Translate

18 Haziran 2021 Cuma

SABAHIMIZIN AĞDAM ŞƏHƏRİ

MUSTAFA ÇƏMƏNLİNİN SƏFƏR QEYDLƏRİ  



Xalqımızın çox əziz tarixi günündə - 28 Mayda səhər tezdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak edəcəyi Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak üçün Quzanlı qəsəbəsindən yola çıxdıq.

28 il üzümüzə qapadılmış Dördyoldan keçib həsrətində olduğumuz Ağdama gedirdik. İrəlilədikcə Bərdədən Ağdama uzanan dəmiryolunun yenidən bərpa olunduğunun şahidi olduq. 28 il idi bu dəmir yolla Bakı-Ağdam qatarı hərəkət etməmişdi. O zamandan bu dəmiryolu mənim yaddaşımda acı bir xatirə kimi qalmışdı. O zaman Köçərli stansiyasının yaxınlığında relslərin üstündə bir neçə vaqon hərəkətsiz dayanmışdı. Bir neçə qaçqın ailəsi bu vaqonlarda məskunlaşmışdı. İsti yay günlərində körpə uşaqları vaqonların kölgəsində oynayan görəndə təəssüflənir, göz yaşlarımı qəlbimə axıdırdım. Acı-acı fikirləşirdim ki, bu uşaqların axırı necə olacaq?! Doğrusu, o zaman güman etməzdim ki, Ağdam işğalda uzun müddət qalacaqdır. Ancaq gümanımda yanılmışdım. Sən demə, qismətimizdə qaçqın-köçkün ömrü də yaşamaq varmış.

Yadımdadır, 1992-ci il martın 13-də axşam televiziyadan diktorun verdiyi xəbər bizi bir daha sarsıtmışdı. Ağdərə rayonunun ərazisində 6 kəndi - Sırxavənd, Başgüneypəyə, Ortagüneypəyə, Manikli, Xatınbəyli, Tellibinə kəndlərini ermənilər güclü döyüş texnikasının köməyilə işğal eləmişdilər.

Səhər tezdən Ağdama gəldim. Həmişə qaynayan, özünəməxsus qələbəliyilə seçilən Ağdam şəhəri tanınmaz olmuşdu. Mağazalar, dükanlar bağlı idi. Şəhərin bir çox yerində ermənilərin atdığı "Alazan", "Kristal" raketlərinin nişanələri gözə dəyirdi. Şəhərdə əməlli-başlı köç əhvali-ruhiyyəsi vardı.

Ağdamdakı hospitalda oldum. Ağır yaralıları Bakıya yola salmışdılar. Orda olan əsgər və tibb işçilərilə görüşüb ayrıldım. Yenidən şəhərin mərkəzinə qayıtdım. Burda Sırxavənd qaçqınlarını gördüm. İki bir-üç bir gəlirdilər. Bir-birini salamat görən adamların görüş səhnəsinə baxmağa ürək tab gətirmirdi.

Bakıya qayıtdıqdan sonra "Birləşib vuruşsaydıq..." sərlövhəli məqalə yazıb "Ədəbiyyat və İncəsənət" qəzetinin 10 aprel 1992-ci il tarixli nömrəsində çap etdirdim.

İndi o zamandan 29 il keçib, ümidlərimizin az qala tükəndiyi bir zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, dönməz iradəsi, şanlı ordumuzun rəşadəti nəticəsində Qarabağ torpağı, o cümlədən, doğma Ağdam şəhəri və kəndləri mənfur düşmənin işğalından azad olunub. Vətən müharibəsi nəticəsində - əsrə bərabər 44 gündə!..

İndi isə, 28 May günü biz işğaldan azad olunmuş Ağdama gedirik. Onun müasir, çağdaş təməl daşını qoymağa. Ağdamın bərpası yoldan başlayıb. Qızğın iş gedir. Tarixi Bərdə-Ağdam yolu Prezident İlham Əliyevin göstərişi ilə 4 hərəkət zolağına çevrilməkdədir. Yolun uzunluğu 44,5 kilometr olacaq.

Vaxtilə işğal altında olan bütün Qarabağ - Ağdam, Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Laçın daim yaddaşımda yaşayıb. Mən bir qarabağlı, bir Azərbaycan vətəndaşı olaraq heç vaxt bu işğalla barışmamışam. Həmişə bədii və publisistik əsərlərimdə, məqalə və esselərimdə oxuculara bir gün Qarabağın işğaldan azad olacağı ümidini aşılamışam. Birinci Qarabağ müharibəsinin qəhrəmanı Asif Məhərrəmov haqqında yazdığım və 1996-cı ildə çap etdirdiyim "Fred Asif" romanında son dəqiqələrini yaşayan Azərbaycanın Milli Qəhrəmanı titrək əli ilə qucağında can verdiyi qardaşı Bəhlulun yanağına yuvarlanmış göz yaşını silərək deyir:

"Kişi ağlamaz. Möhkəm ol. Bax sifətimə, bax bədənimə, düşmən yarası yoxdur ki?! Düşmənin yox, qardaşımın qucağında ölürəm. Bundan böyük səadət varmı?.. Bəhlul, Qarabağ alınanda məni də yad edin. Yamaclarında su tapmayanda qarını çeynədiyim o qəlbi dağlara qalxanda məni də xatırlayın... Anama de, ağlamasın. Mən səhrada bitən tənha bir çiçəyəm. Tənha bir çiçək!.."

2007-ci ildə çap etdirdiyim "Ruhların üsyanı" povestini aşağıdakı epizodla bitirmişdim (kiçik ixtisarla): "...Qatar tərpəndi. Dinib-danışmırdıq, baş verənlər bizə yuxu kimi gəlirdi. Deyəsən, maşinist də Qarabağa tez çatmağa tələsirdi. Qatar çox sürətlə gedirdi. Əyilib pəncərədən göyə baxdım, dumduru idi. Çölün-çəmənin xoş qoxusu vaqonun pəncərəsindən süzülüb içəri dolurdu.

Vaqonun üstündə qol-qola girmiş cavanlar üçrəngli bayrağı başları üzərində yelləndirərək Dövlət Himnimizi oxuyurdular:


Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa! 


Qatardakılar da cavanlara qoşulmuşdular. Hamı oxuyurdu. Mən də oxuyurdum. Amma göz yaşlarımı heç cür saxlaya bilmirdim. Güllü tez-tez:


- Qurban olum, Mətləb, sən ağlama, qoy mən ağlayım, - deyirdi.



... Mən ona bir söz demədim, qalxıb vaqonun balaca pəncərəsindən geriyə boylandım, qatarların sayı-hesabı yox idi. Minlərcə insan atlı-piyada, maşınla yola çıxmışdı. Deyəsən, qaçqınlığın, köçkünlüyün sonuydu. Uşaqlar, yeniyetmələr əllərində məşəl tutaraq qatarın yanıyca gedirdilər. Ruhların üsyanı milləti uşaqdan böyüyə ayağa qaldırmışdı. Ölülərlə dirilərin ruhları biri-birinə qovuşmuşdu.

... Qatarlar durmadan irəliləyirdi. Səhərin açılmağına az qalırdı.

Deyirlər gecə hamilədir, sabah nə doğulacağını kimsə bilmir. Amma mən bilirdim ki, sabah torpağımızın Azadlığı doğulacaqdır".

1998-ci ildə Firidun Şuşinskinin "Şuşa" kitabı mənim redaktorluğumla baş redaktoru olduğum "Gənclik" nəşriyyatında nəşr olunmuşdu. Kitaba yazdığım "Qarabağın tacı" sərlövhəli ön sözü bu sətirlərlə bitirmişdim:

"Firidun bəy! Bir gün gələcək biz adına saysız öygülər qoşulmuş, bayatılar deyilmiş qədim vətənimizin bir parçası olan Qarabağa qayıdacağıq! Qayıtmasaq, evinə düşmən ayağı dəymiş Bülbül küsər, Xan ağlayar! Utanarıq Pənah xanın, Xan qızı Natəvanın ruhundan. Qayıtmasaq, Üzeyir bəyin heykəlinə belə baxmağa haqqımız olmaz. Yox, biz qayıdacağıq! Və yeddi milyonluq Azərbaycan xalqının həsrətlə gözlədiyi o gün - Qarabağın azad olacağı gün sənin "Şuşa" kitabını Cıdır düzündə başım üstə qaldırıb var səsimlə hayqıracağam: Allah sənə rəhmət eləsin, Firidun bəy! Sənin "Şuşa" kitabını doğma Şuşana gətirmişəm".

Şükürlər olsun Yaradanımıza ki, 8 noyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəliyi, müzəffər ordumuzun şücaəti sayəsində alınmaz qalamız erməni faşistlərindən geri alındı. Bu qalanın fəthi tarixdə nadir hallarda baş verən qəhrəmanlıq salnaməsidir. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə cansağlığı arzulayıram.

O gün, 8 noyabr 2020-ci il xalqımızın həyatında tarixi bir gün oldu! Həmin gün Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycan xalqına sevinc, fərəh hissiylə dolu bir səslə: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!" müjdəli xəbərindən sonra paytaxt sakinləri bir an içində küçələrə axışdı. Küçələr, xiyabanlar üçrəngli bayraqlara büründü. Ayaqlarını itirmiş qazilər belə küçələrə çıxmışdılar: "Qarabağ bizimdir, bizim olacaq!" sədası şəhərdə əks-səda verirdi. Üç-beş yaşlı uşaqların, yeniyetmələrin hayqırtıları qəlbimizi fərəh hissilə doldururdu. Sən demə, millətimizin Şuşa sevdası sonsuzuymuş! Şuşa bizim şərəf rəmzimiz, Şuşa bizim qeyrət qalamız imiş! Var olsun Ali Baş Komandanımız! Var olsun əsgər və zabitlərimiz! Ruhları əbədiyyətə qovuşmuş şəhidlərimiz!

Doğrudan da, həyat gözlənilməz təsadüflərlə, zərurətdən doğan reallıqlarla doludur. Koronavirus deyilən bu gözəgörünməz düşmənə görə Novruz bayramından sonra yaşıma görə "ev dustağı" olanda "Gözəgörünməz düşmən" adlı ovqat-essemdə böyük nigarançılıq içində yazmışdım: "Bu "Evdəqal" dövründə gecələri daha ağır keçirirəm. Bəzən sübhə kimi yata bilmirəm. Xəyalım dağda-bağda gəzir. Biədəb bir məsəl var: oynayıram, gülürəm, oynaş yaddan çıxmır.



Mənim yadımdan çıxmayan isə müqəddəs Qarabağdı! Qarabağ! İşğal altında inləyən, bizi haraylayan Qarabağ! İnsanın zaman-zaman unuda bilmədiyi bir şey varsa, o da gördükləridir. O, görmədiyini təsəvvür edir, sən deyən qədər də həsrətində olmur, gözü ilə görüb yaddaşına köçürdükləri isə əbədi yol yoldaşıdır. Son nəfəsinə qədər onu tərk etməz. O qədər həssaslıqla xatırlayar ki, özü öz yaddaşına heyran qalar. Səhər-səhər əlli il bundan qabaq bir həyətdə gördüyü açmış qızılgülün üstündəki şeh də yadına düşər. Mən bu 27 ildə elə bir gecə olmayıb ki, bir ruh kimi Qarabağı, eygili gündə gəzdiyim, gecələdiyim Ağdamı, Şuşanı, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı gəzib, görüb səhərə yaxın geri qayıtmayam. Ah, koronavirusdan, bu gözəgörünməz bəladan, insan qəsdinə durmuş cəlladdan qorxmuram. Qorxduğum tək bir şey var, qəflətən öləm, Qarabağın azad olacağı o BÖYÜK GÜNÜ görməyəm. Ey böyük Yaradan, sən belə bir əzabı mənə rəva görmə. Çoxları "Qarabağ, Qarabağ" deyə köçdü dünyadan. Barı yerdə qalanlara möhlət ver, İlahi" ("Ədalət" qəzeti, 4-6 may 2020-ci il).

Şükür Tanrının böyüklüyünə ki, o BÖYÜK ZƏFƏR GÜNÜnü nəinki mən, yaşıdlarım, bütün Azərbaycan xalqı gördü və o günün sevincini, nəşəsini yaşadı. Bu, əsrlər boyu unudulmayacaq tarixi bir gündür. Zəfər günüdür!

Budur, indi biz səhər tezdən, tarixi bir gündə - 28 Mayda Ağdama təməlqoyma mərasiminə gedirik. "Mersedes" markalı avtobusda mənəm, telejurnalist, tərcüməçi İlqar Əlfidir, telejurnalist, "Çöl adamı" verilişinin müəllifi və aparıcısı Kamal Dənizdir, bir də karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Fariz Nəcəfovdur. Avtobusun pəncərəsindən enləndirilməkdə olan Bərdə - Ağdam yoluna, başıqarlı Murova, Şah bulağına baxırıq. Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" povestində təsvir etdiyi Qərvəndi keçirik.

Mənim gözüm Göytəpə kəndini axtarır, çünki o kənd mənim uşaqlıq və yeniyetməlik kəndimdi. Sovetlər dövründə Çəmənlidən ara yolla Göytəpəyə gəlib, oradan asfalt yolla Ağdama gələrdik. Heyhat, Göytəpə kəndindən bir nişanə qalmayıb. Kamal Dəniz yaddaşına güc verib Şahbulaq dağının ətəyindəki "kəndləri" göstərir. Belə də kənd olar, darvazasını açıb içəri giriləsi bir ev belə yoxdur. Uşaq vaxtı dördtəkərli at arabamızla, sonralar avtobusla Ətyeməzli kəndinə çatanda sevinərdik, çünki bu kənd Ağdamın girəcəyində idi. Ona görə keçmiş zamanda danışıram ki, Ətyeməzli, Keştazlı kəndləri yer üzündən silinib. Tək-tük uçuq-sökük evlərin divarları görünür. Mənzil başına çatırıq. Burada Bakıdan gəlmiş 20 nəfərin və Ağdam İcra Hakimiyyətinin nümayəndələri təməlqoyma mərasimində iştirak edəcək. Böyük, çox böyük bir çətirin altındayıq. Yaxınlıqda Ağdam məscidini görüb yeganə salamat tikili olduğu üçün sevinirik.

Kamal, İlqar, Fariz və mən gedib məscidin qarşısında şəkil çəkdirdik. Yadımdadı, Ağdam bazarı məscidin yaxınlığında idi. Bu an istər-istəməz xəyal məni Ağdamlı günlərə apardı. Zaman-zaman Ağdam bazarında gördüyüm insanların bir-birinə oxşar, fərqli çöhrələri illərin ardından "qanadlanıb" gözlərim önündə cilvələnirdi. Xoşbəxt günlərin ağdamlı sakinləri sonradan qaçqın-köçkün olub hərəsi bir tale yaşadı. Şirinli-acılı xatirələrlə dolu bir tale! Vətən-vətən deyə dünyadan köçənlərin, yəqin ki, ruhları indi şaddır. Bütün məhrumiyyətlərə dözərək yaşayanlar, işğaldan sonra dünyaya gələnlər də az olmayıb. Anasının qucağında, bətnində doğma yurdunu tərk edənlər böyüyüb 44 günlük müharibədə Qarabağ uğrunda vuruşdular. Qəhrəmanlıqlar göstərdilər, qazi oldular, şəhidlik şərbətini içənlər də çox oldu. Ruhları qarşısında baş əyib, Allahdan onlara rəhmət diləyirəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ağdam ictimaiyyətinin, ziyalılarının görüşü saat 11-də keçirildi. Olduqca səmimi görüş idi. Hər kəs fərəh hissi keçirirdi. Dövlətimizin başçısı görüşdə çıxış edərək dedi:

"Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilib. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu  gün bu gözəl mərasimi keçirək.

Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq".

Dövlət başçısının çıxışından sonra "Ağ şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıqov layihə-lövhələrin qarşısına keçərək şəhərin yeni Baş Planı haqqında məlumat verdikcə sabahkı Ağdam bütün gözəlliyi, əlvanlığı ilə gözlərim önündə canlanırdı. Küçələrində elektriklə işləyən tramvaylar dolaşan, içərisindən 2 kilometrlik motorlu qayıqlar üzə biləcək kanal keçən, süni gölü, şəlaləsi, "Qarabağ" universiteti, liseyləri, məktəbləri, 79 kilometrlik velosiped yolu, İşğal və Zəfər muzeyləri, yenidən abadlaşdırılmış İmarəti, Çay evi, Çörək və Diyarşünaslıq muzeyləri, teatr və musiqi məbədgahları, istehsalat müəssisələri, 125 hektarlıq meşə zolağı, körpüləri olan bir şəhər təsəvvür edin. Bu, bizim Ağdam şəhərimizdir! Sabahımızın, xoşbəxt gələcəyimizin şəhəri!


Mustafa Çəmənli,

Yazıçı-publisist.

4 iyun 2021-ci il.

525-ci qəzet.

& VƏTƏNSEVƏRLƏR

13 Haziran 2021 Pazar

MOĞOL LƏKƏSİ


Yeni doğulmuş uşaqların belinin aşağı — büzdüm hissəsində olan tünd göy rəngli ləkə tibbdə «moğol ləkəsi» adlanır.

Bu ləkə türklərin, moğolların, mancurların, Amerika hindularının uşaqlarında daha çox müşahidə olunur. Bununla yanaşı, Şərqi Afrikada yaşayan insanlar arasında da onun faizi kifayət qədər yüksəkdir. Slavyandilli bolqarlarda təxminən 6 %-dir. «Moğol ləkəsi» əsasən 3-5 yaşadək çəkilib gedir. Amma tək-tük hallarda qalır. Bəzən bu ləkə körpənin büzdüm hissəsində deyil, alnında — iki qaşının arasında, çox vaxt qırmızı rəngdə olur.

«Moğol ləkəsi» həm ata, həm də ana xətti ilə ötürülə bilər. Lakin daha çox oğlanlarda özünü büruzə verir. Ehtimala görə, qədim zamanlarda bu ləkə bir nəfər kişidə yaranmış və onun törəmələrinə keçmişdir. Moğollar onu «Çingiz xan ləkəsi» adlandırır və inanırlar ki, ləkənin tündlüyü körpənin xoşbəxt gələcəyindən xəbər verir. «Moğol ləkəsi» azərbaycanlılar arasında da kifayət qədər yayılmışdır. Həm də o yalnız türklərin deyil, talışların, tatların, ləzgilərin, avarların uşaqlarında da müəyyən faizlərlə müşahidə edilir.

Bu sətirlərin müəllifinin mənsub olduğu Şəhrili tayfasında (nəslində) yeni doğulmuş oğlanlarda «moğol ləkəsi»nin hər iki forması olur.


Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist. 

& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

13.06.2021.



30 Mayıs 2021 Pazar

AĞDAM - VARLIĞIN YOXLUQ SƏHNƏSİ


Rəfail Tağızadə

Öpdüyüm torpaqdan həsrətin qoxusu ilə bərabər qan qoxusu da gəlirdi. Şəhidlərin tökülən qanı torpağa qarışıb. Torpaq qanla yoğrulub. Bu torpaqda bitən lalələrin qara xalları ləçəkləri boydadı.

Ağdamda 10 ballıq erməni zəlzələsi olub. 

Dünyanın indiyədək görmədiyi, Rixter şkalası ilə ölçüyə gəlməz erməni zəlzələsi. 

Bu zəlzələdən Ağdamda bir tikili qalmayıb. Sovet vaxtı tikilən binaların möhkəm beton dirəkləri də uçulub dağılıb. Nə vardısa, hamısı yerlə yeksandı. Sanki şəhərin varlığının üstündən 28 il yox, iki min il keçib. 

Bakıdan gələn qonaqlara şəhərlər gözəli Ağdamı göstərib, onların heyranlığına qürurlandığımız şəhər indi qonaqları yoxluğu ilə heyrətləndirir.

Daşı daş üstə qalmayan, qonağın pişvazına çıxa bilməyən şəhərə baxıb nələr yaşadığımı onu yaşayanlar bilər.

Ağdam varlığın yoxluq səhnəsidi. Hər daşı bir binanı, bir evi; hər cığırı bir yolu xatırladan Ağdamın yoxluq səhnəsi. 

Teatrı sökük-sönük, məscidi sükutlu, musiqi məktəbi səssiz, səs-küylü bazarı lal olan şəhər. 

Doğmasının ölümündən yazmaq kimidi indi Ağdamdan yazmaq.

Qatar Uzundərəyə çatanda hamımız hazırlaşardıq. Artıq Ağdama çatırıq. Səhər tezdən olsa da, Dəmir yolu vağzalı qaynayırdı. Doğma, tanış simalar. Şirindil insanların mehriban münasibəti adamı ovsunlayırdı. Şəhərə girəndə maşınların səsi şəhəri yuxudan oyadırdı. 

İndi hara gedəcəyimi, hara düşəcəyimi bilmirəm. Vaakkuma düşən kimiyəm. Qəhər məni boğur. Məni qarşılayan təkcə xoş, doğma havadı. Bir də izimi sinəsində gizlədən torpaq. 

Orada yaşamayanlar, sevincli günləri görməyənlər o ağrılı mənzərəni görəndə yaşadıqlarını, hisslərini ifadə etməkdə çətinlik çəkirlərsə, görün bizlər nələr yaşayırıq, nələr çəkirik...

Ağdamı dağılmış, viran qoyulmuş görmək çox ağırdı. Təsəllim “Nəsimi” filmində deyildiyi kimi: “Dövlət bəyin ölüsü də gözəldi” ifadəsi idi. Ağdamın da.



Torpaq varsa, Vətən var! Qalanı düzələr...

Ermənilərin özününküləşdirmək istədikləri, dəvət etdikləri xarici arxeoloqların hər qazıntıda “bura türk məskənidir” dediyi Şahbulaq qalasından bizim Boyəhmədli, Sofulu kəndinə 8-10 km-lik məsafə var.  Bir də 28 illik zaman. 

Kəndimizə gedib-gəldiyimiz bu yolla indi gedə bilməsəm də baxışlarımı yollayıram. İtiyi, qalığı axtarmağa. Nələri görəcəyi bəllidi, Qarabağın hər yerində olduğu kimi, ancaq dağıntılar... Nə xatirələri yaşadan evin divarı var söykənəsi, nə ağac var kölgəsinə sığınası. Tapacağı yoxluqda özünü saxlayan təsəlli torpaq, yurd yeri.

Hər dəfə Ağdamın Dörd yolundan keçəndə Ağdam tərəfə baxmağa utanırdım. 

Bu dəfə o tərəfə can atırdım. Ağdamı görməyə tələsirdim. Həsrətinə yox deməyə. Ağdama qovuşmağa. 

Bütün bu müvəqqəti ağrıların, hislərin sonunda “nə yaxşı ki, sənə gəldim, məbədim mənim” deyib Ağdama - torpağa baxıram. Qovuşduğuma, bu günümə şükür edirəm. Sevinirəm. 

Taleyimdə ayrı düşməklə bərabər qovuşmaq da varmış. 

Bu sevinc ayrı sevincdi.

Ağdamlılar yoxdan var edən, qurub-yaradandılar. 

İndi daha gözəl, müasir tələblərə cavab verən Ağdam salınacaq. Ağdam yenə Qarabağın iqtisadi-siyasi mərkəzi olacaq. 

İtən illərin yoxluq sükutu pozulacaq. Sözü, səsi özünə qayıdacaq. Məscidindən “Azan” səsi eşidiləcək, teatrında tamaşalar qoyulacaq. Hər küçədən, hər kənddən ağdamlıların ürəyə yatan məlahətli, şirin səsiylə muğamlar səslənəcək.

Həyat davam edəcək.

Hər tarix bir dərsdi.

Yaşadıqlarımız bizə çox ağrılı həyat dərsi keçdi. Olanlarına sahib çıxmağı, özününkünün qədrini bilməyi, dəyər verməyi, qorumağı, uzaqdan baxmağın acısını, yaşananları bir daha yaşamamağı öyrətdi. 

Qarabağa, Ağdama, Şuşaya hər gedənə

                   Yolçu mənə quş göndər,

                   Dimdiyində torpağım

 - deyirdim.

Axır ki, Ağdamıma özüm gəldim. Ağdamdan həsrətli köçən doğmalarımın, əzizlərimin qəbrinə səpməyə torpağı özüm gətirirəm.

Bu səfər həsrətin, nigaranlığın son günü idi.

Həyatda qovuşmaq qədər gözəl heç nə yoxdur.

Ayağın torpağına dəyəndə özün olursan. Varlığını hiss edirsən. Bu özünə qayıdışdı. Özünə baxıb ürəkdən “Bu mənəm!” - deyə bilirsən. Səssiz dediyin bu mən, hərbidə cərgədə qışqırdığın “Mən”dən daha uca və əzəmətli səslənir. 

Məni MƏN edən AĞDAMIM!  

Məni yaşadan məkan!

Sənə qovuşmaq həyatımın ən xoş anıdı!


Rəfail Tağızadə.

28.05.2021.

& VƏTƏNSEVƏRLƏR


29 Mayıs 2021 Cumartesi

FƏLƏSTİN PROBLEMİ VƏ STEREOTİPLƏR



1- Cİ YAZI

Bu gün tarix və siyasətlə maraqlanan azərbaycanlıların əksəriyyəti belə düşünür ki, İsrail dövlətinin yaranmasında ən böyük rolu Böyük Britaniya və ABŞ oynamışdır. Guya məhz bu ölkələrin yardımı və dəstəyi sayəsində dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilər Fələstinə köçüb İsrail dövlətini qurmuş, sonra isə I Ərəb-İsrail müharibəsində (1947-1949) zəfər qazanmışlar.

Bəs əslində necə olmuşdur? Faktlara nəzər salaq:


SSRI-nin mövqeyi: Sovet hökuməti Fələstinin iki hissəyə bölünməsi planını dəstəkləmiş və İsraili dərhal tanımışdır. Kommunist partiyasının orqanı olan «Правда» qəzetinin 30 may 1948-ci il tarixli nömrəsində dərc edilmiş məqalədə sovet rəhbərliyinin münaqişəyə münasibəti belə ifadə olunmuşdur: «Sovet xalqı ərəblər tərəfindən İsrailə qarşı aparılan təcavüzkar siyasəti ittiham edir».

Yalnız siyasi dəstəklə kifayətlənməyən Sovet hökuməti İsrailə hərbi yardım da göstərməyə başladı. Lakin ərəblərin nifrətini qazanmaq istəmədiyinə görə SSRİ bunu birbaşa deyil, özünün işğalı altında olan Çexoslavakiyanın vasitəsilə edirdi. Stalin rejimi tərəfindən İsrailə təkcə 1948-ci ilin may ayında 25.000 tüfəng, 5.200 pulemyot, 54.000.000 patron, 25 qırıcı təyyarə və s. göndərilmişdir. İsrail ordusu üçün zabitləri, xüsusilə hərbi təyyarəçiləri ruslar hazırlayırdılar.

Böyük Britaniyanın mövqeyi: Fələstini tərk edən ingilislər özlərinin ağır və yüngül silahlarının demək olar ki, hamısını ərəblərə təhvil verdilər. 1948-ci ilin dekabrında isə Britaniya hökuməti İsrailə qəti xəbərdarlıq etdi ki, əgər yəhudi ordusu ələ keçirdiyi Misir torpaqlarından dərhal çıxmasa Britaniya ordusu ərəblərin tərəfində savaşa qoşulacaq. Bu bəyanatdan sonra israillilər Misiri tərk etdilər.ABŞ-ın mövqeyi: 1947-ci ilin dekabrında ABŞ Yaxın Şərqə silah göndərilməsinə embarqo qoydu. Bu tədbirdən isə İsrail daha çox ziyan gördü.


Qeyd: 1947-ci il iyul ayının 30-da radikal sionist təşkilatı «İrqun»un yaraqlıları bundan bir neçə gün əvvəl girov götürdükləri Britaniya hərbçilərini — serjant Clifford Martin və serjant Mervjn Paice-i Fələstinin Netanya şəhərində dar ağacından asmaq yolu ilə qətlə yetirmişdilər.

Sonra isə meyitlərə partlayıcı qurğu bağlamışdılar. Öz həmvətənlərinin cəsədlərini ağacdan düşürmək istəyən bir neçə ingilis hərbçisi partlayış nəticəsində ağır yaralanmışdı.Terror aktına cavab olaraq keçirilən əməliyyat zamanı Britaniya döyüşçüləri Fələstində 20 yəhudini qətlə yetirmiş və yaralamışdılar.

İngiltərənin Liverpul şəhərində isə nümayişçilər yəhudi sinaqoqunu yandırmış, yəhudilərin evlərini daşa basmışdılar.

«İrqun» qruplaşması və digər sionist təşkilatları Böyük Britaniyanı I Ərəb-İsrail müharibəsinin gedişində açıq-aşkar şəkildə və fəal surətdə ərəblərin tərəfini saxlamaqda ittiham edirdilər.


Ardı var…

Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist.

& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

23.05.2021.


P.S. İsrail müstəqil dövlət kimi 1948-ci ilin 14 mayında (o vaxtdan həmin gün Milli bayram kimi geniş qeyd olunur) Fələstin ərazisində müstəqil yəhudi və ərəb dövlətlərinin yaradılmasına dair BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarına əsasən yaradılmışdır. Bu məsələyə ABŞ və İngiltərə qarşı çıxsa da və İngiltərə yəhudilərə qarşı embarqo tətbiq etmişdi. Amma SSRİ — nin diktatoru İ. V. Stalin o vaxt Qromınkoya qəti göstəriş verir ki, məsələni həll etmədən BMT Baş Məclisini tərk etməsin. Müəllif aktual bir məsələyə toxunub və mövzu davam etdiriləcək.

Həmin qərarda göstərildiyi kimi hər iki dövlət öz ölkəsində sayca azlıqda qalan millətlərin hüququnu təmin edəcək demokratik konstitusiya qəbul etməli idi. Yəhudi dövləti üçün qarışıq əhalisi (497 min ərəb və 498 yəhudi) olan 14,1 kv. km ərazi (Fələstinin ümumi ərazisinin təqribən 56 faizi) ayrılmışdı. Qüds şəhərinə isə BMT idarəsi altında xüsusi beynəlxalq rejimli inzibati vahid statusu verildi.