İZLƏMƏK ÜÇÜN DAXİL OLUN : IRSHAD TV
ƏZİZ VƏTƏNSEVƏRLƏR, SİZİNLƏ YAXINDAN TANIŞ OLUB TƏMAS QURMAĞA EHTİYACIMIZ VAR. BİZİM ÖZƏL SAYTIMIZA ( http://www.irshadtv.com/index.shtml ) DAXİL OLMAĞINIZI, SAYTIMIZI ƏTRAFLI NƏZƏRDƏN KEÇİRMƏYİNİZİ XAHİŞ EDİRİK. SAĞLIQLA İZLƏYİN.
& VƏTƏNSEVƏRLƏR
Tarix: 29 Avqust 2016 / 11:00
Rusiya-Türkiyə
yaxınlaşması erməniləri ciddi şəkildə təşvişə salıb.
Publika.az xəbər verir ki, “Arovat” qəzeti bunu Ermənistan üçün təhlükəli yaxınalşma adlandırıb.
“Ərdoğan və Putin bir il öncə düşmən mövqedə olmalarına baxmayaraq, indi dost kimi davranırlar. Xüsusilə Suriya kimi problemli məsələdə anlaşdıqları görünür. Məhz Suriyada rus-türk yaxınlaşması Moskva və Ankaranın bir çox məsələdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsində razılaşmasına səbəb ola bilər. Rusiya Türkiyəni də münaqişənin nizama salınması prosesinə qoşa bilər. Təsadüfi deyil ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağ münaqişəsinin nizama salınması məsələsinin Türkiyə-Rusiya-Azərbaycan formatı çərçivəsində müzakirə ediləcəyini bildirdi. Həmçinin, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Türkiyənin prosesə daxil olmasına qarşı olmadığının qeyd edib. Bütün bunlar Rusiya və Türkiyənin Suriyada olduğu kimi Qarabağ məsələsində də razılaşacağını göstərir”, - deyə qəzet yazıb.
Qeyd edək ki, aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sürətli proses hazırda dalana dirənmiş kimi görünür.
“Lragir” saytı isə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına mane olan qüvvəni açıq şəkildə göstərib.
Saytın məqaləsində deyilir ki, Rusiya “Kazan planı”nı yeniləyərək, “Lavrov planı” adı altında dövriyyəyə saldı: “Bu, ərazilərin qaytarılmasını nəzərdə tutur. Lakin Putin “Lavrov planı”nda qaytarılacaq rayonların sayını 5-ə endirdi. Metyu Brayza isə bu günlərdə ilkin mərhələdə Azərbaycana qaytarılacaq rayonların sayının 2 olduğunu açıqladı. Lakin Rusiyanın münaqişənin həlli ilə bağlı planlarının həyata keçməsinə ABŞ mane olur. Rusiya ABŞ-dan Qarabağla bağlı güzəştlər gözləyir, əvəzində Suriyada güzəştə getməyə hazırdır. Amma görünür, Vaşinqton razılaşmır”.
Asif,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR
Silah və döyüşçülər toplanır
Tarix: 29 Avqust 2016 / 11:45
PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qanadı Münbiçə silah və döyüşçülər toplayır.
Azad Suriya Ordusunun çətiri altında döyüşən “Sultan Murad” Briqadasının lideri polkovnik Əhməd Osman Münbiçdəki YPG döyüşçülərinin bölgəni tərk etmədiyini, əksinə mövqelərini gücləndirdiyini bildirib. Osman Münbiçin bir neçə gün ərzində alınacağını deyib.
Qeyd edək ki, Türkiyə və ABŞ YPG-yə Fərat çayının şərqinə çəkilməsi üçün çağırış edib. YPG də bölgədən çəkildiyini açıqlamışdı.
***
Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı növbəti hədəfi məlum olub.
Publika.az xarici mediaya istindən xəbər verir ki, yaxın günlərdə Azad Suriya Ordusu Türkiyə Silahlı Qüvvələrinin yaxından dəstəyi ilə Menbiç şəhərinin terrorçulardan təmizlənməsi üçün hərbi əməliyyat keçirəcək.
Azad Suriya Ordusuna bağlı olan Sultan Murat tağımının lideri, polkovnik Ahmed Osman “Reuters” agentliyinə müsahibəsində bildirib ki, Türkiyə ordusunun dəstəyi ilə Cerablus terrorçulardan azad olunub. Onun sözlərinə görə, yaxın günlərdə Azad Suriya Ordusu Menbiç şəhərinin də terrorçulardan təmizlənməsi üçün hərbi əməliyyatlara başlayacaq:
“Hazırda Menbiç şəhəri PYD və İŞİD terrorçularının nəzarətindədir. Allahın köməyi ilə bir neçə günə Minbiç də terrorçulardan azad olunacaq”.
Ömər Dağlı, Vasif Həsənli ,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR
Tarix: 29 Avqust 2016 / 11:52
“Hərbi blokları keçmişdə buraxmaq lazımdır. Onların mövcudluğu təhrikedici və mənasızdır”.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Astanada keçirilən “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfransda Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.
Qazaxıstan prezidenti həmçinin qeyd edib ki, nüvə arsenalının ixtisarı prosesi bütün nüvə dövlətlərinin iştirakı ilə edilməlidir. Onun sözlərinə görə, Astana "Nüvə silahının tam qadağası haqqında" BMT Konvensiyasının qəbuluna nail olmaq niyyətindədir.
Qeyd edək ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Təşkilata Qazaxıstandan başqa Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistan daxildir.
Ömər Dağlı,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR
Tarix: 29 Avqust 2016 / 12:00
“Adətən türk zabitləri ilə görüşəndə öz dilimizdə danışıram. Hətta bir dəfə Pentaqonda türk zabiti ilə belə danışanda təəccübdən çantası əlindən düşdü”.
Bu barədə Pentaqonda işləyən azərbaycanlı zabit Nəimi Əmiral (Jonh Naimi Amiral) Diaspor Jurnalistləri Birliyinin əməkdaşlarına açıqlamasında deyib.
N. Amiral 20 ilə yaxın xaricdə yaşamasına baxmayaraq, dilimizi, adət-ənənəmizi heç zaman unutmadığını deyib: “Mənim övladım həm Azərbaycan, həm də ingilis dilində danışa bilir. Çalışıram ki, türk dünyasının liderlərinə qarşı onda sevgi aşılayım. Xüsusən xaricdəki uşaqlarımızın doğma dilimizi bilməsi çox önəmlidir. Lakin Azərbaycanda elə ailələr var ki, uşaqları Azərbaycan dilində danışa bilmirlər. Bu, məni çox narahat edir. Təyyarədə gələndə AZAL-ın işçilərinin bizimlə rusca danışmasına çox təəccübləndik. Maraqlıdır ki, təyyarədə Bakı yəhudiləri də var idi. Onların Azərbaycan dilini unutmamasına sevinməmək olmurdu. Bizimlə Azərbaycan dilində danışır, milli kinolarımıza baxır, milli musiqimizi dinləyirdilər”.
N.Amiral qeyd edib ki, hər il Bakıya gəlir.
“Bakı çox gözəldir. Hər il gələndə inkişaf hiss olunur. Yeni binalar, şəhərin əsrarəngiz görünüşü insanı valeh edir. Hər dəfə Vətənə gələndə Bakı öz yeni görkəmi ilə məni heyran edir”, - deyə o bildirib.
Onun sözlərinə görə, qeyri-amerikalı olmağın ABŞ ordusunda yüksək rütbəyə çatmağa hər hansı maneçiliyi yoxdur.
Yeni vəzifəsinin çətin olmadığını deyən soydaşımız işinin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.
O, Virciniya Əyalət Məclisinə keçirilən seçkilərdə iştirakından da danışıb: “2009-cu il seçkilərində Virciniya Əyalət Məclisinə namizəd olarkən Vaşinqton şəhərinin ən müstəsna yerlərindən biri olan Metropolitan Squarede (Ağ evin yanında) Amerikada xüsusi diqqət çəkən bir dəstək mitinqi təşkil etdik. Vaşinqtondakı Azərbaycan və türk diasporundan ibarət nümayişçilər mənə hərtərəfli dəstək verdilər. Mən 3 noyabr 2009-cu il seçkilərində Virciniya Əyalət Məclisinə namizədlər sırasında ən uğurlu namizədlərdən idim. Rəqibim seçkiləri az bir fərqlə uddu. Onu Virciniyada daha çox tanıyırlar. Çünki həm orada böyüyüb, həm də həyat yoldaşı oranın baş hakimidir”.
Qeyd edək ki, N. Amiral əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. O, uzun müddət ABŞ-da yaşayıb və Amerikanın dəniz qoşunlarının zabitidir. ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi olan Naimi Amiral ABŞ tarixində ilk azərbaycanlı olaraq Virciniya Əyalət Məclisinə daxil olmağa ən uğurlu namizədlərdən olub.
O, bu il ABŞ-ın Rumıniyada istifadəyə verilən Ballistik Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsinə təyin olunub.
Asif,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR
Tarix: 26 Avqust / 15:57
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında hərbi əməliyyat keçirir. “Fərat qalxanı” adlanan əməliyyatda ağır hərbi texnikalar, o cümlədən tanklar iştirak edir. Tanklar İŞİD terrorçularının mövqelərinə zərbələr endiriblər. Türkiyə Hava Qüvvələrinə məxsus "F-16" bombardmançı təyyarələri də İŞİD-i havadan bombalayır. Azad Suriya Ordusunun da yaxından iştirak etdiyi hərbi əməliyyatlar nəticəsində Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Carablus şəhəri İŞİD-dən azad edilib. Türkiyə ordusu itki verməyib. Azad Suriya Ordusunun bir əsgəri həlak olub, 10-u yaralanıb.
Türkiyənin Suriyada apardığı əməliyyatı dəyərləndirən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri qeyd edib ki, bu, gecikmiş addım olsa da, Türkiyə adına çox vacib və geostrateji bir qərardır. Onun sözlərinə görə, bu əməliyyatların əsasən iki məqsədi var: “Birincisi, Türkiyənin təhlükəsizlik məsələsidir. Təbii ki, bu təhlükəsizlik məsələsi İŞİD terrorçularının Türkiyə sərhədlərinin yaxınlığında olmasıdır. Bu məkandan istifadə edərək Türkiyəyə sızır, qardaş ölkədə terror aktları həyata keçirirlər. Eyni zamanda Türkiyənin sərhədyanı rayonlarını atəşə tuta bilirdilər. Bu baxımdan bu əməliyyatlar Türkiyənin beynəlxalq hüquqa görə təməl haqqıdır”.
İkincisi məqsədə gəldikdə isə N.Miri qeyd edib ki, Türkiyənin sərhədləri yaxınlığında, Suriyanın şimalında bir kürd koridorunun yaradılması istənilir: “PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG də məhz ABŞ-ın dəstəyindən istifadə edərək Suriyada proseslər tənzimlənənədək daha çox ərazilər zəbt etmək, kürd koridoru yaratmaqla Aralıq dənizinə çıxış etmək və bir kürd dövləti yaratmaq istəyir. Bu layihənin tərkib hissəsi təkcə Suriyadakı kürd dövləti deyil.
Bu həm də böyük bir Kürdüstan layihəsinin tərkib hissəsidir. Bu layihənin tərkibinə Türkiyənin kürdlər yaşayan bölgələri də daxildir. Bu plan həm Türkiyə, həm İran, həm də Suriya qolu olan böyük bir Kürdüstan planıdır. Bu planı reallaşdırmaq üçün münbit zəmin Suriyada mövcud olduğu üçün YPG bundan istifadə etmək istəyirdi. Türkiyənin Suriyaya müdaxiləsinin ikinci əsas məqsədi də məhz YPG-ni Fərat çayının şərq sahilinə sıxışdırmaqdan ibarətdir. Biz bu yöndə də müəyyən uğurları müşahidə etməkdəyik”.
N.Miri bidirib ki, Türkiyənin Suriyaya hərbi müdaxiləsi sıradan bir hərbi-siyasi olay deyil: “Bu, bilavasitə regionda olan hərbi-siyasi güclərlə razılaşdırılmış bir əməliyyatdır. Hiss olunur ki, ABŞ, Rusiya və İrandan əlavə bu əməliyyatlar hətta, Suriyada mövcud olan Bəşər Əsəd rejimi ilə də razılaşdırılıb. Baxmayaraq ki, Dəməşqdən Türkiyənin Suriyaya hərbi müdaxiləsi yönündə müəyyən etiraz səsləri ucalır. Bu, sadəcə diplomatik protokol xatirinə atılmış addımlardır. Əslində, Türkiyənin müdaxiləsi razılaşdırılmış bir məqamdır. Bunu Suriyada mövcud olan digər hərbi güclər də bilməmiş deyillər”.
Bəs, Ankaranın Suriyaya hərbi müdaxilə etmək qərarı Türkiyəyə və regiona nələri qazandıracaq?
Bu sualımızı da cavablandıran politoloq qeyd edib ki, əvvəla, bu müdaxilə artıq Suriyada gələcək çözümün, yəni vətəndaş müharibəsinə son qoyulması üçün müəyyən toxumların səpilməsinə şərait yaratdı: “Biz çox yaxın zamanlarda bunun cücərtilərini müşahidə edəcəyik. Məhz bu baxımdan fikir verirsinizsə, Türkiyə hakimiyyəti müvəqqəti olsa da, Əsəd rejiminin keçid hökuməti formalaşdırılandək hakimiyyətdə qalmasına razılıq verdi. Yəni, bu, Türkiyənin bir növ geri çəkilməsi kimi dəyərləndirilə bilər. Ancaq strateji anlamda Türkiyə anlayır ki, Suriyada yaranacaq yeni hakimiyyət qucaqlayıcı – yəni, bütün islam məzhəblərini və mövcud olan siyasi qrupların hamısını qucaqlaya biləcək bir siyasi hakimiyyət olmalıdır. Əsəd rejimi də bu yöndə öz dəyərlərini artıq çoxdan itirib.
Artıq bütün dünya gücləri, o cümlədən – İran və Rusiya da anlayır ki, Suriya hakimiyyəti belə bir hakimiyyət deyil. Əgər gələcək Suriyada, həqiqətən də, sülh və əmin-amanlıq istənilirsə, bütün qüvvələrin maraqlarını ehtiva edən yeni bir hakimiyyət qurulmalıdır. Mənə elə gəlir ki, bu yöndə də artıq konkret anlaşmalar var”.
N.Mirinin sözlərinə görə, Türkiyənin Suriyaya hərbi müdaxiləsi və bir gün ərzində Carablus nahiyəsinin İŞİD terrorçularından təmizlənməsi göstərdi ki, əgər İŞİD terrorunun üzərinə səmimi olaraq, Türkiyə dövləti kimi gedilərsə, bu bəlanı bitirmək o qədər də çətin deyil: “Ona görə də fikir verdinizsə, bütün Qərb mətbuatı Türkiyənin hərbi müdaxiləsini İŞİD-i Suriyadan birdəfəlik silməsi kimi dəyərləndirdi. Bu, onu göstərirdi ki, həm Rusiya, həm də ABŞ Suriyada özlərinin geosiyasi maraqlarının təmin olunması ilə məşğuldurlar. Suriyada böyük bir oyun gedir. Məhz bu baxımdan bu oyundan yararlanan İŞİD terroru da bitirilməsi əvəzinə gündən-günə daha da çiçəklənir. Demək, İŞİD terrorunun üzərinə ciddi və səmimi olaraq gedilərsə, İŞİD terrorunu bitirmək hərbi cəhətdən böyük bir problem deyil. Carablusa türk qoşunlarının müdaxiləsi də bunu bir daha ortaya qoydu.
Ən nəhayət, Türkiyə qoşunlarının Suriyaya hərbi müdaxiləsi göstərdi ki, regionda – həm Suriyada, həm də İraqda –Türkiyəsiz bu münaqişələri, problemləri çözmək mümkün olmayacaq. Bundan sonra İraq və Suriyanın gələcək taleyi baxımından bütün müzakirələrdə Türkiyə də həlledici siyasi amil kimi iştirak edəcək. Bu, çox əhəmiyyətli bir məqamdır və Türkiyənin regionda mövqelərinin güclənməsi anlamına gəlir. Ayrıca problemin Suriyanın ərazi bütövlüyü çərçivəsində həlli həm regiona, həm də Azərbaycana müəyyən siyasi dividendlər vəd edir. Bütün bunlar hamısı təbii ki, həm Azərbaycan, həm Türkiyə, həm də region adına əhəmiyyətli geosiyasi hadisələrdir”.
Səxavət HƏMİD
& VƏTƏNSEVƏRLƏR
Tarix: 26 Avqust 2016 / 13:45
Rusiya muzdlu döyüşçülərdən ibarət olan “Vaqner qrupu”nu Dağlıq Qarabağa köçürmək haqda düşünür.
Publika.az xəbər verir ki, bu barədə “RBC” saytının araşdırmasında deyilir.
Sayt yazır ki, Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı olan muzdlu ordu haqda informasiyalar mediaya sızıb. Xüsusilə Ukrayna və Suriyadakı əməliyyatlarda iştirakından sonra onların kimliyi, yerləşdikləri düşərgə və digər informasiyalar de-şifrə olunub.
Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti sayta bildirib ki, Rusiya Müdafiə Nazirliyi qrupun düşərgəsinin başqa yerə köçürülməsini müzakirə edib.
“Mümkün variantlar arasında Tacikistan, Dağlıq Qarabağ və Abxaziya var”, - deyə o bildirib. Müdafiə Nazirliyindəki mənbə də bu faktı təsdiqləyib.
Sayt qeyd edir ki, bu qrup öz effektivliyini sübut etdiyi üçün onun ləğvi haqda düşünülmür.
Qeyd edək ki, “Fontanka” nəşrinin məlumatına görə, “Vaqner qrupu” kimi tanınan batalyon rəsmi olaraq mövcud deyil. Nə güc strukturlarında, nə hüquqi şəxslərin reyestrində onun adını tapmaq mümkün deyil. Döyüşçülərın adları şəxsi heyətin formulyar siyahılarında da yoxdur. Bundan başqa, Rusiyada şəxsi hərbi şirkətlər haqqında qanun yoxdur. Qanuna uyğun olaraq arsenalında zirehli hərbi maşınlar, daşınabilən zenit kompleksləri və minaatanlar olan mülki təşkilatlar ola bilməz. Lakin qeyri-rəsmi olaraq belə bir qrup var.
Məlumata görə, 2013-cü ildə Suriyada dağıdılan “Slavyan korpusu” əsasında formalaşdırılmış “Vaqner qrupu” 2014-cü ilin yazından Krımda, daha sonra isə Luqansk vilayətində hərəkət edib.
Vaqner kimi tanınan şəxs ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkindir. O, 2013-cü ilə qədər Müdafiə Nazirliyinin əsas kəşfiyyat məntəqəsində çalışıb. Ehtiyata çıxandan sonra dəniz gəmilərinin mühafizəsi sahəsində ixtisaslaşan şəxsi şirkət “Moran Security Group”da işləyib. 2013-cü ildə MSG-nin menecerləri “Slavyan korpusu”nu təşkil edərək, onu Suriyaya Bəşər Əsədi müdafiə etməyə göndərib. Korpus bir sıra uğursuz döyüşlərdə iştirak edib. Dmitri Utkin 2014-cü ildən şəxsi bölmənin komandiridir və onun çağırışı ilə bölmə “Vaqner qrupu” adını alıb.
Asif
& VƏTƏNSEVƏRLƏR