Translate

27 Aralık 2024 Cuma

AZAL-IN QROZNIYA UÇAN SƏRNİŞİN TƏYYARƏSİNİ...

 

HHM sistemləri təyyarələri 

vuranda üzərindəki izlər necə yaranır?


Bəzi raketlər təyyarənin mühərrikini, bəziləri quyruq hissəsini, bəzi raketlər isə pilot kabinəsini hədəfə alır.




Müxtəlif informasiya vasitələrini araşdırdıqdan sonra belə qənaətə gəldim ki, AZAL-ın Qroznıya uçan təyyarəsini Rusiyanın hava hücumundan müdafiə qüvvələri vurub.




Təyyarəni zədələdiyini biləndən sonra Rusiya onun öz aeroportlarına enməsinə imkan verməyib. İzi itirmək üçün təyyarəni Xəzər dənizində batmağa göndərib. (25.12.2024).


24 Aralık 2024 Salı

DASTAN YAZAN CAVANŞİRLƏR

 

1-ci və 2-ci Qarabağ müharibəsində Vətənin mərd oğulları sözün əsl mənasında dastan yazdılar. 

Bu haqq savaşımızda şəhidlik zirvəsinə ucaldılar, digərləri isə qazi oldular. 


44 günlük İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda qan töküb doğma Azərbaycana şərəf gətirən minlərlə qəhrəman oğullardan biri də Zaur Sabir oğlu Cavanşirdir. O, 21 sentyabr 1974-cü ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulmşdur.


Zaur Sabir oğlu Cavanşir (Məmmədov)


Zaur Sabir oğlu Cavanşir (Məmmədov) Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur.

1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildən 2000-ci il iyul ayınadək Tərtər rayonu ərazisində cəbhə bölgəsində birbaşa ön xətdə tağım komandiri vəzifəsindən tabor komandiri vəzifəsinədək xidmət etmişdir. 

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranması ilə 2000-ci il iyul ayından kapitan Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr məktəbinə rəis təyin edilmiş, 2002-ci il fevral ayında artıq mayor rütbəsində olan Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələrdə yeni formalaşmış Xüsusi Təyinatlı alayın qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

2002-ci il iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş və təhsildə birinci yeri tutaraq 2004-cü ilədək Türkiyə Silahlı Qüvvələrin Quru Qoşunları Hərbi Akademiyasında təhsil almışdır.

2004-cü il avqust ayından 2006-cı ilin may ayınadək XTQ-in "Yaşma" xüsusi təyinatlı alayının komandiri vəzifəsində xidmət etmiş və dəfələrlə düşmən arxasında xüsusi əməliyyatlarda iştirak etmişdir.

2005-ci ildə xüsusi əməliyyatlarda rəşadət və mərdlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Polkovnik-leytenant rütbəsində Zaur Cavanşir 2006-cı ilin may ayından 2011-ci ilin may ayınadək Füzuli və Beyləqan bölgəsində 702, 181, 706 saylı motoatıcı briqadaların komandiri olmuşdur. 2011-ci ildən 2013-cü ilin noyabr ayınadək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində silah və atış kafedrası rəisi vəzifəsində xidmət etmiş və gələcək zabitlərin hazırlığında müstəsna rol oynamışdır.

2013-cü ilin noyabr ayında polkovnik Zaur Cavanşir XTQ komandanının müavini vəzifəsinə təyin edilmiş, 2013-2015-ci illər ərzində dəfələrlə düşmən arxasında xüsusi əməliyyatların keçirilməsində iştirak və rəhbərlik etmişdir.

2016-cı ilin sentyabr ayında Azərbaycan Ordusunun ovaxtkı Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun qanunsuz tələblərinə əməl etməkdən qəti şəkildə imtina etdiyinə görə ona qarşı aparılan ədalətsizliyə etiraz olaraq öz arzusu ilə ordu sıralarından ehtiyata tərxis edilmişdir.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlanması ilə ordu sıralarına qatılmaq üçün müraciət edən polkovnik Zaur Cavanşir Nəcməddin Sadıqovun ancaq XTQ sıralarında sıravi əsgər olaraq döyüşməyə razı olacağı halda orduya geri qaytara biləcəyi şərti ilə razılaşaraq döyüşlərə sıravi döyüşçü olaraq qatılmış, öz sərkərdəlik bacarığı ilə dərhal aktiv döyüşlər aparan xüsusi təyinatlı qüvvələrin birləşmə və hissələrinindən ibarət hücum qruplaşmasının idarə edilməsini öz üzərinə götürərək Hadrut-Şuşa istiqamətində hücum edən bütün qoşun qruplaşmasının rəhbəri olaraq davam etmiş, torpaqlarımızın azad edilməsində əsgər və zabitləırimizə müstəsna igidlik və qəhrəmanlıq nümunəsi göstərərək Azərbaycan bayrağını ata-baba yurdu Şuşaya sancmışdır. O, ulu babası Pənahəli xan Cavanşirin əsasını qoyduğu Şuşanın ilk komendantı olmuşdur.

Haşiyə - əsas mövzuya uyğun əhvalat danışmaq, sözün birini qoyub o birinə getmək deməkdir. General-mayor Zaur Cavanşirin nəsil şəcərəsi Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin (1747-1763) oğlu İbrahimxəlil xanın (1763-1806) Hüngütlü Allahyar bəyin qızından olan oğlu Məhəmməd Qasım ağaya (?- 1843) bağlanır. Məhəmməd Qasım ağa əmisi Mehrəli bəy Cavanşirin qızı Xədicə bəyimlə evlənmiş və onların bu izdivacdan 4 oğlu - Nəcəfqulu ağa, Paşa ağa (təq.1820-?), Kərim ağa (1826-1907), Qasım ağa (1834-?) və 2 qızı - Cahan xanım və Bala xanım Cavanşirlər doğulmuşdu.

Kərim ağa XIX əsrin sonlarında Şuşa şəhərini məcburən tərk etmiş və Yelizavetpol (Gəncə) quberniyasının Qubadlı bölgəsinə yerləşmişdir. Onun nəticəsi olan Nəsib Kərim oğlu Cavanşir (1911-1996) öncə Şuşa qəzasının Kəbirli mahalının Baharlı kəndində yaşamışdı. O, öz qohumu olan Qasım bəy Zakirin nəticəsi sayılan Xurşid xanımla evlənmiş və onların bu nikahdan Mafizə adlı qızları dünyaya gəlmişdi. Lakin, çox keçmədən onlar ayrılmışlar. Böyük Vətən müharibəsinin ağır illərində Nəsib Kərim oğlu traktor sürücüsü işlədiyi üçün cəbhəyə aparılmamışdır. Kəbirli mahalının Hindarx kəndində çalışan Nəsib kişi ikinci dəfə ailə həyatı quraraq, bu kənddən olan Sümayə xanımla evlənmiş və burada yaşamışdır. Nəsib Kərim oğlunun 10 övladından biri olan Sabir Məmmədov və onun oğlu Zaur Cavanşir Hindarxda dünyaya gəlmişdir.

Zaur Cavanşir hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir.

Zaur Cavanşir 2016-cı ildə baş vermiş Aprel döyüşlərində də iştirak etmişdir.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı o, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanlarından biri olmuşdur. Şuşanın azad edilməsində xüsusi fərqlənən Zaur Cavanşir Şuşanın ilk komendantı təyin edilmişdir.

O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020-ci ildə Bakı Qələbə Paradında iştirak etmişdir.

Zaur Cavanşir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Zaur Cavanşirə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşirə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Zaur Cavanşir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan-Ermənistan dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Zaur Cavanşir Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilmişdir.



General Zaur Sabir oğlu Cavanşir 
və jurnalist Adil İrşadoğlu Cavanşir


Hazırladı: 

ADİL İRŞADOĞLU CAVANŞİR (ƏLİYEV) ©

Qocaman televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), Qazi.







QEYD: Bu yaxınlarda bir məclisdə general Zaur Cavanşir və digər dostlarımla birlikdəydik. Siz paylaşdığım şəkillərdə Şaiq Rəşid oğlu Bəşirovu, Qurban Hüseynovu, Nəzər Allahverdiyevi, İlham Novruzovu görürsünüz. Bu dostlar çətin anlarda, şad günlərdə yanımda olan insanlardır.

Həyatımızın hər anında yanımızda olan dostlarımızı sevməli, onlarla dərdimizi və xoşbəxtliyimizi paylaşmalı, ünsiyyətimizi ən gözəl şəkildə inkişaf etdirməliyik.

Allah bütün dostlarıma can sağlığı və uzun ömür versin. Onların hər birinə uğurlar arzulayıram. 


14 Aralık 2024 Cumartesi

ELM HƏM ZİNƏTİMİZ, HƏM SİLAHIMIZ, HƏM DƏ...

Akif Rüstəm oğlu Rüstəmovun 

mənim həyatımda çox böyük rolu olub. 


Müqəddəs “Qurani-Kərim” biliyə yiyələnməyin yolunu oxuyub yazmaqda, öyrənməkdə görür. Məhəmməd Peyğəmbər buyururdu ki, elm çöldə dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtlik yolunu göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında silahımızdır. Elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan, namaz qılmaqdan, Həccə getməkdən də üstündür. 

Mənim fikrimcə biliyə yiyələnməyin ilkin mərhələsi ailədən və uşaq bağçasından, əhatəmizdəki əmi və dayıların, bibi və xalaların davranışlarından, maraqlı söhbətlərindən başlanır. Daha sonra  insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllim peşəsi ən müqəddəs peşələrdən biri sayılıb. Müəllim peşəsi daim peşələrin zirvəsində dayanacaq.



Akif Rüstəm oğlu Rüstəmov


50 ildən çox Bakı Dövlət Universitetində şərəflə çalışan, seçki yolu ilə 10 il Jurnalistika Fakültəsinin dekanı olmuş, jurnalistikanın əsasları ilə bağlı xeyli kitab və məqalələrin müəllifi, saysız-hesabsız professional jurnalistin 85 yaşlı qayğıkeş müəllimi, ləyaqətli elm adamı, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, filologiya elmləri namizədi, professor Akif Rüstəm oğlu Rüstəmovun mənim həyatımda çox böyük rolu olub. O, həm yolgöstərənim, həm də sevimli müəllimim olub.


Akif müəllimin yaradıcılıq fəaliyyəti haqqında istənilən qədər faktlar söyləyə bilərəm. Lakin onun xarakterini səciyyələndirən aşağıdakı qeydlərimi vurğulamaq istəyirəm :

❤ Akif müəllim ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, tələbələrini və peşəsini sevəndir, gəncləri xalqın, Vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir.

❤ Akif müəllim tələbələrilə dostluq etməyi bacarır, onların sevincini və kədərini ürəyinə sala bilir, tələbələrin qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub, gənc olub.

❤ Akif müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, bu sahəyə aid kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. O, bu elmin problemlərindən də xəbərdardır. Akif müəllim universitetin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. O, dərin biliyə, geniş dünyagörüşünə malikdir. Akif müəllim tələbələr qarşısında elmin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilməkdə mahirdir. Tələbələr onun simasında daim ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insanı görürlər.

❤ Akif müəllim psixologiya və pedaqogika elmlərini yaxşı bilir. Tərbiyə haqqında elmləri bilmədən, tərbiyəli müəllim olmadan tələbələrlə işləmək qeyri mümkündür.

❤ Akif müəllim çox yaxşı müəllim və öz peşəsinin ustasıdır. Pedaqoji qabiliyyətlər insana hazır verilmir, onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq mümkündür.

❤ Akif müəllim həm də gözəl ailə başçısı, sevimli dayı, sevimli əmi, sevimli qohum və sevimli dostdur. Allah Akif müəllimə sağlam və uzun ömür versin. 100 yaşasın !


Akif müəllimin mənim üzərimdə də haqqı çoxdur. Dövlət universitetinin jurnalistika fakültəsində təhsil alanda (1972-1977) Akif Rüstəmov mənim də müəllimim olub. Biz yenə də dost, həm də dayı-bacıoğluyuq. Mən, Akif müəllimin 3-cü sevimli bacısı rəhmətlik Qənirə müəllimənin böyük oğluyam. Tələbəlik illərimdə Akif müəllimin və onun ailəsinin qayğısını görmüşəm. Universitetə yenicə qəbul edilmişdim. Gənc idim. Akif müəllimin ailəsi kirayədə yaşadığı evdə himayə məqsədilə mənə bir guşə ayırdı. Bir neçə il onlarla yaşadıqdan sonra sərbəst həyata başladım... O illəri, o qayğıları, o yaxşılıqları ölənəcən yadımdan çıxartmaram... 

... Akif müəllim, Akif dayım ağlım kəsən vaxtdan zehnimdə dərin izlər buraxıb. Ağdam şəhərində qiymətli ağaclarla bəzədilmiş böyük və yaraşıqlı gəzinti parkı var idi. O, mənim və bacımın əlindən tutub bizi tez-tez həmin parka gəzintiyə aparardı. Parkın içərisində böyük bir yelləncək - "Karusel" var idi. Mən yelləncəyə əyləşib fırlanmaqdan qorxurdum. Bacım Elmira isə balaca olduğuna görə bu hadisənin dərinliyinə varmırdı və yelləncəyə özü qaçıb əyləşirdi. Dayım mənə deyirdi ki, yekə kişisən, adam bacısını tək qoymaz. Bu söz mənim ağlıma batırdı və mən bu sözlərdən qürurlanırdım. Belə misalların sayı-hesabı yoxdur. Dayılarımız, əmilərimiz, xalalarımız və bibilərimiz ata və anamızla yanaşı bizim hər ikimizi tərbiyə edirdilər.



Adil və Elmira / Foto Akif Rüstəmovundur.

... O vaxtlar hər adamın evində televizor olmayanda Akif dayım evlərinə "Rekord" adında özü böyük, ekranı balaca bir televizor almşdı. Onda mən Ağdam şəhər 1 saylı orta məktəbdə 2-ci sinifdə oxuyurdum. Hər günün dərs tapşırıqlarını yerinə yetirdikdən sonra Gülxar nənəmgilə gedirdim. O nəhəng televizora oturub tamaşa etməkdən doymurdum. "Arşın mal alan" filmini ilk dəfə həmin televizor vasitəsilə izləmişəm.



Ekranı balaca, özü böyük "REKORD" televizor.

... Mən orta məktəbin 9-10-cu siniflərində təhsil alarkən atamdan, anamdan başqa Akif dayım da mənə Bakıdan maraqlı kitablar alıb gətirərdi. Yalan olmasın, düz, 10 rəf kitabım var idi. Onları göz bəbəyi kimi qoruyurdum. Bu xasiyyətim mənə rəhmətlik Kərbəlayi Mikayıl oğlu Məhəmməd bəy babamdan miras qalıb. Rus və Erməni hərbi birləşmələri 1-ci Qarabağ müharibəsi dövründə hər gün Ağdama 150-200 ədəd qrad mərmisi atırdılar. Mərminin biri gəlib evimizi yer üzündən sildi, kitablarım külə döndü. Sovet Azərbaycanında 1 universitet var idi. Digər ali məktəb ocaqları isə institut olaraq fəaliyyət göstərirdi. Mən Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinə daxil olmaq üçün hazırlaşırdım. Dayımın  köməyi o oldu ki, Bakıya qəbul imtahanlarına gələndə onun kirayədə yaşadığı evdə qaldım. Həyat yoldaşı rəhmətlik Laləzar xanımın qayğısı ilə əhatə olundum. Akif müəllim hər gün mənimlə məşğul olurdu, imtahan suallarının cavablarını soruşurdu. Demək olar ki, imtahanlara birlikdə hazırlaşırdıq. Mənə deyirdi ki, sənin gecə-gündüz oxumağın, öyrəndiklərini təkrarlamağın ümidvericidir, Adil. 

... 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə daxil olmaq üçün mən də sənədlərimi təqdim etdim. Valideynlər imtahanın gedişatını bayırda quraşdırılmış televizor vasitəsilə izləyirdilər. Şərqşünaslıq Fakültəsinə daxil olmaq istəyənlərdən imtahanı universitetin qarşısındakı adamlar dağılışandan və televizoru söndürəndən sonra axşam götürürdülər. Mənimlə birlikdə imtahan verən abituriyentlərdən bir neçəsini yaxından tanıyırdım. Uşaqlıq dostum Nazim Mirismayıl oğlu Ağamirov, Faiq Qara oğlu Əliyev, Seyfəddin Dağlının oğlu Bəhlul Abbasov, Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə, Əlfi dayının oğlu İlqar Qasımov, Müştəba İsmayıl oğlu Əliyev, ağdamlı Vahid, Niyazi və başqaları...

Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə iddialılar çox, keçid balı isə 18 idi. 1 yazılı və 3  şifahi imtahan verdim. Öz gücümə 2-sindən 5 aldım, 1-dən 4 aldım. İngiliş dilindən imtahan verəndə isə müəllimlər mənə ilişdilər... Məni borclu çıxarıb zorla 3 yazdılar... Sevil Heydər qızı Əliyeva da bizimlə birlikdə ingilis dilindən imtahan verirdi. O, mənə qarşı edilən haqsızlığı görüb narahat oldu və müəllimlərə irad tutdu. Buna baxmayaraq həmin müəllimlər mənim Azərbaycanda yeganə Universitetin Şərqşünaslıq Fakültəsinə daxil olmağıma mane oldular. Qismət beləymiş... Növbəti il gəlib Universitetin Jurnalistika fakültəsinə imtahan verib yüksək qiymətlərlə daxil oldum... Sonra eşitdim ki, Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsindəki həmin yeri, yəni mənim halalca yerimi SSRİ-nin Almaniyadakı Səfirliyində çalışan bir kişinin qızına bağışlayıblar. Elə o vaxtdan haqqım tapdalana-tapdalana gəlib çatmışam 72 yaşıma...



Akif müəllim bacısı uşaqları Adil və Elmira ilə birlikdə.


... Akif Rüstəm oğlu Rüstəmov əsl ziyalıdır. Onun möcüzələrinin arxasında öz üzərində yorulmadan işləməsi, əxlaqı, müdrikliyi, uzaqgörənliyi, sevgi dolu həyat eşqi durur. Bu baxımdan ziyalılıq həmçinin insanın öz üzərində işləməsi deməkdir. Peyğəmbərimiz (S.A.S) demişkən “Beşikdən qəbr evinə qədər öyrənmək, öyrənmək, yenə də öyrənmək” vacibdir.



Akif Rüstəm oğlu Rüstəmov ömrünün payız çağında.

Mən, o qənaətdəyəm ki, əsl ziyalı ilk növbədə insani keyfiyyətlərə malik olmalıdır. Və o, ətrafında baş verənləri milli şüurun süzgəcindən keçirib ona qiymət verməyi bacarmalıdır. Bu sözləri yazarkən ölənədək unutmayacağım, böyük insan, dünyagörüşü ilə həmişə məni heyrətləndirən doğma AKİF dayım gözümün önündə canlanır. 19 dekabr (1939) müəllimim, dayım, dostum, hamının məhəbbətlə, ağızdolusu müracət etdiyi AKİF müəllimin doğum günüdür, 85 yaşı tamam olur. Bu münasibətlə professor Akif Rüstəm oğlu Rüstəmovu, onun ailəsini, 50 ildən çox çalışdığı Bakı Dövlət Universitetinin kollektivini, BDU-nun Jurnalistika Fakültəsinin müəllim və tələbə heyyətini, dostlarını ürəkdən təbrik edirəm. AKİF müəllimə can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.

Günün mübarək, AKİF müəllim !


Bacıoğlu,

Adil İrşadoğlu (Əliyev).

Bakı, 12.12.2024. / 11-00. 

(Akif müəllimin doğum günü 19 dekabrdır).