Translate

10 Haziran 2016 Cuma

NADİR ŞAHIN SULTANA SÜLH VƏ MƏZHƏB BİRLİYİ TƏKLİFİ


TARİXİ MƏKTUBUN TAM MƏTNİ


Bu məktubda Nadir şah Osmanlı sultanı Mahmud xanla sülh bağlamaqla yanaşı, həm də Osmanlı və Azərbaycanın bir məzhəb ətrafında birləşməsi məsələsini də təklif edir. Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlının fars dilindən tərcümə etdiyi həmin məktubu təqdim edirik :

Nadir Şahın Rum sultanı Mahmud xana yazdığı sülhnamə

“Müsəlmanların əməllərində əyrilikləri düzəldən, onların qəlblərində qəzəb yaralarını sağaldan, sinələrində bağları və zəncirləri açan Allaha və şöhrətli məqam sahibi olan Onun elçisinə və onun ailəsi ilə əshablarına və ünsürləri təbiətlə, adətləri cəmiyyətlə uyğunlaşdırmaq üçün dinin islahı yolunda cəhd edib əllərindən gələnləri əsirgəməmiş raşidi xəlifələrə həmd olsun!

Əmma bəd. Şah İsmayıl Səfəvinin vəfatından sonra İranda ədəbsizlik ilə rafiziliyin yayılmağa başladığını və İran ilə Rum arasındakı əlaqələrin düz yoldan kənara çıxdığını görən İran əhalisi Muğan çölünün Böyük Şurasında (1736-cı ildə Nadirqulu ölkənin ən mötbər əyanlarını, din xadimlərini və tayfa başçılarını toplayıb bu adla tarixə düşən qurultay keçirmiş və orada özünü rəsmən şah elan etdirmişdir – R.Ş) biz hümayun hökmdarın səltənəti qəbul etməyimiz haqqında tələbini irəli sürdü. Hənəfi məzhəbli sünnət əhlinin və camaatının əziz ata-babalarımızın və əzəmətli sələflərimizin davamçıları olduqlarını nəzərə alaraq, biz o naşı güruhdan öz qara canları və mənasız sözlər söyləyən dilləri ilə böyük xəlifələrin (rəhmətüllahi əleyhim əcməin) dedikləri həqiqətləri boyunlarına alıb məsuliyyətli olmağa meyl göstərməyi dəfələrlə tələb edəndən sonra o tayfa müqəddəs hökmü qəbul edərək əvvəlki halından vaz keçdi. Biz hümayun padşah türkmanların möhtəşəm taleyinin cəlalətli sülaləsinin davamçısı və qüdrətli əla-həzrət, dünya hökmdarlarının ən böyüyü, dövran xaqanlarının ən hörmətlisi, Süleyman kimi əzəmətli rəhbər, günəşbayraqlı Xosrov, İslam ilə müsəlmanların köməkçisi, kafirlər ilə müşriklərin qənimi, qurunun xaqanı və dənizlərin sultanı, ikinci İsgəndər Zülqərneyn, Hərəmeyni-şərifeynin xadimi, tale hakimi, Daranın qardaşı, İslampənah padşahın bargahı, İslam əhlinin xəlifəsi və türkman tayfasının məşəlinin işığı Sultan Mahmud Xandan (Allah onun xilafətinin kölgəsini aləmlərin başı üstündən əsirgəməsin!) itkilərin əvəzini çıxmaq üçün ondan əvvəlki sənədlərdə yazılmış beş mətləbə imzasını qoymağı istəmişdik. Səfirlərin təkrar gediş-gəlişindən sonra Süleyman cəlallı padşah üç maddəni qəbul etmiş və iki maddəni şəri və mülki səbəblərə görə təxirə salıb son məktublarında bu məramdan vaz keçməyi istəmişdilər. Biz hümayun hökmdar iki tərəf arasında olan düşmənçiliyi aradan qaldırmaq və nöqsanlarla həyacanın təsirindən qurtulmaqdan başqa bir məqsədimiz olmadığını o çiçək qönçələrinin məhəbbətini yayan nəsimə söyləmişdik. Lakin buna baxmayaraq biz məhz İsgəndərməqam hümayun padşahın razılığını almaqla və İslam əhlinin namusunu qorumaqla barış ilə dostluğu bərqərar etmək xatirinə bundan əvvəl şərt qoyulmuş təklifləri geri götürüb və sülh yolu ilə irəliləyib bu ürəyəyatan işi fələk taxtı sahibinə elan etdik. Amma Şah İsmayılın yeritdiyi ixtilafçılıq siyasəti nəticəsində keçmiş zamanlarda Türkman sultanlarına bağlı olmuş Azərbaycan məmləkətlərindən bəziləri ali Osman dövlətinin tərkibinə keçmişdi. Buna görə izhar olunur ki, əgər İslampənah padşahın təbiəti üçün çətin və dostluq adətlərinə müxalif deyilsə, o əlahəzrət həmin iki məmləkətdən birini bağışlamaq qaydası ilə bu tərəfin tabeliyində olan məmləkətlərin hövzəsinə qatsın. Biz o həzrətin həmin təklifləri rədd, ya qəbul etmək haqqını tanıyırq. Dövlətin o yüksəkməqamlı şöhrət sahiblərinin fəxri Lətif Əfəndinin almaq şərəfinə nail olduğumuz hümayun məktubunda əlavə edilmişdi ki, ali Nadirə dövlətinin bidətin təsiri altından çıxmağıyla şükrə layiq müqaviləyə və səmərəli əməkdaşlığa müvafiq olaraq iki uca dövləti müttəfiq kimi tanıyır, lakin bəzi məsələlərə əsaslanaraq müqəddəs xatiri ona bağlıdır ki, əvvəlki maddələr qüvvədən düşdüyü kimi keçmişdə əlaqələrə xas olmuş dostluq ilə mehribanlığın möhkəmlənməsi naminə bu mətləbə də xitam verilsin.

Bahar cənnətinin sultanı Dördüncü Sultan Murad xanın dövründə bağlanmış sülhün əsasında duran iki əzəmətli dövlətin kəramətli xələfləri və böyük övladları arasındakı dostluq ilə məhəbbət bu iki möhtəşəm ailədə nəsildən nəsilə keçərək zəmanənin meydanında daimi olsun! Madam ki, İslampənah padşah həzrətləri bu dostluğun ömrünü uzatmış və təsdiqlədikləri sazişlərilə bu məhəbbəti möhkəmləndirmişdilər. Biz hümayun hökmdar da bu həzrəti qardaş və o cənabın xatirinin razılığını və müsəlmanların gün-güzəranında əmin-amanlığın qorunmasını ən mühüm mətləblərdən və ən vacib məsələlərdən saymışıq. Buna görə İslampənahın çoxdan gözlədiyimiz bu müşksaçan məktubu gələn kimi biz o İslam hökmdarının ikinci istəyini də qəbul edərək sülhnamənin əsasını qoymağa sərəncam verdik və iki dövlətin nüfuzlu şəxsləri arasında barış işi bir qanun və üç maddə şəklində öz yoluna düşdü.

Bahar cənnətinin xaqanı Dördüncü Sultan Murad xanın zamanında iki dövlət arasında qərar tapmış sülhün əsası bir qaydadır və heç bir hədd ilə pərdə o yolun rüknlərinə dəyişiklik və xələl gətirməz. Şərt odur ki, bundan sonra fitnə yatmış və xəncər yuxulu olsun, iki tərəfin şəninə layiq və iki dövlətin mənafelərinə müvafiq işlər həyata keçirilib, küdurətdən bəhrələnən və sülh ilə xoş münasibətlərə zidd olan əməllərdən imtina edilsin. İnşaallah-təala, bu iki əzəmətli dövlət və bu iki böyük ailənin övladları arasında dostluq ilə məhəbbət qiyamət gününə qədər davam edəcək.

Birinci maddə. Bağdad və Şam yolu ilə Beytullahul-harama gedən hacıları valilər ilə hakimlər yol boyu məhəldən məhələ sap-sağlam bir-birlərinə ötürür, onların hal-əhvallarına nəzarət edərək onlara qayğı göstərməyi özləri üçün lazım bilirlər.

İkinci maddə. Odur ki, dostluğun təkidi və məhəbbətin təsdiqi xatirinə hər üç ildə bir şəxs İrandan o dövlətə və bir şəxs o dövlətdən İranda olanda, onların xərclərini iki tərəf ödəyir.

Üçüncü maddə. İki tərəfin əsirləri azadlığa buraxılır, onların satışına rəva verilmir, vətənlərinə dönmək istədikləri təqdirdə onlara maneçilik törədilmir, sərhədlərin hakimləri dostluğa zidd olan hərəkətlərdən özlərini saxlayırlar və bundan savayı İran əhalisini xeyir və razılıqla yad edirlər və bundan sonra Kəbeyi – müəzzəməyə və Mədineyi-müşərrəfə və digər İslam məmləkətlərinə gedib gələn camaatla Rum tərəfi Rum hacıları və sair İslam ölkəsinin əhalisilə adət olduğu qaydada rəftar edir, onlardan “durma” və şəri hesaba xilaf olan pul alınmır və həmçinin ali ziyarətgahlarda da, əgər o camaatın əlində ticarət malı olmasa, Bağdadın rəhbərləri və hakimləri onlardan bac istəmir, ticarət malı olanlardan isə hesabat malı alınır, amma artıq heç nə tələb olunmur və bu tərəfdən Rum tacirləri və əhalisi ilə həmin minvalla rəftar edilir və bu gündən əgər İran əhalisindən Ruma və Rumdan İrana gələnlərə himayə göstərilməsə, bu məsələ iki dövlətin müvəkkillərinə təslim olunur. Biz qeyd edilmiş sənədləri adı çəkilmiş sülhnamələrin və razılaşdırılmış müqavilələrin əsasında iki həzrətin xələfləri və davamçıları arasında olan və iki dövləti bir-birinə bağlayan əlaqələri əbədi və daim möhkəm saxlamaq xatirinə imzalayıb əhd bağladıq. Əgər o əzmətli dövlətin tərəfindən dostluq ilə birliyə zidd və əhdi-peymanlara müxalif bir işə əmr verilsə, həyata keçməz və bu tərəfdən də həmin yolun qaydalarına xələl gətirən nöqsanlara yer verilməz. “Və kim ki, (müqavilənin) şərtlərini pozdu, özünə pislik etdi və kim əhdinə vəfalı oldu, Allah ona böyük mükafat əta edəcəkdir”.

Təqdim etdi: Rəşad Sahil    

ADMİRAL.AZ  &  VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok: