ermənistana və Dağlıq Qarabağa təhlükəsizlik qarantı verməyib: “Obyektivlik naminə deməliyik ki, Avropa İttifaqı assosiativ müqavilə bağlanandan sonra Qarabağ məsələsində hansısa öhdəlik götürəcəyini vəd eləmirdi. Bununla belə, Avropa İttifaqı Rusiyadan etibarlı tərəfdaşdır”.
Hüquq müdafiəçisi o qənaətdədir ki, Gömrük İttifaqına qoşulmaq barədə İrəvanın bəyanatı Ermənistanın onsuz da aşağı səviyyəli suverenliyini bir az da məhdudlaşdırır: “Bundan başqa, həm Ermənistanın, həm də Azərbaycanın təhlükəsizliyini azaldır. Çünki Rusiyanın baş aktyor olduğu hansısa birliyə girmək artıq bərabərlik deyil. Halbuki Avropa Birliyində bütün üzvlər formal və ya qeyri-formal planda bərabər hüquqlu sayılır, ümumi maraqların qayğısını çəkirlər”. 
“Rusiya daha beynəlxalq birliyin gözündə regional struktur kimi yox, yeni imperializmin və destruktuvizmin ideologiyası kimi qəbul edilir. Və əlbəttə ki, Rusiya xalqı da digər xalqlar kimi öz rəhbərliyinin təzyiqi altındadır və təhlükəsizliyi təmin edilməyib”, - deyə Ohacanyan fikrini tamamlayıb.
Elə məsələ də Ermənistanın özü ilə birgə Dağlıq Qarabağın, bütövlükdə regionun taleyini və normal inkişafını Rusiyanın girovluğunda saxlamasındadır. Nə qədər ki, Ermənistan Rusiyanın Güney Qafqazda hərbi-siyasi mövcudluğunu əsas qarantı olmaqda, destruktiv siyasət yürütməkdə davam edəcək və ilk növbədə imperialist Rusiyanın maraqlarına oynayacaq, Ermənistanın da, bütövlükdə regionun da təhlükəsizliyi havadan asılı qalacaq.

Zahid SƏFƏROĞLU

11 Eylül 2013 Çarşamba

VƏFA QULUZADƏ OBAMAYA FAKTLARLA CAVAB VERDİ


Sabiq dövlət müşaviri ABŞ prezidentinin Qarabağ məsələsinin həlli arzusunu səmimi sayır, amma...
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Obama məktubunda ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni həmsədr təyin olunmuş səfir Ceyms Uorlikə tam dəstək verdiyini diqqətə çatdırıb. B.Obama bildirib ki, C.Uorlikin bu yaxınlarda təyin olunması tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqliyinin güclü göstəricisidir:
“Ümidvaram ki, səfir Uorlikin zəngin diplomatik təcrübəsi və hökumətinizin irəliləyişə nail olmaq arzusu həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcək. Mən gələn aylar ərzində Ermənistanla birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm. Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib”.
Öz növbəsində, ABŞ səfirliyi bildirib ki, Bakıya gələn Ceyms Uorliki prezident İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyev qəbul edib. Görüşlərdə tənzimlənmə və regionda təhlükəsizlik məsələləri müzakirə olunub. Sentyabrın 10-da Ceyms Uorlik Bakıdan İrəvana yola düşüb. ABŞ prezidentinin məktubunda “artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib” mesajının verilməsi isə narahatçılığı daha çox artırır. Söhbət Azərbaycan xalqının bixəbər qaldığı hansısa razılaşmalardan, güzəştlərdənmi gedir?
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, Obamanın Qarabağ məsələsini həll etmək arzusu tamamilə səmimidir: “Ondan əvvəl Bill Klintonun da bu məsələni həll etməklə bağlı arzusu səmimi idi. Corc Buş da Ki Uestdə çalışırdı ki, Qarabağ məsələsi həll olunsun. Amma görürsünüz ki, həll olunmadı. İş Amerikanın səmimiyyətindən keçmir. Qarabağ məsələsində əsas əngəl keçmiş super dövlət, indi isə ondan bir az kiçik imperiya olan Rusiyadır. Rusiyanın strategiyası ondan ibarətdir ki, nə hərb, nə sülh vəziyyəti olduqca uzansın. Görünür, köməkçiləri Obamaya bu barədə deməyiblər ki, Azərbaycan həmişə sülhə hazır olub, indi də hazırıq. Amma sülhə addım atılan kimi Rusiya o sülhü dağıdır. Tehranda Levon ter-Petrosyanla Azərbaycanda prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov 1992-ci ilin mayında atəşkəsə imza atanda Azərbaycanda Şuşa rayonu işğal olundu. Adını ”ermənilər tərəfindən" qoysalar da, işğala Rusiya rəhbərlik edirdi. Bununla da sübut olundu ki, Petrosyan Ermənistan ordusuna cavabdeh deyil, bu ordunu idarə edən Rusiyadır. Rusiya bunu ona görə etdi ki, İrana sillə vursun, desin ki, sən Qarabağ məsələsində heç bir rol oynaya bilməzsən, ona görə də meydandan çəkil. Bundan sonra ter-Petrosyan pərt oldu. Həmin Levon ter-Petrosyan mərhələli sülh planı irəli sürdü və Heydər Əliyev də bunu qəbul etdi. Ter-Petrosyan sensasion bəyanat verdi ki, Qarabağ məsələsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur. Bu sensasiya dünyaya yayıldı, Rusiya isə qəzəbləndi. Təklif ondan ibarət idi ki, Ermənistan 7 rayonu boşaldır, Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələr yaradılır, əməkdaşlıq başlayır, inkişaf edir, Dağlıq Qarabağın statusu da qeyri-müəyyən gələcəyə qalır. Azərbaycan buna razılıq verdi. Nəticədə isə ter-Petrosyan vəzifəsindən kənarlaşdırıldı".
Sabiq dövlət müşaviri daha bir faktı xatırlatdı: “Heydər Əliyev bundan da daha cəsarətli bir addıma - güzəştli sülhə getdi. Ermənilərin istəyinin cavabında dedi ki, ”güzəşt edirəm" və ermənilər də razılaşdı. Nəticə nə oldu? Erməni parlamenti, baş nazir, spiker daxil olmaqla, 10 deputat güllələndi. Özü də açıq efirdə, bu, dünyada görünməmiş bir şey idi. Ondan sonra 1999-cu ilin noyabrında keçirilən İstanbul sammitinin gündəliyindən Qarabağ məsələsi çıxarıldı. Mən bütün bunları təkrarən ona görə deyirəm ki, sizin qəzet bunu çap etsin, Amerika səfirliyi də bunu hörmətli Obamaya göndərsin. Obama görsün ki, yalnız xoş niyyətlə məsələ həll olunmur, çalışsınlar rus imperiyasını çökdürsünlər, Rusiyanın demokratik ölkəyə çevrilməsinə nail olsunlar. Ondan sonra rus imperiyasının strategiyası dəyişsin və bu nüvə dövləti bizim torpaqları işğal etməkdən əl çəksin. Burada ermənilər qapazaltıdır, “şestyorka”dır".
V.Quluzadə Obamanın həmsədrlərin roluna önəm verməsinə də reaksiya verdi: “Həmsədrlərin biri elə Rusiyadır. Bir neçə il öncə elə ABŞ səfirinin iqamətgahında Merzlyakov Azərbaycan xalqına mesaj verdi ki, gedin, özünüz danışın, biz sizin üçün sülh əldə edən deyilik. Mən də durub çıxış etdim, dedim ki, siz ermənipərəst mövqe tutursunuz. Çünki torpaqlarımızı işğal edən tək Ermənistan deyil, Rusiyadır. Merzlyakov ağzını açanda dedim ki, ”sizsiniz!" Bu mənada Qarabağ məsələsinin həllində Ermənistandan heç nə asılı deyil".
Politoloq Obamanın güzəştli razılaşma ilə bağlı dediklərinə də aydınlıq gətirdi: “Güzəştli razılaşma beynəlxalq hüquq normalarının çərçivəsində tənzimlənmə deməkdir. Yəni Azərbaycanın ərazi bütövlüyünün saxlanması şərtilə tənzimləmə. Güzəştli odur ki, biz Dağlıq Qarabağa ən yüksək muxtariyyəti veririk. Ermənilər buna hoppana-hoppana razı olarlar. Çünki Sovet İttifaqı yoxdur, indiki şəraitdə Dağlıq Qarabağ yüksək muxtariyyət alanda de-fakto müstəqil olacaq. Ermənilərə bundan artıq nə lazımdır? Ona görə də Sərkisyan, Dəmirçiyan, Köçəryan o zaman buna razı olduqlarını demişdilər. Amma bunun əvəzinə ikisi güllə aldı, Köçəryan isə digərlərini satdığına görə Moskva tərəfindən əfv olundu”.
V.Quluzadə Qarabağ danışıqları ilə bağlı bir faktı da xatırlatdı: “Mən həmin erməninin adını çəkmək istəmirəm ki, sonra onu təqib edərlər. O dedi ki, hörmətli Vəfa Quluzadə, hörmətli səfir, siz gedin Rusiya ilə danışın, bizimlə nə danışırsınız? Məgər siz bilmirsinizmi Rusiya nə deyirsə, biz də onu edirik, məgər bunu bilmirsiniz? Həmin adam ATƏT çərçivəsində apardığımız danışıqlarda Ermənistan nümayəndə heyətini təmsil edən ən yüksək səviyyəli şəxs idi”.
Sabiq müşavir onu da qeyd etdi ki, Obamanın bu məktubu yalnız diplomatik gedişdir: “Amerika sadəlövh dövlət deyil ki, detalları bilməsin. Bu mənada ABŞ prezidentinin bu məzmunda məktub göndərməsini təbii hesab edirəm”.

E.PAŞASOY

9 Eylül 2013 Pazartesi

“ QARABAĞ DÜYÜNÜ AÇILMAYINCA ERMƏNİSTAN İNKİŞAF EDƏ BİLMƏYƏCƏK ”


Erməni iqtisadçı-ekspertinə görə, Gömrük İttifaqına üzvlük barədə qərar ölkəyə hər hansı fayda gətirməyəcək; Artur Baqdasaryan: “Münasibətlər yeni səviyyəyə keçsə də, Moskvanın Dağlıq Qarabağı tanıyacağını gözləmək əbəsdir”...

Ermənistan Gömrük İttifaqına daxil olmaq barədə qərarı hələ də həm ölkə daxilində, həm də Qərb dairələrində ciddi müzakirə predmeti olaraq qalır. Serj Sərkisyanın sentyabrın 3-də Moskvada həmkarı Vladimir Putinlə görüşdən sonra verdiyi məlum qərar işğalçı ölkənin Rusiyadan nə dərəcədə asılı olduğunu bir daha və əyani şəkildə nümayiş etdirdi.
Bu qərarla Ermənistan daha möhkəm və sıx şəkildə özünü Rusiyaya bağlamış oldu. Məlum məsələdir ki, 3 sentyabr qərarı təcavüzkar ölkənin onsuz da simvolik olan müstəqilliyini və suverenliyini bir az da aşağı səviyyəyə endirərək simvolik edəcək.
Bu qərar habelə, İrəvanın Qərbə, Avropaya iqtisadi inteqrasiya yolunun qarşısına birdəfəlik sədd çəkməklə Ermənistan iqtisadiyyatının rüşeym halında, Moskvadan asılı durumda qalmasını təmin edəcək. Çünki işğalçı ölkə Qarabağ ixtilaflı üzündən normal regional inteqrasiyadan da məhrumdur.
Bu mənada Gömrük İttifaqına üzvlüklə bağlı rəsmi İrəvanın qərarı Kremlin nəinki Ermənistan, bütövlükdə Güney Qafqaza ünvanlı siyasətində mühüm uğurlardan sayıla bilər. Hər halda, Ermənistan bu quruma üzv olan ilk Qafqaz ölkəsidir. Demək, Moskvanın iştah dişi daha da itilənmiş olacaq.
Bir mühüm detal da var. Ermənistanın Gömrük İttifaqına asanca sürüklənməsi onun Qarabağ məsələsində həlledici söz sahibi olmadığını da növbəti dəfə ortaya qoydu. Erməni politoloqlardan birinin dəqiq qeyd elədiyi kimi, bundan sonra Qarabağ məsələsini Bakı ilə Moskva öz aralarında həll edəcək.
Doğrudur, Rusiya öz forpostunu sakitləşdirmək, erməni toplumunun başının altına yastıq qoymaq üçün bəzi xırda güzəştlərə də gedib. Misal üçün, Ermənistan dəmiryolunun təmiri üçün sərmayə ayırıb, Abxaziya dəmiryolunun açılmasına, təbii qazın qiymətinin bir azca endirilməsinə söz verib. Ancaq bunlar iqtisadiyyatı batan cırtdan ölkəni xilası üçün yetərlimi?
Çətin. Qənaətimizi müxalifətçi Ermənistan Milli Konqresinin iqtisadi və ekoloji məsələlər komissiyasının sədri Vaaqn Xaçatryan da təsdiqləyir. Sitat: “Ola bilsin qazın qiyməti aşağı salınsın, şimal-cənub avtoyolu da işləsin, ancaq hamı bilir ki, Ermənistanın nəqliyyat imkanları yalnız onun nəqliyyat blokadası bütünlüklə götürüldükdən, yəni Qarabağ problemi çözüldükdən sonra reallaş bilər”.
Xaçatryan bu sözləri Avrasiya İnkişaf Bankının inteqrasiya tədqiqatları mərkəzinin direktoru Yevgeni Vinokurovun fikirlərinə münasibət bildirərkən söyləyib. Vinokurov deyib ki, Ermənistanın Gömrük İttifaqına qoşulması qazın qiymətinin 30 faizədək enməsinə, ölkənin nəqliyyat dalanından çıxmasına gətirə bilər.
Erməni iqtisadçısı isə bunu siyasi spekulyasiya adlandırıb: “Həm də o səbəbə siyasi spekulyasiya ki, hələ bilinmir Gömrük İttifaqı nə qurumdur, ora hansı sənədlər tələb olunur. Bu proses 2010-cu ildən gedir. Ancaq indiyədək də aydın deyil ki, Ermənistanda hansı sənədlər, qanunverici aktlar dəyişdirilməlidir və s.”
Bundan əlavə, iqtisadçı ekspert hesab edir ki, quruma üzv olduqdan sonra balaca ölkə olan Ermənistanda, monopoliyanın hökm sürdüyü ölkədə rəqabətlə bağlı problemlər çıxacaq, hansı sağlam rəqabət ki, hələ də mövcud deyil: “Həmçinin, daxili bazarın perspektivləri planında problemlər yaranacaq. Çünki xarici bazarlarda bizim mallar rəqabət qabiliyyətli deyil və Gömrük İttifaqına daxil olandan sonra da eyni vəziyyət hökm sürəcək”.
Xaçatryan bir daha əminlik ifadə edib ki, quruma üzvlüklə bağlı qərar siyasi maraqlardan doğub, nəinki iqtisadi aspektlərdən: “Konkret halda çox vacibdir ki, biz münasib qiymətlərə enerjidaşıyıcıları əldə edək. Bu mümkündür. Baş verənlər isə indiki hakimiyyətin növbəti fiaskosu, onun özündən razı bəyanatlarının uğursuzluğu sayıla bilər. Hamıya aydın dolu ki, nə baş verməli idisə, o da baş verdi”.
Ancaq iş ondadır ki, Sırkisyanlın yerində başqası olsaydı da mövcud şərtlər daxilində fərqli qərar qəbul edə bilməyəcəkdi. Çünki iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq Ermənistanın siyasi elitası böyük ölçüdə Kremlin nəzarətindədir, Moskvadan asılıdır.
Nə qədər ki, erməni toplumu, onun başında duranlar, Eçmiədzin kilsəsi, diaspora Ermənistanın təhlükəsizlik və mövcud qarantını qonşu ölkələrlə normal münasibətlərdə, iqtisadi-ticari inteqrasiyada deyil, Rusiyada və onun Ermənistanda hərbi mövcudluğunda görürlər, sərhədlərin mühafizəsini belə ruslara etibar edirlər, hakimiyyətdə olanların yalnız soyadı dəyişəcək. Ermənistan isə düşdüyü dərin siyasi və iqtisadi bataqlıqdan uzun zaman qurtula bilməyəcək.
Gömrük İttifaqının Ermənistana hansısa dividentlər gətirəcəyinə gəlincə, buna heç İrəvan rəsmiləri də inanmırlar. Misal üçün, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryana görə, Ermənistan-Rusiya münasibətləri yeni səviyyəyə keçsə də, yaxın zamanlarda Moskvanın Dağlıq Qarabağı tanıyacağını gözləmək əbəsdir".
Onun sözlərinə görə, qondarma quruma Gömrük İttifaqında iştirakı danışıqların gedişində müəyyən olunacaq.
Ancaq erməni rəsmisi yaxşı bilir ki, belə bir iştirak yalnız Azərbaycanın tərkibində və Bakının razılığı ilə mümkün görünür. Çünki separatçı rejim beynəlxalq hüququn subyekti deyil. Baqdasaryanın da etiraf elədiyi kimi, onu hətta Rusiya belə tanımağa hazırlaşmırsa, illüziyaya qapılmağa dəyməz. Rusiya heç müstəqilliyini tanıdığı Abxaziya və Cənubi Osetiyanı indiyədək MDB-yə, KTMT-yə üzv edə bilməyib...

Zahid SƏFƏROĞLU

30 Ağustos 2013 Cuma

HƏMİŞƏ BELƏ, MEHRİBAN OLUN !


ALLAH SİZİ MƏNƏ ÇOX GÖRMƏSİN. BAX, HƏMİŞƏ BELƏ, MEHRİBAN OLUN ! ULU BABALARINIZIN VƏ NƏNƏLƏRİNİZİN ƏNƏNƏLƏRİNƏ HƏMİŞƏ SADİQ OLUN VƏ ONLARIN RUHLARINI DAİM ŞAD EDİN !

21 Ağustos 2013 Çarşamba

“Qarabağın pulla geri alınması variantı indi də realdır”


Elxan Şahinoğlu: “Fikrimcə, rəsmi Bakı bu variantdan vaz keçib və silah almağa üstünlük verir”

Azərbaycan hakimiyyətinin pul müqabilində Qarabağı işğaldan azad etməsi planları ilə bağlı daha əvvəl yazmışıq. Məsələ ondadır ki, son dövrlərdə bu məsələ yenidən gündəmə gəlib. Bu, böyük məbləğdə pulun qarşılığında problemin həllində əsas tərəflərdən olan ölkələri, o cümlədən Ermənistan hökuməti, erməni lobbisini uzunmüddətli sülh planına razı salmaqdan, ardınca Qarabağa böyük yatırımlar qoymaq şərtilə münaqişənin həllinə nail olmaqdan ibarətdir.
Azərbaycan hökumət rəsmiləri Qarabağa böyük yatırım qoyulması ilə bağlı planlardan dəfələrlə bəhs ediblər. Bəs hazırda bu imkanlar nə qədər realdır? Azərbaycan üçün bu variant cəlbediciliyini qoruyub saxlayırmı?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun fikrincə, Qarabağı erməni separatçılarının əlindən pulla almaq üçün birinci növbədə İrəvanın baş ağası - Kremllə sövdələşmək lazımdır. Ekspertin sözlərinə görə, ermənilər istəsələr belə, bu cür məsələdə təkbaşına qərar verə bilməyəcəklər: “Bu günə qədər İrəvana dolayı yollarla oxşar təkliflər edilib, bunlar nəticə verməyib. Götürək Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanı. O, 1990-cı illərin ortalarında Azərbaycanla sülh sazişi imzalamağa yaxın idi. Çünki həm Qarabağın iqtisadi və sosial yükündən qurtulmaq istəyirdi, həm də Azərbaycanla sülhə nail olub əməkdaşlıqdan Ermənistanın qazanclı çıxmasını istəyirdi. Ter-Petrosyanla sülh imzalamağa nail olunsaydı, bu gün Bakı-Tiflis-Ceyhan boru xətti Ermənistandan keçər və Bakı-İrəvan-Ceyhan boru xətti adlanardı və Gürcüstanın illərdir boru xəttindən və digər layihələrdən əldə etdiyi qazancları Ermənistan əldə edərdi. 1996-cı ildə sülh sazişi imzalansaydı, ötən 17 ildə Ermənistanın həm Bakı-Tiflis-Ceyhan, həm də digər layihələrdən qazancı milyardlarla dolları aşardı. Halbuki hazırda İrəvan hansısa ölkə və ya beynəlxalq maliyyə təşkilatından yüz milyon dollar kredit əldə etmək üçün az qala yalvarır və heç kim, o cümlədən müttəfiqi Rusiya ona bu maliyyəni vermir”.
Elxan Şahinoğlunun fikrincə, Levon Ter-Petrosyana sülh imzalamağa və Qarabağı faktiki Bakıya pulla satmağa Kreml və onun İrəvandakı əlalatıları imkan verməyiblər. Ekspertin sözlərinə görə, o zaman bu hadisə ilə Qarabağı pulla almağın yolları qapanıb. Ancaq E.Şahinoğlu deyir ki, indi yenə də “pul qarşılığında torpaq” konsepsiyası mümkündür: “Kremlin o zamankı əlaltıları indi Ermənistanda hakimiyyətdədir və özlərinin bu gün yardıma ehtiyacları var. Başqa sözlə, Levon Ter-Petrosyanın dediyinə gəlib çıxdılar. Levon Ter-Petrosyan deyirdi ki, indi sülh sazişi imzalamasaq, sonrakı illərdə daha ağır şərtlər altında imzalamaq məcburiyyətində qala bilərik. Doğrudur, İrəvan hələ heç bir saziş imzalamayıb, ancaq iqtisadi vəziyyəti 1996-cı ildəkindən daha ağırdır. İrəvana sonrakı illərdə də rəsmi və qeyri-rəsmi kanallarla eyni təklif edildi, yəni işğaldan əl çəkin, siz də bölgədəki enerji və digər əməkdaşlıqdan qazanc əldə edərsiniz. Bunu İrəvanın diqqətinə daha çox Ankara çatdırırdı. Türkiyə rəsmiləri bu günə qədər açıq söyləyirlər ki, Ermənistan Qarabağdan qoşunlarını çıxarmağa razılaşsa, İrəvan Azərbaycan və Türkiyənin iştirakçısı olduğu regional layihələrə qoşula bilər. Ancaq keçmişdə olduğu kimi, söz sahibi İrəvan olmadığı kimi Bakı və Ankaranın mesajlarına birbaşa cavab verilmir. Halbuki Ermənistandan yan keçən bütün regional layihələr İrəvanı qıcıqlandırır, Gürcüstanı isə varlandırır. Təsadüfi deyil ki, Mixail Saakaşvili son illərdə dövlət işçilərinin maaşlarını dəfələrlə qaldırdığı halda, eyni addımı onun erməni həmkarı Serj Sərkisyan ata bilmir, çünki maliyyə resursları yoxdur”. 
Ancaq həmsöhbətimiz deyir ki, indi Bakı bu varianta o qədər də isti yanaşmır. E.Şahinoğluna görə, indi rəsmi Bakı daha çox güc istiqamətinə meylli kimi görünür: “Fikrimcə, artıq rəsmi Bakı Qarabağı pulla almaq planlarından vaz keçib. Əksinə, Azərbaycan hakimiyyəti silah alışına milyardlarla dollar xərcləyir ki, bu yarışa Ermənistan da qoşulmağa məcbur olsun. Bu yarışın tədricən Ermənistanı taqətdən salacağı düşünülür. Digər tərəfdən, rəsmi Bakı Ermənistanın boşalması tendensiyası tendensiyasını müşahidə edir ki, bunu da İrəvanı taqətdən salan element kimi qiymətləndirirlər. Bir sözlə, bu gün Bakı Qarabağı pulla almağın və ermənilərə milyardlar vəd etməyin yerinə, bu işi pulsuz görməyin ümidi ilə yaşayır. Ancaq bu siyasət də hələ ki uğur gətirmir. Çünki Ermənistan nə qədər taqətdən düşüb, iqtisadiyyatını və sosial sahəsini bərbad günə sürükləsə də, Kreml İrəvanı ən azı Qarabağı işğalda saxlamağa yardımçı olacaq”.

KƏNAN