Translate

4 Nisan 2021 Pazar

MONQOL YÜRÜŞLƏRİNİN ƏSL SƏBƏBLƏRİ VƏ CƏLALƏDDİN RUMİNİN SİRRİ

 


Bizi bilən bilir, bilməyən isə özü kimi bilir.

Mövlanə Cəlaləddin Rumi

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında

XII əsrin sonlarında bugünkü Özbəkistan, Qazaxıstan, Türkmənistan, Əfqanıstan, İran və İraqın böyük bir hissəsi Xarəzmşahlar imperiyasının tərkibində idi. Xarəzmdən şərqdə – yenə də indiki Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya və Çinin bir qismini əhatə edən ərazidə Qarakitay imperiyası yerləşirdi. Mərkəzi Asiyanın bugün bir hissəsi Rusiyanın, bir hissəsi Monqolustanın, bir hissəsi də Çinin tərkibində olan geniş çöllərində isə köçəri türk və monqol qəbilələri yaşayırdılar.

Xarəzmşah Əlaəddin Təkəş (1172–1200) ölüm yatağında ikən oğlu Əlaəddin Muhəmmədə belə bir vəsiyyət etmişdi: “Qurxana (qarakitay xalqının imperatoru) qarşı çıxma və onunla sazişi pozma! Çünki bu dövlət dəhşətli düşmənlərin qarşısında böyük bir səddir”.

Amma Xarəzmşah Əlaəddin Muhəmməd (1200–1220) atasının bu sözlərini tez unutdu. 1210-cu ilin sentyabrında Xarəzm ordusu Qurxan Yelü Juluqunun (1177–1213) qoşunlarını məğlub etdi. Qələbə xəbəri Xarəzmə yetişdi. Hamı sevinib şadyanalıq etməyə başladı. Yalnız Seyid Murtəza adlı bir alim böyük kədər içində idi. Ondan bunun səbəbini soruşduqda dedi: “Ey ehtiyatı əldən vermiş insanlar! Bu türklərdən o tərəfdə sayı yəcuc-məcucdan (“Tövrat”a görə, qoq-maqoq) qat-qat artıq olan, qəzəbli, qisascıl və çox qətiyyətli bir xalq yaşayır. Qarakitay dövləti bizimlə onlar arasında, həqiqətən də, Zülqərneyn səddi idi. İndi bu sədd yox olandan sonra müsəlmanları çətin və məşəqqətli günlər gözləyir. Bu gün mən dinimiz üçün yas saxlayıram!”

Xarəzmşah Əlaəddin Muhəmmədin taxta çıxmasından qısa müddət sonra – 1204–1206-cı illərdə Altayda və indiki Monqolustanın ərazisində Çingiz xanın səltənəti təşəkkül tapdı. Onun qurduğu imperiyanın rəsmi adı Yeke Monqol Ulusu idi. Çingiz xan ona tabe olmuş köçəri xalqları köke moğol adlandırdı. 1218-ci ildə monqollar Xarəzmlə müharibələrdə zəifləmiş Qarakitay imperiyasını darmadağın edib Xarəzmşahlar imperiyasının sərhədinə çıxdılar. Xarəzmşah Əlaəddin Təkəşin və xarəzmli Seyid Murtəzanın öncəgörmələri gerçəkləşdi. 1219-cu ilin payızında Xarəzm–Monqol müharibəsi başlandı. 1221-ci ilin yazında Xarəzm Çingiz xanın əlinə keçdi. Həmin ilin dekabrında Xarəzmin son böyük ordusu monqollar tərəfindən Əfqanıstan ərazisində məhv edildi. Xarəzmşah Əlaəddin Muhəmmədin oğlu Cəlaləddin Manquberdi 1231-ci ilədək müxtəlif ölkələrdə – İranda, Azərbaycanda və Anadoluda yerli hökmdarları birləşdirib monqollara müqavimət göstərməyə çalışsa da, onun bütün cəhdləri uğursuz oldu.

Haşiyə: Muhəmməd ən-Nəsəvi (?–1250) Xarəzmşah Cəlaləddini belə təsvir edir: “O, bəstəboy və qarayanız idi. Həm türk, həm də fars dilini bilirdi. Şirlərin şiri, cəsurların cəsuru idi. Bununla yanaşı, Cəlaləddin təvazökar və həlim bir insan idi. O, qətiyyən əsəbləşmir, kobud sözlər işlətmirdi. Az danışan və ciddi idi. Heç bir zaman bərkdən gülmür, yalnız gülümsəyirdi. Ədaləti, təbəələrinin həyatını yaxşılaşdırmağı sevirdi. Lakin tənəzzül dövründə hökmdarlıq etdiyinə görə bəzən zorakılığa əl atırdı. Onun möhürünə bu sözlər həkk olunmuşdu: Yardım yalnız Allahdandır!”

Xarəzmşah Cəlaləddin həm istedadlı sərkərdə, həm də məğlubedilməz bahadır idi. Çingiz xan özü döyüşlərin birində onun qılınc və nizə zərbələri ilə qüvvətli monqol əsgərlərini yerə sərərək sıx mühasirə halqasını necə yardığını görüb öz oğlanlarına söyləmişdir: “Hər bir atanın fəxr edəcəyi əsl oğul belə olmalıdır”.

Başqa bir döyüşdə isə monqol sərkərdəsi Taynal noyon onun şücaətinin şahidi olmuş və demişdir: “Sən harada olursansa ol, xilas olacaqsan. Həqiqətən də, sən əsl kişi və əsl rəhbərsən”.

Şərəfxan Bitlisi (1543–1602): “Cəlaləddinin şəxsiyyəti qarşısında düşmənlərinin keçirdikləri qorxu və ehtiram hissi o qədər güclü idi ki, sultan yalqız qaldıqda belə heç kimin onu təqib etməyə cəsarəti çatmırdı”.

Sultan Cəlaləddinin Muhəmməd, Manqatuy şah və Qaymaqar şah adlı üç oğlu olmuşdur. 1260-cı ildə Çingiz xanın nəvəsi Hülakü xanın qoşununu Ayn əl-Cəlud döyüşündə darmadağın etmiş məşhur Misir sultanı Quduz xarəzmşahın bacısı oğlu idi.


Qeyd. Xarəzmşahlar dövlətinin tarixini iki dövrə bölmək olar.

Birinci dövr 1097–1221-ci illəri əhatə edir. İkinci dövr 1224-cü ildə Cəlaləddinin Hindistandan qayıtması ilə başlanmış və 1231-ci ildə sona çatmışdır. Sultan Cəlaləddinin 1224–1225-ci illərdə qurduğu səltənətin mərkəzi vilayəti Azərbaycan, əsas şəhərləri isə Təbriz və Gəncə olmuşdur. Bu, əslində, elə Azərbaycan dövləti idi. O, yerli hökmdarlardan birinə yazırdı: “Allahın mərhəməti və inayəti ilə millətimiz bir, dinimiz birdir. Dostluq etmək üçün ən münasib adam o şəxsdir ki, səninlə eyni dildə danışır və eyni dinə etiqad edir”.

Yeri gəlmişkən, bugün Azərbaycan dilinə ən yaxın dillərdən biri özbək dilinin Xarəzm ləhcəsidir. Ona özbək dilinin oğuz ləhcəsi də deyilir. Bir neçə milyon insanın danışdığı həmin ləhcənin əsas şivələrindən biri avşar şivəsi adlanır.

1230–1231-ci illərdə Cəlaləddin hakimiyyətinin mövcud olduğu ərazilərdə vəziyyət gərginləşərək kritik həddə çatmışdı. Belə ki, monqolların təzyiqi artmış, yerli hakimlərdən bəziləri ondan üz döndərməyə başlamışdılar. Bu ağır şəraitdə təbrizli Şəmsəddin Tuğrai (“tuğra” sözü nişan, gerb, ələm mənalarını ifadə edir) sultana sadiq qalmışdı. O, Təbriz camaatının dərin məhəbbətini qazanmış müdrik, mömin və saf bir insan idi. Ən-Nəsəvi onu bənzəri, tayı-bərabəri olmayan bir şəxsiyyət kimi xarakterizə etmişdir. Təbrizlilər Şəmsəddini özlərinin şəksiz lideri bilir, onun hər bir göstəriş və tapşırığını sorğu-sualsız yerinə yetirirdilər. Şəhər sakinləri hesab edirdilər ki, Şəmsəddinə bağlılığı saxlamaq onların müqəddəs borcudur. Ən-Nəsəvinin yazdıqlarından o da məlum olur ki, Xarəzmşah Cəlaləddin paxıl və iftiraçı adamların şər-böhtanlarına inanaraq Şəmsəddin Tuğrai ilə əvvəllər çox ədalətsiz davranmış, lakin sonradan bu hərəkətlərinə görə peşmançılıq və xəcalət hissləri keçirmişdir. Şəmsəddin 1229-cu ildən etibarən Cəlaləddinin məsləhətçilərindən və hörmətlə yanaşdığı şəxslərdən biri olmuşdur.

Haşiyə. İbn əl-Əsir (1160–1234): “(1231-ci ildə) Tatar sərkərdəsi öz qoşunları ilə Təbriz yaxınlığına çatıb sakinlərə təklif etdi ki, təslim olsunlar. Əks-təqdirdə onları cəzalandıracağı ilə hədələdi. Təbrizlilər də itaət edib çoxlu hədiyyə göndərdilər. Sərkərdə onlara təşəkkürünü bildirdi və tələb etdi ki, şəhər rəhbərləri gəlib onunla görüşsünlər. Təbriz qazisi, şəhər rəisi və bir neçə əyan ordugaha getdi. Lakin Şəmsəddin Tuğrai onların arasında yox idi. Halbuki təvazökarlığına görə heç bir zaman büruzə verməsə də, əslində, hər bir şey ondan asılı idi. Belə ki, təbrizlilər yalnız Şəmsəddinin sözünü eşidirdilər. Tatar sərkərdəsi onun gəlməməsinin səbəbini soruşdu. Şəhər başçıları cavab verdilər ki, Şəmsəddin Tuğrai bu dünyanın adamı deyil və onun dünyəvi hakimiyyətə heç bir dəxli yoxdur”.

1231-ci ilin avqustunda monqollarla növbəti savaşda yaralanmış Cəlaləddin onu təqib edən iki monqol döyüşçüsünü öldürdükdən sonra Anadolunun dağlıq hissəsində azaraq bir kürd kəndinə gəlib çıxdı. Orada qəfil hücuma məruz qaldı və girov götürüldü. Kürdlərin onu öldürmək fikri yox idi. Lakin kənd sakinlərindən biri qardaşının Xarəzm ordusu ilə hansısa döyüşdə həlak olduğunu iddia edərək köməksiz vəziyyətdə olan sultanı bir nizə zərbəsi ilə qətlə yetirdi.

Muhəmməd ən-Nəsəvi yazır: “Bir müddət sonra Əmir Şihabəddin Qazi ibn Əhməd (1220–1244) öz adamlarını həmin dağlara göndərdi. Onlar sultanın əşyalarını, atını, yəhərini, məşhur qılıncını və saçına taxdığı çubuğu tapıb gətirdilər. Cəlaləddinin yaxın adamları Utur xan və Təlsab təsdiq etdilər ki, bunların hamısı xarəzmşaha məxsusdur. Sonra sultanın cəsədini də gətirib dəfn etdilər”.

Digər rəvayətə görə, kürd hakimi Şihabəddin Qazi ibn Əhməd xarəzmşahın girov götürülməsi xəbərini alan kimi öz döyüşçüləri və Cəlaləddinin yaxın qohumu Utur xanla birlikdə həmin kəndə getmişdir. O, öldürülmüş şəxsin sultan olduğunu Utur xanın vasitəsi ilə dəqiqləşdirdikdən sonra əmr etmişdi ki, buradakı bütün kişiləri qətlə yetirib kəndi yandırsınlar.

Belə deyirlər ki, Sultan Cəlaləddin Diyarbəkr vilayətinin Harzem (Xarəzm) adlı kəndində dəfn edilmişdir.

Səhihliyi bir qədər şübhəli olan başqa bir rəvayətə əsasən, Xarəzmşah Cəlaləddin Diyarbəkrdə deyil, Dersimdə öldürülmüşdür. Onun məzarı Dersimin Dojik (Tacik?) dağının zirvəsindədir və Sultan Baba türbəsi kimi tanınır. Qeyd etmək lazımdır ki, Sultan Baba türbəsi bugün də zaza xalqının ən müqəddəs ziyarətgahlarından biridir. Deyilənə görə, sultanın kürd dostu Şeyx Həsən onun azyaşlı oğlunu himayəsinə götürüb saxlamış və bir neçə ildən sonra öz qızı ilə evləndirmişdir. Bugün də oğuzların şanlı bəydili boyundan olan Xarəzmşah Cəlaləddinin nəsli kürdlərin arasında yaşamaqdadır. Yenə də həmin bölgədə ağızdan-ağıza ötürülən bir rəvayətə görə, yerli zazaların əcdadları Dersimə qədim zamanlarda Türküstandan gəlmişlər. Türkiyəli müəlliflərin bəziləri zazaların bu hissəsini qızılbaş adlandırır və onları türkmən əsilli hesab edirlər. Amma, zənnimizcə, bu fikir kifayət qədər əsaslandırılmamışdır.

Fəzlullah Rəşidəddin (1247–1318): ”Adamların bir hissəsi danışır ki, sultan Hakkari dağlarında bir ağacın altında yatmışdı. Oradan keçən bir neçə avara onun bahalı paltarlarına və atına tamah saldı. Onlar Cəlaləddini yatdığı yerdə öldürüb ələ keçirdikləri qənimətlərlə Amid şəhərinə getdilər. Şəhər əyanları sultanın silahlarını və paltarlarını görən kimi tanıdılar. Yerli hakim məsələni araşdırıb həqiqəti öyrəndikdən sonra quldurların hamısını edam etdirdi. Sultanın cənazəsini Amid şəhərində dəfn edib üzərində türbə tikdilər”.

Əlaəddin Ataməlik Cuveyninin (1226–1283) nəql tərzindən isə hiss olunur ki, o, xarəzmşahın kürdlər tərəfindən öldürülməsi barədə məlumata bir qədər şübhə ilə yanaşır: “Sultanın öz sonunu necə qarşılaması barədə müxtəlif əhvalatlar danışırlar. Bəziləri deyirlər ki, Amid dağlarına çatdıqda o, gecələmək üçün bir yerdə dayandı. Burada bir dəstə kürd onun paltarlarını oğurlamaq istədi. Quldurlar nə etdiklərini və hansı ovu tutduqlarını anlamadan sultanı sinəsindən vurub öldürdülər. Əslində, bu təəccüblü deyil: bəzən arslan da sahibsiz itlərin hücumlarından yorulub əldən düşür. Sonra həmin adamlar sultanın paltarlarını geyinib şəhərə getdilər və orada ələ keçdilər. Amid hakimi məsələdən agah olub tapşırdı ki, həmin kürdləri qətlə yetirsinlər və qəbir qazıb sultan hesab etdikləri şəxsin meyitini orada dəfn etsinlər”.

Qeyd. Bu rəvayətlərin əksəriyyətini birləşdirən bir cəhət var: Cəlaləddinin yaxın adamlarına əvvəlcə onun meyiti deyil, şəxsi əşyaları göstərilmişdir. Həmin şəxslər də xarəzmşaha məxsus olan əşyalara əsasən onun öldüyünü təsdiq etmişlər. Bundan sonra cəsəd gizli bir yerdə dəfn edilmiş və qəbrin üstü düzlənmişdir ki, monqollar məzarı tapa bilməsinlər. Başqa iki variantda isə əksinə, deyilir ki, onun qəbri üzərində türbə ucaldılmışdır. Yalnız bir rəvayətə görə, Cəlaləddinin həm yaxın qohumu, həm də silahdaşı Utur xan təsdiq etmişdir ki, öldürülmüş şəxs həqiqətən də xarəzmşahdır.


Şərəfxan Bitlisi yazır: “Cəlaləddin yerli hakim Məlik Əşrəflə barışdı və onun qızı ilə evlənib bir müddət Bitlis şəhərində yaşadı. Məlik Əşrəf tez-tez ona deyirmiş ki, siz buranı tərk etməlisiniz. Çünki tatarlar, Allah eləməsin, bilsələr ki, şəhərdəsiniz, bütün vilayəti xarabazara döndərəcəklər. Bir gecə monqol ordusu Bitlisə yaxınlaşdı. Sultanı yuxudan oyatdılar. O, vəziyyətin ciddi olduğunu görüb Məlik Əşrəfin qızına dedi: sənin atanın məsləhətinə nahaq qulaq asmadım. Mənimlə getmək istəyirsən? Qız həvəslə, öz iradəsi ilə Cəlaləddinə qoşuldu və onlar atlanıb gecənin qaranlığında gözdən itdilər. Şeyx Əlaədövlə Simnani həzrətləri öz mürşidi Şeyx Nurəddin Əbdurrəhman Kəsrəfi (əl-İsfaraini) həzrətlərindən eşitmişdir ki, Sultan Cəlaləddin Uca Allahın xidmətçiləri (övliyaları) dərəcəsinə yüksəlmişdir”.

Fəzlullah Rəşidəddin xarəzmşah haqqında yazısını belə tamamlayır: “Digərləri isə iddia edirlər ki, Cəlaləddin öz libasını və silahını rastlaşdığı adamlara özü vermiş, əvəzində onların qaba paltarlarını geyinərək sufi və dərviş kimi ömür sürməyə başlamışdır”.

Əlaəddin Ataməlik Cuveyni isə öz hekayətini belə bitirir: “Amma başqaları nəql edirlər ki, monqollarla son döyüşdən sonra Xarəzmşah Cəlaləddin dərviş libası geyinərək sufi olmuş və müsəlman ölkələrində abid kimi yaşamışdır. Bir neçə il sonra şəhərlərdə və kəndlərdə davamlı olaraq şad xəbərlər yayıldı ki, sultanı hansısa şəhərdə görüblər”.

Mövlanə Cəlaləddin Rumi: “Allah ilə olduqdan sonra ölüm də, olum da xoşdur”.

Haşiyə. Rəvayətə görə, Xarəzmşahlar dövlətində doğulmuş Mövlanə Cəlaləddin Ruminin (1207–1273) atası Muhəmməd Bəhaəddin Vələd (1152–1231) Xarəzmşah Cəlaləddinin (1199–1231) bibisi oğludur. Göründüyü kimi, 1231-ci il hər iki Cəlaləddinin taleyində həlledici il olmuşdur. Həmin il Xarəzmşah Cəlaləddin ibn Muhəmməd izsiz-soraqsız yoxa çıxmış, Mövlanə Cəlaləddin ibn Muhəmmədin isə əksinə, səsi-sorağı tədricən bütün İslam aləminə yayılmağa başlamışdır.


Bir məsələni də qeyd edək: Türkiyəli tədqiqatçı Əbdulbaki Gölpinarlı faktlarla sübut etmişdir ki, Cəlaləddin Ruminin nəsil şəcərəsi və onun 1231-ci ilə qədərki həyatı barədə rəvayətlərin əksəriyyəti ziddiyyətli və qeyri-dəqiqdir. Məsələn, bir qəzəlində Xarəzm ordusu ilə Qurilər dövlətinin qoşunları arasında döyüşdən (1201–1206) bəhs edir. Digər bir şeirində isə bildirir ki, Səmərqənd Xarəzmşah tərəfindən zəbt edilərkən (1212) orada olmuşdur. O, bu zaman şahidi olduğu bir hadisəni də təsvir edir. Halbuki Cəlaləddin Rumi barəsində yayılmış bioqrafik məlumatlara görə, həmin vaxt onun 4–5 yaşı ancaq olardı. Başqa bir misal: onun 1207-ci ildə doğulduğu deyilsə də, son araşdırmalar göstərir ki, Mövlanə Cəlaləddin Rumi Xarəzmşah Cəlaləddin Manquberdi ilə demək olar ki, eyni tarixdə – 1200-cü ildə anadan olmuşdur.

Deyilənə görə, Mövlanə Cəlaləddin Ruminin əsli Bəlx şəhərindəndir. Bir fərziyyəyə əsasən, onun ailəsi bu şəhəri 1219-cu ildə tərk etmişdir. Həmin tarixdən iki sonra – 1221-ci ilin yazında monqollar Bəlxi yandırmış və şəhər sakinlərinin hamısını son nəfərinədək qətlə yetirmişdilər. Əgər salnaməçilər şəhərin başına gətirilmiş faciənin miqyasını şişirtmirlərsə, böyük ehtimalla, orada Cəlaləddin Ruminin həqiqətən də bəlxli olduğunu təsdiq edə biləcək adam və ya sənəd qalmamışdı. Görünür, elə bu səbəbdən sözügedən məsələni dəqiqləşdirmək mümkün olmamışdır. Çingiz xanın bəlxlilərə belə qəzəblənməsini isə onunla izah edirlər ki, 1220–1221-ci illərdə çox çətin vəziyyətə düşmüş şahzadə Cəlaləddin Manquberdi məhz bu şəhərdə sığınacaq tapıb vaxt qazanmış, sonra isə ətrafına qüvvə toplayıb monqollarla mübarizəni davam etdirmişdir.

Cəlaləddin Rumi 1231-ci ildən 1241-ci ilədək Seyid Bürhanəddin Tirmiziyə müridlik etmiş, onun yanında seyri-süluk (təsəvvüfdə cəhalətdən elmə doğru hərəkət) deyilən mənəvi təlim və tərbiyə yolunu keçmişdir. 1244-cü ildə Şəmsəddin Təbrizi (1185–1248) ilə tanışlıqdan və onunla söhbətlərdən sonra Cəlaləddin sanki yeni bir aləmə daxil olmuş və özünü tamamilə təsəvvüfə həsr etmişdir. Bütün vücudunu İlahi eşq bürümüş Cəlaləddin Rumi Mövlanəyə çevrilmişdır.

Cəlaləddin Rumi həm türk, həm də fars dilini bilirdi. Lakin şeirlərini əsasən fars dilində yazırdı. Ruminin adı ilə bağlı olan Mövləvilik təriqətini onun oğlu Sultan Muhəmməd Vələd (1226–1312) qurmuşdur. Deyilənə görə, Sultan Vələdin anası Gövhər xatun Xarəzmşahlar xanədanının nümayəndəsi idi. Onun adının əvvəlində “sultan” sözünün olmasını da məhz bununla izah edirlər. Mövlanənin digər oğlunun adı Əlaəddin Muhəmməd, kiçik oğlunun adı isə Müzəffərəddin Alim Çələbi olmuşdur. Cəlaləddin Ruminin Fatimə Məlikə Xatun adlı bir qızı da var idi. Qeyd etmək lazımdır ki, orta əsrlərdə “məlikə” və “xatun” sözlərini adətən hökmdar nəslindən olan qadınların adlarına əlavə edirdilər.


XARƏZMŞAH CƏLALƏDDİN İLƏ MÖVLANƏ CƏLALƏDDİN ARASINDA BƏZİ OXŞARLIQLAR

Xarəzmşah Cəlaləddin

1.Xarəzmşah Cəlaləddin Manquberdi 1199-cu ildə dünyaya gəlmişdir.
2. Sultan Cəlaləddin Manquberdi Xarəzmşahlar dövlətinin yeddinci hökmdarıdır.
3. Xarəzmşah Cəlaləddin Manquberdinin atasının adı Muhəmməddir.
4. Xarəzmşah Cəlaləddin Manquberdinin atasının tam adı Əlaəddin Muhəmməddir.
5. Cəlaləddinin Manquberdinin üç oğlu olmuşdur.
6. Sultan Cəlaləddin Manquberdi xarəzmşahlar xanədanının sonuncu nümayəndəsi idi.
7. Rəvayətlərə görə, Sultan Cəlaləddinin atası Xarəzmşah Əlaəddin Muhəmmədin ən çox hörmət bəslədiyi din xadimi böyük sufi şeyxi Nəcməddin Kubra (1145-1221) idi. Ürgənc şəhərinin mühasirəsi zamanı Çingiz xan onun amanda olduğunu bildirsə də, Şeyx Nəcməddin Kubra ölümə məhkum edilmiş camaatı tərk etməyərək monqollarla döyüşdə şəhid olmuşdur. Şeyxin məzarı Türkmənistanın Daşoğuz vilayətinin Köhnə Ürgənc şəhərindədir.
8. 1220-1221-ci illərdə çox çətin vəziyyətə düşmüş Cəlaləddin Manquberdi Bəlx şəhərində sığınacaq tapmış, bəlxlilərdən yardım almışdır.
9. Xarəzmşah Cəlaləddin Xorasan vilayətindən 1221-ci ildə çıxıb getməyə məcbur olmuşdur.
10. Xarəzmşah Cəlaləddin Manquberdi öz vətənini monqol istilası üzündən tərk etmişdir.
11. Cəlaləddin Manquberdinin mənsub olduğu Anuştekinlər nəslində şəxs adlarına “sultan”, “məlikə”, “xatun” kimi titullar əlavə edilirdi.
12. Sultan Cəlaləddin Manquberdinin ata nənəsi sənədləri belə imzalayırdı: “Cahan (dünya) məlikəsi (hökmdarı) Türkan xatun”.
13. Sultan Cəlaləddinin atası Xarəzmşah Əlaəddin Muhəmmədin titullarından biri “sultan” idi.
14. Xarəzmşah Cəlaləddin Manquberdi çox igid bir insan olmuşdur.
15. Cəlaləddin Manquberdinin və onun atası Sultan Əlaəddin Muhəmmədin Abbasi xəlifələrinə qarşı münasibətləri yaxşı olmamışdır.
16. Sultan Cəlaləddin 1225-ci ildə Bağdad ətrafında olmuş, Abbasi xəlifəsi ən-Nasirin qoşunlarına qarşı cavab əməliyyatları keçirmiş, xəlifəyə məktublarında onu tənqid etmişdir.
17. Xarəzmşah Cəlaləddin Manquberdi həm türk, həm də fars dilini yaxşı bilirdi.
18. Sultan Cəlaləddin Manquberdi 1231-ci ildə öldürülmüş və ya yoxa çıxmışdır.
19. Sultan Cəlaləddin Manquberdinin ömrünün sonu indiki Türkiyə ərazisində keçmişdir.
20. Salnamələrə görə, Cəlaləddin Manquberdi 1231-ci ildən sonra dərviş həyatı sürmüş və sufi olmuşdur.
21. Cəlaləddin Manquberdinin hörmət bəslədiyi şəxslərdən biri təbrizli Şəmsəddin idi.
22. Təbrizli Şəmsəddin onu tanıyan insanların hamısının ehtiramla yanaşdığı mömin və alicənab bir şəxs olmuşdur.
23. Sultan Cəlaləddinin həyatının böyük bir hissəsi monqollarla mübarizədə keçmişdir.
24. XIII-XIV əsrlərin böyük sufi şeyxlərindən bəziləri hesab edirdilər ki, Sultan Cəlaləddin övliya dərəcəsinə yüksəlmiş şəxslərdən biridir.
25. Sultan Cəlaləddin Manquberdiyə aid olduğu iddia edilən məzar dersimlilərin ən müqəddəs ziyarətgahlarındandır.
-----

Cəlaləddin Rumi

1.Mövlanə Cəlaləddin Rumi 1200-cü ildə anadan olmuşdur.
2.Mövlanə Cəlaləddin Ruminin əsli Xarəzmşahlar dövlətindəndir.
3. Mövlanə Cəlaləddin Ruminin də atasının adı Muhəmməddir.
4. Cəlaləddin Ruminin isə həm qardaşının, həm də ortancıl oğlunun adı Əlaəddin Muhəmməddir.
5. Cəlaləddinin Ruminin də üç oğlu olmuşdur.
6.Cəlaləddin Ruminin ata nənəsi və həyat yoldaşı güya xarəzmşahlar xanədanından olmuşlar.
7. Rəvayətlərə görə, Mövlanə Cəlaləddin Ruminin atası Sultan Bəhaəddin Muhəmmədin mürşidi Şeyx Nəcməddin Kubra, sonuncunun müəllimi isə Baba Fərəc Təbrizi idi. Kubraviyyənin bəzi ələvi təriqətlərinə (nurbəxşilərə və zəhəbilərə) böyük təsiri olmuşdur. Kubraviyyə təriqətinin digər məşhur nümayəndələri Şeyx Ruknəddin Əlaədövlə Simnani (1261-1336) və onun mürşidi Şeyx Nurəddin Əbdurrəhman əl-İsfaraini Kəsrəfidir (?-1317).
8.Mövlanə Cəlaləddin Ruminin əsli qədim Bəlx şəhərindəndir və onun ailəsi oranı 1219-cu ildə tərk etmişdir.
9.Cəlaləddin Rumi Xorasan vilayətindən 1219-1220-ci illərdə çıxıb getməyə məcbur olmuşdur.
10.Bir fərziyyəyə görə, Cəlaləddin Rumi də öz vətənini monqol istilası üzündən tərk etmişdir.
11.Cəlaləddin Ruminin övladlarının adlarının əvvəlində və ya sonunda “sultan”, “məlikə”, “xatun” kimi titullar vardır.
12.Mövlanə Cəlaləddin Ruminin ata nənəsinin adı və ya titulu belə idi: “Cahan məlikəsi (Məlike-i- Cahan)”.
13.Cəlaləddinin atası Bəhaəddin Muhəmmədin fəxri titullarından biri “sultan” idi.
14.Mövlanə Cəlaləddin Rumi də çox cəsarətli bir insan idi.
15.Cəlaləddin Ruminin və onun atası Sultan Bəhaəddin Muhəmmədin də Abbasi xəlifələrinə qarşı münasibətləri yaxşı olmamışdır.
16.Rəvayətə görə, Mövlanə və atası Bəhaəddin Muhəmməd 1221-ci ildə Bağdad şəhərində olmuşlar. Bəhaəddin şəhərin Cümə məscidində xütbə oxuyub Xəlifə ən-Nasiri tənqid etmişdir.
17.Mövlanə Cəlaləddin Rumi həm fars, həm də türk dilində şeirlər yazmışdır.
18. Cəlaləddin Rumi öz həyatının növbəti və əsas mərhələsinə 1231-ci ildə qədəm qoymuşdur.
19.Mövlanə Cəlaləddin Ruminin ömrünün böyük bir hissəsi indiki Türkiyə ərazisində keçmişdir.
20.Cəlaləddin Ruminin təsəvvüfə keçidi 1231-ci ildən başlamış, sonda o, böyük sufi şeyxi olmuşdur.
21.Cəlaləddin Ruminin yaxın dostu və mürşidi Şəmsəddin Təbrizi idi.
22.Şəms Təbrizi onu tanıyan insanların hamısının ehtiramla yanaşdığı mömin və alicənab bir şəxs olmuşdur.
23.Mövlanə Cəlaləddin Ruminin yaradıcılığında Xarəzm və monqol motivləri vardır.
24.Təsəvvüf əhli (sufilər) hesab edir ki, Mövlanə Cəlaləddin Rumi övliya dərəcəsinə yüksəlmiş şəxslərdən biridir.
25.Mövlanə Cəlaləddin Ruminin Konya şəhərindəki məzarı Türkiyənin ən müqəddəs ziyarətgahlarındandır.
-----

P.S. Belə bir ehtimal var ki, 1244-cü ilin noyabrında Cəlaləddin Rumi ilə görüşmüş Şəmsəddin Təbrizi, əslində, Xarəzmşah Cəlaləddindir. Başqa bir gümana görə, Şəmsəddin Təbrizi Cəlaləddin Ruminin özüdür. Bəs bu iki fərziyyəni bir-biri ilə tamamlasaq hansı nəticəni alarıq?

– Bu suala cavab tapmaq üçün 1231-ci ilin avqustuna qayıtmalıyıq. Beləliklə, tək qalmış bahadır atının üzünü onu təqib edən monqollara tərəf döndərir və iti qılıncını sıyırır. Ovçudan ova çevrilən düşmən ölülərini qoyub qaçır. Budur, qəhrəmanımız nabələd olduğu, tanımadığı Diyarbəkr dağlarının ətəyində dayanmışdır. Dünyanın ən sirli, ən sakral yerləri dağlardır. Dağ ucalıqdır, dağ məğrurluqdur, dağ müqəddəsdir. İgid döyüşçü özünün sonuncu zirvəsini fəth etmək üçün atını dəhmərləyib yola düzəlir. Həmin yol onu şahlıqdan, qılıncdan, qandan, dünyanın ötəri işlərindən ayırıb mənəviyyat aləminə aparacaq, əbədi səadətə qovuşduracaqdır.

1244-cü ilin noyabrına 13 il 3 ay qalırdı.


Ardı var…

Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist.

Fedai.az


& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

22.09.2020



22 Mart 2021 Pazartesi

NOVRUZ SİRLƏRİ :

QƏDİM ROMA NOVRUZDAN NİYƏ İMTİNA ETDİ?


2-Cİ YAZI

Araz Şəhrilinin 

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında


Roma mifologiyasına görə, Marsın müqəddəs heyvanları canavar, at, öküz və ağacdələndir. Romalıların təqvimində birinci ay sayılan mart Marsın şərəfinə adlandırılmışdır. Qədim pars dilində kişiyə “martiya”, orta pars dilində isə “mart” deyilirdi. Türk və İran xalqları kimi, qədim romalılar da “qışın qovulmasını” və yeni ilin başlanmasını mart ayında bayram edirdilər.

Haşiyə. Qədim romalılar Marsı məhsuldarlıq və müharibə ilahı hesab edirdilər. Rəvayətlərə əsasən, Mars Romanın qurucusu Romulun və onun qardaşı Remin atasıdır. Marsın həyat yoldaşının adı Nerio və ya Nerionis idi. Zənnimizcə, Nerio–Nerionis adının Narəs — Nevruz–Navrez–Novruz sözünə zahirən bənzəməsi heç də təsadüfün nəticəsi deyildir. Yeri gəlmişkən, müxtəlif dövrlərdə Marsı yunan mifologiyasındakı müharibə ilahı Areslə, Nerionisi isə Roma əsatirlərindəki ilahlar Venera və Minerva ilə eyniləşdirirlər.

QEYD: Herodotun «Tarix» əsərində və digər qədim yunan mənbələrində Ares (Mars) ilahının sakalarla (skiflərlə) bağlı olduğu dönə-dönə qeyd edililmişdir. Herodotun yazdığına görə, skiflər yalnız Aresə qurban kəsirdilər. Qədim türklərin iki böyük peyğəmbərindən birinin adı Ərəsdir (Ares). Y.V. Çəmənzəminlinin «Qızlar bulağı» romanında bu məsələlərə toxunulmuşdur.

Beləliklə, e.ə. 46-cı ildə astronom Sozigenin təklifini bəyənən Roma imperatoru Qay Yuli Sezar (e.ə. 100–44) yeni il bayramını yanvar ayına keçirmişdir.1 Görünür, bunu etmək üçün onun tutarlı bir əsası var idi. Qeyd etmək lazımdır ki, e.ə. 53-cü ildən etibarən Roma imperiyası ilə Parfiya imperiyası arasında şiddətli qarşıdurma dövrü başlanmışdı. Bəlkə də Roma konsulu Mark Lisini Krassın (e.ə. 115–53) 7 legionunun darmadağın edildiyi Hərran (Karr) döyüşünün acı nəticələri romalıların parfiyalılar ilə eyni dəyərləri bölüşmək istəməmələrinə və beləliklə, yaz bayramından da imtina etmələrinə səbəb olmuşdur.

Haşiyə. E.ə. 53-cü ildə istedadlı sərkərdə Surxanın rəhbərlik etdiyi 11.000 nəfərdən az Parfiya süvarisi indiki Türkiyənin qədim Hərran (Karr) şəhərinin yaxınlığında baş vermiş döyüşdə Roma konsulu Mark Lisini Krassın təxminən 50.000 nəfərlik güclü birləşməsini ağır məğlubiyyətə uğratmışdır. Bu parlaq qələbənin əsas sirri parfiyalıların döyüş taktikasında idi. Onlar yalandan geri çəkilərək düşməni özlərinin zəif olduğuna inandırmış, bununla da yağını irəli atılmağa təhrik edib, sıralarının, ən əsası isə artıq işlənib hazırlanmış planlarının pozulmasına nail olmuş, sonra qəfil geri dönərək ildırım sürətli hücumla onu darmadağın etmişdilər.

Amma mümkündür ki, yeni ilin mart ayından dekabr ayına keçirilmısi barədə qərar Sezarın öz iradəsi ilə çıxarılmışdır. Belə ki, e.ə. 49–45-ci illərdə Roma imperiyasında Qay Yuli Sezarın və Qney Pompeyin (e.ə. 106–48) tərəfdarları arasında vətəndaş müharibəsi baş vermiş, onun gedişində parfiyalılar fəal surətdə Pompeyi dəstəkləmişdilər. Bunun qisasını almaq istəyən Sezar Parfiya üzərinə növbəti hərbi yürüş planlaşdırsa da, e.ə. 44-cü ildə onun qətlə yetirilməsi yeni müharibənin qarşısını almışdır. Simvolikdir ki, sui-qəsdçilər Sezarı məhz onun ləğv etdirdiyi bayramın qeyd olunduğu mart ayında (15 mart) öldürmüşlər.

Qeyd. Qədim Roma əfsanələrində Romulun alban kimi təqdim edilməsi və hadisələrin Alba-Longada (Alban ölkəsində) baş verməsi ilk romalıların əksəriyyətinin Şimali Azərbaycandan – Qafqaz Albaniyasından olduğuna dəlalət edə bilər.

* Əsrlər ötdükcə bu azsaylı qaçqın qrupu yerli əhali arasında assimilyasiyaya uğramış, onların keçmiş vətənləri haqqında xatirələri isə tədricən miflərə çevrilərək həqiqi tarixlərinin üstünə qalın pərdə çəkmişdir. Romanın məşhur patrisi nəsilləri – Geganilər, Julilər (Julius), Quinktilər, Kuriatilər, Kloelilər, Servililər alban əsilli idilər. Julilər nəsli Sezar (Kaesar) adı ilə tanınırdı. Bu nəslin sonuncu nümayəndəsi Roma imperatoru Qay Yuli Sezar olmuşdur.

———————

1 И.А.Климишин. «Календарь и хронология», с. 287-292. Москва – 1990.

* Qafqaz Albaniyası barədə ilk məlumatlar e.ə. I əsrə aid olsa da, alban xalqının elə bu tarixdən sonra təşəkkül tapdığını iddia etmək, zənnimizcə, düzgün deyil.

Dillərini və dinlərini unutmuş albanlar Roma cəmiyyətinin ən imtiyazlı zadəgan qruplarından biri olan “ekvitlər” (süvarilər) adı altında mövqelərini uzun müddət qoruyub saxlamış, e.ə. II əsrin 20-ci illərindən sonra isə Romanın həm də maliyyə aristokratiyasına çevrilmişdilər. Eramızın I əsrindən etibarən Roma ordusunun komanda heyəti, əsasən, “ekvitlər”dən təşkil olunurdu. İmperator Makrin (217–218) onlardan idi. Makrin devrildikdən və qətlə yetirildikdən sonra onun oğlu Diadumenias Parfiyaya qaçmağa çalışmışdı

P.S. Qədim romalılarla bağlı aparılmış son genetik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, onların əksəriyyəti, təxminən, 3.000 il əvvəl Romaya Xəzər dənizinin qərb sahillərindən köçmüşdür.

Ardı var…


Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist.

Fedai.az


& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

21.03.2021.


21 Mart 2021 Pazar

NOVRUZ SİRLƏRİ / 1-CI YAZI


1- Cİ YAZI

Araz Şəhrilinin 

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında


Novruza tacik dilində “Navruz”, başqırd dilində “Nauruz”, çuvaş dilində “Naras” deyilir. “Günəş” sözü buryat dilində “naran”, monqol dilində “nar” formasındadır. Nar ağacının adı fars, qazax və monqol dillərində “anar”dır. Azərbaycan dilində “yanar”, ərəb dilində isə “nar” və “nur” sözləri odu, alovu, işığı bildirir.

“Novruz” sözünün “nov” hissəsi fars dilində “yeni” anlamını verir. Bu söz rus dilində «новый», ingilis dilində “new”, alman dilində “neu”, irland dilində “nua”, isveç dilində “ny”, urdu dilində “nəya”, Litva dilində “naujas”, latış dilində “jauns” formasındadır. Litva dilindəki “jaunas”, italyan dilindəki “giovane”, fars dilindəki “cəvan”, ispan dilindəki “joven”, fransız dilindəki “jeune”, rus dilindəki «юный», ingilis dilindəki “young”, alman dilindəki “jung” sözləri “gənc”, “yeniyetmə” mənalarını ifadə edir. O kalmık dilindəki “şin”, monqol dilindəki “şine”, buryat dilindəki “şene”, çuvaş dilindəki “çene”, Azərbaycan dilindəki “yeni”, türkmən dilindəki “yengi”, uyğur dilindəki “yangi”, başqırd dilindəki “yanı”, tatar dilindəki “yana”, xakas dilindəki “naa” sözlərinə bənzəyir.


Diqqət yetirsək görərik ki, Azərbaycan dilində odu, alovu, işığı bildirən “yanar” sözü ilə tatar dilindəki “yana” (yeni) və yava dilindəki “anyar” (yeni) sözləri arasında oxşarlıq vardır. Türk və hind-Avropa dillərindəki “yeni”, “yanı”, “yana”, “naa”, “nəya”, “nua”, “neu”, “new” sözləri sanki bir-birlərindən törəmişlər. Bu mənzərəni monqol dilindəki “nar” (günəş), ərəb dilindəki “nur” (işıq) və “nar” (od) sözləri tamamlayır. Hər zülmət gecədən və hər sərt qışdan sonra həyatı canlandıran, təbiəti yeniləyən nədir? – Sözsüz ki, Tanrının ən böyük nemətlərindən biri olan günəş, onun işığı və istisi.

Görünür, “Novruz” sözünün ikinci hissəsi olan “ruz” (gün) sözü ilə ispan dilindəki “luz” (işıq), rus dilindəki «луч» (şüa), «русый» (açıq-qəhvəyi), «рай» (Cənnət bağı), ingilis dilindəki “ray” (şüa), sloven dilindəki “rus” (sarı), latın dilindəki “russus” (qırmızı, kürən), Litva dilindəki “ruseti” (közərmək), ərəb dilindəki “rauzə” (Cənnət bağı), “rizq” (nemət), “rustu” (isti), fars dilindəki “ruşən” (işıqlı), mordov dilindəki “riz” (xoşbəxtlik) sözləri arasındakı bənzərlik də təsadüfi deyildir.

Beləliklə, bu qənaətə gələ bilərik ki, “Novruz” sözünün ilkin anlamı “yeni gün” deyil, “günəş işığı”, “günəş istisi” (“nar”, “nur” – günəş və “ruz” – işıq, isti) olmuş, sonradan onun “nur” və “ruz” hissələri “yeni”, “cavan”, “gün” və s. kimi mənaları qazanaraq müxtəlif dilləri daha da zənginləşdirmişlər.

Ardı var…

Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist.

Fedai.az

Redaksiyadan : Orta Asiya türklərində, tatarlarda Nardukan bayramı bu gün də qeyd edilir. Bu bayram həyatın təntənəsi və günəşin oyanmasını simvollaşdırır. Bayram üçün «bavırsak», digər lokumlar və ləziz nemətlər bişirilir. Bayramın atributlarından biri də «Yezek salu» deyən bəxt falıdır: Evdə qaranlıq düşən kimi axşam saatlarında gənclər, əsasən evlilik yaşı çatmış qızlar, bəzən də oğlanlar toplanırlar. Qızlardan biri buzu qırıb, bir vedrə su yığır, arxasına baxmadan evə aparır. Sonra qızlar üzüklərini və ya düymələrini suya qoyub fal tuturlar. Bu zaman falçılıq edənlərdən ən gənc iştirakçı sudan təsadüfi bir üzük və ya düymə çıxarır. Çıxarılan üzük və ya düymənin sahibəsinin “taleyi” fal ilə müəyyənləşdirilir. Qədim yunan mənbələrində və Herodotun əsərlərində bu bayramın adı Apa Tur bayramı adlanır və saklar vasitəsiylə bütün Avropa xalqlarına yayılmışdı. Ən son bu bayram 25 dekabr olaraq İsa peyğəmbərin mövludu kimi qəbul edildi. Əslində isə qədim türklərdə Novruz diriliş, Apa Tur isə yekun, nəsil sayma bayramı idi. Yəni «nur, nar» sözlərinin fars dilinə heç bir bağlılığı yoxdur.


& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

17.03.2021.



15 Mart 2021 Pazartesi

BABİL QÜLLƏSİ: ÇİNGİZ XAN HANSI DİLDƏ DANIŞIRDI?


Araz Şəhrilinin

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında


XX əsrin əvvəllərinədək Çingiz xanın türk olduğu, türk dilində danışdığı heç kimdə şübhə doğurmurdu. Lakin monqolşünaslıq bir elm sahəsi kimi yarandıqdan sonra belə bir fikir səslənməyə başladı ki, tarixin ən böyük fatehlərindən biri əslində monqol olmuş və monqol dilində danışmışdır.

Tarixçilərin bəziləri bu iddianı dəstəkləməyə başladılar. Amma onlarla razılaşmayanlar da var idi. Bunların əsas arqumentlərindən biri o idi ki, Çingiz xanın (1162–1227) nəvəsi Hülakü xanın (1217–1265) nəticəsi Qazan xanın (1271–1304) vəziri Fəzlullah Rəşidəddin (1247–1318) özünün “Cami ət-təvarix” əsərində həm Borciginlər nəslinin, həm də bütün tatar tayfalarının təmiz türk olduqlarını vurğulamışdır. Sözsüz ki, bu əsərin üzərində adlı-sanlı tatar dövlət xadimi və türk tarixinin ən mahir bilicilərindən biri sayılan Polad ağa (1240–1313) ilə birgə çalışmış Rəşidəddin öz hökmdarı Qazan xanla razılaşdırmadan həmin fikri qələmə ala bilməzdi. Ümumiyyətlə isə dövrümüzə gəlib çatmış salnamələrdən görünür ki, XIII əsrdə Çingiz xanın və tatarların türklüyü məsələsi mübahisə mövzusu deyildi. Düşmənləri də, dostları da onları türk hesab edirdilər. Amma fərqli fikirdə olanlar da vardı. Məsələn, Mahmud Kaşğari (1029–1101) “Divanu lüğət-it-türk” əsərində yazır: “Tatar və kay (qayı?) köçəri qəbilələrdir. Tatarlar və kayılar türk dilini yaxşı bilirlər. Lakin öz aralarında başqa bir dildə danışırlar”.


Qeyd etmək lazımdır ki, Çingiz xanın ətrafında birləşmiş tayfaların əksəriyyəti məhz tatar mənşəli idi. Beləliklə, tatarlar hansı dildə danışırdılar? Çingiz xanın birbaşa nəslindən olan İlxani hökmdarı Qazan xanın Roma papası VIII Bonifasiyə uyğur əlifbası ilə yazdığı 12 aprel 1302-ci il tarixli məktubun transkripsiyasına nəzər salaq, onu təhlilin analiz, müqayisə və statistik metodlarının köməyilə tədqiq edək.

İddiaya əsasən, bu məktub Roma papasının gizli arxivində aşkarlanmışdır.


MƏTNİN TRANSKRİPSİYASI


Qasan üge manu Baba.

Urida ber Bisqarun iyar çinu ilegsen duradqal, sayin üges, biçig. Bid andur kürbe qariğu inu ber Kőkedei küregen, Bisqarun, Tümen ğurban iyar jrlğ ilelegei. Edüge ber bögesü mőn kü yosuğar turbiĵu amui. Ta ber čerigüdiyen ĵasaĵu irgen, irgenü sultadtür ileĵü bolĵal ülü qoĵidan. Tngriyi ĵalbariĵu yeke üileyi uğuğata nigen ĵug bolğaya kemen. Ede Sadadin, Sinanadin, Samsadini ilebei. Ta Tngriyi ĵalbariĵu čerigüdiyen jaĵasadqun.

Bičig manu doluğan ĵağud nigenudtur bars ĵil qaburun ečüs sarayin arban dőrbene Qos Qabuqa büküidür bičibei.

Mətnin Azərbaycan dilinə tərcüməsi.

Qazan sözüm Babaya.

Əvvəlcə çatdı Biskarun ilə sənin göndərdiyin təkliflər, yaxşı sözlər, məktub. Biz buna görə, qarşılığında onun Kökedey kürəkən, Bisqarun, Tümən – üçü ilə əmri göndərdik. İndiki vəziyyətə gəlincə, hazırlıq görürük. Siz hazır edin əsgərlərinizi, əmri xalqlara, xalqların sultanlarına göndərin və işi gecikdirməyin. Tanrıya dua edərək böyük iş haqqında, (məmlüklərə qarşı müharibəni) yeganə məqsəd edəcəyik. (Bunu bildirmək üçün) Sadəddini, Sinanaddini və Səmsəddini göndərdik. Siz də Tanrıya dua edib əsgərlərinizi toplayın.

Məktubumu 701-ci pələng ili, baharın sonuncu ayının 14-də Qos Qabuğda yazdıq.


MƏTNDƏKİ SÖZLƏRİN MÜQAYİSƏLİ TƏHLİLİ


1. Qasan – türk dillərində şəxs adı (Qazan);

2. Üge – “söz”. Müasir monqol dilində “üq” formasındadır. Bu sözlə Azərbaycan dilindəki “öyüd” (“ögüd”) sözünün mənşəyi eynidir. Əslində, “öyüd” sözü iki hissədən ibarətdir: sözün kökü olan “öy” və cəm şəkilçisi “üd”. “Öyüd” sözünün birbaşa mənası “sözlər”dir. Yeri gəlmişkən, tərifləmək mənasını verən “öymək” sözündəki “öy” də “söz”dür. Belə ki, “filankəsi tərifləmək”, əslində “onun barəsində söz demək” anlamını ifadə edir.Həmçinin də əski türkcə «uge» hökmdar olmadığı zamanlarda qurultaya başçılıq edən dövlət adamı. Daha sonralar Baş vəzir anlamında işlədilib (red.).

3. Manu – “mənim”. Müasir monqol dilində “miniy” formasındadır. «Manu» əski türkcədən sankskrit dilən keçmiş «mən» sözündən yarandığı və insan soyunun ataları, prototipləri olan, meydana getirilmiş Manular mənasında işlənirdi. Bu söz anlam olaraq 4 qrupa bölünür. (red.)

4. Baba – göründüyü kimi, XIII əsr moğolları Roma papasına “Baba” deyə müraciət etmişlər. Belə bir ehtimal var ki, V əsrdə hunlar da Roma yepiskopuna “baba” (“ata”) demişlər. Qeyd etmək lazımdır ki, ingilis dilindəki “pope”, rus dilindəki “papa”, türk dilindəki “baba”, yenə də türk və monqol dillərindəki “aba” sözləri arasında həm forma, həm də məna eyniliyi vardır.

5. Urida – “əvvəl”. Müasir monqol dilində “urd”, “ert” formalarındadır. Ola bilsin ki, bu sözlər Azərbaycan dilindəki “ertə” və rus dilindəki «утро» (“səhər”), ingilis dilindəki “early” (“ertə”) sözləri ilə eyni mənşəlidir.

6. Ber (və ya “bar”) – güman ki, “gəldi”, “yetişdi”, “çatdı” mənalarını ifadə edir. Əgər bu ehtimal doğrudursa, XIII əsrin moğol dilindəki “ber” (və ya “bar”) sözü ilə müasir monqol dilindəki “irsen” (“çatdı”, “gəldi”) sözünün “ir” (“var”) hissəsinin, Azərbaycan dilindəki “vardı” (“çatdı”, “gəldi”), qədim türk dilindəki “bardı” (“çatdı”, “gəldi”) sözlərinin “var”–“bar” hissəsinin mənşəyi eynidir.

7. Bisqarun – XIII–XIV əsrlərin Genuya taciri və diplomatı Buskarello de Gizelfi.

8. İyar – müasir monqol və mancur dillərində bu sözün bənzərini müəyyən edə bilmədik. Çağdaş Özbək Türkcəsində «iyer-moq» (ияр-моқ) dial. ‘эргамоқ’ (s.346b) (arxasından getmək, izindən yürümək, təqib etmək) anlamında işlənir. Eyni feilin – t- artırılmasıyla genişlədilmiş forması da «iyart-moq» (иярт-моқ) iyermoq fl. ort. n. (s. 346b) olaraq verilmiş və ikisinin də eynı anlamda olduğu bildirilmişdir («Türk Dilinin Tarihi Söz Varlığından Örnekler II»)

Yalnız saxa dilindəki “kıtarı” (“ilə”) sözü ilə onun arasında tam olmayan oxşarlıq vardır. Mütəxəssislərin əksəriyyəti “iyar” sözünü “ilə” kimi tərcümə etmişlər.

9. Çinu – “sənin”. Müasir monqol dilində “çiniy” formasındadır. Monqol dilindəki “çi” şəxs əvəzliyi Azərbaycan dilindəki “sən” şəxs əvəzliyi ilə ehtimal ki, eyni mənşəyə malikdir;

10. İlegsen – “göndərdiyin”. Müasir monqol dilində “ilgeesen” şəklindədir. Forma və müəyyən dərəcədə məna baxımından türk dilindəki “ilgi” (“maraq”) sözünə bənzəyir. Müasir türk dilində “iletmek” (“ötürmək”, “çatdırmaq”) sözü də vardır. Həmçinin türk dillərindəki “ilçi”, “elçi” sözünü də göstərə bilərik.

11. Duradqal – bu söz XIII əsrin moğol dilindən “təkliflər” kimi tərcümə edilmişdir. Müasir monqol dilində “durdsan” (“xatırlatdıqların”), “durdax” (“xatırlamaq”) formalarındadır. Türk dillərində isə bu söz «durud» sözünə uyğundur və dua etmək, mədh edilən və s. anlamında işlənir.(red.)

12. Sayin – “sayılan”, “ehtiramlı”, “yaxşı” kimi mənaları ifadə edən bu söz müasir monqol dilində “sayn” formasındadır. “Sayın” sözünün etimologiyası və müxtəlif dillərdəki paralelləri haqqında “Babil qülləsi: Çingiz xan və seyidlər” adlı məqalədə geniş məlumat verilmişdir.

13. Biçig – bu söz həm qədim türk (“bitik”), həm də monqol dillərində vardır, “namə”, “məktub”, “kitab” mənalarını verir. Türk dilində «biçug» «sözünü tutmaq» anlamında işlənir. Məsələn: Erning biligi biçug. — Yəni verdiyi sözü tutmaz.

14. Bid – “biz”. Müasir monqol dilində “bi” – “mən”, “bid” – “biz”, “bidend” – “bizə”dir. Əslində, həm monqol dilindəki “bid”, həm də türk dillərindəki “biz” şəxs əvəzliyi iki hissədən ibarətdir: sözün kökü olan “bi” şəxs əvəzliyi və cəm şəkilçisi “id”, “iz”. Türk dillərində ilk rəqəmin “bir” adlanması da təsadüfi deyildir. Qədim insan saymağa özündən də başlaya bilərdi. Güman ki, “biz” şəxs əvəzliyinin ən qədim forması çuvaş dilindədir: “eper” – “ber” (tatar, başqırd) – “bir”.

15. Andur – zənnimizcə, bu söz Azərbaycan dilinə “buna” kimi tərcümə edilməlidir. Müasir monqol dilində “ene talaar” formasındadır. “Bu” sözü monqol dilində “ene” şəklindədir. Əslində isə, türk dillərindəki “ol” (“o”) sözü ilə monqol dilindəki “an”–“ene” (“bu”) sözünün mənşəyi ehtimal ki, eynidir. Azərbacan dilindəki -“na”, -“nə” şəkilçisinin funksiyasını müasir monqol dilində “deer” şəkilçisi yerinə yetirir.

16. Kürbe – müasir monqol dilində “əgər” mənasını ifadə edən “xervee” sözü vardır. “Əgər” və “xervee” sözləri məna baxımından eyni, formaca bənzərdirlər. Lakin mətnin məzmunundan görünür ki, “kürbe” sözü “əgər” deyil, “görə” kimi tərcümə edilməlidir. Qeyd etmək lazımdır ki, “kürbe” və “görə” sözləri arasında da zahiri oxşarlıq vardır. Yeri gəlmişkən, Azərbaycan dilindəki “gərəkdir” sözü müasir monqol dilində “xereqtey” şəklindədir.

17. Qariğu – böyük ehtimalla “cavabında”, “cavab olaraq”, “qarşılığında” kimi tərcümə edilməlidir. Müasir monqol dilində “xariudn” formasındadır. Ola bilsin ki, “qariğu” sözü ilə Azərbaycan dilindəki “qarşı” sözü arasında əlaqə vardır. Amma bunu birmənalı şəkildə iddia edə bilmərik.

18. İnu – güman ki, “onun”. Müasir monqol dilində “tüüniy” (“onun”, “onu”) şəklindədir. XIII əsrin moğol dilindəki “inu” sözü ilə Azərbaycan dilindəki “onun” sözü mənaca eyni, formaca bənzərdir.

19. Kőkedei – şəxs adı.

20. Küregen – müasir monqol dilində “xürgen”, Azərbaycan dilində “kürəkən” formasındadır.

21. Tümen – mətndə şəxs adıdır. Qədim türk dilində “tümən”, monqol dilində isə “tümen” formasındadır. Türk ordularında on min süvaridən ibarət təşkilati taktiki vahid “tümən” adlanırdı. Ehtimal edə bilərik ki, rus dilindəki «тьма», «темный», «туман», Azərbaycan dilindəki “duman”, digər türk dillərindəki “tuman”, isveç dilindəki “dimma”, fin dilindəki “sumu” sözləri də “tümen” sözü ilə əlaqəlidir. Ola bilsin ki, “tümən” sözü hind-Avropa dillərindəki “deh” (“on”) və türk dilindəki “min” sözlərinin birləşməsindən yaranmışdır. Yeri gəlmişkən, rus dilindəki «тыcяча» (“min”), ingilis dilindəki “thousand” (“min”) sözləri də eyni yolla əmələ gəlmişdir. Belə ki, “yüz”ə rus dilində «сто», ingilis dilində isə “hundred” deyilsə də, fikrimizi əsaslandıra bilərik. Rus dilindəki «кто», «что» sual əvəzliklərinin ilkin forması «кем» (“kim”), «чем» (“nə”) əvəzlikləridir. Güman ki, rus dilindəki «кем» sual əvəzliyi Azərbaycan dilindəki “kim” sual əvəzliyi ilə eyni mənşəyə malikdir. Ehtimal edirik ki, slavyan dillərindəki «сто» sözü də əvvəllər “sat” formasında olmuş, sonradan dəyişib indiki şəklinə düşmüşdür. “Yüz” sözü fars dilində “sad”, eston dilində “sada”, fin dilində “sata”, malaqasi (malay dillərinə aiddir) dilində “zato”, macar dilində “szaz”, qazax dilində “jüz”, müasir monqol dilində “zuu” formasındadır. Beləliklə, iddia edə bilərik ki, rus dilindəki «тысяча» sözünün «сяча» hissəsi və ingilis dilindəki “thousand” sözünün “sand” hissəsi ilkin dildəki “yüz” sözünün zaman və məkan kimi amillərin təsiri altında dəyişikliyə uğramış variantlarıdır.

22. Ğurban – “üç”. Müasir monqol dilində “qurav”, “qurban”, “qurvan”. Maraqlıdır ki, monqol dilindəki “qurav” sözü elə monqol dilindəki “quç” (“otuz”) sözünün vasitəsilə türk dilindəki “üç” sözünə yaxınlaşır: “qurav” – “quç” – “uç”, “üç”.

23. Jrlğ – “əmr”, “göstəriş”. Müasir monqol dilində “zarliq”, türk dillərində “yarlıq” formasındadır. Türk–monqol–mancur mənşəli “jar” (“xəbər”, “qışqırıq” – Azərbaycan dilində “zar”) sözündən yarandığı ehtimal edilir.

24. İlelegei – “göndərdik”. Müasir monqol dilində “ilgeesen” şəklindədir. Doqquzuncu sözə bax.

25. Edüge – “mövcud”, “hazırkı”, “indiki”, “bugünkü”. Müasir monqol dilində “odogiin”, “odoo” formalarındadır. Zənnimizcə, Azərbaycan dilindəki “indi”, “indiki”, Koreya dilindəki “hyundai” (“müasir”) sözləri ilə eyni mənşəyə malikdir.

26. Bögesü – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

27. Mőn kü – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

28. Yosuğar – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

29. Turbiĵu – ehtimala görə, qədim monqol dilində “başlamaq”, “həyata keçirmək” kimi anlamları ifadə edən “toğurbi” feilindən yaranmışdır. Şübhəsiz ki, bu elə türk dillərindəki “doğurmaq” sözüdür.

30. Amui – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

31. Ta – “siz”. Müasir monqol dilində də “ta” formasındadır.

32. Çerigüd – “çeriklər”, “əsgərlər”. Bu söz də iki hissədən ibarətdir: kök – “çerig” və cəm şəkilçisi – “üd”. Müasir monqol dilində “tsereq” (“əsgər”) formasındadır.

33. Jasaĵu – “yazını”, “göstərişi”. Türk dilində “yasaq” (“vergi”), monqol dilində isə “zasaq” (“hakimiyyət”) formasındadır.

34. İrgen – “irqlər”, “xalqlar”. Bu sözün müasir monqol dilində olub-olmadığını müəyyənləşdirə bilmədik. Ola bilsin ki, uyğurlar vasitəsilə ərəb dilindən keçmişdir.

35. Sultad – “sultanlara”, “hökmdarlara”. Bu da ərəb dilindən alınma sözdür.

36. İleĵü – “göndərin”. Müasir monqol dilində “ilgeex” formasındadır. Doqquzuncu sözə bax.

37. Boljal – “və”. Müasir monqol dilində “ba” və “bolon”, çuvaş dilində “pa”, Tıva dilində “bolqaş” və “bile”, türk dilində “ile”, xakas dilində “le” formasındadır. Zənnimizcə, bu sözlərin hamısı bir-birindən törəmişdir.

38. Ülü – böyük ehtimalla, “hərəkət”, “əməl”, “iş”. Müasir monqol dilində “üyl” formasındadır. Ola bilsin ki, Azərbaycan dilindəki “elə”, “əl” (“bədən üzvü”) sözləri ilə eyni mənşəlidir.

39. Qoĵidan – ola bilsin ki, “gecikdirməyin”, “yubatmayın”, “ləngiməyin”. Amma bu sözün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

40. Tngriyi – “Tanrıya”. Müasir monqol dilində “Tengeri” formasındadır. Azərbaycan dilində isə “Tanrı” sözü ilə yanaşı “dan yeri” ifadəsi də vardır. “Dan yeri” əslində elə “Tanrıdır”.

41. Jalbariĵu – “dua edib”. Müasir monqol dilində “zalbir”, “zalbiral” formasındadır. Fikrimizcə, Azərbaycan dilindəki “yalvarış” sözü ilə mətndəki “jalbariju” sözünün və müasir monqol dilindəki “zalbir” sözünün mənşəyi eynidir.

42. Yeke – “yekə”, “böyük”. Müasir monqol dilində “ix” şəklindədir. Bu söz özünün mətndəki formasını olduğu kimi Azərbaycan dilində saxlamışdır.

43. Üileyi – “hərəkət”, “əməl”, “iş”. Otuz səkkizinci sözə bax.

44. Uğuğata – “haqqında”, barəsində”, “üçün”, “naminə” kimi tərcümə edənlər vardır. Müasir monqol dilində həmin mənanı ifadə edən və “uğuğata” sözünə bənzəyən “tuxay” sözü vardır. Amma bu sözün eynisini, yaxud oxşarını müasir türk dillərində müəyyənləşdirə bilmədik.

45. Jug – müasir monqol dilindəki “tsuqluulax” sözü “yığışmaq” mənasını ifadə edir. Azərbaycan dilindəki “yığışmaq” sözünün “yığ” hissəsini də mətndəki “juq” sözü ilə müqayisə edə bilərik. Amma “juq” sözü “məqsəd”, “hədəf”, əslində isə “istiqamət” kimi də tərcümə edilir. Monqol dilində “çiqlel” (“istiqamət”) və “tseq” (“nöqtə”) sözləri vardır.

46. Bolğay – ehtimala əsasən, bu söz XIII əsrin moğol dilində “ol”, “olaq”, “olmaq” anlamını ifadə etmişdir. Deməli, moğol dilindəki “bolğay” sözü türk dilindəki “bol” (“ol”) sözünün eynidir. Yeri gəlmişkən, müasir monqol dilində “bolno” (“ol”) sözü mövcuddur.

47. Kemen – bu sözün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

48. Ede – bir varianta görə, “öz”, “özümüzün”, “bizim”. Müasir monqol dilində “tedniy” formasındadır. Digər varianta əsasən, “deyərək” anlamını ifadə edir.

49. Sadadin – şəxs adıdır.

50. Sinanadin – şəxs adıdır.

51. Samsadin-i – şəxs adıdır.

52. İlebei – “göndərdim”. Müasir monqol dilində “ilgeesen” formasındadır. Ola bilsin ki, “ilebei” sözü “ile” (“göndər”) və “bi” (“mən”) sözlərinin birləşməsindən yaranmışdır. Həmçinin doqquzuncu sözə bax.

53. Jaĵasadqun (və ya “jasadqun”) – bəzi variantlarda bu söz “toplayın”, “toplaşın”, “yığın”, “yığışın” kimi, digərlərində isə “hazırlaşın” kimi tərcümə edilmişdir. Zənnimizcə, ikinci variant doğrudur. Onun eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

54. Doluğan – “yeddi”. Müasir monqol dilində “doloo” formasındadır. Bu sözün türk dillərində bənzəri yoxdur.

55. Jağud – “yüz”. Müasir monqol dilində “zuu” formasındadır. Monqol dilindəki “zuu” sözü ilə türk dillərindəki “jüz”, macar dilindəki “szaz”, fars dilindəki “sad”, eston dilindəki “sada” sözlərinin mənşəyi eynidir.

56. Nigen – “bir”. Müasir monqol dilində “neq” şəklindədir. Hay dilindəki “meq”, macar dilindəki “egy”, fin dilindəki “yksi”, eston dilindəki “üks”, tacik dilindəki “yak”, fars dilindəki “yek”, Azərbaycan dilindəki “tək” sözü ilə eyni mənşəlidir.

57. Od – “da”, -“də”. Müasir monqol dilində “ond” şəklindədir.

58. Bars – “bars”, “bəbir”, “pələng”. Müasir monqol dilində “bar”, türk dillərində isə “bars” formasındadır. Qeyd etmək lazımdır ki, monqol dilindəki “bar”, türk dillərindəki “bars”, latın dilindəki “pard”, “pardus” (“bəbir”) sözləri arasında yaxınlıq vardır.

59. Jil – “il”. Müasir monqol dilində də “jil” şəklindədir. Zənnimizcə, monqol dilindəki “jil”, qazax dilindəki “jıl”, saxa dilindəki “sıl”, tacik dilindəki “sol”, kürd və fars dillərindəki “sal” sözlərinin mənşəyi eynidir.

60. Qaburun – “baharın”. Müasir monqol dilində “xavar” formasındadır. Monqol dilindəki “xavar” sözü ilə Azərbaycan dilindəki “bahar” və fars dilindəki “bəhar” sözləri mənaca eyni, formaca bənzərdirlər.

61. Ečüs – böyük ehtimalla, “sonuncu”, “axırıncı”. Monqol və türk dillərində bənzərini müəyyənləşdirə bilmədik.

62. Sarayin – “ay”, “ayın”. Müasir monqol dilində həm təvim ayına, həm də səma cismi aya “sar” deyilir. Zənnimizcə, o türk dillərindəki “ay” sözü ilə eyni mənşəyə malikdir.

63. Arban – “on”. Müasir monqol dilində “arvan”, “arban” şəklindədir. Bəlkə də bu sözün “ban”, “van” hissəsi çuvaş dilindəki “vunna” (“on”) sözünün vasitəsilə digər türk dillərindəki “on”, “un” sözü ilə əlaqəlidir.

64. Dőrben – “dörd”. Müasir monqol dilində “döröv”, “dörvön”, “durben” formasındadır. Şübhəsiz ki, türk dillərindəki “dörd” və mancur dillərindəki “dıgin” (“dörd”) sözləri ilə eyni mənşəlidir.

65. Qos Qabuğ – yer adıdır.

66. Büküidür – mətndən göründüyü kimi, bu söz Azərbaycan dilinə “yerdə”, yaxud “yaxınlığında”, “ətrafında” kimi tərcümə edilə bilər. Amma “büküidür” sözünün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

67. Bičibei – “biçdim”, “yazdım”. Müasir monqol dilində “biçsen” formasındadır.


Nəticə. Mətndə işlənmiş 82 sözdən yeddisi şəxs adı, biri titul, biri toponim, on üçü təkrarlanan sözlərdir. Yerdə 60 söz qalır. Onlardan təxminən qırx beşinin eynisi, yaxud bənzəri müasir Azərbaycan dilində vardır. Xatırladaq ki, müqayisə XIII əsrin moğol dili ilə XXI əsrin Azərbaycan dili arasında aparılmış və belə bir nəticə (75%) alınmışdır. Görəsən, XIII əsrin moğol dili ilə VI əsrin türk dili arasında müqayisə aparılsaydı, nəticə necə olardı?

Beləliklə, bu qənaətə gələ bilərik ki, Çingiz xan indiki monqol dilinə yaxın olan bir dildə danışırdı. Lakin təhlilimiz göstərdi ki, həmin dil türk dilinə də yaxın idi. Çingiz xanın XIII–XIV əsrlərdə yaşamış və bu dildə danışmağı hələ yadırğamamış törəmələri də onu məhz türk dili adlandırırdılar.

Osmanlı səyyahı Övliya Çələbi (1611–1682) “Səyahətnamə” əsərində yazır: “Dağıstanda sayı 20.000 nəfərdən çox olan qaytaq xalqı yaşayır. Qaytaqlar nəhəng, enlikürək, fiziki cəhətdən çox möhkəm insanlardır. Heç bir at və qatır qaytağın bədəninin ağırlığına tab gətirə bilmir. Buna görə də onlar dağlardan piyada düşürlər, Şəki və Ərəş şəhərlərinə isə arabada gedirlər. Qaytaqlar oğuzdurlar, moğolların bir qoludurlar. Moğol ölkəsi Maxandandırlar. Amma özləri türkdürlər. Moğol dilində danışırlar. Lakin bu dili türk dili adlandırırlar”. Övliya Çələbi qaytaq dilində işlənən bəzi sözləri təqdim etmişdir. Onlardan bir neçəsinə nəzər salaq:


Azərbaycan dilində /  XVII əsrin qaytaq dilində / Monqol dilində


1. At —— Mori —— Mori, aduu

2. Ayğır ——- Acirqa ——- Azarqa

3. Madyan ———— Güvən ———— Güü, baydsan

4. Dayça ————- Utqan ——— Unaqa, daaqa

5. İt ————- Noxay ———— Noxoy

6. Donuz ———- Qaxa ————— Qaxay

7. Dələ ———- Kerem ——— Xerem

8. Dovşan —— Taulay ——— Tuulay

9. Samur ——— Bulaqan —— Bulqa

10. Canavar(çönə, börü) ——— Çinoa ————- Çono

11. Dəvə, teve (çuvaş) ———— Temegen ——— Temee

12. Qatır ———- laşa (çuvaş-at) —— Looşa Luus

13. Öküz ———— vakar (çuvaş) ———— Xuer Üxer

14. Toyuq —— — Teqeu ———- Taxia

15. Şahin ———— Laçin ———— Naçin

16. Bit ———- Puvasud ———- Böös

17. Bildirçin —— Büdükçin —— Bödnö

18. Cücə —— Çiqe

19. Ceyran —— Ceyran

20. Yağı, düşmən —- Cad (yad?)


Qeyd. XVII əsrdə moğoldilli qaytaqların yaşadıqları ərazidə bugün əsasən Dağıstanın dargin xalqı yaşayır.

P.S. Əslində, bir sıra xüsusiyyətlərinə görə, elə indiki monqol dilini də türk dilinin uzaq dialekti hesab etmək olardı. Amma məsələ bundadır ki, linqvistlərin əksəriyyəti “hind-Avropa dil ailəsi” formalaşdırılarkən istifadə olunmuş meyarların universallığına inanır.


Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist.

Fedai.az


& VƏTƏNSEVƏRLƏR

Araşdırma

14.03.2021.


                                                                               

16 Şubat 2021 Salı

AMERİKA HİNDULARININ MƏNŞƏYİ: TÜRK İZİ BARƏSİNDƏ DÜŞÜNCƏLƏR…


3) BABİL QÜLLƏSİ RUBRİKASINDAN


Yazımıza Amerika yerlilərinin nümayəndəsi, ötən əsrin 70-ci illərində keçmiş SSRİ-də olmuş Cek Raşinqin sözləri ilə başlayaq: “Mənsub olduğum mohavk qəbiləsinin mənşəyinə gəlincə, deməliyəm ki, mövcud rəvayətlərə əsasən, biz 50.000 il əvvəl (son elmi dəlillərə görə, təxminən, 23.000 il əvvəl – müəllif) Amerika qitəsinə başqa bir yerdən – indiki Azərbaycandan gəlmişik. Bunun antropoloji dəlilləri də vardır.

O zamanlar Berinq boğazından uzanan quru yol vasitəsilə ovçuların ardıcıl köçü baş verirdi. Onlar Xəzər sahillərindən, indiki Özbəkistan və Qazaxıstandan, Sibir torpaqlarından gəlirdilər. Bugünün özündə də bizdə Azərbaycan xalqının adətlərinə və Azərbaycan dilindəki sözlərə bənzəyən xeyli adət və söz qalmışdır. Aramızda müəyyən etnik uyğunluqlar da mövcuddur. Mənə elə gəlir ki, Bakıdakı dostlarıma mühüm bir siqnal vermiş oluram. Amerika hindularının mədəniyyəti ilə Azərbaycanın milli mədəniyyətinin oxşarlığı ideyası, düşünürəm ki, onlar üçün də yenidir. Azərbaycanlılar bunu tədqiq edə bilərlər. Lakin edəcəklərmi? Bunu bilmirəm!”

Haşiyə. Mohavklar məşhur ABŞ yazıçısı Ceyms Fenimor Kuperin (1789–1851) oxucularına onun əsərlərinin əsas qəhrəmanları Nataniel Bamponun və mogikan Çinqaçqukun barışmaz və amansız düşmənləri kimi tanışdırlar. Bugün Kanadada və ABŞ-ın Nyu-York ştatında 64.000 mohavk yaşayır. Onlardan cəmi 3.000 nəfəri öz doğma dilində danışa bilir.



Fikirlərindən görünür ki, Cek Raşinq öz xalqının tarixi ilə maraqlanmış, onu araşdırmağa çalışmışdır. Sözsüz ki, o, öz ehtimallarını irəli sürərkən müəyyən faktlara əsaslanmışdır. Amma bizə daha dolğun və birmənalı dəlillər lazımdır. Beləliklə, bu məsələyə elmin, daha doğrusu, onun müxtəlif sahələrinin münasibəti necədir?

Əvvəlcə arxeoloqların verdikləri məlumata nəzər salaq… Ötən əsrin 80-ci illərində Alyaskada və Mərkəzi Asiyada yerləşən qədim insan məskənlərində tapılmış artefaktlar müqayisəli şəkildə tədqiq edilmişdir. Bu zaman məlum olmuşdur ki, əmək və ov alətləri, müxtəlif amuletlər, geyim əşyaları, digər predmetlər arasında bənzərlik, bəzən isə eynilik vardır. Həmçinin müəyyən edilmişdir ki, Altay və Sibir xalqları ilə Amerika yerlilərinin qədim dəfn mərasimləri də oxşardır. Bu paralellər ayrı-ayrı qitələrdə yerləşən qədim mədəniyyətləri bir-birinə bağlayaraq sübuta yetirmişdir ki, onlar, əslində, bir zəncirin halqalarıdır.

Lakin mədəniyyətlərin bənzərliyi hələ qan qohumluğuna, genetik yaxınlığa dəlalət etmir. Eyni məkan və şəraitdə oxşar həyat tərzi, məişət əşyalarının və geyimin hazırlanmasında bənzər materiallardan (dəri, sümük, obsidian daşı və s.) istifadə yuxarıda göstərilən nəticələrə səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, bizi maraqlandıran məsələ barəsində ən dəqiq məlumatı genetika elmi verir. Belə ki, Amerika hindularının əksəriyyəti Y xromosomlu Q haploqrupunun daşıyıcısıdır. Bugün İranda, Əfqanıstanda və Özbəkistanda yaşayan türkmənlərin əksəriyyəti, kulan-kıpşak və kanqlı tayfalarından olan qazaxların 46-48%-i, azərbaycanlıların və norveçlilərin 4.8%-i (bu genin Norvegiyadakı daşıyıcıları Azərbaycandan getmişlər), hindoy, çeberloy, qordaloy, engenoy, egişbatoy, dişniy, şuonoy, noxçmaxkaxoy nəsillərindən olan çeçenlərin bir hissəsi və Aşkenazi yəhudilərinin müəyyən bir qismi Q haploqrupuna aiddir. Həmin haploqrupun daşıyıcılarına Pribaltikada, Volqaboyuda, Monqolustanda da rast gəlmək mümkündür.

Q haploqrupu, təxminən, 31.900 il əvvəl indiki Uralda və ya Sibirdə P haploqrupundan yaranmışdır. Həmin dövrdə P haploqrupundan həmçinin R haploqrupu da törəmişdir. Sonradan



R haploqrupu öz növbəsində R1 və R2 haploqruplarına, R1 haploqrupu isə, təxminən, 18.000 il əvvəl R1a və R1b haploqruplarına bölünmüşdür. R1a-nın Z93 subkladı (subclade) şərti olaraq qədim arilərin haploqrupu hesab edilir. Bunun da səbəbi odur ki, bugünkü Hindistanın brahman və kşatriya varnalarında (kastalarında) məhz R1a haploqrupunun Z93 subkladının daşıyıcılarının faizi 31–72 arasındadır. Məsələ burasındadır ki, əski mətnlərə əsasən, arilərin əsas təbəqələri məhz brahmanlar və kşatriyalar olmuşlar. Elə buna görə də R1a Z93-ə həm də ari haploqrupu deyilir. Müasir xotonların (türk xalqı) 83–87%-i, qırğızların 65%-i, Altay türklərinin 53%-i, yəhudi xalqının cəmi 4%-ni təşkil edən lavililərin 52%-i, Kuban noqaylarının 50%-i, pəncablıların 47%-i, taciklərin 30–68%-i, puştunların (Əfqanıstan) 45–51%-i, şəmmar tayfasından olan ərəblərin 43%-i, Krım tatarlarının və özbəklərin 32%-i, çuvaşların və uyğurların 30%-i, qaraçay-balkarların 28%-i, farsların 18–25%-i, kürdlərin 10–20%-i həmin haploqrupun daşıyıcısıdır.

Şərqi Avropa ölkələrində də üstünlük R1a haploqrupuna məxsusdur. Belə ki, belorusların 60%-i, polyakların 56%-i, rusların 34–55%-i, ykraynalıların 53%, latışların 40%-i, litvalıların 38%-i, həmçinin Avropanın şimalında və qərbində yaşayan norveçlilərin 26%-i, almanların 16–24%-i, avstriyalıların 19%-i bu haploqrupun müxtəlif subkladlarına aiddir. Amma bir məsələni də vurğulayaq ki, R1a Z93-dən fərqli olaraq, onların heç biri “ari haploqrupu” hesab edilmir.

Qərbi Avropada isə daha çox (50%) R1b haploqrupu yayılmışdır. İngilislərin 70–90%-i, baskların 88%-i, ispanların 70%-i, almanların 40%-i, eləcə də Altay kumandinlərinin (türk xalqı) 49%-i, kıpşak tayfasından olan qazaxların 47%-i, tabasaranlıların 45%-i, osetinlərin 43%-i, türkmənlərin 37%-i R1b-nin müxtəlif subkladlarının daşıyıcısıdır.

Sadaladıqlarımızı sadə dilə çevirək. Təxminən 44.300 il əvvəl Cənub-Şərqi Asiyada bir oğlan (P haploqrupu) doğulur. O, həyatda uğurlu olur, nəsli artır və yayılmağa başlayır. P-nin dünyaya gəlməsindən 12.400 il sonra onun nəslində R və Q adlı iki oğlan uşağı anadan olur. Ulu babaları P kimi tale onların da üzünə gülür. Beləliklə, iki yeni nəslin əsası qoyulur. Bu hadisədən təxminən 9.000 il ötür. Q-nin övladlarının bir hissəsi hansısa səbəblər üzündən (iqlim, müharibə və s.) köçə başlayır. Onlar Berinq boğazından Amerika qitəsinə keçirlər. Sonrası məlumdur.



P-nin digər “övladı” R-in Mərkəzi Asiyada yaşayan nəsli isə ondan cəmi 1.500 il sonra iki qola – R1a-ya və R1b-yə ayrılır. Əvvəlcə R1a-nın törəmələri müvəffəqiyyət qazanaraq əlverişli mövqelərə çıxırlar. Güman edilir ki, Midiya və Əhəməni hökmdarları, Hindistanın brahman və kşatriyaları, bulqar türklərinin Dulo sülaləsi və Xaqan Atilla, göytürklərin Aşina xaqan nəsli, Çingiz xan, macar kralları – Arpadlar, Osmanlı sultanları, eləcə də digər sülalələr və nəsillər məhz R1a haploqrupunun Z93 subkladının müxtəlif klasterlərinin daşıyıcıları olmuşlar.

Qeyd. Bu məlumatların çoxu dolayı dəlillərə əsaslanan ehtimallardır. Məsələn, macar kralları – Arpadlar özlərini Xaqan Atillanın nəslindən hesab etmişlər. Genetiklər müəyyənləşdirmişlər ki, Arpadların haploqrupu həqiqətən də R1a Z93-dür. Bunun əsasında güman edilmişdir ki, Xaqan Atilla da həmin haploqrupun daşıyıcısı ola bilərdi.

Lakin sonradan vəziyyət dəyişmiş, estafet R1b-nin törəmələrinə keçmişdir. Böyük Britaniya, ABŞ, Almaniya və İtaliya kimi inkişaf etmiş ölkələrin əhalisinin əhəmiyyətli bir hissəsi R1b haploqrupunun daşıyıcısıdır.

1492-ci il oktyabr ayının 12-də əksəriyyəti Q-nin “qardaşı” R-in nəslindən olan avropalılar gəmilərlə Amerika sahillərinə yan aldılar. İşğal və ağır müstəmləkəçilik dövrü başlandı. Qəsbkarlar özlərinin uzaq “əmiuşaqlarını” nəinki dəhşətli və amansız soyqırıma məruz qoydular, həm də uzun müddət ərzində onları bəşər övladı, insan kimi tanımaqdan belə imtina etdilər. Həqiqətən də, “qohumlar” arasında düşmənçilik daha şiddətli və barışmaz olur.

Beləliklə, mövzunun əvvəlindəki suala yenidən qayıdaq: Amerikanın yerli əhalisini türklərin qohumları hesab etmək olarmı? Cavab müsbətdir: Amerika hinduları Q haploqrupunun

daşıyıcıları olan türklərin, “hind-Avropalılar”ın və digərlərinin “qardaşları”, R haploqrupunun daşıyıcıları olan türklərin, “hind-Avropalılar”ın və başqalarının isə “əmiuşaqları”dır.

Indi isə bəhs etdiyimiz məsələ ilə əlaqədar dilçilərin bəzi tədqiqat və mülahizələrinə müraciət edək. R1 haploqrupu R1a və R1b haploqruplarına bölünsə də onlar, eləcə də P-nin digər törəmələri hələ 6.000 il bir-birlərinə yaxın dillərdə danışmışlar. 12.000 il əvvəl bugün şərti olaraq “nostratik” adı verilmiş vahid dil Altay, Ural, “hind-Avropa” və dravid dil ailələrinə bölünmüşdür. Linqvistlər Amerika hindularının dillərini nostratik dil ailəsinə aid etmirlər. Bu isə o deməkdir ki, misal üçün, ingilis, yaxud rus dili türk dilinə apaçi dilindən daha yaxındır. Amma qeyd etdik ki, türklərin, “hind-Avropalılar”ın və Amerika hindularının əksəriyyəti, əslində, bir nəsildən olmuşlar. Bunu nəzərə alaraq, ehtimal edə bilərik ki, ən azı 23.000–25.000 il əvvələdək onlar eyni dildə danışmışlar.

Nostratik dillər kimi, Amerika hindullarının dilləri də müxtəlif quruluşlara malikdir. Onlar arasında “hind-Avropa” dilləri tək flektiv, türk dilləri kimi aqqlütinativ (iltisaqi) olanları vardır. Yeri gəlmişkən vurğulamaq lazımdır ki, linqvistlərin ehtimalına əsasən, kök nostratik dilin quruluşu iltisaqi olmuşdur. Məlumdur ki, iltisaqi dillərdə söz şəkilçinin təsirinə daha az məruz qaldığı üçün özünün ilkin formasını daha yaxşı saxlayır. Belə dillərdə sözün kökü lokomativə, şəkilçi isə vaqona bənzəyir. Məsələn, “qalib-lər-dən-siniz-mi” sözündəki “qalib” özündən sonrakı hissələrin təsiri altına düşmür və dəyişikliyə məruz qalmır. Başqa bir misal – “arı” sözünə cəm şəkilçisi əlavə etdikdə “arılar” sözü yaranır. Lakin sözün kökü – “arı” olduğu kimi qalır. Rus dilində «пчела» sözünün cəmi «пчелы» sözüdür. Göründüyü kimi rus dilində kök söz ona şəkilçi qoşulan kimi özünün sonuncu saitini, yəni ilkin formasını itirir.

Bu sadə misalları ona görə çəkdik ki, iltisaqi dillərdə sözün daha sabit qaldığını göstərək. Amerika hindularının əsas dillərindən olan keçua dilinin quruluşu iltisaqidir. Sözsüz ki, tədqiqat obyekti kimi məhz iltisaqi dilləri seçmək daha məqsədəuyğundur. Beləliklə, hindu dillərinin türk dilindən ayrıldığı vaxtı müəyyənləşdirmək üçün keçua dili ilə Altay–Ural dillərindəki 207 sabit və əsas sözü (Morris Svodeşin siyahısı) Sergey Starostinin metodikasına uyğun şəkildə müqayisə və təhlil edək.



Qeyd. Svodeşin siyahısı – sabit və əsas sözlərin bənzərliyi əsasında fərqli dillər arasında qohumluq dərəcəsinin təyin edilməsi üçün ABŞ dilçisi Morris Svodeş tərəfindən təklif olunmuş siyahıdır. Burada elə sözlər toplanmışdır ki, heç bir dil onlarsız keçinə bilməz. Məsələn, ata, ana, günəş, bir, iki və s. Morris Svodeşin ehtimalına görə, hər 1.000 ildə sözügedən siyahıdakı sözlərdən on dördü itir və ya dəyişir.

Morris Svodeşdən fərqli olaraq Sergey Starostin hesab edir ki, bu siyahıya alınma sözləri deyil, hər bir dilin öz (milli mənşəli) sözlərini salmaq lazımdır. Onun fikrincə, müqayisə zamanı nəzərə alınmalıdır ki, hər 1.000 ildə həmin siyahıdakı sözlərdən beşi və ya altısı itir, yaxud o qədər dəyişir ki, qohum dilin daşıyıcısı onları tanıya bilmir.

Tədqiqat. Əvvəlcə keçua və Ural-Altay dillərinə aid Svodeş siyahıları arasında müqayisə aparıb 60 bənzər sözü (onlardan bəziləri məqalənin sonunda təqdim olunmuşdur) müəyyənləşdiririk. Yerdə 147 söz qalır. Ardınca Starostinin üsulunu tətbiq edirik.


Nəticə. Əgər hər min ildə altı söz dəyişirsə, deməli, keçua dili türk dilindən təxminən 25.000 il əvvəl ayrılmışdır. Bundan 13.000 il sonra isə (bəlkə bir qədər də tez) vahid “nostratik” dil Altay, Ural, “hind-Avropa” və dravid dil ailələrinə bölünmüşdür.


ALTAY-URAL – KEÇUA PARALELLƏRİNDƏN


1. Nə – ima (keçua) – nimə (başqırd), nime (xakas), nima (özbək).

2. Yox – ama (keçua) – amas (uyğur).

3. Bir – huk (keçua) – ek, yek (İran dilləri), üks (eston), ik (mari), neq (monqol).

4. Dörd – tava (keçua) – tavatta (çuvaş).

5. Beş – pichqa (keçua) – beş (Azərbaycan), bies (saxa) , viisi (finn), pənc (fars), пять (rus).

6. Uzun – suni (keçua) – uzun (Azərbaycan), uzın (qaraqalpaq).

7. Balaca – uchuy (keçua) – üçükn (kalmık).

8. Dar – kichki (keçua) – kiçik (türk dilləri – formaca və mənaca bənzər sözdür).

9. Ana – mama (keçua) – mama (bibi – Azərbaycan).

10. Ata – tayta (keçua) – dədə (Azərbaycan).

11. Uşaq – irqi (keçua) – ür (monqol).

12. Qadın (arvad) – warmi (keçua) – vaimo (finn)

13. Balıq – challwa (keçua) – kala (finn).

14. Qurd – kuru (keçua) – kurt (Tıva), xorxa (monqol).

15. Ot – qura (keçua) – kurak (çuvaş).

16. Ət – aycha (keçua) – aş (çuvaş).

17. Saç – chukcha (keçua) – çuç (çuvaş).

18. Dil – qallu (keçua) – çelxe (çuvaş), xel (monqol), kel (finn), kieli (karel), kyal (mokşan).

19. Sinə – qasqu (keçua) – köks (Azərbaycan), köküs (Krım).

20. Sıxmaq – qapiy (keçua) – qapmaq (Azərbaycan – formaca eyni, mənaca yaxın sözdür).

21. Tikmək – siray (keçua) – sırımaq (Azərbaycan).

22. İsti – illi (keçua) – ilıq (Azərbaycan).

23. Düz – chiqa (keçua) – çike (Altay).

24. Doğru – chanin (keçua) – çın (Altay).

25. Və – wan (keçua) – uonna (saxa), ba (monqol), və (ərəb).


AZƏRBAYCAN – MAYYA PARALELLƏRİNDƏN


1. Arı – ah bool (mayya) – bal (həm forma, həç də məna baxımından bənzər sözdür).

2. Yalançı — ah tuzach (mayya) – tuzaq (tələ).

3. Altında – alan (mayya) – altında.

4. Ana bətnində uşaq – baal nak (mayya) – bala ana.

5. Dolu (çox) – balan (mayya) – bol.

6. Balta – baat (mayya) – balta.

7. Buxar – buy (mayya) – buğ.

8. Böyümək – buyul (mayya) – böyümək.

9. Bağlamaq, toxumaq – bukul (mayya) – bükmək.

10. Dolmuş, batmış – bulaan (mayya) – boğulan.

11. Maral – keh (mayya) – keyik.

12. Ağ – zak (mayya) – ağ.

13. Ögey ana – zak naa (mayya) – ağ ana (hərfi tərcümədir).

14. Külək – zulik (mayya) – külək.

15. Körpə, övlad, bala – jeje paal, paal (mayya) – cici bala, bala.

16. Əsas, səbəb – chun (mayya) – çün.

17. Mən – en (mayya) – mən.

18. Açmaq – hech (mayya) – aç.

19. Yara – ya (mayya) – yara.

20. Yaymaq – yar (mayya) – yay.

21. Yaxmaq – yach (mayya) – yax.

22. Düşmən – yakal (mayya) – yağı.

23. Yoxlamaq – yalat (mayya) – yoxla.

24. Yaşıl, göy – yash, yaash (mayya) – yaşıl.

25. Yeni, birinci – yash, yaash (mayya) – yaş.

26. İçində – ich (mayya) – iç.

27. Qala – ich paa (mayya) – iç paya.

28. Döş – im (mayya) – əmcək.

29. Ev, otaq – kaz (mayya) – qazma.

30. Əti qaxac etmək – kaklah (mayya) – qaxac.

31. Bitkinin quruması, solması – kakmal (mayya) – qaxsımaq.

32. Gün (vaxt), günəş – kin (mayya) – gün.

33. Kəsmək – koz (mayya) – kəs.

34. Lil – mum (mayya) – mum (formaca eyni, mənaca oxşar sözdür).

35. Ana – naa (mayya) – ana.

36. Çoxlu – on (mayya) – on.

37. Ev – otoch (mayya) – otaq.

38. Üç, çoxlu – osh (mayya) – üç.

39. Hasar – paa (mayya) – paya.

40. Borc almaq – pay (mayya) – pay.

41. Əvvəlinci, qabaqdakı – payan (mayya) – bayan.

42. Piy – pip (mayya) – piy.

43. Bəyaz, rəngsiz – poz (mayya) – boz (forma və mənaca bənzər sözdür).

44. Dərin – tam (mayya) – tam (formaca eyni, mənaca bənzər sözdür).

45. Ata – tat (mayya) – dədə, ata.

46. Toz – tooz (mayya) – toz.

47. Tüpürcək – tub (mayya) – tüpürcək.

48. Yalan, aldatmaq – tuz (mayya) – tuzaq.

49. Əmr vermək, qayda qoymaq – tuz (mayya) – tüzük, düz, düzmək.

50. Meyvə tumu – tun (mayya) – tum.



Yuxarıdakı 50 bənzər söz məşhur sovet tarixçisi və linqvisti Yuri Knorozovun «Письменность индейцев майя» əsərindəki qısa mayya–rus lüğətinin tədqiqi prosesində bu sətirlərin müəllifi tərəfindən müəyyən edilmiş paralellərin yalnız bir hissəsidir.

Məlumat üçün bildirək ki, mayya sivilizasiyası e.ə. 2000-ci ildə Mərkəzi Amerikada yaranmış, eramızın 250-ci ilində süquta uğramışdır. Amma mayya xalqı yox olmamışdır. Bugün Yukatan yarımadasında, Belizdə, Qvatemalada və Hondurasda altı milyondan çox mayya yaşayır.

Ardı var…


Araz ŞƏHRİLİ

Fedai.az


& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

15.02.2021.