Translate

24 Aralık 2016 Cumartesi

ƏLİ HƏSƏNOV : "PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANI AZAD MEDİASIZ TƏSƏVVÜR ETMİR"





Dünya Azərbaycanlılarının Həmrəyli və Yeni il münasibətilə Azərbaycan Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazısı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İrşadTv APA-nin məlumatına əsasən bildirir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nın icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Ə. Həsənov bildirib ki, media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsindədir: "Media cəmiyyətinin formalaşmasında, inkişafında mühüm rolu oynayır. Ona görə də, ulu öndər Heydər Əliyev medianı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi görürdü. Məhz buna görə də ümummilli lider media üzərindən bütün ictimai tənzimləmə mexanizmlərini aradan qaldırdı və jurnalistlər Mətbuat Şurasını yaratdılar. Bu gün biz Azərbaycan dövləti olaraq medianın rolunu və yerini onların özlərinin gördüyü kimi görürük. Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib".




Ə. Həsənov qeyd edib ki, KİVDF vasitəsilə medianın inkişafına 28 milyon manata yaxın vəsait ayrılıb: "Təxminən bir o qədər də vəsait medianın problemlərinin həllinə yönəlib. Media qurumlarının borcları silinib, media dövlətin bütün qayğı mexanizmlərindən istifadə edir. Dövlət tərəfindən jurnalistlər üçün evlər tikilib və tikilməkdə davam edir. Dövlət bütün bunları ona görə edir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai rolunuzu bundan sonra bacarıqla həyata keçirə biləsiniz. Dövlət jurnalistlərin qayğısına qalır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın mühüm rolu var. Bu gün biz böyük erməni lobbisi, islamafob dairələrlə üz-üzəyik. Missioner təşkilatlar var ki, Azərbaycanın inkişafını gözləri götürmür. Bütün bunlarla mübarizə aparmaq üçün biz medianın  köməyini umuruq, sizdən dəstək gözləyirik".

V. Səfərli isə öz çıxışında bildirib ki, KİVDF 7 ildən artıqdır bu cür müsabiqələr keçirir: "Fond ildə 3 dəfə müsabiqə keçirir. Ümumilikdə 10 müsabiqədə 600-ə qədər jurnalist iştirak edib və 400-ə qədər jurnalist mükafatlandırılıb".




Ə. Amaşov isə qeyd edib ki, Azərbaycan jurnalistləri bugünkü qədər güclü olmayıb: "Qlobal dünyada baş verən hadisələri görürük, böyük dövlətlərin kiçik dövlətlərə münasibətlərini görürük. Cənab Prezident İlham Əliyevin müasir düşüncələri, analitik keyfiyyətləri, müasir prinsiplərə söykənməsi bizdə bir əminlik yaradır ki, Azərbaycan bu qarışıq dünyada problemlərlə uğurla mübarizə apara biləcək, uğurla mübarizə aparacaq. Bizim prezident vətənpərvərdir, qətiyyətli, qorxmaz və prinsipialdır. Bu gün Azərbaycan mətbuatı güclü bir institutdur. Azərbaycan jurnalistləri bugünki qədər güclü olmayıb. Azərbaycan Prezidenti İlham Əliyev həmişə medianı diqqətdə saxlayıb. Azərbaycan jurnalistləri adından cənab Prezidenti ad günü münasibəti ilə təbrik edirik".

Daha sonra qaliblərə mükafatlar təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.


& VƏTƏNSEVƏRLƏR

PREZİDENT İLHAM ƏLİYEV DÜNYA AZƏRBAYCANLILARINI TƏBRİK EDİB

Prezident İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.




İrşad Tv bildirir ki, Prezidentin ünvanladığı təbrikdə deyilir :

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün soydaşlarımızın mənəvi birliyinin rəmzi kimi hər il geniş qeyd olunur. Bu sevimli bayram ərəfəsində sizi ürəkdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Ümummilli lider Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan dövləti başqa ölkələrdə məskunlaşmış həmvətənlərimizin taleyinə diqqətlə yanaşır, onların hüquqlarının qorunmasına, milli-mənəvi birlik ideyaları ətrafında təşkilatlanması məsələsinə xüsusi əhəmiyyət verir. Təqdirəlayiq haldır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirir, doğma Vətənə məhəbbət və sədaqət nümayiş etdirirlər. 2016-cı ilin iyununda Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Şübhə yoxdur ki, soydaşlarımız qurultayın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində əzmlə çalışacaq, öz qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Qürur hissi ilə qeyd edirəm ki, bu ilin oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beş ili tamam olmuşdur. Ötən dövr ərzində yaradılmış iqtisadi potensial, nail olduğumuz sosial tərəqqi və ictimai-siyasi sabitlik dünyada hələ də davam edən qlobal maliyyə-iqtisadi böhranın təsirlərini azaltmağa, ölkəmizi risklərdən qorumağa imkan verir.

Cəmiyyətimizin inkişaf səviyyəsini bu il sentyabrın 26-da keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bir daha bariz şəkildə göstərdi. Azərbaycan vətəndaşları yüksək siyasi yetkinlik nümayiş etdirərək, dövlətimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına yeni imkanlar açan həmin dəyişikliklərə səs verdilər.

İnanıram ki, bütün soydaşlarımızın əlbir fəaliyyəti, doğma Azərbaycan torpağına sarsılmaz sədaqəti gücümüzü daha da artıracaq, inkişafımıza əngəl törədən yeganə ağrılı problemi – Ermənistanın hərbi təcavüzünü tezliklə aradan qaldırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə imkan yaradacaq. Bu ilin aprel ayında Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş vermiş hadisələr zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin məkrli niyyətlərinin qarşısını qətiyyətlə aldı və torpaqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğunu sübut etdi.

Azərbaycanın haqlı mövqeyi getdikcə beynəlxalq ictimaiyyətin daha çox dəstəyini qazanır. Ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə və qlobal humanitar problemlərin həllinə verdiyi töhfələr, multikultural dəyərlərə hörməti və tolerantlıq ənənələri xalqımıza dünyada dərin rəğbət oyatmışdır.

Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə səadət, firavanlıq və bütün işlərinizdə uğurlar diləyirəm.


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti