Translate

6 Mayıs 2013 Pazartesi

İKİLİ STANDARTLAR VƏ QARABAĞ MÜNAQİŞƏSİ



Keçən həftə tez-tez müşahidə etdiyimiz hadisələrdən daha biri baş verdi. Söhbət demokratik dəyərləri və beynəlxalq hüququn “tərəfdarı” olan avropalı parlamentarilərin “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanla görüşməsindən gedir. Amma Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvləri ilə görüş Xankəndində deyil, qondarma qurumun İrəvandakı “nümayəndəliyi”ndə baş tutmuşdu. Nümayəndə heyəti sonradan Dağlıq Qarabağa da baş çəkib.

Dağlıq Qarabağla Cənubi Osetiya və Abxaziyanın fərqi nədir?

“Armtoday”ın yazdığına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi, regional proseslər və “DQR” ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivləri müzakirə edilib. B.Saakyan Avropa İttifaqı ilə münasibətlərin inkişafının, Avropanın müxtəlif qurumlarla, o cümlədən Avropa Parlamenti ilə əlaqələrin dərinləşdirilməsinin qondarma qurumun “xarici siyasəti”ndə əhəmiyyətli istiqamətlərdən biri olduğunu qeyd edib. Hər iki tərəf bu istiqamətdə iş aparmaq üçün zəruri imkanlardan yararlanmağın əhəmiyyətini vurğulayıb. “DQR” ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivləri”nın müzakirə edilməsi əslində seperatçıları dəstəkləmək anlamına gəlmirmi? Əlbəttə ki!

Adını demək olar ki, hər gün çəkdiyimiz Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Aİ, Avropa Şurası, İslam Konfransı Təşkilatı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu bəyan edib. Dünyada sülh və sabitliyin qorunması üçün əsas qurum hesab olunan BMT-nin Təhlükəsizlik Şuranının dörd qətnaməsi münaqişədə kimin haqlı olduğunu açıq şəkildə ortaya qoyur. Üzlərini beynəlxalq hüququn “tərəfdarı” kimi təqdim edən avropalılar, ümumilikdə Qərb yaxşı yaxşı başa düşür ki, separatçılarla istənilən görüş onların dəstəklənməsi anlamına gəlir. Təasadüfi deyil ki, Dağlıq Qarabağdakı seperatçı rejim də bu kimi nümayəndə heyətlərinin işğal olunmuş bölgəyə səfərlərindən istifadə edir və “müstəqil ölkə” görüntüsünü yaratmağa çalşırlar.

Qonşumuz Gürcüstanın da torpağı işğal olunub. Dağlıq Qarabağdan fərqli olaraq Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən, həmçinin Moskvanın təzyiqi ilə bir neçə ölkə tərəfindən tanınıb. Təbii ki, dünya birliyi bu tanınmanı qəbul etmək istəmir. O da məlumdur ki, Dağlıq Qarabağ ilə Cənubi Osetiya və Abxaziyanın işğalına Qərbin münasibəti eyni deyil. Məsələ burasındadır ki, Abxaziya və Cənubi Osetiyaya Avropa Parlamentinin, yaxud da digər beynəlxalq təşkilatların üzvləri səfər etmir, seperatçıların rəhbərliyi ilə görüşmürlər. Yaxud da hansısa ölkə parlamentinin deputatları Dağlıq Qarabağdan fərqli olaraq Cənubi Osetiya və Abxaziya parlamentlərinin üzvləri ilə dostluq qrupu yaratmırlar. Elə isə Dağlıq Qarabağ münaqişəsi ilə Cənubi Osetiya və Abxaziya münaqişələri arasında hansı fərq var? Hər iki halda ortada işğal faktı var və işğalın arxasındakı ölkələr də məlumdur. Təbii ki, məsələ xristian təəssübkeşliyindədir.

Dağlıq Qarabağ münaqişəsində islamafobiya amili...

Yenə də Gürcüstan nümunəsində, eləcə də yaxın tarixin bir sıra hadisələrində bu məsələyə diqqət yetirmək istəyirik. Əminliklə söyləmək olar ki, Abxaziya və Cənubi Osetiya xristian ölkəsi olan Rusiya tərəfindən deyil, hansısa müsəlman ölkəsi tərəfindən işğal olunsaydı, Gürcüstanın ərazisi çoxdan işğaldan azad olunmuşdu. Gürcüstan məsələsində Rusiya amili ortada olduğundan məsələnin mahiyyəti bir qədər dəyişir. 1990-cı ildə Küveytin İraq tərəfindən işğalını yada salaq. 1991-ci ildə Bəsrə körfəzi müharibəsinin gedişində koalisiya qoşunları (NATO ordusu və Bəsrə körfəzi sahili dövlərlərin ordusu) tərəfindən İraq orduları məğlub edilir və Küveyt azad olunur. Təbii ki, hücum barədə BMT Təhlükəsizlik Şurası sanksiya vermişdi. NATO-ya qarşı qoyulacaq hər hansı bir iddia da yox idi. Çünki, ortada işğal faktı var idi və bu faktı aradan qaldırmaq lazım idi. Amma İraqın yerində Fransa, yaxud İngiltərə olsaydı, BMT-nin yenə də eyni qərarı verəcəyini gözləmək olardımı? İki il öncə isə Liviyaya hərbi müdaxilə barəsində BMT Təhlükəsizlik Şurasının qətnaməsi də saatlar sonra icra edilməyə başlanıldı. İndiki halda Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisi Ermənistan tərəfindən işğal olunubsa və işğal faktının aradan qaldırılmasını BMT Təhlükəszilik Şurası 4 qətnaməsi ilə tələb edirsə, qətnamələr niyə yetirilmir. Qərbdə inkarolunmaz bir xristian təəssübkeşliyi var və Dağlıq Qarabağ münaqişəsində də, xristian nümayəndə heyətlərinin Dağlıq Qarabağa səfərlərində də özünü göstərir.

İkili standartlar Qarabağ münaqişəsinin həllinə imkan vermir

Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə olan əsas amil kimi ikili standartların tətbiq olunduğu da rəsmi Bakı tərəfindən dilə gətirilib. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə beynəlxalq təşkilatları Qarabağ münaqişəsilə bağlı ikili standartlarla işləməkdə ittiham edib. Həmin çıxışlardan birini yada salaq:"BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın işğalı ilə bağlı dörd qətnamə qəbul edib. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar var. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan vermir".

Təəssüf doğuran məqam odur ki, bəzi Qərb dövlətləri, xüsusilə, ATƏT-ə üzv olan dövlətlər, beynəlxalq təşkilatlar, elə həmsədr dövlətlər də son zamanlar iyirmi birinci əsrdə dünyada gedən prosesləri təhlil edərək bu münaqişəyə özlərinin qurub yaratdıqları beynəlxalq hüquq çərçivəsində yanaşırlar. Müxtəlif yollarla Ermənistan tərəfini dəstəkləmək, onunla müxtəlif gizli danışıqlar aparmaq, müxtəlif təkliflər vermək, müxtəlif nazirləri bir yerə yığıb protokollar imzalatmaq ümumi işə, yəni Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmir. Qərb çox yaxşı başa düşür ki, Ermənistan münaqişəyə görə məsuliyyət daşıyır və cavab verməlidir. Məhz bu yanaşma qəti şəkildə ortaya qoyulması ilə münaqişənin həllinə də asanlıqla nail olmaq olar. “Siz razılaşın, biz də dəstəkləyək”, - çağırışı isə münaqişəni həll etmək deyil, işğalçı Ermənistanın qol-qanad açmasına hesablanıb.

Dünyanın bir sıra bölgələrindəki münaqişələrə aktiv şəkildə qatılan NATO-nun ikili standartlardan çıxışı Dağlıq Qarabaş münaqişsində də özünü göstərir. NATO-ya üzv dövlətlərin maraqlarını qorumaq üçün qurum istədiyi zaman hədəf dövləti nüvə və kimyəvi silah əldə etmək istədiyini, beynəlxalq terrorizmə dəstək verdiyini iddia edərək bu dövlətlərə qarşı hərbi əməliyyatlar təşkil edə bilir. Nəticədə isə işğal edilən dövlətlərin əslində nüvə silahı olmadığı və beynəlxalq terrorizmə dəstək verəcək gücdə olmadığı bəlli olur.
Qərb Əfqanıstandakı işğalçı qüvvələr üçün tranzit ölkə olan Azərbaycan ilə əməkdaşlıq edən NATO, faktiki olaraq bunun ərazi bütövlüyünün təmin edilməsi üçün müxtəlif maneələr yaratmaqdadır. Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizi 20 ildən artıqdır ki, işğal altında saxlayır, amma NATO ona qarşı hətta iqtisadi və siyasi sanksiyalar belə tətbiq etmək istəmir, əksinə bu ölkə ilə əməkdaşlığını genişləndirir və dəstək olur. Beləliklə də, Qərb dövlətlərinin və NATO-nun bu məsələ ilə bağlı ikili standart həyata keçirməsi beynəlxalq aləmdə yaşanan ədalətsizliyin, beynəlxalq hüquqdakı çatışmazlıq və problemlərin hələ davam etdiyini göstərir.

Demokratik dəyərlərin pərdələdiyi çirkin maraqlar

İkili standartlar təkcə Dağlıq Qarabağ ilə bağlı deyil, Qərbin demokratiyaya “sadiqliyi”ndə də özünü göstərir. Qərbdən demokratiya ilə bağlı səslənən bəyanatlar dünya ictimaiyyətində şübhələri hər keçən gün daha da artırır.

Şübhələnmək üçün də kifayət qədər əsaslar var. Fevral ayının 18-də Ermənistanda keçirilən prezident seçkilərinin hansı formada keçirildiyi barədə əlavə danışmağa ehtiyac yoxdur. Xalqın səslərinin oğurlandığı, Sarkisyanın isə Moskva tərəfindən təyin edildiyi Qərbin gözü qarşısında baş verdi. Amma Qərbin müşahidə missiyası “xırda qüsurların olmasına baxmayaraq, seçkiləri irəliyə doğru atılmış addım” kimi dəyərləndirdi. Azərbaycanla bağlı isə balaca bir bəhanə axtarırlar ki, hakimiyyətin demokratiyaya “arxa çevirdiyini” dünyaya car çəksinlər. Bu gün Yaxın Şərqdə devrilən hakimiyyətlər son vaxtlara kimi bir Qərbin əsas müttəfiqləri idi. Amma birdən-birə həmin hakimiyyətlər “antidemokratik” oldular. Qərbin nə düşünməsindən asılı olmayaraq, əminliklə söyləmək olar ki, Qərbdə insan haqları heç də Azərbaycandan yaxşı qorunmur. Dağlıq Qarabağa seperatçılarına baş çəkən avropalı deputatların demokratik dəyərlərə, beynəlxalq hüquqa “sadiqliyi” də onların çirkin maraqlarından kənara çıxmır.

Ömər Əmirov
Publika.az

2 Mayıs 2013 Perşembe

" DAĞLIQ QARABAĞDA MÜHARİBƏ HƏR AN BAŞLAYA BİLƏR "



“Rusiya-Azərbaycan münasibətlərinin soyuqlaşmasının ən başlıca səbəblərindən biri Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərini müharibə yolu ilə geri qaytarmaq istəməsidir”. Bu fikirləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal bildirib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri bu vaxta kimi də o qədər yaxşı olmayıb: “Son vaxtlar isə münasibətlər daha da soyuqlaşıb. Bunun səbəbləri bir sıra faktorlarla bağlıdır. Belə ki, ABŞ-ın Əfqanıstandan qoşunlarının Azərbaycan ərazisindən keçməklə çıxarmaq  niyyəti, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonların müharibə yolu ilə azad etmək istəməsi və bu istiqamətdə NATO və İsrailin Azərbaycana mümkün qeyri-formal dəstək verməsi iki ölkə arasında münasibətləri soyuqlaşdırıb. Bütün bunlar rəsmi Moskvanın regionda təsir imkanlarını məhdudlaşdırır, bir sözlə əlini qolunu bağlayır. Və imkan vermir ki, Moskva Ermənistanı və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını hərbi yolla müdafiə etsin”.
Heydər Camal yaxın vaxtlarda müharibənin başlanma ehtimalının da yüksək olduğunu söyləyib: “Dağlıq Qarabağda müharibə hər an başlaya bilər. Azərbaycan tərəfi danışıqların heç bir nəticə vermədiyini görüb öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək istəyir”.
Bostonda törədilən terror aktının ABŞ-ın Qafqazla bağlı planları ilə bağlı olması ehtimalını dəyərləndirən politoloq bildirib ki, terrorda milliyyətcə çeçen olan Tsarnayev qardaşlarının adının hallanması təsadüf deyil: “Bu terror Federal Təhlükəsizlik Bürosunun professional əməkdaşları tərəfindən törədilib. İlk əvvəl baş verən terrorun “Əl-Qaidə”nin üzərinə yıxmaq planı boşa çıxıb. Buna Obama özü buna imkan verməyib. Daha sonra anti-Rusiya variantı seçilib. Çeçen Tsarnayev qardaşları variantı həyata keçirilib. Bu variantın seçilməsinin səbəbləri isə yaxın gələcəkdə məlum olacaq”.

H. Camal Azərbaycan-İran münasibətlərini də şərh edib. O, iki ölkə arasında münasibətlərin gərgin olduğunu, buna səbəb isə Azərbaycanın İsraillə sıx əməkdaşlıq əlaqələrinin olduğunu söyləyib: “İran belə hesab edir ki, Azərbaycan-İsrail arasında olan sıx əməkdaşlıq bir başa İrana qarşı yönəlib”.

19 Nisan 2013 Cuma

"Turqut Özalın öldürülməsinə Naxçıvanla bağlı layihə səbəb olub"


Türkiyə Ana Vətən Patiyasının (ANAP) sədri İbrahim Çələbi Publika.Az-ın suallarını cavablandırıb.

-Türkiyə hökumətinin terrorçu PKK təçkilatının rəhbəri Abdullah Öcalanla danışıqları Azərbaycanda də maraqla izlənilir. Sizcə, hansı nəticə gözlənilir?

-Türkiyə olduqca çətin bir dövrdən keçir. Otuz illik bir problem Türkiyə üçün artıq qanqren vəziyyətinə gəlib. Türkiyənin olduğu mövqe öz coğrafiyasında çox əhəmiyyətlidir, amma bu problemdən xilas olmalıdırr. Bizlər ölkə olaraq bayrağımızı, vətənimizi, insanımızı sevən, onun üçün ölümdən belə qorxmayan bir ölkəyik. Bu istiqamətdə atılan addımlar zamanı cəmiyyətin hər təbəqəsinin, xüsusilə bu problemdən zərər çəkən ailələrin həssaslığını unutmaq olmazr.

-Mərhum prezident Turqut Özalın zəhərlənməsi ilə bağlı iddialar Azərbaycanda də diqqətlə izlənilir. Bu məsələ ilə bağlı sizin mövqeyiniz nədən ibarətdir?

-Ölkə daxili və böyük xarici əlaqələri olan böyük bir şəbəkə tərəfindən mərhum prezidentimiz Turqut Özalın kompradorlar vasitəsilə zəhərlənərək öldürüldüyü qənaətindəyik. Turqut Özal öldürülməsəydi, Naxçıvanı, Şimali İraqı, Livanı və Kipri içərisinə alacaq çox böyük bir layihə həyata keçirməyi nəzərdə tuturdu. Turqut Özalın bu uzaqgörənliyi bəzi insanları narahat etdi. Onun planları Türkiyə ilə bağlı yaxşı niyyətləri olmayan qlobal gücləri hərəkətə gətirdi və yerli kompradorlar vasitəsilə hörmətli prezidentimizi zəhərləyərək öldürdülər. Biz bu işi diqqətlə izləyirik.

-Rəhbərlik etdiyiniz partiyanın ölkə siyasətindəki mövqeyini necə dəyərləndirirsiniz? Son vaxtlar müşahidə olunan AKP və CHP üstünlüyünü nə ilə izah etmək olar?


-Biz sevginin, sülhün ana vətəni olmaq üçün yola çıxdıq. Türkiyədə son 30 ildə hər iki adamdan birinin səsini alan iki partiya var: ANAP və AKP. ANAP qurulanda və 8 illik iqtidarı dövründə sahib olduğu xüsusiyyətlərini, quruluşuna hakim olan fəlsəfəni və 1983-cü ilin ruhunu bu gün də özündə saxlayır. Ana Vətən Partiyası millətimizin ona verdiyi müxalifət vəzifəsini layiqincə yerinə yetirməkdə davam edir. Son illərdə ölkəmizdə baş verənlər, partiyamızın digər partiyalardan fərqini açıq şəkildə ortaya qoyub. Millətimiz kreslo sevdası ilə hər şeyi vəd edən, iqtidara gələndə xidmət əvəzinə ədavətə yönələn və ölkəni bir böhranın astanasına gətirən bir iqtidarı görüb. Ölkəmizin içində olduğu böhrandan çıxaracaq iqtidar mahiyyətində qanun və prinsiplərə bağlı olan yalnız Ana Vətən iqtidarıdır, Ana Vətənin ikinci iqtidar həmləsi başlayır.

-"Sıfır problem" siyasətinin iflasa uğradığını demək olarmı? Rusuya, İran, Suruya, İraq və Ermənistanla münasibətləri ayrı-ayrılıqda şərh etməyinizi xahiş edirəm.


-AKP-nin xarici siyasətdə apardığı “sıfır problem” siyasəti “sırf problem” siyasəti oldu . Bölğə atəş xəttinə döndü, amma AKP hələ də problem olmamış kimi hərəkət edir. Bu da Türkiyənin bölğə ölkələri üzərindəki təsirini azaldır.

-Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz? Azərbaycanda iki ölkə münasibətlərinin lazımi səviyyədə olmadığı barədə fikirlər var. Siz necə düşünürsiniz?

-Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin müstəsna bir xüsusiyyəti , ortaq bir keçmişimiz vardır. Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub, ancaq son illər AKP iqtidarının xarici siyasətdəki fəaliyyəti iki ölkə əlaqələrinə zərər verib. Ana Vətən iqtidara qayıdanda mərhum liderimiz Turqut Özalın bizim üçün çəkdiyi yolla hərəkət etməkdə davam edəcəyik.

-Türkiyənin Dağlıq Qarabağ siyasətindən razısınızmı? 2009-cu ildə imzalanan Sürix protokolları Azərbaycanda təəssüflə qarşılanmışdı. Ermənistan və Türkiyə arasında iqtisadi əlaqələrin olması barədə tez-tez məlumatlar alırıq...

-Dağlıq Qarabağ Azərbaycanın torpağıdır və heç bir şəkildə Türkiyənin Qarabağ üzərindən siyasət aparması düşünülə bilməz. Ancaq AKP iqtidarının əsassız xarici siyasəti də qəbul edilə bilməz. Sürix protokolları təəssüf doğurur, Türkiyə bu protokollarla əcdadımızı soyqırımla günahlandıran ermənilərə boyun əymə nöqtəsinə gəlmişdir Ana Vətən iqtidarında bu problemlərin hamısını aşacağıq.

-Fevral ayında müəmmalı seçkilərlə ikinci dəfə prezident olan Ermənistan prezidenti Serj Sarkisyanı ilk təbrik edənlərdən biri Abdulla Gül oldu..

-Hörmətli Abdullah Gülün bu davranışı bizə də acı verdi. Belə bir təbriki gözləmirdik.

-Erməni diasporuna qarşı Türk və Azərbaycan diasporlarının birgə fəaliyyəti sizi qane edirmi?

-Türkiyə və Azərbaycan diasporalarının erməni yalanları qarşısında daha fəal olmalıdır. 1915-ci ildən bəri ermənilər Rusiyanın dəstəyi ilə türk düşmənliyinə, vəhşi soyqırımlara davam edir. Türk milləti kübar millətdir, tarix boyunca heç bir millətə zülm etməyib, soyqırım törətməyib. Erməni yalanları ilə hərəkət edən gözü qabağında törədilən Xocalı soyqırımını görmək istəmir.

Ömər Əmirov
Publika.az

13 Nisan 2013 Cumartesi

Dağlıq Qarabağ üçün həll modelləri: Bakı və İrəvan nə deyir?


Dağlıq Qarabağ probleminin həlli ilə bağlı illərdən bəri səslənən təkliflər məntiqi bir sonluq, yəni daimi bir sülh gətirməsə də, münaqişənin çözülməsinə istiqamətlənən fəaliyyət davam edir. Ötən müddət ərzində münaqişənin həlli üçün xeyli həll modelləri gündəmə gətirilsə də, həmin modellər yalnız müzakirə obyekti olaraq qalıb. Təbii ki, bunun da əsas səbəbi Ermənistanın işğalçı siyasətindən əl çəkmək istəməməsidir. Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə hazır olduğunu dəfələrlə bəyan etsə də, Ermənistan bildirir ki, Dağlıq Qarabağın bir daha Azərbaycanın tərkibinə qayıda bilməz.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Aland adaları, Tatarıstan, Cənubi Tirol, Triest kimi modellərin adı çəkilib. Bundan başqa isə dünyada etnik münaqişələrin həllində Krım, Kvebek, Şimali İrlandiya, Kataloniya, Honkonq, Puerto-Riko, Brüssel, Şimali İrlandiya kimi modellər də var. Onların bəziləri ilə sizi tanış edirik.

Aland adaları modeli

Haqqında ən çox danışılan modellərdən biri də Aland adaları modelidir. Aland adaları Baltik dənizində 8 min adadan ibarət arxipelaqdır. XX əsrin əvvələrində ümumxalq referendumu nəticəsində Norveç İsveçdən sülhlə ayrılaraq müstəqil dövlət yaradır. 1917-ci ildə isə Finlandiya da müstəqillik qazanır. Aland adaları Finlandiyanın tərkibində qalır. Həmin vaxt Aland adalarının isveçli vətəndaşları İsveçlə birləşmək üçün müraciət qəbul edirlər. Məsələni tənzimləmək üçün Millətlər Liqası 1921-ci ildə tarixi qərar çıxarır. Həmin qərara əsasən, Aland adaları Finlandiyanın ərazisi elan olunur və Finlandiyadan həmin adalarda İsveç dilini, mədəniyyətini, adət-ənənələrini qorumaq tələb edilir. Aland adalarına İsveçlə maneəsiz əlaqələr qurmaq imkan verilir. 1922-ci ildə qəbul edilmiş yerli idarəetmə haqqında qanuna əsasən, Aland adalarında yerli parlament (Laqtinq) yaradılır və arxipelaqdakı daxili işləri o tənzimləyir. Laqtinq hökuməti təyin edir, büdcəni maliyyələşdirir, səhiyyə, mədəniyyət, nəqliyyat, polis və rabitə məsələlərinə baxır. Xarici siyasət, hüquq və məhkəmə, mülki məcəllə, gömrük, cinayət hüququ, pul dövriyyəsi və sair məsələlər isə Finlandiyanın səlahiyyətindədir.

Bununla belə Aland modeli də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əsas kimi götürülməyib və götürülə də bilməz. Əvvəla ona görə ki, Aland adaları ilə bağlı yaranmış gərgin vəziyyət tənzimlənərkən qan tökülməyib, müharibə olmayıb, qaçqın və məcburi köçkün düşən yoxdur. İkinci faktor isə odur ki, Aland adaları əhalisinin mədəniyyəti, arxipelaqın siyasi-çoğrafi mövqeyi, iqtisadi vəziyyət və digər faktorlar onu Qarabağla eyniləşdirməyə imkan vermir. Qarabağ münaqişəsində işğal faktı var. Üstəlik, ermənilərin məsələnin Aland modeli üzrə çözülməsinə razılıq verəcəyi ağlabatan deyil, çünki bu model də ərazi bütövlüyü prinsipini önə çəkir. Qərbin bir sıra ekspert dairələrində Dağlıq Qarabağın gələcək statusunu əsasən bu modellə müqayisə edirlər. Təsadüfi deyil ki, ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi təmsilçisi Qoran Lenmarker bir neçə il öncə hazırladığı hesabatda Aland modelinin Dağlıq Qarabağ münaqişəsinin həllində əsas kimi götürülə biləcəyini irəli sürmüşdü.

Triest modeli

Ən çox müzakirə olunan Triest modeli isə ümumiyyətlə, qəbul edilməzdir. Məlum olduğu kimi Triest İtaliyanın tərkibindədir, Venesiya-Culya Muxtar vilayətinin paytaxtıdır. Şəhər vaxtilə Yuqoslaviyanın tərkibində olub. İkinci Dünya Müharibəsindən sonra, yəni 1945-ci ildə Triestin iki hissəyə bölünməsi barədə saziş imzalanıb. İki il sonra Paris müqaviləsi ilə Triestin bir hissəsi Yuqoslaviyaya verilib. 1975-ci ildə isə Triest tamamilə İtaliyanın tərkibinə keçib.

Triest azad zonasının daimi statusu barədə imzalanmış sənədə görə bu ərazinin müstəqilliyini BMT-nin Təhlükəsizlik Şurası təmin edir. Ərazi hərbsizləşdirilib və neytral sayılır. Onun öz bayrağı, gerbi, qubernatoru, İdarə Şurası, Xalq Məclisi və məhkəməsi var. Azad zona polis və təhlükəsizlik xidmətini yaradır. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, “Triest modeli" yüksək status deməkdir. Bu isə Qarabağın təslimçilik aktının hazırlanmasına bir işarədir. Ona görə ki, Qarabağı iki hissəyə bölünüb sonradan bir ölkənin tərkibinə keçmiş Triestlə müqayisə etmək qətiyyən düzgün deyil. Triestdən fərqli olaraq Qarabağ Ermənistan ordusunun iştirakı ilə işğal olunub. Bu fakt bütün beynəlxalq aləmə məlumdur. Qarabağ həm də heç vaxt mübahisəli ərazi olmayıb.

Tatarıstan modeli

Tatarıstan Respublikası öz səlahiyyətləri çərçivəsində müstəqil xarici iqtisadi əlaqələrdə iştirak edir. Tatarıstanın xa¬rici ölkələrdə iqtisadi nümayəndəliklər açmaq hüququ var. Dağlıq Qarabağın Tatarıstanın statusuna malik olması müstəqil iqtisadi siyasət yürütməsi, iqtisadi sahədə müstəqil xarici razılaşmalar imzalaması, xarici ölkələrdə iqtisadi nümayəndəliklər açması, yerli idarəetmə institutları formalaşdırması və qəbul edilən qanunların Azərbaycan qanunvericiliyi ilə uzlaşdırılması, bir sözlə, yerli hakimiyyətin böyük idarəçilik səlahiyyətlərinə malik olması deməkdir. Lakin ermənilər bu modeli də qəbul etmirlər.

Brüssel modeli

Brüsseldə yaşayan flamandlar və fransızdillilər Brüsseli öz əraziləri sayırdılar, halbuki şəhərin tarixi əhalisi flamandılardır. 19-cu əsrdə keçirilən fransızlaşdırmadan sonra flamandlılarla fransızdillilər arasında müəyyən gərginliklər yarandı. Münaqişəni həll etmək üçün Belçika hökuməti ölkənin ərazisini üç regiona (Flandriya, Valloniya və Brüssel) böldü. Etnosiyasi qarşıdurma predmeti olan Brüsselə isə özünəməxsus səlahiyyətlər verildi.

Tətbiq edilmiş tənzimləmə modelinə əsasən, Brüsseli üç icma hökuməti idarə edir. Hər hökumət bir icmanın maraqlarını təmsil edir və həmin icma daxilindəki məsələləri tənzimləyir. Bu, flamanda, alman və fransızdillilər icmalarıdır. İcma hökumətləri yerli idarəetmə, təhsil, mədəniyyət problemlərinin həllində və ümumən etnik məsələlərdə geniş səlahiyyətlərə malikdir. Hər bir icma hökuməti öz səlahiyyətləri çərçivəsində yerli problemləri həll etməklə məşğuldur. Amma Belçikanın yalnız bir konstitusiyası var və həmin əsas qanuna görə, hamı ölkə vətəndaşı sayılır. Ordu, polis, məhkəmə sisteminin səlahiyyətləri isə Belçikanın bütün ərazisini əhatə edir.

Belçika modeli bir ölkə daxilində iki və ya üç etnosun birgə yaşayışını nəzərdə tutur. Bu modelin əsas gücü ondadarır ki, problem lokal səviyyədə, ümumi sosial-iqtisadi sistem çərçivəsində həll olunur. Problem aşağıdan yuxarı həll olunduğu üçün Belçika daxilində heç bir etnik ziddiyyət yaranmır. Sözügedən icma hökumətləri isə getdikcə daha da simvolikləşir və vətəndaş millətçiliyinin, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir. Hər şeydən görünür ki, bu model Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aid edilə bilməz.

Tirol modeli

Cənubi Tirol İtaliya ərazisidir. Tirol özü Avstriyada yerləşir. 1919-cu ildə Paris yaxınlığındakı Sen-Jermendə imzalanan sülh müqaviləsinə görə, Trentino və Cənubi Tirol Avstriyadan alınaraq İtaliyaya verildi. Avsrtiya hökuməti 1946-cı ildə II dünya müharibəsindən qalib çıxmış dövlətlərə müraciət edərək Cənubi Tirolun Italiyadan alınaraq yenidən Avstriyaya verilməsini istəyir. Böyük dövlətlər Avstriyanın bu istəyini qəbul etmirlər. Bunun əvəzində Avstriya və İtaliya xarici işlər nazirləri Parisdə anlaşma imzalayırlar. Həmin anlaşmaya görə, Cənubi Tirol Italiyanın tərkibində siyasi, iqtisadi, mədəni, dil muxtariyyəti əldə etməli idi. İkinci addım kimi 1948-ci ildə Cənubi Tirol-Trentino bölgəsinin muxtar statusu qəbul olundu. 1960-cı illərin əvvəllərində Avstriyanın xarici işlər naziri Cənubi Tirol məsələsini BMT Baş Assambleyasının müzakirəsinə çıxarır. Assambleya 1960 və 1961-ci illərdə Cənubi Tirolla bağlı iki qətnamə qəbul edir. Bu qətnamələrə görə, Avstriya və İtaliya danışıqlara başlayaraq, Cənubi Tirolla bağlı ziddiyyətləri ortadan qaldırmalı idilər. Bu danışıqların nəticəsində də 1969-cu ildə Cənubi Tirolun statusu ilə bağlı 137 maddəlik sənəd qəbul olunur.

Yeni statusa görə, Cənubi Tirol qanunverici və idarəetmə hüquqlarına malik olur. Avstriya hökuməti 1992-ci ildə “problemin həlli deklarasiyası” adlı sənəd qəbul edərək Cənubi Tirolla bağlı Italiya ilə heç bir mübahisəsinin qalmadığını bəyan edir. Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində qanunlar çıxarılaraq həyata keçirilir. Xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir. Status anlaşmasına görə, əgər Cənubi Tirolda qəbul olunan hər hansı qanun Italiya qanunu ilə ziddiyyət təşkil edərsə, məsələ Konstitusiya Məhkəməsində həll olunur. Cənubi Tirolda iki xalq arasında qarşıdurma yaranmasın deyə, vəzifələrin böyük əksəriyyəti rotasiya prinsipi ilə müəyyənləşir, yəni hər hansı vəzifəyə bir müddət alman dilli, o biri müddət italyan dilli rəhbərlik edir.

Kataloniya modeli

Katalonların əksəriyyət təşkil etdiyi Kataloniyaİspaniyada geniş muxtariyyətə malik bölgədir. 1871-ci ildə vilayət İspaniyadan ayrılmağa çalışır, ancaq uzun danışıqlardan sonra İspaniya krallığının tərkibində qalmağa davam edir. Kataloniya ilk dəfə İspaniyanın tərkibində 1932-ci ildə muxtariyyət statusu qazanır.

Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barselonaya daxil olaraq, yerli respublikaçılara divan tuturlar, Kataloniya muxtariyyət hökumətinin başçısı Luis Kompanis edam edilir. Frankonun ölümündən sonra, 1977-ci ildə İspaniyada referendum keçirilir və referendumun nəticəsinə görə, Ispaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdır. Kataloniya ikinci dəfə 1979-cu ildə muxtariyyətinə qovuşur.

Kataloniya iqtisadi baxımdan inkişaf etdiyindən bölgənin siyasi dairələrində muxtariyyətin artırılması mövzusu daim gündəmdədir. 2005-ci ildə Kataloniya parlamenti böyük səs çoxluğu ilə Kataloniyanın yeni status mətninə səs verir. Yeni status sənədindəki maddələrin İspaniya Konstitusiyası və qanunlarına zidd olduğu vurğulanaraq, Kataloniya rəhbərliyinə zidd maddələri dəyişdirməsi tövsiyə edilir.

Vəziyyət böhranlı nöqtəyə gəlməsin deyə, Kataloniyanın yeni status layihəsinə qarşılıqlı razılaşma əsasında müvafiq düzəlişlər edilir. 18 iyun 2006-cı ildə Kataloniyada referendum keçirilir. Yeni status anlaşmasına görə, Kataloniya ilə İspaniya arasında səlahiyyət bölgüləri dəqiqləşdirilir. Madrid öz üzərinə Kataloniya hökumətinin səlahiyyətinə daxil olan məsələlərə qarışmamaq öhdəliyi götürür. Kataloniya geniş iqtisadi səlahiyyətlər qazanır. Bölgədə yığılan verginin 50 faizi Kataloniyada qalır. Hava və dəniz limanları, telekommunikasiya sahələri, daxili təhlükəsizlik, ədliyyə sistemi Kataloniya hökumətinin səlahiyyəti çərçivəsinə daxil edilir.

Yuxarıda da qeyd etdik ki, Ermənistan bu modellərdən heç birinə yaxın durmaq istəmir. Bu da onunla bağlıdır ki, adıçəkilən həll modellərində münaqişə baş verən ərazilərin heç birinin müstəqillik qazanmasından söhbət getmir.

Ömər Əmirov

QARABAĞA RUSİYA QOŞUNLARI GƏLİR ?


"Qarabağ münaqişəsi zonasında güc balansı kəskin dəyişib və bu hərbi-siyasi tarazlığın pozulmasına gətirib çıxara bilər”.Publika.Az-ın verdiyi xəbərə görə, bu sözlər Ermənistanın “Lragir” saytının Dağlıq Qarabağdakı hazırkı vəziyyətlə bağlı dəyərləndirilməsində yer alıb.

Yazıda bu günlərdə Qəbələ RLS-də təhvil-təslim prosesinin başa çatması, eyni zamanda Azərbaycanın Rusiyadan silah almağı dayandırması informasiyaları xatırlanır. Qeyd olunur ki, indiyə kimi Azərbaycan və Ermənistan arasında hərbi balansın qorunub saxlanılması məhz Rusiyanın Ermənistana verdiyi silahlar sayəsində mümkün olub. Bildirilir ki, Rusiya hər iki tərəfə silah satarkən əksər hallarda bu silahlardan istifadə texnologiyalarını ötürmürdü və onlarda Rusiya hərbçiləri işləyirdilər.

Yazı müəllifi hesab edir ki, Azərbaycanın başqa yerdən silahı almağa qərar verməsi Rusiyanı Ermənistanı gücləndirməyi və Ermənistan ilə Qarabağın təhlükəsizliyinin rəsmi qarantı olmağa məcbur edir. Bundan başqa isə Rusiya ATƏT-in Minsk Qrupu həmsədrləri, yəni ABŞ və Fransa ilə birlikdə Azərbaycanı hücum etməmək haqqında paktı imzalamağa məcbur etməlidirlər.

“Ehtimal olunur ki, Rusiya birinci variantı seçəcək və hər şey ediləcək ki, qoşunlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qarabağda yerləşdirsin. Bu hansı bəhanə ilə ediləcək, məlum deyil. Əvvəlcə güman edilirdi ki, bu Stepanakert(Xocalı) aeroportunun müdafiəsi məqsədilə ediləcək. Amma sərhəddə təxribat variantı da istisna edilimir. Bu arada Azərbaycanın hərbi texnika və qoşunlarının Ermənistanla sərhəddə toplanması xəbərlər yayılıb”.

Qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi ilə bağlı İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Menmanpərəstin çağırışı da məhz bu variant ilə bağlıdır: “İran Qarabağla yüz kilometrlik sərhədə malikdir. İran arzulamır ki, yüz kilometrlik sərhəddə Rusiya və yaxud NATO qoşunları olsun. Qərb analitikləri 2014-cü ildə Qarabağda müharibənin olacağını proqnozlaşdırırlar. Rusiya Dumasının komitə sədri Aleksey Mitrofanov da əmindir ki, müharibə gəlir. O, Rusiyanın çox tezliklə Qarabağa girməsinin mümkün olduğunu deyir”.

Aprel ayının 25-26-da Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Moskvaya çağırıldığı qeyd edilən yazıda ehtimal olunur ki, səfər zamanı müzakirə olunacaq məsələlərdən biri də Rusiya qoşunlarının Qarabağda yerləşdirilməsi ola bilər. Moskva Ermənistanı inandırmağa çalışacaq ki, Rusiya qoşunları Qarabağda olacaqsa, Azərbaycan və Türkiyə müharibəyə başlamağa cürət etməyəcək”.

Ömər Əmirov

31 Mart 2013 Pazar

ERMƏNİLƏRİN AZƏRBAYCANDA TÖRƏTDİYİ SOYQIRIMDAN 95 İL ÖTÜR

Ermənilər Azərbaycanın müxtəlif kənd və şəhərlərində 50 mindən çox azərbaycanlı
qətlə yetiriblər, on minlərlə yurddaşımızı isə öz torpaqlarından didərgin salıblar.

Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 95 il ötür. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı. Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərib. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaradıblar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlayıb. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllərə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetirib. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı, ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulub.

Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılıb. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirib.

Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilib.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetiriliib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.

1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilib.

1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilib.

REALİST ADİL

BU GÜN AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜDÜR


BU GÜN AZƏRBAYCANLILARIN RUS İMPERİALİSTLƏRİ VƏ ERMƏNİ DAŞNAQLARI TƏRƏFİNDƏN SOYQIRIM GÜNÜDÜR.