Translate

Famil Mehdi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Famil Mehdi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

3 Haziran 2023 Cumartesi

"GECİKMƏYİN SƏBƏBİ BAĞIŞLANMAZDIR VƏ ONUN HAQQINI YEYƏNLƏR UTANMALIDIR"


Adil İrşadoğlu (Əliyev)


Salam sevimli dostlarım, hörmətli tanışlarım, əziz qohumlarım və aidiyyəti olan təşkilatlar sizlərlə bir qədər dərdləşmək üçün yenə qələmi əlimə aldım. Hamınız mənə aid olan faktların çoxu ilə tanışsınız. Ancaq ürəyimdə qırılıb qalan xeyli sözüm var. O sözləri də sizlərə ərz etmək istəyirəm. Dünya ölüm-itim dünyasıdır. Bu sözləri özüm ilə o dünyaya aparmaq istəmirəm, sizlərlə burada bölüşmək istəyirəm.

Bilirsiniz ki, Hayların Qarabağ tələbi başlanan ilk günlərdən AzTv-nin jurnalisti, redaktoru, əməkdaşı kimi mən Adil İrşadoğlu (Əliyev) öz çəkiliş qrupum, sevimli və unudulmaz həmkarlarım ilə birlikdə 1-ci Qarabağ - Böyük Vətən müharibəsində gecə-gündüz, yorulmadan cəbhənin müxtəlif  bölgələrində video çəkilişlər edib, yaddaqalan verilişlər hazırlayıb Vətənimizin gerçək tarixini yaratmışıq. Özünümüdafiə batalyonlarının döyüş əzminin yüksəldilməsində, iş adamlarını səfərbər edərək onlara maddi və mənəvi dəstək göstərməsində müstəsna xidmətlər etmişik.

Mən, telejurnalist Adil İrşadoğlu 1989-cu ilin oktyabr, noyabr, dekabr aylarında Azərbaycan Dövlət Televiziyasından ŞUŞA şəhərinə könüllü ezam edilmişdim. ŞUŞA şəhərinin Teleötürücü Stansiyasında yaratdığımız balaca Studiyadan Azərbaycanın 20 rayonuna veriliş yayımlayırdım. Daşnaq və rus birləşmələrinin separatçı təbliğatına qarşı əks təbliğat aparırdım.

Aparıcısı olduğum verilişlərimdə görkəmli, vətənpərvər şair Zeynal Vəfanın şeirlərindən verilişimin daxilində yeri gəldikcə əzbərdən istifadə edirdim. Verilişimi bu formada tamaşaçılarıma təqdim etməyim onların xoşuna gəlirdi. ŞUŞA camaatı çox həssas və diqqətli camaatdır. Hər verilişimdən sonra onlar mənimlə rastlaşanda yaxınlaşıb məhəbbətlə salam verirdilər və efirdə söylədiyim şeirləri bir daha təkrar etməyimi xahiş edirdilər. Mən şeirləri təkrar söyləyəndə onlar ciblərindən kağız, qələm çıxarıb köçürürdilər... 

Şuşada teleyayımın təşkili, yerli əhalinin ruhlandırılması və özünəgüvənin artırılması üçün gecə-gündüz çalışanların biri də mən idim. Öncə qeyd edim ki, Vətən uğrunda əyninə hərbi forma geyib səngərlərə gələn insanların və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Heç kimin haqqını danmaq olmaz. Gerçəkdən canını fəda edən insanları kölgədə qoyub təsadüfi adamları fədai kimi, xilaskar kimi təqdim etmək yolverilməzdir. Bu, bizi təhqir etməkdir.

Vətən uğrunda, torpaq uğrunda mən də 8 il canımı qoydum, həyatımı, ailəmi təhlükəyə atdım. Rəhmətlik jurnalist Salatın Əsgərovanın qətlə yetirildiyi Şuşa, Turşsu, Laçın yolunu Əlisaab (Əlisahib) Səftər oğlu Orucovla və çəkiliş qrupumla birlikdə dəfələrlə o baş, bu baş qət etdik, videoçəkilişlər apardıq, operativ verilişlər hazırladıq, çəkişmələrdən narahat qalan Azərbaycan əhalisinin gözünü yolda qoymadıq, onları mütəmadi baş verən hadisələrlə məlumatlandırdıq. 

Rəhmətlik Çingiz Mustafayevin cəbhə boyu qarış-qarış gəzdiyi səngərlərdə biz də olduq, biz də videoçəkilişlər edib Vətən qarşısında borcumuzu yerinə yetirdik. Başqa cür fikirləşməyin, özümü və digər cəbhə yoldaşlarımı Çingiz Mustafayevlə müqayisə etmək fikrim yoxdur.     

Çingiz Mustafayev başqa aləm idi. O, Qarabağ müharibəsi haqqında səkkiz ay ərzində 18 ədəd sənədli film hazırlamışdı. Çingiz Mustafayev müharibədə təkcə jurnalist kimi iştirak etmirdi. O, həm də səngərdə özünü mənim kimi əsgər, zabit, hətta komandir hiss edirdi. Allah Salatına da, Çingizə də qəni-qəni rəhmət eyləsin. Qəbirləri nurla dolsun. 

Allah ölməyən cəbhə jurnalistlərinə və onların çəkiliş qruplarının üzvlərinə də rəhmət eyləsin. Ölməyənlərin günahları odur ki, ölmədilər, ölə bilmədilər...

Mən, Azərbaycan Dövlət Universitetində ali təhsil alarkən (1972-1977) Universitetin hərbi kafedrasında da paralel olaraq 5 il hərbi təhsil almışam və imtahan verib motoatıcı vzvodun komandiri adına, leytenant rütbəsinə layiq görülmüşəm. Sonra isə mütəmadi olaraq ehtiyatda olan zabitlərin ümumrespublika hərbi toplantılarına çağırılmışam. 1-ci Qarabağ - Böyük Vətən müharibəsi başlayandan sonadək cəbhəyə könüllü ezamiyyətə getmişəm, birbaşa əməliyyatlarda iştirak edib videoçəkilişlər aparmışam. 

Tale elə gətirdi ki, 1999-2001-ci illərdə Qarabağ Əlillərinin orqanı olan “Əlillər” qəzetində məsul redaktor kimi çalışdım. Qəzetin baş redaktoru tələbə yoldaşım rəhmətlik Müştəba İsmayıloğlu idi. Qəzetin bütün yaradıcı və texniki proseslərində yaxından iştirak edirdim. Baş qazi rəhmətlik Etimad Əsədovun və qazilər heyətinin razılığı ilə “Əlillər” qəzetinin içərisində Çeçenstan Respublikasından bizə pənah gətirmiş qazilər və onların ailələri üçün rus dilində “Salam” adlı qəzet buraxmağa başladıq. O vaxt bütün qəzetlər hələ də Kiril əlifbasıyla çap edilirdi. Mənim təşəbbüsümlə Azərbaycanda ilk dəfə “Əlillər” qəzeti Kiril əlifbasından Latın əlifbasına keçdi.

Buvaxtadək mənə nə "MÜHARİBƏ İŞTİRAKÇISI", nə də "MÜHARİBƏ VETERANI" adı verilməyib. Dövlətin heç bir qayğısı ilə mükafatlandırılmamışam. Təəssüf ki, mənim kimi digər cəbhə jurnalistləri də öz layiqli qiymətini almayıb. Ancaq "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Kərim oğlu Əliyevin və birliyin idarə heyyəti üzvlərinin təşəbbüsü ilə məni xidmətlərimə görə "Qarabağ qaziləri" ictimai birliyinə üzv qəbul etdilər və halalca qazi adımı rəsmiləşdirib özümə qaytardılar. Bunu AzTv-nin arxivindəki, şəxsi arxivimdəki ön cəbhədən hazırladığım saysız-hesabsız verilişlərim, çəkilən fotolarım və yazılarım sübut edir. Yadınızda saxlayın ki, müharibədə savaşı aparan qazi, savaşda həlak olan isə şəhiddir. QAZİ YARALI ƏSGƏR DEMƏK DEYİL !

1-ci Qarabağ - Böyük Vətən müharibəsinin gerçək iştirakçıları, gerçək qəhrəmanları indi səfalət içərisində yaşayır. Aidiyyəti qurumlar gəlib araşdırma aparsınlar ki, bu torpağın uğrunda canını qoyan, öz həyatını, ailəsinin həyatını təhlükəyə atan kimlər olub, kimlərə dəyər vermək vacibdir. 

Təsəvvür edin, bizim sağlığımızda, gözümüz görə-görə tarix saxtalaşdırılır, haqqı olanların haqqı danılır.

1-ci Qarabağ - Böyük Vətən müharibəsi dövründə torpaqlarımız uğrunda vuruşan, canını qoyan adamlar heç yada düşmür. 

YAP icra katibinin müavini Siyavuş Novruzovun “Yeni Müsavat”a verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər rezonans doğurdu. O, Azərbaycanda 90 min nəfərin cibində müharibə veteranı vəsiqəsi olduğunu bildirdi. YAP funksioneri saxta müharibə veteranı statusu qazananların məsələsini bir daha gündəmə gətirdi. “Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

Əslində S.Novruzov fikirlərində bəzi həqiqətləri dilə gətirib. Ölkəmizdə 90 min müharibə veteranı statusu qazananların buna necə nail olması suallar doğurur.

“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu isə deyir ki, Azərbaycanda rəsmən 49 minə yaxın müharibə veteranı var. Bura əsasən Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin tərkibində olan döyüşçülər daxildir. “Digər tərəfdən əgər müharibə veteranlarının sayı şişirdilibsə, bunun günahı o zamankı müharibə batalyonlarında deyil, aidiyyəti strukturların daxilində olan komissiyalardadır. Məhz onların rüşvətxorluğu, yaratdıqları korrupsiya hallarına görə mövcud vəziyyət yaranıb. Bəli, mən də razıyam, müharibə veteranlarının sayında şişirdilmə var. "Cənab nazirimiz Zakir Həsənov Müdafiə Nazirliyinə rəhbərlik etməyə başlayanda ona açıq məktub yazmışam. O məktub bu dəqiqə də saytlarda var. Orada da veteranların vəsiqələrini ala bilməmələrini yazmışam. Həqiqi veteranlar kənarda qalıb, dələduzlar, yaramazlar pul verərək, arayış alıb müharibə veteranı statusu daşıyırlar. Bu da yenə deyirəm, 90 min deyil, 49 min civarındadır. Doğrudur, o vaxtlar batalyonlarda sənədləşdirmədə problemlər olub. O zaman ordu təzə yaranırdı, dövlət yeni qurulurdu, onun üçün də belə problemlər var idi. Bunu heç kəs inkar etmir. Amma faktdır ki, bu gün bəzi şəxslər rüşvət vermə yolu ilə veteran statusları alıblar. Məsuliyyət isə dövlət qurumlarının boynundadır. Zəhmət çəkib əvvəlcə o rüşvətxorluğun qarşısını alsınlar. Komissiya yaradırlar, nə üçün ora müharibə veteran təşkilatlarının, Qarabağ qazilərinin, şəhid ailələrinin nümayəndələrini daxil etmirlər? Belə olsa, şəffaflıq yaranacaq, əsl həqiqətlər üzə çıxacaq. Şəffaflıq olmadığından belə problemlər yaranır... Həqiqi döyüşən insanlar var ki, bu günləri də veteran statusu ala bilmirlər".


Rey Kərimoğlu deyir ki, “Ümumiyyətlə, Qarabağ döyüşlərində açıq hərbi əməliyyatlarda iştirak edən insan az olub. Amma cəbhəyə ezamiyyətə gedən, birbaşa əməliyyatda iştirak etməyən xeyli insana da veteran statusu verilib. Məsələn, ezamiyyətə olan polislər olub ki, cəbhə xəttindən 30-40 kilometr aralıda pasport rejimini yoxlayıb. Və ya Bakıdan və digər rayonlardan göndərilən ərzaq yardım maşınlarını müşayiət ediblər. Bu gün onlar da veterandır. Bəli, Qarabağ döyüşündə polislərimizin xüsusi xidməti olub. Döyüşüblər, şəhid olublar, Qarabağ əlili olanları var. Amma ezamiyyətə gedib, cəbhə xəttindən 40 kilometr kənarda xidmət keçənlərlə onlar arasında fərq qoyulmalıdır. Biri gedib Ağdamın həmin vaxt heç mərmi üzü görməyən ərazisində telefon və ya işıq dirəyi basdırıb. O da indi cibində veteran vəsiqəsi gəzdirir. Axı o, döyüş görməyib! Bu məsələlər ciddi şəkildə araşdırılmalıdır, bir təsnifatı olmalıdır. Döyüşən, döyüşdə iştirak edən və arxa cəbhədə xidmət edənlər bilinsin”.

   

© Vision TV-nin baş redaktoru jurnalist Şöhrət El-Dəniz:

1-ci Qarabağ savaşının ilk günündən son gününə kimi cəbhə bölgəsində çəkilişlərdə olan, Müstəqil Azərbaycanın ilk hərbi jurnalistikasıni yaradanlardan sayılan Adil İrşadoğluna vətən üçün etdiyinin qarşılığı vaxtında verilməliydi. Bu qədər gecikməyinin səbəbi nə olursa olsun bağışlanmazdır. Adil müəllimin haqqını yeyənlər utanmalıdırlar. Və gec də olsa haqq yerini tutmalıdır.


© Azərbaycan İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahira Məmmədova:

Adil müəllim, siz Azərbaycan hərbi jurnalistikasının bünövrəsini qoyanlardan birisiniz. Mən elə bilirdim ki, dövlətimiz sizin bütün ehtiyacınızı çoxdan ödəyib. Əfsuslar olsun...

Qarabağ döyüşlərındə ön çəbhədə olmusunuz. Real çəkilişlər etmisiniz, verilışlər hazırlamısınız, gerçək tariximizi yaratmısınız. Bugünə gədər fəal, öndə gedən jurnalistsiniz. Nədən bunu indıyədək görməməzliyə vurublar?!


© Qobustan rayonunun Dərəkənd kəndində biologiya müəllimi Yusif Dirili:

Adil müəllim müharibə başlayandan sonadək cəbhəyə könüllü ezamiyyətə gedən, birbaşa əməliyyatlarda iştirak edib videoçəkilişlər aparan kifayət qədər təcrübəli jurnalistdir, vətənsevər, xalqsevər ziyalıdır, müharibə iştirakçısıdır, yaradıcı şəxsdir. Əlbəttə, dövlətin qayğısına ehtiyacı olan belə insanlarımıza diqqət gərəkdir, təminatı yüksək səviyyədə olmalıdır ki, daha yaxşı işləmək üçün şəraiti, imkanları artsın. Jurnalist Adil İrşadoğlunun hərtərəfli təmin olunmasını dəstəkləyirəm və düşünürəm ki, onun buna yüz faiz haqqı çatır.


© İqtisadçı, daimi oxucu Tofig Cəfər oğlu Aliyev:

Adil müəllim az zaman kəsiyində bir çox qəzet redaksiyalarının yaradılmasında xüsusi rolu olmasıyla bərabər, bu redaksiyalarda  aparıcı vəzifələrdə işləmişdir. Qarabağ müharibəsi zamanı Adil müəllim məhz bir əlində silah, digərində qələm və mikrofonla, erməni səngərləriylə üzbə-üz, 250 - 300 metr məsafədə döyüşə-döyüşə fəaliyyət göstərən çox az jurnalistlərimizdəndir. 

Adil İrşadoğlu (Əliyev) layiq olduğu peşə imtiyazlarından və dövlət tərəfindən qiymətləndirilmələrdən kənarda qalsa da, bu, onun sənətinə olan sevgisini azaltmamış və xalqına, dövlətinə olan məhəbbətinə xələl gətirməmişdir. 

Kaş bir çox digər həmkarlarınızdan müsbət yöndə fərqləndiyiniz kimi, yəni köklü, ziyalı nəsildən olmanız və keçdiyiniz aktiv, işgüzar, xalqımız üçün səmərəli fəaliyyətinizlə bərabər, bir az da müasir zəmanənin nəbzini tuta biləydiniz, Adil müəllim. "Nebzin" nədən ibarət olduğunu, zənnimcə sizin kimi arif adama anlatmağa ehtiyac yoxdur. 

Amma yox ! İnanmıram ki, fenomen bioqrafiyaya malik bir insan, öz şəxsiyyətinə "nəbz" - lə işləməyi sığışdırsın. Mən həyatımda heç vaxt "Kişi oğlu, Kişi" adını hansısa işlərə görə verilən imtiyazlara dəyişmərəm və nə yaxşı ki, bu AD sizindir, nə yaxşı ki, siz bu ADI qoruyursunuz. Rəhmət olsun sizi bu zavallı Vətənimizə bəxş edən valideynlərinizə.


© Bakı şəhər icra hakimiyyətinin əməkdaşı Hümbət Soltanov:

Hörmətli Adil müəllim sizin qədər peşəsinə bağlı ikinci kimsə görmədim. Çox vətənpərvər, dövlətinə, xalqına bağlı peşəkar bir jurnalist, yüksək mədəniyyətə malik şəxsiyyətsiniz. Siz müharibədə ən qaynar döyüş bölgələrindən reportajlar, verilişlər hazırlayıb AzTv-nin efirindən (1988-1996) yayımlamısınız. Xalqımızı cəbhə ilə bağlı məlumatlandırmısınız. Sizin dövlət və xalq qarşısında xidmətləriniz böyükdür. 

Bu ilin noyabr ayında sizin 70 yaşınız tamam olur. İnanıram ki, bu münasibətlə dövlət başçımız və əlaqədar təşkilatlar - Azərbaycan Jurnalistlər Birliyi (AJB), Azərbaycan Mətbuat Şurası (AMŞ) bütün ehtiyacınızı nəzərə alıb sizi tezliklə sevindirər. Əvvəlcədən dövlət başçımıza və bu təşkilatlara təşəkkür edirəm. 


© Azərbaycan Texniki Universitetinin Nəşriyyatında redaktor, jurnalist Sədaqət Şahbazova:

Ümid edirəm ki, QƏLƏMİ ilə, geniş miqyaslı fəaliyyəti ilə ön cəbhədəki qədər vuruşan bir JURNALİSTİN müraciəti cavabsız qalmayacaq. Sənəti ilə xalqa xidmət edən tələbə yoldaşım dövlətin qayğısı ilə mükafatlandırılacaq.


© Jurnalist Adil İrşadoğlu (Əliyev):

Mən də ümid edirəm ki, hərbi jurnalist Adil İrşadoğlu (Əliyev) və cəbhədə xidməti olan digər həmkarlarım tezliklə öz layiqli qiymətini - "Müharibə iştirakçısı", "Müharibə veteranı" adlarını alacaq, dövlətin qayğısı ilə mükafatlandırılacaq və ədalət bərpa olunacaq.



Hörmətlə, 

Adil İrşadoğlu (Əliyev) ©

Qocaman televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

03.06.2023.


24 Nisan 2023 Pazartesi

YADDAŞIMI OYADAN NƏ OLA BİLƏRDİ?



Haci Şahin Həsənli


Hacı Şahinin vida mərasimi ilə bağlı oxşar və fərqli fikirlər hələ də sosial şəbəkələrdə və onlayn mediada səslənməkdədir. Fikir sahibləri arasında millət vəkililə yanaşı ayrı-ayrı tanınmışları da KİV-lərdə izləyirik.


Mərhumun vida mərasimi zamanı yaşanan izdiham haqqında tanınmış şəxslərin fikir və mülahizələrində diqqət çəkən məqamlar vardır.

Ayrı-ayrı fikirlərdən irəli gələn fərqli yanaşmaların məzmununa və baxışların səciyyəvi xüsusiyyətlərinə toxunmaq istəyirəm.

Mərhum Hacı Şahinin insanları özünə cəzb etməyə çalışan, eyni zamanda insanları moizəsilə ardınca aparan orator kimi yetişməsi vurğulanıb.

Mərhum Hacı Şahinin "...İnsanları o qədər cəzb etməsinin səbəblərini öyrənməyə çalış"an, buna vaxt ayırdığını qeyd edən sabiq Komitə sədri, professor Rafiq Əliyev "Yeni Sabah" saytının 2023-cü il 3 mart tarixli buraxılışındakı açıqlamasında "...İmamlar da bu qədər hörmət qazanmamışlar..." deyib. Mövzuya dair digər səbəblərə də aydınlıq gətirirərək izah verib.

Sabiq Komitə sədri "...Məscidlərdə, Məhərrəmlik ayında da gördük ki, insanlar həqiqətən hələ cəhalətdən çıxmayıblar..." deyə bildirib. Və "...Bugünkü vəziyyətimizdə, çox təəssüf ki, insanları ələ almaq imkanı var. Bu da ideyasızlığın, ideologiyasızlığın nəticəsidir..." deyə vurğulayıb. Professor qeyd edir ki, "... İnsanların nəyəsə, hansısa ideologiyaya, yol göstərənə ehtiyacları var..."

Professor R.Əliyev "...Azərbaycançılıq ideyasını insanlara Şahin Həsənli kimi çatdıranlar yoxdur" deyib, sonra əlavə edib ki, "...Şahin insanların nəbzini tutmuşdu. Buna görə də dəfninə xeyli insan gəlib. Kişi ümumiyyətlə ağlamaz. Bir çoxları zəifliyindən ağlayırdı. Sinələrinə çırpırdılar. Bunların hamısı müəyyən mənada cahillikdən irəli gəlir..." bildirib və əlavə edib: "...Çünki Şahin Həsənli kimi ikinci bir şəxs gəlməyəcək. Amma bənzərsiz, əvəzolunmaz şəxsiyyətlər yoxdur. Bu, həm siyasi, həm mədəni şəxsiyyətlərə aiddir".

“İlahiyyatçı, din xadimi Hacı Şahin son mənzilə yola salındı. İnsanların ona isti münasibətinin şahidi olduq” - ifadə millət vəkili Etibar Əliyevə məxsusdur. O, mətbuata açıqlamasında qeyd edib ki, "2021-ci ilin 7 dekabrında böyük tarixçi-etnoqraf alim Aydın Balayevi itirdik: “Çox sakit ölüm idi. Bu nəhənglikdə alimə heç vida mərasimi də təşkil olunmadı. Onun vəfatı ilə bağlı vur-tut 2-3 yazıya rast gəldik". Onun "Azərbaycan milləti" əsəri isə çox dəyərlidir. Dünyagörüşün 3 forması var: elmi, dini və fəlsəfi. Dini "dünyagörüş" hər ikisini üstələyir. Fəlsəfə elmini çoxdan dəfn etdiyimizdən fəlsəfi dünyagörüşdən danışmaq ümumiyyətlə absurddur. Din haqqında yüzlərlə tərif mövcuddur". Millət vəkili "Mənim dəyərləndirdiyim tərif böyük alman filosofu Artur Şopenhauerə məxsusdur: "Din – xalqın metafizikasıdır" fikrini xüsusi olaraq vurğulayıb və sözlərini "Allah Aydın Balayevə və Hacı Şahinə Rəhmət eləsin” cümləsilə tamamlayıb.

Dəyərli yazar, şair Aqşin Yenisey də mərhum Hacı Şahin haqqında fikirlərini belə çatdırıb: "...Çox axmaq və gözlənilməz bir problemlə üzləşmişdim. Hər kəsə də deyiləsi məsələ deyildi. Həm maddi, həm mənəvi təklikdə vurnuxurdum. Yaxın dostlardan biri ilə oturub dərdləşəndə dedi, bilirsən, sənə kim kömək edə bilər? Kim? Hacı Şahin! Nə danışırsan, məni hamı din tənqidçisi, ateist kimi tanıyır, kim inancını, imanını tənqid edən adama kömək edər, həm də heç vaxt üz-üzə gəlmədiyi, salam verib salam almadığı adama?.." Yazar fikirlərinə olduqca təsirli ifadəylə yekun vurub: "Mən Hacı Şahinin hansı ürək sahibi olduğunu çoxdan bilirdim. Təəssüf ki, bu cür ürəklər bu coğrafiyada nadirən döyünürlər və çox yaşamırlar. Səni unutmayacağam, əziz və gizli dostum!"

Aqşin Yeniseyin sözü və əməli bir olan mərhum Hacı Şahin barədə dediyi sözlər Mark Tvenin olduqca dəyərli "Xeyirxahlıq korun gördüyü, karın eşitdiyi bir şeydir" kəlamını xatırlatdı. Əbəs yerə deyildi ki, adını min-min rəhmətlə çəkdiyimiz Xudu Məmmədov dahi Üzeyir bəyə xitabən sənət və yaxşı adam ifadəsini bir araya gətirərək "qoşa qanad" deyirdi. Yazarın həssas, duyğulu, kövrək və təsirli sözləri, qeyri-ixtiyari olaraq keçmişdə baş verən bir sıra tarixi gerçək hadisələrə yenidən yaddaşımın səhifələrində xatırlamağı sövq etdi.


Yaddaşımı oyadan nə ola bilərdi?


Yazarın sözü, Həsən bəy Zərdabinin vida mərasimi zamanı insan sayının çoxluğu, izdihamın əhali arasında geniş vəhdət yaratması Çar hökumətinin el sözüylə desək, "kürkünə, deyəsən birə salmışdı". Çar hökumətinin yerli qulbeçələrinin canlarına titrətmə, əsmə düşmüşdü.


Həsən bəy Zərdabiyə olan 

ümumxalq sevgisini necə izah etmək olar?


Böyük mütəfəkkirin milləti naminə etdiyi müstəsna xidmətləri sırasında onun kasıblara, xüsusən də maddi imkansız tələbələrinə öz övladıtək fərq qoymadan qayğı və nəvaziş göstərərək yaşıdığı evdə – bir damın altında onlarla ailə üzvü kimi birlikdə yaşamasını, A.Yeniseyin sözünə qüvvət olaraq təkrar edirəm, "heç belə xeyirxahlığı unutmaq olar?"

Məlumdur ki, Həsən bəy Zardabinin müasir dövrdə bəzi "akademik" və "professor"lara məxsus çoxmənzilli binası, dəbdəbəli qəsri, şadlıq sarayı, nə də bir mehmanxanası, oteli (4 və ya 5 ulduzlu) mövcud deyildi.

Həsən bəy Zərdabinin vida mərasimində dahi şəxsiyyətin itkisinə ağlayanlar yalnız qadınlar deyildi. Onların içərisində gənclər, tələbələr, milli aydınlarımız və əsasən KİŞİLƏR idi.

Fikrimcə, yalnız maarifçiliklə, professor R.Əliyevin təbirincə desək, tək moizə oxumaqla, faydalı fikirləri gənclərə aşılamaqla geniş kütlənin sevgisini qazanmaq qənaətimə görə baş tutan sevdaya oxşamır, desəm, yəqin ki, oxucular məni qınamazlar...

Milli tariximizin səhifəsindən silinməyən gerçək bir hadisəni oxucuların nəzərinə çatdırmağı özümə mənəvi borc sanıram.

Şairə Xurşidbanu Natəvanın son mənzilə yola salınması haqda illər öncə oxuduğum yazısının halıma necə təsir etdiyini yazmaqda acizəm... Fəqət yaxın tarixi keçmişdən gətirdiyim fakt və hadisələri Hacı Şahinin vaxtsız ölümü ilə müqayisə etmək və ya oxşar fikirlrlər söyləmək niyyətində deyiləm: belə bir məqsədim də yoxdu.

İki tarixi şəxsiyyətlə bağlı onların son mənzilə yola salınması zamanı insanların itirdiklərinin, habelə cismani uzaq düşdükləri mütəfəkkir və şairəyə eyni sevgi göstərmişlər. Düşüncəmə görə, bu sevginin kökündə dünyasını dəyişən həmin tarixi şəxsiyyətlərin bir çox nəcib və insani keyfiyyətləri dayanır. Ən önəmlisi xeyirxah və mərhəmət sahibləri olduqları üçün yaşadığı dövrün insanlarının məbəbbətini və sevgisini qazanmağa müvəffəq olmuşlar. Müdrik kəlamda deyildiyi kimi: "Etdiyin xeyirxah əməllərlə insanları özünə ram edə bilərsən".

Qarabağ camaatı Şuşadan Ağdama babalarının yanında "İmarət"də torpağa tapşırmaq üçün, Xan qızına el məhəbbətinin ifadəsi olaraq 34 kilometr yolu çiyinlərində tabutu tutaraq son mənzilə yola salmışlar." Ürək yanmasa gözdən yaş çıxmaz" kəlamını, evindən gedənlər üçün deyil, eldən gedənlərə şamil etmək olar. Yeri gəlmişkən, "kişi ümumiyyətlə ağlamaz" fikrinə mənim yanaşmam fərqlidir.

ATV-nin əməkdaşı, tanınmış teleaparıcı Səadət xanımın müəllif və apacısı olduğu "Ağdam və mən" verilişini izləməyi baxmayanlara tövsiyyə edirəm. Həmin verilişə dəvət almış Ağdam sakinlərinin əksəriyyəti istər kişi, istər qadın erməni caniləri tərəfindən dağılmış şəhərini gördükdə qəhərlərini, göz yaşlarını gizlədə bilməməsinin şahidi oluruq.

Mərhum, şair, professor Famil Mehdinin, eləcə də sevimli tələbəsi olmuş AzTV-nin əməkdaşı mərhum telejurnalist Alı Mustafayevin sözünü xatırlamağım yerinə düşər. F.Mehdi deyirdi ki, "Kişi elinin, obasının, millətinin dərdinə, faciəsinə ağlayar". A.Mustafayev isə poeziyanın dili ilə "Dəli bir ağlamaq keçir könlümdən" yazırdı. Hər iki müəllif həmin tarixi dövrdə Vətənin-yurdun viran olmasına, millətin çarəsiz qalmasına dözə bilməyib bu ifadələri işlətməyə məcbur idilər.

Sabiq Komitə sədri R.Əliyevin sözü gedən dəfn mərasimi ilə bağlı fikir və mülahizələrində söz yox ki haqlıdır. Ancaq, mənim nöqteyi nəzərimdə, umumiyyətlə "kişi ağlamaz" fikrini bir mənalı qəbul etmək doğru deyil.

44 günlük Vətən müharibəsi zamanı kənd və şəhərlərimizin işğaldan azad olunduğu xəbərlərini aldıqca sevincdən insanlarımızın ağladığına şahidlik etdik. Həyəcandan göz yaşlarını saxlaya bilməyənlərdən biri də bəndəniz idi.

Ağlamağı fikrimcə tək zəifliyin, müəyyən mənada cahilliyin əlaməti kimi şərtləndirməyə çətinlik çəkirəm. Bədbəxtliyi ağrısını dadmayan həyatın şirinliyini qiymətləndirmək olmadığı kimi, güllü-çiçəkli yazın, ruzi bərəkət gətirən baharın qədrini, dəyərini daş qəlbli, daş ürəkli bilməz.

Soltan Hacıbəyovun Üzeyir bəyə ithaf etdiyi "Karvan" simfonik muğam lövhəsi illər öncə Londonun konsert salonlarında musiqinin ecazkar, dərin mənalar ifa edən həzin və son dərəcə kövrək hisslərə təsirini melodiyanı dinləyən tamaşaçıların əksəriyyəti göz yaşları içərisində orkestrin ifasını sürəkli alqışlayırdılar.

Təbii ki, "musiqi sərhəd tanımır" ifadəsi təsadüfən deyilmədiyi kimi, məşhur Azərbaycan bəstəkarı S.Hacıbəyovun da möhtəşəm əsəri ingilis, ərəb, pakistanlı tamaşaçıların könüllərini fəth edə bilib.

Bununla bağlı yuxarıda qeyd etdiyimiz məqama bir daha toxunmaq istəyirəm. Millət vəkili E.Əliyevin Hacı Şahinin vəfatı ilə bağlı açıqlamasına gəlincə, o, 2021-ci il, 7 mart tarixində dünyasını dəyişmiş tarixçi etnoqraf alim Aydın Balayevə vida mərasimi təşkil olunmadığını, onun vəfatı ilə bağlı vur-tut 2-3 yazıya rast gəldiyini bildirir və dini "dünyagörüş" elmi, fəlsəfəni üstələyir, fəlsəfə elminin və fəlsəfi dünyagörüşündən danışmağın absurd olduğunu açıqlayır. E.Əliyevin açıqlamasına gəlincə, burada A.Balayevin vida mərasimini çalışdığı qurumun rəhbərliyi təşkil etməli idi. O ki qaldı dini "dünyagörüş"ün elmi və fəlsəfəni üstələməyi məsələsinə, mərasimi təşkil etməli olan qurumun ünvanı bəlli etməsi bu məsələyə də cavabdır. Dinin fəlsəfəni üstələməsinin səbəbi isə, əgər səhv etmirəmsə (səhv etsəm, üzrlü sayın) Ali təhsil müəssisələrində fəlsəfə elminə aid tədrisin millət vəkilinin təbircə desək "çoxdan dəfn olun"masıyla bağlıdır...

Millət vəkili E.Əliyevin alim A.Balayevi xatırlayaraq onu yad etməsi mənə dünya şöhrətli Azərbaycanlı alim Lütfizadəyə qarşı "milli ruhsuz"ların sosial şəbəkələrdə alimin ünvanına aşağılayıcı ifadələrin yer alması faktını xatırlatdı. Və təəssüf edirəm ki, aşağılayıcı ifadələr işlədənlər arasında "ziyalı"lar da var idi. Bu, elmi ictimaiyyətə, habelə alimə qarşı yumşaq desək hörmətsizlik idi. Unutmaq olmaz ki, "alim öldü, aləm öldü". Bu hikmətli kəlamı heç də gəlişi gözəl səslənməsinə görə xatırlatmadım...

Qaldı ki, ağlamaq məsələsinə: Ermənilər Fransaya ilk köç edərkən özlərinin fağır, yesir, yazıq və məzlum olduqlarını inandırmaq üçün, həmişə olduğu kimi hiyləyə əl atırlar. Küçədə ağlamağa başlayırlar. İçərilərində tək-tük, vəziyyətdən hali olmayan erməni, "nəyə ağlayırsız?" sualına, "dillərini bilməsək də onlar (oxu: fransızlar) ağlamağın dili olmadığına görə bizi tez başa düşəcəklər" deyir.

Farsların yalandan ağlamağı haqda Tehranda yaşamış əslən Azərbaycan türkü, hazırda Avropada yaşayan Səid adlı şəxsdən eşitmişdim. Onun dediyinə görə, orada əskidənqalma adət var ki, bir yerə yığışaraq yalandan ağlayırlar. Gileylənirdi ki, "Bu, nə adətdir, bilmirəm?" Bu məqamda İ.Nakamın fikirlərinin nə qədər dəyərli olduğu görünür: "Alimdən, elmdən, hünərdən zövq almayan kəs bəşəriyyətin yaramaz övladıdır".

Cəmiyyətdə kriminalı, küllü miqdarda dövlətin malını oğurlayanı, talayanı, zövqsüz və bayağı olanı dəbdə saxlamaqla yaxşı ilə pisin yerini müəyyən etməkdə həmiçə çaşbaş qalacayıq.

"Elmi, əxlaqı, mərifəti sevən adam cəhlin, qəzəbin və hiylənin düşməni olar" deyən Qətran Təbrizinin sözlərinə rəğmən onu deməyə borcluyam ki, "ürəyi möhkəm, beyni küt, olanların səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olur" (Qabusnamə). Kəlamın prototipləri cəmiyyətimizdə heç də azlıq təşkil etmirlər.

Nə qədər ki, Q.Təbrizinin yuxarıda qeyd etdiyim dəyərli sözləri cəmiyyətə sirayət edə bilməyibsə, deməli istənilən və arzuladığımız mühit hələki, tam deyil. Tam olsaydı yəqin ki, tarixçi-etnoqraf alim A.Balayevə olan soyuq münasibətimiz olmaz, eləcə də dünya şöhrətli alim Lütfizadəyə qarşı sosial şəbəkələrdə aşağılayıcı ifadələrə də rast gəlməzdik.


P. S. "Elmindən fayda gələn alim min abiddən (ibadətlə məşğul olan – red.) üstündür" (Məhəmməd Peyğəmbər). Bəşər övladının gündəlik həyatında və məişətdə rahatlıqla istifadə etdiyi çoxfunksiyalı texniki avadanlığın memarı və müəllifi, məhz dahi Azərbaycanlı Lütfizadə intellektinin məhsuludur.


Hikmət İslamoğlu.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


26 Ocak 2023 Perşembe

ÇÜRÜK AĞAC

  

Araz Əhmədoğlu 


HİKAYƏ 


   Bizim torpağımız çox şoran dır. İldə bir-iki dəfə yağış yağanda balaca kollar azca yaşıllaşıb üç-dörd gün sonra da saralıb solar. Ona görə biz "ağac" nə dir bilməzdik.

   Bir gün özünü bu torpaqların ərbabı bilən birisi haradan'sa çox böyök bir ağacı gətirtdirib bizim kəndin ortasına əkdirdi. Özü də bərk-bərk hamıya belə tapşırdı:

   «Heç kimsə bu ağaca dəġməsin. Tullantı sularınızı ağacın dibinə tökə bilərsiniz. Ona istədiġinizcə uzaqdan baxa bilərsiniz. Ama saqın kölgəsinə yaxın düşməyin! kölgəsində oturanı cin tutar! Yalnız nəzri olanlar nəzirlərini bir  tikə bez'lə ağacın butalarının ucuna düġünləyə bilərlər.»




   Hamı gündəlik iş-gücünü buraxıb günün qızmar anlarında bu ağaca baxmaq'la göġlünü xoş edirdi. Ama getdikcə həm ağacın yarpaqları saralıb solurdu həm də ağaca baxmaq birəntiliġə dönmüşdü.

   Bir gün kənd yuxudan durub gözlərini ovduqdan sonra ağacın qurumağa başlamış budaqlarından düġünlənmiş rəngli-rəngli bez tikələri gördü.

   «Bunlar nə dir?!» 

   «Vay dədə ... nə gözəl olub!»

   «Hələ  sizin xəbəriz yox dır! bilirsiz bu nəzir sahablarının nəzri necə qəbul olub!» Bu sözü deyən başqa uzaq bir kənddən gəlmişdi. Kimsə onu tanımırdı. Çünki onu ərbab yollamışdı.

   Ondan sonra başqa kəndlərdə sayrısı sağalan, dili açılan, kor gözü açılan, şili açılanların xəbərləri gəlməġə başladı. Sonra da uzaq-uzaq kəndlərdən bu ağaca nəzir düġünləməġə gələnlərin sayı çoxaldı.

   Hər nəzir də qəbul olmurdu. Yalnız iri kağaz pul nəziri qəbul olurdu! Ağaca düġünlənən rəngli bezlər hər gün rəng dəġişirdi. Ama ağac getdikcə qup-quru quruyurdu. Bala-bala ağacın içinə cüvə düşdü. Ağacın içindəki cüvələr ağacın içini yeyib qurtardılar. Artıq yeyəcəġə qalan ancaq rəngli bezlər bir də içindəki kağaz pullar idi. Cüvəyə nə fərq edər bu pullar hara gedir?

   Ancaq ərbab buna dözə bilməzdi. Bir-iki dəfə ağacı başdan başa davalatdırdı. Ama yamaq tumandan bahaya baxırdı. Ona görə bütün

xeyrindən vaz keçdi.

   Bir gün genə kənd yuxudan durub gözlərini ovduqda yeri-göyü bir-birinə qatan bir qasırqa kəndin qapı-bacasını hirs ilə döġürdü. kənd evlərdən

eşiġə çıxanda gözümüzün önündə içdən çürümüş ağacın tikələrini qasırqa qabağına qatıb şoranlıq çöldə burdan ora qovmaqdaydı.

   Şoranlıqda yaşamağa alışmış bizlər genə başqa bir gətirtmə ağacın yolunu dərin nisgil'lə dördgözlü gözləyirdik.


arazahmadoghlu@gmail.com

1402/11/05

2023/01/25


2 Ocak 2023 Pazartesi

AZƏRBAYCANIN TARİXİ SƏNƏDLƏRİ

   İzgəsini (Tarixini) bilməyən kim olduğunu bilməz. Kim olduğunu bilməyən özünü düzgün dəyərləndirə bilməz. Özünü düzgün dəyərləndirə bilməyən köləliyə satılar.



   Bizim gərçək izgəmizə görə dünya kitabxanalrında sayışını bilmədiyimiz sənədlər var. Nəsirəddin Şah Qacar dövrünün kitablarından biri "İmtahan-ul Füzəla" (امتحان الفضلا) kitabı dır. Bu kitabı yazan, Sənglax (سنگلاخ) ayamasıyla ad-san qazanmış, Mirzə Məhəmmədəli Qoçanı (میرزه محمدعلی قوچانی) dır. Təbriz muzeyində saxlanılan "Bismillah Daşı" onun əsəri dir.



   İmtahan-ul_Füzəla kitabından təqdim edilən bu neçə səfhədə Mirzə Məhəmmədəli "Azərbaycan ölkəsi/məmləkəti", (کشور آذربایجان) "Fars ölkəsi/məmləkəti" (کشور فارس) və o ölkələrdə olan Təbriz, Xoy, Marağa və Şiraz şəhərlərinə görə gəzib gördüklərindən yazır.



   Bu önəmli sənəddə Azərbaycan, Fars, Ərəbistan yaxud Al-Ahwaz, Təbəristan, Sistan, Xorasan, Kirman hərəsi özünə bir məmləkət olub. Amma bu ayrı məmləkətlər, modern deyimdə "emperator", o vaxtın deyimi və inamında "Xəlifə", "Əmir-əlmöminin", "Şah" adlanan baş hakimə xərac vermək şərti ilə "İslam emperatorluğunu" yaradırdılar. Və bu məmləkətlərin birliyinə "Məmalik-i Məhrusə deyilirdi. O ölkələri bir arada tutan yalnız Müsəlmanlıq idi, Osmanlı emperatorluğunda olduğu kimi.



   Ona görə Xorasan Farsın, Fars Ərəbistanın, Kirman Sistanın bir bölümü, eləcə də Azərbaycan Farsın bir bölümü demək ola bilməzdi və elə ona görə də heç vaxt demək olmaz. Bu ölkələr həmişə qonşu, din qardaşı ölkələr olublar. Bu qardaşlığı pozmağa çalışan düşüncə əslində Müsəlmanların birliyindən qorxan ya ən azı bu birliyi istəməyənlərin düşüncəsi dir.



Araz Əhmədoğlu.

14.12.2022-ci il.


21 Eylül 2022 Çarşamba

MARAĞADAN GƏLƏN MAĞARA ADAMLARI

 Ermənilər nədən bu qədər ora-bura köçüblər?




Ermənilərin köçürülməsi, daha dəqiqi, Türkiyə, İran, Azərbaycan, Gürcüstan, İraq, Suriya arealında yer dəyişdirmələri barədə ermənilərin özü tərəfindən yazılmış mənbələri oxuyanda adamın üzünə yalan fışqırır.

Tarixi saxtalaşdırmaqda bir can olan erməni tarixçilər rəqəmləri, toponimləri, faktları elə qarışdırıblar ki, özləri də baş açmayacaq qədər dolaşıqlıq yaradıblar. Onlar bu yalan-palan iddiaların üstünə əldəqayırma xəritələr də əlavə ediblər. Həmin xəritələrə baxanda belə çıxır ki, Türkiyənin yarısı, İranın üçdə biri, Azərbaycanın Dərbənddən Kəlbəcərə, Sabirabaddan Qazağa qədər olan hissəsi, Gürcüstanın yarısı, bir sözlə, haraya erməni ayağı dəyibsə, oraların hamısı onlara məxsus olub.

Regionun ən böyük xalqı özləri olubmuş və “Böyük Ermənistan” adlı dövlətləri varmış.


Saxta erməni xəritəsi.


Sonra monqol-tatarlar gəlib, onları zülm edib, ora-bura köçürüb, daha sonra Əmir Teymurun ordusu ermənilərə gün verməyib və “bu böyük xalqı” 50 min-50 min başqa ölkələrə sürgün edib. Şah Abbas, Nadir şah, türk sultanları onları elədən-beləyə, belədən-eləyə köçürüblər. Ermənilərin iddiası belədir.

Regionumuzun qədim və orta əsrlər tarixinə nəzər salanda İran-Turan savaşları, Səvəvi-Osmanlı müharibələri, Əfşar-Osmanlı çəkişmələri, Osmanlı-Qacar ixtilafları görürük, amma orada tərəf olaraq erməni adı keçmir, keçəndə etnik azlıq kimi, gah bu, gah o biri dövlətin mərhəmətinə sığınan tayfalar kimi keçir. Özü də onlardan bəhs edərkən adları hansısa ordunun bel sütununu, zərbəçi qüvvəsini təşkil edən döyüşkən tayfalar kimi yox, əsasən sənətkarlıqla məşğul olan topluluq kimi çəkilir.


Daha bir saxta erməni xəritəsi - hər yan Ermənistandır.


Erməni tarixçilər Nadir şahın dövründə ermənilərin İrəvandan Dərbəndə qədər uzanan vilayətə köçürülməsini, kompakt yaşadıqlarını qeyd edirlər, amma nəyə görə Nadirin ölümündən sonra yaranan İrəvan, Gəncə, Quba, Qarabağ, Naxçıvan xanlıqlarının heç birində hakim mövqe tuta bilmədiklərinin, heç olmasa, kiçik bir məliklik təsis etməyi bacarmadıqlarının üstündən sükutla keçirlər. Bu region Rusiya tərəfindən işğal edilərək quberniyalara bölündükdə də ermənilər uzun illər heç bir quberniyada üstün mövqedə olmayıblar.


Rus imperiyasının quberniyaya 

çevirdiyi keçmiş xanlıqlarımızın xəritəsi.


Ermənilərin iddiasına görə, Ağa Məhəmməd şah Qacarın ölümündən sonra 700 erməni ailəsi Qarabağdan Gürcüstanın indiki Bolnisi rayonuna köçürülübmüş. 1795-ci ildən 1827-ci ilə qədər İrəvan xanlığından Gürcüstana 20 min erməni ailəsi aparılıbmış. Köçürülməyə aid bütün rəqəmlər yuvarlaqdır – 1000, 7000, 20 000, 40 000, 50 000 və s. Hamısı da ona xidmət edir ki, oxuyanlarda adları çəkilən tarixi ərazilərin məhz ermənilərin əzəli torpaqları olduğuna dair qənaət hasil olsun.



Qacar (İran) dövləti ilə Rusiya arasında imzalanan Türkmənçay müqaviləsindən sonra Arazın bu tayına köçürülən ermənilər barədə salnamələrdə yer alan faktları şərh edən ermənilər iddia edirlər ki, S.N.Qlinkanın bəhs etdiyi 40 min erməninin 3 mini Zəngəzurda məskunlaşıb, mini isə Qarabağda, indiki Ağdərədə yerləşdirilib. (Bəs yerdə qalan 36 mini necə olub – bunun üstündən keçirlər). 1978-ci ildə Marağa ermənilərinin Ağdərənin Marağa (indiki Şıxarx) kəndinə köçürülməsinin 150 illiyinin qeyd edilməsini, kənddə bu münasibətlə abidə qoyulmasını (sonradan bilə-bilə söküblər ki, ermənilərin buraya gəlmə olmalarının izi olmasın) danmağın mümkün olmadığını anlayan erməni tarixçilər qeyd edirlər ki, onlar repatriantlar (yəni öz tarixi yurdlarına geri dönənlər) olublar.


 Ermənilərin Marağadan Şıxarxa 

köçürülməsinin 150-ci ildönümünə qoyulmuş abidə.


Bütün bunları qeyd edərkən ermənilər rəqəmləri o qədər şişirdirlər ki, bölgədə ən çoxsaylı millət olduqları anlaşılır. Bəs necə olub ki, yerli, aborigen əhali olduqları, kompakt yaşadıqları halda, dövrün hökmdarları tərəfindən gah o, gah bu ölkəyə köçürülüblər, sürgün ediliblər? Bu qədər çox idilərsə, ciddi müqavimət göstərə bilərdilər.

Bunu sağlam məntiqlə izah etmək mümkün deyil. Bir də dünyada cəmi 1 milyard insanın yaşadığı dönəmlərdə ermənilərin sayı bu qədər çox olubsa, o zaman onların indiki sayı dünyada 100 milyonu aşmalıydı (ancaq bu gün 10 milyon civarındadırlar və demək olar ki, əlverişli iqlimə malik bütün ölkələrə yerləşiblər).

Daha bir məsələ. Əgər iddia etdikləri yerlərin hamısı doğrudan da tarixi erməni məskənləriydisə, nədən Sovet Ermənistanı o tarixi toponimlərin adını ötən əsrin 60-70-ci illərində kütləvi şəkildə dəyişdirdi? Söhbət onlarla şəhər və yüzlərlə kəndin qədimi adlarının erməniləşdirilməsindən gedir. Hamamlını Spitak adlandırmaq deyil ki... Arxivlər var. (Bu interkativ xəritədə isə bütün toponimlər adbaad göstərilib - https://realmap.az/web/page/azerbaydzhanskie-toponimi-v-armenii).



Ermənilərin rəqəmləri şişirtməsinin daha bir örnəyi 1918-ci ildə Şuşada baş verən etnik qarşıdurmada 30 min erməninin öldürüldüyü iddia etmələridir. Əsl həqiqət isə budur ki, Şuşanın binəsi qoyulandan ta işğal olunduğu 1992-ci ilə qədər şəhərdə ən çoxu 10 min adam yaşayıb. Bu kiçik şəhərdə 30 min adamın nəinki öldürülməsi, hətta yaşaması belə mümkün deyil – xüsusilə də 104 il əvvəl.

Görəsən, necə olub ki, ölkə ərazisində yaşayan bütün etnik azlıqlar (talışlar, ləzgilər, avarlar, tatlar, saxurlar, qırızlar, udinlər) yerində qalıb, ancaq hökmdarlar yalnız erməniləri ora-bura köçürüblər?

Bu sualın cavabını ermənilərin öz milli xüsusiyyətlərində axtarmaq lazımdır. Düzdür, orta əsrlərdə hökmdarlar əhalinin bir qismini başqa ölkələrə köçürməyə meylli olublar, amma bu o qədər də yayğın olmayıb. Əsas odur ki, birincisi, ermənilər özləri yaxşı həyat dalınca başqa ölkəyə köçməyə həmişə hazır olublar. Onların o xasiyyətləri bu gün də qalır. Məsələn, sovet dövründə 3 milyon 500 min erməninin yaşadığı Ermənistanda hazırda  real olaraq 1 milyon 500 min erməni yaşayır. Biz 7 milyondan artıb 10 milyon olmuşuq, onlar azalıb 2 milyondan aşağı düşüblər. Çünki “harada günümüz xoş keçir, ora bizə vətəndir” prinsipi ilə hərəkət edirlər və daimi olaraq çamadan ovqatındadırlar.



 

İkincisi isə belə anlaşılır ki, ermənilər məskunlaşdıqları areallarda öz qonşuları ilə, başqa millətdən, dindən olan etnik qruplarla yola getməyiblər, nə onların içində barınıblar, nə də öz içlərində kimsəni barındırıblar və bu üzdən tez-tez qanlı münaqişələrə və kütləvi köçə məruz qalıblar. Bunun bariz nümunəsi indi də görünür: Ermənistan monoetnik dövlətdir, bu ölkədə ermənilərdən və assimlyasiyaya uğradılmış, erməniləşdirilmiş yezidi kürdlərdən (o da cüzi azlıq şəklində) başqa bir millət yaşamır. Ermənilərin yaşadığı digər ölkələrdə (məsələn, Gürcüstanda, Rusiyanın ayrı-ayrı federal subyektlərində) isə vaxtaşırı milli münaqişələrə meylli olmaları, özləri üçün ayrıcalıq tələb etmələri, üstəlik, sığındıqları dövlətin üzünə ağ olmaları göstərir ki, bu xalqın etnik uyuşmazlıq problemi var. Ancaq erməni tarixçilər bunun da üstündən sükutla keçirlər, vurğunu yalnız köç faktının üstünə salırlar, köçün və ya köçürülmənin səbəblərindən danışmırlar, danışanda da bütün günahı qəddar hökmdarların üstünə atırlar.

Bir sözlə, belə bir cığal, əsəbi, kinli, özünü həmişə haqlı sayan, başqa xalqları xor görən, özlərindən aşağı sayan, ifrat şovinizmə yuvarlanmış bir toplumla qonşuyuq. Nə özləri düz-əməlli, asudə, firavan yaşaya bilirlər, nə də bizə imkan verirlər.

Ermənilər bircə şeyi düz deyirlər ki, qədim xalqdırlar, amma əksəriyyət etibarilə elə qədimdə də qalıblar, mağara qəbiləsi təfəkküründən qurtula bilmirlər.


Musavat.com

20.09.2022. / 15-50.


4 Eylül 2022 Pazar

DOSTLUQ MƏNƏVİ SƏRVƏTDİR

Birinin yaxşılığını, xoşbəxtliyini istəyənə, onu ürəkdən sevənə vəfalı dost deyilir. Dostluq insan üçün ən müqəddəs hisslərdən biridir.

Dostluq həyatın ən gözəl anlamıdır. Dostluq o qədər dəyərli bir münasibətdir ki, sözlərlə anladılması çətindir. Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır. 

Dostluq yer üzünün bütün insanları üçün sevinc dolu həyatdır, ən ülvi və saf mənəvi sərvətdir. İnsanı şadlandıran, onda gələcəyə böyük ümid doğuran, onu şərəflə ucaldan dostluq hissidir. 

Əsl dost dostunun həmişə yaxşılığını istəyər, onu həvəsləndirər və irəli getməsinə dəstək olar.




Füzuli (Hümbət) Soltanovun dostu Adil İrşadoğlu haqqında ürək sözlərini sizinlə bölüşürəm, sağlıqla izləyin...

İzləmək üçün bura daxil olun: https://fb.watch/fk2-lgLfBd/

Bakı, 01.09.2022. / 18-00.


22 Ağustos 2022 Pazartesi

REALİST ADİL: ...Mən dünyaya insan gəldim, İnsan kimi gedəsiyəm !

VİDEOYA DAXİL OLUN:




Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur.


Saytın digər yazılarını 



REALİST ADİL: QORXURAM



Müəllif Azərbaycan şairi, tənqidçi, publisist, 
1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
filologiya elmləri doktoru (1974), professor (1977) Famil Mehdidir.

Saytın digər yazılarını 


21 Temmuz 2022 Perşembe

PEŞƏ BAYRAMINIZ MÜBARƏK !

PEŞƏ BAYRAMINIZ MÜBARƏK !
 
Onunla 1995-ci ildə, Bakı Dövlət Universitetində...
Yazının müəllifi Azərbaycan Tərcümə Mərkəzi 
informasiya departamentinin rəhbəri İlqar Rəsuldur.  


Şəkildəki ADİL İRŞADOĞLU (ƏLİYEV) dir. ©
O. Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısıdır (1988-1996).

Saytın digər yazılarını 


13 Temmuz 2022 Çarşamba

XUMAR QƏDİMOVA - UNUTAMAM (Şou ATV)

Müğənni, bəstəkar Xumar İttifaq qızı Qədimova 26 aprel 1966-cı ildə Azərbaycan Respublikasının Qazax rayonunda anadan olub. Milliyyəti Azərbaycan türküdür. 

"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adını (2017) daşıyır. 

1983-1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda “Kütləvi tamaşalar rejissoru” ixtisası üzrə təhsil alıb.

Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator işləyib. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda çalışıb.

Xumar Qədimova 1997-ci ildə yaradıcılığa başlayıb. O, bu günədək 100-dən çox musiqi əsəri səsləndirib.

Xumar Qədimova Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinə mahnı bəstələyib və ifa edib.

2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən möhtəşəm TİM konsert sarayında "Bir Can Turkiyə-Azərbaycan" adlı solo konsertlə çıxış edib.

Xumar Qədimova Nazim Hikmət, Yunus Əmrənin şeirlərinə mahnılar bəstələyib.

Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənniləri Kibariye, Yıldız Tilbe və başqaları ifa edib.

Xumar İttifaq qızı Qədimova 3 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.


2 Haziran 2022 Perşembe

30 Mayıs 2022 Pazartesi

SALAM, FÜZULİ, SALAM !

Nəriman Həsənzadə
Azərbaycan Respublikasının Xalq Şairi


Salam, Füzuli, salam!

Qələm dostum

Lətif Vəlizadənin 80 illiyinə

 

Nə bir küçə gördüm, nə ev, nə eyvan,

Lətif, Füzulidə, Füzuli yoxdu.

Meydan sulayıbdı qopan o tufan,

Ayların-illərin,

            bir fəsli yoxdu.

 

Sənin səksənində biz gələsiydik,

dəvət eləmişdin neçə il qabaq.

Çəmənlər qoynunda dincələsiydik,

hardadı dediyin o "Ceyranbulaq?"

 

- Palıd var, altında yatar bir sürü,

görmürəm, palıdlı o meşə nəymiş?!

Burda o yerləri külək süpürür,

dünya - bilməmişik,

            süpürgəçiymiş!

 

Qəlbini sıxmasın qoy bu qəm, Lətif,

Zəfər yolumuzdu - Şuşa yolumuz.

Gözün aydın olsun, deyirəm, Lətif,

bu yoldan keçibdi,

            qalib ordumuz.

 

Buludlar çəkilib göyün üzündən,

o qara kölgələr gedib Şuşadan.

Salam, Füzuliyə, Cıdır düzündən,

Şuşa salamıdı, Lətif, Şuşadan.


*Şeir 23.05.2022-ci il tarixində "Ədəbiyyat qəzeti"ndə çap edilib.
Lətif Vəlizadə 1942 - ci il aprel ayının 5-də doğulub.