Translate

16 Şubat 2021 Salı

AMERİKA HİNDULARININ MƏNŞƏYİ: TÜRK İZİ BARƏSİNDƏ DÜŞÜNCƏLƏR…


3) BABİL QÜLLƏSİ RUBRİKASINDAN


Yazımıza Amerika yerlilərinin nümayəndəsi, ötən əsrin 70-ci illərində keçmiş SSRİ-də olmuş Cek Raşinqin sözləri ilə başlayaq: “Mənsub olduğum mohavk qəbiləsinin mənşəyinə gəlincə, deməliyəm ki, mövcud rəvayətlərə əsasən, biz 50.000 il əvvəl (son elmi dəlillərə görə, təxminən, 23.000 il əvvəl – müəllif) Amerika qitəsinə başqa bir yerdən – indiki Azərbaycandan gəlmişik. Bunun antropoloji dəlilləri də vardır.

O zamanlar Berinq boğazından uzanan quru yol vasitəsilə ovçuların ardıcıl köçü baş verirdi. Onlar Xəzər sahillərindən, indiki Özbəkistan və Qazaxıstandan, Sibir torpaqlarından gəlirdilər. Bugünün özündə də bizdə Azərbaycan xalqının adətlərinə və Azərbaycan dilindəki sözlərə bənzəyən xeyli adət və söz qalmışdır. Aramızda müəyyən etnik uyğunluqlar da mövcuddur. Mənə elə gəlir ki, Bakıdakı dostlarıma mühüm bir siqnal vermiş oluram. Amerika hindularının mədəniyyəti ilə Azərbaycanın milli mədəniyyətinin oxşarlığı ideyası, düşünürəm ki, onlar üçün də yenidir. Azərbaycanlılar bunu tədqiq edə bilərlər. Lakin edəcəklərmi? Bunu bilmirəm!”

Haşiyə. Mohavklar məşhur ABŞ yazıçısı Ceyms Fenimor Kuperin (1789–1851) oxucularına onun əsərlərinin əsas qəhrəmanları Nataniel Bamponun və mogikan Çinqaçqukun barışmaz və amansız düşmənləri kimi tanışdırlar. Bugün Kanadada və ABŞ-ın Nyu-York ştatında 64.000 mohavk yaşayır. Onlardan cəmi 3.000 nəfəri öz doğma dilində danışa bilir.



Fikirlərindən görünür ki, Cek Raşinq öz xalqının tarixi ilə maraqlanmış, onu araşdırmağa çalışmışdır. Sözsüz ki, o, öz ehtimallarını irəli sürərkən müəyyən faktlara əsaslanmışdır. Amma bizə daha dolğun və birmənalı dəlillər lazımdır. Beləliklə, bu məsələyə elmin, daha doğrusu, onun müxtəlif sahələrinin münasibəti necədir?

Əvvəlcə arxeoloqların verdikləri məlumata nəzər salaq… Ötən əsrin 80-ci illərində Alyaskada və Mərkəzi Asiyada yerləşən qədim insan məskənlərində tapılmış artefaktlar müqayisəli şəkildə tədqiq edilmişdir. Bu zaman məlum olmuşdur ki, əmək və ov alətləri, müxtəlif amuletlər, geyim əşyaları, digər predmetlər arasında bənzərlik, bəzən isə eynilik vardır. Həmçinin müəyyən edilmişdir ki, Altay və Sibir xalqları ilə Amerika yerlilərinin qədim dəfn mərasimləri də oxşardır. Bu paralellər ayrı-ayrı qitələrdə yerləşən qədim mədəniyyətləri bir-birinə bağlayaraq sübuta yetirmişdir ki, onlar, əslində, bir zəncirin halqalarıdır.

Lakin mədəniyyətlərin bənzərliyi hələ qan qohumluğuna, genetik yaxınlığa dəlalət etmir. Eyni məkan və şəraitdə oxşar həyat tərzi, məişət əşyalarının və geyimin hazırlanmasında bənzər materiallardan (dəri, sümük, obsidian daşı və s.) istifadə yuxarıda göstərilən nəticələrə səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, bizi maraqlandıran məsələ barəsində ən dəqiq məlumatı genetika elmi verir. Belə ki, Amerika hindularının əksəriyyəti Y xromosomlu Q haploqrupunun daşıyıcısıdır. Bugün İranda, Əfqanıstanda və Özbəkistanda yaşayan türkmənlərin əksəriyyəti, kulan-kıpşak və kanqlı tayfalarından olan qazaxların 46-48%-i, azərbaycanlıların və norveçlilərin 4.8%-i (bu genin Norvegiyadakı daşıyıcıları Azərbaycandan getmişlər), hindoy, çeberloy, qordaloy, engenoy, egişbatoy, dişniy, şuonoy, noxçmaxkaxoy nəsillərindən olan çeçenlərin bir hissəsi və Aşkenazi yəhudilərinin müəyyən bir qismi Q haploqrupuna aiddir. Həmin haploqrupun daşıyıcılarına Pribaltikada, Volqaboyuda, Monqolustanda da rast gəlmək mümkündür.

Q haploqrupu, təxminən, 31.900 il əvvəl indiki Uralda və ya Sibirdə P haploqrupundan yaranmışdır. Həmin dövrdə P haploqrupundan həmçinin R haploqrupu da törəmişdir. Sonradan



R haploqrupu öz növbəsində R1 və R2 haploqruplarına, R1 haploqrupu isə, təxminən, 18.000 il əvvəl R1a və R1b haploqruplarına bölünmüşdür. R1a-nın Z93 subkladı (subclade) şərti olaraq qədim arilərin haploqrupu hesab edilir. Bunun da səbəbi odur ki, bugünkü Hindistanın brahman və kşatriya varnalarında (kastalarında) məhz R1a haploqrupunun Z93 subkladının daşıyıcılarının faizi 31–72 arasındadır. Məsələ burasındadır ki, əski mətnlərə əsasən, arilərin əsas təbəqələri məhz brahmanlar və kşatriyalar olmuşlar. Elə buna görə də R1a Z93-ə həm də ari haploqrupu deyilir. Müasir xotonların (türk xalqı) 83–87%-i, qırğızların 65%-i, Altay türklərinin 53%-i, yəhudi xalqının cəmi 4%-ni təşkil edən lavililərin 52%-i, Kuban noqaylarının 50%-i, pəncablıların 47%-i, taciklərin 30–68%-i, puştunların (Əfqanıstan) 45–51%-i, şəmmar tayfasından olan ərəblərin 43%-i, Krım tatarlarının və özbəklərin 32%-i, çuvaşların və uyğurların 30%-i, qaraçay-balkarların 28%-i, farsların 18–25%-i, kürdlərin 10–20%-i həmin haploqrupun daşıyıcısıdır.

Şərqi Avropa ölkələrində də üstünlük R1a haploqrupuna məxsusdur. Belə ki, belorusların 60%-i, polyakların 56%-i, rusların 34–55%-i, ykraynalıların 53%, latışların 40%-i, litvalıların 38%-i, həmçinin Avropanın şimalında və qərbində yaşayan norveçlilərin 26%-i, almanların 16–24%-i, avstriyalıların 19%-i bu haploqrupun müxtəlif subkladlarına aiddir. Amma bir məsələni də vurğulayaq ki, R1a Z93-dən fərqli olaraq, onların heç biri “ari haploqrupu” hesab edilmir.

Qərbi Avropada isə daha çox (50%) R1b haploqrupu yayılmışdır. İngilislərin 70–90%-i, baskların 88%-i, ispanların 70%-i, almanların 40%-i, eləcə də Altay kumandinlərinin (türk xalqı) 49%-i, kıpşak tayfasından olan qazaxların 47%-i, tabasaranlıların 45%-i, osetinlərin 43%-i, türkmənlərin 37%-i R1b-nin müxtəlif subkladlarının daşıyıcısıdır.

Sadaladıqlarımızı sadə dilə çevirək. Təxminən 44.300 il əvvəl Cənub-Şərqi Asiyada bir oğlan (P haploqrupu) doğulur. O, həyatda uğurlu olur, nəsli artır və yayılmağa başlayır. P-nin dünyaya gəlməsindən 12.400 il sonra onun nəslində R və Q adlı iki oğlan uşağı anadan olur. Ulu babaları P kimi tale onların da üzünə gülür. Beləliklə, iki yeni nəslin əsası qoyulur. Bu hadisədən təxminən 9.000 il ötür. Q-nin övladlarının bir hissəsi hansısa səbəblər üzündən (iqlim, müharibə və s.) köçə başlayır. Onlar Berinq boğazından Amerika qitəsinə keçirlər. Sonrası məlumdur.



P-nin digər “övladı” R-in Mərkəzi Asiyada yaşayan nəsli isə ondan cəmi 1.500 il sonra iki qola – R1a-ya və R1b-yə ayrılır. Əvvəlcə R1a-nın törəmələri müvəffəqiyyət qazanaraq əlverişli mövqelərə çıxırlar. Güman edilir ki, Midiya və Əhəməni hökmdarları, Hindistanın brahman və kşatriyaları, bulqar türklərinin Dulo sülaləsi və Xaqan Atilla, göytürklərin Aşina xaqan nəsli, Çingiz xan, macar kralları – Arpadlar, Osmanlı sultanları, eləcə də digər sülalələr və nəsillər məhz R1a haploqrupunun Z93 subkladının müxtəlif klasterlərinin daşıyıcıları olmuşlar.

Qeyd. Bu məlumatların çoxu dolayı dəlillərə əsaslanan ehtimallardır. Məsələn, macar kralları – Arpadlar özlərini Xaqan Atillanın nəslindən hesab etmişlər. Genetiklər müəyyənləşdirmişlər ki, Arpadların haploqrupu həqiqətən də R1a Z93-dür. Bunun əsasında güman edilmişdir ki, Xaqan Atilla da həmin haploqrupun daşıyıcısı ola bilərdi.

Lakin sonradan vəziyyət dəyişmiş, estafet R1b-nin törəmələrinə keçmişdir. Böyük Britaniya, ABŞ, Almaniya və İtaliya kimi inkişaf etmiş ölkələrin əhalisinin əhəmiyyətli bir hissəsi R1b haploqrupunun daşıyıcısıdır.

1492-ci il oktyabr ayının 12-də əksəriyyəti Q-nin “qardaşı” R-in nəslindən olan avropalılar gəmilərlə Amerika sahillərinə yan aldılar. İşğal və ağır müstəmləkəçilik dövrü başlandı. Qəsbkarlar özlərinin uzaq “əmiuşaqlarını” nəinki dəhşətli və amansız soyqırıma məruz qoydular, həm də uzun müddət ərzində onları bəşər övladı, insan kimi tanımaqdan belə imtina etdilər. Həqiqətən də, “qohumlar” arasında düşmənçilik daha şiddətli və barışmaz olur.

Beləliklə, mövzunun əvvəlindəki suala yenidən qayıdaq: Amerikanın yerli əhalisini türklərin qohumları hesab etmək olarmı? Cavab müsbətdir: Amerika hinduları Q haploqrupunun

daşıyıcıları olan türklərin, “hind-Avropalılar”ın və digərlərinin “qardaşları”, R haploqrupunun daşıyıcıları olan türklərin, “hind-Avropalılar”ın və başqalarının isə “əmiuşaqları”dır.

Indi isə bəhs etdiyimiz məsələ ilə əlaqədar dilçilərin bəzi tədqiqat və mülahizələrinə müraciət edək. R1 haploqrupu R1a və R1b haploqruplarına bölünsə də onlar, eləcə də P-nin digər törəmələri hələ 6.000 il bir-birlərinə yaxın dillərdə danışmışlar. 12.000 il əvvəl bugün şərti olaraq “nostratik” adı verilmiş vahid dil Altay, Ural, “hind-Avropa” və dravid dil ailələrinə bölünmüşdür. Linqvistlər Amerika hindularının dillərini nostratik dil ailəsinə aid etmirlər. Bu isə o deməkdir ki, misal üçün, ingilis, yaxud rus dili türk dilinə apaçi dilindən daha yaxındır. Amma qeyd etdik ki, türklərin, “hind-Avropalılar”ın və Amerika hindularının əksəriyyəti, əslində, bir nəsildən olmuşlar. Bunu nəzərə alaraq, ehtimal edə bilərik ki, ən azı 23.000–25.000 il əvvələdək onlar eyni dildə danışmışlar.

Nostratik dillər kimi, Amerika hindullarının dilləri də müxtəlif quruluşlara malikdir. Onlar arasında “hind-Avropa” dilləri tək flektiv, türk dilləri kimi aqqlütinativ (iltisaqi) olanları vardır. Yeri gəlmişkən vurğulamaq lazımdır ki, linqvistlərin ehtimalına əsasən, kök nostratik dilin quruluşu iltisaqi olmuşdur. Məlumdur ki, iltisaqi dillərdə söz şəkilçinin təsirinə daha az məruz qaldığı üçün özünün ilkin formasını daha yaxşı saxlayır. Belə dillərdə sözün kökü lokomativə, şəkilçi isə vaqona bənzəyir. Məsələn, “qalib-lər-dən-siniz-mi” sözündəki “qalib” özündən sonrakı hissələrin təsiri altına düşmür və dəyişikliyə məruz qalmır. Başqa bir misal – “arı” sözünə cəm şəkilçisi əlavə etdikdə “arılar” sözü yaranır. Lakin sözün kökü – “arı” olduğu kimi qalır. Rus dilində «пчела» sözünün cəmi «пчелы» sözüdür. Göründüyü kimi rus dilində kök söz ona şəkilçi qoşulan kimi özünün sonuncu saitini, yəni ilkin formasını itirir.

Bu sadə misalları ona görə çəkdik ki, iltisaqi dillərdə sözün daha sabit qaldığını göstərək. Amerika hindularının əsas dillərindən olan keçua dilinin quruluşu iltisaqidir. Sözsüz ki, tədqiqat obyekti kimi məhz iltisaqi dilləri seçmək daha məqsədəuyğundur. Beləliklə, hindu dillərinin türk dilindən ayrıldığı vaxtı müəyyənləşdirmək üçün keçua dili ilə Altay–Ural dillərindəki 207 sabit və əsas sözü (Morris Svodeşin siyahısı) Sergey Starostinin metodikasına uyğun şəkildə müqayisə və təhlil edək.



Qeyd. Svodeşin siyahısı – sabit və əsas sözlərin bənzərliyi əsasında fərqli dillər arasında qohumluq dərəcəsinin təyin edilməsi üçün ABŞ dilçisi Morris Svodeş tərəfindən təklif olunmuş siyahıdır. Burada elə sözlər toplanmışdır ki, heç bir dil onlarsız keçinə bilməz. Məsələn, ata, ana, günəş, bir, iki və s. Morris Svodeşin ehtimalına görə, hər 1.000 ildə sözügedən siyahıdakı sözlərdən on dördü itir və ya dəyişir.

Morris Svodeşdən fərqli olaraq Sergey Starostin hesab edir ki, bu siyahıya alınma sözləri deyil, hər bir dilin öz (milli mənşəli) sözlərini salmaq lazımdır. Onun fikrincə, müqayisə zamanı nəzərə alınmalıdır ki, hər 1.000 ildə həmin siyahıdakı sözlərdən beşi və ya altısı itir, yaxud o qədər dəyişir ki, qohum dilin daşıyıcısı onları tanıya bilmir.

Tədqiqat. Əvvəlcə keçua və Ural-Altay dillərinə aid Svodeş siyahıları arasında müqayisə aparıb 60 bənzər sözü (onlardan bəziləri məqalənin sonunda təqdim olunmuşdur) müəyyənləşdiririk. Yerdə 147 söz qalır. Ardınca Starostinin üsulunu tətbiq edirik.


Nəticə. Əgər hər min ildə altı söz dəyişirsə, deməli, keçua dili türk dilindən təxminən 25.000 il əvvəl ayrılmışdır. Bundan 13.000 il sonra isə (bəlkə bir qədər də tez) vahid “nostratik” dil Altay, Ural, “hind-Avropa” və dravid dil ailələrinə bölünmüşdür.


ALTAY-URAL – KEÇUA PARALELLƏRİNDƏN


1. Nə – ima (keçua) – nimə (başqırd), nime (xakas), nima (özbək).

2. Yox – ama (keçua) – amas (uyğur).

3. Bir – huk (keçua) – ek, yek (İran dilləri), üks (eston), ik (mari), neq (monqol).

4. Dörd – tava (keçua) – tavatta (çuvaş).

5. Beş – pichqa (keçua) – beş (Azərbaycan), bies (saxa) , viisi (finn), pənc (fars), пять (rus).

6. Uzun – suni (keçua) – uzun (Azərbaycan), uzın (qaraqalpaq).

7. Balaca – uchuy (keçua) – üçükn (kalmık).

8. Dar – kichki (keçua) – kiçik (türk dilləri – formaca və mənaca bənzər sözdür).

9. Ana – mama (keçua) – mama (bibi – Azərbaycan).

10. Ata – tayta (keçua) – dədə (Azərbaycan).

11. Uşaq – irqi (keçua) – ür (monqol).

12. Qadın (arvad) – warmi (keçua) – vaimo (finn)

13. Balıq – challwa (keçua) – kala (finn).

14. Qurd – kuru (keçua) – kurt (Tıva), xorxa (monqol).

15. Ot – qura (keçua) – kurak (çuvaş).

16. Ət – aycha (keçua) – aş (çuvaş).

17. Saç – chukcha (keçua) – çuç (çuvaş).

18. Dil – qallu (keçua) – çelxe (çuvaş), xel (monqol), kel (finn), kieli (karel), kyal (mokşan).

19. Sinə – qasqu (keçua) – köks (Azərbaycan), köküs (Krım).

20. Sıxmaq – qapiy (keçua) – qapmaq (Azərbaycan – formaca eyni, mənaca yaxın sözdür).

21. Tikmək – siray (keçua) – sırımaq (Azərbaycan).

22. İsti – illi (keçua) – ilıq (Azərbaycan).

23. Düz – chiqa (keçua) – çike (Altay).

24. Doğru – chanin (keçua) – çın (Altay).

25. Və – wan (keçua) – uonna (saxa), ba (monqol), və (ərəb).


AZƏRBAYCAN – MAYYA PARALELLƏRİNDƏN


1. Arı – ah bool (mayya) – bal (həm forma, həç də məna baxımından bənzər sözdür).

2. Yalançı — ah tuzach (mayya) – tuzaq (tələ).

3. Altında – alan (mayya) – altında.

4. Ana bətnində uşaq – baal nak (mayya) – bala ana.

5. Dolu (çox) – balan (mayya) – bol.

6. Balta – baat (mayya) – balta.

7. Buxar – buy (mayya) – buğ.

8. Böyümək – buyul (mayya) – böyümək.

9. Bağlamaq, toxumaq – bukul (mayya) – bükmək.

10. Dolmuş, batmış – bulaan (mayya) – boğulan.

11. Maral – keh (mayya) – keyik.

12. Ağ – zak (mayya) – ağ.

13. Ögey ana – zak naa (mayya) – ağ ana (hərfi tərcümədir).

14. Külək – zulik (mayya) – külək.

15. Körpə, övlad, bala – jeje paal, paal (mayya) – cici bala, bala.

16. Əsas, səbəb – chun (mayya) – çün.

17. Mən – en (mayya) – mən.

18. Açmaq – hech (mayya) – aç.

19. Yara – ya (mayya) – yara.

20. Yaymaq – yar (mayya) – yay.

21. Yaxmaq – yach (mayya) – yax.

22. Düşmən – yakal (mayya) – yağı.

23. Yoxlamaq – yalat (mayya) – yoxla.

24. Yaşıl, göy – yash, yaash (mayya) – yaşıl.

25. Yeni, birinci – yash, yaash (mayya) – yaş.

26. İçində – ich (mayya) – iç.

27. Qala – ich paa (mayya) – iç paya.

28. Döş – im (mayya) – əmcək.

29. Ev, otaq – kaz (mayya) – qazma.

30. Əti qaxac etmək – kaklah (mayya) – qaxac.

31. Bitkinin quruması, solması – kakmal (mayya) – qaxsımaq.

32. Gün (vaxt), günəş – kin (mayya) – gün.

33. Kəsmək – koz (mayya) – kəs.

34. Lil – mum (mayya) – mum (formaca eyni, mənaca oxşar sözdür).

35. Ana – naa (mayya) – ana.

36. Çoxlu – on (mayya) – on.

37. Ev – otoch (mayya) – otaq.

38. Üç, çoxlu – osh (mayya) – üç.

39. Hasar – paa (mayya) – paya.

40. Borc almaq – pay (mayya) – pay.

41. Əvvəlinci, qabaqdakı – payan (mayya) – bayan.

42. Piy – pip (mayya) – piy.

43. Bəyaz, rəngsiz – poz (mayya) – boz (forma və mənaca bənzər sözdür).

44. Dərin – tam (mayya) – tam (formaca eyni, mənaca bənzər sözdür).

45. Ata – tat (mayya) – dədə, ata.

46. Toz – tooz (mayya) – toz.

47. Tüpürcək – tub (mayya) – tüpürcək.

48. Yalan, aldatmaq – tuz (mayya) – tuzaq.

49. Əmr vermək, qayda qoymaq – tuz (mayya) – tüzük, düz, düzmək.

50. Meyvə tumu – tun (mayya) – tum.



Yuxarıdakı 50 bənzər söz məşhur sovet tarixçisi və linqvisti Yuri Knorozovun «Письменность индейцев майя» əsərindəki qısa mayya–rus lüğətinin tədqiqi prosesində bu sətirlərin müəllifi tərəfindən müəyyən edilmiş paralellərin yalnız bir hissəsidir.

Məlumat üçün bildirək ki, mayya sivilizasiyası e.ə. 2000-ci ildə Mərkəzi Amerikada yaranmış, eramızın 250-ci ilində süquta uğramışdır. Amma mayya xalqı yox olmamışdır. Bugün Yukatan yarımadasında, Belizdə, Qvatemalada və Hondurasda altı milyondan çox mayya yaşayır.

Ardı var…


Araz ŞƏHRİLİ

Fedai.az


& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

15.02.2021.


Hiç yorum yok: