Translate

4 Temmuz 2013 Perşembe

ÇİNİN İQTİSADİ İNKİŞAF FENOMENİ



Son onillikdə iqtisadi sahədə baş verən əsas hadisələr arasında Çinin qlobal iqtisadi oyunçuya çevrilərək bütün dünyanın diqqətini özünə cəlb edə bilməsi xüsusi yer tutur. Çin böyük yanacaq-enerji ehtiyatlarına və insan resurslarına malik nəhəng bir ölkədir. Çində dünya əhalisini 20 faizə yaxını yaşayır, dünyanın təbii sərvətlərinin 7 faizi bu ölkənin ərazisində yerləşir.Lakin 1978-ci ilədək Çin, marksizizm təliminə söykənərək ifrat dərəcədə mərkəzləşdirilmiş və özünü dünya iqtisadiyyatından təcrid edən siyasəti ilə iqtisadiyyatını durğunluq dalanına gətirib çıxarmışdı.1978-ci ildən başlayaraq, Den Siyaopin marksizim təlimini inkar etmədən, həm də onu fetişləşdirmədən Çini A.Smitin "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat" adlı əsərində irəli sürülən əsas prinsiplərə əsaslanaraq inkişaf etdirməyə başladı. A.Smitin "Liberalizmin incili" adlanırılan bu əsərin əsas tədqiqat predmeti xalqların sərvəti və onun artırılmasının mənbə və yolları, stimulları və qanunlarıdır. Adam Smitin iqtisadi sisteminin kökündə insanın təbiəti və mənafeyi durur,həmin nəzəriyyənin əsasını isə rəqabət azadlığı prinsipi təşkil edir. A.Smit azad rəqabətin söndürülməsini iqtisadiyyatın sərbəst inkişafı üçün böyük fəlakət hesab edir. A.Smit insana cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi baxmış və qeyd etmişdir ki, insanlar öz mənafelərini güdməklə eyni zamanda cəmiyyətin inkişafına, onun məhsuldar qüvvələrinin artmasına əhəmiyyətli şərait yaratmış olurlar. Onun fikrincə əgər hər bir fərdə öz mənafeyini, öz qazancını ağıllı surətdə güdmək imkanı verilsə, onda bu, bütün cəmiyyətin sərvətinin artmasına, çiçəklənməsinə kömək edər. Ona görə, əməyin əlavəsi olmadan, nə torpaq, nə də kapital nə isə istehsal edə bilməz. Əgər hər bir şəxsin iqtisadi fəaliyyəti nəticə etibarı ilə cəmiyyətin rifahına aparıb çıxarırsa, onda bu fəaliyyəti heç bir şeylə məhdudlaşdırmaq lazım gəlmir.Ona görə də A.Smit insanın "təbii azadlığını" yəni, işçi tutmaq, istehsal və istehlak etmək, almaq və satmaq azadlığını məhdudlaşdırılmasını qəbul etmirdi.
Həmin prinsiplər əsas tutularaq Çində iqtisadiyyatın transformasiyası aqrar islahatlardan başladı.Kommunalar buraxıldı və torpaqlar ailə podryadı əsasında kəndlilərin istifadəsnə verildi.Kəndli vergi ödəmək öhdəliyini yerinə yetirməklə istehsal etdiyi məhsulun üzərində istədiyi kimi sərəncam vermək hüququ əldə etdi.Nəticədə Çində həyata keçirilən islahat əhalisi 1,4 milyard nəfərə çatan ölkəni ərzaqla təmin edə bildi.
”Əmək vasitəsilə əhalinin güzəranını yaxşılaşdırmaq” Çinin milli ideyasının prioritetinə çevrildi. Eyni zamanda dövlət “Konvergensiya Nəzəriyyəsi”nin əsasını təşkil edən sosializm və kapitalizmin üstünlüklərini bacarıqla əlaqələndirə bildi. İqtisadi siyasətdə köklü dəyişikliklər edilməsi, o cümlədən iqtisadiyyatda bazar elementlərinin tətbiqi,iqtisadi liberallaşma sahəsində addımlar,qarışıq mülkiyyətə üstünlük verilməklə mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, xarici ticarət və investisiyalar(“açıq qapı”siyasəti) sahəsində həyata keçirilən islahatlar nəticəsində Çin iqtisadiyyatı sürətli artım tepmlərilə inkişaf etməyə başladı.SSRİ-nin və Şərqi Avropanın postkommunust ölkələrindən fərqli olaraq,Çin bazar elemntləri təqbiq edərkən şok terapiyasından (əsas istiqamətləri qiymətlərin,xarici ticarətin,iqtisadiyyatın liberallaşdırılması,büdcə kəsirini məhdudlaşdırmaqla iqtisadiyyatın balanslaşdırılması və özəlləşdirmə olub) yox, mövcud olanı dağıtmamaq və tədricilik prinsipindən istifadə etdi.Dövlət tərəfindən tənzimlənən,müqavilə əsasında formalaşan və bazarda formalaşan bazar qiymətlərinin kombinasiyasından istifadə etdi. Yəni Çində həm dövlət tərəfindən müəyyənləşdirilən qiymətlər,həm müqavilə qiymətləri,həm də bazar qiymətləri fəaliyyət göstərir.Təkcə büdcənin yox, bütövlükdə maliyyə və real sektorun balansını təmun etmək yolunu tutdu. Digər postkmmunust ölkələrdən fərqli olaraq, xüsusi mülkiyyətin əsas mənbəyi təkcə özəlləşdirmə yox,daha çox xüsusi sektorun münbit şəaitdə özünün inkişafı variantı oldu.
Həmin üsulla Çin məhsuldar qüvvələrin inkişaf etdirilməsi,Çinin ümüumi qüdrətinin artırılmaı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi üç fundamental hədəfə döğru hərəkət etməyə başladı.
Den Syaopin tərəfindən 1978-ci ildən həyata keçirilməyə başlanılan islahatlar artıq 2000-ci ilə qədər çox böyük müsbət nəticələrə gətirib çıxarıtdı.Belə ki,əgər postkommunust məkanında islahatların ilk 20 ili ərzində əksər ölkələr hələ ÜDM-in həcminə görə islahatlardan əvvəlki səviyyəyə yeni-yeni çatmağa başlamışsa, Çində isə yüksək dinamika hesabına islahatların ilk 20 ilində, yəni 2000-ci ilə qədər ölkənin ÜDM-i 4 dəfə artdı. Ondan sonrakı dövrdə də iqtisadi artım templəri əsasən qorunub saxlanıldı.Belə ki, 1979-cu ildən 2012-ci ilə kimi Çinin real ÜDM-i illik ortalama 10 faiz həcmində artmışdır.Nəticədə 1989 -cu ildə ÜDM-in həcminə görə dünyada 5-ci yeri tutan Çin hazırda 2-cidir. Bu da yüz milyonlarla insanın sosial iqtisadi hüquqlarının inkişafına,o cümlədən yoxsulluqdan çıxmasına imkan vermişdir.
Çinin iqtisadi uğurlarının hərəkətverici qüvvəsi qısa tarixi zaman kəsiyində iqtisadiyyatı sürətlə yenidən qura bilməsi bacarığıdır.İqtisadiyyatının uğurlu şəkildə modernləşdirilməsində investisaya siyasəti xüsusi yer tutur.Çinin iqtisadi modelinin ən böyük özəlliklərindən biri ondan ibarətdir ki, bu modeldə bazar qanunları inkar edilməsə də, iqtisadiyyat dolayı yolla dövlət tərəfindən güclü şəkildə tənzimlənir.Bununla belə Çin bu yüksəlişə nail olarkən müəyyən mənada Yapon modelinin fəlsəfəsindən də bacarıqla istifadə edə bilmişdir.
Çin modelinin nəzərəçarpan cəhətlərindən biri-iri dövlət müəssisələrinin iqtisadiyyatda böyük paya sahib olmasıdır. Bununla belə Çin Konstitusiysasıda iqtisadi hüquqların əsasını təşkil edən xüsusi mülkiyyət hüququ da ictimai mülkiyyətin davamı, əlavəsi kimi öz əksini tapmış və xüsusi mülkiyyətə təminat verilmişdir.Çin Konstitusiyasına görə,dövlət vətəndaşların şəxsi mülkiyyət və varislik hüquqnu qoruyur. Çində dünya miqyaslı dövlət korporasiyalarının yaradılması və onların çərçivəsində iqtisadi artımın və eksportun stimullaşdırılması son 20 ildə özünün şəksiz üstünlüklərini sübüt elədi.Bununla belə lüzumsuz xərcləri azaltmaq və gəlirliyi yüksəltmədən ötrü, indi bu siyasətdə müəyyən dəyişikliklər edilərək,sərmayələrin bir hissəsinin xüsusi şirkətlərə yönəldilməsi ideyası özünə yer tapmağa başlayır.Bu ideyanın həyata keçirilməsi Çində iqtisadi islahatların daha dərinləşməsi vasitəsilə iqtisadi dayanıqlığın artırılmasında mühüm rol oynaya bilər.
Çində yığım norması çox yüksəkdir.Ailə əmanətlri ailənin sərəncam verdiyi gəlirlərin 30 faizə qədərin təşkil edir.Müqayisə üçün deyək ki,Yaponiyada bu göstərici 21 faiz, Tayvanda 18 faiz,ABŞ-da 8 faizdir.
Çində reallaşdırılan iqtisadiyyatın transformasıyası modeli öz nəticələrinə görə keçid iqtisadiyyatlı ölkələrin nəticələri ilə müqayisədə daha uğurlu oldu.Son 3 onillik ərzində Çin ən yüksək iqtisadi inkişaf templərinə nail oldu,xarici ticarət dövriyyəsi(3,9 trilyon dollar) və valyuta ehtiyatlarının həcminə(3,4 trilyon dollar) görə isə dünyada 1-ci yerə çıxdı.Əhalinin sosial-iqtisadi hüquqlarının inkişafı, o cümlədən güzəranı sahəsində əhəmiyyətli yaxşılaşmaya nail ola bildi.İqtisadi hüquqlar içərisində sahibkarlıq fəaliyyəti hüququ, o cümlədən onun mühüm tərkib hissəsi olan xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ mühüm yer tutur.Çinin eksport sahəsində 20 milyon nəfər çalışır. Bu hüququn realləşdırılması Çin iqtisadiyyatının yüksəlişində aparıcı rollardan birini oynamağa başlamışdır.25-30 il əvvəl Çin ixracın əsas hissəsi xammal və ucuz istehlak mallarından ibarət idi. Hazırda Çin ixracını 60 faizə yaxını maşın avadanlığın, 30 faizə yaxını isə yüksək texnoloyi məhsulların payına düşür. Eyni zamanda Çin ixraca görə dünyanın aparıcı ölkəsinə çevrilmişdir. 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranından əvvəl ixrac sahəsində dünyada 3-cü olan Çin 2012-ci ildə birinci yerə çıxdı.
Çinin iqtisdi yüksəlişi ölkədə sosial təminat, əmək,təhsil, mənzil və sair bu kimi sosial hüqquqların da inkişafına ciddi təkan vermişdir.Yoxsul əhalinin sayı 1981-ci ildəki 64 faizdən 10 faizə enib. Dünya əhalisiniz 20 faizini təşkil edən Çində işsizliyin səviyyəsi 4 faizdir. Son 30 ildə Çində aparılmış islahatların ən fundamenal nəticəlrindən biri ölkədə ərzaq bolluğunun yaradılması və ərzaq təhlükəsizliyinin təmin edilməsidir.Hər bir ailə 4-6 faizlə 20-30 il müddətinə mənzil,avtomobil,mebel və sair almaqdan ötrü kredit götürə bilər.
Bununla belə Çin həmin islahatlar hesabına bütün sahələrdə ciddi irəliləyişlərə,eləcə də sosial-iqtisadi hüquqların reallaşdırılması sahəsində nəzərəçarpan inkişafa nail ola bilsə də,ÜDM-in həcminə görə dünyanın 5-ci ölkəsindən 2-ci ölkəsinə çevrilməyi bacarsa da, əhalinin adambaşına düşən gəlirlərinə görə hələ də o, aşağı gəlirli ölkələr sırasında qalmaqdadır. Belə ki, alıcılıq qabiliyyəti pariteti üzrə hesablamaya görə,adambaşına ÜDM-in həcminə görə Çin 7400 dollarla(dünya klassifikasiyasında orta göztəricinin aşağı pilləsi) dünyanın 194 ölkəsi arasında 100-cü yeri tutur. BMT-nin İnsan İnkişafına dair hesabatında Çin müəyyən qədər irəliləyişə nail olsa da, 186 ölkə arasında 101-ci yer tutmuş və “orta insan inkişafı ölkələri” qrupundadır. Ona görə də Çinin dövlət sənədlərində qeyd olunduğu kimi Çin "üç addım" proqramının birinci və ikinci mərhələsinin vəzifələrinin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Bu da xalqı "isitmək və doydurmaq" vəzifəsini həll etməyə və əhalinin yaşayış səviyyəsini yüksəltməyi təmin etməyə imkan vermişdir.
Son illər Çində həmin proqramın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bir səviyyəyə çıxmaq məqsədi daşıyan üçüncü mərhələsinin həyata keçirilməsinə başlanmışdır. Ona görə də Çin iqtisadi islahatları bu gün də davam etdirir. Amma hələlik Çində insan hüquqları bütövlükdə yox, onun bir hissəsi-əhalinin güzəranının yaxşılaşdırılması məsələsi prioritet götürülmüşdür.Bu mərhələni müəyyən ardıcıllıqla reallaşdırmaq planlaşdırılır.
Cədvəl
Çinin iqtisadi artım templəri və proqnozlar
Illər İqtisadi artım templəri,faiz
2000 10, 4
2000-2010 10
2011 9,3
2012 7,8
Proqnozlar
2013 8
2010-2020 6,5
2030-cu ilə qədər orta hesabla 5,5
2040-cı ilə qədər orta hesabla 4, 5
2050-ci ilə qədər orta hesabla 3, 5
Məsələn, 2020-ci ilə qədər ÜDM-u 2000-ci ilə müqayisədə 4 dəfə artırmaq nəzərdə tutulur. Sonraqkı illərdə yüksək artım templəri yavaşısa da,bu öz növbəsində ölkənin ümumi qüdrətini və beynəlxalq rəqabət qabiliyyətini xeyli gücləndirəcək və sənayeləşməni həyata keçirməyə, mükəmməl və azad bazar iqtisadiyyatı sistemi yaratmağa, şəhər əhalisinin xüsusi çəkisinin artmasına, sənaye və kənd təsərrüfatı, şəhər və kəndlər, ayrı-ayrı regionlar arasında fərqin dərinləşmə tendensiyasını aradan qaldırmağa, sosial təminat sistemini təkmilləşdirməyə, əhalinin gəlirlərini artırmağa və xalqın rifah halını qaldırmağa kömək edəcəkdir. 2050-ci ilə qədər Çində aşağıdakı strateji məqsədlərə nail olunmalıdır:
- sosial-iqtisadi inkişafın kamilliyə çatması üçün hərtərəfli sosialist modernizasiyanı təmin etmək;
- beynəlxalq arenada ölkənin statusunu əhəmiyyətli dərəcədə artırmaq və dövləti ümumi qüdrətinə görə dünyada birinci yerə çıxarmaq;
- ölkənin, əhalinin adambaşına düşən ÜDM-un həcminə görə orta səviyyəli dövlətlərlə bir sıraya çıxmasını təmin etmək;
- xalq üçün varlı, xoşbəxt həyat yaratmaq;
- ölkəni yüksək maddi, hüquqi və mənəvi sivilizasiya səviyyəsi olan qüdrətli dövlətə çevirmək.
Beləliklə, ABŞ-ın 2008-ci il qlobal maliyyə-iqtisadi böhrandan əvvəlki 3 faizlik artım tempinin bərpası və saxlanılması şəraitində, Çində 2050-ci ilə qədər cədvəldə göstərilən kimi. Rəsmən nəzərdə tutulan ÜDM-in yüksək artım templəri yerinə yetirilərsə, XXI əsrin 30-cu illərinə Çin ÜDM-in həcminə görə ABŞ-a çatmaq,əsrin ortalarına isə ABŞ-ı ötmək iqtidarında olacaq.Bununla belə Çin 2050-ci ildən sonra belə sosial-iqtisadi inkişafın əsas inteqral göstəricisi olan adambaşına ÜDM-ə görə ABŞ-dan və dünyanın digər inkişaf etmiş ölkələrinin göstəricisindən xeyli dərəcədə geri qalmaqda davam edəcəkdir.
Çinin iqtisadi fenomeni geniş şəkildə öyrənilib, tətbiq olunmağa cəhdlər edilsə də, hələlik heç kəs onu dolğun şəkildə öz ölkəsində tətbiq edə bilməmişdir.Çox sadə səbəbə görə: Çin iqtisadi fenomenini nüvəsini bütün parametrlərinə görə öz işgüzarlığı ilə nümunə ola biləcək ÇİNLİ təşkil edir və heç bir ölkədə bu fenomeni yenidən raellaşdırmaqdan örtü lazım olan qədər bu cür çinli (Sinqapur istisna olmaqla) yaşamır.

Əli Məsimli,
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri.

8 Haziran 2013 Cumartesi

Ermənilərin ən çox yaşadığı Amerika ştatı Azərbaycanla bağlı qətnamə qəbul edib



Sənədi Kaliforniya Ştat Senatının bir sıra üzvləri imzalayıblar

Kaliforniya Ştat Senatının bir sıra üzvləri Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 95-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edərək, bu münasibətlə Azərbaycan xalqına öz təbriklərini çatdırıblar. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, 739 saylı qətnamədə Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğu, heç bir ayrı-seçkilik salmadan hamının səsvermə hüququnu, eləcə də hətta ABŞ-dan da öncə qadınların kişilərlə bərabər siyasi hüquqlarını tanıdığı bildirilir.

Həmçinin, ADR-in müstəqilliyinin o dövrün aparıcı demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur və ABŞ prezidenti Vudrou Vilsonun 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşdən xoş təəssüratlarla ayrılması xüsusilə vurğulanır.

Ştat senatorları strateji önəm daşıyan Xəzər bölgəsində yerləşən Azərbaycanı ABŞ-ın güclü müttəfiqi və strateji tərəfdaşı kimi xarakterizə edir və müstəqilliyinin bərpasından ötən son 22 il ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini daha da möhkəmləndirdiyini və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyini qeyd edirlər.

Bundan başqa, beynəlxalq terrorçuluğa qarşı mübarizədə və Əfqanıstanda aparılan əməliyyatlara Azərbaycanın verdiyi töhfələr xüsusi olaraq vurğulanır, Əfqanıstanda Azərbaycan və ABŞ əsgər və zabitlərinin çiyin-çiyinə vuruşduğu diqqətə çatdırılır.

Sonda Azərbaycanın Kaliforniya ştatı ilə bütün sahələrdə münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilir və ölkəmizin 2006-cı ildən etibarən bu ştatda baş konsulluq ilə təmsil olunduğu qeyd olunur.

31 Mayıs 2013 Cuma

Arizona Senatı: Qarabağ Azərbaycan ərazisidir

ABŞ-ın Arizona ştatının ən ali qanunverici orqanı olan Arizona Ştat Senatı mayın 30-da keçirilən plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının dəstəklənməsinə dair qətnamə qəbul edib.Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə daxil olan məlumata görə, senatorlar tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin ABŞ və BMT tərəfindən tanındığı bildirilir.

Həmçinin, 95 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və həmin respublikanın ABŞ da daxil olmaqla bir sıra demokratik dövlətlərdən öncə qadınlara seçki hüququ verdiyi vurğulanır.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın son 22 il ərzində öz suverenliyini və müstəqilliyini gücləndirdiyi və bölgənin ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi bildirilir. Qeyd olunur ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ölkənin böyük Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisidir.

Qətnamədə ABŞ ilə Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara və baxışlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri qurduqları qeyd olunur. Bildirilir ki, Azərbaycan ABŞ-ın Xəzər dənizi kimi çox önəmli bir bölgədə güclü müttəfiqidir. Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi bildirilir. Sonra Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndiirlir. Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələrinə malik olan dünyəvi ölkə olması xüsusilə vurğulanır. Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.

Qeyd edək ki, bu, Arizona qanunvericilik orqanı tərəfindən Azərbaycan barədə qəbul edilən ilk qətnamədir.

Publika.az

“Rusiya Qarabağ münaqişəsinin həllinə məcburi olaraq imza atacaq”

Rusiyanın Azərbaycanda bu ilki seçkilər zamanı hakimiyyət dəyişikliyi edəcəyi ilə bağlı məlumatlar dolaşır. Almaniyanın “Focus” jurnalı da Kremlin belə planının olması barədə yazıb. Jurnalın yazdığına görə, Rusiya FTX-si seçki ərəfəsində bu plan üzərində işləyir. Məlumatlara görə, etnik kartın işə salınması da bu plana daxildir. Baş verənləri və son proseslərdən əldə edilən nəticələri keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.Az-a müsahibəsində şərh edib.

“Rusiya Azərbaycanı öz kolonnasına çevirmək istəyir ki...”

-Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi planı üzərində işlədiyi ilə bağlı məlumatlar yayılır. Prezident seçkiləri öncəsi belə bir ehtimalı necə qiymətləndirirsiniz?
-Bu cür məlumatlar cəfəngiyatdır və daha çox şayiə olaraq yayılır. Rusiya Azərbaycanda necə hakimiyyət dəyişikliyi edə bilər? Azərbaycan müstəqil dövlətdir. Sadəcə olaraq Azərbaycanda böyük dövlətlərin-Qərbin, Rusiyanın maraqları var. Çünki Azərbaycan hər iki tərəf üçün önəmli ölkədir, istər coğrafi, istər enerji, istərsə də bölgədəki layihələr baxımından və s. Hər bir tərəf də öz maraqlarını təmin etmək üçün təzyiqlərini, rıçaqlarını işə salır. Bu baxımdan, son prosesləri Rusiyanın Azərbaycanda maraqlarını təmin etmək üçün təzyiq rıçaqlarını işə saldığı kimi şərh etmək olar. Rusiya Azərbaycanı öz kolonnasına çevirmək istəyir ki, öz təsirini artırsın, gücünü bərpa etsin. Hakimiyyət dəyişikliyindən isə söhbət gedə bilməz.

“Azərbaycana mücahidlər gələ bilər, İslam inqilabı ola bilər”



-Bəs, etnik kartın işə salınmasını, xüsusilə “Sadval”ın fəallaşdırılması ilə bağlı nə düşünürsünüz?
-“Sadval” terrorçu təşkilatdır və Azərbaycanda terror hadisələri törədib. Bu günə qədər müstəqilliyimiz dövründə terror aktları olub. Sonuncu dəfə Neft Akademiyasında terror aktı törətdilər. Bu, terroru törədənlər üçün hansı nəticəni verdi, nə dəyişdi? Nə hakimiyyət dəyişdi, nə də vəziyyət. Sadəcə olaraq günahsız insanların qanı axıdıldı. Amerikada Bostona terrorunda nə dəyişdi? Heç nə. Orda da günahsız insanların qanı töküldü. Yaxud da Azərbaycandan 90-cı illərin əvvəllərində metro partlayışları oldu. O zaman da heç nə dəyişilmədi, sadəcə insanların qanı axıdıldı. Hesab edirəm ki, nə “Sadval”, nə də başqa terror təşkilatları tarixin gedişinə təsir edə bilməzlər. Tarix irəliləyir, qabağa gedir. 20-ci ildə vəziyyət bir cür idi, 40-cı illərdə başqa idi, 90-cu illərdə tamam başqa. 1917-ci ildə çar imperiyası çökdü. 1991-ci ildə kommunizm imperiyası çökdü. Tarixi hadisələrin qarşısını heç nə ala bilmir. Yenə deyirəm, Azərbaycan özünün coğrafi vəziyyətinə görə böyük dövlətlər üçün böyük əhəmiyyət edir. Mən arzu edərdim ki, Azərbaycanda bütün proseslər sülh məcrasında keçsin və bu kimi hadisələrlə Azərbaycana, xalqa təhlükə olmasın. Bu cür informasiyalar cəfəngiyatdır. Deyirlər, Azərbaycana mücahidlər gələ bilər, nə bilim islam inqilabı ola bilər. Bunlar şayiələrdir.

“Rusiya ABŞ qarşısında geri çəkilir”

-Belə ehtimallar var ki, ABŞ Yaxın Şərq böhranına görə Gürcüstanda Rusiyaya güzəştə gedib. Bu da Rusiyanın Azərbaycan üzərinə yeriməsinə stimul verib.
-Hesab edirəm ki, ABŞ heç vaxt Rusiyaya güzəştə getməz. Gürcüstandakı dəyişiklik ABŞ-ın maraqları çərçivəsindədir. İvanişvilinin dəfələrlə verdiyi bəyanatlar bunu sübut edir. Belə ki, Gürcüstan gələn il NATO-ya daxil olacaq, Avropa İttifaqına inteqraə edəcək, bununla yanaşı Rusiya ilə dost əlaqələrini inkişaf etdirmək, ticarət və iqtisadi əlaqələrini bərpa etmək istəyir. Burda Rusiyaya heç bir güzəşt yoxdur. Əksinə Rusiya ABŞ qarşısında geri çəkilir. Çünki Abxaziyanı işğal edəndən sonra Gürcüstana əl vura bilmədi və Qərbin maraqları tam təmin olundu. Gürcüstan vacib koridordur. Bütün Xəzər hövzəsinin enerjisi bu ölkənin üzərindən Türkiyəyə, oradan da Qərbə gedir və gələcəkdə də gedəcək, sayı artacaqdır. Bölgədə TANAP, BTC və digər layihələr var. Rusiya bunların heç birinə toxunmağa cəsarət etmir və etməyəcək də.

“Ermənistanın ağzı nədir müharibə etsin”

-Son günlər diqqət çəkən digər bir məqam, Azərbaycanda seçki ərəfəsində Dağlıq Qarabağda qısa müddətli olsa da müharibə yarana biləcəyi ilə bağlı proqnozların verilməsidir. Hadisələrin sonu bunu göstərirmi?
-Nə Ermənistan, nə də Azərbaycan tərəfi özbaşına deyil. Bunu başa düşmək lazımdır. Ermənistan müharibədə ümumiyyətlə maraqlı deyil. Azərbaycan torpaqlarını işğal edən Ermənistan deyil, Rusiyadır və Rusiyanın maraqları neçə illərdir ki, Ermənistanın milli maraqlarını zərbə altına qoyub. Buna görə də, Ermənistan inkişaf etmir, müharibə vəziyyətindədir. Azərbaycan neftinin, qazının sayəsində inkişaf edib. Amma Ermənistan əhalisinin yarısından çoxu artıq ölkədən qaçıb.

Bu yaxınlarda daha 50 min erməni qaçdı və bunun sayı artmaqdadır. Bir neçə ildən sonra Ermənistan əhalisinin sayı 500 minə düşəcək. Bu baxımdan, Ermənistan dəhşətli vəziyyətdədir. Bu ölkəyə müharibə lazım deyil. Ermənistanın ağzı nədir müharibə etsin. Müharibəni Rusiya edə bilər, bu, başqa məsələdir. Amma gərək Rusiya müharibəni Amerika ilə etsin. Çünki burdakı maraqlar Amerikanın maraqlarıdır. Əgər Rusiya o tərəfdən çəkilsə, ABŞ-da bu tərəfdən, o zaman Ermənistan Azərbaycanla həmin an sülhə imza ataraq qardaş olacaq. Burda böyük qüvvələrin maraqları var və onlar əsasdır. Bunu etiraf etmək lazımdır. Amerikanın maraqları Azərbaycanın xeyrinədir. Çünki ABŞ tezliklə sülhün yaranmasının tərəfdarıdır. Rusiya isə başa düşür ki, Ermənistanı saxlamaq ona ağırdır. Sadəcə olaraq, Ermənistanın xərclərini, silahlandırılmasını ona görə üzərinə götürür ki, heç vaxt Cənubi Qafqazda maraqlarına nail ola bilməmişdi. Belə ki, neft sazişləri imzalandı, BTC boru kəməri çəkildi, həmçinin digər layihələr reallaşdı.

Azərbaycan artıq Amerikanın təsir zonasıdır, bu açıq-aydındır. Hesab edirəm ki, Rusiya Amerikanın təsiri altında Qarabağ konfliktinin həllinə məcburi olaraq imza atacaq. Üstəlik, erməniləri saxlamağa artıq Rusiyanın imkanları yoxdur. Ona görə də hesab edirəm ki, Ermənistanın, yaxud Azərbaycanın müharibə edəcəyi məsələsi nağıldır.

Asif Nərimanlı

26 Mayıs 2013 Pazar

QAFQAZ İSLAM ORDUSUNUN AZƏRBAYCANA GƏLİŞİNDƏN 95 İL ÖTÜR

                                   

Anadoludan Qafqazlara zəfərlə yürüyən general - NURU PAŞA !

22 Mayıs 2013 Çarşamba

“Mən zəng edib Ceyranın vəziyyətini ailəsinə deyəndə..”




Eluca Atalı ( Hüseynova Mədinə İxtiyar qızı ) 1966-cı il 19 noyabrdaAzərbaycan Respublikasının Neftçala rayon, Xolqaraqaşlı kəndində doğulub.Vətənində heç bir ictimai-siyasi təşkilatın üzvi deyil. İsveç Qırmızı Xaçında ideoloq kimi fəaliyyət göstərir, bir neçə bədii əsərin və elmi monoqrafiyanın müəllifidir. Bundan əlavə ictimai-siyasi mövzuda məqalələrlə mətbuatda müntəzəm çıxış edir. Cənubi Azərbaycan milli azadlıq hərəkatından bəhs edən və onun ssenarisi əsasında hazırlanmış çoxlu sayda video filmləri də müntəzəm saytlarda, Yuotube-də yayımlanır.
Hal-hazırda İsveçdə yaşayır, evlidir, işləyir, bədii yaradıcılıq və jurnalistika ilə məşğuldur.


-Yaşadığınız ölkədə hansı təşkilatda və qrumda çalışırsız?
İsveç Qırmızı Xaçında ideoloq kimi fəaliyyət göstərirəm, darda olan insanlara təmənansız xidmət bu beynəlxalq təşkilatın əsas iş prinsipini təşkil etdiyi üçün burda öz enerjimi sərf etməkdən yorulmuram. İsveçdə fəaliyyət göstərən heç bir Azərbaycan təşkilat və cəmiyyətinin üzvi deyiləm, amma Azərbaycan üçün təmənnasız iş görənləri həmişə dəstəkləmişəm və belələrinin sırasında durmağı özümə şərəf bilirəm.

-Cənubi Azərbaycan mövzusu Avropa ədəbiyyatında necə əks olunur? 
-Əvvəlcədən deyim ki, sualınızı təəssüf hissi ilə qarşılayıram. Cənubi Azərbaycan mövzusunu Avropa ədəbiyyatında axtarmaq eşqinə düşsək, məyus olarıq, həm də çox məyus olarıq! Bu mövzu özümüzdə nə dərəcədə ədəbiyyatlaşıb, yəni bədii həllini tapıb, birinci növbədə gərək bunu təhlil  edək, sonra keçək özgələrə. Sizi tam əmin edirəm ki, avropalılar bu mövzuya iynənin ucu boyda belə rast gəlməyiblər. Sözsüz ki, bunun günahını onlarda axtarmalı deyilik ki, niyə oxumayıblar? Özümüzdən soruşmalıyıq ki, niyə bu böyüklükdə problemimiz, birinci növbədə Milli Hökümətimizin vəhşicəsinə, silah gücünə dağıdılması, 50 min azərbaycanlının edam edilməsi (Demokratik hökümət devrilərkən) niyə ədəbiyaytda qədərincə yerin almayıb?

Keçən il bir kitab oxudum, əslən fars olan qadın haqları müdafiəçisi Parvin Ardalanın ”Bir qadın görmüsən” (Har du sett en kvinna) adlı kitabı idi. O, İran zindanlarındakı qadınların vəziyyətindən bəhs açdığı yerdə bir abzas zindandakı türk Ceyran adlı qadının ölüm hökmü almasından deyir və təəssüf ürək yanğısı ilə təsvir edir ki, qardaşları, əri rejimdən qorxduğu üçün o qadını qəti müdafiə etmədilər. ”Mən zəng edib Ceyranın zindandakı vəziyyətin ailəsinə deyəndə onlar susdu, ikinci dəfə onlara zəng edəndə isə mənə qəti cavab vermədilər...” Bundan savayı mən hələ ki, Cənub dərdinə Avropada çap olunan hansısa kitabda rast gəlməmişəm.
Amma son həftələrin birində İsveçin məşhur, çox oxunan “Aftobladet” qəzetində Cənubi Azərbaycan, Təbrizin “Traktor” futbol komandası və milli problemlərimizdən bəhs edən böyük bir məqalə çap olunmuşdu, “Traktor” komandasının fotoları ilə birgə. Və həm də deməliyəm ki, bu yazıya hədsiz çox şərhlərdə də yazılmışdı.

-Avropa ədəbiyyatında Cənubi Azərbaycan məsələsin necə təsvir etmək lazımdır?
-Mən belə düşünürəm, ilk növbədə Cənubi Azərbaycanın ictimai-siyasi həyatı güneylilərin məişəti ilə birgə təhlil olunaraq ədəbiyyata gətirilməlidir. Bu daha oxunaqlı və inandırıcı olar. Ədəbiyyat bu səviyyədə verilərsə, oxucuya doğma təsiri bağışlayar, oxucu onu oxumağa maraq göstərər. Hardasa, əfqan yazıçısı Xalid Hüseynin “Çərpələng uçuranlar”, “Min möhtəməş günəşlər” romanları səviyyəsində. Niyə bu romanlar dünyada ən çox oxunan əsərlər sırasındadır? Çünki müəllif əfqan həyatını bütün detallarına qədər açıb, ona görə də əsərə siyasi roman kimi yanaşmırsan, insanın taleyini düşünürsən, siyasətin insan mənəviyyatı ilə üst-üstə düşmədiyi sənin gözlərin önündə təsvir olunur. Nəsrdə təsvir mənaya xidmət edir. Adi halda ərini öldürmüş qadına nifrət edərsən. Amma bu romanda qadın ömrünü onun əlindən almış kişi ağalığına, o ağalığa bəraət qazandıran cəmiyyətə nifrət etdiyindən qadının ərini öldürməsini az qala qəhrəmanlıq sayırsan. İnsan ölümüdür, amma ölənçün ağlaya bilmirsən, diri üçün ağlayırsan. Çünki o dirinin ölüdən heç bir fərqi yoxdur, öz ömrünə hakim ola bilmir. Bax, biz bu səviyyədə ədəbiyyat yaratmalıyıq ki, Güneydə 40 milyon öz ömrünü yaşaya bilmir.

İkinci, Cənubi Azərbaycandakı tarixi hadisələr, lap tutaq, son Azərbaycan tarixində olmuş möhtəşəm hadisəni 22 Mayı bədiiyyat  vasitəsi ilə təsvir etmək lazımdır. Niyə bu hadisə oldu? Səbəb tək millətin təhqiri idimi? Yox, səbəbə  qədər gələn yolu açmalıyıq. Bu millətin dövlət qurmaq istedadı göstərilməlidir, Milli hökumətin silah gücünə öz qanına qəltən olunması, dövlətin nazirlərinin ictimai yerdə boğazından asılması, 50 min adamın edamı, qadın müəllimlərinin saçlarından asılması və s. Millətə qarşı olmuş nahaqq hadisələr idi ki, kin-küdurət şəklində yığılıb bir təhqirlə üzə çıxdı. Yoxdan var yaranmır, var var ki, onun üzərində nəsə əmələ gəlir. Var olan bünövrədi, elə bizim Milli Hökumət kimi. O vardı və ona görə də xalq boyunduruğa dözmur. Bir xalqın dövlət qurması onun siyasi savadından, istedadından və təşkilatçılıq qabiliyyətindən xəbər verir. Təəssüf ki, biz hələ də bu qədər xəbəri, kimliyimizi ədəbiyyat vasitəsi ilə çatdıra bilməmişik.

-Cənub ədəbiyyatı hazırda hansı mərhələdə yaşayır?
-Duyğulu dövrünü! Sizin sualın qısa cavabı belədir, amma bilirəm uzun izahat da istəyəcəksiniz, ona görə də deyirəm: bir ədəbiyyatın ki, nəsri inkişaf etməyib, onda onun hansı yüksək səviyyəsindən söz açmaq olar. Bəri başdan deyim ki, bu məni çox ağrıdır. Niyə mənim millətimin böyük bir hissəsinin- 40 milyonunun  dəyərli ədəbiyyat  yaradıb üzə çıxarmağa gücü olmaya? Nəsrin yaranması üçün dil inkişaf etməlidir, sözsüz ki, yazılı dil. Hamımıza da bəllidir ki, orda ana dilində təhsil olmadığından millət öz ana dilində bülbül kimi ötsə də, lakin bu dili yazıya köçürəndə tam mənası ilə alınmır. Yazıçı gərək yazdığı dildəki sözün bütün çalarlarını yazılı dildə işlətməyi bacarsın, çünki söz yazıda əsas alətdır. Necə ki, ustalar deyil, alət əlimə yatmalıdır, eləcə də yazıçı sözün bütün incəliyinə bələd olmalıdır. Anadilli təhsil olmadığı üçün bu hələ də alınmır.
Bu dəqiqə güneydə yazıb-yaradan istedadlı gənclər çoxdu, əsərlərini sevə-sevə oxuyuram. Amma məni tam qane edən indi zindanda olan zəncanlı şair Huşəng Cəfəridir. O, mübarizənin hədəfin, millətin döyüş ruhun nəzmdə verə bilir. Verə bildiyinə görə də zindandadır. Güldən-bülbüldən yazsaydı, əli cibində Zəncan küçələrində azad gəzərdi.  

-Cənublu-şimallı Azərbaycanın bölünməsini Qərb ədəbiyyatında necə təbliğ etməliyik?
-Düşünürəm, bu sualınıza müəyyən qədər cavab verdim. Sözsüz ki, bunu tarixi roman səviyyəsində çatdırmalıyıq, hardasa Viktor Hüqonun ”93-cü il” romanı səviyyəsində dövrün ictimai-siyasi hadisələri təhlil olunarsa, dərdimiz bizimkilikdən çıxar. Sizə sadə bir hadisə danışacam, keçən il biz İsveçdə Azərbaycan mədəniyyət gecəsi keçirirdik. Proqrama nələr salmaq istədiyimizi deyəndə, isveçli təşkilatçının bizə bir sözü oldu: ”Siyasi məsələlər olmasın, çünki burda ermənilər, farslar var, çoxmillətli şəhərdi, siyasi məsələlərə yol verməyə izin yoxdur.” O zaman biz  Güneylə Quzeyin bölünməsindən bəhs edən 5 dəqiqəlik  sənədli musiqili film hazırladıq. Həmin gecədə böyük ekranda nümayiş olundu, çox millətin nümayəndəsi vardı, heç kim də inkar edə bilmədi bunu. Əksinə gözəl təbliğat oldu, ondan sonra dəfələrlə niyə iki Azərbaycan var deyib, bizdən sual edirlər. Bu hadisənin özü onlara maraqlı gəlir, bizim üçün dərddi, onlar üçün maraqlı nağıl. Bax, hadisəni nağılvari, şirin formada onlara danış, qoy beyinlərində həll olunsun. Əslində elə siyasət budur, istədiyimizi çatdırdıq, amma onun qoyduğu şərt əsasında. Yəni mədəniyyət formasında problemimiz deyildi.

-Uzaqdan Azərbaycan necə görünür?
Çox geniş cavab veriləsi sualdır, amma qısa deyəcəm, şahmat taxtası kimi görünür. Ağ-qara xanaları bərabərdir, hərdən üzərinə boz duman da gəlir. Bir az bədii oldu cavabım, lakin əminəm ki, anladınız. Güman edirəm, bir yazardan bu növ cavab almaq adi haldır. İnanıram ki, bu müsahibəni oxuyan oxucularım da nə demək istədiyimi tutdular. Mühacirətdə olan bizlərin günü isə o şahmat taxtasının üzərindəki dumanı qovmaqla keçir.


Sübhan Ələkbəroğlu
Publika.az

10 Mayıs 2013 Cuma

"CƏNUBİ QAFQAZLA BAĞLI CİDDİ MÜZAKİRƏLƏR GEDİR"



ABŞ dövlət katibi Con Kerrinin Rusiyaya səfəri bu gün dünyanın bir nömrəli müzakirə mövzularından sayılır. Ekspertlərin səfərin yekunlarına dair fikirləri müxtəlifdir. Bəziləri iki dövlət arasındakı gərginliyə bu səfərlə son qoymağın mümkün olmadığını düşünsə də, digərləri Kerrinin səfərinin bir sıra geosiyasi razılaşmalara gətirib çıxaracağını hesab edir.  Politoloq Vəfa Quluzadəyə də ilk sualımız məhz səfərin yekunlarını necə proqnozladırdığı ilə bağlı oldu:

- Əslində bu səfərin yekunlarını dünyada baş verənlərə diqqət yetirərək əvvəlcədən proqnozlaşdırmaq olardı. Rusiya artıq super dövlət deyil, amma böyük regional bir dövlətdir. Ona görə Rusiya ilə ABŞ ümumdünya problemlərində dil tapmağı bacarmalı idilər. Hazırda Rusiya ABŞ-a Əfqanıstanda kömək edir. Indi məlum olur ki, Rusiya ilə ABŞ Iran, Suriya və Hizbullaha qarşı da birgə mövqelərdən çıxış edəcəklər. Artıq Suriya ilə bağlı razılıq əldə olunub. Çünki Suriya Israil üçün bir dövlət kimi təhlükə baxımından sıradan çıxıb. Gələcək Suriya dövləti Qərbyönlü və Israil ilə sülh bağlayacaq bir dövlət olacaq. Rusiya Iran və Koreya məsələsində də belə görünür ki, ABŞ-la eyni mövqedən çıxış edəcəkdir. Şimali Qafqazda Amerika nümayiş etdirdi ki, Rusiyanı möhkəm narahat edə bilər. Şimali Qafqazın maliyyələşdirilməsi Rusiya dövlətini parçalaya bilərdi. ABŞ hələlik bu siyasətini dayandırıb. Eyni zamanda xaricdə olan çeçenlərə və dağıstanlılara münasibət dəyişir. Məsələn, bir neçə gün qabaq Dudayevin oğlu Latviyada həbs olunub. Həbsin səbəbi onun rus kəşfiyyatından qaçan çeçenlərin xarici ölkələrə səfər edə bilmələri üçün Latviya pasportları aparması olub. O indiyə qədər niyə tutulmurdu? Çünki artıq siyasət dəyişib. Bundan başqa Kerri və Obama Bostondakı partlayışın araşdırılmasına, Rusiya kəşfiyyatının yardımlarına görə Putinə təşəkkür etdilər. Belə görünür ki, ABŞ Şimali Qafqazdan tamamilə çəkilir və dəstək verdiyi qüvvələr bundan sonra bu dayaqdan məhrum olacaqlar. Rusiya Şimali Qafqazda artıq öz siyasətini yürüdə biləcək. Cənubi Qafqazda isə ABŞ, Türkiyə və Rusiyanın maraqları birgə  təmin ediləcək.

- ABŞ-la Rusiya arasında Azərbaycanla bağlı hansı danışıqlar aparıla bilər?

- Hazırda Cənubi Qafqazla da bağlı ciddi müzakirələr gedir. Mətbuatda tez-tez belə fikirlər səslənir ki, vaxtıyla Azərbaycanın hazırkı hakimiyyəti iqtidara gələndə ABŞ, Türkiyə və Rusiya onu dəstəkləyib. Indi bu üç dövlət aralarında kompromat müharibəsinə başlayıblar. Istisna deyil ki, Cənubi Qafqazla bağlı ABŞ-la Rusiya bir razılığa gələcəklər. Bu razılaşma belə ola bilər ki, regionumuzda Türkiyə, ABŞ və Rusiyanın milli maraqları təmin edilsin. Yəni bu üç dövlətdən heç biri təkbaşına Cənubi Qafqaza nəzarət etməyəcəklər. Proseslərin sonrakı gedişini izləmək lazımdır. Hələlik baş verənlərin konkret nəylə  bitəcəyini söyləmək olmaz.

- Iran ətrafında maraqlı proseslər baş verməkdədir. Iran bu günlərdə fars körfəzində hərbi təlimlər keçirib. Eyni  zonada ABŞ da 41 ölkənin iştirakı ilə təlimlər reallaşdırıb. Baş verən prosesləri necə dəyərləndirirsiniz?

- Bu, sözsüz ki, güc qarşıdurmasıdır. ABŞ Irana öz gücünü göstərir. Iran isə addımları ilə döyüşsüz təslim olmayacağını bəyan edir. Bu iki dövlət arasında vəziyyət kövrək olaraq qalır. Digər tərəfdən Iranla müharibə başlasa, bu region üçün böyük fəsad gətirəcək. Baş verə biləcəklərdən ən çox ziyan çəkən Azərbaycan ola bilər. Bir müddət əvvəl Rusiyanın Şimali Qafqaza qoşun yığmasının şahidi olduq. Rusiyanın narahatçılığının bir qismi də Iran ətrafında baş verənlərə yönəlmişdi. Bu müharibədə nüvə silahından belə istifadə oluna bilər. Ona görə hazırda Kerri ilə Lavrovun, daha sonra isə Putinlə Obamanın danışıqları önəmlidir. Iranın taleyi bu danışıqlardan asılı olacaq.

- Regionumuzda baş verən maraqlı proseslərdən biri də Azərbaycanla Iran ətrafında baş verənlərdir. Ramiz Mehdiyevin Irana səfəri və orada Qərb əleyhinə bəyanatlar verməsindən dərhal sonra azərbacanlı alim həbs olundu. Bu bir təsadüf idimi? Iran bu addımları ilə hansı  mesajları vermək istəyir?

- Azərbaycanla Iran və ya Qərb əlaqələri rəsmi Bakıdan asılı deyil. Azərbaycan hakimiyyəti hazırda iqtidarda qalması uğrunda mübarizə aparır. Ona görə bu vəziyyəti görən və bilən Iran Azərbaycanın səmimiliyinə inanmır. Iran anlayır ki, Azərbaycan hazırda Tehranı neytrallaşdırmağa çalışır. Eyni zamanda Qərb, ABŞ, Rusiya Azərbaycanın hansı oyun apardığını və nəyin uğrunda mübarizəyə girişdiyini gözəl bilir. Bəlkə də bu dövlətlər öz planlarında regionun gələcəyini yazıb və ortalığa qoyublar. Sadəcə olaraq biz  bu planı hələlik oxuya bilmirik. Biz deyure müstəqilik, amma defakto görün neçə qüvvədən asılıyıq. Azərbaycanın yerləşdiyi region olduqca həssasdır. Ona görə Azərbaycan tarixdə çox əzablar görüb. Yalnız Rəsulzadənin dövründə Azərbaycan qısa müddət müstəqil olub. Bundan əvvələr Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olub.

- Ümumiyyətlə, Azərbaycanın konfidensial danışıqlarının mətbuata çıxarılması Ramiz Mehdiyevin səfərində olduğu kimi Elmar Məmmədyarovun Israilə səfəri zamanı da baş vermişdi. Düzdür, Azərbaycan tərəfi Iran mətbuatının yazdıqlarını sonradan təkzib etdi. Amma bununla belə bu halların dəfələrlə təkrarlanması nəyin görsənişidir?

- Bu tendensiya xarici dövlətlərin bizimlə hesablaşmamağını göstərir. Iran bizimlə hesablaşmır və Azərbaycanın tam anti-Qərb siyasətinin mümkünlüyünə inanmır. Israilə gəlincə isə Tel-Əviv Azərbaycandan tam istifadə etmək niyyətindədir. Israil Azərbaycanın Iranla normal münasibətlərdə olmasını istəmir. Israilin marağındadır ki, Iranla rəsmi Bakının münasibətləri gərgin olsun. Bu Azərbaycanın deyil, Israilin marağıdır. Indi baxın Azərbaycan maraqlarına nə dərəcədə sahib çıxa bilir.

- Saakaşvili Azərbaycana budəfəki səfərində də Rusiyanın ünvanına sərt bəyanatlar səsləndirdi. Ötən səfəri zamanı səsləndirdiyi fikirlər hakimiyyətin böyük narahatlığına səbəb olmuşdu. Sizcə, Gürcüstan prezidentinin bu israrı nədən xəbər verir? Nədən o, hər dəfə məhz Azərbaycandan Rusiyaya mesajlar ünvanlayır?

- Saakaşvili Amerikanın əleyhinə bəyanatlar verməyə qorxur. Saakaşvilinin hakimiyyətdən getməsində ABŞ-ın rolu oldu. Bunun da öz səbəbləri var idi. Bu məsələdə Rusiya ilə  ABŞ-ın mövqeyi üst-üstə düşdü. Saakaşvili sadəcə olaraq əvvəlki siyasi kursuna uyğun olaraq Rusiyanı hədəf alır  və Moskvanın əleyhinə bəyanatlar verir.

- Ərdoğan Bəşər Əsədi qəssab prezident adlandırıb və bildirib ki, Əsədin ölümü əzablı olacaq. Ərdoğan Əsədin Qəddafinin taleyini yaşayacağını düşündüyünü də gizlətməyib. Regionun nüfuzlu dövləti tərəfindən belə bir sərt  açıqlama necə yozulmalıdır?

- Ərdoğan çox haqlı olaraq Əsədi qəssab adlandırıb. Əsədin oynadığı siyasi oyun suriyalıların həyatı bahasına baş verir. Əsəd gərək əvvəlcədən anlayardı ki, Qərb onun hakimiyyətinin getməsini istəyir və Rusiya ilə Çin onu iqtidarda saxlaya bilməz. Rusiyaya gəldikdə isə dərin düşündükdə Moskvanın maraqları Əsədlə deyil, ABŞ-la üst-üstə düşür. Əgər Rusiya keçmiş sovet ittifaqı olsaydı, sona qədər Əsədin arxasında dayanardı. Amma Əsəd onu hesaba almayıb ki, SSRI çöküb. Əsəd hələ də bu reallığı başa düşməyib.  Əsəd hazırda nə qədər qəribə də olsa, Rusiya və Irana arxalanaraq, xalqı qırğına verir.

- Maraqlı proses ondan ibarətdir ki, diktatorlar bir-birinin ardınca hakimiyyətdən getsələr də, heç biri sələfindən nümunə götürmür. Hər bir diktator sona qədər dəyişikliklərə müqavimət göstərir və Qərbə qarşı bəyanatlar səsləndirir?

- Son zamanlar devrilən diktatorlardan Hüsnü Mübarəki ayırmaq lazımdır. Çünki o, Qəddafi və hazırda Əsəd kimi qan tökməyib. Hüsnü Mübarəkin situasiyasında ABŞ əvvəlcə onun hakimiyyətdə qalmasında maraqlı idi. Amma sonradan ölkədə stabilliyə təhlükə yarandığından başqa yol tutuldu. Misirdə elə vəziyyət yarandı ki, hakimiyyəti güc yolu ilə saxlamaq mümkün olmadı. Ona görə ABŞ “müsəlman qardaşları” ilə əməkdaşlıq etdi. Liviyada isə durum tam başqa cür idi. Qəddafi vaxtı ilə ABŞ-ın sərnişin təyyarəsini vuran zaman buna görə nə zamansa cavab verəcəyini bilməli idi. Qəddafi ABŞ-la bir müddət əməkdaşlıq etsə də, onun yürütdüyü siyasət sonunun bu cür olmasına gətirib çıxardı.

- Diktatorların zamanında reallıqları anlaya bilməməsi və sona qədər mübarizə aparmaq niyyəti nədən irəli gəlir?

- Görünür diktatorlar da “ümid sonuncu ölür” prinsipini əsas götürürlər. Onlar ümid edirlər ki, hakimiyyətdə qalacaqlar. Bu avtoritarların, diktatorların xislətidir.

- Azərbaycan kifayət qədər gərgin bir dönəmə qədəm qoyur. Beynəlxalq təşkilatlar Azərbaycanda ölkədə real islahatlar keçirilməsini tələb edirlər. ABŞ Dövlət Departametinin son hesabatında, dövlət katibinin müavini Melianın, Avropa Birliyinin komissarı Fülenin səfəri zamanı Azərbaycan  sərt tənqid olunub. Son zamanlar Azərbaycana beynəlxalq diqqətin artması hansı perspektivlər vəd edir?

- Azərbaycan daxilində siyasi qüvvələr anlaşıqlıq göstərməlidirlər. Bu bir reallıqdır ki, Azərbaycanda xarici qüvvələrin razılığı olmadan qalmaq mümkün deyil. Ona görə bu xarici faktorlar nəzərə alınmalı və onlarla uzlaşılmalıdır. Əsas odur ki, ölkədə stabilik olsun və seçkilər də normal şəraitdə keçirilsin.

 - ABŞ səfiri mətbuata açıqlamasında Qarabağ probleminin həllinə dair müəyyən fikirlərlə çıxış edib. O, bildirib ki, dövlətlər problemin həllində razılığa gəlməlidirlər. Eyni zamanda səfir “xalq diplomatiyasının” aktivləşdirilməsinə də eyham vurub. Bu mövqeyi necə qiymətləndirmək olar?

- Bəlkə də indiki mərhələdə “xalq diplomatiyasına” ehtiyac var. Çünki ermənilərin də danışıqlar prosesində və davranışlarında müəyyən dəyişikliklər var. Məsələn, ermənilər bir jest edərək bu il Şuşada hərbi parad keçirmədilər. Bəlkə də erməniləri başa salıblar ki, danışıqlar yolu ilə problemi həll etmək olar. Rusiya ilə ABŞ-ın əməkdaşlığı Qarabağ problemini hazırkı mərhələdə həll edə bilər. Mən bunu mətbuata heç zaman deməmişəm. 1999-cu ildə biz Ermənistanla saziş imzalamağa yaxın olarkən, bu təşəbbüsün arxasında ABŞ dayanmamışdı. Bu, Azərbaycanın təşəbbüsü idi. O zamankı dövlət katibi Madlen Olbraytla əlaqə saxlasaq da, o münaqişə tərəflərinin danışıqlarında iştirak etmədi. Nəticədə Ermənistan parlamentində atışma baş verdi və danışıqlar Rusiya tərəfindən pozuldu. Amma hazırda danışıqlarda ABŞ aktiv mövqe nümayiş  etdirir və bu müəyyən ümidlər yaradır.

azadliq.info