Translate

23 Mart 2014 Pazar

TURAN ƏCƏMDƏN NİYƏ GERİ QALIR ?


İbrahim Nəbioğlunun yazısı...

Türkiyədə ayaqqabı qutusundan milyonlar çıxanda İranın kosmik aparatından Farqam çıxmışdı. Farqam İranın kosmosa göndərdiyi ikinci meymunun adıdır. İran artıq kosmosu fəth etməyə başlayıb. Onun kosmik macəraları 2009-da Ömid (Ümid) adlı öz peykinin fırladılması ilə başlayıb. 2020-də isə kosmosa ilk astronavtını göndərəcək. Təsəvvür edirsizmi, cəmi 6 il sonra İran dünyanın kosmik fəzaya insan göndərən üç-dörd ölkəsindən biri olacaq.

Rus və amerikalıların kosmosdakı hegemoniyasına son verilir. Bir-neçə ölkə dövlət büdcələrinə kosmik tədqiqatlar üçün ciddi məbləğlər ayırır. Burada Yaponiya öndə gəlir, kosmosdakı araşdırmalara ildə 2.5 milyard dollar xərcləyir. Hədəfləri 2025-də Aya astronavt endirməkdir.

Başqa bir iddialı ölkə isə ildə bu tədqiqatlara 1,3 milyard dollar ayıran Hindistandır. Çinin qibtə ediləcək həmləsi isə əlavə şərh istəmir – bu ölkə Aya enməyi bacarmış 3-cü ölkə ünvanına sahibdir.

Adını çəkdiyim ölkələrlə müqayisədə İranın ayırdığı büdcə nisbətən azdır. İldə 500 milyon dollar xərcləyən İran irəli gedərək büdcəsini daha da artırır. Embarqodan qaynaqlanan çətinliklərə rəğmən İran alimlərinin iddialı hədəfləri Qərbdəki mütəxəssisləri heyrətə düşürür. Bir misal çəkim, Farqama bağlanan EKG (elektro-kardioqramma) cihazı sayəsində iranlı alimlər kosmosa uçuş zamanı canlıda meydana gələn dəyişiklikləri araşdıracaqlar. Bununla da onlar kosmik biologiya, kosmik fiziologiya, bio-medikal mühəndislik kimi sahələrdə böyük nəticələr əldə etməyi umurlar. İran kosmik tədqiqatlarla bərabər nüvə ölkəsi olmaq yolunda da əmin addımlarla irəliləyir.

Türkiyə isə hələ də ətalətini pozmayıb, nüvə enerjisi, kosmik araşdırmalar və başqa prioritet sahələrdə digər ölkələrdən xeyli geridə qalır. Kosmik tədqiqatlarda durum daha acınacaqlıdır. Özü də NASA-da onlarla türk əsilli alim və mühəndisin çalışmasına, önəmli layihələrdə aktiv rol almasına rəğmən. Təəssüf ki, onların “super zəkaları” Türkiyəyə deyil, başqa ölkənin elminə, gələcəyinə xidmət edir. Məmləkət cümhuriyyət tarixinin son 50 ilini sağ ideologiya ilə solun mübarizəsinə, baş örtüsü, dünyəvi dövlət, şəriət mübahisələrinə sərf etdiyindən qonşusu ilə “kosmik fiziologiya” nədir, heç raket istehsalında belə rəqabət apara bilmir. “Şahab”lara cavab verəcək sistemləri qurmaqda gecikmiş Türkiyə kosmik rəqabətin heç iştirakçısı belə deyil.

Farqamın kosmosdan sağ-salamat geri qayıtması ilə Türkiyədə nazir oğullarının həbsi ilə eyni vaxta təsadüf etdi. Dünyanın aparıcı televiziya kanalları Farqamın uçuşunu birinci xəbər olaraq verdilər. İranın kosmosu fəth etməsi nə qədər heyrət doğurdusa, Türkiyədəki korrupsiya skandalı və həbslər də bir o qədər təbii qarşılandı.

Tarixi “Əcəm-Turan” rəqabətinin ölçüsü artıq yeni torpaqların fəthi, qazanılan savaşlar deyil, elm və texnologiyadakı kəşflər, bu kəşflərin insanlığa xidmətidir. Halbuki, indiki hökumət 2023-ə – Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü il yubileyinə qədər necə də böyük hədəflər qoymuş, necə də gözəl gələcək vəd edirdi. 2023-lə bağlı o qədər şüarlar, plakatlar, reklam filmləri hazırlandı ki, yer-göy 2023 rəqəmləri ilə bəzənmişdi.

Modern dünya ilə ayaqlaşmaqda büdrəməyə, elmi-texniki tərəqqidən geri qalmağa başlayan bugünkü Türkiyə mənə dahi Çin rejissoru Vonq Kar Vayın (Wong Kar Wai) “2046″ filmini xatırladır. Filmin qəhrəmanı bütün itirilənlərin qaytarılacağı 2046-cı illə bağlı kitab yazır. Amma o, gələcəyi yazdığını düşündüyü halda, məgərsə keçmişi yazırmış…

Siyasətçilərin də əsas vəzifəsi ölkələrini gələcəyə aparmaqdır. Amma gələcəkdə keçmiş qurmamaq şərti ilə…

nebioglu.i@gmail.com
(Ayna qəzeti)

12 Mart 2014 Çarşamba

“RUSİYANIN SONUNA SAYILI GÜNLƏR QALIB"


Üzeyir Cəfərov : “Rusiya məsələdə təkcə ABŞ- la yox, həm də Türkiyə, Fransa, Almaniya və digər dövlətlərlə üz-üzə gələcək”

“Moskvanın rəsmi və qeyri-rəsmi şəxslərilə sosial şəbəkədə danışanda bildirim ki, Rusiyanın atdığı addım kökündən səhvdir” – NATO qırıcılarının Ukrayna sərhədinə yaxınlaşması barədə məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov belə deyib. Ü.Cəfərov bildirib ki, Rusiyanın Krıma yönəlik addımları özü üçün böyük fəlakətlərə səbəb olacaq. Ekspert hesab edir ki, NATO və güc dövlətlərinin Moskvaya etdikləri xəbərdarlıqlar Rusiya üçün son şanslardır. Rusiyanın avantürist rəhbərliyinin çıxa bilməyəcəyu yükün altına girdiyini deyən Üzeyir Cəfərovun sözlərinə görə, Rusiyanın martın 16-dək fəlakətdən sığortalanmaq şansı var: “NATO Ukrayna sərhədini nəzarətə götürmək barədə tapşırıq alıb. NATO komandanlığı Polşa və Rumıniyadakı “Avast” kəşfiyyat qırıcılarından istifadə edəcək. Rusiya hələ də vəziyyətin onun üçün nə qədər dramatik olduğunu başa düşmür. Rusiya özü üçün heç bir təhlükə olmadığı halda Ukraynaya ordu yeridib. Hətta Moskva bəyanat yayaraq bildirir ki, Ukrayna ərazisində rus qoşunları yoxdur. Lakin məsələ ilə əlaqədar faktların ortada olması Rusiyanı iflasa aparır. Rusiya məsələdə təkcə ABŞ-la yox, həm də Türkiyə, Fransa, Almaniya və digər dövlətlərlə üz-üzə gələcək. Rusiya isə elə başa düşür ki, referendumun keçirilməsilə məsələ həll olunacaq. Rusiyanın dövlət kimi fəaliyyət göstərməsinə sayılı günlər qalıb. Rusiya hələ Çin tərəfindən ona qarşı yaradılacaq problemlərə hazır olmalıdır. Martın 16-dan sonra baş verəcək hadisələr Rusiyanı dəhşətli vəziyyətə salacaq. Rusiyanın hərəkətləri dünyaya meydan oxumaqdır. Moskvanın atdığı addımlar Tatarıstan, Şimali Qafqaz, Krım və digər məsələlərdə problemlər yaradacaq. Putinin bu dəfə verdiyi əmrin fəsadları mütləq olacaq. Barak Obama və Ukraynanın baş naziri Arseni Yatsenyuk arasında görüş keçiriləcək. Həmin görüşün də nəticəsi olacaq. Moskva nə qədər gec deyil, ağıllı siyasət yürüdüb mövqeyindən geri çəkilməlidir”. 

 "Olaylar"IA


11 Mart 2014 Salı

KİŞİLƏRİN ƏVƏZİNƏ QADIN DİLƏ GƏLDİ...

"RUSİYANIN SİFƏTİ ÇOXDAN İTİB.
İNDİ ANCAQ PUTİNİN SİFƏTİ GÖRÜNÜR".


"BÖYÜK HƏRBİ MÜNAQİŞƏ BAŞ VERƏ BİLƏR"


Bjezinskidən qorxulu Ukrayna xəbərdarlığı...

“İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişə baş verə bilər” 

"Krım münaqişəsini nəzəri cəhətdən həll etmək mümkündür, ancaq Kremli Allahlıq iddiasında olan irrasional lider idarə etdiyindən bunu təsəvvür etmək çətindir”. Haqqin.az-ın xəbərinə görə, bunu politoloq Zbiqnev Bjezinski Fransanın “La Figaro” qəzetinə deyib. 

O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Krımı Ukraynadan güc yolu ilə qoparmağa hazırlaşır: “Ancaq bu halda o, Ukraynanı on illərlə itirəcək, Moskvanın Ukrayna ilə münasibətləri isə vacibdir. Belə təsəvvür edək ki, Putinə Krımı Ukraynadan həmişəlik ayırmaq nəsib olacaq. O, Krımı alacaq, ancaq on illərlə Ukraynanı itirəcək, ona görə ki, bu addım Moskva əleyhinə çox güclü milli reaksiyaya səbəb olacaq. Putin dəhşətli səhv edir”.

Politoloq onu da qeyd edib ki, əgər Rusiya Ukraynaya hərbi təzyiqini davam etdirərsə, Kiyev tez, yaxud gec müqavimət göstərməyə başlayacaq. O zaman Qərb Ukraynanın özünü necə müdafiə etdiyini görüb müdaxilə edəcək, müdafiəsinə qalxacaq”. 

Politoloqun sözlərinə görə, bu halda Ukraynada İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişə baş verə bilər. Bunu nəzərə alan Bjezinskinin fikrincə, Krım münaqişəsini nəzəri cəhətdən sülh yolu ilə həll etmək mümkündür: “Amma ən böyük risk odur ki, Rusiyanı Allahlıq iddiasında olan irrasional lider idarə edir. Bu, rusiyalıların çoxunu narahat edir”.

Politoloq onu da qeyd edib ki, Putin Rusiya üçün nəyin yaxşı, nəyin pis olduğunu qiymətləndirməyə və əlverişli qərar qəbul etməyə qadir deyil.

10 Mart 2014 Pazartesi

QAFQAZ UNİVERSİTETİNİN MƏZUNU NURÇULUQDAN DANIŞDI...


Milli Fikir Mərkəzi nurçuluq əlehinə növbəti - "Nurçuluğun əsas hədəfi - tələbələr" tədbirini keçirdi. Bu tədbirdə digərlərindən fərqli olaraq, Qafqaz Universitetinin məzunu danışdı.

Mərkəzdən Etatist.com-a daxil olan məlumata görə, bu seminar MFM-in nurçuluq əlehinə keçirdiyi seminarlardan sonra onlara müraciət edən Qafqaz Universiteti məzunun, universitetdə gördüklərini, qarşılaşdığı problemləri gənclərə danışmaq üçün təşkil olunmuşdu.

Qafqaz Universitetinin Politologiya fakultəsini fərqlənməylə bitirən Türkan Cəfərzadə, ilk öncə Qafqaz Universitetini necə seçdiyindən və nurçuların arasına necə girdiyindən danışdı. Onun sözlərinə görə, universitetdə oxuyan nurçu tələbələr və müəllimlər ilk öncə çox mehriban və dostca insanlara yaxınlaşır və onları evlərinə dəvət edir.

"İlk dəfə evə gedəndə dini söhbətlər olmur. Daha sonralara dini söhbətlərə keçidlər olur və kitablar paylamağa başlayırlar. Universitetdə də ən çox istifadə olunan metotlardan biri kitabların paylanmasıdır. Mənə də Ahmet Günbay Yıldız və Halit Ertoğrulun kitablarını vermişdilər. Halit Ertoğrulun yazdığı bütün kitablar eyni xətlə gedir, sadəcə adı fərqlidir. Onun kitablarında qorxulu hekayələr də olur ki, bu da insanlara psixoloji təsir göstərir" deyə bildirən T.Cəfərzadə, Qafqaz Universitetində ona verilən bəzi kitabları göstərib.

Hər şeyi başa düşdükdən sonra həmin kitabları oxumaqdan və nurçuların evlərinə getməkdən imtina etdiyini bildirən Türkan Cəfərzadə, onun üzərində nəzarətin gücləndiyini qeyd etdi: "Əgər universitetdə kimsə onların əlehinə danışırsa, öz toplantılarında onun haqqında qərar çıxarırlar və onun üzərində nəzarəti gücləndirirlər".

Daha sonra Fətullah Gülən haqqında araşdırma kitabları göstərən T.Cəfərzadə, belə kitabların müəlliflərinin ya öldürüldüyünü, ya da həbsdə olduğunu bildirdi.

"Mən iş üçün müraciət etdiyim şirkətlərin çoxunda, mənə verilən suallar "Sən nurçusan?", "Sən nurçuların əlehinə nə etməyi düşünürsən?", mən qarşılaşdığım situasiyadan şoka düşmüşdüm." deyə Türkan Cəfərzadə bildirib.

"Mən tələbə olarkən, bizim bölüm başqanımız məni öz otağına çağırdı və müəllimlərə və tələbələrə cavabdeh olduğunu, bildirdi. Mənə dedi ki, "bizi məhkəməyə verməyi düşünürsən? Əlində nə material var sənin? Materialın olsa belə, heç bir işə yaramaz. Bizim hər yerdə adamlarımız var". Bunu mənə bölüm başqanımız Ədalət bəy deyib. Onlar düşünür ki, hər yerdə adamları var, onlara heç kim, heç nə edə bilməz. Hal-hazırda da mən Qafqaz Universitetinin məzunu kimi, digər məzunlar kimi universitetə girə bilmirəm. Mən diplom almağa gedəndə, mühafizəçi nəzarətində getdim diplomumu götürdüm və çıxdım. Bunu da onunla əsaslandırırlar ki, mən disiplinə getmişəm. Tələbə vaxtı disiplinə getməmişəm, məzun olandan sonra disiplinə getmişəm. Bu necə olur, onu başa düşmədim".

İllərdir nurçuların içində olduğunu bildirən seminar iştirakçısı da nurçuluq haqqında qısa məlumat verdi.


"Nurçuluğun bizim dövlətçiliyimizə təhlükəsi nədir?" sualına cavab verən MFM sədri Şəhriyar Məcidzadə, "Osmanlını dağıdan Hamferin sələfi təriqəti olmadı? Bu gün Fələstinin bayrağını qaldırırlar, Fələstinin bayrağı vaxtilə Osmanlıya qarşı qaldırılmışdı. Dirəniş örgütünün bayrağı idi.

Qərbdə sayentologiya təriqəti var. Sayentologiyayla Fətullah Gülən hərəkatının heç bir fərqi yoxdur" deyə bildirdi.

Seminarın sonunda Türkan Cəfərzadə ona belə bir şərait yaradıldığı üçün və bu mübarizə üçün Milli Fikir Mərkəzinə öz təşəkkürlərini bildirdi və birgə mübarizə aparmaq üçün bu gündən etibarən Milli Fikir Mərkəzinə üzv olacağını dedi.

Qeyd edək ki, bu, MFM-in 3-cü bu tipli seminarıdır.