Translate

23 Şubat 2012 Perşembe

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlıq genişlənir

Fevralın 23-də ölkəmizə səfərə gələn Türkiyənin daxili işlər naziri İdris Naim Şahin Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə inkişafını qeyd edən Məmmədov, zəngin müqavilə-hüquq bazasına söykənən ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsini, hər iki dövlətin ədliyyə nazirlərinin qarşılıqlı səfərlərinin, beynəlxalq təşkilatlar çərçivəsində göstərilən dəstəyin əhəmiyyətini, habelə Ədliyyə akademiyaları arasında səmərəli əməkdaşlığı vurğulamışdır.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə sahəsində aparılan islahatlar və qazanılmış nailiyyətlər barədə məlumat verilib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən türkiyəli nazir, xalqlarımız arasında qardaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edib, respublikamızın nailiyyətlərini təqdir edib, ölkələrimiz arasında hüquqi əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, elektron xidmətlərin tətbiqi, bələdiyyələrin fəaliyyəti və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç iştirak edib. Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

BİR CÜMLƏ XƏBƏR

> Qazaxıstanda Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi "Sözün bitdiyi zaman"          filmi nümayiş olunub.

> Qaradağ rayonunda Xocalı soyqırımı ilə bağlı "dəyirmi masa" keçirilib.

> Xocalı faciəsinə həsr olunmuş kitab Almaniyada bütün orta və ali məktəblərdə yayılacaq.

> Türkiyənin Girəsun şəhərində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib.

> İordaniya mətbuatında Xocalı faciəsinə həsr olunmuş məqalə çap olunub.

Din xadimləri Xocalı soyqırımı ilə bağlı dünya liderlərinə müraciət qəbul edib

Hacı Allahşükür Paşazadə Bakıda Dağlıq Qarabağ və Xocalı dəhşətlərini özündə əks etdirən kompleksin yaradılması təklifi ilə çıxış edib.

 Bu gün Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycanda fəaliyyət göstərən bütün dini icmaların rəhbərləri, işğal altında olan rayonların icra başçıları, Xocalı sakinləri, millət vəkilləri və ziyalılar iştirak edib. 

 Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Bakıda Dağlıq Qarabağ və Xocalı dəhşətlərini özündə əks etdirən kompleksin yaradılması təklifi ilə çıxış edib. Bununla bağlı Azərbaycan prezidentinə müraciət ünvanlanacaq. 

  Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Xocalı soyqırımının insaniyyətə qarşı cinayət olduğunu, bu cür cinayətləri dünyadakı bütün dinlərin qəbul etmədiyini bildirib. 

  Konfransda Xocalı soyqırımı ilə bağlı Azərbaycandakı bütün dini icma rəhbərlərinin dünya dövlətlərinin liderlərinə ünvanladıqları müraciət oxunub.



Aqşin Rafiqoğlu

Xocalı soyqırımının 20-ci ildönümü Vaşinqtonda anılıb



Mərasimdə iştirakçılar soyqırımını əks etdirən foto-sərgi ilə də tanış olublar

 Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə, fevralın 22-də Azərbaycanın ABŞ-dakı Səfirliyi Vaşinqtonda anma mərasimi keçirib. Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, ABŞ Konqresi ərazisində yerləşən nüfuzlu “Ehtiyatda olan Zabitlər Assosiasiyası”nın binasında keçirilən anma mərasimində müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, xarici diplomatlar, KİV təmsilçiləri, Vaşinqtonun bir sıra tanınmış beyin mərkəzlərinin ekspertləri, alim və tələbələr, iş adamları, Azərbaycan və türk diasporunun üzvləri və digər şəxslər iştirak ediblər.

  Azərbaycanın ABŞ-dakı Səfiri Elin Süleymanov çıxış edərək, öncə Xocalı soyqırımının necə baş verməsi və faciənin qurbanları barədə məlumat verib. Azərbaycan xalqının daima güclü etnik və dini dözümlülük ənənələri ilə fərqləndiyini qeyd edən Səfir Xocalı soyqırımı baş verərkən bu faciəni tam şəkildə anlamağın, xüsusilə etnik mənsubiyyətinə görə günahsız insanların, o cümlədən çoxlu sayda uşaq, qadın və yaşlıların belə vəhşicəsinə qətlə yetirilməsinin dərk edilməsinin hər bir azərbaycanlı üçün olduqca ağır və çətin olduğunu bildirib. E.Süleymanov Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daima yaşayacağını qeyd edərək, azərbaycanlıların qisas arzusunda olmadıqlarını, yalnız ədalət və sülh istədiklərini diqqətə çatdırıb.

  ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun icraçı direktoru Dayana Koen Altman öz nitqində Xocalı faciəsi barədə fikirlərini bölüşüb, bu faciənin məsum qurbanlarının hər zaman yad edilməsinin vacib olduğunu bildirib və Xocalı barədə məlumatların gələcək nəsillərə çatdırılması üçün öz tövsiyələrini verib. Bu səpkidə natiq faciə qurbanlarına dair əşyaların toplanmasının zəruri olduğunu bildirərək, Vaşinqtonda fəaliyyət göstərən Holokost Xatirə Muzeyi timsalında belə əşyaların gələcək nəsillərin məlumatlandırılması baxımından yüksək dəyər daşıyacağını qeyd edib.

  Sonra ABŞ-da işçi səfərdə olan AR Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva çıxış ediblər. A.Mollazadə Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədinin Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olduğunu bildirərək, onların öz məqsədlərinə günahsız insanların qanı hesabına çatdıqlarını qeyd edib. Bu kütləvi qırğını törətmiş cinayətkarların hələ də azadlıqda olduğunu vurğulayan millət vəkili haqq-ədalətin zəfər çalacağına, bu cinayətkarların öz layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu bildirərək, bu məsələdə beynəlxalq birliyin köməyinə ehtiyacın olduğunu diqqətə çatdırıb.

  S.Fətəliyeva Azərbaycanın bu gün 20 il öncəki Azərbaycan olmadığını, daha güclü və inkişaf etmiş dövlətə çevrildiyini bildirib, bununla yanaşı Xocalı faciəsinin bu gün də 20 il öncə olduğu kimi hər bir azərbaycanlını ağrıtdığını və bu ağrını unutmağın qeyri-mümkün olduğunu qeyd edib.

  Nitqlərdən sonra ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənov Xocalı soyqırımı qurbanlarının xatirəsinə həzin musiqi parçaları ifa edibr.

  Mərasimdə iştirakçılar soyqırımını əks etdirən foto-sərgi ilə də tanış olublar. Xocalı soyqırımı, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə kitab, broşür, jurnal və disklər iştirakçılar arasında paylanıb.

“ERMƏNİLƏR YALAN DANIŞIR, MƏN VARAM...”



Xocalıda 22 yaxınını itirən gənc qız ermənilərə “Hürriyet” qəzeti vasitəsilə cavab verdi

 Bütün dünya onu Fransa prezidenti Nikola Sarkozi və Ermənistan prezidenti Serj Sərkisyana göndərdiyi məktublar sayəsində tanıdı. Hələ 3 aylıq körpəykən anasının bətnində bu faciəni yaşan Zərifə, atası da daxil olmaqla 22 yaxınını itirib. İndi Zərifənin 20 yaşı var və universitetinin ikinci kurs tələbəsidir.

 Qırğının 20-ci ildönümündə, Sarkozi və Sarkisyana, yaşadığı böyük ağrını əks etdirən məktublar göndərən Zərifənin bu cəhdinə ilk məkrli cavab bu gün Ermənistandan gəlib. Hər nə qədər Ermənistan, “Bu məktub vardır, amma belə bir qadın yoxdur. Bu adam xəyalıdır” desə də, Türkiyənin “Hürriyet” qəzeti Zərifə Quliyevanı Xocalı qırğınını anma yığıncaqlarına qatılmaq üçün gəldiyi İstanbulda qaldığı oteldə tapıb və bu iddianı soruşub. Beləcə Zərifə, bütün dünyaya, Türkiyə mətbuatı vasitəsilə səslənib: “Ermənistan yalan söyləyir. Gördüyünüz kimi, mən varam, gerçək olaraq buradayam”.
 Qeyd edək ki, anası Rahilə Quliyeva ilə birlikdə İstanbula gələn Zərifə, sabah keçiriləcək mətbuat konfransında, Xocalı qırğınını yaşayan bir qrup azərbaycanlı ilə birlikdə yaşadıqlarını danışacaq. Bazar günü isə Taksimdə daha böyük bir mətbuat konfransı keçiriləcək və Zərifə orada iştirak edəcək. Zərifə riyaziyyat müəllimliyini oxuyur və açıqlamasında “universiteti bitincə Türkiyəyə gəlib işləmək istəyirəm. Buranı çox sevirəm” deyib.
Yazdığı məktublara gəlincə isə “mənim fikrimdi. Mətnləri mən qələmə aldım. Anlatmalıydım. Daha susamazdım” deyə, ona ünvanlalan sualları cavbandırıb.
 Zərifənin anası Rahilə xanım müsahibəsində Xocalı günü haqqında bunları deyib: “Daha qızım doğulmamışdı. İki yaşındakı oğlum və ərim yanımda idi. Evdə oturmuşduq. Gecə saat 10-da qəfil atəşə tutulduq. Mən dörd güllə yarasıyla xilas ola bildim. Oğlum və ərim öldü. Zərifə altı ay sonra doğuldu...”
 Qeyd edək ki, hazırda Türkiyənin Taksim meydanında fevralın 26-da baş tutacaq yürşülə bağlı ciddi hazırlıqlar gedir. 

Fərahim İLQAROĞLU

22 Şubat 2012 Çarşamba

Türkiyə Böyük Millət Məclisinin komissiyasında Xocalı faciəsi ilə bağlı bəyanat qəbul olunub



Türkiyə Xocalı faciəsinin dünyada tanınması üzrə ədalətli mübarizədə Azərbaycanı həmişə dəstəkləməyə davam edəcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyə parlamanetinin Xarici işlər komissiyasının bəyanatında deyilir.

Xarici işlər komissiyasının sədri Volkan Bozkırın hazırladığı bəyanatda deyilir ki, Xocalı faciəsi bəşər tarixinə qara ləkə və dinc əhaliyə qarşı törədilən cinayətdir.

Bəyantda o da qeyd edilir ki, Xocalı faciəsi bütün dünya üçün dərs olmalıdır. Türkiyə bu faciədə günahkar olan bütün cinayətkarların cəzalandırılmasında qardaş Azərbaycanı həmişə dəstəkləyəcək.



A.Tağıyeva

Hərbi prokurorluq: Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərindəki separatçı rejim tərəfindən 373 terror aktı törədilib






1991-1992-ci illərdə Xocalıda və digər yaşayış məntəqələrində soyqırım törədilib, Şuşa şəhəri və başqa çoxsaylı yaşayış məntəqələri işğal edilib, bununla da həmin ərazilərdə etnik təmizləmə əməliyyatları həyata keçirilib. Eyni zamanda, dövlət terrorizmi və genosid siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilib.

  Trend-in məlumatına görə, bunu çərşənbə günü Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı elan olunmamış müharibə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırım ilə əlaqədar Respublika Hərbi Prokurorluğunda istintaq olunan cinayət işləri ilə əlaqədar brifinqdə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusi istintaq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mehman Poladov bildirib.

  Onun sözlərinə görə, müharibə nəticəsində 20 min nəfər soydaşımız şəhid olub, 50 min nəfərdən artıq vətəndaşımız yaralanıb və əlil olub, minlərlə yaşayış məntəqəsi və yaşayış binası, təhsil və tibb müəssisəsi, iqtisadi obyektlər dağıdılıb, ərazilərimizin 20 faizinin işğalı nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

  Poladov qeyd edib ki, Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək, onların bir qismi öldürülüb və şikəst edilib.



K.Zərbalıyeva