Həbs olunan general İstanbul və Ankara şəhərlərində strateji dövlət obyektlərini bombalayan F-16 qırıcılarını yanacaqla təmin edib. Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı yeni iddialar ortaya çıxıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Adanada yerləşən İncirlik hərbi bazasının türk komandiri, general Bəkir Ərcan ABŞ-dan sığınacaq istəyib. Hadisənin olduğu gecənin səhəri həbs olunan Bəkir Ərcanın, İstanbul və Ankara şəhərlərində strateji dövlət obyektlərini bombalayan F-16 qırıcılarını yanacaqla təmin etdiyi bildirilir. Onun Vaşinqtondan sığınacaq istəməsi xəbəri ABŞ mediasında da yer alıb. New York Times qəzetinin yaydığı məlumata görə, hərbi çevriliş cəhdi uğursuzluğa düçar olandan dərhal sonra, İncirlik hərbi bazasının türk komandiri B. Ərcan Amerikaya telefon açıb. Ağ Evdəki rəsmilərdən müsbət cavab ala bilməyən komandir hava işıqlaşana yaxın polis tərəfindən həbs olunub. & VƏTƏNSEVƏRLƏR
Bu gün Mətbuat Şurası Azərbaycan jurnalistlərinə müraciət ünvanlayıb. "VƏTƏNSEVƏRLƏR" həmin müraciəti oxucularına təqdim edir... Qədim tarixə malik xalqlarımız arasındakı çoxəsrlik münasibətlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan və Türkiyə dövlətlərinin müasir dövrdə qarşıya qoyduğu ən mühüm vəzifədir. Bu vəzifə əsas götürülərək ölkələrimizin mənafe və prinsiplərinin müəyyənləşdirilməsində, vahid platforma olaraq bəyan edilməsində media başlıca vasitə kimi çıxış edir, qloballaşan dünyada ortaq türk dəyərlərinin təbliğini rəhbər tutmaqlason dərəcə əhəmiyyətli missiya yerinə yetirir. Hər iki ölkə jurnalistlərinin yaradıcılıq dəst-xəttində həmçinin Azərbaycan və Türkiyənin dövlətçilik maraqlarına xələl gətirən halların qarşısının alınmasına yönələn birgə fəaliyyət də başlıca yeri tutur. Təqdirəlayiq haldır ki, Azərbaycan mediası Türkiyədə 15-16 iyul 2016-cı il tarixlərində gerçəkləşdirilməsinə cəhd edilən dövlət çevrilişi aktına Türkiyə xalqının mənafelərini nəzərə almaqla yanaşdı, çoxsaylı insan tələfatına səbəb olan terrorçuluq əməllərini qətiyyətlə pislədi. Bu, həm də qardaş ölkə mediasının hadisəyə münasibətdə tutduğu mövqe ilə həmrəylik nümayişi kimi yadda qaldı. Azərbaycan Mətbuat Şurası mövcud dəst-xəttin hər zaman davamlı olacağına əmindir. Mətbuat Şurası eyni zamanda Azərbaycanın kütləvi informasiya vasitələrinə müraciət edərək onları qardaş Türkiyə üçün taleyüklü vəziyyətə münasibətdə həssaslıq nümayişinə çağırır. Bu həssaslıq ilk növbədə peşəkar yanaşmadan keçir. Peşəkarlıq isə obyektivlik, dəqiqlik və qərəzsizlik meyarlarına riayət etməkdir. İndiki vəziyyətdə peşəkarlıq Türkiyədə ictimai asayişin pozulmasına səbəb olmuş, ölkənin dövlətçilik ənənələrinin sarsıdılmasına yönəlmiş hər hansı hərəkətin, bu hərəkəti doğuran şəxs və şəxslərin heç bir halda Azərbaycan mediasında təbliğ edilməməsidir. Türkiyə dövlətinin maraqları demokratizmə söykənir, meydanlara axışaraq seçdiyi hakimiyyətini müdafiə əzminə köklənmiş böyük türk xalqının baxışları ilə uzlaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərkən bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanındadır. Azərbaycan cəmiyyəti Türkiyədəki xalq-hakimiyyət birliyini müxtəlif beynəlxalq güclərin yaşadığımız coğrafiyadakı anti-milli siyasətinə qarşı dirəniş və vəhdət modeli olaraq görür. Mediamızın məhz belə yanaşmanı təbliğ etməsi son dərəcə zəruridir. Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları qardaş Türkiyədə baş verən hadisə və proseslərə münasibətdə həssas olmağa, Türkiyə xalqının iradəsini nəzərə almağa, Türkiyənin dövlət maraqlarını hakimiyyət çevrilişi cəhdi ilə təhdid edən terrorçu təmayülləri, terror əməllərini törədənləri, himayə edənləri hansısa formada müdafiə edəcək, müdafiə təsəvvürü yaradacaq təqdimatlardan uzaq durmağa çağırır. Azərbaycan Mətbuat Şurası
“15 iyul dövlət çevrilişin cəhdə görə həbs olunan hərbiçilərin xilası üçün ABŞ, Avropa Birliyi və İsrail dövriyyəyə girib”.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar Taha Dağlı məqalə qələmə alıb.
Onun sözlərinə görə, dövlət çevrilişinə cəhd edənlərə qarşı çox səslər çıxır: “Hamısı istəyir ki, Türkiyədə əllərinin altında həmişə qiyamçılar olsun. Bu gün Brüsseldə Avropa Birliyi xarici işlər nazirlərinin zirvə toplantısı baş tutacaq. 15 iyul hadisələri zirvənin gündəmində daxil olunub. Avropa Birliyi xarici siyasət təmsilçisi Federika Mogerini Türkiyə hökumətinə bu hadisələrdən sonra hüququn üstünlüyünü qorunması üçün güclü bir mesaj göndərəcəklərini dedi. Əslində bu, “çevriliş edənlərə çox da toxunmayın” deməkdir. Eyni mövqeyi Fransadan gəldi və bildirdilər ki, dövlət çevrilişi səbəbinə görə Ərdoğana “açıq çek” verilməməlidir”.
T. Dağlı qeyd edib ki, ABŞ və Avropa Birliyi ilə yanaşı İsrail də bu səfdə yer alır.
“İsrail də Qərb dünyasındakı çevriliş şəbəkəsinə daxildir. Bu şəbəkə “əgər çevriliş uğurlu olsaydı, biz Türkiyədəki xunta ilə razılığa gələrdik”. Məsələ açıqdır. Bu çevrilişə cəhdi Gülənçilər etdi, planı isə CİA qurdu. Qərb də “çevriliş gəlir” deyə sevindilər”, - deyə o bildirib.
MTRŞ ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yaydı Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yayıb.
Şuradan verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev son günlər Türkiyədə baş vermiş hadisələri birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə dövlətçiliyinə, türk xalqına, onun iradəsi və seçiminə qarşı törədilən dəhşətli cinayət kimi qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib və bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib.
Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirərək hakimiyyət çevrilişi cəhdini pisləyib, bunun yolverilməz olduğunu, Türkiyə dövlətçiliyinin əsaslarının sarsıdılmasına yönəldiyini bildiriblər. Təəssüf ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.
Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.
Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər.
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.
Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prokurorluğunun müraciətini nəzərə alaraq, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək. MUSAVAT.COM & VƏTƏNSEVƏRLƏR